TEATRO

TEATRO

sənət portalı

post-title

Antonen Arto - QƏDDARLIQ TEATRI

(İlk manifest)

Biləsiniz ki, Teatr ideyası heç vaxt indiki qədər təhqir olunmayıb. Teatr yalnız reallıqla və təhlükə ilə sehrli canlı əlaqə sayəsində bir məna kəsb edir.

Bax, teatrın məsələsi bu cür qoyulsa, hamının diqqətini çəkər. Bu o deməkdir ki, məkanda yeganə realılıq kimi fiziki ifadəyə ehtiyac duyan teatr sənətin, sözün sehrli xüsusiyyətlərindən bütün üzvi bütövlüyü ilə, sanki yeni ovsun kimi istifadə edə bilir. Deməli ki, teatrın dilini qaytarmadan teatra ona xas təsir gücünü qaytarmaq mümkün deyil.

Başqa sözlə desək, biz mətn haqda tamamlanmış və toxunulmaz bir şey kimi yenidən danışmaq üçün, ilk növbədə teatrın mətnə ​​tabeliyini aradan qaldırmalı, jestdən düşüncəyə gedən yolun yarısında xüsusi bir dil tapmalıyıq.

Dialoji nitqin ifadəliliyindən (şübhəsiz) fərqli olaraq, yeni dilin xarakterik xüsusiyyəti məkanda və hərəkətdə  ifadə qabiliyyətidir. Teatr nitqdən sözlərin hüdudlarından kənara çıxma qabiliyyətini, sözün məkanda inkişafı və hisslərimizə titrəmə -əsmə təsirini götürə bilər. Burada intonasiya və ayrı-ayrılıqda hər sözün xüsusi tələffüzü çox önəmlidir. Eşitmə qavrayışına yönəlik səslərin dili ilə yanaşı, predmetlərin, hərəkətlərin, duruşların və jestlərin görünən dili də mövcuddur, lakin bir şərtlə ki, onların mənaları, formaları və məkanda düzülmələri müəyyən işarələrə uyğunlaşa və bu işarələrdən bir növ əlifba düzəldilə. Məkanda dilin təbiətini, yəni səslərin, qışqırıqların, işıq çaxnaşmalarının və səs təqlidlərinin dilini dərk edərək, teatr onu sistem halına gətirməlidir. Necə? Personajlardan və əşyalardan həqiqi heroqliflər formalaşdırmaqla, onların simvolizmindən və əlaqələrindən insan qavrayışı üçün əlçatan bütün mümkün müstəvilərdə istifadə etməklə.

Deməli, teatra tətbiq ediriksə,  burada söhbət  sözün, jestin və ifadənin metafizikasının yaradılmasından, onu insanın monoton psixi varlığından qoparmaqdan gedir. Lakin bütün bunlar o zaman məna kəsb edə bilər ki, belə bir səyin arxasında əsl metafizik sınaq dayana; qeyri-adi ideyalara ünvanlanan nida dayana. Bunlar Yaradılış, Özünütəşkil və Xaos ideyalarıdır - bunların hamısı kosmik nizamdadır və özlərində teatrın uzun müddət daxil olmadığı sferalar haqqında ilkin biliklər daşıyırlar. Onlar İnsan, Cəmiyyət, Əşyalar və Təbiətin heyrətamiz riyazi tənliyini çıxara bilərlər.

Burada məqsəd metafizik fikirləri heç də birbaşa səhnəyə çıxarmaq deyil, bu ideyalara şirnikləndirmə, müəyyən həvəs yaratmaqdır. İstər yumor öz anarxiyası ilə, istərsə də poeziya öz simvolizmi və obrazları ilə həmin şirniklənməni oyadacaq yolları göstərənlərdir.

İndi biz bu dilin sırf material tərəfini müzakirə etməliyik, yəni onun hisslərimizə təsirinin bütün yol və vasitələrindən danışacağıq.

Bu dilin musiqi, rəqs, mimika və pantomima ilə əlaqəli olduğunu söyləməyə ehtiyac yoxdur. Aydındır ki, o, hərəkət, harmoniya və ritmdən istifadə edir, ancaq hər bir növ üçün ayrıca xüsusi üstünlüklər olmadan, ən vacib bir şeyi ifadə etmək üçün bir araya gələ bildikdə. Onun adi faktlardan, adi ehtiraslardan yalnız tramplin kimi istifadə etdiyini söyləmək artıqdır, necə ki, MƏHVEDİCİ YUMOR, gülüşə səbəb olmaqla, ağılın diktəsinə əməl etməyə kömək edir.

