TEATRO

TEATRO

sənət portalı

post-title

Aydın Talıbzadə - Triyer üçün dəccal kimdir?

(anti-appossionata)

              Bilmirəm, bu məqaləni niyə yazıram? Kim oxuyacaq və bu kimə lazımdır? Azərbaycana dəxli varmı, yoxmu? Olan olub, keçən keçib: üç il bundan əqdəm Lars fon Triyer “Antixrist”, yəni “Dəccal” filmini çəkmişdi. Kino dünyası onda aktivcəsinə qatılmışdı müzakirələrə. Bizim cavan yazarlar da bu filmə birmənalı yanaşmamışdılar: hərə özünə görə, hərə anladığı kimi. Və bu yaxşı idi: düşüncə və zövq parametrləri kinoavtoritetin yaradıcılığı müstəvisində tarazlaşdırılırdı. Mən o zaman filmə və müəllif imzasına etinazsız yanaşdım: Triyerin qaba realizmindən, musiqisizliyindən, sadomazoxist naturalizmindən, fantaziya ögümələrindən, “mən səni sənin öz həqiqətin içində murdarlayıb öldürərəm” devizindən, insanın “ağıllı xəstə heyvan” olduğunu təsdiqləyən kinogerçəkliyindən  bezmişdim. Ona görə inadkarlıqla “Dəccal” filmindən imtina elədim: deyim ki, filmin apokaliptik ideyaları eyhamlaşdıran adı da qərarıma əməllicə təsir göstərdi və Triyer kinematoqrafiyası ilə bağlı məndə yığılmış neqativlərin doğruluğunu sanki bir daha təsdiqlədi.

               O vaxt ki film nisbətən unudulmağa başladı, mən ona, nəhayət ki, sosial şəbəkələrin birində baxdım və film qurtaran kimi öz-özümə ünvanladığım ilk sual bu oldu: “Antixirist bu filmdə kimdir?” Güman etmirəm ki, bu sorunun qəti və birmənalı cavabı mövcuddur.

                 Amma və lakin...

                 ...mənim ehtimalım var ki, məncə və Lars fon Triyerə görə Antixrist, yəni Dəccal elə dahi Andrey Tarkovskinin özüdür. Başqa sözlə, Tarkovski kino axirətini simvollaşdıran fiqurdur, bu axirətin carçısıdır.  Əsla, təəccüblənməyin: mən buna inanmasaydım, fikri yazıya gətirməzdim.

                 Məntiq zəncirini quraq:

                  “Antixrist”... Lars fon Triyerin filmi... İthaf olunur Andrey Tarkovskiyə... 

                  Macal tapammıram fikirləşim əlaqəsi nə? Çünki film gedir: 

                  Ekranda yavaşıdılmış koitus, yəni kişi və qadının cinsəl yaxınlığı pornoqrafik modeldə. Tarkovskinin kinodünyası üçün xarakterik yavaşıdılmış təhkiyə ritmi və rəng çalarları: boz, qəhvəyi, qara. Adi məişət görüntüləri seksual yaşantının bildiriciləri qismində dağıdılıb ətrafa: vanna otağının buxarını özünə çəkən elektrik yelpazəsi, ağzından su loqquldayan botıl, havaya hoppanıb şəfəqlənən brilliant damlalar... 

                   Əsəbiləşmək və “bu ki erotomaniyadır” qışqırıb ekranı söndürmək mümkün.

                   Məgər sən bilmirsən ki, Lars fon Triyer düşük porno istehsalçısı deyil? Diqqətli olmaq gərəkir.

                Günahsız günahkar insan... bəşəri günahı... hər zaman içində daşıyıb onunla birgə yaşayır. Triyer isə hər dəfə bu günahı insanın üzünə çirkli əski kimi çırpmağı xoşlayır, daim ona mesajlar göndərir ki, donuz kimi yaşamaqdan imtina elə. İmtina elə ki mütləq azadlığa çıxasan. Triyer kinogerçəkliyinin paradiqmasında günahdan imtina yaşamaqdan imtinadır. Belə ki, günah yaşamağın əlamətidir, “ağıllı xəstə heyvan”ın həyat simptomudur.

                 Baxdınızmı, gördünüzmü, necə əriyiblər şəhvət içində sevən kişi və qadın: onlar üçün heç nə yoxdur, yalnız porşenlərin vəcdə gətirən hərəkəti var.

