TEATRO

TEATRO

sənət portalı

post-title

ADMİU-da çağdaş teatra həsr olunan tələbə elmi konfransı keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Çağdaş teatr dövr və sənətlərin sintezi paradiqmasında” mövzusunda tələbə elmi konfransı keçirilib.

Hər il ənənəvi olaraq Teatr sənəti fakültəsinin Teatrşünaslıq kafedrası tərəfindən təşkil edilən və əsasən III kurs tələbə-teatrşünasların qatıldığı konfransda bu il başqa fakültə və kurslardan olan tələbələr də iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Teatrşünaslıq kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Aydın Talıbzadə qeyd edib ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyi münasibəti ilə “ADMİU 99+” layihəsi çərçivəsində keçirilən konfransın “Çağdaş teatr dövr və sənətlərin sintezi paradiqmasında” mövzusuna həsr edilməsində məqsəd, incəsənətin demək olar ki, bütün sahələri üzrə mütəxəssislər hazırlayan ADMİU-nun digər fakültələrində təhsil alan tələbələri də vahid elmi problem ətrafında düşünməyə və münasibət bildirməyə cəlb etmək, eyni zamanda, fənlərarası inteqrasiyaya çalışmaqdır. Konfransın hədəflərindən biri də, elmə maraq göstərən tələbələrin həvəsləndirilməsinə və tədqiqatçılıq vərdişlərinə yiyələnməsinə vəsilə olmaqdır.

İlk məruzəçi Rəssamlıq fakültəsinin sənətşünaslıq ixtisası üzrə III kurs tələbəsi Cavidan Zeynalov (müəllim-dosent Aslan Xəlilov) “Çağdaş Azərbaycan teatr rəssamlığı” mövzusunda çıxış etdi. Məruzəçi vurğuladı ki, “Çağdaş dönəmdə çoxsaylı teatrların yaranması, müxtəlif qayəli teatr ideyaları meydana gətirdi ki, bu da səhnəqrafiyanın qarşısında fərqli vəzifələr qoydu. Yeni minilliyin əvvəllərindən etibarən məkanın sadələşdirilməsi prinsipi səhnəqrafiyanın əsas kompozisiya keyfiyyətlərindən birinə çevrildi və zahirən sadə formalara müraciət artdı. Simvolikaya kəskin meyil olundu, rəssam və rejissorlarda quruluşun vizual təcəssümündən daha çox fəlsəfi-psixoloji tutuma və təsirə meyl yarandı”.

Növbəti məruzəçi Musiqi sənəti fakültəsinin etnomusiqişünaslıq ixtisası üzrə II kurs magistrantı Sevil Ələkbərova (müəllim-professor Kamilə Dadaşzadə) “İnstrumental teatr incəsənət növləri sintezinin təzahürü kimi” mövzusu ilə konfrans iştirakçılarının qarşısına çıxdı. O, qeyd etdi ki, “İnstrumental teatrda bütün hadisələr səhnədə baş verir və partiturada onların hər biri qeyd olunur. Bununla belə, musiqili ifa növləri ilə yanaşı (xor, vokal və instrumental teatr) instrumental teatr musiqili aksiyanizmi və ya Qərb musiqiologiya termininə görə "musiqili-hərəkət" adlandırılan “action-music” formalaşdırır”.

Daha sonra Teatr sənəti fakültəsinin teatrşünaslıq ixtisası üzrə II kurs tələbəsi Fatimə Qurbanzadənin (müəllim-sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Cəfərov) “Dünyanın ilk cinayəti din, fəlsəfə və incəsənətin sintezi müstəvisində’’ mövzusunda məruzəsi dinlənildi. “İnsanmı Tanrını yaratdı, yoxsa Tanrımı insanı” sualına cavab axtaran məruzəçi bunun üçün Artur Millerin və Bayronun dinlə bağlı fəlsəfi pyeslərinə müraciət edərək Bayronun İblis və Tanrı obrazı ilə Millerin İblis və Tanrı obrazı arasındakı oxşar və fərqli cəhətləri tapmağa çalışdı. F.Qurbanzadə qeyd etdi ki, “Ateizm tərəfdarlarının fikrincə, Tanrı bizi yaxşı insan olmaq üçün yaratmış olsaydı, azad iradə verməzdi. Amma mənim fikrimcə, anlamlı bir azadlıqla yaxşılığı seçə bilməyimiz üçün pisliyə icazə vermiş ola bilər. Azad iradə tanrının varlığını şübhə altına almadan pislik alqısını izah etməyimizə imkan yaratmış olar”.

