Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İngiltərə, Kanada, Rusiya, Macarıstanda nümayiş etdirilib və şəxsi kolleksiyalarda saxlanılır. Müxtəlif illərdə Nazim Bəykişiyevin yaradıcılığına dövrü mətbuat və televiziyada görkəmli sənətşünas və teatrşünasların məqalə və çıxışları həsr edilib.
Onun fərdi üslubu, milli koloriti və yeni dünyagörüşü ilə fərqlənən rəngkarlıq əsərləri dünyanın bir çox ölkələrində, nüfuzlu sərgilərdə nümayiş etdirilmişdir.
Milli təsviri sənətimizin və səhnəqrafiyamızın görkəmli nümayəndəsi, Azərbaycanın xalq rəssamı, Respublika Dövlət mükafatı laureatı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru Nazim Bəykişiyevin vəfatı (08 sentyabr 2025) incəsənətimiz üçün böyük itki oldu. Lakin parlaq fitri istedada malik mərhum sənətkarın zəngin yaradıcılığı və əziz xatirəsi daim yaşayacaq. Gəlin, bu böyük sənətkarı birlikdə yad edək və ruhu şad olsun deyək.
Rəssam Nazim Bəykişiyevə
Adam yox ola biləydi
Bir rəng içində
Ağ bulut üzündə
Düm ağ göyərçin kimi...
Bir də şirin yuxusunu
Başqasıyla bölə biləydi,
Şirin yuxu sovqatı
Göndərəydi yuxusuzlara...
Eşitdiyi gözəl səsləri də
Bölə biləydi pay-pay,
Ölümdən qorxanlarçın
Ölə biləydi pay-pay...
Vaqif Səmədoğlu
Xalq şairi
***
Xalq rəssamı, Dövlət mükafatı laureatı, professor Nazim Bəykişiyevin 2007-ci ildə Bakıda möhtəşəm fərdi sərgisi keçirilib. Sərgi ilə əlaqədar rəssamın yaradıcılığını əks etdirən nəfis albom-kataloq nəşr olunub. Sözügedən albom-kataloqda rəssamın yaradıcılığına yüksək dəyər verən görkəmli mədəniyyət xadimlərinin rəylərini sizə təqdim edirik.
Xalq rəssamı, tanınmış fırça ustası Nazim Bəykişiyevin sərgisi mədəni həyatımızda parlaq hadisədir.
Nazim Bəykişiyev fitri istedada malik və sənət aləmində müxtəlif istiqamətlərə maraq göstərən sənətkarlarımızdan biridir. Nazim müəllim əsasən teatr rəssamı kimi tanınır. 2001-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş rəssamıdır. Milli teatrın səhnəsində uğurla tamaşaya qoyulan H.Cavidin “İblis” və “Afət”, M.F.Axundovun “Lənkəran xanının vəziri”, V.Səmədoğlunun “Yayda qartopu oyunu”, U.Şekspirin “Hamlet”, Elçinin “Qatil”, J.Koktonun “İnsan səsi”, Mir Cəlalın “Dirilən adam” kimi səhnə əsərlərinin bədii tərtibatı məhz Nazim Bəykişiyevə məxsusdur.
2006-cı ilin sentyabrında Vyananın məşhur Kammeroper Teatrında hazırlanan dahi bəstəkar Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasının quruluşu da rəssamın maraqlı işləri sırasına daxildir.
Nazim Bəykişiyevin səhnə tərtibatı sahəsindəki fəaliyyəti Azərbaycan teatr-dekorasiya sənətinə verilən böyük töhfələrdir.
SSRİ xalq artisti, professor Mehdi Məmmədovun “İblis” tamaşasına verdiyi tərtibata görə rəssam 1984-cü ildə Respublika Dövlət mükafatına layiq görülmüşdür.
Onun fərdi üslubu, milli koloriti və yeni dünyagörüşü ilə fərqlənən rəngkarlıq əsərləri dünyanın bir çox ölkələrində, nüfuzlu sərgilərdə nümayiş etdirilmişdir. Rəssamın yaradıcılığının çox vacib hissəsi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasındakı pedaqoji fəaliyyətdir. Burada o, yeni rəssamlar nəslinin yetişdirilməsi üçün böyük və səmərəli iş aparır.
Düşünürəm ki, bugünkü sərgi xalq rəssamı, Prezident mükafatçısı Nazim Bəykişiyevin yaradıcılıq bioqrafiyasının çox gözəl və mühüm səhifəsinə çevriləcəkdir.
Əbülfəs Qarayev
Azərbaycan Respublikasının keçmiş Mədəniyyət və Turizm Naziri (2007-ci il)
***
Nazim Bəykişiyev geniş diapazonlu rəssamdır. Biz onu həm quruluşçu istedadına malik, həm səhnə mədəniyyətini dərindən bilən və müasir teatr aləmində baş verənlərin önündə gedən maraqlı səhnə rəssamı kimi tanımışıq. O, buna həmişə nail olub və indi də nail olmaqdadır.
Nazim Bəykişiyev səhnə sənəti ilə yanaşı, öz emalatxanasında teatr dünyası ilə çətin uyğunlaşan rəngkar rəssam kimi çalışır və onun elə dərinliklərinə baş vurmuşdur ki, hətta bir müddət teatrdan uzaqlaşmışdır. Biz sərgilərdə N.Bəykişiyevin həm tamaşaçıların, həm də tərifləməyi o qədər də xoşlamayan rəssam həmkarlarının diqqətini özünə cəlb edən istedadlı, rənginə görə çox incə lirik əsərlərini gördük.
Nazim Bəykişiyev bütün keçmiş illər ərzində rəssam adını uca tutmuş, çox dəyərli əsərlər yaratmışdır və bizi çox sevindirir ki, onun böyük önəm daşıyan istedadlı səhnə əsərlərini teatrda görürük.
Mən ona bu iki müxtəlif janr arasında sülhün bağlanmasında və onların heç zaman ayrılmamasında, yalnız bir-birini tamamlamasında böyük uğurlar arzulayıram və inanıram ki, açılan sərgi bunun sübutudur.
