TEATRO

TEATRO

sənət portalı

post-title

Anları… anımları sənətkarlarla birlikdə xatırlayırıq…

        Əlahəzrət Teatrın məhsulu olan Tamaşa bu anın sənətidir, yəni, hər axşam tamaşa başlayanda səhnədəkilərin – sənətçilərin (Aktyorların!) yaradıcılıq prosesi də başlayır və nə gözəl ki, bu proses tamaşaçıların gözü qarşısında cərəyan edir. Tamaşa bitir, oynanılan tamaşa içrə aktyorların da yaradıcılıq prosesi bitir… Tamaşa ölür… Nə yaxşı ki, təkcə bu axşamlıq… Çünki sabah yenidən diriləcək… yenidən oynanılacaq və bu axşamkı tamaşadan tamamilə fərqlənəcək… Çünki teatr və tamaşa canlı orqanizmdir. Axar suya iki dəfə girmək mümkün olmadığı kimi tamaşanın da təkrarı mümkünsüzdür… Teatr-tamaşa ilə bağlı bu mülazizələrimə əsaslanıb deyə bilərəm ki, qabartdığım bu məziyyətlər möhtəşəm İncəsənətin yalnız Teatr növünə aiddir, yəni, biz tamaşaçılar tamaşa boyu yalnız teatrda gözümüzün önündə baş verən yaradıcılıq prosesi ilə sıx təmasda olur və onun bir parçasına çevrilirik.

Amma və lakin, gəlin görək, sürətlə, sel kimi axmaqda olan Zamanın - vaxtın bu təkraredilməz anlarını dayandıra bilərikmi?

Nə yazıq ki, an…, dəqiqə…, zaman geri dönməzdir, onları nə olduğu kimi təkrarlamaq, nə də ki, başqaları ilə bölüşmək mümkünsüzdür…

Amma bu «mümkünsüz» olana cəhd etsək, necə?.. Tamaşa zamanı bizi heyrətə salan, silkələyən, içimizin-içindən keçən anları, mətləbləri toplayıb, ələkdən keçirib, yaddaşımıza həkk etsək, necə?.. Tamaşa zamanı daxili təlatümlərimizi bizə yaşadan aktyorlarımızı yaddaşımızda diriltsək, bu günki teatr prosesimizi nişanlayan sənətçilərimizlə görüşsək, dialoqa girsək, onların yaradıcılıq laboratoriyasına baş vursaq, necə?..

Aktyor yaradıcılığı – əməyi (küll halında isə teatr sənətçilərinin yaradıcılığı!) haqqında yazılan elmi əsərlər, sanballı tədqiqatlar, məqalələr, kitablar, çəkilən filmlər, hazırlanan televiziya verilişləri elə buna cəhd deyilmi? Gəlin, hər hansı bir formada zühur edən bu cəhdi alqışlayaq və onun davamlı olması üçün əlimizdən gələni əsirgəməyək.

Etiraf edək ki, Əlahəzrət Teatr haqqında düşünərkən, həmişə çox dərin mətləblərə varmalı oluruq. Onun (Teatrın!) haqqında məqalələr, kitablar yazan, mötəbər məclislərin mötəbər kürsülərindən çıxışlar edən, televiziya vasitəsilə evlərimizə təşrif buyurub, bizimlə təkbətək söhbətləşən teatrşünaslarımız da 150 yaşlı teatrımızın çətin və şərəfli inkişaf yolunda ona yol yoldaşlığı edərək İncəsənəti – Teatr sənətini anlamaq sənətinin – teatrşünaslıq peşəsinin əsasını qoydular.

Əlahəzrət Teatr incəsənətin bütün incilərinə yiyələnərək onları (ədəbiyyat, musiqi, rəssamlıq, rəqs və s.) özündə bir tam, bütöv halında birləşdirməyi bacardı.

Gəlin etiraf edək ki, yalnız teatrda İnsan həm sənətkardır, həm də sənətkarın materialıdır, xammalıdır. Teatrın bənzərsiz gücü də elə bundadır: İnsanın pyesdəki bədii obrazı burada canlanır, nəfəs alır, hərəkət edir, düşünür, mübarizə aparır, sevir, sevilir, məğluba və ya qalibə çevrilir… və bu proses tamaşaçısız mümkün olmur. Teatr özünün cazibə qüvvəsi ilə insanı – tamaşaçını nələri…, nələri… yaşamağa sövq edir… Bu zaman daxilimizdə ciddi özünütəhlil aparırıq ki, bu da bizim qəlbimizdə, duyğularımızda, düşüncələrimizdə baş verir və yaşamı davam etdirmək üçün köməyimizə gəlir. Deməli, bu əsrarəngiz sirlərlə dolu təxəyyül dünyası – Teatr insanları mənən təmizləyərək onları ruh aləminə dəvət edir, birləşdirir, həmrəyliyə, dostluğa və sülhə səsləyir ki, bu da hal-hazırda həmişə olduğundan daha vacibdir. Teatrın qadir olduğu saysız-hesabsız qüdrətli keyfiyyətlərini sadalamağa başlasam, vaxtınızı çox alaram. Hələlik isə dediklərimlə kifayətlənib mətləbə keçmək istəyirəm: bu gün Azərbaycan televiziya məkanı Əlahəzrət Teatra həsr edilmiş ciddi və yüksək bədii səviyyəli verilişlərin sayını artırmalıdır. Bu mənada AzTV - Mədəniyyət TV-nin və İctitmai TV-nin Azərğbaycan teatr sənətinə, küll halında isə Azərbaycan incəsənətinə həsr edilmiş səviyyəli verilişlərini örnək kimi göstərmək olar. Bu yaxınlarda Mədəniyyət TV-nin «Min maska» layihəsinin (müəllif və aparıcı gənc teatrşünas Dağlar Yusif) ard-arda dörd verilişinə baxdım. Məncə bu yönlü verilişlərə teletamaşaçı ilə dialoq və teatrın təbliği yolunda müsbət bir cəhd kimi yanaşmalıyıq.

İnanıram ki, «Min maska»nın efir ömrü uzun olacaq...

Teatr ölümsüzdür… həm də ki, nə qədər paradoksal səslənsə də, hər bir canlı orqanizm kimi ölümə məhkumdur (hər axşam tamaşanın bitərkən ölməsi və növbəti gün oynanılarkən yenidən dirilməsi mənasında!)… Teatrşünaslar isə onu gələcəyə ərməğan edərək ölməyə qoymayıblar… Nə gözəl ki, bu gün də belədir: «Min maska» da bu cəhdlərdən biridir.

Məryəm Əlizadə
Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi,
Sənətşünaslıq elmləri doktoru, professor

 

Load Time (S) : 0.004471