TEATRO

TEATRO

sənət portalı

post-title

65 sadəcə rəqəmdir...

         Haqqında söz açdığımız insanın həyatında rəqəmlər yalnız şərti xarakter daşıyıb. Həmişə!

Əslində, onun bütün məqamlarla bağlı özünün ölçü meyarları mövcuddur, hansı ki, həm şəxsiyyətinin, həm də həyat tərzinin formalaşmasında özəl rol oynayıb.

O, zahirən zəhmiylə cəlb edən və daxilən körpə uşaq kimi kövrək bir insandır. İllər onu öz tərəfinə çəkə bilməyib, əksinə, rəqibinə çevirib! Çünki həyatının mənasına çevrilən seçdiyi yola fədakarcasına bağlanmağı bacarıb. O, ruhuyla qoruduğu sənəti özündən uca tutub. Sənətin isə yaşı olmur! O sevilirsə... demək, daim yenidir və əbədidir.

Bu gün 65 illik yubileyini qeyd etdiyimiz qəhrəmanımız sevdiyi, seçdiyi, içində addım-addım böyüyüb bu günə çatdırdığı peşəni daima hörmətli edən və aktuallığını itirməyə imkan verməyən ümumxalq sevgi hədəfinə çevrilmiş bənzərsiz sənətkar, YUĞ Teatrının aparıcı aktyoru, ADMİU-nun “Səhnə danışığı” kafedrasının müdiri, Azərbaycan Respublikasının Xalq artisti, professor Məmməd Səfadır.

Gəlin, onun haqqında dəyərli insanların düşüncələrini eşidək.

Vaqif İbrahimoğlu

Əməkdar incəsənət xadimi, YUĞ teatrının qurucusu

Bir rejissor olaraq məndən ötrü yaradıcılıqda Məmməd Səfa bir sənətçi-insan kimi səmimiyyətin, ləyaqətin və mənəviyyatın lakmus kağızı və ya məhək daşıdır. O mətləblər ki, Məmməd Səfanın özəl “ekspertiza”sından keçdi, demək hamısı xalis və safdır. Vay o gündən ki, nəzərdə tutduğum mətləblər Səfanın süzgəcindən keçmədi...

(2010-cu il)

Məryəm Əlizadə
Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor

       Mənim teatrşünas kimi formalaşmağım, böyüməyim bilavasitə Məmməd Səfanın aktyor kimi formalaşması ilə üst-üstə düşür. Mən onu Tədris teatrında diplom tamaşasında bir aktyor kimi görüb seçmişəm və onun gənc, istedadlı, maraqlı, perspektivli aktyor səviyyəsindən bugünkü ustad sənətçi səviyyəsinə qədər yüksəlişini səngimək bilməyən peşəkar maraqla izləmişəm. Onun peşəkarlığının roldan-rola dəyişməsi, püxtələşməsi, cilalanması mənim teatrşünas düşüncəmi, təsəvvürlərimi, tərcihlərimi və qənaitlərimi də mərhələ-mərhələ dəyişdirdi.

Hər an dəyişən dünyada bir yerdə durmayan, dəyişən, hər yeni keyfiyyətində maraqlı olan, düşüncəmə qida verən Məmməd Səfanı izləmək mənim də elmi düşüncəmin dəyişməyinə güclü stimul verirdi. Amma dəyişməyən bir məqam var: diplom tamaşasında gördüyüm, tanıdığım, ünsiyyətdə olduğum Məmməd Səfa gənc yaşlarında necə ləyaqətli, ciddi, məsuliyyətli idisə, bu gün də belədir. Və mən “dəyişən və dəyişməyən” Məmməd Səfanın bugünkü uğurlarını görüb sevinəndə anlayıram ki, onun bənzərsizliyi məhz güclü, fitri, insani keyfiyyətlərindən qaynaqlanır.

 

Kamal Abdulla
Xalq yazıçısı, Əməkdar elm xadimi, akademik

Məmməd Səfa çox böyük sənətkardır. Və şadam ki, o, mənim də əsərlərimdə iştirak edib. Mən ona möhkəm can sağlığı və işlərində müvəffəqiyyətlər arzu edirəm.

 

Afaq Məsud
Xalq yazıçısı

Qıyqacı, qaynar gözlərinin dərinliyində açılan növbənöv dibsiz uçurumlara, günün müəyyən məqamları hansısa ayrı zaman ölçüləri ilə işaran üzünə, bəbirvari çəkisiz plastikasına görə çox sevdiyim istedadlı aktyorumuz Məmməd Səfanın səsi səsinin içi ilə sirli duman axıntısıyla sızıb ətrafa yayılan qəribə, sönük tüstü, bu qorxmaz, diribaş insanın içində nə vaxtsa, hansısa uzaq, əfsanəvi keçmişlərdə qalanan qədim, qorxunc ocaqlardan... bu ocaqlarda diri-diri yandırılan cəsur insanlardan xəbər verir...

 

Fuad Poladov
Xalq artisti

Biz Məmməd Səfa ilə iyirmi il öncə Tofiq Tağızadənin çəkdiyi “Köpək” filmində görüşdük və tərəf müqabili olduq. Elə o vaxtdan mən Məmməd Səfanın işə münasibətinin ciddiliyinin şahidi oldum. Və bu günə qədər də mən onun yaradıcılığını böyük maraqla izləyirəm. Onun inkişafının şahidi oluram və hər bir uğuruna da ürəkdən sevinirəm. Bu illər ərzində biz Məmməd Səfa ilə bir neçə filmdə görüşüb tərəf müqabili olmuşuq. Və mən hər dəfə onunla iş prosesindən böyük zövq almışam. Məmməd Səfa ilə son işimiz ATX İttifaqının səhnəsində Azərpaşa Nemətovun hazırladığı V.Şekspirin “Afinalı Timon” əsəri olub. Mən belə hesab edirəm ki, Məmməd Səfa hələ Azərbaycan teatrında və kinosunda çox maraqlı işlər görəcək. Çünki, belə aktyorlara həmişə təlabat olub və olacaq. Məmməd Səfa o sənətkarlardandır ki, öz sənəti və varlığı ilə aktyor peşəsinin adını ucaldır. Mən ona böyük yaradıcılıq uğurları arzulayıram.

(2015-ci il)

Azərpaşa Nemətov
Xalq artisti

Mən Məmməd Səfanı YUĞ-dan tanıyıram. Ona böyük hörmət və rəğbət bəsləyirəm. Şəxsiyyəti və sənəti ilə o, bütöv bir insandır. Ləyaqətlidir, qeyrətlidir, qürurludur, mərddir.

Onu ilk dəfə “Ovsunçu” filmində gördüm və çox bəyəndim, lakin ilk bədii işimiz səhnəyə təsadüf etdi. Məmməd Səfa həm də gözəl pedaqoqdur. Bunu bilmək üçün onun tələbələri ilə ünsiyyətdə olmaq kifayəttir. Vaqif İbrahimoğlu da onu təqdir edir. Məmməd Səfa kifayət qədər maraqlı insandır. Etibarlıdır, onun ipi ilə quyuya düşmək olar.

