TEATRO

TEATRO

sənət portalı

post-title

 Aydın Talıbzadə - Kaktus və tekila

                Filmin ilk 7 dəqiqəsini danışıram, sonra heç nə danışmayacağam.

                Bütöv bir filmə bərabər 7 dəqiqə; onu danışmasam olmaz: məhz həmin bu 7 dəqiqə məni məcbur elədi ki, əyləşib sonacan gözlərimi bilgisayarın monitorundan ayırmayım, hərçənd ayağa qalxıb gedə də bilərdim, gedib heç nə itirmədiyimi güman da edə bilərdim...

                Lal kino; ağ-qara kadr, haradasa Alfred Hiçkok üslubu: köpüklü, bulanıq, narahat ləpədöyəndə dalğıc paltarlı, yaş saçları alnına dağılmış bir kişi arxası üstə çevrilir, önünə baxır və anındaca dəhşət bürüyür biçarəni... Kamera ona yaxınlaşdıqca adam qorxusundan vahimə içində dəli kimi bağırır, bağırır, bağırır: səsi isə çıxmır, eşidilmir...

                Vəssalam, zülmət... 

                Yuxu, yoxsa gerçəklik: o dalğıc nə görmüşdü ki, elə qışqırırdı? Məlum olmur, heç axıracan da məlum olmayacaq... Film hadisəyə və ya intriqaya hesablanmayıb...

                Xırda narıncı hərflər qaranlıq ekranda bir-bir kirimişcə peyda olub bizi xəbərdar eləyir ki, bu film Kann festivalında ən yaxşı rejissor işinə görə ödülləndirilib... daha sonra hansı kinokompaniyaların filmi təqdim etdiyi yazılır qaranlığın üzərinə...

                Yenidən zülmət...

                Qəfildən rəngli film başlayır... 

                Kamera gözünə domba linza taxıb işləyir: odur ki, kadr yanlara doğru yayğınlaşır. Dünya günəşsiz tutqun havada alma boyda yağış damlasından göstərilən dünya olur və bu dünyanın ortasında bir qız uşağı, təqribən iki-üç yaşında, əynində qolsuz cırtdan gödəkçə coşqu ilə büdrəyə-büdrəyə qaçır ora-bura. Yaşıl çəmənlikdir,  kənarlarda meşə, dağlar... Amma ağ qapı tirləri deyir ki, bu yerdə futbol da, reqbi də oynayırlar hərdən... Haradasa kənd komandasının böyük meydançası  tipli bir məkan... Görünür ki, yağış biraz var yağıb qurtarıb, çuxurlarda su nohurlanıb dayanıb... Qızcığazsa yüyürür irəli, nohurlara, palçığa fikir vermir, yıxılır, durur və ayağı ayağına dolaşa-dolaşa təzədən addımlayır öz kefinə... Baxır ətrafda gəzişən inəklərə: qımışır, mutlu olur... Çəhrayı dilləri ağızlarından sallanmış iri cins köpəklər hürə-hürə dövrə vurur çəmənlikdə... İlahi, bu itlər necə hərisliklə, necə şövqlə cumurlar qıza tərəf... Sən onların nəfəsini, nohurlara dəyən pəncələrinin çıqqıltısını eşidirsən... Eymənirsən qızcığaza görə... Düşünürsən ki, birdən, elə indi, elə bu dəqiqə... Köpəklərsə uşağa yaxınlaşıb ötüşürlər, ləhləyə-ləhləyə dağılışırlar talaya... İnəklərin boynundan asılı zınqırovların avara döyüntüsü isə elə hey dalğa-dalğa yayılır boşluğa, yayılır sükutun əsəblərini çimdikləyə-çimdikləyə... Sonra aralıdan bir neçə at keçir oynaqlaşa-oynaqlaşa, torpağı ərköyüncəsinə döyəcləyərək... İtlər bu dəfə də onlara sarı şığıyırlar... Qızcığaz o qədər xoşbəxt, o qədər məsum, o qədər şad, o qədər ehtiyatsız, o qədər həyata arxayındır ki, az qalıb heyvanları tutub qucaqlasın, öpsün, oxşatsın... Köpəklər, inəklər, atlarsa böyükdürlər, güclüdürlər; tapdalayıb əzə bilərlər, dişləyib didə bilərlər qızcığazı...

                Ancaq heç nə baş vermir: sənsə qəribə bir sıxıntı, gərginlik içindəsən ki, uşağa bir şey olacaq, ya yox?

