TEATRO

TEATRO

sənət portalı

post-title

Abdulla Elşadlı: "Lazım olanda aktyoram, lazım olanda rejissor"

(S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru Abdulla Elşadlı ilə müsahibə)

 

Vüsalə İbrahimli: Abdulla Elşadlı kimdir?

Abdulla Elşadlı: Abdulla Elşadlı öz məktəbinə, məşğul olduğu sənətə və vətəninə sadiq bir adam. Əsas da məktəbinə, yəni, ideologiyaya sadiq biriyəm. Fərqi yoxdur səhvdir, düzdür, ideologiyanı sevirəm. Hətta səhv tərəflərimi görsəm də, yenə o səhvə bəraət qazandırıram, onun özündə düzünü tapıram. İdeologiya da Vaxtanqov məktəbidir. Stanislavski sisteminə, Vaxtanqov məktəbinə sadiq biriyəm və mən belə daha xoşbəxtəm. Bir işlə məşğulamsa, onu axıra qədər edəcək biriyəm, nəticə nə olacaq, fərqi yoxdur. Abdulla Elşadlını belə tanıyıblar, belə tanıtmışam. Daha doğrusu, qəsdən belə tanıtmamışam, elə bu cürəm.

V.İ.: Hazırda Rus Dram Teatrında aktyor ştatında çalışırsız. Olduğunuz yerdən razısız?

A.E.: Çox. Rusiyadan gələndə mənə iki teatr təklif etdilər, Gənc Tamaşaçılar Teatrı və Akademik Milli Dram Teatrı. Qrup yoldaşlarımdan da GTT-da çalışanlar var idi. Mikayıl Əliyev və Bəhruz Əliyev. Onlar təhsilini davam etdirmək üçün Rusiyaya getməli oldular. Mən Rus Dram Teatrını seçdim. Səbəbini də deyim, rus dilini bildiymə görə yox, mən bu dildə düşünmürəm, Azərbaycan dilində düşünürəm, yazıram, tamaşa qururam, mütaliə edirəm.

Mənə çox adam sual verdi ki, nəyə görə Rus Dramanı seçdim. Mənə bu sənəti rus dilində öyrədiblər, ən birinci səbəbi budur. Yəni bu sənətdən danışanda avtomatik rus dilindən azərbaycan dilinə tərcümə gedir. Çünki təməl rus dilində qoyulub, Gürcüstanda da təhsilimi rus dilində almışam. Bilirsiz, bir də ənənə məsələsi var, teatrda ənənə. Mən düşündüm və sonra da şahidi oldum ki, Akademik Rus Dram Teatrında ənənə var. Orada bir tamaşa yaxşı, digəri pis ola bilər, tamaşaların keyfiyyətinin fərqi yoxdur. Əsas orada yaşamaq məsələsidir. Teatrı evin kimi seçirsənsə və oranın rəhbərliyini böyüyün kimi görürsənsə, deməli, orada ənənə var. Mən demirəm digər teatrlarda ənənə yoxdur. Sadəcə, ənənəsi mənə yaxın olan teatr buradır. Direktorumuz Ədalət Hacıyev çox böyük dəstək olur mənə. Baş rejissor Aleksandr Şarovski, direktor müavini Valentina Musayevna mənə çox dəstək olanlardandır. Lənkəran Teatrında tamaşa qurmağa getməyim üçün Ədalət müəllim şərait yaratdı, Valentina xanım əlaqə saxlayırdı mənimlə, işlərin necə getdiyi ilə maraqlanır, məsləhətlər verirdi. Eləcə də teatrın aktyorları: Fuad Osmanov, Səidə xanım, İlkin Mehdiyev. Rus Dram Teatrından narazı olmağım üçün bir səbəb yoxdur.

V.İ.: Janr etibarı ilə özünüzü daha çox hansı tamaşalarda görürsüz?

A.E.: Aktyor kimi?

V.İ.: Bəli.

