TEATRO

TEATRO

sənət portalı

post-title

Aydın Talıbzadə - Patersonun 7 şeir günü

“Paterson” filmi ekrana kadr-misralar kimi gəlir, sərbəst şeirin daxili qafiyələri kimi gəlir: hətta o dərəcədə ki, misralar kadrlaşır, kadrlar misraya dönür. 

Cim Carmuş şairliyi, şeirin necə yaranmasını, insanı şeir yazmağa gətirən ovqatı sanki oyun məkanına proyeksiya eləyib, kadriçinə yansıdıb və şair təsəvvürünü, şair qavrayışını filmləşdirib. Onun kinotəhkiyəsindən tanınan dünya modeli şair təsəvvüründə “şeirləşən” dünyadır; harada ki şəhər şeirdir, kibrit şeirdir, avtobus şeirdir, bar şeirdir, kriminal şeirdir, hətta pırpız arvad da, səliqə ilə qatlanıb stul üstünə qoyulmuş paltarlar da, saatın zəngi də, buldoq it Marvin də şeirdir. Burada küy yoxdur, məneə yoxdur: hər şey yuxuda olduğu kimi axır; gün gəlib günə calanır, təkrarlar ard-arda düzülüb növbələşir və bu təkrarların arasından öz batini musiqisinə köklənmiş bir şair keçir.

Müstəqil kino təmsilçisi Cim Carmuş dünya sinematoqrafının XX yüzildən qalmış şair rejissorudur: onun film-şeirləri insanın texnogen mühitlə, predmetlərdən quraşdırdırılmış məişətlə təmas nöqtəsində peyda olur. Odur ki, kinokamera (Frederik Elms) gündəlik həyat epizodlarının içində uyuyan şeirləri “tutub” fiksə edir, gündəlik həyat epizodlarını şeir kimi kadrlaşdırır.

Evdən çıxıb yol gedirsən. 

Çəkmələr dəyir asfalta. 

Sən küləyi tapdalayırsan. 

Onun “Paterson” filmi beləcə qəfil qəribələşən və qəşəngləşən adilikdir. 

Təkrarları şeirə çevirmək, öz içində sözlərlə şahmat oynamaq və demək ki bu nə qədər gözəldir – şair missiyası. Mənasızlığı mənalandırmaq, dünyanı sözdən üfürülmüş rəngbərəng şarlarla bəzəmək və buna səmimicəsinə, uşaqcasına aldanıb inanmaq cəhdidir şair... 

Patersonun 7 şeir günü. 

Yatırsan, durursan və bir də ayılırsan ki, həftə bitdi; yenə birinci gündür: həftələri həftə arxasınca unudursan. Yaddaşda heç nə yoxdur: çünki hər gün eyni işi görürsən, eyni şəhərdə eyni küçələrlə gedirsən. Əgər dünəndən şeir götürüb gəlməmisənsə, bəlkə dünən heç olmamısan da...

Şair təkrarları şeirə döndərə bilməyəndə ya özünü asır, ya beyninə güllə sıxır: qorxaqlar isə içkiyə qurşanıb intiharın ən əzablı yolunu seçirlər. Şair gerçəkliyi “öldürüb” əvəzinə poeziya təklif edən adamdır. Poeziya antigerçəklikdir. Poeziya duyğuların sərgiləndiyi muzeydir: həmən duyğuları “muzey”dən götürüb gözünə taxanda şəlalələr təsəvvür məkanında elə bil ki adamın üstünə tökülür; amma sən islanmırsan: sevdiyin qadının siqaretini yandırırsan, amma tüstünün qoxusunu almırsan.

Kim ki poeziya ilə yaşayır, poeziyada yaşayır, əyninə şeir geyib yaşayır, hamıya gülünc görünür, fərqli görünür, Don Kixot kimi görünür; çünki şeirin sınırlarını sındırıb heç cür həyata çıxa bilmir, reallığa qovuşa bilmir. 

