TEATRO

TEATRO

sənət portalı

post-title

90-cı mövludun qutlu olsun, doğma teatr!

Dekabrın 7-si Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının nə az, nə çox, düz 90 yaşı tamam oldu. Bu 90 ildə keşməkeşli, məşəqqətli, sevincli, kədərli, zəngin repertuarlı bir yaradıcılıq yolu keçən teatrın dünəninə və bu gününə nəzər salaq. 

Keçmişə səyahət....

1923-cü ildən başlayaraq, indiki Səttərxan adına zavodda və bir sıra digər müəssisələrdə, uşaq evlərində pioner təşkilatları fəaliyyətə başlayır və onların nəzdində dram dərnəkləri yaradılır. Dənizçilər klubunun 40 saylı pioner dəstəsinin özfəaliyyət dərnəyi daha fəal görünməyə başlayır. Müəyyən fəaliyyət dövründən sonra dərnəyə məktəbli Ağadadaş Qurbanov rejissor təyin olunur. 15 mart 1928-ci ildə dərnəyin üzvləri pioner dəstə rəhbəri Lətif Kərimovun “Fırtına” pyesini tamaşaya hazırlayırlar. Bu tamaşanın iştirakçıları sonradan ömürlərini teatr və kino sənətinə bağlayaraq şöhrətli yaradıcılıq yolu keçən Muxtar Dadaşov, Məmmədağa Dadaşov, Kərim Həsənov, Cəvahir İskəndərova, Yusif Dadaşov və başqaları idi. Beləliklə, 1928-ci il 5 oktyabrda Xalq Maarif Komissarlığının qərarı ilə Bakı Uşaq Teatrının rus bölməsi yaradıldır. 1929-cu ildə teatrın Azərbaycan bölməsini yaratmaq üçün müsabiqə elan edilir. Noyabrda yekunlaşan müsabiqəyə iyirmi üç nəfər teatr həvəskarı qəbul edilir. Teatr ilk dəfə pərdələrini 30 yanvar 1930-cu ildə Mustafa Mərdanov və Rza Təhmasib tərəfindən tərcümə olunmuş “Qırmızı qalstuk əleyhinə” tamaşası ilə açır. 

Gənc kollektiv binasızlıqdan da, maddi təminatsızlıqdan ziyadə pyes sarıdan korluq çəkirdi. Buna görə də truppanın yeniyetmə aktyorları özləri kiçikhəcmli dramlar yazıb tamaşa hazırlayırdılar. Və nəhayət, 1936-cı iyun ayının   18-də Xalq Maarif Komissarlığının əmri ilə dolğun repertuar yarada bilmiş kollektivə Gənc Tamaşaçılar Teatrı adı verildi. 1936-cı ildə Moskvada rejissorluq fakültəsini başa vuran Məhərrəm Haşımov teatrın baş rejissoru təyin olundu. Məhərrəm Haşımov teatrın hər iki bölməsində V.Lyubimovanın “Seryoja Streltsov” əsərini müvəffəqiyyətlə tamaşaya hazırladı. 1937-ci ildə görkəmli uşaq yazıçısı Abdulla Şaiq ədəbi hissə müdiri təyin olundu. Otuzuncu illərdən başlayaraq bir-birinin ardınca Abdulla Şaiqin “Xasay”, “Eloğlu”, “Fitnə”, Mirmehdi Seyidzadənin “Qızılquş”, “Nərgiz”, Əyyub Abbasovun “Azad”, “Məlikməmməd” pyesləri tamaşaya qoyuldu. 1940-cı ilin noyabr ayında teatr Moskvada keçirilən Sovet Uşaq Teatrlarının I Ümumittifaq baxışında iştirak edərək, Rusiya teatr ictimaiyyəti və digər iştirakçı ölkə nümayəndələri tərəfindən böyük hərarətlə qarşılandı. Kollektiv bu nüfuzlu tədbirdə Sabit Rəhman və Adil İskəndərovun “Partizan Məmməd”, Əliməmməd Atayev və Əhməd Əhmədovun “Seyran” pyesləri əsasında hazırlanmış tamaşalarını təqdim etdi. 

