TEATRO

TEATRO

sənət portalı

post-title

Aydın Talıbzadə - Cəhənnəmdə məzhəkə

                                                                                                                                          (“qara oyun”un şifrələri)

Köhnənin yeni modulyasiyası: Əbdürrəhim bəy Haqverdiyevin “Yeyərsən qaz ətini, görərsən ləzzətini” pyesi ADMİU-nun Teatr sənəti fakultəsinin III kurs dram-kino aktyorluğu tələbələrinin təqdimatında. 

Bu elə bir tamaşadır ki, onu aparıb Azərbaycanın hər bir professional teatrında rahatca, əminliklə göstərmək, bölgə-bölgə gəzdirmək olar. Ajiotaj və anşlaq zəmanəti məndən.

Ölünü diriltmək nədirsə, elə budur! Klassikanı müasirləşdirmək nədirsə, elə budur! Kifayət edər ki, fikir ritm qanadlarında şimşək salxımları kimi ətrafa səpələnsin və mahiyyəti, cövhəri klassikanın ən dərin nöqtələrində işıqlandırıb üzə çıxartsın.  

Tamaşanı öz tələbə-aktyorları ilə birgə Azərbaycanın xalq artisti Məmmədsəfa hazırlayıb, yəqin ki yuğçu dostlarının köməyindən bəhrələnib hazırlayıb, epizodların yozumunu və bədii həllini onlarla məsləhətləşə-məsləhətləşə hazırlayıb, yuğçuluğa, Vaqif Ibrahimoğliya sadiq qalıb “Qara oyun” hazırlayıb. Hətta digər xalq artisti Pərviz Məmmədrzayevə də müraciət edib ki, tamaşanın plastika kompozisiyasında ona yardımçı olsun. 

Bəlkə də elə bu səbəblərə görədir ki, tamaşa çox kasıb düzən içində son dərəcə effektli, səliqəli, etkiləndirici və mobil alınıb: birnəfəsə oynanılır. Faktura sadədir, amma mükəmməldir, müasir teatr estetikası üçün səciyyəvi “qara qutu” formatında üslublaşdırılıb. Saçları kürəklərinə dağınıq qadın personajlar əyinlərinə tüldən və ya qaz-qaz parçadan biçilmiş pəri xələti, kişi personajlarsa milli paltarların çağdaş dəb versiyasına uyğun nazik qara çuxa geyiniblər papaqsız-filansız. Təkcə Hacı Mehdi ağ tuman köynəkdədir. Çünki əhvalat, hadisə Hacı Mehdini, kurs rəhbəri Məmmədsəfanın əsərə yanaşma yönünə müvafiq, dünya ağacının (T.Abuladzenin “Niyyət ağacı” filminə işarəmi?) altında yatdığı zaman haqlayır. 

“Haqlayır” deyəndə ki Hacı Mehdi yuxudamı, gerçəkdəmi, bilinmir, amma mistik aləm qüvvələrinin cəzbinə, oyununa, sehrli təsirinə düşür. Onu emosional-energetik (telepatik) əlaqə vasitəsilə tora salıblarmış kimi incidirlər, dəfələrlə qaldırıb yerə çırpırlar. Nə üçün? Ola bilərmi ki, Hacı Mehdi “niyyət ağacı”na sarılıb yatmaqla, az qala bu ağacı ağuşuna almaqla tanrıdan kişilik gücünün artmasını arzulasın? Ola bilər. Yoxsa o, ayılan kimi gözəl bir qıza aşiq olduğunu, bu qızı özünə övrət eləmək istədiyini dilinə gətirməzdi ki? 

Hacı Mehdi qara oyuna başlayarkən iştirakçılardan kimsə qara şal yaylığı ona uzadır ki, belinə bağlasın, ayıb əzalarının üstünü örtsün. Deməli, “niyyət ağacı” Hacı Mehdini muradına çatdırıb, onu seksual nəhəngə çevirib. Bəs bu kişini döyüb şil-küt eləyənlər kimlərdir? Xortdanlar, şeytanlar, vampirlər, əcinələrmi? Bu da mümkündür, yasaq edilmir. Əgər elə isə, onda bu məxluqlar pyesdə olmaya-olmaya necə gəlib çıxıblar tamaşaya?

