TEATRO

TEATRO

sənət portalı

post-title

Andre Antuan: “Gəlir olan yerdə sənət ola bilməz”

Fransız teatr və kino rejissoru, teatr naturalizminin nümayəndələrindən biri, “Azad teatr”ın yaradıcısı Andre Antuan 1858-1943-cü illərdə yaşayıb. 

Gənc yaşlarından teatrla maraqlanan Andre, Komedi Fransezde statist (kütləvi səhnələrdə çıxış edən aktyor) vəzifəsində çalışıb. O, burada müəyyən təcrübə toplayıb, Sara Bernar, Müne Sülli kimi aktyorlarla tanış olub. Andre Jimnaz-de-la-Pard özəl teatr məktəbinə qəbul olunaraq, burada aktyor kimi debüt edib. 1885-ci ildə Qal dərnəyinin üzvləri ilə tanış olub. Kraus atanın rəhbərlik etdiyi dərnəkdə bir müddət aktyor kimi çalışan Andre sonralar dərnəyin rəhbəri olub. 

Andre Antuanın ən böyük xidmətlərindən biri “Azad teatr” hesab olunur. O, 1887-ci ildə Parisdə “Azad teatr” (Libre teatre) adlı eksperimental teatr yaradıb. Teatrın açılışı 30 mart tarixində Monmartedəki Elize-de-boz keçidində “Jak D`amur”, “Madmazel Pomm”, “Suprefekt”, “Kokarda” adlı 4 birpərdəli pyes əsasında hazırlanan tamaşayla baş tutub. Teatr sonralar Göte küçəsində, daha sonra Strazburq bulvarında fəaliyyət göstərib. 

Teatr həvəskarlar dərnəyindən yaradılmışdı və aktyorların əksəriyyəti qeyri-peşəkarlar idi. Elə A.Antuanın özü də Qaz Cəmiyyətində məmur işəyirdi və teatr sənəti ilə həvəskar kimi məşğul olurdu. 

Andre ilk dəfə teatr təcrübəsinə abunə sistemini daxil edib. “Azad teatr” ayda 1 dəfə, 1890-cı ildən sonra isə ayda 2 dəfə abunəçilərin toplanması ilə fəaliyyət göstərirdi. Onlar üçün qapalı tamaşalar təşkil olunurdu. Bu teatrı kommersiya xarakterindən uzaqlaşdırıb və kütləvi auditoriyadan azad edib. Bir çox mənbələrdə bu teatr Avropada ilk qeyri-kommersiya teatrı hesab olunur. Azad teatrda hazırlanan ən uğurlu tamaşalar “Zülmətin hakimiyyəti” (1888, L.Tolstoy), “Ruhlar” (1890, H.İbsen), “Vəhşi ördək” (1891, H.İbsen), “Müftəxor” (1890, Turgenev), “Toxucular” (1893, Hauptman) idi.

Andre Antuan naturalizmin tərəfdarı idi və öz teatr təcrübəsində E.Zolyanın ideyalarını, nəzəriyyələrini, islahat arzularını həyata keçirməyə çalışırdı. O, müasir Fransa dramaturgiyasının saxtalığına ölkənin mənəvi və sosial yaşamından təcrid olunmasına qarşı çıxır və hesab edirdi ki, yeni dramaturgiyaya və gerçəkliyi tam elmi obyektivliklə əks etdirən gənc dramaturqların əsərlərinə, yeni teatra ehtiyac var.  Antuan bəyan edirdi ki, “Azad teatr” özünü hər hansı bədii cərəyanla məhdudlaşdırmayacaq və bütün teatr məktəblərini qəbul etməyə çalşacaq. Sənətə münsibətdə “liberal eklektizm” mövqeyində qərarlaşması ona estetik baxımdan bir-birindən koordinal şəkildə fərqlənən pyesləri tamaşaya qoymağa imkan verirdi. Onun teatrıın repertuarına Zolya, Mopassan, Qonkur qardaşları kimi müəlliflər daxil idi. “Azad teatrın” ilk addımları “Medan axşamları” toplusunu dərc etdirən “medançılar”la, naturalist yazıçılarla bağlı idi.  Onlar pyesin sənədliliyi tələbənii irəli sürür və həyat hadisələrinin bütün təfərrüatlarını fiksə etməyi lazım bilirdilər. Onların əsərlərində “gerçəkliyin bir parçası” götürülür və təcrid olunmuş şəkildə təqdim olunurdu. Bu cür pyeslər həyati faktların fotoqrafik dəqiqliyi ilə seçilirdi. 