Ona sənət Uğurları arzu edirəm. Həyatda da, sənətdə də firavan olsun. 
 (2020-ci il)

Ramiz Fətəliyev
Xalq artisti, Dövlət mükafatı laureatı

Mən Məmməd Səfa barəsində düşünəndə ilk olaraq ağlıma belə bir fikir gəlir: onun həmkarlarının əksriyyəti bir çox təbii və süni çətinlikləri dəf edərək aktyor olur. Bu ailə vəziyyəti, coğrafi məqamlar və sairlə bağlı olur. Zənnimcə, Məmməd Səfanın bəxtinə bu maneələrdən ən çətinini dəf etmək düşüb. Mən mentalietlə bağlı məqamı nəzərdə tuturam. Belə ki, onun böyüdüyü mühitdə aktyorluqla məşğul olmaq, yumşaq dillə desək, o qədər də layiqli hesab olunmurdu. Bizə bu yanaşma çox tanışdır. Biz bu sənəti təqdirə layiq hesab etməyən yüzlərlə ziyalı ailəni misal göstərə bilərik. Hərçənd əsl ziyalı insan Şərq hökmdarlarının həmişə məhz təlxək sözünə etbar edib inandıqlarını düşünməldir. Məhz əsl Şərq hökmdarlarını nəzərdə tuturam. Bəs təlxəklər kim olublar - heç bir savadı olmayan, evin içində böyümüş, amma heç nəyə baxmadan ən əsas şeyi, insanlara həqiqəti deməyi bacaran aktyorlar. Əgər belə məqamlara diqqət yetirsək görərik ki, məhz bu sənətdən ləyaqətli nə ola bilər?

Məmməd Səfa yalançı mentalitet duyğusunu dəf edərək müxtəlif dövrlərdə yaşamış dahilərin yazdığı həqiqətləri səhnədən xalqa çatdırır. Onun həmişə yaratdığı əsas obrazı Məmməd Səfanın xarakterinin fərdi xüsusiyyətləri və onun böyüdüyü mühit yetişdirib - bu, hər şeyə rəğmən öz məqsədinə doğru gedən, gözündə qorxu olmayan əsl kişi, əsl cəngavər obrazıdır. Lakin bu yolda yaxşı cəhətlərlə bərabər bir aktyor olaraq onun üçün böyük bir təhlükə də var. Rejissorlar adətən məhz bu obrazı istismar etməyə çalışırlar, təəssüflər olsun ki, mən də bundan qaça bilmədim. Lakin çəkiliş meydaçasında mən başa düşdüm ki, Məmməd Səfa müxtəlif rolları - qəlbli insanı da, melodramatik obrazları da, alçaldılmışları da eyni müvəffəqiyyətlə oynamağa qadirdir. O, çox geniş diapazona malik aktyordur və mən öz həmkarlarıma (təbii ki özümə də) məsləhət görürəm ki, bundan tam halda istifadə etsinlər. Bizim hələ tanımadığımız Məmməd Səfa məhz ondan sonra üzə çıxacaq. Hərçənd ki, tanıdığımız Məmməd Səfa da artıq bu gün böyük hörmətə və ehtirama layiqdir - özünün böyüdüyü mühitin başını uca edən əsl kişi və əsl peşəkar sənətkar kimi. 

 

Rafiz İsmayılov
Xalq  rəssamı

Həm səhnədə, həm də kinoda fəaliyyət göstərən bir rəssam kimi məndən soruşurlar ki, siz kino üçün də, səhnə üçün də tərtibatlar edirsiniz, elə isə deyin görək, aktyorun teatrdakı və kinodakı fəaliyyəti arasında köklü bir fərq görürsünüzmü? Mənim düşüncəmə görə kino sənəti həyatın imitasiyasıdır, teatr isə rejissorun təxəyyülündə yaranmış şərti bir dünyadır ki, rejissor aktyorun köməyi ilə bu şərti dünyanı tamaşaçının nəzərində reallaşdırmağı bacarmalıdır. Öz növbəsində aktyor da verilən tapşırığı yüksək səviyyədə yerinə yetirməyə çalışmalıdır. Bizim unikal aktyorumuz olan Məmməd Səfa da bunu çox böyük məharətlə bacaran sənətkarlarımızdandır. Onunla birgə işləmək ilk dəfə mənə O.Mirqasımın “Ovsunçu” filmində nəsib olub. Bu filmdə Məmməd Səfa Azərbaycanda  Sovet hökumətinin qurulmağıyçün kəndə göndərilən qızıl ordu əsgərlərindən birinin rolunu oynayır. Filmdə özünəməxsus çoxəsrlik adət- ənənəsi, məişəti olan bir kənd həyatı təsvir olunur. Və qəfildən bu sakit həyata kəndlilər üçün qeyri-adi olan yeni bir həyat tərzi müdaxilə edir. Şübhəsiz ki,  onlar bu yeni hökümətdən yeni və əvəlkinə nisbətən rahat həyat qurulmasını gözləyirlər. Rejissor bu filmdə Sovet hökumətindən yeni həyat gözləyən sadə kəndçilərin nəzərində bu yeni həyatın gözlənilməz çalarlarını məhz Məmməd Səfanın köməyi ilə açır. Məmməd Səfa burada insanları bu hakimiyyətin tələb etdiyi işləri görməyə məcbur edən qəddar və tələbkar bir hökümət nümayəndəsidir. O, bu yeni hökümətin nümayəndəsi obrazını çox inandırıcı  şəkildə yaradır.

Aktyorlar arsında Stanislavskinin belə bir məşhur kəlməsi dillər əzbəridir: “Mən inanmıram!”. Mənə elə gəlir ki, əgər böyük Stanislavski Məmməd Səfanın bu filmdəki oyununu görsəydi, deyərdi: “Mən inanıram!”.  Öz növbəmdə mən də inanıram ki,  o, sənətdə öz sözünü hələ bundan sonra deyəcək. Və bu parlaq aktyor həm səhnədə, həm də kinoda öz gözəl ifası ilə hələ bundan sonra da tamaşaçıları sevindirməkdə davam edəcəkdir. Bu yaxınlarda biz onunla bir Azərbaycan-İran filminin çəkilişlərində görüşdük. Məmməd Səfa bu filmdə kiçik olmağına baxmayaraq,  yadda qalan və çox parlaq bir obraz yaradıb. Onun ifasından vəcdə gələn iranlı kolleqalarımız deyirdilər ki, sizdə necə də gözəl  aktyorlar vardır.

Mən Məmməd Səfaya yaradıcılıq uğurları və öz istedadını, bacarığını daha bariz şəkildə göstərməyə şərait yaradan yeni gözəl rollar arzu edirəm.

(2020-ci il)

Oktay Mirqasım
Xalq artisti

Qəribədir... Məmməd Səfa, öz bənzərsiz siması olan bir teatrın aparıcı aktyorlarındandır. Vaqif İbrahimoğlunun YUĞ teatrı öz dəsti-xətti ilə çox seçilir. Və məhz teatr estetikasını, teatr şərtiliyini, təmiz teatr nəbzini yaşadır, və axtarışları da həmin istiqamətdədir. Bəzən belə təcrübə teatr ilə kino məktəbi arasında qəribə ziddiyyətlər yaradır. Biz bununla rastlaşmışıq. Amma...

