Aydın Talıbzadə -TEATRDA MİF: “İBLİS VƏ...” MÜƏLLİF
 ...
(intellektual mərsiyə)
Hamıya məhrəm, hamıya da yad: həmişə də tənha qadın.
Bu, mənim Turan Cavidimdir!
Əgər qara rəngin nağılı varsa, onu Turan xanım yaşadı. Təziyə libasına bürünüb həyatdan keçdi getdi. Yaşadımı? İçində dəfn edə bilmədiyin ölülərlə yaşamaqmı olur, yahu?
Bu, mənim Turan Cavidimdir!
Donmuş intizar. İztirabın qüruru. Dözümün iftixarı. Qara paltarın məxfi üsyanı və nifrət paradı. Bir ömürlük rəsmən bəyan edilməmiş yas. Ölgün çiçəklərin hənirtisiz ağısı. Görkəmini, vücudunu, varlığını simvola çevirmiş xanım.
Bu, mənim Turan Cavidimdir!
Onun bütün gücü, enerjisi, gözəlliyi, alicənablığı, ləyaqəti, saflığı mərmər kimi hamar iri alnında idi. Bu alında həməncə diqqəti cəlb edəcək bir işıq, bir nur, bir təmizlik parıltısı sayrışırdı. Cavidliyi, qırılmaz iradəni, Turan xanımın özünə inamını görükdürürdü bu nişanə. Dünyadakı bütün şübhələr, bütün ehtiraslar, bütün tərəddüdlər bu sipərə dəyib çiliklənirdi, acizləşirdi və son dayanacaq nöqtəsini bulurdu.
Azərbaycan teatr tarixindən Turan xanım mənə dərs demişdi. Mən Cavidin qızını dinləməyi fənnin özündən daha önəmli bilirdim. Sanırdım ki, Turan xanımın vasitəsilə Cavidin özü mənimlə danışacaq, nəsə deyəcək mənə, elə bir şey ki, bundan başqalarının xəbəri yoxdur. Qəribədir, hər dəfə Turan xanım içəri daxil olanda məndə belə bir təəssürat yaranırdı ki, sanki o, bu dəqiqə Cavid əfəndinin yanından gəlir. Elə bil ki, Turan xanım zamanı saxlatdırmışdı, onu öz qiyafəsində, öz batinində muzeyləşdirmişdi.
Xatirə yazanların hamısı, ilk növbədə, özündən yazır, yəni öz “mən”ini çəkir ortaya. Yəni mən də varam o böyük şəxsiyyətin yanında. Əcəb şərəflidir bu məqam.
Mən Turan xanımdan çox ehtiyatlanardım: ehtiyatlanardım ki, birdən məni sevincək görər, yadına zavallı qardaşı Ərtoğrol düşər və ürəyi sıxılar. Özüm də duymadan onun qəlbini sındıraram. İlahi, onda necə utanardım Turan xanımdan yaşadığıma görə. Axı Ərtoğrolun da haqqı vardı buna. Bəlkə də mən məsələni şişirdirdim, özümə başqasından ötrü iztirab çəkən romantik qəhrəman kimi görünmək istəyirdim. Hərçənd Turan xanımın dərdli yaşantılarının qənşərində nə ola bilərdi ki bu? Heç nə, bir tələbənin sadəlövh aldanışı. Əfsus ki, mən indi belə fikirləşmirəm və gənclik yaşantılarıma bir istehza ilə yanaşıram. Bəlkə də yox... Bəlkə onlarla öyünməyinə dəyər?
Dəfələrlə düşünmüşəm: Cavidlərdən hansına daha çətin olub bu həyatda? Hüseyn Cavidə, Mişkinaz xanıma, Ərtoğrola, yoxsa Turan xanıma? Əlbəttə ki, sonuncusuna. Ölməyə nə var ki... Asan bir iş. Əzabların qurtardığı nöqtədir ölüm. Yaşamaqsa hünər. Hüseyn Cavidin, Mişkinaz xanımın, Ərtoğrolun çəkdiyi ağrılar müəyyən bir müddətə sığışıb, yaşanıb və qurtarıb. Turan Cavidsə gərək yaşının 15-indən 80-inə kimi qubar eləmiş dərdilə birgə yataydı, birgə oyanaydı yuxudan. Düz 65 il cınqırtısız və hıçqırıqsız təziyə. Hətta Turan xanım gülümsəyəndə belə hiss edirdin ki, bu, onun içindəki qoca bir dərddir, gülümsünür.
Dünyalarca sevdiyi atası ilə qardaşının ruhları təkcə onun gerçəkliyinə yox, röyalarına da hakim idilər. Görürsən, sappasağ kölgələrdir, ancaq əl çatmır, ün yetmir. Və ayılan kimi hamısını təzədən itirirsən. Bu daha dəhşətli. Turan xanım Hüseyn və Ərtoğrol Cavidlərin taleyinin əsiri kimi yaşadı ömrünü. Alışdı bu yaşam tərzinə və bir gün... özü də bilmədən duydu ki, dərdilə xoşbəxtdir. Dərdini, əzablarını, ağrılarını onun əlindən alsaydılar, həməncə ölərdi.