                Yavaş-yavaş axşam düşür. Köpəklər sakitləşib, qızcığaz yorulub; ustufca dolaşır talanı, hərdən anasını zəif səslə çağırır, hərdən də atasının adını gətirir dilinə: Eliazar!!! Sonra yenə anasını haylayır: Rut!!! Təzədən atasını: Eliazar!!! Qaranlıqsa gözləmir, elə hey gəlir, gəlir, gəlir və birdən-birə dünyanı alır ağuşuna...

                Zülmət...

                Bəs davamı? 

                Rut və Eliazarın qızını qaranlıq uddu sanki... 

                Onlar da haçansa uşaq olublar... Bilirlər ki, uşaqlar ən çox qaranlıqdan qorxub taqətsizləşirlər...

                Filmin adı: “Zülmətdən sonra işıq”.

                Şimşək şaqqıldayır və ani parıltılarla görükdürür dağ kəndini...     

                Karlos Reyqadas Meksika kinorejissorudur. Ancaq bu 7 dəqiqə Lars fon Trierin “Dəccal” filminin semantikasında açılır: uşaqlar bizim günahlara görə cavab verirlər: bizim günahlardan onların həyatına zülmət çökür. Əbəs deyil ki, hər iki filmin əvvəlində körpələr qaranlığa adlayıb orada “əriyirlər”.

                Reyqadas filmin başlanğıcındakı psixoloji triller ovqatını asanca pastorala dəyişir, səsin, hərəkətin, yaşantının, məkan görüntülərinin kadr içində naturalistik təsvirindən sanki bayılır, olmazın bir kinokef duyur. Bunun ardınca isə o, bir sıra epizodlarda magik realizm səpgisində qurduğu mizanlarla, oyunlarla məzələnməyə, mənaları qarışdırmağa, fəlsəfəni, klassik mədəniyyəti insanın gizli istəkləri, basqıları ilə təhrik eləməyə, susdurmağa, düşüncəni lağ, şəbədə obyekti kimi aşağılamağa həvəslənir. Birdən gecə qapısı yavaşca itələnir və içəri animasiya üslubunda işlənmiş qırmızı kölgə təəssüratı oyadan buynuzlu və quyruqlu, erkək şeytan girir; əlində ustalara, bəlkə də tibb işçilərinə, məxsus alətlər (preparatlar) qutusu var: otaqlarda yatanlara baş çəkməyə gəlib... 

                Filmin sonuna yavuq personajlardan biri mümkün ki dağlara, mümkün ki qırılan ağaclara, mümkün ki boşluğa, mümkün ki buludlara tamaşa eləyir, eləyir, eləyir, axırda isə ikiəlliylə yapışıb başını bədənindən səssizcə qoparır və kənara tullayır. Bədən aşır, qan loqquldayıb çəmənliyə fışqırır, göydən leysan tökülür, meydançanın nohurlarında damlalar atılıb-düşür...

                Bütün bəlalar insan başına gəlir yoxsa bütün bəlaların müəllifi insan başıdır? Bəlkə biz proqramı onsuz daha rahat yerinə yetirərdik? 

                Məktəb komandasının reqbi məşqi görüntülənir. İnsanın ağıllı məxluq olduğu şübhəlidir: nəyinə gərəkdi onun reqbi oyunu? Döy, tapdala, əz və bulaş palçığa... Top təlxəkliyin və axmaqlığın nişanəsi kimi insan başını obrazlaşdırır burada məncə.

                Karlos Reyqadas Meksika kinorejissorudur, Latın Amerikası yazıçılarının, məsələn, Karlos Fuentesin, Varqas Lyosanın, Qarsia Markesin, varisidir: onun filmlərində olağanüstünü görməyə hazır olmaq gərəkir. 

                Hərçənd bir də ayılırsan ki, Karlos Reyqadas magik realizmi tərk edib Semih Kaplanoğlunun “Bal” filminin imitasiyası ilə məşğuldur: epik masştab və fakturanın poeziyası içində “üzür”, fakturanı “ovuclayıb gözlərinə təpir”. Həqiqətdə, Reyqadas bu filmində bir sörfinqçi kimi kadrlarla “sürüşür” və özünü kadrların stixiyasına, kinonun gözəlliyinin stixiyasına buraxır ki, onu hara istəsələr, aparsınlar. O, kino tarixindən sevdiklərinə bənzəməyə çalışır, amma sonucda yenə meksikalı olur. Bu rejissor kinoya öz köpəyinə yanaşan kimi yanaşır: nədən ki, kino onun arzuladığını itaətkarcasına yerinə yetirir. Reyqadas müasir meksikalının psixi problemlərinin xəritəsini kinolentə köçürən maçodur: öyrəndiklərindən, anladıqlarından isə onu tekila xilas eləyir. Reyqadasın kinorejissurası miks üstəgəl epataj variativliyidir. Mən ona intellektual kinonun disk-jokeyi və ya diceyi deyərdim. Bu meksikalının kinematoqrafiyasında Eyzenşteyn Bünuellə, Dreyer Tarkovski və Trierlə, Hiçkok Semih Kaplanoğlu ilə Latın Amerikasının mifləri kontekstində miks edilir.