Aktyor Adam Drayver də heç Alen Delon deyil: onun Patersonu yemişbaş, şeşəqulaq, ucaboy, enlikürək, pişiktükü bığları olan kosa birisidir: avtobus şoferidir, hərçənd daha çox çilingər təəssüratı oyadır. Cim Carmuş şairlik pafosunu filminin qəhrəmanında bu cür “söndürür”; əvəzində bu pafosu istiqamətləndirir Patersonun arvadı farsəsilli Loraya – Gülşiftə Fərəhaniyə doğru. 

Lora bir fars xanımı qədər şirin qadındır, yumşaqdır: şərqli sənəmlər qismində daim cilvələnir, yuxularıyla birgə yaşayır, di gəl ki, bütün qadınlar kimi hər zaman elə hey nəsə eləmək istəyir: istəyir əri şeirlərini nüsxələtdirsin, dərc elətdirsin, məşhur olsun; istəyir kapkeyklər, bizimcə qurabiyyələr, bişirib satsın, varlansın; istəyir gitara sifariş eləyib çalmağı öyrənsin. Bunları istəyə-istəyə “naxırçı qızı” kimi öz sevimli buldoq itinin gözlərinə bənzər müxtəlif ölçülü həlqələrlə naxışlayır hər nəsnəni, hər yeri – pərdələri, fincanları, adyalları, divarları, paltarları, kapkeykləri... Lora filmdə öz məkanını şeirləşdirir, təkrarları şeirləşdirir, günlərini şeirləşdirir...

Poeziya barokameradır: qaçıb orada gizlənirsən ki, gerçəklik əvəzinə öz gerçəkliyini uydurasan. Loranın uydurduğu gerçəklikliyin qəhrəmanı əri Patersondur. Lora yatıb yuxuda görür ki, mən ikinci günün yuxusunu danışıram, onlar qədim İrandadırlar və Paterson ora iri, gümüşü fil üstündə gəlib. Yadınıza salıram, “Hindistandan Xosrova bəxşişlərin gətirilməsi” miniatürünü... Miniatür məkanına daxil olan fil Hindistan təmsilçisidir, Hindistanı obrazlaşdırır: güc, hakimiyyət simvoludur. Loranın da Xosrov Pərvizi Patersondur: ərinin şeirlərini yayımlamaq, tirajlamaq istəyi də onu İran tarixinin əfsanəvi hökmdarı Xosrova çevirmək, Xosrova tay tutmaq istəyidir, Patersonu xosrovlaşdırmaq cəhdidir.

Yuxu elə-belə deyil: kulturoloji altyapısı var. Cim Carmuş heç də əbəsdən adi bir Amerika əyalətinin həyatını təsvirləyən filmin energetik nüvəsi kimi Loranı götürməyib və onun ifasını çəng musiqi alətini xatırladan zərif, çevik, incəbel iranlı gözəlçə Gülşiftə Fərəhaniyə tapşırmayıb. Patersonu Lora yönləndirir: Patersonun yazdığı şeirlərin mərkəzində Lora dayanır!!! Şair Patersonu Lora yaradır!!!

Paterson Loranın həm Xosrov Pərvizidir, həm şairi, həm də Arlekini. Cim Carmuş da bica yerə bu rola emosiya sərgiləməyən daş üzlü, sifət cizgilərinə görə Arlekin maskalı Adam Drayveri dəvət eləməyib. Paterson Loranın Arlekin gitarasıdır, Lora Patersonun Kolombinası...

Xosrov Pərviz və Arlekin: kinorejissor qütbləri Patersonda birləşdirib onu poeziya sahillərinə gətirir və film boyunca hər şeyi qoşalaşdırıb qafiyələndirmək prinsipini kinotəhkiyənin üslubu, ciddilik və zarafat amplitudası kimi seçir.

Carmuşun filmi həm poeziya ilə, həm də şairə, şerə münasibətdə ironiya ilə doludur.

İt poeziyanın nə olduğunu qanmır. İt gerçəklikdir. Gerçkəliyə poeziya lazım deyil. Poeziya bir tək sənin üçündür.