Amma ifadəliliyin sırf Şərq qavramında teatrın konkret obyektiv dili qavrayışı kəskinləşdirə və gücləndirə bilər. O, hisslər sferasında yaşayır. Sözlərə tipik Qərb münasibətini inkar edərək, onlardan ovsun  yaradır. Qışqırmağa çalışır. O, səsin titrəyişindən və xarakterindən istifadə edir, onu çılğın şəkildə ritmi kəsməyə, ayrı-ayrı səsləri tıqqıldatmağa vadar edir. O, həyəcanlandırmağa, heyrətləndirməyə, ovsunlamağa və uyuşdurmağa çalışır. O, yeni jest lirikasını tapır, məkandakı çeviklik və əhatə dairəsi ona sözlərin lirikasından kənara çıxmağa imkan verir.  nəhayət, o, şüurun dilə tabeliyindən qoparaq, tilsim səviyyəsinə qaldırılmış jest və işarələrdə gizlənən intellektuallığın yeni və daha dərin anlamını ortaya qoyur.

Bu cür poeziyanın, maqnetizmin, bütün bu birbaşa təqlid üsullarının bir qara qəpikcə dəyəri olmazdı, əgər onlar insan ruhunu hansısa fiziki cəhətdən hiss edilən bir yola yönəltsəydilər. Əsl teatr bizə yaradılışın mənasını qaytarır, onun zahiri tərəfi bizim nəzarətimizdədir, amma tamamlanması tamam başqa müstəvilərdə baş verir.

Bu müstəvilərin ruh tərəfindən, yəni intellekt tərəfindən mənimsənilməsi o qədər də vacib deyil, biz onlara yalvarmayacağıq, bu, heç maraqlı da deyil və mənasızdır. Dəqiq və müəyyən vasitələrlə Hisslərimizin dərindən və incəliklə qavranılması daha vacibdir. Ovsun və ayinlərin məqsədi burada ortaya çıxır, teatr yalnız onların mahiyyətini əks etdirir.

TEXNİKİ TƏRƏFi

Deməli, söhbət teatrı müəyyən funksiyaya, damarlarda qan dövranı və ya yuxugörmədəki obrazların xaotik görünən birləşməsi kimi lokal və dəqiq bir funksiyaya çevirməkdən gedir, yalnız ciddi məqsədyönlülük və diqqət sayəsində.

Teatr öz-özünə yenidən doğula bilməz, yəni o, həqiqi illüziyalar yaratmaq vasitəsinə çevrilə bilər, yalnız o  zaman ki, onda tamaşaçıya öz yuxu və xəyallarının təkzibedilməz dəlillərini təqdim etsin, bu xəyallar cinayət, ehtiras, erotik kabuslar, vəhşiliklər və ximeralar, həyat və dünya haqqında qeyri-real fikirlər, hətta kannibalizm həvəsi artıq dinc bir illüziya müstəvisində deyil, tamaşaçının öz varlığının dərinliyindən qopacaq.

Başqa sözlə desək, teatr istənilən vasitə ilə təkcə xarici aləmin obyektiv təsviri deyil, həm də daxili aləmin, əgər ona metafizik nöqteyi-nəzərdən baxsa, yəni insan dünyasının bütün tərəflərini hərəkətə gətirməlidir. Razılaşaq ki, yalnız bundan sonra teatrda yenidən təxəyyül hüququndan danışmaq mümkün olacaq.

Əgər tamaşanı dolduran o heyrətamiz forma birləşmələrini həyata oyadan azad iradənin dağıdıcı coşğusunda insanı əhvalat- əməl-hərəkətə, yəni, səhnədə baş verənlərə daxil etməyi - həm də, onun dünya haqda və bu dünyadakı öz poetik rolu haqqında təsəvvürü ilə birgə, üzvi şəkildə daxil etməyi - bacarmasalar, nə Yumorun, nə Şeirin, nə də Təxəyyülün heç bir dəyəri olmayacaq.

