TEATRO

TEATRO

sənət portalı

post-title

Aydın Talıbzadə - TƏBRİKLƏR VƏ TƏŞƏKKÜRLƏR!

          Yaxşı ki varsınız!!! Yaxşı ki yaşamısınız!!! Yaxşı ki yazmısınız və yaxşı ki yazırsınız!!!

          Professorlar İlham Rəhimliyə və İsrafil İsrafilova səslənirəm...

          Budu gəlib sentyabr qapıya, küçələrə, şəhərə, məktəblərə, teatrlara!!! Yarpaqların arasından qaşlarını çatıb payız qəribə-qəribə baxır üzümüzə, deyir “qurtardı yay”!!!

          Vay, mən heç bilməmişəm ki, bu sentyabr iki müəzzəm teatrşünasın, İlham Rəhimlinin, bir də İsrafil İsrafilovun 75 yaşı tamam olub. Bu haqda heç fikirləşməmişəm də... Yaraşdırmamışam bu yaşı onlara... Neynim, günah özlərindədir: əlhəmdulilləh, quş kimidirlər, maşallah, elə cavan qalıblar ki...

Öncə düşündüm ki, bu iki professordan hansının adını birinci yazım? Bir anlığa tərəddüddə bulundum. Nədən ki, onlar məzmunca bir-birinə bərabər fərqli xəzinələr. Hərçənd bu xırda etika problemi birdən-birə öz-özünə qəfil çözüldü. Elə məqaləyə girişəndə gördüm ki,  birincilik, həqiqətən,  İlham Rəhimliyə düşür; çünki düz ikicə gün İlham böyükdü İsrafildən!!! Cəmi iki gün: qismət, tale... Biri sentyabrın 8-i bu dünyanın havasını çəkib ciyərlərinə, o birisə sentyabrın 10-u bu bənzərsiz təzahürlər aləminə salam verib.

Sonrasını bilmirəm nə olub, nə olmayıb, amma hər ikisi – biri Yevlaxda, o biri Bakıda – teatr sənətinə aşiq olub, səhnənin kabuslarından “divanə” olub, Azərbaycanın əfsanəvi aktyorlarına heyran olub bu əsrarəngiz nağılı qəzet səhifələrinə, kitab vərəqlərinə köçürməyi özlərinin həyat missiyası biliblər, teatra sevgilərini sözlə izhar etməyi vicdan borcu biliblər.

Bir zamanlar Bakıda teatrın səhnəsilə bütlər və sənəmlər gəzişirdi: seyrçilər səslərin, nəfəslərin, pıçıltıların cadusuna, qamətlərin tilsiminə, baxışların əfsunkar cəzbinə düşürdülər. İlhamla İsrafilin dünyasına Azərbaycan teatrının bu dalğası yüngülcə toxunmuşdu deyəsən, onların saçlarını sığallamışdı, fikirlərini qarışdırmışdı. Hərçənd gələcəyin professorları artıq teatr sənətinə gələndə həmin dalğa tamam öləziməkdə idi: Ədil İskəndərovun teatrı “ətəklərini” yığışdırıb tarixə qovuşurdu, Tofiq Kazımov öz teatr reformasiyasını sona çatdırmamışdı, köhnə dəb və klişeləri tamam “sındırıb” yeni teatr poetikasını meynstrimə çevirə bilməmişdi. Elə bu keçid dönəmində Vaqif İbrahimoğlu öz intellektual baqajından bəhrələnib Azərbaycanın milli teatr modelini yeni teatr konsepsiyası kimi mədəniyyətə təqdim etməyə və rejissorları, teatrşünasları, aktyorları bu teatr ideyası ətrafında birləşdirməyə səy göstərirdi. Keçən əsrin 70-ci illərinin ortalarında İlham Rəhimli də, İsrafil İsrafilov da Vaqif İbrahimoğlunu dəstəkləyən dostlar sırasında idilər.

Yaşasaydı, Vaqifin də oktyabrın 18-ində 75 yaşı tamam olacaqdı... Yəni İlham, İsrafil, Vaqif 1949-cu ilin cocuqları, sovet dönəminin cocuqları, ailədə, məhəllədə, məktəbdə kasıblığın, ehtiyacın, çətinliyin nə olduğunu görüb dadmış vətən cocuqları...  

Onlar teatrı təkcə sevmədilər: Azərbaycan teatrının şərəfi, inkişafı naminə gündüzü gecəyə qatdılar, yazdılar-yaratdılar, milli teatr mədəniyyətində şöhrətə çatdılar.

