TEATRO

TEATRO

sənət portalı

post-title

Aydın Talıbzadə - MİKAYIL MİRZƏNİN TEATRI VƏ YAXUD MEYDAN DƏRVİŞİ

     Bir MİKAYIL bir TEATRA bərabərdir. Artıq ona səhnə lazım deyil, rejissor da, dramaturq da, lap elə teatrşünas da. Mikayıl Mirzənin Teatrı Şərq nağılçısının teatrıdır, şəbih teatrıdır, rövzəxan teatrıdır. Teatr Mikayılın iç dünyasından zühur edir. Kimsə bu teatra baxıb huşunu itirər, kimsə vaz keçib gedər. Lakin bir nəfərin qüdrəti belə çatmaz ki, Mikayıl Mirzənin teatrını inkar etsin.

    BƏNZƏTMƏLƏR: Müsəlman müqəddəslərinin, daha çox dərvişlərin, siması var Mikayılda. Qıvrım qara saçları nazik xırda burumlarla sürüşüb çiyinlərinə düşür. İşıqlı gözləri Ortaçağ şairlərinə, abidlərinə xas bir nuranilik gətirir üzünə. Hərdən Kərbəla çölündə əlinə şəmşir, yəni sivri qılınc alıb haqq yolunda son nəfəsədək döyüşmüş şiə qəhrəmanlarını xatırladır o mənə. Öz ekstazında, emosiyalarının burulğanında məsud olub bayılmış, gerçəkliklə xülyanın fərqinə varmayan bir sufi şeyxinə də oxşadıram mən onu, kitabələrdən, yazı–pozusundan ayrıla bilməyən mövlaya da. Bir şərtlə ki, gərək əyninə əba geyinə, başına çalma qoya. Bəlkə də Hüseyn Cavidin Şeyx Sənanını oynamaq üçün ideal bir aktyordur Mikayıl Mirzə. Çünki dahi nağılçıdır, məddahdır, qissəxandır. Haradasa mərsiyəxan da deyərdim mən ona, müəzzin də. Əgər bir mərsiyə oxusa, camaat gildır–gildır göz yaşı axıdar, qəsidə desə minləri arxasınca düşüb küçələri, meydanları dolaşar, təki Mikayılın odlu nitqini dinləməyə, onun zaman–zaman kövrəlib həzinləşən yanıqlı, “isti” səsini eşitməyə, aramsız püskürən enerjisindən qor alıb “qovrulmağa” imkanı olsun. Səs Mikayılın tale möcüzəsidir, şəlalə kimi axıb tökülür qayaların üstünə və qəmginləşib çaya qoşulur. Burada “şəlalə” Mikayılın səsinin gücünü bildirir. Əslində isə bu səsdə daim inqilabçı, tribun şeiri “qaynayır”. Mikayılın sənəti haradasa qaynar lava ilə buz kimi şəlalənin təmas nöqtəsində vücuda gəlir. Bu nöqtədə Mikayıl artıq Mikayıl olmur, əriyib, yumşalıb poeziyaya dönür, məsumlaşır, yazıqlaşır.
          