İllüziyaların adi bir yerdəyişmədən yarandığına inanmaq, teatrı yalnız mənəvi-psixoloji xarakterli ikinci dərəcəli fəaliyyət kimi görmək illüziya və teatrın dərin poetik mənasını dərk etməmək deməkdir. Teatrın yuxu və xəyal kimi qanlı və qəddar olması təsadüfi bir şey deyil, həyatın hər dəqiqə kəsilə bildiyi, kainatda hər şeyin ayağa qalxıb və bizimlə düşmənçilik etdiyi, bizim mütəşəkkil varlıq halımızı rədd etdiyi bir zamanda, əbədi qarşıdurma və spazm ideyasını ifadə etmək və şüurumuza daxil etmək üçündü; bəzi Miflərin (qaramat qəddarlığı və enerjisi onların mənşəyi və məzmunu haqqında kifayət qədər çox şey deyir) metafizik ideyalarını konkret və aktual formalarda əbədi olaraq qorumaq üçündür.

Əgər belədirsə, onda xüsusilə çılpaqlaşdırılmış teatr dili - potensial dil yox, real dil - ona poetik enerji verən ilkin başlanğıca yaxınlığı ilə sənətin və sözün adi sərhədlərini keçməli və əsəbi maqnitizmə arxalanaraq, magik şəkildə, (magiya terminin dəqiq mənasında) insanın yuxularla real həyat hadisələri arasında yenidən öz yerini tuta biləcəyi total təsiri yaratmalıdır.

PROBLEMLƏR

Burda söhbət tamaşaçını transsendental kosmik qorxularla heyrətləndirməkdən getmir. Adətən tamaşaçı fikir və hərəkətlərin bütün tamaşanı oxuya biləcəyi dərin gizli açarı olması fikrilə  çox da maraqlanmır. Ancaq belə açarların olması lazımdır və biz bunda maraqlıyıq.

TAMAŞA

Hər bir tamaşada hər kəsin qavraya biləcəyi obyektiv material element olmalıdır. Qışqırıqlar, iniltilər, kabuslar, qarabasmalar, sürprizlər, müxtəlif səpkili teatr fəndləri, ritual modellər üzrə hazırlanmış geyimlərin sehrli gözəlliyi, səsin sehrli gözəlliyi, harmoniya cazibəsi, nadir musiqi notları, əşyaların rəngi, fiziki ritm, ibtidai jestlərin ritmi ilə uzlaşan kreşendo dekreşendo (musiqidə səsin güclənməsi azalması) hərəkətləri, bir neçə metr hündürlükdə yeni heyrətamiz əşyaların, maskaların, manekenlərin meydana çıxması, işıqlandırmanın qəfil dəyişməsi, işığın isti və soyuğa səbəb olan fiziki təsirləri və s.

REJİSSORLUQ

Təkcə mətnin qırılma mərhələsini deyil, həm də ümumiyyətlə teatr yaradıcılığının başlanğıc nöqtəsini özündə daşıyan rejissorluq tipik teatr dilini (langage type du théâtre) yarada biləcək. Bu dilə sahib olan müəllifin və rejissorun əvvəlki ikili hakimiyyəti aradan qalxacaq, onların yerinə tamaşanın və əməl-fəaliyyətin inkişafı üçün ikili məsuliyyət daşıyacaq vahid Yaradıcı gələcək.

SƏHNƏ DİLİ

Məsələ danışıq dilini səhnədən çıxarmaq deyil, sözlərə onların təxminən yuxuda olan mənasını verməkdir.

Bu dili ifadə etmək üçün yeni vasitələr tapmalıyıq, musiqi transkripsiyasına bənzər bir şey və ya bu və ya digər şifrələmə üsulu.

İşarələr səviyyəsinə qaldırılmış adi cisimləri və ya insan bədənini təyin edərkən, görünür, heroqliflərin təsvirlərinə etibar etmək olar, o qədər də oxumaq və istədiyiniz qədər çoxaltmaq üçün deyil, dəqiq və dərhal tanınan simvolları səhnəyə gətirmək üçün.

Bu cür kodlanmış dil və ya musiqi transkripsiyası səs transkripsiyasının əla vasitəsi ola bilər.

Bu dil intonasiyanın xüsusi istifadəsinə əsaslandığı üçün intonasiyalar bir növ ahəngdar tarazlıq, sözün ikinci dərəcəli deformasiyasını təşkil etməlidir ki, bu da istənilən qədər təkrarlana bilir.

Məhz eyni şəkildə maska ​​kimi donmuş sifətin bütün on min bir ifadəsini adlandırıb kataloqlaşdırmaq, onlardan təkcə psixoloji məqsədlər üçün deyil, həm də konkret səhnə dilinin birbaşa simvolu kimi istifadə etmək olar.

