TEATRO

TEATRO

sənət portalı

post-title

ADMİU-nun praktiki seminarından reportaj: Teatr məbəd deyil!

Yaşadığımız dövrün istehlak təcrübəsi onu göstərir ki, teatr sənəti piar məsələsinin təşkilinə xüsusilə maraq göstərməlidir! Əslində, bu üsulun tədbiqi məsələsi XXI əsrdə ağlımıza gələ biləcək hər növ maddi və mədəni təlabat növlərinin istehlakına yönəlib. Biz isə, təbii olaraq, bütün bu prosesləri və dövrün şərtlərini nəzərə alıb əminliklə deyirik ki, “Teatr sənəti də bu amildən, müəyyən mənada, öz payını alır və almalıdır!” Lakin bu məsələyə Azərbaycanın teatr mühiti kontekstindən yanaşanda asanlıqla görə bilərik ki, bizdə bu istiqamət hələ də arzu olunan səviyyəyə gəlib çatmayıb və elə bu səbəbdəndir ki, teatrlarımız get-gedə o bir ovuc tamaşaçılarını da itirməkdədir... Teatr cəmiyyətin nəbzini necə tutmalıdır? Buna istiqamətlənən piar işinin təşkili hansı yöndə aparılmalıdır? Onun əsas şərtləri nədən ibarətdir? 

Bu günlərdə sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Cəfərovun təşəbbüsü ilə bu suallar ətrafında müzakirə aparmaq üçün, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı və ADMİU-nun Teatr sənəti fakültəsinin Teatrşünaslıq ixtisası üzrə təhsil alan IV kurs tələbələri bir araya gəldi. Dəvətə görə təşəkkür edən Cavid Zeynallı teatrda piar işi, Akademik Milli Dram Teatrında mətbuatla əlaqələrin qurulması, bu sahədə mövcud olan problemlər və perspektivlər haqqında danışdı. 

Cavid Zeynallı: “Əgər haqqında danışdığımız mövzu ilə bağlı bir-birimizə qarşılıqlı olaraq fayda verə biləcəyiksə, nə xoş mənə. Məşhur bir deyim var, “Docendo discimus” yəni “öyrədərək öyrənirəm!”. Bu mənada, mənim üçün prosesin özündən çox, öyrənmək xoşdur. 

Cavanşir Qasımov: “Hal-hazırda bir çox ölkələrdə effektiv nəticələr verən teatr sistemləri mövcuddur. Məsələn, bu mənada Avstriyada “TheaterAllianz” adlı bir təşkilat var. Bu təşkilatın əsas işi ölkədə özəl teatrlar arasında müsabiqələr və festivallar təşkil etməkdən ibarətdir. Bu təşəbbüsün özü isə müəyyan mənada piar sistemini gücləndirən və teatrları rəqabətə sövq edən bir vasitədir. Bəs, mövcud vəziyyətdə, yəni Azərbaycanın teatr mühitində bu növ piar siyasətini həyata keçirmək və teatrları rəqabətə sövq etməklə bilavasitə onların inkişafını təmin etmək mümkündürmü?”

Cavid Zeynallı: “Əslində, mümkünsüz olan heç nə yoxdur. Yetər ki, istək olsun. Lakin deməliyəm ki, ümumiyyətlə istər Avropa, istər Amerika, istərsə də Uzaq Şərq ölkələri ilə müqayisə edilə biləcək teatr prosesimiz yoxdur. Nə yaradıcılıq sahəsində, nə də piar sahəsində... Mənə belə gəlir ki, biz özümüzü Türkiyə, ya da İran teatrları ilə müqayisə etsək, bizim üçün daha real görünə biləcək nəticələr alarıq, nəinki başqa ölkələrlə...

