Aydın Talıbzadə - ŞƏKİ VƏ ŞEKSPİR yaxud 145 İLİN HAY-KÜYÜ
Şəki teatrında həmişə hay-küy var. Hətta bu hay-küyün sanballı bir tarixi də var: hansı ki Mirzə Fətəlinin “vay şələküm-məəlləküm” qəlibində yazılmış pyeslərindən ba...
(anlayışın qısa elmi şərhi)
Qəribə sözdür “dramaturgiya”...
“Dramaturq” sözü ondan da qəribə... Qərbdə “dramaturq” deyirlər ədəbi hissə müdirinə: pyes yazarı isə elə pyes yazarı kimi də təsnif və təqdim edilir; Avropa mədəniyyətində onun şair, nasir kimi məxsusi bir adı yoxdur. Pyes yazarı o kimsədir ki, özü-özüylə danışa-danışa “dedim – dedi” konstruktunda dialoqlar qələmə alır, ya bütöv söhbəti, ya da söhbət fraqmentlərini kağız üzərində fiksə edir, müəyyən qisim insanların ünsiyyət şəbəkəsini qurur.
“Dramaturgiya” sözünün də qəribəliyi bu ki, bədii yaradıcılığın müəyyən bir istiqamətini bildirə-bildirə, elm sahələrinin ontologiya, antropologiya, sosiologiya, filologiya, biologiya, fenomenologiya, histologiya kimi adları ilə baxışır, səsləşir (həm rus, həm ingilis variantlarında keçərlidir). Hətta onu metodologiya terminilə də qiyaslamaq mümkün. Logiya qədim yunanların “loqos” kəlməsindən alınmadır, söz, təlim mənalarını özündə qapsayır. Deməli, haradasa dramaturgiya kəlməsi “dram təlimi” mənasında semantikləşir. Hərçənd dramaturgiya kəlməsi “dram yazmaq sənəti”, “dramın nəzəriyyəsi” anlayışlarını da özündə ehtiva edir. Təsadüfi deyil ki, qədim yunanlar dramaturgiyanı həm dramın səhnə quruluşunun verilməsi, yəni rejissura variantı, həm də pyes yazmaq sənəti kimi qavrayırdılar. Görünür bu da ondan irəli gəlirmiş ki, antik yunan dramaturqları həm bədii mətnlərin müəllifləri, həm də pyesin tamaşaya hazırlanması prosesində bir rejissor qədər yaxından iştirak edən şəxslər idilər.
Bəlkə də ola bilsin məhz bu təsirin nəticəsidir ki, uzun müddət dramaturgiya heç ədəbi növ sayılmayıb: ona görə ki, pyes oxunmaq üçün yox, səhnədə oynanılmaq üçün yazılır və yalnız teatrda tamamlanır, mükəmməlləşir, bədii bütövcəyə çevrilir. Bu, qərinələr boyu təsdiqlənmiş bir aksiomdur. Sən külli miqdarda pyes yazıb dərc elətdirə bilərsən, lakin onlardan 7-si teatr səhnəsində oynanılmayınca, heç kim peşəkar teatr cameəsində sənə dramaturq deməyəcək, səni dramaturq kimi ciddi qəbul etməyəcək. Bu da rəsmi şəkildə sənədləşdirilməmiş teatr qanunlarındandır və müasirlik kontekstində ona bir o qədər də önəm verilmir.
Hətta bu harasıdır: İntibah dönəmində hesab edilib ki, əhalinin kübar təbəqəsinin pyes yazması, teatrda çalışması ayıb bir işdir, onların şəcərəsinə, mənsəbinə, nüfuzuna layiq olmayan bir məşğuliyyətdir. Çünki bu, yəni başqalarını əyləndirmək yalnız sosial nərdivanın aşağı pilləsində qərarlaşmış zümrələrin peşəsidir. Ona görə də kübar təbəqənin nümayəndələri səhnə sənətilə özlərinə çörək pulu qazanan adadmların adından istifadə edərək, təxəllüslər arxasında tanınmaz qalaraq pyeslər yazıblar teatr üçün...
Hər halda yazıblar ki... Bax, budur əsas məsələ, bax, budur həqiqi teatr sevgisi...
Beləliklə, bu qısa anonsdan həməncə aydın olur ki, tarix boyu və elə indinin özündə də “dramaturgiya” və “dramaturq” anlayışları ilə bağlı birmənalı heç nə yoxdur. Mən “dramaturgiya” terminini daha çox “dram təlimi”, “dram nəzəriyyəsi” kimi qavramağa, çözməyə meylliyəm.
Lakin mən bununla da kifayətlənməyib hesab edirəm ki, dramaturgiya, həqiqətən, nəzəri bir məfhumdur, mövqecə “növ”, “janr” anlayışlarından üstündür, təzahürlər dışındadır. Çünki dramaturgiya təkcə ədəbi növ deyil, təkcə faciə, komediya, dram janrlarında yazılan pyeslər dəstini bildirən termin deyil, nəyisə düzgün, ifadəli, mənalı və harmonik bir şəkildə qurmaq, strukturlaşdırmaq, təşkil etmək nəzəriyyəsidir.
İllər uzunudur əbəsdən söylənilmir ki, romanın, şeirin, memarlığın, məkanın, adi bir tədbirin, filmin, verilişin, radio-televiziya yayımının, ünsiyyətin, söhbətin, məclisin, müsahibənin, mühazirənin, nitqin, məqalənin, musiqi əsərinin, hətta mahnının belə, öz dramaturgiyası var. Həyatın özü bir dramaturgiyadır, finalı bəlli, amma gedişatı məchul, gizlin bir dramaturgiya... Biz bu dramaturgiyanı gah Allahın lütfü kimi qəbul edirik: barışırıq; gah da İblisin törətdiyi şər bilirik: etirazda bulunuruq.
Hərçənd bir fakt təkzibolunmazdır: dramaturgiyasız hər şey solur, ölür, maraqsız olur. Dramaturgiya diqqəti ovlamaq üçün tələdir. Həyatın dramaturgiyası olmasaydı, hamının darıxqanlıqdan ürəyi partlayıb ölərdi. Dramaturgiya maraq mexanizmidir.