TEATRO

TEATRO

sənət portalı

post-title

Aydın Talıbzadə - Bir çamadana sığışan teatr

(keçmişdən mesaj) 

Bu məqaləni çoxdan yazmışam, səkkiz il bundan öncə, Bakıda beynəlxalq kukla teatrları festivalı  keçiriləndə, İngiltərə, Yaponiya, Gürcüstan, Pribaltika, İran və Rusiya kimi ölkələrdən fərqli-fərqli kukla oyunları respublikaya gətiriləndə. Bilirəm, çoxları düşünəcək ki, həmin məqaləni təkrarən öləziyən teatr həyatımızın gündəminə gətirməyə nə ehtiyac? Tam əksini fikirləşirəm və bu yazımı azad CORONA türməsində, dünyəvi psixozun şəffaf dəlixana divarları arasında teatr, tamaşa axtarışına çıxmış insanlara bir xatırlatma kimi, yaxın keçmişdən göndərilmiş bir mesaj kimi, teatrı hər bir şəraitdə özünlə və özündə daşımaq variantı kimi ünvanlayıram. Nədən ki, yaponların festival günlərində bizə göstərdikləri kukla performansını çağımız üçün son dərəcə aktual buluram. Ondan ötrü kim, yaponların bu teatrı 1+1 prinsipi üzrə işləyir: bir kuklaçı – bir seyrçi; o da zənn et ki kaleydoskopda baxır ipli kuklaların oyununa. Pandemiya dönəmi üçün minimalist teatr örnəyi. 

Bir də axı kuklalar coronaya yoluxmurlar. Kuklalar xəstələnmirlər. Kölgələr isə ölmürlər. Teatr sənəti də kukla və kölgədən başlayır, ruhları çağırmaq, ruhları danışdırmaq ayinindən başlayır. Ona görə də cəfəng fikirlərlə heç uğraşmayın: teatr öləsi deyil. İnsan xislətində teatra həmişə yer var: sadəcə, teatrın təzahür formaları dəyişir.

Məhz bu səbəbdən də teatr cameəsinə bir daha təqdim edirəm bu  köhnə məqaləni:

HAYKU QƏDƏR QISA VƏ GÖZƏL KUKLA TAMAŞASI

Yuki-san elə bil samandan düzəldilmiş qadındır; əri Kazuya-san da saman adama oxşayır. Dümdüz saçlı, bəstə boylu bu yapon sənətçiləri saman çöpləri kimi arıq və nazikdilər; sanki bu dəqiqə yel aparacaq onları. Bu “saman” adamlar durub uzaq Yaponiyanın Kamakura şəhərindən Bakıya gəliblər “Cırtdan” kukla teatrları festivalına; cırtdanlaşıb gəliblər; gəliblər ki, “Yuki teatrı”nın cəmi 3 dəqiqəlik bir tamaşasını göstərsinlər camaata... 

Yuki-san həm öz unikal teatr konsepsiyasının müəllifidir, həm teatrın direktorudur, həm rejissoru, həm də kuklaçısı... Əri isə kukla ustasıdır: oyun üçün kuklaları o, tasarlayıb hazırlayır... Teatrı bir çamadana yığıb dünyanı dolaşır bu iki saman adam – o qədər xeyirxah, o qədər alicənab, o qədər sadə, o qədər məsum bir təbəssümə malik insanlardı ki onlar... 

İki saman adam və bir çamadan bərabərdir dahi kukla tamaşasına...

Çamadan açılanda bu saman adamlar əsl şaman olurlar...

Əvvəlcə Rus Dram Teatrının foyesində Kazuya-san bir ağac quraşdırdı çamadanında gətirdiyi taxtalardan, dəmir parçalarından və penoplastdan; sonra ağacın gövdə boşluğuna optik şüşələr düzdü, üstünə açıq şabalıdı bir örtük atdı, haradasa əntiq fotoapparat, haradasa kaleydoskop effekti əldə etdi... 