Məmməd Səfa nə qədər hazırlıqlı səhnə ustasıdırsa, o qədər də peşəkar kino aktyorudur.

Çünki, o, “PERSONA”dır. O, BEYİNDİR. O, sağlam hisslər daşıyıcısıdır. O, zəngin və şəxsi azadlığa arxalanan yaradıcılıq texnalogiyasının sahibidir.

Məmməd Səfa bənzərsiz siması olan bir ziyalıdır (Əslində normal ziyalı elə bənzərsizdir...).

Onun fərdi şərtiliyi və fərdi realizmi ekranda cəmiyyətin sifətlərini, tarixin şıltaqlıqlarını, insan yaşamının anlaşılmaz təzadlarını və bütün adlarını bildiyimiz və bilmədiyimiz sirrləri, həqiqətləri və qəribə nişanları təsəvvür edib insana inandırıcı bir formada təqdim etməyə yönəlib.

Mən bir kino rejissoru kimi ona inanıram.

Ramiz Rövşən
Xalq şairi

Məmməd Səfanı mənə doğma olan “Yuğ” teatrının tamaşalarından tanıyıram. Onu da deyim ki, “Yuğ” teatrının, Vaqif İbrahimoğlu məktəbinin yetirməsi olan hər hansı bir aktyoru görmədən də, artıq onun müəyyən keyfiyyətləri haqqında təsəvvürün olur. Ən birincisi, çevikliyi və plastikası haqqında. Özü də, təkcə fiziki mənada yox, həm də intellektual mənada; fikrin və düşüncənin çevikliyi.

Ümumiyyətlə, “Yuğ”un aktyorları bəzən mənə sprinter sürəti ilə marafon məsafəsini qaçan idmançıları xatırladır. Və qəribədi ki, illərdən bəri davam eləyən bu “qaçış”da yorulub qırağa çıxanlar çox azdı. Görünür, “Yuğ”un aktyorlarının müxtəlif filmlərdə və ya televiziya tamaşalarında belə uğurla oynamalarının bir səbəbi də budu; teatrda vərdiş elədikləri, adamın az qala nəfəsini kəsən o sürətdən sonra istənilən başqa iş onlara yəqin “istirahət” kimi görünür.

Amma əsas məsələ heç şübhəsiz ki, bu aktyorların yüksək peşəkarlığındadı.

Məmmədsəfa da məhz özünün peşəkarlığı ilə seçilən aktyordu. Bu peşəkarlığın bir parlaq nümunəsini də mən onun “Cavid ömrü” filmində oynadığı İblis rolunda gördüm. Əslində, cilddən-cildə girən İblisin obrazını yaradan Məmmədsəfa bu filmdə bir yox, bir neçə rol oynayır. Hər bir rol üçün də lazım olan cizgini, hərəkəti və intonasiyanı tapa bilir.

Mənim Azərbaycan teatrının sabahına olan ümidim Məmmədsəfa kimi aktyorların varlığıyla bağlıdı; dörd tərəfi bürüyən “şou qızdırmasına” tutulmadan, bütün maddi və mənəvi sıxıntılara dözüb, özünün və sənətinin ləyaqətini qoruyan aktyorlarda...

Ramiz Həsənoğlu
Xalq artisti

Məmməd Səfa ilə mənim yaradıcı görüşlərim çox olmayıb. Biz ilk dəfə  “Fatehlərin Divanı”  televiziya tamaşasında  işlədik və, o, bu əsərdə Alparslan Qazini ifa edirdi. Bu iş mənə imkan verdi ki, onu yaxından tanıya bilim. Məmməd Səfa başqalarından müəyyən xüsusiyyətləri ilə fərqlənir. İstər klassik dramaturgiya olsun, istərsə də müasir əsərlər, Məmməd Səfa zahirən heç vaxt dəyişmir. Dəyişən yalnız onun daxilidir. Belə aktyorlardan Mirzə Ağa Əliyevin, dünya kinematoqrafında isə Jan Qabenin adını çəkərdim. Bu cür üslubda işləmək çox çətin, eyni zamanda cəlbedicidir. Məmməd Səfa məhz belə aktyorlardandır. Mən onun material üzərində işləməsini, tərəf müqabilinə qarşı diqqətini və həssaslığını xüsusi ilə qeyd etmək istərdim.

Məmməd Səfa həm də qapalı insandır. Baxmayaraq ki, o, hamıya qarşı çox həssasdır, eyni zamanda hamı ilə özü arasında bir  sədd yaradıb, dünyaya o səddin arxasından baxır.

Bizim ikinci görüşümüz isə “Cavid ömrü“ filmində baş verdi. Bu filmdə onun xüsusi və özəl bir yeri var. Yadımdadır ki, filmin bəstəkarı Cavanşir Quliyev Məmməd Səfaya zarafatla dedi ki, çalış, bundan sonra  küçədə ehtiyyatlı ol …

Bu gün Azərbaycan Teatr məkanında YUĞ teatrının xüsusi və özəl yeri var. Çox maraqlıdır ki, belə bir qeyri-adi məkanda, o, öz fərdiliyini itirməyib. Düşünürəm ki, bu, Məmməd Səfanın həddindən artıq özünə qarşı tələbkar olmağından irəli gəlir. 

Mən ona möhkəm can sağlığı, müxtəlif səpkili uğurlu işlər arzu edirəm.   

Rasim Balayev
Xalq artisti

Mən Məmməd Səfanı çox ciddi, sənətini sevən, ona hörmət edən, daima yeni ştrixlərlə işləməyi xoşlayan, şəxsiyyətini uca tutan bir sənətkar kimi tanıyıram. Çox vaxt olur ki, sənətkarın yaradıcılığı ilə şəxsiyyəti bir-birini tamamlamır, inkar edir. Amma Məmməd Səfa bu mənada çox mükəmməl bir insandır. O həyatda da sənətdə olduğu qədər maraqlı və səmimidir. Aktyorlar var ki, müəyyən uğurlardan sonra onlarda  başgicəllənmə yaranır. Bu aktyordasa mən heç vaxt təkəbbür və lovğalıq əlamətləri görmədim. Halbuki, Məmməd Səfanın hər bir işini mən uğurlu hesab edirəm. Məndə belə təəssürat yaranıb ki,onu uğur qətiyyən maraqlandırmır, o, sadəcə olaraq işi ilə məşğuldur.

