TEATRO

TEATRO

sənət portalı

post-title

ADMİU-da “Toplum. Teatr. Psixologiya” mövzusunda konfrans keçirilib

Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetində “Toplum. Teatr. Psixologiya” mövzusunda tələbə elmi konfransı keçirilib. Ənənəvi olaraq, Teatr sənəti fakültəsinin Teatrşünaslıq kafedrası tərəfindən keçirilən konfrans bu il pandemiya ilə əlaqədar tətbiq edilən karantin səbəbindən onlayn təşkil olunub. 19 may 2021-ci il tarixində Microsoft Teams proqramı vasitəsilə baş tutan Konfransda  tələbə-teatrşünasların 10 məruzəsi dinlənilib.

 İlk məruzəçi III kurs tələbəsi Qönçə Firudinli (kurs rəhbəri Aydın Talıbzadə) “Sivilizasiya və teatr” mövzusunda çıxış edib.  Tələbə-teatrşünas qeyd edib ki, “Teatr sənətində olan bu günkü əksikliklərdən, yəni ya ixtisaslı kadrların azlığından, ya da emosiyaların yaxşı ötürülməməsindən dolayı toplum izləmə tələbatını televiziyadan alır. Təbii ki, teatrda ixtisaslı kadrların azlığı da kapitalizmin inkişafından irəli gəlir. Çünki, aktyorun maddi durumu oynayacağı səhnənin keyfiyyətindən asılıdır. Yəni bu zaman onu izləyicilərin məmnuniyyəti o qədər də maraqlandırmır. Sivilizasiyanın inkişafının teatra müsbət təsir edən amillərindən biri də budur ki, yeni-yeni cərəyanlar yaranır”.

Növbəti məruzəçi II kurs tələbəsi Leyla Hüseynzadə (kurs rəhbəri Vidadi Qafarov) olub. O, “A.N.Ostrovskinin dramaturgiyasında ailə cəmiyyətin modeli kimi” mövzusu ilə konfrans iştirakçılarının qarşısına çıxıb. Məruzəçi öz çıxışına Teodor Fontanedən sitatla başlayıb: “Teodor Fontane deyirdi ki, “başqalarının həyatından dərs almağı bacaran insan xoşbəxtdir”. Dramaturqları bu baxımdan xoşbəxt insan hesab edirəm. Çünki, onlar başqalarının həyatından dərs almaqla yanaşı, şahid olduqları hadisələri yazıya köçürüb digər insanların da dərs almasına kömək etmiş olurlar”.

 Daha sonra III kurs tələbəsi Emil Aslanov (kurs rəhbəri Aydın Talıbzadə) “Müasir gəncliyin qavrayış dinamikası və teatr” mövzusunda çıxış edərək teatrımızı yeniliyə səsləyib: “Gənclər niyə teatrı gəlmir və ya sevmir? Biz bu gün müasir gənclikdən bəhs edərkən teatrın müasirliyə açıq olmadığını qeyd etməliyik. Avropa teatrına nəzər saldıqda  müasir qurğular, hətta səhnədə real yağış təsviri, reala bənzər monitor görüntüləri gəncləri teatra cəlb edə bilir. Müasir gəncin düşüncəsini teatr yansıda bilsə, gənclər daha çox teatra maraq göstərər və bu məqamda teatrın da  boynuna böyük yük düşür - dəyişmək, yeniliyə doğru”.

 “A.P.Çexovun “Qağayı” pyesində şəxsiyyət və cəmiyyət problemi” mövzusunda çıxış edən II kurs tələbəsi Ayişə Salmanova (kurs rəhbəri Vidadi Qafarov) da  maraqlı fikirlər irəli sürüb: “Cəmiyyət – insanların dünyasıdır. İnsan bu dünyada doğulur, burada yaşayır, inkişaf edir, şəxsiyyətə çevrilir. Onun vasitəsilə müəyyən bilikləri, dəyərləri, davranış normalarını və s. mənimsəyir. İctimai həyatda insan fəaliyyətin müxtəlif növlərinə qoşulur, ətrafdakılarla qarşılıqlı təsirdə olur, müəyyən sosial mövqe qazanır. Ən əsası, cəmiyyət insanların psixologiyasına ciddi təsir göstərir”.

