TEATRO

TEATRO

sənət portalı

post-title

Aydın Talıbzadə - Cənnət Səlimovanın musiqili məsxərəsi və ya “Məşədi Sənəm”

Yüz dəfə özümə dedim ki, “yazma! Bəyəm sən yazmaqla nəsə dəyişəcək?” Yazmazdım da: di gəl ki, daha dözülmür və bundan da bərbadı olmur!

Yüz dəfə özümə dedim ki, “yazma! Tamaşa onsuz da köhnə tamaşadır, rejissoru da qocaman bir “sənət divanəsidir, teatra bütün varlığı ilə aşiq birisidir!” Yazmazdım da: di gəl ki, məsələ birbaşa Azərbaycan teatr mədəniyyətinin köklərinə toxunur!

Yüz dəfə özümə dedim ki, “yazma! Məgər Musiqili Teatrın direktoru Əliqismət Lalayevin özü sənin söylədiklərini bilmir?” Yazmazdım da: di gəl ki, bugün Musiqili Teatrın bədii-estetik dünyasını müasirliyə uyğun fərqli modusda qurmağa cəhd göstərilir və yol vermək olmaz ki, bu tendensiyanın inkişaf prosesi ləngisin!

Odur ki, soruşulur; birinci sual: Musiqili Teatrda 1998-ci ildən oynanılan “O olmasın, bu olsun” tamaşasının yeni redaksiyasına ehtiyac vardımı? İkinci sual: bu yeni redaksiyanın məramı, məqsədi nədir? Üçüncü sual: tamaşada kim məsxərəyə qoyulub: Üzeyir Hacıbəyli, Məşədi İbad, Sənəm, Gülnaz, Sərvər, aktyor Şövqü Hüseynov? Yoxsa Cənnət xanım öz rejissurasına lağ eləyib? Və “nə üçün”, artıq dördüncü sualdır.

Mən şəxsən bu suallara cavab tapa bilmədim...

Hər bir dramaturji əsər müxtəlif tip yozumlara açıq mətndir: sən istədiyin teksti paratekstin köməyilə ən gözlənilməz şəkildə dəyişdirə bilərsən, hər hansı konkret bir pyesi müəyyən konsepsiya çərçivəsində yenidən yığa bilərsən. Buyur, yığ, amma sən məni, yəni seyrçini öz konsepsiyanın, öz yozumunun, öz kommentinin həqiqətinə inandır: inandır ki, mən sənin təklif elədiyin tamaşanın estetik qanunlarını qəbul edim və onlar mənim zövqümü oxşasın.

Lakin “O olmasın, bu olsun” tamaşasının yeni redaksiyası teatr sənətinin bütün estetik qanunları dışındadır: ona görə dışındadır ki, qeyri-professionaldır; tamaşa göz önündəcə dağılır, çürük ağac kimi ovxalanıb tökülür və elə təəssürat oyanır ki, bu, haradasa nimdaş bir kənd klubunda zəif musiqi müşayətilə oxumağı təzəcə öyrənmiş həvəskarların oynadığı tamaşadır. Bir də axı, bir zamanlar Hacıbaba Bağırov istedadının hüsnünə “biçilmiş” tamaşanı Şövqü Hüseynovun əyninə “geyindirmək” nə demək?

Rejissor qıtlığında Cənnət Səlimova təzədən meydana qayıdır, az qala matah rejissora çevrilir, bir nömrəli skripkaya dönür... və bu qadın da öz tamaşaları ilə dəri-divarı yaxıb-yaxmalayır, halbuki onun teatr düşüncələri, teatr zövqü hələ də 70-ci illərin havası ilə nəfəs alır.