A.E.: Janr aktyoru yoxdur, var təklif olunmuş vəziyyət. Yəni, sənə hansı təklif olunmuş vəziyyət daha yaxındır. Baxır, rejissor səni hansı rolda görür. Amma belə ümumi deyim, universitetdə oxuyanda daha çox mənə deyirdilər tragikomediya janrına uyğunam, baxmayaraq ki, sevmirəm bu janrı. Amma mən heç vaxt başa düşə bilməmişəm aktyorun hansısa janra uyğun olmağı nə deməkdir. Çünki yenə deyirəm, birinci sualın cavabı, Abdulla Elşadlı kimdir? Məktəbimizə sadiq biri. Təpədən-dırnağa, iliyimə qədər yeriyib Vaxtanqovun sözü ki, “aktyor üçün janr yoxdur, təklif olunmuş vəziyyət var”. Yaxşı və pis aktyorun fərqi məşq zamanı bilinir. Bu və ya digər təklif olunmuş vəziyyətdə yaxşı aktyorun obrazın məqsədinə çatması üçün vasitələri çox olur, pis aktyorun isə olmur. Olsa da çox az və primitiv olur, səhnədə ancaq söz deyir və rejissorun verdiyi mizanları yerinə yetirir.

İnstitutda mən diplom tamaşasında Otellonu oynamışam. Digər diplom tamaşasında, “Ezop”da Ksanfı canlandırmışam. Komik roldur, tragikomediya var. Ümumiyyətlə, hər komik obrazın bir faciəsi var. Komediya nədir? Tamaşaçılarla baş verməyən faciədir və ona görə gülməlidir. “Qafqaz tabaşir dairəsi” diplom  tamaşasında altı epizod oynamışam və altısı da komik rol olub. Desəz ki, obrazlar hansı janra aid idi, onu bilmirəm, təklif olunmuş vəziyyət hara aparırdısa o idi.

V.İ.: Abdulla Elşadlının sənət sahəsində  kumiri varmı?

A.E.: Var. Amma kumir dəyişir. Düzdür, görməmişik, amma mənim üçün kumir Vaxtanqovdur. Rejissor kimi kumirim Rimas Tuminasdır. Aktyor kimi çox adamın adını sadalaya bilərəm, buna görə də aktyor kimi kumir seçmirəm. Mənə verilir təklif olunmuş vəziyyət və mən onu oynayıram bu baxımdan kumirim yoxdur. Amma tələbəlik vaxtlarında var idi: Royen Atkinson, Lyü de Fünes möhtəşəm aktyorlardır.

V.İ.: Aktyor təhsili ilə bərabər, rejissor təhsilinizvar. Lənkəran Dövlət Dram Teatrında da iki tamaşaya quruluş vermisiz. Həm öz fəaliyyətiniz, eyni zamanda, bu gün Azərbaycanda yetişməkdə olan gənc rejissor nəsli haqqında nə deyə bilərsiz?

A.E.: Mən deyə bilərəm ki, kimləri rejissor kimi qəbul edirəm. Onlar haqqında fikrim ancaq belə ola bilər. Nihad Qulamzadə yetərincə perspektivli rejissordur, Ümid Abbas Nihani, Mirzə Nicat, Emil Bakuvi, Anar Babalı - mənim ilk müəllimim. Çox təəssüf ki, teatrla məşğul olmur, kino sahəsindədir, məşğul olsaydı, bəlkə də indi ən yaxşı teatr rejissorlarından biri olardı - Asiman Ağa Rövşən. Mən teatrın vətənində təhsil alıb gəlmişəm, amma bəzən elə hallar olurdu ki, Asimanla məsləhətləşirdim. Bilmirəm o hazırkı situasiya ilə barışmır, ya meyli daha çox kinoyadır, amma onu bilirəm ki, teatr sahəsi ilə məşğul olsaydı, çox böyük rejissor ola bilərdi. Gənc rejissorlarda bir neçə məqamdan narazıyam. Mən qatı formalistəm, ağlıma forma gəlməsə tamaşanı qurmağa başlamıram. Amma forma məzmundan doğmalıdır, Vaxtanqovun dediyi məsələ, məzmunu aç, forma özü gələcək. Bax, narahat olduğum budur, əsəri təhlil etmirlər. Digər bir məqam, hər bir sənətin dili olduğu kimi teatrın da dili var. Bəzi gənc həmkarlarımla, xüsusən aktyorlarla ünsiyyətdə olduqda, görürəm ki, öz dilimizdə danışmırlar, mücərrəd sözlər istifadə edirlər. Bir həmkarımdan belə bir söz eşitmişdim, səhv etmirəmsə “ruhun ezoterikası” demişdi, ya da buna bənzər nəsə. Soruşdum ki, mənası nədir, çox primitiv cavab verdi və ona da bunu müəllimi deyib. Demirəm biz də bütün terminləri əzbərləyək, amma sənətimizin dili var. Ola bilər Stanislavskini, Vaxtanqovu qəbul etmirsiz. Amma İlham Rəhimlinin balaca bir kitabı var, səhnə texnikasını Azərbaycan dilinə tərcümə edib və o kitabı çox bəyənirəm. Gəlin özümüzün tərcüməsini istifadə edək, əsas odur ki, hamı bir dildə danışsın, o zaman toplum olur, sənət yaranır. Ayr-ayrılıqda çox gözəl rejissorlarımız var, lakin biz sənət toplumu yarada bilməmişik. Həmin bu problem indi də gənclərlə aramızda var. Ayrı-ayrılıqda uğurluyuq, amma bir yerə toplaşa bilmirik.