Mən onunla  ilk dəfə tərəf müqabili kimi “Cavid ömrü” filmində görüşdüm və Məmməd Səfa ilə çəkiliş meydançasında birgə işləməkdən böyük zövq aldım. İstər kino olsun, istər teatr, tərəf müqabili ən əsas şərtlərdən biridir. Burada qarşılıqlı olaraq hər iki tərəfdən böyük məsuliyyət tələb olunur. Sən o qədər həssas olmalısan ki, həm prosesin inkişafını, həm də tərəf müqabilinin gözlə görülməsi çətin olan məqamlarını belə düzgün qiymətləndirə biləsən. Belə məqamlarda aktyordan çox böyük məsuliyyət tələb olunur. Mən belə deyərdim ki, bu prosesi alqı-satqıya da bənzətmək olar. “Cavid ömrü” filmində Məmməd Səfa ilə mənim aramda bu alqı-satqı baş verdi. Tərəf müqabili kimi o, mənə çox kömək etdi. Mən özüm üçün bir daha yəqin etdim ki, Məmməd Səfa həm düşünən, həm də düşündürən aktyordur. Belə sənətkarlara çox nadir hallarda rast gəlmək olur. Mən çox böyük məmnuniyyətlə onunla bir daha hər hansı bir filmdə görüşmək istərdim. Məmməd Səfa həmişə axtarışda olan bir aktyordur. Mən əminəm ki, onun uğurlu işləri hələ qarşıdadır.

Alim Qasımov
Xalq artisti

     Əssəlam Əleyküm və rəhmətüllahi və bərəkətu.

Əvvəla, Məmməd Səfa müəllimin ad gününü  təbrik edib,  mən də 65 illiyə qoşuluram. Məmməd Səfa müəllimlə mən ilk dəfə YUĞ teatrında, dostumuz Vaqif İbrahimoğlunun tamaşalarında tanış olmuşam. Sonra Vaqif müəllim bizim ikimizin, mənim və Məmməd Səfanın iştirakı ilə dahi Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” (tərc. – “Xoşbəxtlər bağçası“) əsərindən “9-cu Bab – Həzrəti İmam Hüseynin Məkkədən Kərbəlaya gəldigin bəyan edər” hissəsini tamaşaya qoydu. Onu da deyim ki, çox ağır tamaşa idi. Amma biz onun öhdəsindən gəldik. Bu əsərdə Məmməd Səfa hadisələri Məhəmməd Füzulunin dili ilə şərh edirdi. Mən isə bütün tamaşa boyu onu həm oxumaqla, həm də zümzümə ilə müşayiət edirdim.

Məmməd Səfanın necə aktyor olduğuna hamı bələddi. Mən onun sənəti haqqında, teatr və kino biliciləri kimi fikir söyləyə bilmərəm. Amma onu deyə bilərəm ki, Məmməd Səfa özünəməxsus aktyordur. Və yeri gəlmişkən, səsi də qeyri-adidir. Mən bu peşəkar insanı daha çox öz daxilində mütaliə edən və həyatdan götürdüklərini, öyrəndiklərini məqamı gələndə iş prosesində qarşı tərəflə razılaşdıqdan sonra icra edib dəqiqliklə işləməyi sevən bir sənətkar kimi tanıyıram.

Onu da qeyd edim ki, hər kəs Vaqif İbrahimoğlu məktəbinin ağırlığına tab gətirib dözə bilməz. Kim ki, bu məktəbi keçdi, ona zaval yoxdur. Yüz faiz  əminliklə deyə bilərəm ki, Məmməd Səfa müəllimi teatr və kinoda istənilən  səviyyədə təqdim etmək olar.

Məmməd Səfa üçün hamının gözlə gördüyü adi həyatı oynamaq çox asan bir şeydir. Lakin onun ustalığı ondadır ki, o, insanın daxilində baş verən nələrisə müəyyən bir qəlibə salıb açıq və aydın şəkildə qarşı tərəfə yönəldə bilir. Bu isə çox çətin işdir. Ustadına və məktəbinə əhsən!

Bəxtiyar Xanızadə
Xalq artisti

Mənim üçün Məmmədsəfa bir sənət adamı kimi bu işin kahinidir. İnsan kimi də qızımın  əmisidir.

 

Həmidə Ömərova
Xalq artisti

Mən Məmməd Səfanı YUĞ teatrı yaranmamışdan əvvəl Tədris teatrından tanıyıram. O zaman biz Vaqif   İbrahimoğlunun rəhbərliyi ilə müntəzəm olaraq  məşqlər edirdik. Sonradan mənim kino ilə bağlı işlərim çox olduğu üçün məşqlərə gələ bilmədim. Və beləliklə, bu gözəl teatr mühitindən kənar düşdüm. Bununla belə, mən YUĞ teatrını və onun kollektivini çox istəyirəm. Belə hesab edirəm ki, Vaqif İbrahimoğlunun yaratdığı mühit teatr aləmi üçün ideal və sağlam bir mühitdir.

Bu mühitdə böyüyən Məmməd Səfa öz sənətini sevən və onu yüksək dərəcədə qiymətləndirə bilən aktyordur. O, öz dəyərini çox yaxşı bilir və onu dəyərləndirməyi bacarır. Onu xarakterizə edən ən mühüm cəhət, onun fərdiliyidir. Bu, onun səsində və ifa tərzində aydın şəkildə görünür. O, sənətində olduğu kimi, həyatda da maraqlı insan, sədaqətli və etibarlı dostdur. Ona sirr vermək olar.

Məmməd Səfanın  oynadığı “İblis”, digər rollarından fərqli olaraq, diqqəti daha çox cəlb etdi. Bu iş onun yaradıcılığının nə dərəcədə çoxşaxəli olduğuna sübutdur. Şəxsən mən onu bu filmdən sonra  bir aktyor kimi kəşf etdim. Biz çox istəyirdik ki, bir yerdə işləyək, amma bu istəyimiz gerçəkləşmədi. Lakin bu arzu, cüzi də olsa, dublyajda  reallaşdı. “Həzrəti Yusif” serialında Putifar və Züleyxa. Bu  birgə  işdən mən böyük bir zövq aldım.

Mən ona bir həmkar kimi, möhkəm can sağlığı və hamını təəccübləndirə biləcək  yeni-yeni uğurlu işlər arzu edirəm. 

 

Fəxrəddin Manafov
Xalq artisti

Məmməd Səfa çox vəfalı insandır. Böyük-kiçik biləndir. Sadiq dostdur. Biz onunla iyirmi il əvvəl YUĞ teatrında rastlaşdıq. Fəxrlə deyə bilərəm ki, mənim belə bir tərəf müqabilim olub.

“Hökmdarın taleyi” bədii filmi çəkilərkən aktyorlarla hazırlıq işi mənə həvalə olunmuşdu. Biz çox istəyirdik ki, Məmməd Səfa bu filmdə böyük rollardan birini ifa etsin. Ona görə də Elçin müəllimdən xahiş etdik ki, Məmməd Səfa üçün ayrıca bir rol yazsın. Beləcə Əmiraslan obrazı yarandı.

İnanın ki, filmdə Məmməd Səfanın ifasında elə səhnələr çəkildi  ki, onları dünya kinematoqrafında yadda qalan kadrlara bərabər tutmaq olar. Filmin sonundakı qapı arxasından baxdığı kadr yəqin ki, yadınızdadır...       

Sonra mən onun ifasında İblis rolunu gördüm. Burada o, həqiqətən bitkin və  böyük bir sənətkar təsiri bağışladı.