                   Bəs uşaq, bəs o balaca mələk? Cocuq hələ yatmayıb: oynayır beşiyində, aşır beşiyini, düşür beşiyindən... çıxır otağından... Qapılar açıq, insanlar əhlikef... və uşaq görür çılpaq olub bir-birinə sarınmış atasını, anasını... Gözləri döyükür... Nə anlayır özlüyündə? Nəyi anlamır özlüyündə? Bilinmir. Dırmaşır kətilə, sonra masaya, sonra pəncərəyə və özünü atır qarlı gecəyə... bəlkə də azadlığa... bəlkə də xoşbəxt əzabsızlığa... bəlkə də sevgisizliyə... İntihar? ... Dəcəllik? ... Dünyadan qurtulmaq istəyi? ...

                    Onlarsa hələ də orada... seksual enerjidən sərxoş, divanə... və faciədən xəbərsiz...

                    ...orada isə heç nə yoxdur nə din, nə abır, nə həya, nə ağıl, nə məntiq, nə söz... orada yalnız porşenlərin vəcdə gətirən hərəkəti var...  orada anlayışların mənası itir... orada ictimai varlıq ölür və ya bir qırağa çəkilir, mütiləşir, susur, gözləyir... ora müdaxilə mümkünsüz... hamıdan kənar bir yer... təkcə qadın və kişinin sirri... hər şeyi əridən, uçurdan ehtirasdır orada mütləqi-hakim...

                     Allah olmayan yerdə isə Dəccalın peyda olmaq şansı çoxalır. 

                     Həm semantikasına, həm fakturasına görə “Antixrist” günəşin söndüyü nöqtənin filmidir. İsa əleyhinə qüvvələr həmişə günəşdən qaçıb qaranlığa yığışır.

                     Triyer mövzunun həlli müstəvisində birbaşa xristianlığın üzərinə  həmlə edir: xristianlıq filmin hədəfindədir. Əgər ehtiras alovdursa, İblisdən hesab olnursa, nifrinlənirsə, onda uşaq kimə mənsubdur: tanrıya yoxsa İblisə? Fəlsəfi-teoloji dartışma. Xristianlığın problemi: günahsız körpə günahdan doğula bilərmi? Gərçi günah günahsızın doğulmasının şərti isə o vaxt xristianlıq kimə və nəyi sübut eləməyə çalışır?                    

                   Elə isə Triyerin məramı nə? Nə deyir o bizə? Fridrix Niççe ilə “salamlaşır”? Onun “Antixrist” əsərinə vizual bəraət qazandırır? Yoxsa... yoxsa cəfəngiyyat haqqında cəfəngiyyat danışır və bu “cəfəngiyyatı” Andrey Tarkovskiyə ünvanlayır? Olurmu heç?

                    Onlarsa hələ də orada... seksual enerjidən sərxoş, divanə... və faciədən xəbərsiz... 

                     Ol zaman ki, xəbər tutacaqlar, həyat qurtaracaq, sevgilərin cənnət qapılarına möhür vurulacaq, cəhənnəm başlayacaq... nitqsiz ittihamlar və dəliliklər başlayacaq... ögümə başlayacaq... çünki uşağın ölümündə kişi də, qadın da eyni dərəcədə suçludur... və bu suç içəridə elə oturub ki, heç bir dəhşətli ağrı onu oradan qaçıra bilməz.

                    Suçumuz, günahımız bizimlə birgə yaşayır, bizimlə birgə qocalır və bizimlə birgə də qəbrə gömülür: nə biz ondan qurtuluruq, nə o – bizdən.

                    Odur ki, Lars fon Triyer öz qəhrəmanlarını, – aktyorlar Uillem  Defo və Şarlotta Hansbur ilə maksimal şəkildə identifikasiya etdiyi qəhrəmanlarını, – Zonaya aparır. Zonada isə yaşantılar, psixoterapevtik seanslar, mazoxist incitmələr və cəhdlər, cəhdlər, cəhdlər ki, günah təmizlənsin. Təmizlənərmi heç? Bir şey ki, sübut olunmayıb, bir şey ki, varla yox arasındadır, onu necə təmizləyəsən? 

                   Günah həmişə fikrin günahıdır. 

                   Təbiət günah tanımır. 

                   Günah fikirlərdə yaşadığı üçün ölümsüz olur. 

                    Şəxsən mənə hər şeyi Zona aydınlatdı. Mən başa düşdüm ki, filmin kinorejissor Tarkovskiyə ithaf olunması hansı anlama gəlir? Və bu film niyə “Antixrist” adlanır?