                                                      SUALLARA CAVABLAR VƏ SEYRƏK REPLİKALAR

- Bir neçə ay olar ki,  Sizi Əhməd Cavad adına Mədəni–Maarif Texnikumuna direktor təyin eləyiblər. Belə bir inzibati vəzifəyə razılıq verməyinizin səbəbi nə?
- Bax, necə ki, sel gəlib gücü çatdığını, qarşısına çıxanı yuyub aparır, yenidənqurmanın da sonrakı fəsadı bir selə bənzərdi. Düzdür, o selə qıraqdan tamaşa edənlər də vardı. Mənsə o selin içindəydim. Amma bu, o demək deyil ki, mən selin axarına ram olmuşdum. Əsla. Mən bu selin içində öz bacardığım işi görürdüm. Hər halda məhz o axın, o sel məni gətirib çıxartdı bura. Artıq o vaxt mənim sonalamağa macalım yoxdu. Biz meydanlarda söz demişdik. Bir halda ki, camaat sözün başına toplaşmışdı, deməli, verdiyin sözə, vədə əməl etməliydin. Mənim də payıma bu düşüb. Meydanda dediklərimin doğruluğunu əməlimdə göstərməliyəm.
- Siz böyük enerjiyə, daxili gücə malik adamsınız. Və bu enerji illər boyudur ki, yanıb havaya sovrulur, arada isə ortaya çıxarılası bir iş yoxdur. Özünüzə heyifiniz gəlmir ki?
- Gəlir. Mən lüzumsuz yerə çox enerji itirdim. Ancaq qazandığım, topladığım enerji də var. Bu, mənim təcrübəmdi.

REPLİKA №1. Təcrübə konservləşdirilmiş enerji kimi, indidən gələcək üçün daxıla yığılan vərdiş, səriştə kimi.

- (cavabın davamı) İtirdiyim nədi? Ola bilsin ki, gələcək nəsillər üçün şöhrətimi itirdim. Ancaq bu enerji mənim oğlumun, Azərbaycanımın, xalqımın yolunda oxuduğum şeirlərə sərf olundu. Mən xalqımla şeir dilində danışdım onun ağır günlərində. Buna görə də özümü rahat duyuram. Amma bir iş də var ki, Xəlil Rza həmin enerjini bir gündəlik kimi yazıb saxladı, mənimsə meydan yaşantılarımdan bir fakt, bir sənəd kimi heç nə qalmadı.
- Mən hər dəfə Mikayıl Mirzə adlı bir aktyorla rastlaşanda təziyələrdə tamaşa çıxaran şəbihləri, dərvişləri, nağılçıları, mərsiyəxanları xatırlayıram. Bu baxımdan Siz Yaxın Şərqin teatr formalarının təbiətinə uyğun gələ biləcək ən universal müsəlman aktyoru təəssüratı yaradırsınız. Qərb dramaturgiyası ilə üzləşəndə “şərqlilik”, – temperament, patetika, sözdən, ifadədən cuşa gəlib şaşırmaq, aşırı emosionallıq, çılğınlıq Sizə mane olmurmu?
- Mənim özümün Azərbaycan teatrı ilə bağlı konsepsiyam var. Bir dəfə bunu İlham Rəhimliyə söyləmişəm.

REPLİKA №2. Əfsuslar olsun ki, imkansızlıq üzündən bu konsepsiyanı danışıldığı kimi məqaləyə köçürə bilmirəm.

- (cavabın davamı) Azərbaycan romantik teatrının ən yüksək mərhələsi Ədil İskəndərovun zamanına düşür. Ədilin vaxtında teatr emosiyalar üstündə ucalır. Ədlə qədər ki Azərbaycan teatrına dünyanın iki vəziyyəti bəlli idi: komik və fəci. Mehdi Məmmədov dünyanın düşünən vəziyyətini də teatra bəyan elədi. Sonradan isə bizim teatrda Avropa teatr modeli bəsit şəkildə təqlid olunmağa başladı. Götürmə obyekti oldu kinonun rasional elementləri, kinonun priyomları, orada özünə yer alan sırf intellektual və ya sırf intim–psixoloji yaşantılar. Onları teatra gətirdilər, bu isə teatrın məhvi demək idi.

REPLİKA №3. Qədərincə ümumi və amorf mülahizələrdir. Mən bu kontekstdə hər vəchlə kinonu suçlamaqdan uzağam. Amma Mikayılın alovlu nitqi məni etiraz etməyə qoymur və mən susuram.