Ümumiyyətlə, piar məsələsində iki vacib amil var. Birincisi maliyyə dayanıqlılığı, ikincisi isə kadr məsələsi. Yəni əgər güclü kadr yoxdursa, maliyyə dəstəyi heç bir nəticə verməz. Yox, əgər Avropada təhsil almış güclü kadrlar varsa, maliyyə dəstəyi yoxdursa, yenə də o işin heç bir effekti olmayacaq. Yəni yaradıcılıq prosesində bu iki amil hər zaman vəhdət halında olmalıdır. Elə götürək Teatro.az saytını. Çünki hal-hazırda Teatro.az saytının mövcud olmağı çox gözəl bir hadisədir! Lakin biz başqa bir tərəfdən baxaq... Məsələn Elçin müəllim və yaxud siz, o saytı daha yaxşı görmək istəməzdinizmi? Əlbəttə istəyərdiniz... İstər onun maddi-texniki bazası olsun, istərsə də kadr məsələsi olsun, görün nə qədər mübahisəli və çatışmayan cəhətləri var? Əgər digər ölkələrdə yaşayan həmkarlarımız bilsəydilər ki, Azərbaycanda bir saytı saxlamaq və yaxud ki, hər hansı bir teatr jurnalı dərc etmək bu qədər çətindir, yəqin ki, bizə gülərdilər. Sözsüz ki, bu sənətdə fədailər də var. Lakin bu proses təkcə fədailər hesabına da çox gedə bilmir. Ona görə ki, hər kəsin yorulduğu, usandığı bir dönəm olur. Məsələn, hal-hazırda pandemiya ilə bağlı teatrlarda süstlük hökm sürür. Əgər sabah icazə verilsə ki, teatrlar açılsın, istər aktyorların praktiki məşqləri, istərsə də səhnə hazırlığı ilə bağlı, görün, nə qədər problemlər baş qaldıracaq? Bu mənada piar məsələsi də elə bu qəbildəndir. Əgər sabah teatrlar açılsa, biz teatra getməyə nə qədər maraqlı olacağıq? Dediyim kimi, əsas istəkdir. Ona görə ki, istək olandan sonra, hər cür inkişaf mümkündür”.

Elçin Cəfərov: “Mən tələbələrə hər zaman deyirəm ki, biz indiyə qədər ağlımıza gələ biləcək bütün mümkün variantları həyata keçirmişik. Yeni nəsil bizdən daha ağıllı və kreativdir. Çünki onlar bizim düşünə bilməyəcəyimiz məsələlər haqqında və başqa tərzdə düşünə bilirlər. Elə sosial media və PR baxımından bizimlə müqayisədə onların beyni daha aktiv və çevikdir. Bu mənada, gənclərin fikirləri mənim üçün həmişə maraqlı olub. Gənclərin fikirlərini diqqətlə dinləməyin tərəfdarıyam. Ona görə də tələbələrə müraciət edib sual vermək istərdim ki, sizcə, piar məsələsini necə qurmalıyıq? Siz bu barədə nə düşünürsünüz?”

Yeganə Şıxıyeva: “Mən daha çox məktəblərdə teatrların yetərincə təbliğ edilmədiyini düşünürəm. Bunu birinci kursda oxuyandan deyirəm. Çünki mən özüm ilk dəfə teatrın nə olduğunu doqquzuncu sinifdə oxuyanda bilmişəm. Məsələn, ibtidai siniflərdə bizə teatr haqqında hər hansı məlumat verilməyib. Məncə, məktəblərdə teatr haqqında təbliğat güclü olsaydı, indi teatrlara maraq daha çox olardı”.

Elçin Cəfərov: “Bizim “Məktəb və Teatr” adlı bir layihəmiz var idi. Əslində, burada əsas məsələ bilet satmaqla yox, məktəblərdə teatrın təbliği ilə bağlı idi. Lakin təhsil nazirliyinin teatrlara olan münasibəti soyuq olduğundan çox təəssüf ki, bu layihə baş tutmadı... Vidadi müəllim (AMEA Teatr, kino və televiziya şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov – red.) teatr fənninin məktəb proqramına salınması ilə bağlı rəsmi müaricət etmişdi. Əgər məktəblərdə musiqi və yaxud rəsm fənnləri tədris oluna bilirsə, yaxşı olardı ki, teatr fənni də tədris olunsun. Lakin, təəssüf ki, bu istəyimiz indiyə qədər gerçəkləşməyib və yaxın vaxtlarda gerçəkləşəcəyi də real görünmür. Bəs, sizcə, əlimizdə olan hansı imkanlardan istifadə edə bilərik?”