Hələ bir 20 il bundan öncə Azərbaycanın çox peşəkar qadın telejurnalistlərindən biri Mailə xanım Muradxanlı hamının yanında, açıq-aşkar bəyan eləyirdi ki, “İlham Rəhimli Azərbaycan teatrı tarixinin canlı ensiklopediyasıdır”.

Artıq bu, teatr cameəsinə gün kimi aydın olan bir məsələdir. Çünki İ.Rəhimli haradasa 134-135 kitabın, bəlkə də daha çox, dəqiq yadımda deyil, müəllifidir. Mümkün ki, mən bunu istisna eləmirəm,  o, bir nəfərin nəşr etdirdiyi irili-xırdalı əsərlər sayına görə “Ginness. Dünya rekordları” kitabında özünə yer bulsun. Bu kitabların böyük əksəriyyəti, içi onun tərtiblədiyi “Azərbaycan teatr ensiklopediyası” da daxil, Azərbaycan teatrı tarixinin faktlar, hadisələr, təzahürlər, şəxsiyyətlər mənzərəsini panoramlaşdırır. Bu elə bir aydın mənzərədir ki, gələcək teatr araşdırmaları üçün tarixi faktların əldə edilməsini dəfələrlə asanlaşdırır. Qısası, “Qızıl qələm”, “Qızıl dərviş”, “Humay” mükafatlarının sahibi, Prezident təqaüdçüsü, Əməkdar incəsənət xadimi,  sənətşünaslıq doktoru, professor İlham Rəhimli təkbaşına bir elmi laboratoriyanın, kafedranın işini görüb Azərbaycan teatr mədəniyyəti üçün.

İsrafil İsrafilovsa ixtisasca rejissordur, hərçənd elə lap cavanlığından teatrda direktor olmağı tərcih edib və müxtəlif zaman intervallarında Azərbaycan muzeylərinin, əfsanəfi Tədris teatrının, Azərbaycanın flaqman teatrının direktoru kimi çalışa-çalışa özünü teatrşünas kimi formalaşdırıb, sağında rejissor Vaqif İbrahimoğlu, solunda professor Məryəm Əlizadə olmaq şərtilə...

Bugün bütün türk dünyasının teatr cameəsi artıq teatrşünas İsrafil İsrafilovu əla tanıyır: onu sevə-sevə festivalların münsiflər heyətinə dəvət edirlər, fikirlərilə hesablaşırlar. Hara getməyindən, harada və nə cür çıxış etməyindən, nə yazmağından asılı olmayaraq ustadı Tofiq Kazımov hər zaman onun qəlb yaddaşındadır. Belə də demək olar ki, bir çox gənc rejissorların hamisi Hacı İsrafilin teatr dünyası Tofiq Kazımovun ətrafında dönür. Milli teatr məkanında onun səcdəgahı Tofiq Kazımovdur və Hacı İsrafil öz ustadı haqqında böyük bir fəxrlə dəyərli tədqiqatlar, məqalələr yazmağı heç havaxt tərgitmir.

Azərbaycan Akademik Milli Dram Teatrının direktoru kimi fəaliyyət göstərəndə onun haqqında həmin dövrün teatr situasiyasına uyğun demişdim ki, İsrafil İsrafilov Azərbaycanın teatr aləmində kardinal dəyişiklər etmək üçün son şansdır. Sözümün canı bu ki, onun yaradıcılığının preroqativi həmişə Azərbaycan teatrının məhz praktiki surətdə inkişaf etdirmək olub. Yəni tarix, nəzəriyyə professor İsrafilov üçün hər zaman təcrübədən sonra gəlib.

Elə bu cür spektral fəaliyyəti ucbatındandır ki, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov TÜRKSOY-un “Haldun Taner” mükafatına layiq görülüb, "Avropa Nəşr Mətbuat Evi"nin təsis etdiyi "Ən yaxşı vətənpərvər tədqiqatçı alim" qızıl medalı ilə təltif olunub.

İlham Rəhimliyə də, İsrafil İsrafilova da bir əhsən, min təşəkkür Azərbaycan teatrı uğrunda xidmətlərinə görə!!! Onların 75 yaşını qutlamaq, təbrik etməksə mənim teatrşünas borcum: çox yazardım, layiqləri həddən ziyadə; amma bu da mənim hər zamakı kimi tərif orucum!!! Var olun, nə dünya Sizdən küsüb incisin, nə də Siz dünyadan...

Load Time (S) : 0.007747