Mən deyim necə. Məmmədsəfa, dostları və tələbələri, “Yuğ” teatr ənənələrindən itələnərək, “Yeyərsən qaz ətini, görərsən ləzzətini” pyesini Əbdürrəhim bəyin “Xortdanın cəhənnəm məktubları” povestinin, “Marallarım” silsiləsindən olan hekayələrinin bədii-estetik parametrləri, ideolojisi kontekstində “oxuyublar”, təfsir ediblər. Ona görə də tamaşada bəni-adəm yoxdur, personajların hamısı xortdandır, başda Hacı Mehdi (Röyal Allahverdiyev) olmaq şərtilə. 

Məsələ bu ki, Hacı Mehdinin Güllüyə aşiq olması faktı maarifçi Haqverdiyev tərəfindən elə xortdamaq əlaməti kimi qavranılıb. Bu üzdən də Əbdürrəhim bəy pyesin janrını üç məclisdə vaqe olan “keyfiyyəti-qəribə” adlandırıb. 

Nəmənədir keyfiyyəti-qəribə? Əlli yaşında evli bir kişinin iyirmi beş yaşlı bir qızı özünə övrət etməsimi? Müsəlman dünyası üçün burada qəribə nə var ki? Əslində, “keyfiyyəti-qəribə” budur ki, bu pyesin üç məclisi xalis xortdanlar məclisidir, xortdanlar cəmiyyətidir, cinlərin, əcinələrin eyş-işrət gecəsidir, qara oyun misalidir... Gərçi qara oyun misalidirsə, cin, əcinə, xortdan məclisidirsə, deməli, tamaşa təşbehçi teatr növünün bədii-estetik meyarlarına tabedir və hiperbolanı, şərtiliyi bir ifadə metodu kimi qəbul edir. Belə olan təqdirdə görürsən ki, Əbdürrəhim bəyin əsərlərinin bədii koordinatlarında Markes nəsri üçün səciyyəvi mistik kod və şifrələr aşkarlandı. 

Harada ki xortdanlar, şeytanlar, əcinələr olar, oranın adına cəhənnəm deyilər. Xortdanlar icmasında haqla nahaq olmur: onlara insani dəyərlərlə yanaşılmaz. Əbdürrəhim bəyin xortdanları da ölümsüzdürlər: hərçənd qorxunc və gülməli ola bilirlər. Ol səbəbdən tamaşanın mistik, məncə, aşırı gurultulu və bəraətsiz yüksək registrli, ekspozisiyası tamamlanan kimi gənc aktyorların “qara qutu” çərçivəsində milli diringələrə söykənən sərbəst “aşdım-daşdım” oyunbazlığı rəvac götürüb gedir. Tələbə-aktyorlar ifaçılıq texnikası ilə mövzunu gəlişdirə-gəlişdirə, pyesin problematikasına, personajların rəftar partiturasına, davranış məntiqinə öz zarafat, kinayə dolu münasibətlərini görükdürə-görükdürə caz musiqisində olduğu kimi səhnə və səhnə önündə sanki xortdanların, əcinələrin cəm-seyşn toplantısını qururlar. Onlardan hər biri (xüsusilə də R.Allahverdiyev, E.Rəhimov, E.Abdullayeva, S.Ağayarova) bir cür solo-xortdanlıq yapır, ədəb və ədəbsizlik sərhədində ideal balans tutaraq, intim münasibətləri hiperbolizə edə-edə, xortdanlaşa-xortdanlaşa seyrçini uğundurub güldürür. 