Fərhad Xəlilov
Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı (2007-ci il)
***
...Rejissorluqla rəssamlığın bir sıra oxşar, hətta üst-üstə düşən yaradıcılıq səciyyələrini aşkarlamaq mümkündür. Belə ki, hər ikisinin yaradıcılıq məkanı boşluqdur: boş səhnə və boş kətan! ... Və hər ikisi bu məhsuldar boşluğu bədii təxəyyülündə yaşayan görüntüləri ... görkləri ... sayrışan məkanları ilə yaratdığı əsərə çevirməyə can atır. Hər ikisi bu tələbkar boşluğu öz ruhunda çırpınan duyğu... xəyal... kədər və sevincləri... şübhə və ümidləri ilə canlandırmaq həvəsiylə yaşayır. Və hər ikisi bu məsuliyyətli, cazibədar... mürəkkəb... mübarək işi ləyaqətlə yerinə yetirməkdə sənətkarlıq və peşəkarlıq təməllərindən təkan almağa çalışır!...
Məndən ötrü Nazim Bəykişiyev hər iki sənətin təbiri caiz səlahiyətli nümayəndəsidir. Fikrimi açıqlayaraq onu deməliyəm ki, Nazim Bəykişiyev, məncə, səhnəyə boyakarlığın azadlığını, boyakarlığa isə səhnənin nizamını gətirib. Tam səmimi olaraq onu da vurğulamalıyam ki, şəxsən dostum-həmkarım Nazim Bəykişiyevin kətan üzərində yaratdığı əsrarəngiz dünyadan çox zövq almaqdayam. Bəlkə ona görə ki, boyakarlıqda Nazim Bəykişiyev, sözün tam mənasında, özünü... dünyagörüşünü... dünyaduyumunu... kəsəsi, istədiklərini kətan üzərində gerçəkləşdirə bilir.
Bizim milli mədəniyyət məkanımızda Nazim Bəykişiyev ustad sənətkar kimi mövcuddur, yaradıcılığın ən yüksək şərt və tələblərinə cavab verən böyük rəssamdır.
Azər Paşa Nemət
Xalq artisti, professor (2007-ci il)
***
Azərbaycanın Xalq rəssamı Nazim Bəykişiyevin yaradıcılığı müasir milli incəsənətin parlaq təzahürlərindən biridir. Geniş yaradıcılıq diapazonuna malik bir rəssam kimi N.Bəykişiyev Azərbaycan səhnəqrafiya sənətinin inkişafına böyük töhfələr vermişdir. Onun teatr-dekor sənəti sahəsindəki yaradıcılığı rəssamın dramaturji əsərin dərin qatlarına həssaslıqla nüfuz etməsi və ədəbi materialın çox dəqiqliklə yozulması faktları ilə əlamətdardır. V.Şekspirin, Jan Koktonun əsərləri ilə yanaşı, N.Bəykişiyev həmçinin Azərbaycan klassiklərinin – M.F.Axundov, H.Cavid, Mir Cəlal, Elçin - əsərləri əsasında hazırlanan tamaşalara da yüksək səviyyəli tərtibat vermişdir.
Avstriyanın Vyana şəhərindəki Kammeroper teatrında Üzeyir Hacıbəyovun ölməz “Arşın mal alan” musiqili komediyasına verdiyi tərtibat rəssama böyük uğur qazandırmışdır. Bu tamaşada ənənəyə hörmət rəssamın cəsarətli eksperimentçi ruhu ilə vəhdət yaradır. Tamaşanın dekorasiyalarında rəssam Azərbaycan milli koloritini sərhədsiz, dünyəvi müasirlikdə uzlaşdırmağa nail olmuşdur.
N.Bəykişiyevin dəzgah boyakarlığı olduqca fərdidir və ona görə də seçilən və tanınandır. Rəssamın əsərlərinin ən cəlbedici keyfiyyəti insan və onu əhatə edən mühit arasında tam harmoniyaya yetməsindədir. Abşeron mənzərələri, möcüzəli şəkildə bəzən mələklərə dönən yatmış gözəllərin qeyri-adi təsviri, ibtidai sənət lövhələrini xatırladan simvolik ov səhnələri, milli atributların və məişət əşyalarının əks olunduğu gözəl natürmortlar rəssamın sevdiyi motivlərdir. Onun əsərində xətlər formanı qabardır, kontur isə rəng ləkələrinin müəyyən çərçivədə saxlanılmasına xidmət edir. Beləliklə, rəssam kompozisiyanın ən vacib elementi olan formanı daha çox siluetə yaxınlaşdırmağa çalışır. Rəssam ilk növbədə buna planların yerini dəyişmək və perspektivdən imtina etmək yolu ilə nail olur. Bu da əsərlərin kompozisiyasını rəngarəng edir və zənginləşdirir. Çox zaman tablolar sanki fraqmentlərin mürəkkəb kombinasiyalarından yığılmış gözəl mozaik pannonu xatırladır. Rəssamın mənzərələri, fiqurlu kompozisiyaları gözəl röyaların real təcəssümü kimi görünür. Onun boyakarlıq əərləri xətlərin səlisliyi, qrafikası, pastel rəng çalarları ilə seçilir.
Nazim Bəykişiyev, yaradıcılığında şəxsi keyfiyyətlərin parlaq təzahür tapdığı sənətkarlardandır. Yetkinlik, daxili nizam, saf ruh, şəxsiyyətin iç dünyası və ətraf mühitlə harmoniyası – N.Bəykişiyevin bütün bu insani keyfiyyətləri yaradıcılığında öz əksini tapır.
Rəssamın ən çox sevdiyi rəng ağ rəngdir. N.Bəykişiyevin yaradıcılığında ağ rəngin əhəmiyyəti böyükdür. Gah günəş kimi parlaq və bərq vuran, gah da sonsuzluq qədər qəmli və sirli-sehrli görünən ağ rəng rəssamın qarşısına qoyduğu məqsəddən asılı olaraq müxtəlif əsərlərdə tamamilə fərqli effekt yaradır.
Biz seyrçilər üçün isə ən başlıcası rəssamın əsərlərindən gələn fövqəladə müsbət enerjidir. Əsl sənət də məhz elə buna görə mövcuddur.
Leyla Axundzadə
Sənətşünas, professor, Əməkdar incəsənət xadimi (2007-ci il)
***

İlham Rəhimli - Günəş nurunda yuyunmuş romantik nəğmə
Tablo nağılı
İşıq və kölgə rəssamlıq sənətinin vacib ünsürlərindən sayılır. Hər rəssamın işığa öz fərdi münasibəti var. Bu fərdi münasibət müxtəlif formalarda onun yaratdığı tabloların mahiyyətinə hopur, ruhuna nəfəs verir, kompozisiyaya yaraşıq biçir, mövzunun əzəmətini mötəşəmləşdirir.