Mən bilirəm ki, o, həm də gözəl pedaqoqdur. İncəsənət Universitetində  dərs deyir. Dəfələrlə mən onun tələbələri ilə ünsiyyətdə olmuşam və görmüşəm ki, onlar onu nə qədər çox istəyirlər. Bu aktyoru ekranda görən kimi, hiss edirsən ki, o, həm ağıllı, həm dəyanətli, həm də intellektualdır.

Biz onunla həm də möhkəm dostuq. Mən ona möhkəm can sağlığı və böyük-böyük uğurlu işlər arzulayıram.

 

Mehriban Zəki
Xalq artisti

Mən Məmməd Səfanı İncəsənət Universitetindən tanıyiram. Hələ tələbə idim, o isə gənc olmağına baxmayaraq Səhnə danışığı kafedrasında müəllim idi.  Məmməd Səfanın başqalarından fərqlənən qeyri-adi görkəmi məni cəlb etdi. Bir çoxlarında, xüsusilə aktyorlarda diqqət cəlb etmək istəyi olur. Amma onda bunu görməmişəm, o, adı kimi safdır.

Sonralar YUĞ-da görüşdük. Orada uzun müddət birgə işlədik. O zaman onun mehriban, çox mənalı, sədaqətli, peşəsinə necə sadiq insan olduğunu gördüm. Bu insan öz təmkini ilə məni heyrətə gətirdi. Mən hər dəfə teatra gələndə, onu məşqlər prosesində görürdüm. Səsi, bədəninin plastikası, mətnlər üzərində mütəmadi işlədiyinin, bir sözlə, özünə qarşı amansız olduğunun daima şahidi olmuşam.

Elə aktyorlar var, bir rolla tanınandan sonra hesab edirlər ki, artıq sənətin zirvəsindədirlər. Amma elə sənətkarlar var ki, onlar zirvəyə tələsmədən, pillə-pillə qalxırlar. Məmməd Səfa məhz belələrindəndir. Eyni zamanda mən belə hesab edirəm ki, Məmməd Səfa  Azərbaycan kino və teatr mədəniyyətinin daşını  daş üstə qoyan və onun təəssübünü çəkənlərdəndir.  

Mən əminəm ki, sənət aləmində müəyyən illərdə yaşanan çətinliklər, böhran olmasaydı, bir peşəkar kimi Məmməd Səfa çox işlər görmüş olardı. Amma yenə də gec deyil, onun içindəki vulkan onsuz da öz işini görür və görəcək. O, buna qadirdir.

Əli Əmirli
Əməkdar incəsənət xadimi, professor

Uzaq illərin o tayında əvvəl səsini tanıdım, tam fərqli tembri olan təkrarsız səsini. Sonra bu səsin sahibini axtardım, Vaqif İbrahimoğlunun “Yuğ” teatrında  tapdım. Elə o vaxtdan da Məmməd Səfa sənətini yüksək qiymətləndirdiyim, sevdiyim aktyorların ön cərgəsində oldu. Onun iştirakı ilə bir neçə tamaşaya baxdım. Etiraf edim ki, “Yuğ” sevdiyim teatrlar cərgəsində birinci yerdə deyildi, amma görürdüm, bu teatrın aktyorları fərqli idilər, özü də müsbət mənada. Kiçicik bir ünsiyyət bəs edirdi ki, dediyim fərqi dərhal hiss edəsən, içi, düşüncəsi, məzmunu, fikri olan insanla üz-üzə dayandığını biləsən. Səbəb mənə məlum idi, bu, Vaqif İbrahimoğlu məktəbinin təsiri idi. O teatrı sevməyən, onun məzmununu anlamağa təşəbbüs göstərməyən adam bu sənət ocağında davam gətirə bilməz, daha doğrusu qəbul oluna bilməzdi. Elə ona görədir ki, cəmiyyət içərisində davranışları, söhbətləri, teatra, sənətə münasibətləri, qürur hissi, hətta geyimləri ilə qalan bütün teatrların aktyorlarından seçilirdilər. Və bu seçilib yuğlaşan aktyorlar arasında Məmməd Səfanın xüsusi yeri vardı.

Sonralar Qarabağ müharibəsi haqqında yazılmış ən dəyərli “Dolu” romanının ekranlaşdırılmasına baxanda həmin tanış səsin sahibini bu dəfə Komandir rolunda gördüm. Məmməd Səfa çox filmlərə çəkilib, amma mənim yadımda o, məhz Komandir rolu ilə qaldı. Film boyu biz onu çox gərgin, dramatik, məşəqqətli səhnələrdə görürük, təsirlənirik, onunla bir yerdə düşmənə qarşı vuruşuruq, sarsılırıq, məğlubiyyətin acısını yaşayırıq. Aktyor sözün həqiqi mənasında ekranda artistlik eləyib vətənin müdafiəsində qəhrəmanlıq göstərmiş, canlarını qurban vermiş yüzlərlə Qarabağ qəhrəmanının faciəsini oynamır, yaşayır. Nəhayət, filmin ən çox sevdiyim, təsirləndiyim final səhnəsi! Məğlubiyyətin acısını həm fiziki, həm də mənəvi cəhətdən dadmağa məcbur olmuş Komandir çəliyinə söykənə-söykənə təmas xəttinə yaxınlaşır. İnanırsan ki, heç bir təhlükə, heç bir qəvi qüvvə, heç bir ölüm qorxusu onu dayandıra bilməz. Onun cismi burda olsa da, ruhu, qəlbi, döyüş yoldaşlarının şəhid düşdüyü o doğma torpaqlardadır. Onu heç bir təmas xətti, heç bir təhlükə bu yoldan saxlaya bilməz. Və burda nə baş verir? Komandir tək deyilmiş bu istəkdə, artıq əsərin şəhid olmuş əsas qəhrəmanlarının ruhları onunla bərabər yaralı vətən torpağına sarı irəliləyir, təmas xəttini keçirlər. Bu səhnə bizim gələcək möhtəşəm qələbəmizin öncəgörməsi, anonsu idi. Bu son dərəcə təsirli səhnəni Məmməd Səfa yüksək sənətkarlıqla oynayır deyə bilmirəm, yaşayır - uzağa tuşlanmış baxışları ilə, dərddən bozarıb donmuş sifəti ilə. Və əlbəttə, gələcək qələbəyə inamı ilə.