II kurs tələbəsi Suray Ömərova (kurs rəhbəri Aydın Talıbzadə)“Psixodram ictimai-sosial təzahür kimi” adlı məruzə ilə çıxış edib. “Moreno öz ifadəsini kortəbii yaradıcılıqda tapan çox yüksək səviyyəli bir varlığa inanır. Bu varlıq sayəsində insan özünü Tanrı ilə tanıtmağa meyillidir. Bu daha çox mütləq spontan yaradıcılıq kimi qiymətləndirilir. Kortəbii yaradıcılq insanda nüvə kimi mövcuddur, yalnız insan onu azad edə bilər. Morenonun psixodram və sosiodram üsulları, insanların bu spontan yaradıcılıq səviyyəsinə çatmasına kömək edir. Morenoya görə, spontan yaradıcılıqda azadlığa, azadlığa mane ola biləcək bütün psixo–sosial elementləri zərərsizləşdirməklə nail olmaq olar. Bundan sonra bir növ sosial katarsis gələcək ki, insanlar arasındakı münasibətlərin həqiqi  təbiətinə qovuşacaq və insanların bütün yaradıcılıq qabiliyyətləri azad ediləcəkdir.  

Psixodram indi teatrdan aldığını teatra verir, teatrdan qaynaqlanır və teatrın xidmətinə özünəməxsus bir metod kimi təqdim edir. Bu metod ifaçıya, aktyora gündəlik emosiyalarla və travmatik  xatirələrlə necə təhlükəsiz işləməyi öyrədir. İfaçı qəhrəmanın subyektlivliyindən faydalanır, səhnədəki lazımi duyğuları üzə çıxarır və gerçəkliyi kəşf edir”.       

II kurs tələbəsi Milana Orucova (kurs rəhbəri Vidadi Qafarov) “Cəfər Cabbarlı yaradıcılığında qadın yeni cəmiyyət ideyasının daşıyıcısı kimi” adlı məruzəsində böyük dramaturqun yaratdığı qadın qəhrəmanların ictimai şüurumuza gətirdiyi yeniliklərdən bəhs edib: “Cabbarlının əsərlərində, bir növ, cəhalətin hökm sürdüyü köhnə quruluşun iflası nəticəsində onu yeni quruluş, yeni cəmiyyət, yeni insan əvəz edir. Savadsız adlandırılan qadınlar heç nədən qorxmayaraq tərəqqi etmək, müstəqil olmaq uğrunda mübarizə aparırlar”.

I kurs tələbəsi Günel Balayeva (kurs rəhbəri Elçin Cəfərov) konfrans iştirakçılarını “Teatr - azadlığın təntənəsi” mövzusu ətrafında düşüncələri ilə tanış edib: “Zaman keçdikcə teatra münasibətdə cəmiyyət iki qrupa bölündü: bir tərəfdə teatra əmək verən, onu hər şəkildə ayaqda saxlamağa çalışan teatr sevdalıları, digər tərəfdə ona ehtiyacı olmağına baxmayaraq, teatra dəyər verməyə tənbəllik edən cəmiyyət…

Teatr barədə çox danışılıb, çox yazılıb. Müxtəlif zamanlarda fərqli coğrafiyalarda yaşayan adamlar bu sənətə müxtəlif təriflər veriblər. Hərə öz gördüyünü, ya duyduğunu, ya da eşitdiyini söyləyir.... Mənim isə “Teatr nədir?” sualına bugünkü cavabım belə olardı: - Teatr Azadlığın təntənəsidir... Mənəvi azadlığın təntənəsi...’’

Növbəti məruzəçi III kurs tələbəsi Leyli Qurbanova (kurs rəhbəri Aydın Talıbzadə) “Çağdaş teatr eksperimentləri” mövzusunda fikirlərini bölüşüb: “Teatr tarixinə nəzr salsaq, görərik ki, ənənəvi teatr yaratmaq üçün iyerarxik bir metod mövcuddur. Yəni, yazıçı pyes yazır, rejissor onu səhnə üçün şərh edir, aktyorlarsa ifa edir. Təcrübəçilər isə bunu dəyişdirməyə çalışdılar. Və aktyorları yaradıcı sənətkar kimi görməyə, onlara daha çox şərh və yaradıcılıq azadlığı verməyə başladılar. Qərb teatrında, 19-cu əsrin sonlarında, eksperiment teatrı kimi tanınan bir sıra müxtəlif teatr üslubları meydana çıxdı”.

