TEATRO

TEATRO

sənət portalı

post-title

Aydın Talıbzadə - Kral Lirin həqiqəti və cəzası

 (eqo və iddia)

 

            O yerdə ki, yaltaqlıq var, orada sevgi olmur.

            Kim kimi daha çox sevirdi: Kral Lir qızlarını, yoxsa qızları Kral Liri?

            Ser Uilyam Şekspir uzaq XVI əsrdən bizə böyük-böyük əsərlərində müxtəlif qayəli tapmacalar, müəmmalar göndərib ki, onları da dəqiq cavablandırmaq müşkül məsələ. Filosoflar, şünas kolleqalar, rejissorlar, aktyorlar elə hey baş sındırırlar ki, Şekspir kimliyinin və düşüncəsinin doğrularını çözsünlər, bir ipucu tapıb Şekspir labirintlərindən qurtulsunlar. Amma sonucda yenə gəlib növbəti labirint lağımına çıxırlar, sonucda yenə növbəti yozum variantı ilə kifayətlənmək məcburiyyətində qalırlar.

            Bu yozum variantları isə sahilə yetmiş ləpələrin köpükləri kimi xırda, çox və müdafiəsiz; üfürsən, hamısı elə oradaca partlayıb heçə-puça dönəcək. “Hamlet” tamamən düşüncə dolanbacıdır, “Otello” tilsimli qəsrdir, “Fırtına” kosmik sirrdir, “Makbet” sehrli yuxu, “Kral Lir” isə insan rəftarının müəmması...

            Mədəniyyət aləminə “Kral Lir” faciəsi bəlli olan məqamdan üzü bəri tarixin fikir işçiləri aramsız şəkildə özlərinə belə bir sual veriblər ki, görəsən, niyə o boyda qüdrət və mənsəb sahibi sayılan kral həzrətləri bir gün səhər öz səltənətini, var-dövlətini böldü qızları arasında və sonradan da dilənçi kökündə düşdü qapı-qapı sərgərdan gəzməyə? Nə üçün Kral Lir qızlarının yoxlanılmamış, təcrübədə sınanmamış “sevgi etirafları”na bu qədər etibar eləyib, şirin dilə aldanıb və hər iki varisinə bu “yalançı” sevginin əvəzini məmləkətin həqiqi torpaqları ilə ödəyib? Dəlimidir Kral Lir, yoxsa azğın diktator? Bəlkə qurnaz hökmdar? Sevgimi yıxdı onu, yoxsa inam? Bəlkə eqo, bəlkə iddia? Məgər eqo elə iddia demək deyilmi? Olmaya qocanı İblis yoldan çıxardı? Kral Lir nə günah törətmişdi ki, bu cür dəhşətli hadisələr gəldi başına: səltənətini itirdi, qızlarını itirdi, dünya işığını itirdi, axırda isə həyatını itirdi? Əgər sualların hamısını ucdantutma yazsam, gərək bir kartoteka düzəldəm. Çünki bu əsnada hərə bir söz söyləyib, bir ideya, bir versiya ortaya atıb, bir fikir irəli sürüb. Amma bunlardan heç biri Kral Lirin müəmmalı rəftarının səbəbini birmənalı şəkildə açıqlamayıb, sualı konkret cavablamayıb. Şekspir irsinin araşdırıcılarından heç kim konkret deyə bilməyib ki, Kral Lirin günahı nədən ibarət? Bunu cavablamaq üçün gərək olasan qəvvasi bəhri-mərifət...

            Üzümüzü çevirək yunan miflərinə. Kral Lirin həqiqəti oradan gələcək. Bilirsiniz niyə? Çünki İntibah (Dirçəliş, Əhya, Renessans, Oyanma) adlı zaman kəsiminin mayası antik mədəniyyətin ruhsal prinsiplərindən yoğrulub. İntibah qədim yunan mədəniyyəti dəyərlərinin xristian mədəniyyətinə islam filosoflarının vasitəçiliyilə tərcüməsidir. Yəqin ki, bu dəyərlər Şekspirin (və ya onun adı altında yazanların) yanından da elə beləcə ötüşməyib. Mən əminəm ki, Şekspir personajlarının ədəbi-bədii şəcərəsini əməllicə araşdırsan, kök gedib Orest, Edip, İppolit, Fedra, Medeya, Antiqona, Aqamemnon, Kassandra kimi qəhrəmanlara çıxacaq. Deməli, Şekspiri birbaşa qədim yunan mədəniyyətilə bağlamağı məntiq özü diktə edir. Elə isə çaparaq Kral Lirin həqiqətinə doğru!

