TEATRO

TEATRO

sənət portalı

post-title

“Aktrisanın iki şəkli”

Azərbaycan televiziyasının ədəbi-dram verilişləri baş redaksiyasında çalışdığımız günlərin birində - 1994-cü ildə baş redaktorumuz Əməkdar jurnalist Mailə Muradxanlı Nübar Novruzova haqqında televiziya filmi üçün ssenari yazmağı tapşırdı. “Aktrisanın iki şəkli” telefilm ssenarisini yazdım. Quruluşçu rejissor Rövşən Almuradlı ilə Nübar xanımın evində görüşümüz zamanı ssenarini o qədər təriflədi ki, daha deyiləsi deyil, hətta Moskvada ssenari kursu bitirməyimiz barədə sual verdi. Ssenarini baş redaktorumuz da, Nübar xanımın özü də çox bəyəndilər. Lakin Nübar xanım ailə qurdu və uzun müddət sənətdən uzaqlaşdı. Beləliklə, ssenari sandıq ədəbiyyatına çevrildi. Zamanın axarında  biz Nübar xanımla eyni teatrda – Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışmalı olduq. Ünsiyyət tapdıq, sənət dostluğumuz yarandı.

Hər iki şəkil göründüyü kimi...            
         
Azərbaycanın Xalq artisti Nübar Novruzova lirik-psixoloji səpgili, dramatik obrazların çox maraqlı ifaçısıdır. O, səhnəyə gəldiyi  ilk gündən həm teatr, həm televiziya, həm də kino rejissorlarının diqqətini cəlb edib. Bunun bir səbəbi Nübar xanımın zahiri görkəmi ilə bağlıdırsa, digər səbəbi məlahətli səsi, fikirləri özünəməxsus tərzdə ifa etmək bacarığı, hər şeydən öncə isə istedadı, temperamenti ilə bağlı olub.

Gənc Tamaşaçılar Teatrının ədəbi-dram hissə rəhbəri kimi tamaşa proseslərini izləyirəm. Pandemiyadan öncə oynanılan “Göyçək Fatma” tamaşasında Nübar Novruzova 10 yaşında uşağın obrazında səhnəyə çıxırdı, eyni zamanda, Hüseyn Cavidin “Ana” tamaşasında Ana obrazını yaradırdı. Xaraktercə, yaş həddinə görə bir-birindən kəskin fərqlənən obrazlar  aktrisanın daxili imkanlarına daha aydın ayna tutur.



Bir faktı nəzərinizə çatdırmaq istəyirik ki, Nübar Novruzova artıq 60 yaşını adlamış bir xanımdır.  İndi özünüz düşünün: 60  yaşlı bir xanım travesti kimi səhnəyə çıxır və tamaşaçı rəğbətini qazanır. Sözsüz ki, bu, onun böyük potensial imkanlarından xəbər verir.
Hüseyn Cavidin “Ana” tamaşasında Ana mərd, cəsur, vətənpərvər, humanist bir Azərbaycan xanımının  obrazıdır. Nübar xanım bu obrazı elə cizgilərlə yaradır ki, istər-istəməz bu anaya, onun həyat məramına, yəni Hüseyn Cavidin Anasına inanırsan. Şərq qadınının şərəf və namusunun təcəssümçüsü olan Ana oğlunun qatilini evində gizlədir və onu ölümdən qoruyur. Bu, birinci növbədə, Qurani-Kərimə istinaddırsa, ikinci bir tərəfdən ananın mərhəmətini göstərir. Nübar xanım Ananın əhvali-ruhiyyəsinə uyğun olaraq, hıçqırıqlarını gizlədir, təəssüflə, eyni zamanda qətiyyətlə deyir: “Cəzanı  Allahından bul!” Belə bir əxlaq, düşüncə tərzi yalnız Şərq qadınına məxsusdur. Ananın möhtəşəmliyi tədbirli el ağbirçəyi olmasından, namusla övlad böyütməsindən, onun mərd yetişməsindən, ağıllı, həm də hadisələrdən məntiqi nəticə çıxartmaq bacarığından irəli gəlir. Ananın möhtəşəmliyi bütün prosesdə aydın şəkildə görünür. Oğlu ölən ananın fəryadı ürək göynədir. Axı, yeganə övladını, özü də mərd, qoçaq, igid bir oğulu itirmək çox ağır faciədir. Aktrisa bu faciəni yaşayır və Ananın ağrılarını, duyğularını bizə ötürə bilir. Finalda “Vağzalı” səslənir. Aktrisa onun sədaları altında Ananın matəmini, nisgilini, dağılmış bir ailənin faciəsini bizə çatdırmaq üçün qol-qanadı qırılmış quş kimi aramla rəqs edir. Nübar xanımın məqsədəmüvafiq şəkildə dəyişməsi obrazı sekulyarlaşdırır, səhnə gerçəkliyində aydın bir mənzərə yaradır.