Dərdindən bərk-bərk yapışmış qızcığaz...
Bu, mənim Turan Cavidimdir!
Heç olmasa, Mişkinaz xanımın qızı Turan vardı. Turan xanımsa təkdi ömrünün axırına qədər: ətrafına neçə-neçə Cavidsevərlər toplaşsa belə. O, çox ya az kiməsə hörmət edə bilərdi, kimisə yaxınına buraxa bilərdi... amma sevmək... Bu, əsla mümkün deyildi. Çünki onun damarlarında, beynində, ürəyində, əzalarında bir tək Hüseyn Cavid yaşayırdı. Turan xanım yalnız Hüseyn Cavidi sevirdi, ona səcdə edirdi. Və bu qadının duyğusal aləmində başqa sevgi özünə yer ala bilmirdi.
Ona görə bu dünyada bir Turan xanımın özü idi, bir qalın şüşəli iri eynəyi idi, azman bir Hüseyn Cavid sevgisi idi, bir də atasının əlyazmaları.
Bunu bilə-bilə mən nə Cavid əfəndiyə, nə də Ərtoğrola onların Turan xanıma münasibətində sezilən eqoistliyi bağışlamıram. Dəmirdimi, daşdımı, poladdımı bu qız?
Ərtoğtolun məktubundan:
“Turan! Anamın gəlişi məni çox sakit etdi; çalış familiyamızın saflığını, ucalığını qoru! Möhkəm ol - qırıl, lakin əyilmə. Yaxşı olar ki, çalış kimsə yaxın durmasın. Mümkün qədər kənar, ciddi, soyuqqanlı.”
Aman allah, ölüm yatağında uzanmış bir kimsə canlı insandan müqəvva yapmaq istəyirmi, zavallı qızı soyadın girovuna çevirirmi?
Cavidin Mişkinaz xanıma məktubundan:
“Sən də, Ərtoğrol da Turan xanımdan muğayat olun. Heç yerə yalnız buraxmayın”.
Əslində, Cavid daha çox Ərtoğroldan nigaran qalmalıydı. Çünki xalq düşməninin oğlu kimi birinci Ərtoğrolu aparacaqdılar, fürsəti əldən qaçırmayacaqdılar. Amma Cavid nədənsə Turan həşirindədir.
Mən buna şərh vermək istəmirəm.
Ancaq adamı sözlə də mumiyalamaq mümkündür.
Bu, mənim Turan Cavidimdir!
Rus pravoslav kilsəsinin qəribə bir adəti var: onlar öz əzabkeşlərini müqəddəslər cərgəsinə yüksəldirlər.
Bir gün əyilib Turan xanımın, Cavidin ev muzeyinin sahibəsinin, üzündən öpdüm. Necə ki, müqəddəsə toxunarsan ha, mən də onu elə qucaqladım... bir anlığa. Bunu mən həmişə arzulamışdım... bəlkə də tələbəliyimdən. Amma sonra... öz hərəkətimə görə yamanca xəcalət çəkdim. Mən heç vədə bilməmişdim ki, məişətdə Turan xanım bir az vasvasıdır. Onun üzünə baxmaq kifayətdi ki, sənə münasibətindəki dəyişiklikləri həməncə anlayasan. Amma o görüşümüzdə Turan xanım bunu heç nə ilə büruzə vermədi.
Mən Turan xanımı əvvəllər Rəfael Hüseynova qısqanardım. Vaxt gəldi, onu Azər Turana qısqandım. Heç bilirsiniz niyə? Teatrşünas olduğuma görə. Bizlərdən heç biri nə Rəfael kimi, nə də Azər kimi Turan xanımın qayğısını çəkə bilmədi. Mən bir dəfə də olsun Turan xanımın işinə yaramadım, ağır dəqiqələrində, üzüntülü günlərində onun yanında olmadım. İndisə xatirə yazıram... içimdə Rəfaelə də, Azərə də min-min təşəkkür.
Axı bu mənim teatrşünas Turan Cavidimdir!
O zaman ki, Hüseyn Cavidin ev muzeyi açıldı, Turan xanımın bu həyatda heç bir dərdi, nisgili qalmadı. Turan xanım başa düşdü ki, öz missiyasını yerinə yetirib, bütün ömrünü Cavid soyadına qurban edib. Artıq heç nə onu bu dünyaya bağlamırdı... artıq heç nə onu bu dünyada saxlaya bilməzdi... və Turan xanım rahatca atasının, anasının, qardaşının uyuduğu məqbərəyə köçdü...
Bu mənim kişi kimi mərd, qürurlu Turan Cavidimdir!