TEATRO

TEATRO

sənət portalı

post-title

 Aydın Talıbzadə - METAKAİNAT METATEATR KİMİ: OKSİMORON ƏYLƏNCƏ TİPİ

           Qodo ölüb: o, gəlməyəcək. Bunu hətta Bekketin özü də bilirdi: sadəcə, personajlarını “aldatmışdı”, onları ümidləndirib dözməyə və gözləməyə ruhlandırmışdı. Qodo XX yüzildə tanrının sonuncu manifestasiyası, ümidin axırıncı simvolu idi. XXI əsr isə bu fantomu da insanların əlindən aldı. Nitşenin “öldürdüyü” tanrı bir daha Bekketin pyesində Qodo ilə birgə can verdi. Beləliklə, Allaha ümid qurtardı. Ümid qurtaranda mimesis sənətin periferiyasına göndərilir: çünki duanın, ayinin bitməsilə teatr da bir sənət kimi, bir praktika kimi bitir. Bunu anlayıb dərk etmiş XXI yüzil tanrı üçün sosial-fəlsəfi bir “epikriz” yazdı: tanrı möcüzə yaratmaq qüdrətini itirdiyinə, permanent çoxalan insanların permanent apardığı saysız müharibələrin qarşısını ala bilmədiyinə, ümidləri doğrultmadığına görə işdən azad edilir və təqaüdə göndərilir.

Belə olan təqdirdə siyasət müasir dünyanın Allahı seçilir.

Siyasət planlaşdırır: covid gəlir, pandemiya olur...

Siyasət planlaşdırır: tamah artır, müharibə olur...

Siyasət planlaşdırır: qadın kişi olur, kişi – qadın...

Siyasət planlaşdırır: robotlar idarəçiliyi ələ alır, insandan dəyərli olur...

Siyasət planlaşdırır: pul kripto olur, dünya – kazino...

Siyasət planlaşdırır: kainat metakainatla əvəzlənir, hər şey virtual olur...

İnsan toplum içrə həmişə siyasətin müəyyənləşdirdiyi konseptlərə, epistemlərə uyğun və siyasətə lazım olduğu çərçivələrdə yaşayıb, daim bir yerdən başqa yerə köçüb, köçürülüb, köç edə-edə yaşayıb. İndi daha köçməyə yer qalmayıb və siyasət planlaşdırır ki, insanları virtual dünya sakini eləsin. Təsadüfi deyil ki, müasir insan aktivcəsinə özünü, passionar enerjisini metakainata transportasiya etməklə məşğuldur. Nədən ki, o, metakainatı kainatdan daha əbədi, daha dayanaqlı, daha rahat, daha təhlükəsiz bilir. Virtual aləmdə pikselləşmək elə diri-diri özünü mumiyalamaq deməkdir, robotlaşmaq deməkdir.

Təqribən bir ay bundan öncə fransız bəstəkarı Jan Mişel Jarra özünün 22-ci albomunu buraxdı və onu “Oksimoron” adlandırdı. Özəlliyi nədə idi bu albomun? Məsələ bu ki, bütün dünya sakinlərinin hamısını birdən onların öz rəqəmsal versiyalarında, yəni avatarlar formatında, virtual obrazlar qismində metakainatda Jan Mişel Jarrın musiqi gecəsinə, rəqs, əyləncə gecəsinə dəvət olunurdu. Bu xüsusda onu da aydınlaşdırım ki, avatarlar 3D texnikası ilə yaradılıb virtual reallıq eynəklərilə idarə edilən xəyali subyektlərdir. Çağdaş dövrümüzdə tam ciddiyyətilə o da söylənilir ki, yaxın zamanlarda hətta televizyon da öz böyük auditoriyası ilə birlikdə keçmişdə qalacaq, metakainatla rəqabətə tablamayacaq.

Nə üçün? Çünki müasir gənclik passiv izləyici olmaqdan aktiv oyunçu olmağa daha çox üstünlük verir və əyləncənin interaktiv formalarını, interaktiv oyun mühitlərini tərcih edir. Biz ciddi şəkildə bir faktla hesablaşmalıyıq ki, gənclik hələ  illər öncəsi kitabxanadan, televiziyadan, teatrdan, kinodan imtina edib smartfonu və sosial şəbəkələri seçdi. Sadəcə olaraq tamaşaçı, müşahidəçi qalmaq daha aktual və maraqlı deyil. Səbəbi də bu ki, düşüncənin, qavrayışın, refleksiyanın sürəti dəyişib: gözləməyə vaxt yoxdur; heç kim ləngimək, cənnətlə əbədiyyət üçün çalışmaq istəmir və interaktiv oyun mühitlərinə virtual həzz, qorxusuz risk sorağında öz avatarlarını göndərir. Bu sayaq oyun mühitlərində “aktiv oyunçu olmaq” rol ifa etmək, aktyor kimi rola girmək, teatr çıxarmaq anlamlarına gəlmir: bu, artıq çox köhnədir!!!