- (cavabın davamı) Azərbaycan teatrının modeli isə xalqın nağıllarındadır. Bu nağıllarda rasional teatrla emosional teatr, romantik teatrla realist teatr bir–birinin qonşuluğundadır, birindən digərinə asudə şəkildə gedib çıxmaq olar. O ki qaldı Qərb dramaturgiyasına, Şeksprin, Şillerin əsərləri başdan–başa emosiyalar üzərində qurulub. Bunlar böyük emosiya vaqiələridir. Ona görə mənim üçün burada, Siz deyən mənada, heç bir problem yoxdur.
- Teatr aləminə xəbər yayılıb ki, Siz Otellonu oynayacaqsınız. Dahi Ələskərdən sonra qorxmursunuz bu rolda çıxış etməyə?
- Qətiyyən. Dahi Ələskər də heç kimsədən qorxmamışdı. Mən də heç kəsdən qorxmuram, bilsəm də ki Lourens Olivyenin özü bu rolda çıxış eləyib. Ona görə ki Şekspir var. Mən bir kimsəyə oxşamayacağam. Bu, məhz Mikayılın Otellosu olacaq.
- İnsan nə vaxt aktyor olur?
- İnsan özünü tanıyanda, özünü görəndə, özünü görə biləndə sənətkar olur. Onun sənəti ətraf mühitə qarşı etirazdır. Cəmiyyətlə, kütlə ilə özü arasında fərq duyanda insan sənətkara, – aktyora, rəssama, bəstəkara, – dönür.
- Hər adam razı olmaz ki, ona minləri tamaşa eləsin. İnsan həmişə ona tuşlanmış, zillənmiş baxışlardan yayınmağa çalışır. Aktyorlar isə, əksinə, diqqət mərkəzində olmaqdan zövq duyurlar. Əbəs demirlər ki, aktyorlar insanlığın qadın hissəsinə aiddirlər. Bu barədə Sizin fikriniz?
Həyatda aktyor da adi adam kimi tablamır ona tuşlanmış baxışların təzyiqinə; özgələrdən qaçıb gizlənmək istəyir. Amma tamaşada başqa məsələ. Səhnədə aktyor bacardıqca seyrçinin diqqətini özünə cəlb eləməyə can atır. Və öz ovqatının, fikrinin şərikini axtarır tamaşaçı salonunda. Aktyorların qadın hissəsinə aidiyyəti barədə mən Anatoli Efrosun kitabında oxumuşam. Aktyorlar kövrək məxluqdurlar, uşaq kimidirlər. Bir tamaşa boyu o, bütün enerjisini verib tükənir. Bu enerji hesabına bir dəyirmanı işlətmək olardı. Əvəzində onlar seyrçidən yalnız diqqət umurlar. Məhz bu, aktyorlarla qadınlar arasında müəyyən oxşarlıqlar yaradır.

     BƏNZƏTMƏLƏR: Mikayıl Mirzə ilə bağlı belə bir görüntü heç cür xəyalımdan çıxmır. Əgər meydana xalça döşəsələr və canbazlar gəlib orada müxtəlif oyunlar çıxarsalar, o zaman Mikayıl Mirzə özü üçün zəncirqırma məharətini seçərdi: yalın sinəsinə zəncirləri çalın–çarpaz dolayardı və çalışardı ki, əzələlərinin, enerjisinin, hikkəsinin hesabına onları parça–tikə eləsin. İşdi bacarmasaydı, zəncirləri dişləriylə gəmirərdi, amma inadından dönməzdi. Milli Teatrın “Od gəlini” tamaşasında o, Biləgənli Elxanı elə bu qayədə, bu tonusda oynadı: Mikayılın qəzəbindən  yerə–göyə sığmayan, acığından, kinindən püskürən, əlacsızlığından qıvrılan qəhrəmanı məni Azərbaycan teatrının “çılğın emosiyalar və odlu ehtiraslar” dövrünə qaytardı. Qəfildən mənə əyan oldu ki, ya rəbb, sən demə Hüseyn Ərəblinski də belə olubmuş vaxtilə, Hüseynqulu Sarabski də: cin kimi, alov kimi. Və təkcə Hüseyn və Hüseynqulu yox. Bu tip azərbaycanlıların içinə hopmuş cin, heç şübhəsiz ki, romantik cin olub, şeirə, sənətə aludə olub, dəcəl və nadinc cin olub, amma xeyirxah olub, yoxsa uçurmamış dam-baca qoymazdı. “Uzun ömrün akkordları” filmində Hüseynqulu Sarabski roluna Mikayılı dəvət edən  Anar (rejissor və ssenari müəllifi) hamıdan öncə görmüşdü, sezmişdi onlar arasındakı bu bənzəyişi, bu ruhsal qohumluğu, duymuşdu onların teatr “məcnunluğunu”, teatr “divanəliyini”. Həqiqətən, sənətçi çağdaşları arasında öz maarifçi sələflərini ən çox xatırladan aktyor Mikayıl Mirzədir. 