Sənət ustadadlarında kölgəyə münasibətlər də fərdi xüsusiyyətlərlə səciyyələnir. Kölgə daha çox təzad yaratmaq və fəza ənginliyinə nail olmaq üçün istifadə edilir. Ona görə də tablonun məzmun-forma prinsiplərinə uyğun olaraq kölgə qatılaşa, yumşala, tündləşə, bozara… bilər. Məşhur holland rəssamı Rembrand sərt və tünd işıq-kölgə təzadlarında şedevr əsərlər yaradıb. İspanya boyakarı Qoyanın gur işıqlı və tünd kölgəli prinsiplərlə işlədiyi əsərlərində poetik zəriflik və psixoloji dramatizm var. Səttar Bəhlulzadənin tünd boyalarında həzin poetiklik, parlaq rənglərlə işlədiyi tablolarda isə lətafətli munislik, ilahi lirizm var.
Nazim Bəykişiyevin tablolarının işığı nə qədər boldursa, nə qədər gurdursa, nə qədər həzindirsə kölgə elementləri bir o qədər azdır, bir o qədər güclə seziləndir, bir o qədər mülayimdir. Və hətta mən deyərdim ki, rəssam kölgənin özünü də işıqla verir. Nazimin fərdi üslubunun əsas məziyyətlərindən bir də məhz elə bu əlamətdir.
Nazim Bəykişiyevin rəngləri günəş nurunda yuyunmuş romantik nəğmə çələnginə bənzəyir. Həmin çələngin tamaşaçıya bəxş etdiyi ovqat sevinclidir, təbəssümlüdür, qan qaynadandır, duyğuları qanadlandırandır, ruhu coşdurandır.
Nazim Bəykişiyevin bütün tablolarında bəyaz rəng və onun çalarları üstünlük təşkil edir. Bu bəyazlıq, bu ağlıq rəssamın daxili təmizliyiinin rənglərdə çiçəklənməsidir. Yazın yaz, payızın payız, qışın qış, yayın da yay çiçəkləri var. Amma və əsas mətləb ondadır ki, həmin çiçəklər ətirlidir, nəğməlidir, həzindir, titrəkdir, kövrəkdir. İnsan Nazimin tablolarında bal dadan rəng ətrini, psixoloji ovqatın işığını sanki gözləri ilə içir.
Nazim Bəykişiyevin rəngləri istidir. Hətta bəzən bu istilik Abşeronun yay havası kimi adamı içindən qovurur, baxışlarını pörşələyir. Di gəl ki, həmin istiliyin hərarəti tablodan ruhlarımıza keçir, duyğularımızı oxşayır, içimizə qəribə və bəlkə də dərkolunmaz bir rahatlıq, sərinlik verir.
Nazim Bəykişiyevin rənglərinin harmoniyasında, ahəngində poetik vüsət var. Elə bilirsən ki, rənglər qolboyun olan məhəbbət aşiqləridir. Rənglərin harmoniyası dodaq-dodağa dayanıb, səssiz məhəbbət nəğməsi pıçıldayan sevgililəri xatırladır.
Nazim Bəykişiyevin rəngləri həm gözlə duyulan lətafətlidir, həm də dadla sezilən tamlıdır. Bu lətafətin, bu tamın behişt təravəti seyrçinin munis hisslərinə tumar çəkir, onu əsəri idraki təfəkkürlə qavramağa kökləyir.
Nazim Bəykişiyevin tablolarına lirik romantizm hakim kəsilib. Xaraktercə yumşaq və zərif olan bu romantizm daxilən insanı titrədir, onun xəyallarına qanad verir, əsrarəngliyə səsləyir.
Nazim Bəykişiyev tablolarında sərt və təzadlı rəngləri eyni duyğu ritmindəcə verməyə səy göstərmir. O, daha çox rənglərin çalar “təzadlarını” sapa düzməyi xoşlayır. Buna görə də bir rəngdən pöhrələnən çalarlar obrazlı əlvanlıq yaradırlar.
Nazim Bəykişiyevin özünəməxsus rəng yaxısının (buna rəssamlar «mazok» deyirlər) qəribə texnikası var. Elə bil bu yaxılar soldan sağa edilib və belə bir “əyinti” rəssamın işinin romantik kompozisiyasını dolğunlaşdırır. Onun tablolarında rəng yaxıları özü poetik bir ovqatdır və işin detal yerləşdirilməsində (ev, ağac, küçə və sairə) tarazlığı tənzimləyir.
Nazim Bəykişiyevin boya yaxısı sanki misra-misra verilib. Elə misralardır ki, həm sərbəst şeir formasında “yazılıb”, həm də qoşma, bayatı, gözəlləmə ritm-ahəngində sıralanıb. Ona görə də Nazimin lirik tabloları, Abşeron mənzərələri misra-misra qavranılır. Hətta bəzi tablolarında emosional duyğuların leysanına düşürsən.
Nazim Bəykişiyevin hansısa məlum məkana qəribə baxım bucağı seçmək səriştəsi var. Həmin baxım bucağında istənilən detal rəssamın kompozisiyasına “uyğun gəlməyəndə” onun yerini məharətlə və cəsarətlə dəyişir. Belə dəyişmədə duyğu və idrak eyni ladda köklənir, rəngin musiqi dili aydın və ifadəli olur. Yeni kompozisiya daha cazibəli, daha yaraşıqlı və daha füsunkar görünür.
Nazim Bəykişiyevin ağ, sarı və mavi rəngləri nazlı-qəmzəlidir. Onlar naz ata-ata bir yerdə ülvi paklıqla rəqs edirlər. Rəqs edəndə gah qurşaq-qurşağa dayanırlar, gah qol-boyun olurlar, gah üz-üzə dururlar, gah da dövrə vurub bir-birini məhəbbətlə seyr edirlər.
Nazim Bəykişiyevin bəzi tablolarında müqəddəs sevinclə bakirə qüssə bir ahəngdə təcəssüm tapır. Həmin qovuşuqda işin mahiyyəti, mənzərəyə rəssamın öz iç dünyasından baxmaq istəyi üst qatdadır. Rəssam sanki bizi vadar edir ki, onun hiss və duyğularının içindən keçək və qarşımızdakı tabloya məhz həmin ovqatla baxaq.