            Qədim yunan miflərindən biri bizə çar Midasın əməlindən, arzusundan, iddiasından və cəzasından danışır. Bir dəfə öz səltənətində itkin düşmüş Silenə təqribən on gün müddətində göstərdiyi qonaqpərvərliyə görə tanrı Dionis çar Midası mükafatlandırmaq, ona bu alicənablığı müqabilində əvəz vermək qərarına gəlir. İnformasiya üçün deyim ki, Silen (panlar, kentavrlar kimi) yunan əsatirlərində qərəzli və qorxunc, buynuzlu, təkəayaqlı meşə sakinidir, tanrı Dionisin əshabəsi, kef, şənlik, eşq məclislərində onun şuluq müşayətçisidir.

            Odur ki, Silenə hörmət Dionisə hörmət kimi anlaşılır. Elə ona görə də yunan panteonunun üzümçülük və şərab tanrısı Dionis çara söyləyir ki, ürəyindən keçəni ondan istəyə bilər. Ancaq... şərt var: Dionis onun yalnız və yalnız bircə arzusunu yerinə yetirəcək. Tamahkar və acgöz Midas da belə bir xahişdə bulunur ki, indən sonrasına toxunduğu hər bir nəsnə qızıla çevrilsin.

            Çarın istəyi gerçəkləşir: hara, nəyə əlini vurursa, qızıl olur.

            Amma və lakin...

Həmin gündən etibarən Midas acdır, dörd bir tərəfi yemək-içməklə dolu olsa da. Çünki nəyə toxunursa, ol məqamdaca hər şey qızıla dönür. Qədim yunan mifologiyasında Midas əbədi aclığa məhkum personajdır. Bu səbəbdən soruşulur: çar Midasın günahı nə idi ki, Dionis onu mükafatlandırmaq əvəzinə cəzalandırdı?

            Situasiyanın və problemin iç mahiyyətini dünyanın ən saytal mif tədqiqatçılarından biri Y.E.Qolosovker bu cür açıqlayır: “Məsələ heç də mənəvi-əxlaqi həqiqətlərin vurğulanmasında, tamahkarlığın məğzinin ifşa edilməsində, həyatın özünün hər hansı bir dəyərdən daha dəyərli və üstün sayılmasında deyil, mütləqliyə yiyələnmək istəyən qəhrəman insanın cürətindədir: insan öz arzularının əbədi yerinə yetirilməsində iddialıdır; daha doğrusu, o, elə bir qüvvə sorağında bulunur ki, bu qüvvə tanrının və ya möcüz predmetin (tilsimli əşyanın) gücünə bərabər olsun. Budur, onun günahının məğzi. Belə gücə yalnız ölümsüzlər malik ola bilərlər. Odur ki, çar Midasın cəsarətli iddiası tanrıya qarşı qiyamdır, “tanrı inkarçılığı”dır.”

            O, hüdudsuz qızıla yiyələnməklə əbədi yaşayıb tanrılarla eyniləşmək iddiasında bulunurdu. Özünü tanrı bilməksə, tanrını inkar etmək deməkdir, günaha batmaq deməkdir, küfr işlətmək deməkdir. Dionis də Midası bu naxələf iddiasına görə “zarafatyana” cəzalandırdı. Qədim yunan mifində çar Midas tükənməz qızılın içində əbədi ac qalır: o, nə tanrıdır, nə də adi öləri insan; cəhənnəm əzabkeşidir.                                        

            Kral Lir də Midas variantıdır. Şekspirin kralı nəyə güvənib də səltənətini paylaşdırdı, özünə heç nə saxlamadı, xidmətçilərindən və sərbazlarından imtina etdi, yaxın adamları ilə zalımcasına davrandı, istəkli kiçik qızını taleyin hökmünə cehizsiz buraxdı, mərhəmət göstərmədi, fələyin üzüdönüklüyündən ehtiyatlanmadı? O bu qədərmi özünü güclü, məğlubedilməz və əbədi kral-qəhrəman sayırdı? Şübhəsiz.

