TEATRO

TEATRO

sənət portalı

post-title

Aydın Talıbzadə - SFİNKS VƏ KONTRABAS

(karnaval şeytanı üçün caz) 

Ruhun özü şıltaq, dəcəl, qurnaz və oyunbaz olanda sənət bəhanədir və hətta Sfinksin də uzandığı Misir torpağından dikəlib kontrabas çalması mümkündür. 
Kontrabası daşımaq çətindir: illah da boyun balaca ola. Tramvayın da, trolleybusun da dar qapılarından güclə keçir. Amma Məlik lay bir divardı, quş kimi gəzdirərdi kontrabası. Bir vaxtlar, çoxu bunu bilməz, Bakı cazının bir nömrəli kontrabasçısı olmuşdu Məlik Dadaşov.
KONTRABAS CAZ MUSİQİSİNİN ZORBA PƏLTƏYİDİR.
Hər gecə Sfinks ulduzlarla kontrabas səsi ilə danışır. 

Mən Məlik Dadaşovu Azərbaycan milli teatrosu tarixinin ən ekstravaqant aktyoru, səhnənin ən plastik rəqs eləyən kontrabası sayıram. Yəqin ki onun ruhu göylərdə də öz aktyorluğundan əl çəkməyib. Bu fikri başqa cür də demək caiz: Məlik Dadaşovun bədəni dünyaya gəlməmişdən önca bu adamın ruhu səma aktyoru idi. Sfinks. Kontrabas. Məlik. Karnavalın şeytan mollası, bəlkə də şeyxi. Azərbaycan vizual mədəniyyətində mollalığın batinini zahirdə görükdürən, mollalığı təftiş edib karnavallaşdıran sənətçi. Onun səhnədə və ekranda oynadığı kontrabas vücudlu mollalar dildə Allahı zikr eləyirdilər, daxildə isə ifrit diringəsinə köklənib çiyin atırdılar. Şeyx Nəsrullah bu tip obrazların “sərkərdəsi” olub Məlik yaradıcılığında. Onun Şeyxi (1966-cı ilin “Ölülər” tamaşasında) din içrə kələkbazların mürşidi, şəriətin solo caz improvizatoru və müsəlman aləminin ən şorgöz kişisi idi. Əgər kinorejissor Orson Uels səhnədə Məliyin ifasında Nəsrullahı görmüş olsaydı, Hollivudda hər şeydən imtina edib Bakıya tələsərdi ki, “Karnavalın dindar şeytanı” adlı yeni bir film çəksin. Çünki tamaşada Məlik infernal dünya enerjisiylə səhnədən keçib seyrçiləri “titrətməyi” bacarırdı. 
Lenin... Nərimanov... Nəqdi bu. Xahiş eləsəydilər lap Marksı da oynayardı. Onlar da sovet dönəminin öxünəməxsus mollaları. Hərçənd tarixi şəxsiyyətlər cərgəsində onun boyuna biçilmiş obraz tünd göy şlyapalı Duço idi, yəni diktator Mussolini, yəni faşizmin mollası. Bu ideya yalnız və yalnız dahi Federiko Fellininin kino məkanında gerçəkləşə bilərdi. Çünki məhz burada Sfinksin ayağa qalxıb qırmızı şalvarda tvist oynaması mümkün. Mussolini, həqqən ki, Məliyə yaraşardı, Məlik də – Mussoliniyə. Bica demirəm bunu. Kənar müşahidəçidə Məlik Dadaşov cod, sərt, kobud, daxilən güclü, sonsuz dərəcədə özünə qürrəli, aqressiv və “boz” adam təəssüratı oyadırdı. Düyünlü kötük kimi idi içi Məliyin. Hətta hərdən mənə elə gəlirdi ki, o, atlant bədənli Dəli Domruldur, qurnazlaşıb Əzrailin özünü də döyüşə çağıra bilər.