Nübar Novruzova İlgiz Zəyniyevin “Varislər” tamaşasında Zeynəb obrazını onun psixofizioloji vəziyyətinə uyğun tərzdə yaradır. Tamaşanın  müzakirəsi zamanı tanınmış teatrşünas-pedaqoq Aydın Talıbzadə qeyd  etdi ki, “aktyorların psixoloji vəziyyəti diqqəti cəlb edir. Tamaşanın kişi ifaçıları – Qurban İsmayılov, Manaf Dadaşov, İlham Əsədov, Rasim Cəfərov əla oyun nümayiş etdirdilər. Xalidə Şərifova Əminə obrazını yaxşı yaratdı, mənim xoşuma gəldi. Xüsusilə, Nübar Novruzova Zeynəbin daxili dünyasını açıb göstərə bildi. O qadının hazırki vəziyyətinə inandım. Ümumiyyətlə, tamaşada yaxşı aktyor oyunları var. Onlar personajlarını katarsis vəziyyətinə gətirib çıxara bildilər”. Xalq artisti Nübar Novruzovanın ifasında bu katarsis vəziyyətini biz də gördük. O, Zeynəbin psixofizioloji, yarıhavalı, yarıgerçək vəziyyətini təkcə jestikulyasiya ilə deyil, həm də çox ciddi üz mimikaları ilə yaşadı, yaşadığını ciddi həssaslıqla tamaşaçısına ötürdü.

Bəşəri duyğuları, soykökə, ata ocağına, doğma yurda  sədaqəti təlqin edən bu tamaşa yüksək bədii dəyərlərə malikdir. Sözsüz, bu fikri bizə aşılayan səhnə prosesini canlı yaşayan aktyorlarımızdır.

Ümumiyyətlə, Nübar Novruzova obrazlarına çox ciddi, məsuliyyətlə yanaşan bir aktrisadır.  Bu da ondan irəli gəlir ki, o, səhnə sənətini sevir, aktrisa kimi missiyasını düzgün anlayır. Tamaşaçı məhəbbətini qazanmaq olar, amma onu 30, 40, 50 il qoruyub saxlamaq asan məsələ deyil. Nübar xanım  bu məhəbbəti obrazlarına, teatra, ekrana təmiz münasibəti, istedadı  ilə qoruyub saxlaya bilir. 

Bir an düşünün: ölkənin hər yerində Nübar xanımı tanıyırlar. Tamaşaçı aktyoru elə-belə yadda saxlamır. Gərək onun ruhuna təsir edə biləsən, qəlbinə yol tapasan. Nübar xanım hər obrazı ilə tamaşaçı qəlbinə nüfuz etməyi bacarır.   

Nübar xanımla yaradıcılıq söhbətimiz, fikir mübadiləmiz çox olur. Bəzən məşqlərdən  sonra iş otağıma gəlib prosesi analiz etməyə çalışır. Tərif deyəndə sözümüzü kəsir: “Tərif nəyimə lazımdır e, sən səhvlərimi de, düzəldim, sonra təriflə”. Bax, bu, aktrisanın sənətə ciddi münasibəti, obrazına olan hörmətidir. Axı, aktyorun yaratdığı hər bir obraz da canlı insandır! Obrazların daxili dünyasına nüfuz etmək, onları kamil şəkildə yaratmaq, eyni zamanda lazımi səviyyədə tamaşaçıya çatdırmaq, bir elə də asan məsələ deyil. O, tamaşaçılarını özünə cəlb edə, onların məhəbbətini qazana, qəlbində yaşaya bilir.  



Sənət dostumuzun gözəl ailəsi var. Həyat yoldaşı Elçin müəllimlə yeganə qızları Fatiməni böyük məhəbbətlə, həm də əsl vətəndaş kimi yetişdirə biliblər. Fatimə xanım  bir neçə dildə sərbəst danışa bilən ali təhsilli mütəxəssisdir. 

Nübar xanım sənətdə çəkdiyi  əziyyətin, zəhmətin, sərf etdiyi istedadının bəhrəsini dadmış, dövlət tərəfindən yüksək mükafatlara layiq görülmüşdür. O, bu adın məsuliyyətini dərindən duyur, onu vicdanla daşıyır. Biz də onu Zəfər ətirli tamaşalarda görmək istəyirik.

Beləliklə, hörmətli aktrisamızın hər iki şəkli vizuallığa uğradı.

Alagözlü, bəstəboylu,
Şirindilli, ağa soylu Nübar xanım!
Gah Anadır, gah dəcəl Qız,
Gah Oğlandır, gah da Kəniz...
Ara-sıra uşaq olur səhnəmizdə Nübar xanım.
Yaratdığı obrazların ürəklərə yolu vardır,
Səhnə ona çox vəfalı,
Ad-san verən gözəl yardır. 

Rafiq Rəhimli,
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının ədəbi-dram hissə rəhbəri

 

Load Time (S) : 0.000279