                      Belə ki, Triyerin filmdə görükdürdüyü meşə-zona həm sağlamlıq Zonasıdır, həm sakral mif-nağıl Zonasıdır, həm kosmik mistika Zonasıdır, həm də cəza-sınaq Zonasıdır, cənnət və cəhənnəmin birgəlik Zonasıdır. Və bu Zona Tarkovski filmlərində şəkillənən zonaların ümumi simvolik təcəssümüdür: meşə-zona “İvanın uşaqlığı”na bir eyhamdır; sağlamlıq zonası “Güzgü”dəndir, sakral mif-nağıl zonası – “Andrey Rublyov”dan, kosmik mistika zonası – “Solyaris”dən, cəza-sınaq zonası – “Stalker”dən... Cənnət və cəhənnəmin birgəlik zonası isə “Qurbangətirmə” filmindəndir Tarkovskinin.

                    Danimarkalı kinorejissor Lars fon Triyer öz filmini və qəhrəmanlarını ruslaşmış tatar Andrey Tarkovskinin “Güzgü” filminin bədii-mifopoetik aurasından tapıb çıxardır: ata, ana və oğul ordandır, həmin dalğanın əks-sədasıdır. Mən Triyer yaradıcılığının tədqiqatçısı deyiləm: amma sanıram ki, “Antixrist” Ataya ithafdır.  Çünki Lars fon Triyer bütün varlığı ilə duyur ki... bütün kinoyaşantıları ilə bilir ki, bir kinorejissor kimi Andrey Tarkovskinin “Güzgü” filminə baxdıqdan sonra doğulub. “Antixrist” filmində o, Niççedən daha çox Tarkovskiyə yaxındır, kino geneologiyasına görə məhz onun vərəsəsidir. Kinorejissor Lars fon Triyer kinorejissor Andrey Tarkovskini, onun personajlarını öyrənir, filmlərinin mövzu lokusunda “eşələnir” və psixoanalizin ucundan tutub gedir xtistianlığın aktuallaşdırdığı ilkin günaha sarı və ondan da bir az o yana: ora ki, orada şüursuzluq və instinktlər mənəviyyatı bihuş edib yatırdır. Şüur yatanda isə ximeraların, bədheybətlərin, vampirlərin, şeytanların cəhənnəm yolunda qorxunc şəhvani rəqsləri başlayır.

                      “Antixrist” Sovetlər  Birliyinin ən xristian rejissoru Andrey Tarkovskiyə ithaf olunur; Andrey Tarkovski “Antixrist”lə şərh olunur və Tarkovski sinemanın Antixristi, yəni Dəccalı hesab olunur. Əslində, “Antixrist” Triyerin özünə qarşı və Tarkovskiyə qarşı gizli qiyamıdır. Triyerin, əlbəttə ki, mənim gümanımda, ittihamı budur ki, Tarkovski “tamaşaçı üçün kino”nu öldürdü, süjeti yox etdi, fəlsəfəni, fluidləri çəkməyə başladı və kino axirətindən xəbər verdi, yüzlərlə rejissoru öz sinematoqrafı ilə “zəhərlədi”, ömürlük “şikəst elədi”. 

                      Bu fikrin doğruluğuna şəhadət verirəm: mən Xarkov şəhərində hələ tələbə ikən bir təsadüfün nəticəsində kinoteatrda ömründə birinci dəfə “Stalker” filminə baxarkən seansın axırına kimi zalda cəmi 8 nəfər adam qaldığının şahidi olmuşam. Məhz Tarkovski filmləri ilə seyrçinin kinoteatrlardan ilk kütləvi “qovulması” tendensiya şəklini aldı: “kütlə üçün kino” “özüm üçün kino”ya, “darıxdırıcı intellektual kino”ya, “düşüncənin kinosu”na çevrildi.

                      Lars fon Triyer musiqisiz, ayaqyalın, hiddətli Tarkovskidir, qəddar filosofdur. Amma o necədirsə, onu o cür Tarkovski yaradıb. Ona görə son zamanlar Triyer başlayıb Tarkovskidən uzaqlaşmağa, ondan azad olmağa. Bu filmində Lars fon Triyer, sadəcə, Tarkovskidən qurtulmağa, onunla vidalaşmağa çalışır.  İthafın bir məqsədi də elə budur.

                    Hər bir ithaf vidalaşmadır.           

                    Lakin o başqa cür olmağı bacaracaqmı?

                    Sonuncu filmində Triyer boynuna alır ki, yox, bu mümkünsüzdür. Çünki dahi Tarkoya dahi Lars kinonun Nibiru planeti kimi baxır. Bu isə artıq “meditasiya üçün kino” deməkdir!

Load Time (S) : 0.000272