Üstəlik, teatrın dilinin mühüm elementini təşkil edən saysız-hesabsız mənalar, simvolik jestlər, maskalar, pozalar, fərdi və qrup hərəkətləri,  xarakterik və ya ixtiyari pozalar, ritm və səslərin çılğın tıqqıltıları dilin və hər cür impulsiv jestlərin, pozaların heyrətamiz xəzinələrin saxlandığı şüurun arsenalından  xətalı şüur axını kimi əks olunaraq ikiqat çoxalacaq.

Bundan başqa konkret musiqi də var, ki, orda  səslər personaj kimi çıxış edir və harmoniyalar yarıya bölünür və sözlərin dəqiq kəsilməsində itir. Bir ifadə vasitəsindən digərinə əlaqə və uyğunluqla keçilir və hər şey, hətta işıqlandırma da müəyyən intellektual məna qazana bilər.

MUSİQİ ALƏTLƏRİ

Onlar əşya və dekorasiya kimi xidmət edə bilərlər.

Hisslər vasitəsilə qavrayışa dərin birbaşa təsir ehtiyacı bizi səsin tamamilə qeyri-adi keyfiyyətlərini və titrəyişlərini axtarmağa təşviq edir və bizi köhnə, unudulmuş alətlərə qayıtmağa və ya yenilərini yaratmağa məcbur edir. Musiqi sahəsindən kənarda xüsusi ərintilərdən və yeni metal birləşmələrindən hazırlanmış, dözülməz, ürək parçalayan səslər və küylər çıxara bilən, fərqli oktava uzunluğuna malik alətlər və mexanizmlər axtarmaq lazımdır.

İŞIQ. İşıqlandırma

Hazırda teatrda istifadə olunan işıqlandırma cihazları daha bizi qane edə bilməz. İşığın insan vəziyyətinə xüsusi təsirini nəzərə alaraq, işıq vibrasiyasının təsirlərini və işığın yayılmasının dalğalar, zolaqlar və ya odlu oxlar şəklində yeni yollarını axtarmaq lazımdır.

Hal-hazırda istifadə olunan cihazların rəng sxemi tamamilə yenidən nəzərdən keçirilməlidir. Xüsusi keyfiyyətli ton əldə etmək üçün işıqlandırma qurğusunun qarşısına zəiflədici, gücləndirici və ya tutqun filtr yerləşdirmək və işıq vasitəsilə istilik, soyuqluq, qəzəb, qorxu və s. hissləri oyatmaq lazımdır.

GEYİMLƏR

Ehtimal etmək olmaz ki, eyni teatr geyimləri, bütün tamaşalar üçün eyni ola bilər. Biz müasir geyimlərdən qaçmaq üçün əlimizdən gələni etməliyik, köhnələrə olan mövhumat meylindən deyil, minlərlə il bundan əvvələ aid, müəyyən bir tarixi dövrə aid ritual geyimlərin məhz onları doğuran ənənələrə yaxınlığına görə.

SƏHNƏ. ZAL

Biz səhnəni və zalı dağıdıb, onların yerinə arakəsmələr və maneələr olmayan, hadisə yerinə çevriləcək vahid platforma ilə əvəz edəcəyik. Tamaşaçı ilə tamaşa arasında, aktyorla tamaşaçı arasında birbaşa əlaqə qurulacaq, tamaşaçı hadisənin dərinliyində olacaq, onun əhatəsində olacaq və nüfuz edəcəkdir. Tamaşaçının tamaşaya-hadisəyə cəlb edilməsi zalın forması ilə mümkün olur.

Biz müasir teatr salonlarını tərk edərək anqara və ya hansısa taxıl anbarına gəlib onu Yuxarı Tibetin bəzi kilsələrinin, müqəddəs yerlərinin və məbədlərinin memarlığında öz təcəssümünü tapmış ruhda yenidən quracağıq.

