TEATRO

TEATRO

sənət portalı

post-title

Aydın Talıbzadə - TEATRAL İNTİHAR AYİNİ: SEPPUKU VƏ YA HARAKİRİ

Bütün mədəniyyətlərdə insanı son mənzilə – ölülər səltənətinə ləyaqətlə yola salmaq üçün çeşid-çeşid adətlərlə süslənmiş, teatrallaşdırılmış dəfn mərasimləri, müxtəlif matəm ənənələri mövcuddur. 
Lakin heç bir mədəniyyətdə intihar ayini, intihar üçün nəzərdə tutulmuş nəzəri və praktiki qanunlar məcəlləsi – ölmək kodeksi yoxdur, bir tək Yaponiyadan başqa...
Bu ənənəni gündoğan ölkəsinə samuraylar bağışlayıblar: intiharı, qətli estetikləşdiriblər, üslublaşdırıblar, qəddarlıq teatrının zirvə epizodu kimi xalq tamaşasına, sonsuza qədər etkiləndirici bir ayinə çeviriblər, ölümə brutal gözəllik donu geydiriblər. 
Seppuku və ya harakiri yapon mədəniyyətində Noo teatrı, çay mərasimi və daşlar seyrangahı ilə eyni bir hücrəni bölüşür, davranış paradiqmasını dzen-buddizm dini-fəlsəfi təliminin müstəvisində müəyyənləşdirmiş busidonun şərəf, əxlaq təntənəsini simvollaşdırır.
Kitab dinlərinin hamısında sui-qəsd yasaqdır: islamda isə intiharın günahı hətta başqasını qətlə yetirməkdən də böyükdür; o insan ki özünü öldürür, Qurani-Kərim onu odla hədələyir.
Əgər məsələyə dərindən yanaşsaq, görəcəyik ki, Yaponiyada samurayın intiharı heç də özünə sui-qəsd deyil: bu eyləm şərəf və ləyaqətin bərpası üçün atılan addımdır; çətinlikdən qorxmaq, qaçmaq, ölümdə gizlənmək anlamına gəlməz. Əksinə, bu, görkdür, nümunədir, sədaqət idealının təcəssümüdür.
Yəqin elə bu səbəbdəndir ki, seppuku və ya harakiri az qala Noo teatrının səhnə epizodu kimi maksimal bir səviyyədə estetik cilalaya məruz qalır; elə bir cilaya ki artıq bu məqamda ölüm poetikləşir, haykuya dönür.
Seppuku samuray üçün şərəf məsələsidir, onun sədaqətinin isbatıdır; döyüşçünün xeyir, ədalət və qürur uğrunda qarnı üzərinə xəncərlə atdığı imzadır. 
Samuray “xidmət edirəm” mənasında işlədilən “samurau” sözündəndir. Öz “şükranlıq borcu”nu yerinə yetirmək üçün samuray ömrünün sonunadək busido təliminə əsasən beş “dəyişməz sabitliyə” əməl etməlidir: insanpərvərlikdir, alicənablıqdır, düzlükdür, müdriklikdir, ədalətdir bu beş “dəyişməz sabitlik”. Samuray həqiqi samuray olmur, gərçi bunlardan biri pozulursa. 
Məhz ona görə də bu şərəf adamının əxlaq kodeksində seppuku onun fəaliyyətinin xidmət tacı kimi şifrələnir. 
Çünki busido sənəti, başqa sözlə, döyüşçü yolu ölüm yolu deməkdir və bu yol samuraya deyir ki, mühakimə yürütmə, ölümü seç, hər gün, hər səhər və hər axşam ölüm haqqında düşün: insan ölüm qorxusundan qurtulanda bütün qorxulardan qurtulur, gözü heç nəyin arxasıyca qalmır, ölümü qucaqlayıb yatır, ölümlə yuxudan ayılır və həqiqi olur, əsl olur, ideal döyüşçü olur: belə adam məğlubedilməzdir.
Odur ki, samuray seppukudan vahimələnmir, eymənmir, həyatla vidalaşmağı özünə dərd eləmir, buna faciə kimi yanaşmır: harakirini adi iş, vəzifə borcu, mərdlik, cəsarət idealı, öz missiyasının məntiqi yekunu kimi qavrayır.
Samuray adətən bir neçə səbəbdən seppuku və ya harakiri etmək məcburiyyəti ilə üzləşirdi:
      1.    ağası dünyasını dəyişərkən; əslində, “samurayın ağası” ifadəsi cəfəng bir şərtilikdir; nədən ki, samuraylar mənşəcə kübar əsilzadələr olduqları üçün iri və xırda feodallarla (syooqun, daymyö) yalnız qardaşlaşmaq, bərabər hüquqa sahiblənmək müqabilində onların ailə, malikanə və varidatını qorumaq missiyasını boyunlarına götürürdülər;
      2.    döyüş zamanı məğlub olarkən;