Lənkəran Dövlət Dram Teatrına gəldikdə isə ora mənim üçün “Odisseya”dır. Çünki təhsilimi başa vurub gələndən sonra ilk dəfə pedaqoq kimi iki ustad dərsim o teatrda olub. Azərbaycanda yeganə teatrdır ki, baş rejissor da, direktor da rejissordur. Hər ikisi yaradıcı insandır. Bu baxımdan onlar bilirlər teatr nədir və həyata keçirdikləri layhələrlə teatrı qorumağı bacarırlar.

Lənkəran teatrı hazırda Bakı teatrlarına meydan oxuyacaq səviyyəyə gəlib çatıb. Baxmayaraq ki, özüm paytaxt teatrında fəliyyət göstərirəm, amma bunu çəkinmədən deyirəm. Anar müəllim (Anar Babalı-V.İ.) mənə Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir?” əsərini təklif edəndə əvvəlcə biraz tərəddüd etdim. Demək olar ki, bir aya yaxın əsəri təkrar-təkrar oxuyurdum və Anar müəllimə bildirirdim ki, burada qurulacaq nəsə yoxdur, lakin o dedi yox, bunu quracaqsan. Mənim üçün əsas forma və ilk mizanı tapmaqdır, bunlar ağla gəlirsə, demək ki, tamaşanı artıq qurmaq olar. Nəhayət tapdım, adından tapdım. Qeyd edim ki, bu, müəllif tamaşasıdır, hətta afişada da belə yazılır: “Abdulla Elşadlı, Müqəssir” və altından qeyd olunur: “Əbdürrəhim bəy Haqverdiyev, Mixail Bulqakov, Səbuhi İmanovun və Quran mətnləri əsasında hazırlanıb”. Ə.Haqverdiyevdən demək olar ki, əsər-əlamət yoxdur, bəzi dialoqlar var, sadəcə. Bir aydan sonra dedim ki, Anar müəllim, formanı tapmışam və hazırlayıram tamaşanı, amma adı “Müqəssir” olacaq. O isə məsləhət gördü ki, Ə.Haqverdiyevin digər əsərlərin də oxuyum, əsas da “Xortdanın cəhənnəm məktubları”nı. Mən yenə də iradımı bildirdim, sonra başa düşdüm ki, Haqverdiyev boş-boşuna yazmazdı “kimdir müqəssir?”, o, dahidir.

V.İ.: Festivallarda da aktyor işinizdən çox rejissor işinizi görmüşəm. Dramatugiya ilə də məşğul olursunuz. Sizin üçün daha çox hansı yöndə uğur qazanmaq vacibdir? Ya elə də əhəmiyyəti yoxdu bunun, deyirsiz, hər bir halda nəticə Abdullanındır?

A.E.: Harda lazımamsa, ordayam. Rejissor kimi, aktyor kimi. Amma özümü dramaturq hesab etmirəm. Mən dramaturq deyiləm, cəmi 5-6 pyesim var. Sadəcə, ağlıma təklif olunmuş hadisə, bir süjet gəlir və deyirəm ki, elə özüm yazım. Çünki mənə dramaturgiyanı öyrədiblər. Yazmağı yox ha, dramaturgiyanın qanunlarını. Bizdə elə bir ixtisas yox idi ki, yazmağı öyrətsinlər, sadəcə, qanunları öyrədiblər. Yəni, mən özümü dramaturq saymıram. Düzdür, Füzuli Teatrında qurulub pyesim. İndi təzəsini başlayıram yazmağa. Özüm quracağam. Bəyənsələr, birini də Nicat Mirzə quracaq. Təzə pyesdir.  