“Teatrın çağdaş sənətlər sistemində yeri” mövzusunda çıxış edən Teatr sənəti fakültəsinin teatrşünalıq ixtisası üzrə III kurs tələbəsi Nigar Əsədova (müəllim-dosent Vidadi Qafarov) bildirdi ki, “ölkəmizdə günü-gündən inkişaf edən informasiya cəmiyyəti, yüksək texnologiyalar, incəsənətin digər növləri ilə yaranmış rəqabət şəraiti teatr sənətinin də qarşısına yeni tələblər qoyur. İnsanların maraqlarını daha çox cəlb edən əyləncələrin mövcud olduğu dövrdə teatrı lazımsız əşya kimi kənarda qalmaq təklükəsindən uzaqlaşdırmaq üçün, onun sintetik və canlı sənət növü kimi üstünlüklərindən istifadə etmək, dövrlə ayaqlaşmasına, müasirləşməsinə çalışmaq lazımdır”.

Rəssamlıq fakültəsinin sənətşünaslıq ixtisası üzrə III kurs tələbəsi Lalə Həsənzadənin (müəllim-dosent Aslan Xəlilov) “Rəşid Şerif yaradıcılığında teatr-dekorasiya sənəti’’  mövzusunda çıxışı da maraqla qarşılandı. Məruzəçi yarandığı gündən Yuğ teatrının baş rəssamı olmuş, Əməkdar rəssam Rəşid Şerifin (Rəşid Həsənov) yaradıcılıq bioqrafiyasını iştirakçıların diqqətinə çatdıraraq, slaydların nümayişi ilə onun səhnə tərtibatı verdiyi tamaşalardan bəhs etdi.

Teatr sənəti fakültəsinin teatrşünalıq ixtisası üzrə III kurs tələbəsi Arzu Qənbərova (müəllim-dosent Vidadi Qafarov) “Tamaşaçı problemi çağdaş cəmiyyətdə sosial-mənəvi durumun aynası kimi” movzusunda çıxış etdi. Məruzəçi öz çıxışında günümüz üçün aktual suallar qoyaraq onlara cavab axtarmağa çalışdı: “Tamaşaçı problemi çağdaş cəmiyyətdə sosial-mənəvi durumun aynası olub nəyi göstərir? Əvvəl teatrlara üz tutan insanların, indi teatrdan uzaq düşməsinin səbəbi nədir? Maddi durum,  onların həyatında baş verən problemlər,   yoxsa, teatrın tamaşaçıları özünə cəzb edə bilməməsi? Sözsüz ki, bu səbəblərin hər birinin tamaşaçı probleminin yaranmasında rolu var. Kimisi teatrlara vaxt ayıra bilmir, kimisi  büdcə ayıra bilmir, kimisini də teatrın mövcud durumu, bədii səviyyəsi, repertuarı qane etmir və o, teatra getmir”. 

Konfransın sonuncu məruzəçisi Teatr sənəti fakültəsinin teatrşünalıq ixtisası üzrə II kurs tələbəsi Minaxanım Qurbanova (müəllim-sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Cəfərov) oldu. “Çağdaş teatr və texnologiyalar” mövzusunda çıxış edən tələbə-teatrşünas məruzəsini dünya teatr məkanında səhnəyə qoyulmuş məşhur əsərlərdən nümunələr üzərində quraraq maraqlı mülahizələr səsləndirdi. Məruzəçi vurğuladı ki, “Zamanla ayaqlaşa bilmək üçün teatr ya özü texnologiyanı istehsal etməli, ya da mövcud texnologiyaları öz varlığının bir parçasına çevirməlidir. Təbii ki, dünyada bu cür yanaşmalar mövcuddur və bu sənətkarların işini maraqlı edən odur ki, onlar yeni texnologiyalarla dəyişən insanlar və onların dəyişən qavrayışlarını nəzərə alaraq teatrın inkişaf yönünü müəyyənləşdirməyə çalışırlar”.

Müzakirələrdə çıxış edən professorlar Məryəm Əlizadə, Aydın Talıbzadə, Əli Əmirli, Teatr sənəti fakültəsinin dekanı, dosent Ellada Hüseynova, dosent Vidadi Qafarov, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Cəfərov və b. məruzələrlə bağlı fikirlərini, irad və tövsiyyələrini iştirakçıların diqqətinə çatdırdılar.

Sonda tədbirə yekun vuran Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadə belə elmi konfransların keçirilməsinin tələbələrin inkişafı, onların elmi bilik və təcrübə qazanması yolunda geniş imkanlar açdığını vurğulayaraq, bu ənənənin qorunması və davam etdirilməsinin vacibliyini qeyd etdi və tələbələrə gələcək fəaliyyətində uğurlar arzuladı.

Load Time (S) : 0.004674