      3.    bir cəza kimi syooqundan əmr alarkən;
      4.    imperatora, dövlət siyasətinə qarşı etirazda bulunarkən.
Samuraya seppuku və ya harakiri ayinilə mərdcəsinə, igid ləyaqəti ilə ölmək, əvəzində namusunu, şərəfini və həm də özünə mənsub mirası saxlamaq imkanı verilirdi. Ayinin icrasından sonra kimsənin ixtiyarı yoxdu ki, samurayın ailəsini incitsin, onun malına, övrətinə göz diksin.
Mahiyyətcə, seppuku və harakiri təqribən eyni cür anlaşılan, eyni heroqliflərlə yazılan sözlərdir. Seppuku çin-yapon oxunuşunda, feli öndə işlətmək şərtilə, “qarın kəsmək” kimi mənalanır: intihar ayininin qəbul olunmuş normalar, mənəvi-əxlaqi və haradasa estetik qaydalar üzrə gerçəkləşməsini hədəfləyir. Harakiri də iki sözün birləşməsidir: yaponca “hara” qarın, “kiri” yırtmaq, cırmaq deməkdir. Birincisi əgər rəsmi dairələrdə, sənədlərdə, fərmanlarda özünə yer bulursa, ikincisi xalq arasında, məişətdə istifadə edilən bir kəlmədir, adi danışıq dilinə xas bir ifadədir. 
Seppuku ayindir, rituallaşdırılmış sui-qəsddir, dzen-buddizm dəyərlərinin ehtişamını güzgüləyən bir mərasimdir: icrası ciddi hazırlıq, estetik düzən tələb edir.
Ayin müxtəlif səbəblər ucbatından ya samurayın evində, ya onun ağasının malikanəsində, ya tapınaqda, ya da hər hansı bir adi baxçada gerçəkləşirdi. Mərasimin keçiriləcəyi məkan ağ ipəyə bürünürdü: bununla sanki səma, pənbə buludlar eyhamlaşdırılırdı. Yapon mədəniyyətində siro, yəni ağ rəng müqəddəsliyin, tanrının rəmzidir, ruhsal və bədənsəl təmizliyi bildirir. Hərçənd buddizmdə ölümün, matəmin də libası ağdır. 
Mərasimdən bir gün öncə samuray qonaqlara öz evində axşam ziyafəti verirdi. Bu şam yeməyində intihar zamanı samuraya yardımçı olacaq şəxs, ya dostlar, ya da etibarlı kimsələr içindən bir nəfər, seçilirdi: ona da kaysyəku deyilirdi.
Seppuku günü mərasim iştirakçılarının hamısı xüsusi təntənə, ayin geyimlərində olurdular ki, bu da samurayın ölüm eyləmini, ölüm jestini teatralcasına çərçivələyirdi, samurayın həyatının intihar fraqmentini elə bil ki Noo teatrının səhnəsinə yerləşdirirdi, onu haşiyələyirdi.      
Ayindən öncə intiharın gerçəkləşəcəyi məkana nökər kiçik bir taxta kətil gətirirdi, sanki sui-qəsd rekvizitlərini səhnəyə çıxarırdı. Kətilin üstünə mütləq düyü arağı sake üçün cumbulu bir fincan, qələm, mürəkkəb, tut ağacının qabığından hazırlanmış “vasi” deyilən kağız növünün vərəqləri və təbii ki bıçaq (kocuka) və ya balaca bir xəncər (tanto, kusunqobu) qoyulurdu ki, onlar da həddən artıq iti olduqlarından kağıza bükülürdü. Mümkün idi ki, seppuku zamanı samuray öz vakicasi adlı qılıncından da yararlansın.
Elə ki hökm oxunurdu, seppuku ritualının icrası münasibətilə ağappaq kimono geyinmiş suçlu samuray ayin məkanına daxil olub seeyca pozasında, yəni dizlərini yerə vurub ayaqlarını altına qatlayaraq kətil qənşərində əyləşirdi. Bu zaman ayində iştirak edən köməkçilərdən biri sol əliylə fincana sake süzürdü. Sakenin sol əllə fincana süzülməsi gündəlik həyatda bağışlanmaz kobudluq, hətta təhqir kimi yozulurdu. Görünür ki, samuraya ölümündən öncə sake ikramı özündə həqarət motivi daşıyırdı və samuraya bir daha xatırladırdı ki, o, bu camiədə arzuolunmaz bir kimsədir. 
