Aydın Talıbzadə - DRAMATURGİYA
(anlayışın qısa elmi şərhi) Qəribə sözdür “dramaturgiya”... “Dramaturq” sözü ondan da qəri...
(portret–abstraksiya)
KRAL – aktyor HAMLET QURBANOVDUR. Tənhadır bütün krallar kimi. Xofludur bütün tənhalar kimi. Bəlkə də buna görə elə göründü ki, tarix dışında yaşayan qaba bir bütpərəstlə danışıram. Sonra bu bütpərəst mənim aləmimdə dəyişdi döndü bədəvi ərəbə; nədənsə Nofələ oxşatdım onu. Bir azdan Hamleti Hindistandan gəlmiş brəhmən sandım. Hərdən Harun kimi də görsənirdi mənə. Amma birdən mənə elə gəldi ki, qarşımda əyləşən Osvalddır, Henrik İbsenin “Kabus” pyesinin qəhrəmanı.
Tanrının yerdəki ləpirləri insanlara ünsiyyət zamanı kömək olur.
MƏNİM ASSOSASİYALARIM
HAMLET – 60–cı illərdə öz ekstravaqant sərgiləri və davranışları ilə tanınan “Zero” sənətçilər qrupunun ən kasıb nümayəndəsi.
HAMLET – Semuel Bekketin personajlarının azərbaycanlı prototipi.
HAMLET – bizim beşmərtəbəli evin ədabaz və yazıq Mefistofeli.
HAMLET – “qəribə adamlar” ordusunun ayaqyalın sərkərdəsi.
HAMLET – rejissor Qordon Kreqin aktyor idealı.
HAMLET – Çin imperatorunun uzun, sısqa Bakı variantı.
HAMLET – unudulmuş Firs.
HAMLET – dahi aktyor, teatrda və kinoda özünəməxsus Mona Liza.
HAMLET – dünyanın qapısında fağır-fağır əyləşmiş cənab Knext.
HAMLET – müflisləşmiş zadəgan.
I EKSPRES–MÜSAHİBƏ
Hamletin anası Gülxar Həsənova. O həm də Azərbaycanın tanınıb sevilən bir opera müğənnisidir. Bilicilər deyirlər ki, hələ Gülxar kimi Ərəbzəngi səhnəmizə gəlməyib və çox güman ki, gəlməyəcək. Bu xanımla telefon söhbətimizdən:
- Hamletdə ən çox nəyi qiymətləndirirsiniz?
- Onun sadəliyini və təmizliyini.
- Bəs onun xarakterində nə xoşunuza gəlmir?
- Bu adam həyatla ayaqlaşmağı bacarmır.
- Daha nələri deyə bilərsiniz Hamlet barəsində, xahiş eləyirəm, ürəyinizdən keçəni söyləyəsiniz?
- Hər bir ana fəxr edərdi ki, onun Hamlet kimi oğlu olsun.
QISA BİLDİRMƏ
O mənə yalnız anadan olduğu tarixi söylədi: 13 oktyabr 1938–ci il. 13 nəhsdir, 1938–ci il isə çox qorxulu zaman nişanəsi. Eybi yox: vacibi dünyaya doğulmaq xoşbəxtliyidir. İndi də keçək digər əsas məsələyə, əgər onu “əsas” adlandırmaq mümkünsə: Hamlet Qurbanov elə hesab edir ki, onun həyatında yadda saxlanılası mühüm heç bir hadisə baş verməyib. Hamlet əməkdar artist olduğunu da heç xatırlamadı.
II EKSPRES–MÜSAHİBƏ
Azərbaycan Dram Teatrının direktoru və rəhbəri, xalq artisti Həsən Turabov. Teatrın otaqlarından birində yazılmış dialoqun surəti:
- Aktyor Hamlet Qurbanovun teatrda yeri?
- “Siz əgər öz qədrinizi bir qədər bilsəydiniz, nəinki Azərbaycanın və digər respublikaların, həmçinin bütün dünyanın ən məşhur aktyorlarından biri olardınız”. Bu fikri mənim yanımdaca “Sevil” kinofilminin rejissoru Vadim Mixayloviç Qorriker dedi Hamletə. Mən onda da bu fikrə şərik idim, indi də. Hamlet teatrda “tıxsız balıq” kimi bir şeydi. Bu adamda heç kəsə qarşı rəqabət hissi yoxdur. Bir dəfə görməmişəm ki, işə geciksin. Heç vaxt gəlib öz haqqını da tələb eləməyib. Onun tələbləri qabiliyyətindən aşağıdır. Belə alicənablıq yalnız yüksək istedada malik adamlarda olur...
- Siz onu qəribə adam hesab eləyirsiniz?
- Bəli.