          Burda bir etiraf edim, yüzdən çox premyerası olmuş dramaturq kimi heç vaxt nə rejissor, nə aktyor sarıdan korluq çəkmişəm. Ölkənin ən məşhur aktyorları əsərlərimdə rol alıblar, amma  içimdə bir istəyim də vardı. Bəli, çox istəyirdim əsərlərimin birində Məmməd Səfa rol alsın. Doğrusu, istəsəm də, bu arzumun gerçəkləşəcəyinə ümidim yox idi. Mən “Yuğ” teatrında heç bir əsərimin səhnə həllini görmürdüm, etiraf edim, belə bir istəyim də yox idi. Amma sən saydığını say, gör fələk nə sayır?! Bəli, günlərin gözəl bir günündə görkəmli rejissorumuz Azər Paşa Nemətov Azdrama səhnəsində “Şah Qacar”ı hazırlayanda “Yuğ”dan iki aktyoru tamaşaya dəvət elədi: Vidadi Həsənovu və Məmməd Səfanı. Əgər o vaxtlar teatrın direktoru İsrafil İsrafilov olmasaydı, Azər Paşanın bu istəyi, əlbəttə, baş tutmazdı. Amma bir şeyi də etiraf edim, mən nəyisə çox, lap çox istəyəndə gözləmədiyim halda o istəyimə çatıram. Beləcə, Məmməd Səfa Qacarın əsas düşmənlərindən biri olan Kərim xan Zənd rolunda Azdramanın səhnəsində göründü. Özü də çox parlaq şəkildə göründü. Düz əlli dəfə bu rolu oynadı, Fuad Poladovla tərəf-müqabil kimi, bir-birini duyan iki sənətkar kimi. Sonralar mən Məmməd Səfanı pedaqoq həmkar kimi yüz yaşını tamam eləmiş qədim elm və sənət məbədi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində yaxşı bir müəllim, ustad kimi də tanıdım. Onun dərsini alan gənc aktyorların böyük bir hissəsi ölkənin müxtəlif teatrlarında çalışırlar, filmlərdə çəkilirlər. Maraqlıdır, Məmməd Səfa müəllim tələbə rejissorların tamaşalarında, daha çox da tələbə filmlərində məmnuniyyətlə çəkilir, özü də tam təmənnasız. Deyim ki, bu filmlərdə də o, böyük sevgi ilə, məhəbbətlə və məsuliyyətlə çəkilir. Elə bu yerdə onun bir tələbə filmində  oğlu Qarabağ müharibəsində iştirak edən Atanın obrazını yaratması yadıma düşür. Filmdə Ata demək olar ki, danışmır, amma həm də danışır, kədərdən və nigarançılıqdan donmuş sifətlə, hamıdan gizlətməyə çalışdığı qəmli nigaran gözləri ilə.

Özünə, istedadına, sənətinə dərin inamı olan sənətkar yeni istedadlar görəndə sevinir, onlara hər cür qayğı göstərməyə, kömək etməyə, ən azı onun haqqında müsbət fikir formalaşdırmağa çalışır. Bu il 65 yaşını tamam eləyən Məmməd  Səfa da məhz o sənətkarlardandır. O, yaxşını tez görür, imkanı daxilində həmin yaxşıya əl uzadır, dayaq olur.

Zaman keçir, dünya dəyişir, insanların yaşa münasibəti də yeniləşir, bu günki anlayışla 65 yaş insan ömrünün, xüsusilə sənətkar ömrünün məhsuldar və kamil dövrüdür. Deməli, yaşamaq, yaratmaq, səhnəmizi, ekranlarımızı yeni rollarla, parlaq sənət nümunələri ilə zənginləşdirməkdə, bizim kimi tamaşaçıları sevindirməkdə davam etmək lazımdır.

Nə gözəldir ki, heç vaxt şikayətlənməyən, təriflənmək istəməyən adamın zəhmətini, istedadını görən və dəyərləndirən insanlar var. Bu gün Məmməd Səfa Xalq artisti, çoxlu mükafatlar laureatı, Prezidentin fərdi təqaüdçüsü, professor və kafedra müdiridir. Bu yerdə görkəmli sənətkarımızı gözəl yubiley yaşı ilə təbrik edir, yeni yaradıcılıq uğurları arzulayır və ürəkdən alqışlayıram: BRAVO!

 

Aydın Kazımzadə
Əməkdar incəsənət xadimi

Müəyyən aktyorlar var ki, çəkiliş vaxtı onlar, əgər belə demək mümkünsə, oyun şərtlərindən imtina edirlər. Yəni obrazı “oynamaq“ yox, həmin təklif olunmuş vəziyyətdə var olmağa daha çox üstünlük verirlər. Məmməd Səfa məhz belə aktyorlardandır. O, teatrla sıx bağlı olmasına baxmayaraq, kinoda kameranı çox gözəl hiss edir. O, heç vaxt oynamır. O, obrazı yaşayır. “Ovsunçu” filmi buna bariz nümunədir. Biz filmə baxanda, Məmməd Səfanı yox, qəddar, qaniçən, kobud və mənəviyyatsız bir məxluqu  görürük. Və yaxud “Cavid ömrü” filmini götürək. Mən belə hesab edirəm ki, filmin çəkisini saxlayan Məmməd Səfadır. Baxmayaraq ki, film iki nəfərin, Cavidin və İblisin üzərində qurulub, mənim fikrimcə, Məmməd Səfanın oyunu daha üstünlük təşkil edir. O, çox çətin bir rol olan İblisi müxtəlif səpkilərdə, özünəməxsus bir formada tamaşaçıya təqdim edir – təbii, canlı və inandırıcı. Sən ona nifrət edirsən, üstəlik, o, həm də səni düşündürür. Aktyor bu qəhramanını elə təqdim edib ki, tamaşaçı çox asanlıqla onu həyatda görüb tanıya bilər.

“Nərimanfilm”in çəkdiyi “Sahə” filmində mən Məmməd Səfanın bir daha uğurunun şahidi oldum. Qeyriənənviliyi ilə seçilən bu filmdə Məmməd Səfa o biri filmlərdən fərqli olaraq qeyriənənəvi bir obraz yaradıb. Bu aktyorda elə xüsusiyyətlər var ki, o, istər-istəməz  başqalarından seçilir və fərqlənir. Ona görə ki, bu xüsusiyyətlər məhz Məmməd Səfaya xasdır.

“Sahə” filmində o, heç bir təkrarçılığa yol vermədən qəribə bir ustalıqla  öz  növbəti  qəhramanını bizə təqdim etdi. Yenə də hamıdan seçilib yadda qaldı. Bu aktyor sözün əsl mənasında, canlı, təbii ifa tərzinə və yüksək  temperamentə malikdir. Məxsusi onu qeyd etmək  istərdim  ki, bu aktyorun uğurunun əlli faizi onun ifadəli gözləridir. Məmməd Səfa ekranda görünən kimi filmin ritmi qüvvətlənir. Və hansı epizodda o varsa, həmən epizod canlanır və aktyor yüksək oyun tərzi ilə yadda qalır.

Mən əminəm ki, Məmməd Səfaya baş rollar verilsə, çox maraqlı və səviyyəli filmlər meydana gələ bilər. Mən bu aktyoru Azərbaycan kinosu üçün yeni nəfəs və yeni tapıntı hesab edirəm. Həqiqətən, o, Azərbaycan kinosu üçün doğulub.