Tamaşanın struktruna bir rəqsanəlik verilib: aktyorlar sanki xalq havalarının ritmik vibrasiyasına uyğun çox plastik və yüngül davranırlar. Adı və janrı “qara oyun” kimi təyin edilmiş bir tamaşa, əslində, olduqca şən bir məzhəkə, zarafat, lətifə ovqatında görüntülənir. Hiss olunur ki, tələbələr öz oyun maneralarından, bacarıqlarından gizlin bir həzz duyurlar: aktrisalar erotik rəqsanəlik içində elə bil ki dəb podiumundan keçirlərmiş kimi cilvələnirlər, aktyorlar isə “zopalaşıb” təlxəklik civarı ilə gəzə-gəzə bir qaytağı ritminə, rok gitaraçıların dingildəmə üslubuna köklənirlər. Odur ki, tamaşa əvvəldən axıra kimi alleqro tempində ifa edilir.  Lakin bununla bərabər diaqonal və frontal mizanların dinamikası “niyyət ağacı” ətrafında düzənlənən konsentrik mizanlarla və yuxarıdan enən qırmızı işıq seliylə arabir “söndürülür”. Bu temp imkan yaradır ki, aktyorlar zaman distansiyasını gözləyərək, hadisəyə ironik münasibətlərini fokuslaşdıraraq öz personajlarının xortdanlığını kiçik səhnə ölçülərində virtuozcasına sərgiləsinlər.

Röyal Allahverdiyev Hacı Mehdini tamaşanın plastika obrazları sistemində dəcəl yumaq-xortdan kimi təqdim eləyir: onu belədən-belə dığırladırlar, elədən-elə. E.Rəhimovun cadugər Mirzə Heydəri isə tamaşanın kolibri quşudur, sanki mühərrikə qoşulub oyun məkanında sürüşən fırfıradır. S.Ağayarova isə Gülpərini intim xidmətlər göstərən piçi burulmuş və heç cür dayana bilməyən, diringələr içində sınan avtomat kukla kimi oynayır. Bu, sadəcə, xortdanların cəhənnəm məzhəkələrinin bir təzahür şəklidir. Lakin önəmlisi heç də bu deyil. Sənət praktikası baxımından önəmlisi odur ki, III kurs aktyorlarının hamısı tamaşada vahid oyun üslubu nümayiş etdirirlər. Busa aktyor Məmmədsəfanın bir müəllim kimi pozitividir.

Hərçənd mən söyləməliyəm, söyləməsəm günaha batmış olaram, “Yeyərsən qaz ətini, görərsən ləzzətini” adlı pyes əsasında qurulmuş “Qara oyun” öz magik-erotik atmosferi, emosionallığı, hətta cadugər Mirzə Heydərin çomağı ilə “Yuğ” teatrının “Naməlum Axundzadə” tamaşasını xatırladır: sanki bu tamaşa o tamaşanın içindən boy verib böyüyüb. Bilirsiniz niyə? Ondan ötrü kim, Əbdürrəhim bəyin “Yeyərsən qaz ətini, görərsən ləzzətini” pyesi Mirzə Fətəli komediyaları ilə bir “salamlaşmadır”, Mirzə Fətəlinin bədii dünyasının reversidir, oxşar motivlərin başqa şəkildə təkrarıdır. Odur ki, bu pyesin Hacı Mehdisi vəzir Mirzə Həbib, Mirzə Heydəri dərviş Məstəlişah cadukuni-məşhur, Güllüsü Şölə xanım, Sənəmi Ziba xanım, Gülpərisi isə Xanpəri variantı sayıla bilər. İstəsən burada lap Tanrıverdini də, Qulaməlini də, Hacı Qaranı da aşkarlayıb oynamaq mümkündür.  

Bütün hallarda mən bu tamaşanı Məmmədsəfanın, tələbələrinin və, ümumilikdə, Mədəniyyət və İncəsənət Universitetin uğuru saydım. Sonucda yalnız onu əlavə edim ki, səhnə sənəti tədrisinin müasir üfüqlərində tələbə-aktyorlara özlərini fərqli teatr sistemlərində, fərqli ifa maneralarında sınamaq heç də qadağan edilmir. Nədən ki “sistemlər”in, aktyor məktəblərinin hamısı sənətdə və səhnədə özünü tapmaqdan ötrü yalnız bir vasitədir. Mən bunları yazdım, bəzi yazmadıqlarımı isə hələ bundan çox-çox öncə bu ilin yanvar ayında tələbəm Dağlar Yusif ərzi-hüzurunuza yetirib ki, onun da dediyi bir sıra mətləblərin altına mən də öz imzamı ata bilərəm. 

Məmmədsəfa dəyərində Məmmədsəfaya oxşamadan bir aktyor olacağınızı gözləmək ümidilə...

Load Time (S) : 0.000252