                Eliazar və Rut... Yeniyetməlik dövrü... Qəşəngdirlər... Dəniz sahili... Çimərlikdə ailə... Orada başqa uşaqlar da var... Qumsallığa atılmış qayalar... Qumsallıqda intihar etmiş qayalar... Onlar nələrəsə şahiddirlər... Bəlkə Eliazarın heç kimin görmədiyi günahını görüblər?

                Film gizlin basqıların və niyyətlərin insan ömrünə gətirdiyi zülmət haqqındadır. 

                Dəniz sahili... İki uşaq: balaca, körpə... Elə şirindirlər ki... Qürub çağı... Gün batır... Ləpələrin qanı qaralır... Bilmək olmur indi haradadır, keçmiş harada... 

                Ləpələrin pipiyində yuxular, fantaziyalar və sonsuz yozumlar hər dəfə sahilə milyon-milyon dağılır.

                Film yaşantı, təəssürat və xatirə fraqmentlərindən hörülmüş şəbəkədir: dialoqlarda Antoşa Çexontenin intonasiyaları və sakitliyi “gəzişir”...

                Rut və Eliazar... Onların bədənlərinin və ruhlarının həyatı... Məişət... Xırda deyintilər böyüyüb, böyüyüb, böyüyüb emosional gərginlik yaradır evdə... Həzz yoxdur... Əvəzində Eliazar köpəyini hirslə döyür... 

                Qohumlar motivi ekran müstəvisinə Fellini rişxəndilə gətirilir: illərlə təkrarlanan bayram görüşləri, bayram hədiyyələri, axmaq söhbətlər, teatral lütfkarlıq... 

                Lakin Reyqadasın rejissurasında hamı və hər şey meksikalıdır. Yəni tekilanı öz içində daşıyan kaktus kimidir bu film. “Həzz və tikan” mifologemi: mövzunun gəlişdiyi platforma. Pyer Bezuxov bildi ki, ehramın zirvəsində həzz dayanır. Bütün çabalar onun üçündür. Bədən icraçıdır: əsl həzzi beyin alır. Günaha bədən yox, beyin batır.

                Eliazar və Rut... Assosasiyalar zənciri... Amarkord, yəni mən xatırlayıram: filan vaxt filan yerdə belə olmuşdu niyəsə... Əslində, belə olmamalıydı... 

                Marsel Düşan fransız rəssamı idi, kubizmdə özünü tapmışdı: onun “Fontan” adlanan avtoqraflı pisuarı 1917-ci ildə təsviri sənət tarixində sosialist inqilabı kimi bir devrim eləmişdi, epataj sənətin əsasını qoymuşdu. Heqel isə alman filosofudur: çoxdan ölüb və Düşanla heç bir ilişkisi olmayıb. Yalnız meksikalı Karlos Reyqadas epataja imza atıb Sodom və Homorra variantı yaşanılan hamam otaqlarını Düşan və Heqelin adları ilə eyhamlaşdıra bilərdi.

                Filmin sonuna yavuq personajlardan biri mümkün ki dağlara, mümkün ki qırılan ağaclara, mümkün ki boşluğa, mümkün ki buludlara tamaşa eləyir, eləyir, eləyir, axırda isə ikiəlliylə yapışıb başını bədənindən səssizcə qoparır və kənara tullayır.

                Komplekslərdən, yaşantılardan, günahlardan qurtulmağın yolu bumu?

                Zülmət...

                Bəs işıq hanı?

                İnanmıram ki, bizimkilər sona qədər Reyqadasın filmlərinə baxalar. Əgər baxsalar, çox güman ki, vaxtaşırı dilxor olub deyinəcəklər.

                Reyqadas isə özündən qorxmur. O, həyatın və kinonun absurdunu filmləşdirən rejissordur.

 

Load Time (S) : 0.006288