Belə bir quruluşun içərisində hündürlük və dərinlik arasında xüsusi əlaqələr hökm sürəcəkdir. Zal dörd divarla əhatə olunacaq, heç bir dekorasiya olmadan tamaşaçılar zalın ortasında aşağıda, ətraflarında açılan tamaşanı hər tərəfdən izləməyə imkan verəcək fırlanan kürsülərdə, əyləşəcəklər. Sözün adi mənasında səhnənin olmaması hərəkəti zalın dörd küncünə keçirməyə məcbur edəcək. Səhnələr işığı udmaq üçün əhənglə boyanmış divarların fonunda oynanılacaq. Bundan əlavə, yuxarıda, zalın bütün ətrafı boyunca Primitivist rəssamlarının bəzi rəsmlərində olduğu kimi qalereyalar olacaq. Bu cür qalereyalar aktyorlara, əməl-hərəkət tələb etdikcə, zalın bir ucundan digərinə keçməyə imkan verəcək və onda hərəkət bütün müstəvilərdə və bütün istiqamətlərdə yuxarı və aşağı açıla bilər. Bir ucdan yayılan fəryad, bir sıra gücləndiricilər və modulyatorlardan istifadə edərək, sanki ağızdan-ağıza ötürülür kimi zalın digər ucuna ötürüləcəkdir. Hərəkət bir pillədən digərinə, bir nöqtədən digərinə trayektoriya çəkərək öz dairəsinə başlayacaq. Birdən gərginlik,şiddət intensivlik həddinə çatacaq, bir neçə yerdə yanğın kimi yayılacaq və tamaşanın tamaşaçıya birbaşa təsiri deyil, əsl illüziya yaranacaq. Hadisə-hərəkətin nəhəng məkanda yayılması ona gətirib çıxaracaq ki, müəyyən səhnənin işıqlandırılması və tamaşanın müxtəlif işıq effektləri həm tamaşaçıları, həm də aktyorları özünə cəlb edəcək. Eyni vaxtda gerçəkləşən hərəkətlər, eyni hərəkətin müxtəlif fazaları çoxaldıqca, personajlar şəraitin təzyiqinə, eləcə də elementlərin hücumuna tab gətirmək üçün bir-birinə qarışan arılar kimi bir-birinə yapışdıqca, müəyyən işıqlandırma, ildırım və küləyi imitasiyasına uyğun olacaq.

Bununla belə, mərkəzi meydan hələ qorunacaq, o, sözün əsl mənasında bir mərhələ rolunu oynamayacaq, lakin zəruri hallarda əsas fəaliyyət zəncirini birləşdirib yenidən bağlamaq imkanı verəcək.

ƏŞYALAR. MASKALAR. REKVİZİT

Mankenlər, nəhəng maskalar, qeyri-adi ölçülü obyektlər sözlü obrazlarla eyni rol oynayacaq, onlar hər bir təsvirin və hər bir ifadənin özünəməxsus tərəfini gücləndirə biləcəklər - və əksinə, adətən obyektiv təcəssüm tələb edən şeylər gizlənəcək və ya görünməz şəkildə yox olacaq. .

DEKORASİYA

Dekorasiya olmayacaq. Bunun üçün heroqlif simvollar, ritual kostyumlar, məsələn, tufan səhnəsində Kral Lirin saqqalını təsvir edən on metr hündürlüyündə manekenlər kifayətdir; böyük, insan ölçüsündə musiqi alətləri; naməlum formalı və təyinatı bilinməyən obyektlər olacaq.

AKTUALLIQ

Əlbəttə, bizə deyəcəklər ki, teatr həyatdan, hadisələrdən, müasir qayğılardan o qədər uzaqdır... Müasir qayğılardan... Müasirlikdən də, hadisələrdən də, hə! Narahatlıqlardan, dərinliklərdə və mahiyyətdən- yox! Zoharda (Kabbalistlərin məşhur kitabı) ravvin Şimeonun odda yandırılması hekayəsi həmişə müasirdir, necə ki, od həmişə müasirdir.

PYESLƏR

Biz ədəbi pyeslər oynamayacağıq, məlum süjetlərin, hadisələrin, əsərlərin özünü tamaşaya qoymağa çalışacağıq. Zalın xarakteri və quruluşu tamaşa tələb edir və bizim üçün nə qədər geniş olsa da, heç bir qapalı mövzu ola bilməz.

TAMAŞA

Bütöv tamaşa ideyası doğulmalıdır. Məsələ onu necə danışdırmaq, nə qidalandırmaq və məkanı nə ilə doldurmaqdır ki, hamar qayalı divara bərkidilmiş partlayıcı kimi gözlənilmədən qeyzerlər və çiçəklər doğursun.