Nazim Bəykişiyevin bir qism tabloları var ki, mən onlara ümumi ad verməkdə çətinlik çəkirəm. Həmin tablolar zifaf gərdəyində üzündən duvağı qaldırılan gəlin təsiri bağışlayırlar. O duvağın arxasındakı sirri-xuda, cazibə, ülviyyət, duyğu bakirəliyi göz qapaqlarımızı kiprik çalmağa qoymur. Kiprik çalmağa bir də ona görə qoymur ki, biz sanki həmin tabloların ilğımda yox olacağından qorxuruq. Buna görə də onları bütün munisliyi ilə göz yaddaşımızda həkk eləməyə çalışırıq.
Nazim Bəykişiyevin yaradıcılığında Abşeron mövzusu xüsusi yer tutur. Abşeronunun vurğunu olan, onun təbiətini sevən rəssam yaradıcılığın şah mövzusunu müxtəlif psixoloji ovqatlarda fırçaya alıb. Nazimin günün günorta çağı çəkilmiş Abşeron tablolarında sufilik ovqatı var. Yəqin ki, yaxud bəlkə də Nazimi heç sufi təriqəti, sufiliyin mənəviyyat dəyərləri maraqlandırmır. Lakin mənim fikrimcə, onun haqqında söhbət gedən tablolarının dərinliklərində duyğuların müqəddəs ilğımı mürgü vurur, insanı ülviyyətə səsləyir. Həmin ilğımda sanki yerlə göy qübbəsi birləşir. Birləşirsə, deməli rəssamın romantik təxəyyülü ilə reallığı yaradıcılıqla dərk etmək bacarığı vəhdətdə qovuşur.
Nazim Bəykişiyevin tablolarında ehtiraslı, coşqun hisslərdən doğan rənglərə də rast gəlmək olar. Təbii ki, bu, ilk növbədə tablonun mövzusundan və onun psixoloji məzmunundan, fəlsəfi dəyərindən asılıdır. Bu, öz yerində. Ancaq maraqlısı və diqqətçəkəni odur ki, rəssam həmin hissləri heyrətamiz zərifliklə, yumşaq aydınlıqla verməyə ustalıqla müyəssər olur. Elə bununla da öz üslubuna yeni əlvanlıq və orijinal bənzərsizlik gətirir.
Nazim Bəykişiyevin rənglərinin mayasında ülviyyət, həzinlik və titrəklik var. Həmin cəhətlər rəssamın fəlsəfi-emosional duyğularını dərindən-dərinə dərk eləmək üçün açardır, tabloların mahiyyətini incədən-incəyə duymaqdan ötəri bələdçidir. Həmin rənglərin ifadə gücünü, fikir dərinliyini, fəlsəfi qənaətlərini dərk etdikcə ilk növbədə tablonun bütöv obrazı aydın dərk olunur. Həm də rəssamın idrakının, rəssamın təfəkkürünün qaynarlığı və sakitliyi, çılğınlığı və həlimliyi, poetikliyi və zərifliyi sənətkarın özünün şəxsiyyət obrazını canlandırır.
Səhnə nağılı
Nazim Bəykişiyev Akademik Milli Dram Teatrında, Musiqili Komediya Teatrında, Dövlət Gənclər Teatrında onlarla tamaşaya bədii tərtibat verib. Bu əsərlər həm mövzu-problematikasına, həm janr xüsusiyyətlərinə, həm də yazılma dövrlərinə görə müxtəlifdir. Üstəlik rəssamın işlədiyi rejissorlar da üslub xüsusiyyətlərinə görə müxtəlifdirlər. Deməli, rəssamın hazırlanan tamaşaya forma tapması əsl yaradıcılıq axtarışları, yüksək təxəyyül və kamil estetik zövq tələb edir. Bu keyfiyyətləri mənimsəmiş Nazim Bəykişiyevin quruluş verdiyi tamaşa tərtibatları forma bitkinliyi, kolorit əlvanlığı ilə seçilirlər.
Nazim ilk növbədə tamaşanın ideya-bədii dəyərini, rejissorun ali məqsədini tamaşanın bədii tərtibatında təcəssüm etdirməyə çalışır. Onun tərtibatları tamaşanın obrazı kimi səciyyələnir.
Rəssam tamaşanın janrına uyğun olaraq rəng variasiyalarını dəyişir. Bu dəyişmələri və müxtəlifliyi şərti olaraq üç prinsipə bölmək olar:
şux və parlaq rənglər:
sərt və soyuq rənglər:
rəmzi detallar və qarışıq rəng çalarları.
Birinci bölümə daha çox musiqili komediyalardan “Qızıl toy” (Ramiz Heydər və Oqtay Kazımov), “Məzəli əhvalat” (Ruhəngiz Qasımova), “Nəğməli könül” (Xalidə Hasilova və Emin Sabitoğlu), “Məşədi İbad” (Üzeyir bəy Hacıbəyov), komediyalardan “Lənkəran xanının vəziri” (Mirzə Fətəli Axundzadə), “Əliqulu evlənir” (Sabit Rəhman), “Varlı qadın”, “Yeddi məhbusə” (Əli Əmirli), “Dadaşbala əməliyyatı” (Rəhman Əlizadə), “Şəngülüm, Şüngülüm, Məngülüm” (nağıl tamaşa) əsərlərinə verdiyi tərtibat aiddir.
Rəssam sərt və soyuq rənglərdən klassik üslubda və obrazlı şəkildə daha çox dramatik-psixoloji, lirik yüklü tamaşalarda istifadə edir. Misal olaraq “Neron oynayır və ya iblisin komediyaları” (Miklos Xubai), “Ördək ovu” (Aleksandr Vampilov), “Yayda qartopu oyunu” (Vaqif Səmədoğlu), “Qızıl dağın kralı” (Dəmir Ehram), “Dəli Domrul” (Kamal Aktay), “Atamın kitabı” (Bəxtiyar Vahabzadə) tamaşalarının adlarını çəkə bilərəm.