Yox, mən bu tənqidi heç kimə ünvanlamıram; heç kimi də tənqid eləmirəm; yəni olanı budu, yaxşısı budu; sadəcə, özüm üçün yazıb camaatla paylaşıram ki, hələ də düşünə bildiyimi özümə sübut edim və fikirləşim görüm ki, Azərbaycanın teatr aləmi niyə bunu belə susqunluqla həzm edir, niyə bununla barışır. Axı burada söhbət məndən, səndən, ondan getmir, Üzeyir Hacıbəylidən gedir; o şəxsdən ki, onun “Leyli və Məcnun” operası ilə “O olmasın, bu olsun” musiqili komediyası Azərbaycan teatr mədəniyyətinin iki qütbünü təşkil edir: yəni bu iki qütbün müəyyənləşdirdiyi məsafə Azərbaycan peşəkar milli teatrının, müsəlman Şərqini və azərbaycanlı mentallığını XX yüzildə modern şəkildə refleksiya eləyən teatrın bir növ mövcudluq sferasıdır: və ya Azərbaycan milli teatrı özünəməxsus bədii bir sistem kimi bu qütblər arasında mövcuddur. İnsafən, bir əsrdən də çoxdur ki, Azərbaycan seyrçisinin teatr və kino zövqünü məhz bu əsərlər formalaşdırır; onlar sanki uşaqlığımızdan gəlib qocalığımıza qədər bizimlə gedir: gəncliyimizdə, cavanlığımızda “Məşədi İbad” bədii filminə baxıb gülürük, yaşlananda isə bu filmə baxa-baxa kimlərisə xatırlayıb düşünürük, sonra kövrəlirik, daha sonra çöhrəmizdə təbəssüm şəfəqlənir... 

Bu konkret tamaşada isə kim nəyi bacarırsa, nə qədər bacarırsa, onu da oynayır və heç kim bir-birinin nə oynadığının, necə oynadığının fərqində deyil. Çünki tamaşanın vahid konseptual həlli, üslubiyyəti yoxdur.

Cənnət xanımın tamaşası “O olmasın, bu olsun” komediyasına heç parodiya da sayıla bilməz. Çünki oyun parodiya tonallığı, karikatura müstəvisində qurulmayıb.

Burada Məşədi İbad, Gülnaz, Sərvər bəstəboylar qövmüdür, Sənəm, Qoçu Əsgər və digər təfərrüat isə ucaboylar qövmü. Hansı məntiqə əsasən? Məşədinin, Sərvərin, Gülnazın günahı nə? Hətta mən bu versiyanı da qəbul eləməyə hazıram, əgər əsaslandırılarsa və estetik planda ifadəli işlənərsə... Mən “O olmasın, bu olsun”unun yeni redaksiyasına baxanda həməncə düşündüm ki, bu “Məşədi İbad” tamaşası deyil, “Məşədi Sənəm” tamaşasıdır: çünki Afaq Bəşirqızının təfsirində Məşədi Sənəm hamını qatlayıb dizinin altına almışdı. Tamaşanın ən parlaq, ən ifadəli fiquru o, idi. Bu versiyanın da yaşamaq hüququ inkar edilmir: yalnız bu şərtlə ki, tamaşa birmənalı şəkildə Sənəmə görə qurulsun, daha Məşədi İbada görə yox...

Tamaşada birbaşa komediyanın özü ikinci plandadır; mətləbsiz solo ifalar isə dəqiqəbir “qışqırır” ki, “baxın, görqün, mən sizi necə güldürəcəyəm”. Ancaq heç kim də heç nəyə gülmür.

Çox kasad, köhnəlmiş faktura da o biri yandan... Səs mikrofonların səhnədə düzgün yerləşdirilməməsi ucbatından hər an dəyişir və bunsuz da səlis, rəvan və hətta düzgün olmayan  oxumaları daha da pis günə qoyur. 

Mən təfsilatına varmıram, cənablar!!! Belə yaramaz... Üzeyir Hacıbəylinin ruhu qarşısında bir xalq olaraq, bir millət olaraq həmişə borcumuz olub, var və olacaq!!! Bunu yaddan çıxartmayın!!!

Load Time (S) : 0.006360