O ki qaldı mənə, lazım olanda aktyoram, lazım olanda rejissor. Deyə bilmərəm ki, hansı mənim üçün daha önəmlidir. İkisi də önəmlidir. Çünki yaxşı rejissor dahi aktyordur, bu qanundur. Mümkün deyil ki, sən yaxşı rejissor olasan, amma aktyor kimi zəif olasan. Qətiyyən, mümkün deyil. Ustadım Levitskiy Andrey Yuryeviç deyirdi ki, sizin rejissor kimi aktyora stop deməyə haqqınız olmalıdır. Yəni aktyor səhv edəndə haqqın olmalıdır ki, deyəsən dayan. Aktyor desin ki, hə dayandım. Sən gəl göstər, necə etmək lazımdır? Sən çıxacaqsan və aktyordan pis göstərəcəksənsə, rejissura ilə məşğul olub biabır etmə özünü, yoxsa aktyorların zəif olacaq həmişə. Rejissuranı göstərən aktyordur, rejissorun bütün vasitələrini o  göstərir. Əsas dil vasitəsidir. Rejissura nədir? Mizan. Mizan rejissuranın dilidir. Ümumiyyətlə teatra münasibət, ətraf aləmə münasibət, vətənə münasibət hamısı mizanla göstərilir. Bunu isə göstərən aktyordur. Sən aktyorun dilini bilmirsənsə, məşğul olma bu sənətlə.

V.İ.: Abdulla Elşadlının sənətdə əsas məqsədi nədir?

A.E.: Əsas məqsədim məktəb yaratmaq. İncəsənət universitetindən Teatr sənəti fakültəsi çıxmalıdır, ayrıca teatr məktəbi olmalıdır. Bir dəfə rejissorlardan biri dedi ki, teatrla necə məşğul olmaq lazımdırsa, elə teatrşünaslar bilir. Festivalı da teatrşünaslar keçirir, seminarları da onlar təşkil edir. Teatrşünaslar özləri təşkil edir, danışır, açılışı, bağlanışı da özləri edirlər. Bilirsiniz nəyə görə, çünki danışmaq lazım olduqda, biz danışa bilmirik, problemimiz sənətimiz haqqında danışa bilməməyimizdir. Gənclərdən gedir söhbət, de ki, dayanmadan bir rejissor 3 saat çıxış etsin, danışa bilməyəcək. Buna görə də teatrşünaslar özləri danışır və özləri eşidirlər hər şeyi. B.Şukin adına Teatr insitutunun modulunu tam tətbiq etmək mümkün deyil, çünki orada Rusiya, slavyan pisxologiyası, xristianlıq fəlsəfəsi var. Amma 50 faizini, heç olmasa, 50 də yox, 10 faizini gətirə, tətbiq edə bilsək, yaxşı olar. Adi bir məqamı deyəcəm, bəlkə də absurd səslənəcək, amma 4 il ərzində biz institutda eyni geyinirdik. Təkcə bunu gətirə bilsək, bu çox şeyi dəyişər. Bu o deməkdir ki, öyrənmə zamanı individuallıq yoxdur. Saç düzümünə qədər hamıda, demək olar ki, eyni idi. Əsgər rejimi var idi. Eyni zamanda çox bəyəndiyim, IV kurslara I kurslar xidmət edirdi, tamaşa zamanı biz onların dekorasiyaların qururduq, kofe gətirirdik, tamaşada geyinəcək ayaqqabılarını təmizləyirdik, qızlar geyimlərini ütüləyirdi və bu, çətin şəraitdə sağ qalmağı öyrətdi bizə. Bizim institutun tələbələrindən birini göndərin teatra, o hər bir işin öhdəsindən gələcək. Ən zəifi belə, ən azından səhnə maşinistliyini bacaracaq. Çünki diplomumuzda səhnə maşinistliyindən qiymətimiz var. Biz tam rəssam kimi olmasa da, eskiz çəkə bilirik, səhnəni tam yığıb-sökə bilirik. Mən hələ ideal məqamlardan danışmıram, primitiv olanları sadalayıram. Məqsədim o pedaqoqikanı tətbiq etməkdir.