Azərbaycan mədəniyyətinin konseptual paradiqması çərçivəsində Duço məhz Qəmlo (“Axırıncı aşırım” filmi) kimi zühur etməliydi, Dəli Domrulun bədheybət variantı olmalıydı. Qəmlo tərəddüdün sonudur, həyasızlıq tanrısıdır, təcavüzdə bulunan qorxunun cəsarət paradoksudur, uçurum qarşısında qızışmış buğanın çılğın divanəliyidir, hikkənin qara enerjisidir. Təbii ki, Məlik Dadaşov belə yaratmışdı Qəmlonu, gözlərindən cin çıxan üsyankar xortdan kimi. “26-lar” filminin qəhrəmanı məsciddə buğda axtaran Məşədi Əzizbəyov yadınıza gəlirmi? Bax, elə o vaxtdan Qəmlo Məlik Dadaşovun aktyor dünyasında özünə yer eləmişdi; bir küncə qısılıb qalmışdı və ona yetişəcək, fürsəti, məqamı gözləmişdi. 
Çöl yalquzağı Qəmlo ilə inqilab intelligenti müsəlman Məşədi Əzizbəyov aktyor Məlik Dadaşovun “mehmanxanası”nda qapıbir qonşu idilər. 
Mən əgərçi rejissor olsaydım... xahiş eləyərdim ki, “Qətl günü” (müəllif Y.Səmədoğlu) tamaşasında ölümsüz mişovul KİRLİKİRİ oynasın Məlik Dadaşov. Bu zaman bir kontrabas da gətirərdim səhnəyə. Danışmağı bacarırsa, neçin də kontrabas çalmasın Kirlikir? Amma dəqiq bilirəm ki, imtina edəcəkdi. Teatrın Nərimanovu, Şeyx Nəsrullahı dönüb teatrın Kirlikiri olmayacaqdı ki? Yaraşdırmazdı özünə. Bir də axı Sədi əfəndini, yəni Cavidi Kirlikirə dəyişmək nə demək? Ancaq... bəzən... şedevrlərə doğru yol qəribə və gözlənilməz metamorfozlardan keçir. Azərbaycanda isə istəkləri gerçəkləşdirmək çox müşkül məsələ, cəhənnəm əzabı.

Kontrabas cazın rəqqas dividir. Cüssəli adamların gözəl rəqsləri daha ekspressiv və daha baxımlı olur. Məlik də rəqsin xiridarı və padşahı idi. Dərviş Məstəlişahın (1978-cı ilin “Müsyö Jordan və Dərviş Məstəlişah” tamaşası) Parisi “dağıtdığı” səhnə... Məlik Dadaşovun milli diringələr üstündə son dərəcə “işvəli” mütrib rəqsi, əlbəttə ki, Səlixa, Məlixa, Bəlixa adlı cinlər üçün... Mən bu rəqsə baxanda maskasını kənara tullamış Şeyx Nəsrullahı, hikkəsini “itirib” havalanmış Qəmlonu, peşəkar inqilabçı olmaqdan bezmiş Əzizbəyovu gördüm. Məlik Məstəlişahı Azərbaycan mədəniyyəti üçün yenidən kəşf eləmişdi; baməzə, şorgöz, vələdüzna bir rejissor və aktyor kimi, dünyanın ən zarafatcıl və şən cadugər “kontrabası” kimi kəşf eləmişdi.
Sfinks niyə yatmır? Əbədi uzandığı yer onun cənnətidir, yoxsa cəhənnəmi? Səhnə Məliki Sfinks eləmişdi, di gəl ki, axırı ölümlü oldu. Cənnətlə cəhənnəmin həmsərhəd düşdüyü məkan səhnə öldürdü onu. Sfinks yıxıldı, bədənini aparıb basdırdılar, ruhu isə qaçıb çıxıb getdi, yəqin ki... yəqin ki, digər şeytanməcaz ruhlarla birgə bulunub tamaşa oynamağa, əylənməyə, rəqs eləməyə. 
Kim deyə bilər ki, tanrı öz şeytan balalarını sevmir? 

Load Time (S) : 0.006744