“A.P.Çexovun “Albalı bağı” sakinlərinin xoşbəxtlik qayğıları” mövzusu ilə çıxış edən II kurs tələbəsi Nigar Əsədovanın (kurs rəhbəri Vidadi Qafarov) fikrincə: “Xoşbəxtlik.... bu mübahisəli mövzudur. Ümumiyyətlə, xoşbəxtlik hər kəs üçün fərqli anlayışdır. Axınla getməklə, yəni palaza bürünüb ellə sürünməklə xoşbəxt olmaq olmaz. Xoşbəxtlik üçün mübarizə aparılmalıdır. Çexovun da əsərdə göstərməyə çalışdığı budur. Yəni, bütün həyatımız boyu xoşbəxtliyin bizi tapacağını gözləyərək xoşbəxt ola bilmərik. Nəyisə əldə etmək üçün girəcəyimiz o yolun təkcə sonunda deyil, qət etdiyimiz yolun özündə də xoşbəxtliyi tapa bilərik. Əgər yolculuğa başlaya bilsək...”

Konfranın sonuncu məruzəçisi olan II kurs tələbəsi Arzu Qəmbərova (kurs rəhbəri Vidadi Qafarov) “M.F.Axundzadənin “Hekayəti müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadukuni-məşhur” komediyasında iki mühitin qarşıdurması” mövsusunu açmağa şalışıb: “Dramaturq Hatəmxan ağanın apardığı müqayisə ilə təkcə azərbaycanlılarla fransızları müqayisə etmir, o həmçinin iki mühiti, Qərblə Şərqi fərqləndirir. Məstəli şah buradakı qadınları aldada bilir, amma Paris qadınlarını aldada biməz. Çünki bu qadınlar tam fərqli mühitə aiddirlər. Müsyö Jordan da bu mühitin insanı deyil. O, ağıllı və müasir fikirli olması ilə seçilir. Buna görə də o, Şərəfnisə xanımın, Hatəmxan ağanın və Parisə getməyə çalışan Şahbaz bəyin də sevgisini qazanır”.

Məruzələrdən sonra I kurs tələbəsi Fatimə Qurbanzadə (kurs rəhbəri Elçin Cəfərov) də öz fikirlərini konfrans iştirakçıları ilə bölüşüb: “Əgər teatr bu gün yaşayırsa, fasiləsiz inkişafdadırsa, deməli onun cari problemləri ilə bağlı düşünmək olar. Teatr sadəcə tikili deyil! Divarları arasında aktyorların ruhu yaşamayan, gülüş və göz yaşlarından kənarda qalan hər hansı memarlıq abidəsi hələ Teatr deyil! Teatr üzünü keçmişə və gələcəyə tutur...

...Teatr insanlar üzərində təsir yaratmalıdır, bəlkə də mənəvi məktəb rolunu və ya paklasdıgımiz məbəd rolunu oynamalıdır. Amma ən əsası, tamaşaya baxan insan ən azından müəyyən zaman kəsiyində onun təsiri altında olmalıdır. Hər hansı bir romanı oxuyarkən biz bir anlıq özümüzü o romandakı qəhrəman kimi hiss edirik. Necə ki, Servantesin Don Kixotu cəngavərlik romanlarının təsirinə düşmüşdü. Eynilə biz də teatrın təsirinə düşməliyik. Amma teatr əvvəlcə bizi o təsir dairəsinə salmağı bacarmalıdır...” 

Konfrans Universitetin professor-müəllim heyətinin fəal iştirak etdiyi müzakirə şəraitində keçib. Müzakirələrdə çıxış edən professorlar Məryəm Əlizadə, İlham Rəhimli, Aydın Talıbzadə, dosent Vidadi Qafarov, sənətşünaslıq üzrə fəlsəfə doktorları Fəridə Cəlilova, Elçin Cəfərov və başqaları tələbələrin məruzələri ilə bağlı öz fikir və tövsiyyələrini bildirib, konfransın elmi-praktiki əhəmiyyətini xüsusi vurğulayıblar. Teatrşünas-alimlər belə elmi konfransların tələbələrin teatr sənətininə qarşı maraqlarının artırılmasında, onların elmi-tədqiqatlara cəlb olunmasında böyük rol oynadığını qeyd ediblər. 


 

Load Time (S) : 0.005755