Oxuyub qayıdanda Aydın müəllim (Aydın Talıbzadə-V.İ.) mənə dedi ki, oğlum, mənə danışdıqlarını, göstərdiklərinin hamısını yaz da. İndi bilmirəm bunu oxuyacaq ya yox, amma deyim ki, Aydın müəllim, başlamışam yazmağa. Bilmirəm, kimə nə qədər lazım olacaq və oxuyacaqlar, hər halda yazıram bu kitabı.

Əsas hədəfim yaxşı aktyor, rejissor olmaq deyil, zatən hamı yaxşı rejissor olmaq istəyir. Elçin müəllimin (Elçin Cəfərov-V.İ) bir sözü var, təsəvvür edin, bir nəfər deyir ki, pis rejissor olmaq istəyirəm (gülürük). Sadəcə, hazırda mənim şəraitim olmadığı üçün, bununla məşğulam.

V.İ.: Hansı əsəri səhnəyə qoymaq, hansı obrazı canlandırmaq ən böyük xəyalınızdır?

A.E.: Çoxdur canlandırmaq istədiyim obraz, ən çox hansıdır deməyim, çünki,  gedəcəm axşam evdə bir yeni pyes oxuyacam, deyəcəm bunu da oynamaq istəyirəm, bunu demədim. Ostrovskinin “Cehizsiz qız” əsərindəki Karandışev ən çox canlandırmaq istədiyim obrazlardandır. Çünki mənim psixofizikama yaxın adamdır. Onu necə oynamaq lazımdır, bilirəm. Rejissor uzaq başı mənə mizan verəcək. Bir az sərt dedim. Təbii ki, stilistika məsələsi var. Mən desəm ki, bilirəm Karandışevi necə oynamaq lazımdır və bunu kimsə  eşitsə ki, Abdulla belə deyib, o zaman deyəcək bu savadsızdır və sual verər ki, sən nə bilirsən rejissor necə quracaq? Mən onun psixologiyasını bilirəm. Psixologiyasını dəyişmək mümkün deyil. Təbii ki, yenə deyirəm, rejissor düşüncəsi başqadır, dəyişə bilər. Kim necə istəsə, elə də qurur və dəyişir. Bəlkə rejissor ümumiyyətlə deyəcək ki, mən Karandışevı qadın görürəm, ya da onu gey edəcək. Bilmirəm. Amma çox güman və çox təəssüf ki, Azərbaycanda o klassik üslubda qurular. Yəni, Karandışevi oynamaq istərdim. Səhnə əsərinə gəldikdə isə Leonid Andreyevin "Şeytanın məktubları''nı ("Şeytanın gündəliyi"-red.) qurmaq istərdim. Ümumiyyətlə, Andreyevin bütün pyeslərini qurmaq istərdim. Moskvada qrup yoldaşımın atası, Aleksandr Minkin var,  böyük teatrşünasdır, Çexovun "Qağayı" pyesini təhlil edib. Pdf-i  təxminən 1000 səhifədir. Adı "Qağayı yumurtası"dır. Adından da görünür o, yumurta kimi açıb və rüşeymlərini təhlil edib pyesin, çox maraqlı təhlildir.  Həmin teatrşünas təhlilindən tamaşa qurmaq istəyərəm, elə adı da olacaq “Qağayı yumurtası”. Həmçinin “Qağayı” əsərinin orijinalını qurmaq istəyərəm. Bilmirəm, necə qəbul edərlər, bu sözüm bəlkə də avantüradır. Amma Hüseyn Cavidin "Peyğəmbər"ni qurmaq istəyirəm. Qurulmayıb heç vaxt. Ola bilsin ki, avantürist yanaşmasıdır. Niyə məhz Peyğəmbər? Kim oynayacaq Peyğəmbəri? Bilmirəm. Amma qurmaq istəyirəm, özü də meydanda, səhnədə yox.

V.İ.: Bir ara yutub platformunda da layihələriniz var idi. Bu layihənin davam etdirilməsi nəzərdə tutulub?