Rəmzi detallardan və qarışıq rənglərdən istifadə olunmuş tamaşalar daha çox monumentallıqları və romantik vüsəti ilə diqqətçəkəndir. Həmin bölümə “Hamlet” (Vilyam Şekspir), “Afət” (Hüseyn Cavid), “Ölülər” (Cəlil Məmmədquluzadə), “Karmen” (Prosper Merime), “Qatil” (Elçin), “Dirilən adam” (Mir Cəlal), “Kaş araba aşmayaydı!..” (Otia İoseliani) tamaşalarını aid etmək olar.
Nazim Bəykişiyevin tərtibatında detallar nə qədər çox olsa da, orta məkan, başqa sözlə aktyorların ifası üçün meydan həmişə genişdir.
Rəssamın monumental ruhlu tərtibatlarındakı əzəmət tamaşanın ideyası və rejissorun ali məqsədi ilə harmonik vəhdətdə uzlaşır. Bu monumentallıq fəlsəfi dəyərlərlə cilalanır, obrazlı təcəssüm tapır.
Nazimin tərtibatlarında dekorlar vüsətli və ifadəli, mənalı və koloritlidir. Səhnədən tam və cazibəli görünür.
Forma və məzmun xronotopunun estetik bədii həllində rəssam hər dəfə orijinal üslubdan bəhrələnir.
Nazim quruluş verdiyi teatrda səhnənin texniki ölçülərini dərindən mənimsəyir. Buna görə də onun tamaşalarında kompozisiya bitkindir. Fəza genişliyində poetik vüsət var.
Bəzi hallarda Nazim Bəykişiyevin tərtibatı ikimərtəbəli olur. Bu iki mərtəbədə çox maraqlı və obrazlı detallarla əlaqələndirilir. Məkanınından asılı olmayaraq, Nazimin tərtibatlarında aktyorların sərbəst və məzmunlu davranışları, hadisələrə sərbəst daxil ola bilmələri üçün bitkin şərait var.
2024-cü il

***
Məryəm Əlizadə - “Teatra eşq elan edən” görkəmli rəssam...
Azərbaycan Respublikasının Dövlət Mükafatı Laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev təkcə teatr rəssamı deyil, o, həm də bənzərsiz bir rəngkardır. Amma və lakin onu şöhrətləndirən rəngkarlıq sənəti TEATRı, səhnəni əvəz edə bilmədi, daha doğrusu, təsviri sənətin hər iki sferasında yaradıcılıqla məşğul olan və böyük uğur qazanan N.Bəykişiyevi səhnə bütünlüklə ağuşuna aldı. Onun eskizləri, sözün əsl mənasında, rəngkarlıq nümunələri, rəsmləri isə virtuozcasına işlənmiş qrafika əsərləridir. Rəssamın tamaşalara verdiyi tərtibat maketləri məkan və forma nöqteyi-nəzərindən müstəqil əsərlərdir, ona görə də sərgilərdə həmişə asanca qəbul edilib və qavranılıb. Küll halında götürdükdə isə onların mahiyyətini, təbiətini müəyyən edən əsas göstərici budur ki, sözügedən əsərlər tamaşanın, səhnənin maketi, eskizləri, rəsmləridir… N.Bəykişiyevin bütün əsərlərində teatr müxtəlif təzahürlərində mövcuddur, çünki o, yaradıcılıq prosesində məhz teatr rakursundan düşünür, bu düşüncələr ƏLAHƏZRƏT TEATRdan mayalanır, rişələnir və yenidən ona qayıdır. Səhnə Nazim müəllim üçün sonsuz imkanları tükənməz olan sirli-sehrli bir aləmdir. Nə xoş ki, «səhnə» adlanan bu sirli-sehrli məkan özünü bütünlüklə onun ixtiyarına verir. Bu isə o deməkdir ki, rəssam səhnəni sevdiyi qədər səhnə də onu sevir, onun ilhamlı fantaziyasına qoşulur, ona tabe olur, onun tərəfindən könüllü olaraq «ram edilir». Bunu hiss edən N.Bəykişiyev hər tərtibatında səhnənin məkan obrazını möhtəşəm bütövlüyü ilə yarada bilir.
N.Bəykişiyev səhnə ilə təkbətək dialoqa girir, hər yeni tamaşasında ona, yəni, səhnəyə, səhnə qurğularına, teatr texnikası və texnologiyalarına, bir sözlə, rampa arxasında olanlara «eşq elan edir», məhəbbətini bildirir. Bu məhəbbət onun tamaşalarında heyrətamiz şəkildə zühur edir, teatrın himninə çevrilir.
«Qatil»də (dramaturq Elçin) mövzunun məhrəmliyi quruluşçu rəssamın yaratdığı səhnəqrafik obraz vasitəsilə sevgi-məhəbbət, qisas-intiqam hisslərinin zəncirinə heyrətamiz şəkildə hörülüb... N.Bəykişiyevin bir-birindən fərqlənən bədii tərtibatları onun həmişə yenilənən, zamanla birgə dəyişən, lakin hər zaman sadiq qaldığı vahid ideya-mövzunu (insan və zaman) inkişaf prosesində duyub-qavraması ilə möhürlənib… Ona görə də Nazim müəllimin bədii tərtibatı hər dəfə yenidir, gözlənilməzdir, istər rejissor və aktyor yaradıcılığına, istərsə də tamaşaçı qavrayışına meydan açıb…
Göründüyü kimi, teatrda rəssam yaradıcı şəxs olaraq çox əhəmiyyətli bir simadır. Teatr rəssamı kimi ilk işlərindən bunu dərk edən N.Bəykişiyev rejissuranın ifadəliliyinin rəssamın obrazlı təfəkkürünün səviyyəsindən asılılığını ilk addımlarından anlayıb.
N.Bəykişiyev quruluşçu rəssam kimi işlədiyi tamaşaların ideyasını aktyor obrazları vasitəsilə ifadə edən rejissor dostlarından (Mehdi Məmmədov, Azər Paşa Nemətov, Vaqif İbrahimoğlu, Hüseynağa Atakişiyev, Mehriban Ələkbərzadə, Mərahim Fərzəlibəyov və b.) fərqli olaraq, onun təsviri-plastik həllində axtarır və tapır. Beləliklə də, o, müəyyən mənada tamaşanın həmrejissoru funksiyasını yerinə yetirmiş olur. O, rejissor dostlarının həmfikri olaraq, tərtibatlarında tamaşanın üslubunu bu və ya digər dövrün (ampir, klassika, qotika və s.) üslubu kimi yox, məhz konkret tamaşaya xas olan plastik ritm kimi duyub, ifadə edə bilir. Onun görkəmli rejissor Azər Paşa Nemətovla birlikdə işlədiyi «Hamlet» tamaşası buna bariz nümunədir...