Zülfüqar Həsənli: “Mən bəzən “Mədəniyyət” kanalında teatr tamaşalarının göstərildiyini görürəm. Bəs, digər telekanallarla belə bir müqavilə bağlamaq olarmı ki, onlar müxtəlif saatlarda teatrların tamaşalarını, yaxud reklam çarxlarını nümayiş etdirsinlər?”

Cavid Zeynallı: “İcazə versəniz, mən bu suala cavab verərdim. Bu, əvvəla, televiziyaların mədəniyyətə olan indiki münasibətində real görünmür. Ona görə ki, bu gün teatr tamaşalarını “Mədəniyyət” kanalından başqa işıqlandıran bir kanal yoxdur. Hətta yadımdadır, mən bir vaxtlar araşdırma aparmışdım ki, televiziyada bir reklamın saniyəsi nə qədər pul edir? Və gördüm ki, sən demə, teatr haqqında adi reklamın yayımlanması üşün, haradasa, iki min manat vəsait lazımdır. Bununla da anladım ki, bizim öz imkanlarımızla teatrların reklamını təşkil etmək, demək olar ki, mümkün deyil. Əslində teatrın təbliği, sadəcə, reklam xarakterli olmamalıdır. Yəni Elçin müəllimin dediyi kimi, bu iş elə qurulmalıdır ki, biz teatrla cəmiyyətin maraqlarını uzlaşdıra bilək. Məsələn, bundan əvvəl televiziya işçiləri özlərinə bəraət qazandırmaq üçün bayağı verilişlərin daha çox izlənildiyini iddia edir və özlərini bu mənada, haqlı sayırdılar. Lakin çox yaxşı haldır ki, artıq vəziyyət xeyli dəyişib. Yəni, indiki halda insanlar özlərinə, ən azından, bu cür bəraət qazandırmağa utanırlar. Əslində, bu belə də olmalıdır. Çünki mədəniyyət o qədər mürəkkəb və ağrılı bir prosesdir ki, bu inkişaf tədricən olmalıdır. İnkişaf olduğu təqdirdə isə, artıq teatrların özlərinin televiziyalarda reklamına və yaxud kiminsə mərhəmətinə də ehtiyacı olmayacaq. Bunun üçün teatrların tamaşaları əlçatan olmalıdır. Yəni teatr indi özünü reklam etmək əvəzinə, cəmiyyətlə hesablaşmağa daha çox maraqlı olmalıdır. Çünki reallıq artıq onu göstərir ki, teatr məbəd deyil. Teatr indi biznes müəssəsidir! Teatrda heç kim ibadətlə məşğul olmur. Və teatrlar bununla barışmalıdır! Əgər bu olmasa, yəni teatrlar keçmişin o dəbdəbəsinə aludə olub qalarsa, nə indi, nə də gələcək üçün teatrların heç bir inkişafından və hətta varlığından belə söhbət gedə bilməz. 

Cavanşir Qasımov: “Hələ müzakirəmizin əvvəlində Cavid müəllim mənim verdiyim sualla bağlı qeyd etdi ki, bizim teatr prosesimiz hələ Avropa və yaxud da Uzaq Şərq ölkələrinin teatr standartlarına cavab vermir. İcazə versəydiniz, istərdim ki, coğrafi və səviyyə baxımından ölkəmizə yaxın olan ölkələrin teatr prosesindən danışım. Bildiyimiz kimi, indiki vəziyyətdə Azərbaycan teatrları pandemiya səbəbindən öz ənənəvi fəaliyyətini dayandırıb və biz belə bir situasiyada öz teatrlarımızı digər ölkələrin teatr prosesləri ilə heç cür müqayisə edə bilmərik. Lakin mən pandemiyadan əvvəlki dövrdə tək Avropa teatrları ilə deyil, həmçinin Türkiyə teatrları ilə də maraqlanırdım. Və mən heç vaxt görmədim ki, Eskişehir və yaxud Ankara teatrlarında tamaşanın başlanmasına iki-üç gün qalmış bilet tapmaq mümkün olsun. Lakin bizim teatrlarda belə hallarla yalnız premyera tamaşalarında rastlaşa bilərik. Yəni premyera tamaşalarını çıxmaq şərtilə, bizim teatrların salonlarında kifayət qədər boş yer tapmaq mümkündür. Bəs, sizcə, Eskişehir və Ankara Teatrlarının öz cəmiyyətlərində bu cür fövqalədə bir maraq yaratması və tamaşaya iki-üç gün qalmış öz salonlarını asanlıqla doldura bilməsi nədən irəli gəlir? Bu maraq, sadəcə, PR siyasətinin düzgün qurulması ilə bağlıdır? Əgər elədirsə, biz niyə bu sistemi tətbiq edə bilmirik?”

