TEATRO

TEATRO

sənət portalı

post-title

Aydın Talıbzadə - Cənab  420

(“Sona bülbüllər”də deyilən ağı)

Nə qədər qəribə və qəfil səslənsə də yazacağam. İşimin adı bu. Misi cingildədirəm ki, oxucu tapım özümə. Qəribə burası ki, Fazil Salayevi İtaliya kinematoqrafiyasının “gülməli kəpənəyi”, matros köynəkli “düyməcik” aktrisası Cülyetta Mazinaya bənzədirəm. Digər italyan aktyoru “reaktiv” kor Toto lap yanında dayanıb Fazilin. Bir az aralıda Hindistanın kino şeyxi Rac Kapur görünür, uzaqda isə... XX əsr Amerikasının beynəlmiləl “əfsanəsi” Çarli Çaplin. Fazilin yeri onların cərgəsində. Bu elə bir sıra ki, hər aktyor bir dahi, bir sistem, bir məktəb.

Azərbaycan mədəniyyəti kontekstində “Cənab 420” permanent şəkildə ya Qulaməlidir, ya Pirverdi. Molla Nəsrəddin lətifələrinin variantlarına köklənmiş səhnəciklərdə, ötəri epizodlarda və ya “Mozalan” kinojurnalının əhvalatlarında çıxış etmək Azərbaycanın neçə–neçə virtuoz aktyorunun məşğuliyyəti, qazancı, çörəyi, sənət payı olub. Burada isə hər bir vəziyyətin “qəhrəmanı” ya potensial Qulaməlidir, ya Novruzəli, ya Allahverdidir, ya Tarıverdi... Ayrısına ümid bəsləməyinə dəymir: nə vaxt çatır, nə ömür. Fazili 1978-ci ildə “Dərviş Parisi partladır” filmində Qulaməli roluna çəkdilər. Halbuki Rac Kapur masştabında istedadı vardı bu adamın.

“Bəxtsiz” sənətçilərin taleyi həmişə roman qismindədir. Nədən ki, cəmiyyət hər hansı bir orijinallığa, yainki qeyri–adiliyə müəyyən müddət xofla yanaşır. Ona görə də bu cür şəxsiyyətlərin “bəxti” adətən onlar öləndən sonra “oyanır”. Belə ki, mədəniyyət tədricən “peşmanlayıb” öz “yetim” dahilərinə vaxtaşırı ağı qurmaqdan, xatirə gecəsi keçirməkdən usanmır: sanki günahlarını yuyub borclarını qaytarmaq istəyir.

Bir də nə üçünsə elə fikirləşirəm ki, əgər Fazil xanəndə olsaydı, mütləq Qədir Rüstəmov kimi oxumalıydı, bütün varlığı ilə içini səsə çevirməliydi. Bəlkə də bu, “Şərikli çörək” (1971) kinofilmindən aldığım təəssüratdan doğub. Orada bir kadr var, Fazilin qəhrəmanının öldüyü kadr: Bakı qızmarında vedrədən axan ərgin qır huşunu itirib küçənin ortasına sərələnmiş qırçı Məhəmmədə sarı ilan kimi qıvrıla–qıvrıla yaxınlaşır. Hər dəfə bu epizoda baxanda sanki Qədirin “Sona bülbüllər”ini eşidirəm, Qədirin muğam üstündə söylədiyi ağını eşidirəm... və təsəvvürümdə Fazilin nəlbəki boyda açılmış qəmgin gözləri canlanır. “Şərikli çörək” filmində Fazil zavallı, məğmun, qaragün Məhəmmədin dünya ilə, qara qır tiyanı ilə acı zarafat “donu” geyinmiş ölüm-dirim davasını oynayırdı. Aktyorun Məhəmmədi tiyan içində bişirdiyi qırı az qala Adolf Hitlerin faşist əskərləri qismində qavrayırdı və başlayırdı onları var gücü ilə əzməyə. Bununla da Fazil Salayev öz “qəhrəmanlığına” tam ciddiyyətilə inanıb aludə olmuş yorğun, əzabkeş, sısqa, cılız qırçı Məhəmmədin şəxsi faciəsini ehmalca komediya məcrasına yönəldirdi. 

Fazil Salayev “Sona bülbüllər”in havacatı altında “Qaytağı” ritmində rəqs etməyi bacaran bir aktyor... Müdhiş bir epizod, elə deyilmi? Onun sənətinin, dahi fərdiyyətinin cazibəsi burda. Yəni ki, peşəkarlıq əkslikləri üzvi surətdə bir-birinə calamaq, qovuşdurmaq, onları harmonik vəhdətə gətirmək ustalığıdır. 

Nə yaxşı ki, rejissor deyiləm. Yoxsa bir zamanlar Fazilin əyninə qara frak geyindirib, başına silindr qoydurub onu kefli İskəndər rolunda səhnəyə çıxardardım və bu obrazın pozitivini neqativlə tarazlaşdırardım. Finalda isə İskəndərin monoloqundan sonra mütləq “Sona bülbüllər”i səsləndirərdim. Olsun ki, teatr aləmi bu tamaşanı bəyənməyəcəkdi. Ancaq mən əminəm ki, bu konsepsiya ilə janrı komediya kimi müəyyənləşdirilmiş bir pyesin gülüş dünyasına bir addım daha yavuq gələcəkdim.

“Möcüzələr adası” (1965) kinofilmində Fazilin personajı onun adaşı idi. Məhz bu filmdə mən gördüm ki, Fazil və Fazil bərabərdir Kabiriya və Celsomina. Ekranda onların hər ikisini Cülyetta Mazina yaratmışdı. “Möcüzələr adası”nda mən Fazilin Cülyetta ilə qardaş–bacı oxşarlığını “kəşf” etdim; kəşf etdim ki, onların ruhları eyni bir möcüzəli sənət ailəsində dünyaya gəlib və hətta Cülyetta və Fazilə çevrilməmişdən öncə bir-birini tanıyıb. Amma hayıf ki, italyan aktrisası Cülyetta Mazina ilə azərbaycanlı Fazil Salayev ömürlərində bir kərə belə qarşılaşmadılar və əkiz klounlar olduqlarını görmədilər.

Fazil Salayev uğursuz taleli “kiçik” adamların kiçik epizodlarda sosial dramını oynayırdı. Lakin necə? Bu aktyor sükut içində dərdin qroteskvari portretini görükdürməyi bacarırdı. Başqaları kimi boğazını yırtmırdı, çənə döymürdü, mırt vurmurdu, sakitcənə əyləşib matdım-matdım boşluqdakı bir nöqtəyə baxırdı və bu personajda, bu fakturada absurd teatrının zavallı personajı həməncə tanınırdı. 

Aktyorun səhnədə və ekranda “sərgilədiyi” obrazların miqdarı “pənbeyi-daği-cünun”. Neyçün mən məhz bu bənzətmədən bəhrələnirəm? Ona görə ki, Fazilin yaratdığı hər bir obraz onun sənət divanəliyinin, sənət məcnunluğunun bir təzahür forması olub. Məcnuna isə dağ basmasalar, iş aşmaz. Onun qəhrəmanı hələ də metronun foyesində məlul-məlul dayanıb qatarların yerin altı ilə o yana-bu yana getdiyini xəyal eləməkdə...

Load Time (S) : 0.008325