     1977–78-ci illər teatr mövsümündə rejissor Mehdi Məmmədov “Dəli yığıncağı” tamaşasını hazırlayarkən Cinli Mustafanı, yenə zəncirli bir sərsəmi, Mikayılda görmüşdü və bu rolu ona tapşırmışdı. Biləgənli Elxanın (“Od gəlini” tamaşası) da qollarına zəncir vurulmuşdu. “Dəli yığıncağı”nda Mikayılın Cinli Mustafası ayağını qeyzlə, hikkə ilə səhnəyə döyəcləyəndə elə bilirdin ki, doğrudan da, yer yarılacaq və dəlilər dünyası bu yarğan–uçurumun içində gömüləcək. Lakin təəssüf ki, bu, tamaşa idi və heç vaxt yer yarılmayacaqdı, teatrın dışında qalmış dəlilər dünyasına heç bir xətər yetməyəcəkdi. 

     1984-cü il Mikayılın günahsız ABDULLASININ təntənə ili oldu Azərbaycanın vizual və verbal mədəniyyətində. Rejissor Ramiz Mirzəyevin (Həsənmoğlu) “Günahsız Abdulla” televiziya tamaşasında onun öz çoban yapıncısına bürünüb hayqıran comərd zavallısı bir dağ obasının mərdanə igidi idi: XX əsrin əvvəllərində ucqar bir gürcü kəndində yalan, şər əlindən, iftira, böhtan ucbatından təklənib şaşırmışdı, qarşısında anbaan böyüyən həbs, sürgün, cəza, xəyanət, Allahsızlıq uçurumunun xofundan sarsılıb dəli olmuşdu. Ona görə də qalın kəndiri sanki dünyanın boğazına dolayan kimi boynuna dolayıb bir erkək nərəsində özünü boğurdu. Qəribədir, bu dəfə də zəncir, əgər kəndir assosativ əvəzləyici kimi götürülərsə. Bu nədir? Rejissorların Mikayıl Mirzə enerjisini cilovlamaq cəhdimi? Hərçənd Mikayılın Azərbaycan kinosunda ifa etdiyi əksər rollar günahsız Abdulla variantı kimi yozula bilər. Başqa cür desək, günahsız Abdulla bu tip rollar sırasında Mikayılın sənət zirvəsinə vardığı məqamı sərgiləyir.

SUALLARA CAVABLAR VƏ SEYRƏK REPLİKALAR

- Məncə, Sizin ən uğurlu rolunuz, təbii ki, hələlik, günahsız Abdulladır. Nə qədər doğma idi bu obraz Sizə?
- Günahsız Abdullanın içi nə boydadırsa, mənim də içim o boydadır.
- Yadımdadır, mən onda hələ tələbə idim, Siz teatr sənətilə bağlı mətbuatda tez–tez çıxış edirdiniz. Bu hansı ehtiyacdan irəli gəlirdi və əgər sirr deyilsə, niyə indi yazmırsınız?

REPLİKA №4. Mikayıl Mirzə təkcə elmi–nəzəri, publisistik məqalələr yox, həm də hekayə, povest və pyeslər müəllifidir.