 

Cəmil Quliyev
Əməkdar incəsənət xadimi

Mən aktyor Məmməd Səfaya baxanda, o mənə antik teatrın qəhrəmanını xatırladır. Və mən öz vizual düşüncəmdə yanılmıram. Çünki Məmməd Səfanın simasındakı antik səmimilik onun daxilində olan emosional hissləri tamamlayır. Nəticədə maraqlı, psixofiziki obraz yaranır. Məmməd Səfanın yaratdığı obraz Azərbaycan teatrı və kinosu üçün yenidir və təkrarsızdır. Onun daxilində olan ifa tərzi çox geniş diapazona malikdir. Əfsuslar olsun ki, bunu bir çox rejissorlar yetərincə istifadə edə bilmirlər. Məmməd Səfanın ifa tərzi rəngarəng və çoxşaxəlidir. Bu ifa tərzi heç bir rejissor çərçivəsinə sığışmır. Hətta kiçik rollarda da onun yaratdığı obrazlar öz təsiri ilə, emosional gərginliyi ilə tamaşaçının qəlbində dərin iz qoyub. O, bir aktyor kimi bu günə qədər rejissorlar tərəfindən tam kəşf olunmayıb. Onun daxili aləmində açılmayan səhifələr çoxdur. Mən arzu edirəm ki, rejissorlar bu səhifələri aça bilsin və belə cazibəli aktyorun imkanlarından layiqli səviyyədə istifadə olunsun.

 

Rafiq Quliyev
Əməkdar incəsənət xadimi, professor

Məmməd Səfa ilə mən onun böyük kinoya gəlişindən xeyli əvvəl tanış oldum. İlk iş birliyimiz reklamda yarandı. Elə o zaman onun ciddi, peşəkar, səliqəli, dəqiq sənətkar olduğunu gördüm. Çox keçmədi ki, mərhum rejissorumuz Tofiq Tağızadənin “Köpək” filminin baş qəhramanının axtarışlarını apararkən rejissora onun haqqında məlumat verdim. Məhz onun obraza istər zahiri əlamətləri, istər peşəkar potensialı və plastikası, daxili energetikası və orqanikası baxımından daha yaxın olduğuna görə Tofiq müəllim onu təklif etdi və aktyor sınaqlarından sonra onun filmdə iştirakı təstiqləndi. Və haşiyə kimi qeyd edirəm ki, Məmməd Səfa bu obrazda daha inandırıcı görünürürdü. İlk dəfə bədii kinoda aktyor sınaqlarında iştirak etdiyindən həyəcanlı görünsə də, rejissor tərəfindən verilmiş konkret vəziyyəti, dramaturji situasiyada obrazın daxili aləmini, hadisəyə, fakta münasibətini sözlə deyil, jest, mimika və plastika ilə oynaya bildi. Zaman göstərdi ki, yaradıcı heyyətin və rejissorun seçimi düzgün oldu. Film bitəndən, onun  etalon nüsxəsini seyr etdikdən sonra hamımız əmin olduq ki, bir sıra obrazlara seçilmiş aktyorlarla yanaşı baş qəhramanın roluna təstiq edilmiş Məmməd Səfanın ifası qüsursuz, peşəkar, inandırıcı olduğu qədər də təsirli idi, ekranı seyr etdikcə qəhramanın yaşantılarına acıyır, onun təəssübünü çəkirsən, çünki sənətkar bu rolu kadrda sadəcə oynamır, yaşayır. Məmməd Səfanı bir aktyor kimi fərqləndirən cəhətlərdən də biri elə budur. Bu, kino dili ilə desək, ümumi planlarda plastikası ilə diqqəti cəlb edirsə, iri planlarda həmin an üçün obrazın yaşantıları, sifət cizgiləri, gözlərinin ifadəsi, oradakı ümmanın çaları ilə təsirliliyin zirvəsini təstiqləyir. Ona görə də bir operator kimi belə peşəkar sənətkar ilə həmin anda onun tərəf müqabilinə çevrilmək, eyni zamanda ilk tamaşaçısı olmaq imkanını təmin edir. Zənnimcə, böyük sənətkara xas olan sadaladığım peşəkar əlamətlər Məmməd Səfada yetərincədir. Və ona görə də “Köpək” filmindən sonra çəkdiyim bir sıra ekran əsərlərində, bu sənətkarla çəkiliş meydanşasında görüşür və böyük zövq alıram. Düşünürəm ki, bundan sonra da bu imkan əlimizdə olacaq və Məmməd Səfa öz yeni obrazları ilə bizi sevindirəcək.

 

Kənan Məmmədov
Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı

Ən əsas onu deyim ki, biz onunla möhkəm dostuq. Həm həyatda, həm də çəkiliş meydançasında bir-birimizi çox yaxşı hiss edirik. Sənətdə biz ilk dəfə Oktay Mirqasımovun “Ovsunçu” filmində işləmişik. O filmdə mən bir operator kimi Məmməd Səfa ilə işimizdən böyük zövq aldım. Onun necə fərqli daxili plastikaya sahib olduğunu, kameranı hiss etməyinin, partnyora qarşı həssaslığının, bir sözlə, kinoda işə məsuliyyətli münasibətinin şahidi oldum.
Bir kino operatoru kimi qeyd etməliyəm ki, bütün bunlar filmin gözəl alınmasında böyük şərtdir. Əfsuslar olsun ki, həm bu filmdə, həm də bundan sonrakı bir neçə filmdə onu məhz mənfi obrazlara dəvət etmişdilər. Lakin bütün bunlara baxmayaraq, mənim üçün Məmməd Səfanın istedadının tamam başqa çalarları da maraqlıdır. Mən onu geniş diapazona malik sənətkar sayıram. Onun çox orijinal zahiri görkəmi, qeyri-adi səsi, fərdi ifa tərzi var. Mən onu həm komediyada, həm də melodramda görürəm və sizi inandırım ki, o, bu istiqamətlərdə də heç bir sənətkardan geri qalmaz. Çox təəssüflənirəm ki, rejissorlarımız onun istedadının başqa tərəflərindən o qədər də istifadə etməyiblər.
Mən onunla, məsələn, yaxşı bir komediyada birgə işləmək istərdim. Son işimiz Ənvər Əblucun “Tərsinə çevrilmiş dünya” filmi olub. Bu filmdə mən böyük sevinc hissi ilə müşahidə etdim ki, bu aktyor daim öz üzərində işləyir, həmişə inkişafdadır.
Məmməd Səfa elə səviyyəli aktyorlardandır ki, onun üçün xüsusi ssenari yazılmalıdır. Mən onunla fəxr edirəm.

 

Ənvər Əbluc
Əməkdar incəsənət xadimi

Mən on beş il əvvəl “Ağ atlı oğlan” filmini çəkəndə Məmməd Səfa o filmə çəkilmək üçün bir oğlan gətirmişdi. İlk baxışdan o, mənə təkəbbürlü bir insan təsiri bağışladı. Sonralar onunla bir neçə filmin dublyajında rastlaşdım. Məmməd Səfanın səs imkanları mənim üçün məhz həmin vaxt açıldı.
Bir dəfə mən xəstə olanda, o, Fərhad (İsrafilov-red.) müəllimlə birgə mənə baş çəkməyə gəldi. Məhz həmin zaman mən Məmməd Səfanın necə səmimi və diqqətli dost olduğunu hiss elədim. Məhz həmin anda mən qəti qərara gəldim ki, gələcək bütün işlərimə mütləq Səfanı cəlb etməliyəm.