Cavid Zeynallı: “Mən düşünmürəm ki, bu piarla bağlıdır. Bu, əslində, həmin cəmiyyətin teatra olan münasibətinin göstəricisidir. Məsələn, mən İran cəmiyyətinin öz teatrlarına olan marağı haqqında tez tez eşidirdim ki, elə onlarda da tamaşaya iki-üç gün qalmış bilet tapmaq mümkün olmur. Həmçinin Rusiyanın böyük teatrlarında da bu belədir. Hətta mənə deyirdilər ki, İtaliyada nümayişə on beş gün qalmış belə tamaşaya bilet tapmaq mümkün olmur. Onlar bu sahənin industriyasını o qədər inkişaf etdiriblər ki, sözün həqiqi mənasında, “teatr məbəddir” anlayışından çıxıblar. Yəni belə cəmiyyətlərdə teatrların inkişaf prosesi ilə məşğul olan insanlar, teatrlara biznes mövqeyindən yanaşır və bunun nəticəsini görə bilirlər. Əgər biz bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaçı azlığından gileyləniriksə, bu teatrın hazırladığı məhsulun tamamilə keyfiyyətsiz olduğu mənasına da gəlmir. Əslində, səbəb tam olaraq bu deyil. Çünki bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında maraqlı tamaşalar da var. Sadəcə olaraq, bizim cəmiyyətimizdə bir çox insanların heç teatr haqqında anlayışı tam olaraq formalaşmayıb. Elə buna görə biz bəzən təbliğat məqsədilə özümüz də məktəblərə bilet göndəririk. Əslində, bu bir müddət belə olmalıdır ki, insanların teatr haqqında müəyyən təsəvvürləri olsun. Əgər buna nail ola bilsək, burada mətbuatın da, piarın da, teatrşünasların da böyük rolu olmuş olacaq. Əgər bu işi, həqiqətən, irəli apara bilsək, ondan sonra Türkiyə modeli, həmçinin Rusiya və yaxud Avropa təcrübəsi haqqında düşünə bilərik. Yəni ona görə də biz indi ilk olaraq qarşı-qarşıya qaldığımız problemin mahiyyətini dəyərləndirməliyik”.

Elçin Cəfərov: “Ən böyük problemlərimizdən biri də odur ki, biz həmişə keçmiş dövrlərin xiffətini çəkirik. Məsələn, bizə elə gəlir ki, Tofiq Kazımovun dönəmində hər şey əla idi. Tofiq müəllimə isə elə gəlirdi ki, Adil İsgəndərovun və həmçinin Adil müəllimə də elə gəlirdi ki, Hüseyn Ərəblinskinin zamanında hər şey əla olub. Məsələn, bu gün Hüseyn Ərəblinski yoxdur və olmalı da deyil. Çünki bu günün tələbi tamam başqadır. Bizim hazırda kifayət qədər istedadlı gənclərimiz var. Bugünün tamaşaçısı çox güman ki, Hüseyn Ərəblinskiyə baxmazdı. Necə deyərlər, hər dövranın öz aşiqi var. Bu normal bir prosesdir. Biz isə bu gün tənqid edə-edə, bəyənməyə-bəyənməyə, bəlkə də, tarixə çevriləcək bir teatr prosesinin bu və ya digər dərəcədə tərkib hissələriyik”.