Amma mən Kazuya-sanın işinə baxa-baxa, nə qədər qəribə də olsa, ağacla birgə gözümüz qarşısında Yaponiyanın necə yığıldığını gördüm, adi dekoru da yaponlaşdırmaq, simvollaşdırmaq bacarığını, hər yerdə özün olaraq qalmaq ləyaqətini gördüm. Həqiqətən, duyğulandım. 

Yuki-san öz tamaşasını elə bu ağacın içində cumbulu marionet kukllalarla oynadı cəmi 3 dəqiqəyə; yox, oynamadı, balaca bir hayku yazdı ipli kuklalarla ağacın gövdəsində açılmış oyuğun fəzasına. 

Hayku 5–7–5 sxemində strukturlaşan bir janrdır yapon poeziyasında: nəfəs kimidir; kəpənək kimi uçur, ovqatı yansıdır və cəmi 3 sətirlik şeirlər kimi tanınır dünyada...

“Yuki teatrı”nın kukla tamaşası da bir göz qırpımında yazılan şeirdir, şeir-nağıldır, intim dialoqdur, ovsundur, sirr paylaşımıdır, ayindir seyrçilə kuklaçı arasında...

Bir tamaşaya cəmi bir nəfər baxa bilir: bir tamaşa yalnız bir nəfər üçündür. Ona 20 nəfərin baxmasından ötrü bir saat vaxt tələb olunur. Çünki ancaq bir seyrçi kətil üstündə əyləşib ağacın gövdəsindəki dəlikdən Yuki-sanın göstərdiyi şounu izləmək imkanına malikdir: bu o deməkdir ki, 3 dəqiqəlik bir tamaşanı seyr etməkdən ötrü əməllicə növbə gözləmək gərək...

Budur, növbə çatır; ağaca yaxınlaşırsan, kətildə əyləşirsən, qulaqcıqları taxırsan, gözlərini gövdədə açılmış alma boyda dəliyə dirəyib içəri baxırsan. Orada isə balaca, yaşıl bir marionet qurbağa əyləşib quruldayır. Quruldayır ona görə ki, ətraf quruyub; quruldayır ona görə ki, həsrətini çəkdiyi yağışı haraylayır. Ol səbəbdən quruldayır ki, tanrıların onu eşidəcəyindən əmindir. Məsələ bu ki, qurbağanın quruldaması eyhamdır, işarədir: əfsanələrdə göylərə, tanrıların sakral dünyasına göndərilən bir xahiş-tələb-etiraz-mesaj-siqnal kimi semantikləşir. 

Bu da heç səbəbsiz deyil. Bir rəvayətdə danışılır ki, qədim-qədim zamanlarda səma tanrısı quraqlıq ifritəsilə şahmat oynayır və ard-arda çayları, gölləri, dənizləri və digər su hövzələrini uduzur bu müdhiş, bədheybət qarıya. Yer üzünün heyvanları görəndə ki yağışlar yağmır, sular ətəklərini yığışdırıb gedir, göllər, dənizlər buxarlanıb uçur asimana, qurbağanın təşəbbüsü və rəhbərliyilə səma tanrısının yanına öz nümayəndələrini göndərmək qərarına gəlirlər. Çətin yol qət edib, təhlükəli macəralardan keçib, əziyyətlərə qatlaşıb nümayəndələr yetişirlər səma tantısının qəsrinə: qurbağa susuz qalmış canlı və cansız məxluqların fəlakətli günlər yaşadığından, cadar-cadar olmuş torpaqların faciəli aqibətindən danışır. Səma tanrısı utanır, əməlindən peşmanladığını bildirir, sulara hökmranlığı itirdiyini, yalnız şimşəyin, bir də buludların onun ixtiyarında qaldığını söyləyir və yubanmadan onları yer üzünə yağış yağdırmağa, hövzələrə su doldurmağa, çayları axıtmağa göndərir. Heyvanlar məmnun halda geri dönərkən səma tanrısı qurbağanı saxlayıb ona deyir ki, bir də yağış yağdırmaq istəyəndə zəhmət çəkib bu boyda yolu gəlmə, elə olduğun yerdəcə qurulda, mən səni eşidəcəyəm...