AKTYOR

Aktyor ən vacib elementdir, çünki tamaşanın uğuru onun ifasının effektivliyindən asılıdır və eyni zamanda element passiv və neytraldır, çünki o, hər hansı şəxsi təşəbbüsdən qəti şəkildə imtina etməlidir. Ancaq elə yerlər var ki, o, belə sərt qaydalara əməl etmir və sadəcə olaraq, hıçqırıqları təkrarlaması tələb olunan aktyorla bütün daxili inam əlamətləri ilə çıxış etməli olan aktyor arasında insanı alətdən ayıran bütöv bir uçurum var.

İFA

Tamaşa dil kimi əvvəldən axıra qədər şifrələnəcək. Yalnız bundan sonra onda lazımsız hərəkətlər olmayacaq, bütün hərəkətlər müəyyən bir ritmə tabe olacaq; və hər bir personaj, son dərəcə aydın bir tip olacaq, onun jestləri, mimikaları və kostyumu işıq parıltıları kimi görünəcəkdir.

KİNO

Teatr mövcud olanın kobud görünütüsünü ümumiyyətlə, mövcud olmayanın obrazı ilə poetik şəkildə qarşı-qarşıya qoyur. Hərçənd, əməl-fəaliyyətin xarakteri baxımından bütün poetikliyinə baxmayaraq, həmişə kinolentin imkanları ilə məhdudlaşan kinematoqrafiya obrazı ilə həyatın bütün tələblərinə tabe olan teatr obrazını müqayisə etmək olmaz.

QƏDDARLIQ

Hər tamaşanın mərkəzində qəddarlıq elementi olmasa, teatr mümkün deyil. Bu gün degenerasiya vəziyyətində olduğumuz üçün metafizikanı şüura yalnız dəridən keçirərək daxil etmək olar.

TAMAŞAÇI

İlk növbədə belə bir teatrın özünün mövcud olması lazımdır, qaldı tamaşaçı...

PROQRAM

(yəni, repertuar-A.D.)

Mətnə əməl etmədən tamaşaya qoyacağıq:

1. Şekspir dövründən indiki narahat psixi vəziyyətmizə uyğun bir pyesdən uyğunlaşdırılma, istər "Faversham Ardeni" kimi Şekspir apokrifi, istərsə də eyni dövrün başqa pyesi.

2. Leon-Paul Fargue tərəfindən qeyri-adi poetik azadlıq pyesi.
3. Zohardan çıxarış: Ravvin Simeonun hekayəsi, hələ də yanğının gücünü və aydınlığını qoruyub saxlayır.[1]

4. Arxivlərdən yenidən bərpa olunmuş  Göysaqqal hekayəsi, yeni erotizm və qəddarlıq ideyalarının əlavə edilməsi ilə.

5. İncil və Tarix-ə görə Qüdsün alınması;

6. Markiz de Sad haqda hekayə. Erotizm köçürülərək, alleqorik şəkildə təsvir ediləcək və ört-basdır edilmiş qəddarlığın kəskin zahiri ifadəsi.

7. Həqiqətəuyğunsuzluğun poeziyanın təsirli və konkret elementinə çevriləcəyi bir və ya bir neçə romantik melodram.

8. Buxnerin “Voyzek”i, öz prinsiplərinə zidd ruha və konkret mətndən səhnədə nəyin çıxarıla biləcəyinə nümunə kimi.

9. Yelizaveta teatrının mətndən azad edilmiş əsərləri, burada yalnız dövrün zahiri geyimi, situasiyalar, xarakterlər və hərəkətlər qorunub saxlanılacaq.

Tərcümə edən Aliyə Dadaşova


[1] “Zohar” kitabında verilən əhvalata görə, ravvin Simon, ölməzdən əvvəl şagirdlərini öz evinə yığaraq onlara Tövratın ən dərin sirlərini od kimi açmışdı. Müəllimlərinin öldüyü gün tələbələr ravvin Şimonun evini əhatə edən alov görüblər. Bu alov müəllimin sonuncu dəfə şagirdlərinə ilahi hikmət ötürdüyü yerə kənar adamların yaxınlaşmasına imkan vermirdi. Parlaq işıq və alov bütün günü dayanmadı və sönəndə müridlər Rəşbinin öldüyünü gördülər. Dəfn zamanı alovlanmaqda davam edən sütun tabutu müşayiət edib və Meron kəndi yaxınlığında yerləşən mağaranın yanında dayanıb. Bu mağarada ravvin Şimon dəfn edilib. Uzun illər sonra onun oğlu ravvin Elazar orada dəfn edildi.

Load Time (S) : 0.008367