QISA BİLDİRMƏ
Teatrda, kinoda, radio və televiziya tamaşalarında xırda rolları çoxdur. Bu xırda rollardan ən məşhuru ingilis “dəli həkimi”, yəni ingilis psixiatrı doktor Lalbyuzdur: onu Hamlet “Dəli yığıncağı” tamaşasında ifa eləyib. Rollarının ən böyüyünü “Karıxmış sultan” tamaşasında oynayıb: ola bilsin ki, Tofiq Kazımov onu müasirliyin karıxmış insanı bilmişdi. Qalan rollarını isə saymayacağam: onlar doktor Lalbyuzla karıxmış sultan arasındakı məsafəyə sığışır; içərilərində qorxağı, dəyyusu, nadürüstü var.
60–cı illərin ortalarında, özü xatırlamır neçənci ildi dəqiq, Hamlet istəyib ki, nəsə eləsin. Gedib Moskvaya, Ümumittifaq Kinematoqrafiya İnstitutuna. İmtahanlar vaxtı qəfildən xəbər yetişib ki, bəs atan Ağadadaş Qurbanov vəfat eləyib. O zaman Hamletin atasının adı Azərbaycanın ən yaxşı aktyorlarının siyahısında olub. Dəfndə iştirak etməmək sənət adamlarının qınağına tuş gəlməklə sonuclana bilərdi. Ona görə Hamlet dərhal qayıdıb Bakıya. Əlvida, Moskva! Əlvida, arzular! Fələyin hökmü əleyhinə getmək nə demək???
III EKSPRESS–MÜSAHİBƏ
Hamletin bacısı Gülşən Qurbanova, respublikanın əməkdar artisti. Gənc Tamaşaçılar Teatrı, Gülşən xanımın qrim otağı. Söhbət zamanı deyilənlər olduğu kimi:
- Bu yaxınlarda Ağadadaş Qurbanova, yəni Sizin atanıza, həsr olunmuş veriliş göstərildi televiziya ilə. Siz aparırdınız həmin verilişi. Lakin bir dəfə də olsun belə Hamletin adını çəkmədiniz, onu xatırlamadınız. Niyə?
- Özü istəmədi.
- Elə bu?
- Verilişdən öncə ona zəng eləmişdim. Sadəcə, sözü olmadı... bu adamın.
- Hamleti necə xarakterizə edərdiniz?
- Çox mürəkkəb, ağır təbiətli bir adamdır. Heç baş açmaq olmur ondan. Zəif iradəlidi, həlimdi, mülayimdi. Çay hayana axdı, o da həmin tərəfə axıb gedəcək. Daha cəhd eləməyəcək ki, üzüb çıxsın. Lakin daxilən qəribə bir tükənməz gücə malikdi. Hələm-hələm adama yovuşmaz. Nə deyim e, özüm çətinlik çəkirəm. Bilirsiniz, o, şəxsiyyətdir..
- Həm də karıxmış adam.
- Elədi.
- Onun ironiyasından qorxmursunuz ki?
- Ehtiyat edirəm.
QISA BİLDİRMƏ
Nə vaxt evləndiyini də dəqiq bilmir. Görünür, bu, Hamlet üçün bir o qədər də önəmli deyil. Amma artıq boşanıb. Nəyə görə? Demədi. Oğuldan-qızdan nəyi var? Danışmadı. Onu danışdı ki, ailəsilə görüşür, görüşəcək də. Yəni Hamlet üçün burada problem yoxdur. Zaman və məkanı vecinə almayan qəribə adam? Bəlkə biz qəribəyik onun nəzərlərində?
IV EKSPRESS–MÜSAHİBƏ
Respublikanın xalq artisti Əlabbas Qədirov. Teatrın dəhlizində aparılmış söhbətdən qısa fraqmentlər:
- Sizin Hamlet Qurbanova münasibətiniz?
- Başqalarını bilmirəm, mənim ona böyük hörmətim var. Düşüncəsi saf olan adamdı, qürurlu adamdı.
- Niyə onun sənət taleyi belə uğursuz olub?
- Çünki rejissorların arxasınca sürünən adam deyil. Ləyaqəti var, ona görə.
- Hamlet Qurbanov haqqında demək olar ki, qəribə adamdır?
- Qəribəliyinə qəribədir, sözüm yox. Amma əsl istedaddır. İkinci elə bir aktyorumuz yoxdur.
QISA BİLDİRMƏ
Hamlet indi anası Gülxar xanımla, operanın Ərəbzəngisi ilə birgə yaşayır. Ana Ərəbzəngi olanda... oğulun sərbəstliyi azalır. Qonşular dedilər ki, çox sakit adamdırlar, heç kəsə dəyib-dolaşmazlar.
V EKSPRESS–MÜSAHİBƏ
Əməkdar incəsənət xadimi, rejissor Hüseynağa Atakişiyev. Söyləmək olar ki, söhbət baş tutmadı:
- Hamletin son işlərindən biri Sizin Dram Teatrında hazırladığınız “Yayda qartopu” oyunu tamaşasında olub. Əgər səhv eləmirəmsə, Hamletə Əmir rolunu vermişdiniz. Onun haqqında konkret nə deyə bilərsiniz?
- Heç nə. Yaxından bələdliyim yoxdu ona. Mənə elə gəlir ki, qəribə və zavallı adamdır.