Cavid Zeynallı: “Ələsgər Ələkbərov pafosu ilə indi teatr olmaz! İndi düşünürsən ki, məgər saatlarla biz o pafoslu ifalara baxa bilərdikmi? Məncə, yox, amma görürsən ki, öz dövrlərində onlara baxıblar və seviblər. Hər şey mühitdən asılıdır. Çünki bizim üçün maraqlı ola biləcək sənətkarları keçmiş deyil, indiki dövr yetişdirməlidir!”

Elvin Verdiyev: “İcazə versəydiniz, mən də öz fikrimi deyərdim. Bu gün biz görürük ki, dövlətin teatrlara təsiri güclüdür. Məsələn, maliyyə baxımından dövlətin teatrlara olan dəstəyi göz qabağındadır. Sizcə, əgər dövlət öz dəstəyini dayandırsa, teatrlar yaradıcılıq məsələsinə daha ciddi yanaşmazmı?”

Cavid Zeynallı: “Mən əvvala arzu etmirəm ki, dövlət öz əlini teatrın üzərindən çəksin. Əgər dövlət teatrın üzərindən əlini çəksə, teatr industriyasını çox ağır günlər gözləyər və biz teatrların bir-birinin ardınca bağlanmasının birmənalı şəkildə şahidi olarıq. Deyə bilərsiniz ki, bu bir müddət belə ola bilər və sonra teatr öz dişi-dırnağı ilə çalışıb tamaşalar hazırlayacaq, özü-özünü saxlayacaq və s. Lakin onu da qeyd edim ki, bu çox ağrılı və çətin bir proses olar. Hər nə qədər razılaşmasanız da, hesab edirəm ki, indiki vəziyyətdə dövlətin teatra maliyyə dəstəyi və diqqəti birmənalı şəkildə olmalıdır. Amma təbii ki, teatrlar da buna “ver yeyim, ört yatım, gözlə canım çıxmasın!” prinsipi ilə yanaşmamalıdır! Özünün təşəbbüskarlığı olmalıdır ki, ona verilən bu dəyərin əvəzini layiqincə qaytara bilsin. Bəlkə, on, ya da on beş ildən sonra teatrlarımız o qədər inkişaf edəcək ki, heç maliyyə dəstəyinə ehtiyacı olmayacaq. Amma indiki halda dövlətin teatrlara maliyyə dəstəyi göstərməyi, mənə elə gəlir ki, olduqca zəruri bir ehtiyacdır”.

Elçin Cəfərov: “İndiki dövrdə çoxlarında belə bir təsəvvür yaranıb ki, dövlət teatrın bütün maliyyə məsələsini öz üzərinə götürüb. Əslində, bu belə deyil. Çünki dövlət, sadəcə olaraq, teatra dotasiya verir ki, bu da teatrda çalışanların məvacibinin ödənilməsini nəzərdə tutut. Digər texniki məsələləri və xərcləri teatr özü qarşılamalıdır. Bəziləri isə elə düşünür ki, bizdə dövlət tərəfindən repertuarla bağlı hansısa senzura tədbiq edildiyi üçün teatrlar inkişaf etmir. Əslində isə Azərbayanda teatrların repertuarla bağlı sərbəstliyi var. Məgər dövlət teatrın rəhbərinə, rejissoruna deyir ki, köhnə, bu gün üçün heç bir aktuallıq kəsb etməyən əsərləri tamaşaya qoysun? Mən də düşünürəm ki, problem dövlətin teatra basqısında yox, teatrların məsul işçilərinin təşəbbüskar olmamasında, teatra SOBES münasibəti bəsləməsindədir”.
 
Etiraf etməliyik ki, bu məsələ yalnızca mətbuat katibinin həll edə biləcəyi qədər sadə deyil. Daha dəqiq desək, teatrlarımızın idarə anlayışı və bizim “hər şeyi bir nəfərin üzərinə yıxmaq” adətimiz, çox təəssüf ki, özünü teatr prosesində də göstərməkdir... Nəticə isə göz qabağındadır, köhnəlmiş teatr modeli dövrümüzün kapitalist gerçəklikləri ilə rəqabətə davam gətirmir.

 

Load Time (S) : 0.005704