İntihar ayinində samuray sakeni iki dəfəyə hərəsində yalnız iki qurtum almaq şərtiylə tükətməliydi. Əgər o, sakeni bir dəfəyə başına çəkib içirdisə, bu, tamahkarlıq əlaməti sayılırdı; yox, əgər qurtumların sayını çoxaldırdısa, bu, samurayın qətiyyətsizliyini eyhamlaşdırırdı. Fincana süzülmüş sake cəmi dörd normal qurtuma hesablanmışdı. Bu ona görə belə idi ki, yapon dilində “dörd” kəlməsi ölüm sözü ilə qafiyələnir. Dördüncü qurtum samurayın ömrünün sonunu bildirən bir metafora idi.
Bundan sonra samuray vaka janrının tanka (qısa mahnı) formasında onun ruhsal ucalığını yansıdan ecazkar şeir yazmalıydı: şeirdə ölüm, ağrı, vida, şikayət, hüzn motivlərinin görünməsi pislənilirdi, samurayın xarakter zəifliyinə dəlalət eləyirdi. 
Növbəti eyləmində samuray kamisimo adlanan üst geyimini çiyin tərəfdən qarın nahiyəsinədək sərt bir jestlə açırdı, boşaldırdı, qollarını çirmələyirdi, azacıq qabağa əyilirdi və 29.7 cm. uzunluğunda olan kusunqobu xəncərini götürürdü. Samuray əksərən ailə yadigarı sayılan bu xəncəri obi deyilən kəmərinin altında məhz seppuku mərasimindən ötrü saxlayırdı. Digər xəncər və bıçaqlardan da istifadə etmək yasaqlanmırdı.
Hərçənd fakt bu ki, xəncər 1615-ci ildə Yaponiya tarixinin Edo mərhələsində verilmiş fərmana əsasən samurayın сanı, ruhu, qəlbi kimi qavranılmalıydı. Bu xəncər-can-ruh-qəlb həm də samurayın ictimai-sosial reabilitasiyasını gerçəkləşdirən alət-əhtəc-vasitə idi.
Sonucda samuray sanki nəfəsarası pauzanın boşluğuna girib qarnını sol böyürdən yırtırdı, xəncəri yuxarı sağa doğru aparırdı və iç-çalatını camaata göstərib bəyan eləyirdi ki, baxın, mənim içim kimi fikirlərim də saf və təmizdir. Kaysyəkudan aşırı diqqətli olmaq tələb edilirdi: o, gözləməliydi; ağrı və ya tərəddüd nişanələri gördüyü andaca öz qılıncı ilə vurub samurayın qafasını bədənindən ayırmalıydı. Bu, samurayı iztirabdan, əzabdan qurtarırdı, onun ölümünü sürətləndirirdi, aniləşdirirdi. Lakin samurayın qafası bu zaman bədənindən tam qopmamalıydı, yerə dəyməməliydi, elə bil ki hülqum dərisindən asılı qalmalıydı.
Olurdu ki, bəzən potensial şəkildə təhlükəli sayılan samurayın gücündən, qəzəbindən, aşırı döyüşçü məharətindən, ya da gəncliyindən ehtiyatlanıb ona kusunqobu əvəzinə adi yelpik gətirirdilər: samuray yelpiklə qarnına simvolik şəkildə toxunduğu məqamdaca kaysyəku qılıncı ilə onun boynuna zərbə endirirdi və intihar ayinini tamalayırdı.
Kaysyəku faktorunu nəzərə alıb, əlbəttə ki, seppuku mərasimini intihar dışı bir ayin kimi, qətl, edam kimi də qiymətləndirmək mümkündür: nədən ki, samuray özünü yaralayan şəxsdir, kaysyəku onu öldürən. Düzdür, elə möhkəm, aşırı inadcıl, sərt xarakterli samuraylar da olurdu ki, onlar kaysyəkunun yardımından tamamilə imtina edir, intiharı daha brutal bir məcraya yönəldirdilər. Odur ki, seppuku mərasiminin bu formasına cümonci giri deyirdilər. Samuray xəncərilə qarnı üzərində xaçabənzər kəsik, yəni cümonci giri  açırdı və qanı axıb bədənindən qurtarıncaya qədər yerindən tərpənmirdi, kişiliyinə sığınıb ağrıya dözürdü. Bununla göstərirdi ki, o, heç ölümə də əyilmir.
Amma niyə məhz seppuku, harakiri və ya cümonci giri Yaponiyada ali intihar forması kimi tərcih edilib? Yəni niyə qarın yırtmaq, qarın kəsmək? Qəribə deyilmi? Əlbəttə ki, qəribədir, çox qəribədir, bu qəddar, mazoxist seppuku dünyanın bütün yəhudilərinə, xristianlarına, müsəlmanlarına, siyasətçilərinə, demokratlarına, respublikaçılarına, ədəb, ziya sahiblərinə və hər normal adama görə qəribədir. Çünki qədim Misirdən, Babilistandan, Yunanısatandan tutmuş ta Tibetə qədər mövcud mədəniyyətlərin heç birində qarın heç vaxt urvatda olmayıb: qüsurlu sayılıb, gülüş obyekti, lağ obyekti olub, ancaq ruhsal dünyaya vəsiqəsi olmayıb.