O gündən etibarən insanlar inanıblar ki, qurbağa quruldayanda yağış yağar...

Yuki-sanın tamaşasında da qurbağa quruldayarkən şimşək tanrısının kuklası çiyinlərinə yelpikvari şəkildə düzülmüş təbilləri yaponsayağı bərkdən guppuldada-guppuldada göydən yerə qəfil enir və onlar birlikdə qurbağanın yağış mahnısını bəstələyirlər sanki. Mahnı oxunub bitincə yağış yağır. Bir göz qırpımında islanıb dumanlanır hər yan... Şimşək tanrısı təzədən göyə çəkilib qeyb olur. Qurbağa isə özünün yaşadığı gölməçəyə hoppanır...

Məyuslaşırsan, öz içində deyinirsən ki, “eh, elə bu?” 

Və birdən, artıq sən tamaşadan ayrılmaq istərkən, kukla-qurbağa gölün dərinliyindən üzüb qırağa tullanır, çeçələ barmağın ucu boyda xırda, amma gerçəkçi bir mirvari dənəsini götürüb seyrçiyə uzadır, seyrçiyə bağışlayır...

Məəttəl qalırsan və sən bu gözəl mirvariyə nəzər yetirməyə macal tapmamış tamaşa bitir... 

Nağıldan ayrılırsan, qulaqcıqları çıxarırsan, reallığa qayıdırsan: ovcunda isə çeçələ barmağın ucu boyda bir inci qalır, həməncə xatirəyə, yaddaşa çevrilir. Sən özünü nağılda yaşamış və nağıldan geri dönmüş bir qəhrəman kimi hiss eləyirsən... Nağıl artıq yoxdur, amma onun nişanəsi – mirvari dənəsi hələ də səninlədir, sənin ovcundadır... Balaca bir möcüzə? İlahi harmoniya? Təbii ki... Yuki-san seyrçini nağılın həqiqiliyinə, uydurmanın gözəlliyinə inandırır, həyatla nağılı bir-birinə calayır...

Hər bir nağıl bir mərasim, hər bir nağılçı bir şamandır...

Bu tamaşa-nağıl haykular kimidir, netskelər kimidir, sakuranın çiçəkləri kimidir: gerçəkliklə fantaziyanın sərhəddində mövcudur, keçmişlə, miflə, əfsanə ilə müasir insan arasında bir mediatordur, özünəməxsus bir zaman tunelidir, şaman tunelidir. Primitiv, sadə və səmimi bir marionet oyununun bu qədər ekspressiv, etkiləndirici olması doğrudan da adamı heyrətləndirir. 

Öz sənətlərində şaman olan insanlar nəinki 3, hətta 1 dəqiqəyə də bizim iç dünyamızı dəyişməyə, fəth etməyə qadirdirlər, əgər biz onların gözü ilə dünyanı görə biliriksə, onların duyğuları ilə yaşaya biliriksə, onların ruhlarına qoşulub zamanda səyahətə çıxa biliriksə...

P.S. Yuki-sanın bu tamaşası teatrla bağlı bütün problemləri, bütün sualları gündəmdən silir: teatrın əvvəli sevgi, sonu sevgi və eqosuz sevgi... Teatr bir çamadana da sığışa bilər: tamaşa bir seyrçi üçün də mövcud ola bilər. 

Cəmi bir çamadanla da dahi tamaşa oynamaq mümkündür, Yuki-san kimi, Vyaçeslav Polunin kimi... 

Təki sən sənət möcüzəsi, sevgi möcüzəsi yaratmağa qabil olasan, fikrin və ifadənin səmimiliyində zirvəyə çata biləsən... 
 

Load Time (S) : 0.000275