Müharibə illərində əzmkarlıqla, sənətə olan sevgiylə fəaliyyətini davam etdirən teatr 1952-ci ili yeni binada qarşıladı. Teatrın 50-ci illərdəki fəaliyyəti, xüsusilə Y.Əzimzadənin “Anacan”, “Aprel səhəri”, R.İsmayılovun “İki həyat”, M.Təhmasibin “Çiçəkli dağ”, Ə.Abbasovun “Aqil və Sərvinaz”, rus bölməsində isə “Pavlik Morozov”, “Sombrero”, “Valya Kotik”, “Polad üzük” kimi əsərlərin səhnə taleyi uğurlu oldu. 1954-cü il fevral ayının 28-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 25 illik yubileyi təntənəli surətdə qeyd olundu. Yubiley günlərində Azərbaycanda Uşaq və Gənclər teatrının yaranması və inkişafındakı xidmətlərinə görə M.Haşımov, Ə.Ağayev və A.Qurbanov Respublikanın xalq artisti, dramaturq Ə.Abbasov, rejissor Z.Nemətov, rəssam N.Ovçinnikov Azərbaycan SSR Əməkdar incəsənət xadimi, rejissor K.Həsənov, artistlərdən M.Dadaşov, Y.Dadaşov, S.Ələsgərov, C.İskəndərova, A.Lejnyov, A.Lızina Əməkdar artist fəxri adı ilə təltif olundu. 

Hazırda fəaliyyət göstərdiyi binanın qapılarını Gənc Tamaşaçılar Teatrının kollektivi sevimli auditoriyasının üzünə 1989-cu ildə açdı. Teatr qatıldığı festivallardan heç vədə əliboş qayıtmayıb, qucaq dolusu sevgi ilə, müxtəlif mükafatlarla alnı açıq vətənə dönüb. Teatrın tarixinə nəzər saldıqda qəlbində daima sənət sevgisi olan insanların yorulmadan çalışdığının, öyrəndiklərini öyrətməyə can atdığının, teatrın yaşaması üçün əllərindən gələni əsirgəmədiklərinin şahidi oluruq. 

90 yaşlı teatr

Bu il Gənc Tamaşaçılar Teatrının 90 yaşı tamam oldu. Dekabrın 7-si bu məbəddə keçirilən təntənəli yubiley mərasimini giriş sözü ilə açan Mədəniyyət naziri Əbülfəs Qarayev də teatrın keçdiyi məşəqqətli yoldan söz açdı, kollektivə uğurlar arzuladı. Ardınca rejissor V.Əsədovun quruluşunda hazırlanan təntənəli gecə başlandı. Əvvəlcə nümayiş olunan videoçarx seyrçiləri teatrın yaranma tarixindən bu günə qədər səyahətə çıxardı. Ardınca səhnənin ortasından üzü maskalı, ağ libaslı aktyor xəfif hərəkətlərlə göydən yerə endi. Bu nədir? Bu teatrdır, maska - teatrı ehtiva edir, teatr ləkə götürmür, teatr pakdır, teatr əlçatmazdır onu anlayan üçün. Teatr bir məbəddir. Aktyor və akrtisalar gəldiyi kimi pak göyə qalxaraq qeyb oldu. Ardınca gurultulu musiqi sədaları altında Kukla Teatrının nəzdində fəaliyyət göstərən Oyuq teatr studiyasının balaca istedadlıları ilə birlikdə Gənc Tamaşaçılar Teatrının bütün aktyor heyəti səhnədə mahnı oxuyub şənləndilər. 