A.E.: Tələb olsa, bəli. Azərbaycanda dəqiqliyi ilə teatr haqqında nəzəri verilişdir. (Televiziyada ilk nəzəri verilişləri hələ 1970-ci illərdə Mehdi Məmmədov edib – red.). Səhnə Tv-də Elçin Hacı var, “1 Səhnə” prodüser mərkəzinin  həm direktoru, həm də aktyorudur. O, təklif etdi ki, nə edə bilərik, mən də ağlımda olan formatı dedim. Hətta eşitdiyimə görə İncəsənət universitetinin müəllimləri verlişin linkini tələbələrə dərs vəsaiti kimi göndərirmişlər. Sonra vaxt çatdırmadığım üçün Səhnə Tv-dən çıxmalı oldum və veriliş dayandı. Amma sonra biz bəzi kanallara müraciət etdik, göstərdik, dedilər ki, bura əyləncə də qatın, müğənnilər də gəlib oxusunlar arada, mən yox dedim, onlar da qəbul etmədilər. Dedilər buna heç kəs baxmayacaq, onsuz da, hazırda tv-yə heç kəs baxmır. Mən özüm də çox şeyə telefonda baxıram. Bu səbəbdən hələ ki o verliş dayanıb. Teatro.az portalından sonra Azərbaycanın ilk teatr kanalı da yaranıb, "1873" kanalı. Bilirsiz, bütün məqamların əvvəlində pul dayanır. Səhnə Tv-də teatr emalatxanasını görmüsüz də, orada studiyanı düzəltmək üçün 3400 azn pul xərcləndi, orada görünənlərin hamısına bu qədər xərc çıxdı, amma yenə də istədiyim kimi olmamışdı. Bir də, verilişin ömrü əvvəlcədən təyin olunur və o uzun ömürlü verliş deyildi. Çünki biz hər buraxılışda bir insandan  danışırdıq, son verliş “Ruhun hikmətləri” oldu, Vaqif İbrahimoğlu haqqında danışmışdıq. Layihə 10-15 buraxılışdan sonra avtomatik bağlanacaqdı, çünki haqqında öyrəniləcək adamların sayı çox deyil.

V.İ.: Azərbaycan teatrı haqqında hansı düşüncədəsiz?

A.E.: Son 10 ilin Azərbaycan teatrı haqqında danışa bilərəm, çünki ondan əvvəli barədə haqqım yoxdu danışam. Biz Azərbaycan teatrının yüksəlişə doğru gedən yoluna gəlib çatmışıq. Bizdən əvvəlkilər, sənətkarlarımız 2 şirvana teatrda qalıb, işləyiblər, buna görə biz Allahımıza şükür etməliyik. Mən Rus Dram Teatrna gələndən sonra maaşım 700 azn-ə yaxın oldu. Amma 2019-cü ildən öncə orada maaş elə deyildi. Xalq artistləri 280 azn maaş alırdı. Bu baxımdan son 10 ildə Azərbaycan teatrında çatışmayan təhsilsizlikdir. Aktyorla danışırsan, İncəsənət universitetini bitirib, magistratura pilləsində təhsilini davam etdirir, bizim studiyaya gəlirdi. Mən də bir tamaşa hazırlamaq istəyirdim. Teatr Xadimləri İttifaqında Azər Paşa müəllim, Hacı İsmayılov şərait də yaratmışdı bunun üçün. Amma hazırlamadım. Səbəbini də deyim, mən həmişə danışanda aktyorların üzünə baxmıram, bir nöqtəyə köklənirəm danışıram-danışıram və bitirəndən sonra  başımı qaldırdım ki,  aktyor mənə çox qəribə baxır, anladım ki, danışdıqlarımı başa düşmür. Deyirəm, intertekstuallıq, qağayı, Hamlet, başa düşmürsən? Deyir, intertekstuallıq nədir? Magistraturada oxuyur, heç olmasa termin kimi bilməlidir. Baxdım ki, aktyor anlamır danışdıqlarımı, buna görə də dedim hazırlamıram, küsdüm.  Çünki gördüm nə “Qağayı”nı, nə də “Hamlet”i oxuyub bu adam. Çox təəssüf ki, Azərbaycan teatrının son 10 ilində savadsızlıq baş alıb gedir. İnsanlarla danışmaq maraqlı deyil, ünsiyyət zamanı görürsən ki, öz-özünə danışırsan, sadəcə, qulaq asırlar amma eşitmirlər adamı, baxır amma görmür. Mənə teatrda ən çox maraqlı olan iki nəfər var, həmişə onlarla söhbət edirəm. Çox sevirəm rəssamlar və teatrşünaslarla söhbət etməyi.