MƏNİM ASSOSASİYALARIM
HAMLET – şəhər Robinzonu və ya balkon uyuğu.
HAMLET – Bekingem sarayının şıq geyimli əyanı.
HAMLET – Azərbaycan teatrında Salvador Dali.
HAMLET – maarifçi tipində intelligent.
HAMLET – yolun başlanğıcında ilişib qalmış Nitşe.
HAMLET – dəvəsi ölmüş ərəb.
HAMLET – Araz aşığından, Kür topuğundan olan vicdanlı bir əhlikef.
HAMLET – Gəncə çinarlarından küsmüş dadaist.
HAMLET – XX əsrin sonuncu teatr Don Kixotu.
HAMLET – hər dəfə mənzilinə qalxanda pilləkənləri sayan Qodo.
QOCALAN HAMLETLƏ SÖHBƏT
(necə oldusa, ixtisarsız)
- Atanız, Azərbaycan teatr tarixində adı hörmətlə çəkilən Ağadadaş Qurbanov, Sizi çox tez bir zamanda atıb gedib, özünə başqa bir ailə qurub. Ona bir oğul kimi münasibətiniz?
- Onun özündən soruşmaq lazımdı niyə belə edib. Arabir özüm–özümlə danışıram, onunla əlaqə yaradıram. Mən necə soldat (bu sözü dilimizə çevirib yazsaydım, şit çıxardı – A.T.) kimi yaşayıramsa, o da elənçiynə yaşayıb. Bizim xasiyyətlərimiz heç vaxt uyğun gəlməyib. Lakin onu qınamaq olmaz. İstedad idi. Hərdən mübahisələr eləyirəm onunla qiyabi. Amma xeyri nə? Sadəcə, mənə təskinlikdi.
- Sizin haqqınızda bir çoxlarından soruşdum, dedilər ki, qəribə adamdır. Hamleti başqalarına qəribə adam kimi tanıdan nədi?
- Mən yaşayıram, mən dəyişirəm. Hər gün rollarım da dəyişir. Həyat nə verdisə, onu qəbul eləyirəm. Mən soldatam.
- Demək olar ki, Siz prinsipsiz adamsınız?
- Mən xaraktersiz xarakterəm.
- Artıq Sizin adınızı “talesiz sənətkarlar” cərgəsində çəkmək mümkündür. Bu talesizliyin günahını nə dərəcədə özünüzdə görürsünüz?
- Məni o dərəcəyə çatdırdılar ki, infarkt oldum. Mənim talesizliyim ondadır ki, xalq artistliyi barədə düşünmürəm. Saatlarla nazirliyin qapısını döymürəm, onun–bunun dalınca qaçmıram. Tanışbazlığa getmirəm. Mən rollarımda həqiqətən soldatam, həyatda soldat deyiləm. Elədi, mən daxil oluram talesiz aktyorlar cərgəsinə.
- Sizə sənətdə ən çox kim və nə mane olub?
- Mən despotizmi dəhşətli dərəcədə sevmirəm. Məndə bir aktyor kimi dəhşətli despotizm var. Ondan ayrılmaq istəsəm də, bu heç cür mümkün olmur.
- Sizin qadın idealınız?
- Çətin.
- Bəlkə ananız Gülxar xanım?
- Ünsiyyət çox vacib bir məsələdir. O mənim anamdır, idealım yox.
- Siz də atanız kimi ailənizi atıb getmisiniz. Bəs bu vaxt öz ananızın taleyini, əziyyətlərini gözönünə gətirmədiniz?
- Mən yaşayırdım o halları. Mən nikahın hüquqi tərəfini qəbul eləmirəm. Axmaq bir şeydi.
- Bu yaxınlarda atanıza həsr edilmiş bir veriliş gedirdi televiziyada. Sizin adınız bir dəfə də çəkilmədi. Özü də verilişi bacınız Gülşən Qurbanova aparırdı. Sizə belə münasibət nə ilə bağlıdır?
- O, ailə görüb, mənsə yox. Canbir olmaq, qəlbbir olmaq başqa şeydi. Gülşən məndən heç nə görməyib.
- Hamlet, elə hesab etmirsiniz ki, Sizin həyatınızın ən böyük əngəli teatrdır?
- Yox.
- Aktyorluqdan başqa əlinizdən bir iş gəlirmi?
- Yox.
- Qocalığı necə təsəvvür edirsiniz?
- Ölüm gələr, ölərik.
- İnsanda ən çox nəyi qiymətləndirirsiniz?
- Hər bir insan özü olmalıdır.
- Mənim gəlişim Sizə absurd görünmürmü?
- Hər məmur öz işinə görə hərəkət edir.
- Deməli, mənə inanmırsınız?
- Doğruluq yoxdu.
- Sizdə belə amorfluq hardandır?
- Mən aktyoram, soldatam.
F İ N A L
Mən bilmirəm, Hamletin bu yazını oxumağa ehtiyacı olacaq, ya yox? Düzü, heç gümanım gəlmir. “Müdrik kimdir?” sualının cavabı isə daim açıqdır.