Anidən sükuta qapılan səhnədə tamaşaçılar ard-arda bir-birini əvəzləyən tamaşaların sehrinə düşürlər. Bir tərəfdən Aydın Gültəkinlə Dövlət bəyin hüzurunda görüşür, ardınca Şeyx Sənan sevgisi yolunda hər şeydən keçir, Pəri cadu alovlu qiyafəsindən yelləncəklə səhnəyə enib Qurbanın fikirlərini alt-üst edəndən sonra Hüseyn Cavidin “Ana”sı övladının qatilini qovub bəddualar edir. Sonradan vətən mövzusuna həsr olunmuş tamaşalardan parçalar göstərilir. Bir balaca sehirli lampadan çıxan Cinin məharətin göstərib, yenidən Ana qazın əziyyətini yaşadırlar. Sonda yeri sevgiyə verirlər. Axı, deyirlər, dünyanı sevgi xilas edəcək. Cülyettası qarşısında sevgidən danışan Romeo, ardınca Humayla Cəlalın nakam sevgisindən bir səhnə... Sarıköynəklə Valehin şıltaq zarafatlarını Leyli və Məcnunun fəryadı pozur. Bir-birinə dəlilər kimi aşıq olub, həsrətdən yanan sevgililər göz yaşları içərisində cümlə-cahanı unudub tamaşadan bir parçanı səsləndirib ağlayırlar. “Bremen musiqiçiləri”nin şən musiqilərindən sonra hamının dəli adlandırdığı Don Kixot səhnəyə gələrək bu sözlərlə bayramın yekun notlarını vurur: “Bir azdan pərdələr bağlanacaq və hamı çıxıb gedəcək evinə, bu bina da tək qalacaq, işıqlar da sönəcək, hə? Eybi yox, hər şeyin bir sonu olmalıdır, axı. Gün bitməli, gecə düşməlidir ki, sabah yenidən açılsın. Bu bayram bitdisə, qoy, bitsin. Sabah yeni bir mübarizə, növbəti bir qələbə gözləyir bizi. Axı səhnə elə həmişə bayramdır”. 

Hər teatra nəsib olmur, seyrçilərini daim maraqlı repertuarla ilgiləndirə bilsin. Hər teatra nəsib olmur, 90 il şərəflə yaşaya bilsin və hər teatra nəsib olmur, kollektivi hər yaşda cavan qalsın...

Bu teatrla tanışlığın tam 8 il öncəyə təsadüf edir. Bu illər ərzində hansı tamaşasını izlədimsə, aktyorların, aktrisaların üzündə ancaq sevgi gördüm. Yorğunluğa, həyati problemlərə baxmayarq, heç vaxt  qapısına gəlmiş seyrçisini naümid yola salmadı Gənc Tamaşaçılar Teatrı. Bəzən ağladılar, bizi də ağlatdılar, bəzən güldülər, güldürdülər, təccübləndirib, gərgin vəziyyətə saldılar, sevgini yaşatdılar, əcinnələr diyarına səyahətə apardılar, “yatmış gözəl”i oyatdılar, gəlinciyi dindirdilər, vətən uğrunda əsgər yola salıb, əsirlərimizin halına acıdılar, Məcnuna dəli deyib, Gövhərtacı zorla ərə verdilər, Şeyx Sənanı dindən döndərib, “dəlixanada qətl” törətməkdən çəkinmədilər, “Tıq-tıq xanım”a dost axtardılar, sehirli çıraqdan cin çıxartdılar, “ana qaz”ı öldürüb sonra xeyirin gözünü şərə çıxartdılar, Çimnaz xanımı yuxuya verib, “qırmızı papağ”ı meşəyə yola saldılar, gündəlikləri məhv edib, “buzovna kəndinin əhvalatları”ndan danışdılar, müharibədən gəlmiş qocaya “hasarın o üzü”ndən “İtalyansayağı xoşbəxtlik”i göstərdilər, “Sarıköynəklə Valehin nağılı”nı “kontrabas”da “sözsüz” ifa etdilər, “Yarımçıq qalmış arzular”ı “ünvansız qatar”la yola saldılar.  Bütün bu sehirli aləmdə usanmadan, çəkinmədən bütün sevgilərini seyrçilərə ötürərək oynadılar, oyanayaraq yaşadılar, yaşayaraq yaşatdılar, yaşadaraq inandırdılar. İnandırdılar ki, yenə də teatra gələk. 

90-cı mövludun qutlu olsun, doğma teatr!

Load Time (S) : 0.004365