Kimin üçünsə şeir yazmağın önəmi varmı?

Yox.

Şair odur ki, yalnız özü üçün yazır. Sən başqası üçün yazanda şair olmursan. Sən başqası üçün yazanda xoşa gəlmək üçün yazırsan, niyyət eləyib yazırsan. Ona görə də Paterson şeirləri tirajlamaq, yayımlamaq fikrindən çox-çox uzaqdır. 

Bizsə nə yazırıqsa, onu əlüstü çap elətdiririk: çap elətdiririk ki, bizi tanısınlar, sevsinlər. Şeir sevgi kimi bir şeydir: sevgini faş eləmirlər. Sevgini  faş eləyəndə bu dönüb teatr olur. Carmuş da bunu deyir və filmin Everet adlı personajına aşkar bir istehza ilə yanaşır. Çünki qaradərili kirpisifət Everet (Uilyam Cəkson Harper) öz sevgisini özgələrdən ötrü teatra çevirib, barı səhnə bilib müasir Otello, ya da müasir Romeo variantı oynamaq həşirində bulunur. Hətta sui-qəsd imitasiyası belə bu adam üçün qadağa edilmiş vasitə sayılmır.

Allah insanı şeir kimi yazıb yer üzünə, sonra isə oturub yazdığı şeirə baxıb və gülüb. 

Buldoq it Marvin sahiblərinin kinoteatra getdiyini, evdə tək qaldığını anlayınca Patersonun hamıdan gizli saxladığı şeir dəftərçəsini didib parçalayır, döşəməyə kağız qırıntılarından bir ovuc qar yağdırır, sanki Loraya qısqandığı Patersondan sadistcəsinə intiqam alır. Filmin hadisəsi və kulminasiyası budur. Antiqəhrəman da, şər qüvvənin daşıyıcısı da gözəlliyi, poeziyanı, ümidi çeynəmiş köpəkdir, Loranın “mənim balaca kişim” deyib əzizlədiyi buldoq it Marvindir, o it ki Patersonu özünə dost-rəqib kimi görür . 

Halbuki it bəhanədir: rejissor və ssenari müəllifi Cim Carmuş bu epizodu şairə çillə, sınaq yaşatmaqdan,  Patersonun şeir sevgisini yoxlamaqdan ötrü düşünüb. O bu olaydan sonra bir də yenidən şeirə qayıdacaqmı?

XX əsr şairlər əsri idi. XXI yüzil isə qorxur ki, şeirə yoluxa bilər.

“Paterson” filmi Hollivudda əyləşib Yaponiyanın günəşinə baxan amerikalı rejissorun meditasiyadır. Poeziya mediativ nurlanmalar sırasıdır, dərketmələr sırası deyil. Filmin axırında buldoq it Marvinin ona yaşatdığı şokdan sonra Paterson içiboş bambuk ağacı kimi mənzərəli bir parkda əyləşib. Haradansa bir yapon (Masatoşi Naqasi) düşür filmin bədii məkanına və Patersona yaxınlaşır. Yapon da şairdir: bəlkə də şeir ritualının təmsilçisidir, poeziya ustadıdır, bəlkə də möcüzəli şeir çubuğu ilə ölkələri dolaşan sehrbaz qumadamıdır, nağılçıdır. Hər halda məhz o, Patersona yeni bir dəftərçə bağışlayır və sakitcə gəldiyi kimi də sakitcə yox olub gedir. 

Bəzən boş səhifə sonsuz imkanlar açmaq iqtidarında... 

Hər şey, demək ki, təzədən başlayır. Sabah yenə bazar ertəsi olacaq. Təkrarların içinə girib təkrar bir həftə yaşayacağıq. Elə isə Paterson kimi bir daha dəftərçəni açıb ağ səhifəyə yeni bir şeir yazmağına dəyər özün üçün!!! 

Bu qədər... “Sən balıq olmaq istərdinmi?” Qəribədir, insana təkcə insan olmaq bəs eləmir...

Load Time (S) : 0.005564