Metakainatda aktiv oyunçu olmaq öz avatarını şəxsi nümayəndən kimi metakainata  transfer etmək və çox funksionallıq qazanmaqdır.  Metakainatda sənin avatarın matrisa adamı kimi unikal davranış keyfiyyətlərinə yiyələnir, istək və eyləmlərini sərbəst şəkildə istiqamətləndirmək şansı qazanır. Buradan da belə çıxır ki, metakainat qlobal teatr  tipində, immersiv teatr formatında düşünülmüş virtual oyun məkanıdır.

Nədir metakainat? Əvvəla onu söyləyim ki, “metakainat” Meta Platforms İnc. transmilli holdinq şirkətinin ideyası və layihəsidir. Metakainat mütəmadi, fasiləsiz fəaliyyət göstərən virtual məkandır: bu virtual məkanda insanlar çağdaş texnologiyalardan faydalanaraq özləri üçün yaratdıqları avatarlar vasitəsilə həm bir-biri, həm də rəqəmsal obyektlərlə geniş spektrdə münasibətlər qururlar; ünsiyyətə girirlər, oynayırlar, konsertlərə gedirlər, piksellərdən düzəldilmiş koka-kola içirlər1 və bununla da seyrçinin reseptiv xarakteri tamamilə dəyişdirilir. Burada avatar həm seyrçinin kölgəsidir, həm onun yaşantı, duyğu və iradəsinin dinamik şəkil-robot obrazıdır, həm stalkerdir, həm də oyunçu-tamaşaçının marağının, təhlükəsizliyinin təminatçısıdır.

Faktiki olaraq metakainat metateatrın, metakinonun, metateleviziyanın simbiozundan oluşmuş hüdudsuz, virtual oyun məkanıdır, aldanış sürrealizmidir, yuxu, fantastika, texnologiya və incəsənətin oksimoron qatışımıdır. Əlbəttə ki, bu kontekstdə teatr, kino, televiziya anlayışları konseptual metafora olmaqdan savayı başqa heç nəyə yaramır.

Metakainat əyləncə industriyasında elə böyük bir devrimdir ki, sənətin bütün sahələrinə qlobal təsir göstərəcək. Burada performativlik öz zirvəsinə çatır: sənin avatarın səni oynayır, səni təqdim edir: sənsə avatarı oynadırsan.  Avatar rol deyil, sənin ruhunun, enerjinin reprezentasiya üsuludur. Sən həm özünsən, həm personajsan, həm də metakainat platformasında öz şəxsi tale-oyununun müəllifi.

Metakainat bir immersiv metateatr forması kimi yüksək texnologiyalar dönəminin sanki robot kölgələr teatrıdır. Müasir sənət Ketevan Çuxrukidzenin söylədiyi kimi bugün “dəyərli nəsnə” apologiyasının çərçivəsi”dən2 heç cür qurtula bilmir. Belə olan surətdə məhz metakainat nəsnələrin məna və formalarının dışına çıxır: heç bir rol və tamaşa yoxdur; hamı eyni zamanda həm oyunçudur, həm seyrçi... və bu kontekstdə yeganə dəyərli nəsnə sən özünsən...

Tamaşa hər zaman fəlsəfənin üfüqüdür.

Bu üfüq dünyanın bədii-fəlsəfi refleksiyasıdır. Bu üfüqdə tarixən sənətin əsas episteması kimi biz nəyi görüb anladıq? Anladıq ki, antik dövrdən ta indiyə kimi ədəbiyyat, sənət dinə qoşularaq hər zaman insanlara tanrı tapıb, ruh verib, ümid satıb, onları azadlığa inandırıb və cəmiyyətə bəyan eləyib ki, ali dəyərlər uğrunda çarpışmaq missiyası onun başlıca görəvidir.

Postmodernizm isə tamamən bunun əksini yapdı: tanrıları devirdi, ruhları qovdu, ümidləri qırdı, ədəbsizliyi leqallaşdırdı, ümidsizlik ironiyasını brendə çevirib bazara çıxartdı. Davamı isə gəlmədi: postmodernizm öz ironiyasında boğuldu.