            Məsələnin izahı belədir: qoca Lir öz kral mövcudluğunun elə bir səviyyəsinə çatmışdı ki, orada artıq özünü tanrı sanmışdı, tanrı bilmişdi; inanmışdı ki, mütləqliyə yiyələnib.

            Tanrıya isə heç nə lazım deyil: nə torpaq, nə silah, nə var-dövlət, nə oğul-qız, nə də bacı-qardaş: onun gücü, hakimiyyəti hər bir vaxt özündədir. Tanrıya tac gərək olmur.

            Kral Lir də məhz buna görə taxt-tacından, səltənətindən, qızlarından özxoşuna əl çəkir: sevginin miqdarını ölçü bilib torpaq paylayır. Kral Lirin günahı odur ki, o, şəxsiyyətini tanrı kimi düşünür: elə fikirləşir ki, guya o, mənsəbini itirdikdən sonra da qibleyi-aləm olacaq, gücünü, hörmətini, nüfuzunu əvvəlki kimi özündə saxlayacaq.

            Amma nə xam xəyal. Kral Lirin küfrü böyükdür: o, tanrı kimi olmaq, tanrı kimi qızlarına və başqalarına və hamıya QİSMƏT “yazmaq” istəyir. Busa tanrıya qarşı bəyan edilməmiş aşkar qiyamdır, tanrı inkarçılığıdır, tanrının funksiyalarına iddiadır. Kral Lir eqosunun  zirvəsinə çatanda səltənətindən əl çəkir: çünki tanrı olmaq kral olmaqdan daha prestijlidir. Tanrı isə belə-belə şeyləri sevməz də, bağışlamaz da. Və məhz bu günah ucbatından onu ağır sakral cəza gözləyir, əsl tanrı cəzası gözləyir. Əbəs deyil ki, bütün dinlərdə insanın ən böyük günahı kibr, yəni qürur, daha doğrusu, özündən razı qalıb qürrələnmək duyğusu sayılır.

            Qısa zaman müddətində Lir adi bir səfilə dönür, urvatsız, lazımsız bir kimsəyə çevrilir, həyat məşəqqətlərinin burulğanına, çirkabına düşür. Cəzanın da məğzi bu ki, tanrı  əsl cəhənnəm əzabını Kral Lirə yaşatmaqla bu insana onun yerini, həddini göstərir: göstərir ki, taxt-tac, kral kürsüsü olmadan, torpaqlar olmadan o, bir heçdir, zavallı dilənçidir, zəif, gücsüz bir məxluqdur, ehtiyac içində özgələrdən kömək uman bir qocadır; göstərir ki, öləri insan tanrının oyuncağıdır, ipli kuklasıdır və bu dünyada insan heç nəyə güvənə bilməz. Çünki tanrı onun iddialarını sabun köpüyü kimi partladar. Kral Lirin faciəsi də bu qocanın təlxək iddiası müqabilində ona verilmiş cəzanın gerçək nəticəsidir.

Tanrı ona görə tanrıdır ki; ona görə müqəddəsdir ki, heç kimə, heç nəyə ehtiyacı yoxdur. Kralın isə hamıya və hər şeyə həmişə ehtiyacı var. Kral tanrı ola bilməz, tanrı gücünə iddia edə bilməz. Odur ki, Lir krallığını itirmiş Lir günahsız müqəssirdir, iddiasının qurbanıdır.

            “Kral Lir” faciəsinin həqiqəti, məncə, budur və bu səbəbdən “Kral Lir” faciədən daha çox pritçadır, mifoloji strukturdur, öyüddür, dərsdir. Bax (və ya oxu), gör, nəticə çıxart; yəni dünya bir pəncərədir, sən isə yeşikdən müvəqqəti çıxarılmış kukla. Odur ki, qürurundan əl çək və özünü tanrıya tay tutma: çalış, yaşantıların, ehtirasların sənin öz auranı çirkləndirməsin. Yoxsa cəza özünü gözlətmir.

            “Kral Lir” iddiaların faciəsidir: Kral Lir tanrılıq iddiasında bulunmuşdu; Edmund isə krallıq iddiasında. Yəni hər ikisi həddini aşmışdı.

            Həddini bilməyən insan isə öz cəzasını sifariş eləyir.

 

Load Time (S) : 0.007729