2024-cü il
***
Mənalı həyatın rəngləri
Məlum olduğu kimi, teatr tamaşası kollektiv əməyin (dramaturqun, rejissorun, teatr rəssamının, aktyorun, bəstəkarın, işıq, qrim ustasının, dərzinin və b.) nəticəsində meydana gəlir. Bu baxımdan rejissor ideyasını tamaşaçıya vizual dildə çatdıran, tamaşanın estetik görünüşünü formalaşdıran teatr rəssamının fəaliyyəti son dərəcə əhəmiyyətli və diqqətçəkəndir. O, tamaşanın görünməyən müəlliflərindən biridir.
Səhnə tərtibatına öz professional imzasını həkk edən belə müəlliflərdən biri, görkəmli rəngkar, Xalq rəssamı, Dövlət mükafatı laureatı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru Nazim Bəykişiyevdir. O, uzun illərdir ki, teatr sənətinə sədaqətlə xidmət edir.
Nazim Bəykişiyev 1948-ci ildə Bakı şəhərində dünyaya göz açıb.
Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib. Bu sənətə daha dərindən yiyələnmək üçün Moskvada, Anatoli Lunaçarski adına Teatr və Kino İnstitutunun Teatr rəssamlığı fakültəsində təhsilini davam etdirib. Yaradıcılıq imkanlarının genişliyi onu həm rəngkar rəssam, həm də teatr rəssamı kimi şöhrətləndirib.
Amerika, Avropa, Asiya ölkələrinin bir çoxunda, eləcə də Böyük Britaniya (London şəhəri) və Rusiyada (Moskva şəhəri) Nazim Bəykişiyevin fərdi yaradıcılıq sərgiləri nümayiş etdirilib.
Bu günlərdə mənim hörmətli müəllimimin Bakıda da fərdi sərgisi açılıb. Sərgidə təqdim olunan əsərlər əsasən üç mövzudan: insana sevgidən, işıqdan və özünün doğulub boya-başa çatdığı Abşeron təbiətindən qaynaqlanır.
Nazim Bəykişiyevin rəngkarlıq əsərlərində özünəməxsus, əsrarəngiz rəng koloriti, möhtəşəm kompozisiya dominantlıq edir. O, dünyanı həm gördüyü, həm də görmək istədiyi kimi təsvir edir. Nazim müəllimin baxdığı gözlə ətraf mühit arasında sanki sehrli bir pərdə var.
Nazim Bəykişiyev teatr rəssamı kimi böyük uğurlar qazanıb. O, tamaşanın obrazını - bədii tərtibatını pyesin ruhuna və müasir tamaşaçı zövqünə uyğunlaşdıraraq hər dəfə yeni məna və məzmun qatlarının açılmasına nail olur. Nazim müəllimin bədii tərtibat verdiyi bütün tamaşalarda orijinal elementlərlə yanaşı, özünəməxsus rəng çalarları üstünlük təşkil edir.
Görkəmli rəssam bir çox teatrların - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının, Musiqili Komediya Teatrının, Rus Dram Teatrının, Gənclər Teatrının, Ağdam, Şəki və bir çox digər bölgə teatrlarının səhnəsində oynanılmış tamaşalara bədii tərtibat verib. Onun tərtibatları bədii özünəməxsusluğu ilə hər zaman diqqəti cəlb edir. Əbəs yerə deyil ki, mərhum Elçin Məmmədovla Nazim Bəykişiyevin birgə tərtibat verdikləri Hüseyn Cavidin "İblis" tamaşası (quruluşçu rejissor SSRİ xalq artisti Mehdi Məmmədov) Dövlət mükafatına layiq görülüb.
Onun bədii tərtibat verdiyi, dahi bəstəkar Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası 2006-cı ilin sentyabr ayında Vyananın Kammeroper Teatrında oynanılıb.
Onu da qeyd edək ki, düz 100 il bundan əvvəl məhz eyni tarixdə Üzeyir bəyin ölməz "Arşın mal alan" operettası Bakıda ilk dəfə göstərilib. 60-dan çox xarici dildə, dünyanın 160-dan çox ölkəsində nümayiş etdirilən bu əsər ("Arşın mal alan" filmi) 2006-cı ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondunun təşəbbüsü ilə dünya klassik musiqisinin paytaxtı Vyana şəhərində avstriyalı aktyor heyətinin (müğənni və vokalçıların) iştirakı ilə yenidən parlayıb. Tamaşada ariyalar Azərbaycan dilində, librettonun mətni isə alman dilində, alman dilli məkanda - Vyana Kammeroper Teatrında səsləndirilib.
Tamaşanın bədii rəhbəri Azərbaycanın Xalq artisti Fərhad Bədəlbəyli, bədii tərtibatın müəllifi Nazim Bəykişiyev (teatr kostyumlarının müəllifi də Nazim Bəykişiyevdir), quruluşçu rejissoru Maykl Şnak, dirijoru Azad Əliyev idi.
Sözügedən tamaşanın bədii tərtibatı və ecazkar teatr kostyumları, səhnə geyimləri Nazim Bəykişiyevin çox uğurlu işi kimi Azərbaycanın teatr tarixinə qızıl hərflərlə yazılıb.
Nazim Bəykişiyevin uğurlu tərtibatlarından biri də dahi ingilis dramaturqu V.Şekspirin "Hamlet" tamaşasındakı bədii tərtibat olub.
Görkəmli rəssamın bədii tərtibatları dinamikliyi və aktyor oyununa geniş meydan açması ilə də çox fərqlənir. Bunun nəticəsində aktyorların tamaşaçı ilə ünsiyyəti daha da sıxlaşır. Tamaşaçı zala daxil olarkən ilk qarşılaşdığı teatr rəssamının yaratdığı səhnə məkanıdır. Deməli, teatrda teatr rəssamının misilsiz rolu danılmazdır. Görkəmli rəngkar rəssam Nazim Bəykişiyevi görkəmli teatr rəssamı Nazim Bəykişiyevdən ayrı təsəvvür etmək qeyri-mümkündür. Onun əsərləri fəlsəfi yükü, orijinal rəssam düşüncəsinin plastik həlli, müxtəlif səhnə konstruksiyaları və rəng çalarları ilə tamaşaçını düşündürür. Bu minvalla da Nazim Bəykişiyev aktyor-insan yaşantılarının tamaşaçıya çatdırılmasına, pyesin müasir yozumuna həmişə nail olur. Beləliklə də tamaşaçı Nazim Bəykişiyevin teatr dünyasına, küll halında götürdükdə isə ecazkar sənət dünyasına daxil olur.