Amma o, ədəbiyyat və sənət dünyasında “kartları” əməllicə qarışdıra bildi. Elə qarışdırdı ki, çağdaş dövrümüzdə ədəbiyyat və sənət öz resipiyentlərinə hələ də nə deyəcəyini, hansı qutsal mesajlar ötürəcəyini konkretləşdirməkdə, təxmin etməkdə çətinlik çəkir. Zatən, bugün heç kimi dərindən heç nə düşündürmür: hamı sağ qalmaq həşirindədir, hamı özü ilə məşğuldur. Bu  da şəxsiyyət tipinin kardinal şəkildə dəyişdiyinin əlamətidir. Bir zamanlar Marşall Maklyuen təfəkkür və qavrayışına görə şəxsiyyəti iki tipə ayırırdı: 1) kitab şəxsiyyəti; 2) ekran şəxsiyyəti3.  XXI yüzil isə yeni şəxsiyyət tipi formalaşdırdı: mobil telefon şəxsiyyəti. Mobil telefon internetə, ünsiyyətə, bilgiyə, əyləncəyə, idarəetməyə, sosial şəbəkələrə ən qısa yoldur. Əslində, mobil telefon şəxsiyyəti kütlənin sıravisidir, kütlə içində itib-batmış şəxsiyyətdir. O, yalnız kütləni gücləndirən növbəti say qədər dəyərlidir. Mobil telefon şəxsiyyətinin beyni, iradəsi, duyğuları kütlə tərəfindən, daha doğrusu, internetin virtuallığa tulladığı çoxçeşidli materiallarla, mesajlarla idarə edilir. Busa o anlama gəlir ki, mobil telefon şəxsiyyəti öz mayasında heç şəxsiyyət deyil, metakainatın potensial zombiləşmiş sakinidir. Bütün sənət növləri hər zaman şəxsiyyət axtarıb, şəxsiyyəti öz qəhrəmanı eləyib, insan idealını şəxsiyyətdə görüb. İndisə bütün dünya şəxsiyyət defisiti, şəxsiyyət böhranı yaşayır. Ona görə müasir dövrdə ədəbiyyat, teatr, kino, təsviri sənət, hətta klassik musiqinin, cazın özü belə peşənin təmsilçilərindən başqa heç kimə gərək deyil. Və bu proses artıq çoxdan, lap çoxdan başlayıb... Hələ 2008-ci ildə milliyyətcə fin olan Strasburq məktəbinin nümayəndəsi  İ.Kirkkopelto yazırdı ki, teatrın məqsədi daha imitasiya deyil, idealın zühurunu təmin etməkdir4.

Metakainat elə idealın zühurudur, musiqi, teatr, kino, idman, kazino, dizayn, televiziya idealının zühuru. Bu baxımdan metakainat bir metasənət, bir oksimoron təzahür şedevri kimi nanotexnologiyalar müstəvisində milyon-milyon zombiləşmiş “hotdoq” əhlini, mobil telefonu evindən, ailə üzvlərindən daha əziz bilən kvazişəxsiyyətləri öz məkanına dəvət edib onların virtual ünsiyyətinin, virtual əyləncəsinin təminatçısı funksiyasını boynuna götürür, teatrın, kinonun, televiziyanın işığı isə gün-gündən zəifləyir, öləziyir və bunda heç kimin günahı yoxdur: çünki vəziyyət texnoloji determinizmlə diktə olunur və biz Quttenberqin qalaktikasını tərk edib geriyə yol olmadığını bilə-bilə virtual qalaktikalara yollanırıq...

                                                                                               

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT:

1 Daha ətraflı: Телевидение уходит в прошлое. Эксперты определились с его заменой https://hi-tech.mail.ru/news/57511-televidenie-uhodit-v-proshloe-eksperty-opredelilis-s-ego-zamenoy/

2 Бухрукидзе К.К. Феномен театра в современной философии: аспект перформативности // Авт.-т на соиск. уч. степени докт. филофс. наук. – М., 2013. – 42 с.

3 Daha ətraflı: Маклюэн М. Галактика Гутенберга. Сотворение человека печатной культуры. Киев : Ника-Центр, 2003. 432 с.

4 Kirkkopelto E. Le Théâtre de l'Expérience. Paris: PWS, 2008. – 220 p.

Load Time (S) : 0.000322