V.İ.: Bölgə teatrlarının bir qismi ilə sıx əməkdaşlıq əlaqələriniz, həm tamaşalar, həm master-klaslar çərçivəsində işbirliyiniz olub. Bölgə teatrları haqqında nə deyə bilərsiniz? 

A.E.: Hal-hazırda bölgə teatrları içərisində yaxşı səviyyədə olan iki teatr var. Bunlardan biri Şəki teatrıdır. Heç bir əməkdaşlığım olmayıb, amma görürəm necə səviyyədə olduğunu. Digər ən üzdə olanı isə Lənkəran teatrıdır, çünki hara gedirsən, o teatrın adı  çəkilir. Yenə təkrar edim, çünki Lənkəran teatrında rəhbərin ikisi də rejissordur, yaradıcı adamdır. O teatrın ənənəsi var, 1891-ci ildən yaranmış teatrdır və möhkəm kökləri var. Lənkəran teatrının Qabil Quliyevi, Əbulfəz Axundovu var. Yeni rəhbərlik sayəsində teatr 1-2 ilə daha da yaxşı səviyyəyə qalxacaq. Bölgə teatrlarılarının problemləri də var. Nədir problem? Bölgə teatrlarında təhsilsiz aktyorlar var, gənclərdən gedir söhbət. Bu baxımdan Lənkəran və Şəki teatrını bağışlamaq olar, çünki, ora aktyor olmaq üçün gələn hər kəsi Qabil Quliyev, Əbülfəz Axundov, İntiqam Hacılı, Anar Babalı ətrafına yığıb, onları aktyor edir. Fərqi nədir, gərək universitetə gələsən? Eyni dərsi keçirlər orda da. Eyni formada da Şəki teatrı, baş rejissoru Mirbala Səlimli B.Şukin adına teatr məktəbini bitirib, Vaxtanqovçudur, o da öz teatrında tələbələrini yetişdirir. Vəziyyət Füzuli teatrında yaxşı deyil, orada təhsilli aktyor ümumiyyətlə yoxdur. Nicat Mirzə  Füzuli teatrına getdi və yaxşı səviyyəyə qaldırdı oranı, hazırda o teatr Nicat Mirzənin adı ilə tanınır. Füzuli teatrı 4.4 QTF-da, ikisində də özünü çox yaxşı göstərdi. Eyni formada Qazax teatrı da, bəlkə 1-2 təhsilli aktyoru olar. Olmamışam orda, sadəcə bilirəm ki, yoxdur. İncəsənət universitetini bitirən tələbə isə bölgəyə işləmək üçün getmək istəmir. Səbəbini soruşanda deyir maaş azdır, düz də deyir. Nəticədə bölgə teatrlarında ixtisaslı kadrlar çatışmır. Gərək maaşlar qaldırılsın ki, gedən olsun, yoxsa kimisə məcbur etmək olmaz.

V.İ.: Bir neçə seriala çəkilmisiniz, Azərbaycanda serialları necə qiymətləndirirsiniz?

A.E.: Cəmi 2 seriala çəkilmişəm. Birində Elvin Rüstəmzadə dəvət etdi, onun təklifi ilə “Simurq” serialına çəkildim. Amma kamera qarşısında ilk təcrübəm “Storyboard” qısametrajlı filmi ilə olub. Onu da Elvin Rüstəmzadə ilə birlikdə ərsəyə gətirmişdik. Digər serial isə Emil Quliyevin çəkdiyi “Körpü” serialı olub. Seriallar haqqında başqa fikir deyə bilmərəm. Yəqin hələ haqqım yoxdur, ona görə. Sözün açığı seriallara baxmıram. Heç birinə.

V.İ.: Yeni mövsümdən hansı işlər gözlənilir?

A.E.: Lənkəran Dövlət Dram Teatrında quruluş verdiyim “Müqəssir” və “Bu da axırı” tamaşalarının premyerası olacaq. Sonra əgər qismət olsa, planda öz yazdığım “Puç” pyesini  qurmaq var. Onu hələ yazıram, bitirməmişəm. Başqa planlar da var, amma vəziyyət elədir ki, onları hələ ki açıqlamaq olmaz. 

V.İ.: Uğur olsun!

A.E.: Təşəkkür edirəm!

 

Müsahibəni götürdü: Vüsalə İbrahimli

Load Time (S) : 0.004899