Görkəmli rəngkar və teatr rəssamı Nazim Bəykişiyev teatr sənəti sahəsindəki xidmətlərinə görə, Dövlət təltifləri ilə yanaşı, Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Qızıl Dərviş" mükafatına, "Sənətkar" və "Teatr Xadimi" medallarına, görkəmli Azərbaycan yazıçısı Mir Cəlalın "Dirilən adam" tamaşasının uğurlu bədii tərtibatına görə "Humay" mükafatına, İranda keçirilən və 35 ölkənin iştirak etdiyi II Beynəlxalq BİENNAL rəngkarlıq sərgisinin "Qran-pri"sinə layiq görülüb.
Səkinə Z. Bağırova,
Xalq rəssamı, professor Nazim Bəykişiyevin tələbəsi
Xalq qəzeti.- 2008.- 20 yanvar.- S. 6.
***
Xalq rəssamı Nazim Bəykişiyev: “Teatrda rəssam işi rejissorla tamaşaçı arasında körpü rolu oynayır”
Ötən ilin sonlarında prezident İlham Əliyev fəxri adların verilməsi ilə bağlı fərman imzaladı. Bu fərmana əsasən bir çox rəssamlarımız əməkdar rəssam, xalq rəssamı, incəsənət xadimi adına layiq görüldü. Xalq rəssamı adı alan firça ustalarından biri də rəngkarlıq və teatr rəssamlığı ilə məşğul olan Nazim Bəykişiyevdir. Əsərləri Rusiya, Türkiyə, Almaniya, Fransa və İngiltərə muzey və sərgilərində nümayiş etdirilən N.Bəykişiyev hazırda Akademik Milli Dram Teatrının baş rəssamıdır. Dövlət mükafatı, "Qızü dərviş" və "Humay" Milli mükafatlarının laureatıdır. N.Bəykişiyev bu günə kimi 100-dən artıq tamaşada quruluşçu rəssam kimi işləyib. Rəssamla söhbətimizdə onun sənət yoluna birgə nəzər saldıq.
"Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirdikdən sonra, indiki Rusiya Teatr Akademiyasına daxil oldum. Elə teatr rəssamı kimi yaradıcılığa da burada başladım. Akademiyada təhsil aldığım müddətdə gördüm ki, məhz bu təhsil ocağında oxumaq her bir gənc rəssamın savadlı yetişməsinə, öz dövrünün, zamanının tələblərinə cavab verməsinə şərait yaradır. Mən rəssamlıqla 70-ci illərdən məşğul oluram. Daha sonra bir çox xarici ölkələrdə, o cümlədən Türkiyə teatrlarında bir neçə tamaşanın quruluşçu rəssamı olmuşam. Valeri Levental, David Baroviski, Aleksandr Vasilyev kimi klassiklərdən bu sənətin sirlərini öyrənmişəm. Bu gün də dünya miqyasında qəbul olunan bu sənətkarlardan nəsə öyrənməyə çalışıram. Çünki onlar teatr sənətinə hər zaman yeni bir fikir gətiriblər".
Rəssam yaradıcılıqla məşğul olduğu 30 ildən artıq müddətdə bir çox uğurlar əldə edib. 35 yaşında Dövlət Mükafatı laureatı olub. N.Bəykişiyev hər zaman yenilik axtarışındadır, yaratdığı əsərlərin mükəmməl alınması üçün onların üzərində davamlı olaraq və çox böyük tələbkarlıqla işləyir: "Tələbəlik illərində bizi təcrübəçi kimi Rusiya teatrlarında hazırlanacaq tamaşalara tərtibat verməyə göndərirdilər. Biz Rusiya Teatr Akademiyasına qayıdandan sonra təcrübə müddəti ərzində gördüyümüz işlərdən bəhs edən afişalar hazırlayır, onlarla bağlı izahatlar verirdik. Azərbaycanda ilk üzərində işlədiyim tamaşa Sumqayıt Dövlət Teatrında hazırlanıb. Sonra ayrı-ayrı vaxtlarda Musiqili Komediya Teatrında və Gənc Tamaşaçılar Teatrında baş rəssam kimi çalışmışam.
2001-ci ildən etibarən isə Akademik Milli Dram Teatrının baş rəssamıyam. Ancaq fəaliyyətimin ilk vaxtlarından ta bu günə qədər bir çox tamaşalara bədii tərtibat vermək üçün bölgə teatrlarına da dəvətlər alıram və heç vaxt bu dəvətlərdən imtina etmirəm".
N.Bəykişiyev ən çox sevdiyi işlərin Hüseyn Cavidin əsərlərinə hazırlanan tamaşalara verdiyi tərtibatlar olduğunu deyir. Mehdi Məmmədov, Azər Paşa Nemətov, Hüseynağa Atakişiyev, Mehriban Ələkbərzadə kimi rejissorların tamaşalarına quruluşçu rəssam kimi əmək sərf edən N.Bəykişiyevin Ağdam Teatrında hazırlanan Anarın "Şəhərin yay günləri" əsərilə bağlı gözəl teatr eskizləri var. Hazırda bu eskizlər Dövlət İncəsənət Muzeyində saxlanılır. Elçinin "Qatil" tamaşasına verdiyi tərtibat da maraqla qarşılanıb: "Mənə uğur gətirən işlərimdən biri də Mir Cəlalın "Dirilən adam" tamaşasının səhnə tərtibatı oldu. Bu işimə görə, "Humay" mükafatı aldım. 2001-ci ildən 2005-ci ilədək olan fəaliyyətimə görə isə Teatr Xadimləri İttifaqı tərəfindən "Qızıl Dərviş" mükafatı ilə təltif olundum".