Buddaçılıqda isə biz bunun tam əksini görürük. Heykəllərdə, netske fiqurlarında, yapon miniatürlərində şəkillənən buddaların, sinto təriqəti tanrılarının, filosof və müdriklərin dəyirmi, nağara kimi tarım, hamar, iri, tabaq kimi qarınları var. Hətta Yaponiyada sumo güləşçiləri qarınları ilə döyüşürlər. Məsələ bu ki, dzen fəlsəfəsi qarnı bədənin mərkəzi, enerjinin, ruhun yuvası hesab eləyir, onu beyindən və ürəkdən daha mühüm, daha üstün bilir. Əgər Yaponiyada kiməsə “qarınsız adam” (hara-no nay hito) deyirlərsə, bu o anlama gəlir ki, həmin adam ruhsuz, mənəviyyatsız şəxsdir; qəlbi qara adam isə “qarnı qara adam” kimi təsnif edilir.
Yaxın Şərq müsəlman mədəniyyətində mikrokosm kimi götürülən bədəndə ürək günəşi simvollaşdırır; “işıq mənbəyi” (Nippon-koku) ölkəsində isə qarın sayılır günəşin işarəsi. Günəş enerjilə doludur: dünya onun şüaları ilə görünür, mövcudluq onun enerjisi ilə oluşur: yaponların qədim tarixi-kulturoloji məxəzlərində söylənilir ki, rəqqasə Uzüme oynayarkən girdə böyük qarnını tanrılara göstərib onları qas-qas gülməyə məcbur edir və Günəş tanrısı Amaterasunun gizləndiyi kahadan çıxıb səmaya qayıtmasına səbəb olur. Bu, birbaşa qarın – Günəş bağlantısıdır. Qarın həm də torpaqdır, çürüntü istehsalçısıdır: transformator funksiyasını yerinə yetirir və təkcə bədəni yox, ruhu yaşadır, ruhun həyatını tənzimləyir.
Bu kontekstdə qarnı yırtmaq həyat enerjisini dağıtmaq, regenerasiyanı birdəfəlik dayandırmaq, özünü məhv etmək, ruha azadlıq vermək kimi çözülür. Çünki qarın enerji dolu bir topdur, asanlıqla karnavallaşan bir obyektdir, ruhla cismin görüşüb ayrıldığı bir laboratoriyadır və dzen praktikasında çoxsaylı mənalar törədən hədəfdir. Seppuku ayinin fəlsəfəsi cövhəri budur.
Noo teatrında da aktyor eynən seppukuda olduğu kimi qarın enerjisinə köklənmiş bir alətdir. Noo aktyoru səhnədə elə fiziki gərginlikdə oxuyub, yeriyib, rəqs edib oyun nümayiş etdirir ki, sanki enerjinin gücündən “şişib partlayacaq”. Sadəcə, Noo aktyoru bu enerjini bütün məkana yansıdıb onu vizual poeziyaya çevirir, bədənilə, davranışları ilə səhnədə görünən tankalar və haykular “yazır”. Seppuku icra edən samuray isə qarnını yarıb enerjisini dünyaya bir ruh kimi sərbəst buraxır: bəlkə də toplumu öz enerjisindən, ruhunu isə özündən xilas edir. Yozumlar çoxdur, sadəcə, məqaləni aşırı yükləməməkdən ötrü mən onlara toxunmuram.
Nəhayət, sonucda onu söyləyəcəyəm ki, Yaponiyada ilk seppuku 1180-ci ildə gerçəkləşib, 1868-ci ildən başlanan Meyci dönəminində isə qadağan edilib. Hərçənd buna rəğmən seppuku ənənəsini yapon cəmiyyətindən, yapon mentallığından və yaponların ruhsal dünyasından silmək heç vədə mümkün olmayıb: kamikadzelər XX əsrə transformasiya olunmuş, seppuku ənənəsini yeni variantda yaşatmış müasir samuraylar idilər. Seppuku mərasiminin ruhu hətta XXI əsrdə də Yaponiyanın fəzasında gəzişməkdədir.

 
İstifadə edilmiş ədəbiyyat:
1.    Dolin A.A., Popov Q.V. Kempo – traditsii voinskix iskusstv. – M.: Nauka, 1991. – S.179-200 (rus dilində).
2.    Rankin A. Seppuku. A History of Samurai Suicide. – Codansha USA, 2018. – 256 p.
3.    Nitobe I. Bushido: The soul of Japan. – Codansha International, 2012. – 160 p.
4.    Nitobe I. The Code of The Samurai. – Chartwell Books, Inc., 2013. – 96 p.
 

Load Time (S) : 0.006945