Antuanın məşhurlaşdırdığı dramaturqlar sırasında fransız yazıçısı və dramaturqu Fransua-de-Kürelin də adını çəkmək lazımdır. Onu Fransanın İbseni adlandırırdılar. Ejen Brienin pyeslərini də ilk dəfə Antuan tamaşaya qoyub. Onun “Blanşet” əsərinin tamaşası Azad teatrın həyatında mühüm hadisə hesab olunur. “Blanşet” əsəri bir kəndlinin qızı ilə söhbəti əsasında qurulub. Müəllif burjua şəhərini insan əxlaqının pozulmasında günahlandırır. “Zülmətin hakimiyyəti” əsəri əsasında hazırlanan tamaşa da “Azad teatr”ın tarixində mühüm mərhələ hesab olunur. Rusiyada qadağan olunmuş əsər məxsusi olaraq “Azad teatr” üçün fransız dilinə tərcümə olunub. 

Andre Antuan 1894-cü ilə qədər Azad teatra rəhbərlik edib. Bu müddət ərzində teatrda 67-si yeni pyes olmaqla, cəmi 124 əsər tamaşaya qoyulub.  Antuan özü 83 tamaşada aktyor kimi səhnəyə çıxıb. A.Antuan teatrı tərk etdikdən sonra 1896-cı ilə kimi teatra Laruşel başçılıq edib. Cəmi 9 il fəaliyyət göstərməsinə baxmayaraq, “Azad teatr” Fransanın teatr həyatında mühüm rol oynayıb. Çox keçmədən bu teatr modeli digər Avropa ölkələrinə də yayılıb və Fransa, Almaniya, İngiltərədə də bu tipli teatrlar yaranıb. 

1897-ci ildə “Antuan teatrı”nı yaradıb. “Antuan teatrı” tamaşaçılar tərəfindən sevilir və böyük qazanc gətirir. Buna görə də Andre Antuan öz vəzifəsini Firmen Jemyeyə təhvil verərək teatrdan uzaqlaşır, bildirir ki, “bu qədər gəlir olan yerdə sənət ola bilməz”.

Yeni reformalar axtarışında olan Antuan “Odeon” teatrından gələn direktor vəzifəsi təklifini qəbul edir. Rejissor burada O. de Balzakın, Alfons Dodenin, Jül Renarın  romanlarını səhnələşdirib. Ancaq onun bu teatrındakı fəliyyəti ürəyincə olmur. Navator fəaliyyətinin genişlənməsini arzulayan Antuan Odeondakı bəzi məhdudiyyətlərə görə istəyinə çata bilmir. Tezliklə teatrdan ümumiyyətlə uzaqlaşır və 1914-cü ildən etibarən nəzəriyyə ilə məşğul olmağa başlayır. I Cahan Savaşından sonra Avropanın bəzi şəhərlərində və Amerikada teatr sənəti ilə bağlı mühazirələr deyir. Andre Antuan “dördüncü divar” anlayışını teatr terminologiyasına və praktikasına gətirən rejissordur. O, tamaşaçılarla aktyorlar arasında “xəyali divar” qoyur, ifaçıları jest və mimikaların izafi ekspressiyasından azad olmağa çağırırdı. 

Load Time (S) : 0.005231