Bir müddət əvvəl Vyanada nümayiş olunan "Arşın mal alan" tamaşasına da tərtibat verən xalq rəssamı bunu mühüm hadisə kimi dəyərləndirir: "Azərbaycan Mədəniyyətinin Dostları Fondunun təşəbbüsü ilə baş tutan bu tamaşanın nümayişi böyük hadisə idi. Dahi bəstəkarımız Üzeyir Hacıbəyovun sənətini dünyaya tanıtmaq məqsədilə Vyanada hazırlanan bu tamaşaya bədii rəhbərlik Fərhad Bədəlbəyliyə, bədii tərtibat isə mənə həvalə edilmişdi. Xarici aktyorların ifa etdiyi bu tamaşa böyük səs-küyə səbəb oldu".
Bir müddət əvvəl İranda keçirilən, 35 ölkənin nümayəndələrinin iştirak etdiyi Biennal Rəngkarlıq Sərgisinə qatılan rəssam orada birinci yeri tutub: "Azərbaycanda ilk dəfə bu müsabiqənin qalibi olaraq "Qran-pri" alan sənətkarımız xalq rəssamı Fərhad Xəlilovdur. Bu sərgi iki ildən bir keçirilir. Ölkəmizdən həmin müsabiqəyə 25 rəssam öz əsərlərini göndərilmişdi. Münsiflər heyətinin tərkibində sərgiyə qatılan ölkələrin nümayəndələri təmsil olunsa da, onların öz ölkəsinin nümayəndəsinə səs verməyə ixtiyarı yox idi. Müsabiqədə birinci yerə layiq görülməyimə çox sevindim, ancaq müəyyən səbəblərə görə mükafatın təqdimetmə mərasiminə qatıla bilmədim".
N.Bəykişiyev bədii tərtibatın rejissorun fıkrini tamaşaçıya aydın çatdırmaq baxımından böyük önəm daşıdığını söyləyir: "Teatrda rəssam işi rejissorla tamaşaçı arasında körpü rolunu oynayır. Səhnə açılarkən tamaşaçı ilk olaraq rəssam işi ilə tanış olur. Əsərlə bağlı ilk təəssüratları tamaşaçı rəssamın yaradıcı təxəyyülə əsaslanan işindən alır. Səhnə tərtibatı sənəti həm də aktyorun öz obrazını yaratmasına çox kömək edir".
Hazırda teatr rəssamlığı ilə yanaşı, həm də Rəssamlıq Akademiyasında müəllim işləyən Nazim Bəykişiyev bu mürəkkəb sənəti gənclərə öyrətməkdən böyük zövq alır. Gənclərlə işləməyə böyük önəm verdiyini qeyd edən rəssam, həm də gözəl rəngkardır. Fərqli, bənzərsiz rəng duyumuna malik olan xalq rəssamı Nazim Bəykişiyev əsərlərində Abşeronu vəsf edir. "Əsərlərimin əsas mövzusu Abşeron mənzərələridir. Həmin mənzərələri rəngkarlıq əsərlərimdə əks etdirməyi sevirəm. Əsasən teatrda çalışdığımdan və buradakı işimin çoxluğundan rəngkarlığa kifayət qədər vaxt ayıra bilmirəm. Amma rəssam öz işinin vurğunudursa, hər cür şəraitdə işləməyi, yaratmağı bacarmalıdır. Biz öz rəssamlıq məktəbimizi kor-koranə şəkildə xaricdəki rəssamlarla, Almaniya, Fransa, İngiltərə rəssamlıq sənəti ilə müqayisə etməməliyik. Özəl xüsusiyyətlərimizi qorumalıyıq. Onda görərik ki, Azərbaycanın rəngkarlıq sənəti bu gün, mübaliğəsiz desək, elə dünya səviyyəsindədir".
N.Bəykişiyev ölkəmizdə son vaxtlar mədəniyyət sahəsinə ayrılan diqqəti yüksək qiymətləndirir. O, bu şəraitin mədəniyyətimizin dünyaya tanınmasında böyük rol oynayacağını söyləyir: "Ölkənin çətin maddi-iqtisadi vəziyyətində sənəti, sənətkarı qorumaq üçün görülən böyük işlər təqdirəlayiqdir. Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev teatr sənətimizin dünyaya çıxmasına böyük imkanlar yaradır. O, mədəniyyətə son dərəcə ciddi yanaşan bir insandır. Mən bir rəssam kimi artıq sənət sferasındakı irəliləyişləri, dəyişiklikləri hiss edirəm. Artıq teatrlarımızın çoxu təmir olunur. Bu, həm də bizim işlərimizin daha mükəmməl olmasına şərait yaratmaq deməkdir. Hörmətli prezidentimiz bu yaxınlarda rəssamlar üçün emalatxanaların tikilməsi və Müasir Təsviri Sənət Muzeyinin təşkil olunması ilə bağlı fərman imzalayıb. Bütün bunlar baş verən irəliləyişlərin göstəriciləridir".
Bu ilin payızında N.Bəykişiyevin yaradıcılıq nümunələrindən ibarət sərgi keçiriləcək: "Hazırda görkəmli rejissorumuz Azər Paşa Nemətovla birlikdə 10 Mart - Teatr Gününə həsr olunan sərgiyə hazırlaşırıq".
Rəssam yaratdığı əsərlərin bəzlərini dostlarına bağışlamaqdan zövq alır: "Üç il əvvəl şair Vaqif Bayatlı Öndərin portretini çəkib ona bağışlamışdım. O, hələ də söz düşəndə bu əsəri çox bəyəndiyini deyir. Məndə bir xüsusiyyət var ki, eyni mənzərəni dəfələrlə işləyirəm. Ancaq bunun rəngkarlıq ifadəsi hər dəfə müxtəlif formada alınır. Mən özüm Novxanıda anadan olmuşam. Yəqin bu səbəbdəndir ki, əsərlərimdə Abşeronu təsvir etməkdən doymuram". Rəngkarlıq əsərlərinin hər zaman müsbət enerji yayılmasını arzulayan N.Bəykişiyev artıq bu istəyinə nail olduğunu düşünür: "Çalışıram ki, əsərlərim tamaşaçılara müsbət enerji bəxş etsin, insanlarda sevinc hissi yaratsın. Hər zaman ümid edirəm ki, sabah daha yaxşı əsərlər yaradacağam. Əgər bu inam hissi olmasa, sənətkar yeni əsərlər yarada bilməz".
Zəhra
525-ci qəzet.- 2007.- 17 yanvar.- S. 7.



Nazim Bəykişiyev tələbələri ilə

Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...