- O vaxt mən arzum boyda rolları əldə eləyə bilmirdim. Arzularım böyük idi, hikkəm də böyük idi. Böyük hikkəm böyük arzularımdan doğurdu. Özümü boşluqda hiss eləyirdim. İçimsə dolu enerji idi və bu enerji dışarıya çıxmaq istəyirdi. Hələ orta məktəbdə kolxoz kitabxanasını təpədən dırnağa kimi oxumuşdum. Gör bir necə şeydi ki, gözlərim xəstələnmişdi. Teatr institutunda əməli nəsə öyrənə bildim, nəzəri cəhətdən isə bu institut mənə heç nə vermədi. Bircə Nəsir Sadıqzadədən başqa. Bu adam tamam sökdü içərimi. Və dedi ki, içəridə heç bir şey yoxdu: ancaq teyxa istedad var. Odur ayaqlarım məni apardı institut yataqxanasına. O vaxt kitabxana orda yerləşirdi. Teatrla bağlı nə qədər kitab vardı oğurladım və onları birnəfəsə oxudum. Lakin məndə bir inamsızlıq vardı, onu da rəhmətlik Ağəli Dadaşov aradan qaldırdı. Bir gün o mənə dedi ki, “səndə böyük istedad var. Namusum, vicdanım haqqı, əgər son zamanlar mən belə istedad görmüşəmsə, yerə girim”. Nəsir Sadıqzadə məni sökdü, Ağəli Dadaşovsa yenidən qurdu. Bütün bu yolu keçəndən sonra dərk elədim, inandım ki, böyük rollar oynaya bilərəmmiş. Bunun üçşünsə imkan yoxdu. Odur enerjimi və bilgimi yoxlamaqdan ötrü başladım teatrı yazmağa.
- Deyirlər ki, Siz özünüzdən tez çıxan adamsınız. Hətta bir neçə dəfə Sizin barənizdə yazan tənqidçilərlə savaşmısınız da. Özünüzü buna görə, artıq indi, akme dövründə məzəmmət etmirsiniz ki? Xasiyyətinizin bu cizgisindən heç azad olmağa çalışmısınızmı?
- İndiki yaşımda, əlbəttə ki, daha təmkinliyəm. Lakin bütün etirazlarıma bəraət qazandırıram. Özünün bildiklərini, hikkəsini sənə sırımaq istəyən tənqidçilərə həmişə etiraz eləmişəm. İndi də öz mövqeyimdə dururam.
- Mən əgər rejissor olsaydım, baş rolda Siz olmaq şərtilə, sirkdə “Od gəlini” tamaşasını hazırlayardım. Lakin bu işə girişməmişdən öncə mütləq Sizin nəyə inandığınızı və nəyə etibar etdiyinizi soruşardım.       

REPLİKA №5. Elə buradaca Mikayıl Mirzə, nə fikirləşdisə, necə fikirləşdisə, vulkan kimi püskürdü, coşdu, amma mənə pis bir söz söyləmədi. Sanki canını dişinə tutub acıqla guruldadı bir anlığa. Və yenə bir anlığa nə fikirləşdisə, öz emosiyalarını cilovlayıb sakit, amiranə tərzdə, lakin acıqla, incik–incik danışdı.

- Mikayıl Mİrzə olsaydım, gəlib ərizəmi yazardım və işdən çıxardım Və imkanım olsaydı, sənin başıvu həkimə göstərərdim.

REPLİKA №6. Bu coşqunu görüb də mən verdiyim suala əlavə etdim ki, bir neçə il bundan öncə dünyanın məşhur aktyor və rejissoru Rober Osseyn peyğəmbər İsa Məsihin zühuru mövzusunda sirkdə güclü pirotexnikadan yararlanaraq monumental bir tamaşa hazırlamışdı və bu tamaşanın sorağı bütün dünyanı dolaşmışdı, nəhayət ki, gəlib çıxmışdı Sovetlər Birliyinə. “Teatr” jurnalında bu haqda yazılmış məqaləni oxuyub da Cəfər Cabbarlının “Od gəlini”ni bu qayədə təsəvvür etmişdim, böyük, çoxsakinli bir şou–tamaşa qurmaq iddiasında bulunmuşdum. Nə isə... bu hadisədən və bu iddiadan Mikayılı xəbərdar elədim. Mikayıl dəyişdi və cavabının istiqamətini də dəyişdi.  

- (cavabın davamı) Bu bir tərəfi. Qəzəbli Mikayıl Mirzə belə hərəkət edərdi. Əmri dərk eləyib səni bir rejissor kimi başa düşəndən sonra bu tamaşada çıxış etməyə razı olardım.
- Özünüzü necə bir adam kimi tanıyırsınız?
Çox xeyirxah adamam. Hamıya yaxşılıq eləmək istəyirəm. Əl tutmaq Əlidən qalıb. Amma bu, türkün əxlaqıdı.
- Sizi həyatda ən çox nə maraqlandırır? 
- Boğazdan yuxarı danışmaq istəmədiyim üçün bu suala cavab vermək çətindir. Bütün normal adamları nə maraqlandırırsa, məni də maraqlandırır.
- Siz olduqca mərdanə bir adam kimi görünürsünüz. Bütün həyat situasiyalarında bu mərdanəliyi qoruyub saxlaya bilirsiniz?
- Ehtiyac mərdanəlikdən çox yüksək olanda yox, əksərən, hə.
- Bu gün Azərbaycan teatr mədəniyyətinin dünyası Sizcə necə görünür?
Yaz!

REPLİKA №7. Mikayıl Mirzə mentor pozası aldı. Mən də həməncə oyunu qəbul elədim: teatrşünasdan katibə çevrildim və qələmi hazır tutub onun üzünə baxdım. Və o mənə nəyi diqtə elədisə, onu da məqaləmə köçürdüm.

- (cavabın davamı) Yaz ki, bu sualdan sonra Mikayıl Mirzə uzun zaman düşündü və bu düşüncə qətran gecənin qaranlığı kimi qapqara idi və birdən haradansa bu qaranlığa iynənin ucu boyda işıq düşdü və yenə həmişə olduğu kimi dostu, arkadaşı Xəlil Rzanı saldı yadına və tavandan asılmış zəif işığa baxıb da dedi:

REPLİKA №8. Biz Mikayıl Mirzənin qədərincə geniş və işıqlı direktor kabinetində əyləşib söhbət edirdik. Günəşli hava idi. Günortaya da az qalırdı. O, bir “Od gəlini” ilə bağlı verdiyim sualı eşidəndə ayağa durmuşdu, bir də indi ayağa qalxdı. Mən anladım ki, cavab və mizan sualdan çox-çox əvvəllər qurulub və məşq edilib.  

     – (cavabın davamı) “Fikir verin işığa
                                      Öləziyir ziyası,
                                      İndi sönər də bəlkə.
                                      Kordu işıqsız vətən,
                                      İstiqlalsız bir ölkə”.
- İşıqsız vətən, istiqlalsız bir ölkə olmadığı kimi teatrsız da Azərbaycan mədəniyyəti yoxdur.

REPLİKA №9. Bu çıxışda bir az tribunluq, bir az demaqoqluq, bir az əda gördüm və xudafizləşib tezcənə onun kabinetini tərk etdim.

     Bir Mikayıl Mirzə bir Teatra bərabərdir. Bu teatrın dramaturqu da, aktyoru da, rejissoru da, lap elə teatrşünası da MİKAYIL MİRZƏNİN özüdür. Bu teatr meydanda başlayır və meydanda da qurtarır. 

     Beləliklə, bir aktyor portreti də yazıb tamamladım. İndi fikirləşirəm ki, görəsən, bu məqalə gələcəkdə hansısa bir teatr tədqiqatçısına gərək olacaqmı?


1993

 

Load Time (S) : 0.005172