2010-cu ildə İran kinematoqrafçıları ilə birgə çəkdiyimiz filmdə onunla işləmək xoşbəxtliyi mənə də nəsib oldu. Bu filmdə o, Kazimi adlı bir cinayətkarı oynayır. Sizi inandırım ki, o bu filmdə öz oyunu ilə məni heyran etdi. Onun ustalığı, rejissoru duymaq qabiliyyəti çox yüksək səviyyədə idi. Mən arzu edirəm ki, onunla gələcəkdə çəkiliş meydanlarında daha böyük işlərdə çalışaq.
 

Fərhad İsrafilov
Əməkdar artist

Məmməd Səfa mənim üçün ən istedadlı, ən məsuliyyətli aktyordur. Ən yaxın dost, sirdaş və tərəf müqabilidir, çox sədaqətli dostdur. Onda heç vaxt qüsur, səhv görmədim. Bu keyfiyyətlər onu mənə daha da yaxınlaşdırmış oldu. 40 ildən çoxdur ki, bir yerdəyik. Və bu 40 ildə, demək olar ki, bütün tamaşalarda tərəf müqabili olmuşuq, bir-birimizə kömək etmişik. O, ilk baxışdan bir çoxlarına qapalı, tünd adam kimi görünür, lakin, o, yüksək yumor hissinə malik olan bir insandır. Həyatda belə insanlara nadir hallarda rast gəlmək olar.

 

Sona Mikayılova
Əməkdar artist

İlk növbədə gözəl sənətkardır, gözəl tərəf müqabilidir. Həm də bir insan kimi çox gözəl və ağıllı insandır. Olur ki, onunla məsləhətləşirəm. Düzdür, az tərəf müqabili oluruq. Arzu edirəm ki, onunla birgə fəaliyyət dairəmiz daha geniş olsun. Mən onun kinodakı işini də yüksək dəyərləndirirəm və onunla çəkiliş  meydançasında da görüşməyi arzu edərdim. Məmməd Səfada mənfi heç nə tapa bilmirəm. Bu insanı çox sevirəm.                                                                         

Yaqut Paşazadə
Əməkdar artist

O, mənim böyük dostlarımdandır. Böyük insan nəcib və sadə olur, hər kəsə etibar etməz, hər kəsdən kömək gözləməz. Məmməd Səfa mənim üçün məhz belə insandır.

 

Ötkəm İskəndərov
Əməkdar artist

 Azərbaycan kinosu Məmməd Səfanı çəkməsə, çox böyük itkiyə məruz qalacaq. Mən onu ayzberqa bənzədirəm... Onun istedadı hələ tam açılmayıb.

Rejissorlar dalğıc paltarını geyinərək, onu öyrənib, üzə çıxartmalıdırlar. Yetişən gənc aktyor nəsli üçün Məmməd Səfa yaradıcılığını tədqiq etmək çox faydalı olardı.    

 

Şamil Nəcəfzadə
Əməkdar incəsənət xadimi

Ən əvvəl, əziz dostum,qardaşım Məmməd Səfanı yubileyi münasibəti ilə təbrik edirəm. Can sağlığı və uzun ömür arzulayıram. Arzu edirəm ki, bundan sonra da çəkiliş meydançalarında tez-tez  görüşək. Bizim onunla ilk işimiz 1994-cü ildə “Pirə qayıdan yol” sənədli filmi olub. Bu film Bakı və onun ətrafındakı pirlərə, ziyarətgahlara həsr olunmuşdu. O, nəinki filmi səsləndirir, həm də filmin iştirakçisı kimi iştirak edirdi, və bununla da işin daha maraqlı alınmasına səbəb olmuşdu.

1996-cı ildə Aztelefilm yaradıcılıq birliyində dahi Füzulinin yubileyi münasibəti ilə mərhum Nazim Abbasla birgə “Leyli və Məcnun” film-operasını çəkdik. Həmən film-operada o, Nofəl obrazını yüksək peşəkarlıqla yaratmışdır. Mətinsiz səhnələrin öhdəsindən böyük müvəffəqiyyətlə gəlmişdir. O, əsl cəngavər idi. Mənə onu bir aktyor kimi sevdirən Vaqif İbrahimoğlunun YUĞ teatrı olub. Məmməd Səfanın bütün rollarını ardıcıl olaraq izləyirəm.

Adil Azay
Əməkdar incəsənət xadimi

Məmməd Səfa – necə məğrur səslənir. O, sözün həqiqi mənasında əsl insandır. Çox sədaqətli dostdur. Hələ ki, çəmi bircə dəfə onunla çəkiliş meydançasında görüşmək mənə nəsib olub. O, necə də maraqlı, böyük istedada malik olan, həssas və dərin düşüncəli bir sənətkardır!

Məmməd Səfanın bir aktyor olaraq hələ açılmayan tərəfləri çoxdur. O, hər cür obrazı yaratmağa qadirdir. “İblis”də mən onunla işləyəndə gördüm ki, o, mənfi obraz yaratmağına baxmayaraq, şər qüvvənin də müxtəlifliyini göstərməyə nail olub. Çox istərdim ki, onu romantik bir komediyada, yaxud həzin bir melodramada görüm. Bir rejissor kimi də onunla işləmək arzum var.

Hesab edirəm, o, bütün ona verilən yaradıcı tapşırıqların öhdəsindən gələn aktyordur. Həm fakturası, həm plastikası, həm də səhnə danışığına görə. Həmişə onun barəsində düşünəndə, gözümün qarşısında Cavanşır obrzı canlanır. Məmməd Səfanı bu rolda görmək istərdim.

Səfa, mən səni yeni-yeni rollarda səbirsizliklə gözləyirəm!

 Telman Cəfərov
Filologiya elmləri doktoru, professor

Məmməd Səfanı mən təkcə aktyor kimi yox, həm də mənimlə yaxın ünsiyyətdə olan bir ziyalı insan və valideyn kimi, ailə başçısı kimi tanıyıram. O, çox səmimi, qayğıkeş, diqqətçil insandır. Onun yaradıcılığı ilə yaxın tanışlığım ilk növbədə “Cavid Ömrü” filmindən başlandı. Bu film ədəbiyyatda repressiya mövzusunu əks elətdirir. Məmməd Səfa kimi istedadlı bir aktyorun bu filmdə bir neçə rolda çıxış etməsi və hər bir obrazı da özünəməxsus şəkildə canlandırması böyük ustalıq və zəhmət tələb edir. Bu filmdə onun yaratdığı müstəntiq obrazı çox təsirli və inandırıcıdır. Təzad ondadır ki, həyatda Məmməd Səfa tam başqa bir insan olmağına baxmayaraq, o dövrki cəzaları icra edən insanın tipik obrazını elə inandırıcı yaradır ki, tamaşaçıda o dövr haqqında tam və dolğun təsəvvür oyada bilir. “Ovsunçu” filmində də bənzərsizliyi ilə seçilir. Mənə elə gəlir ki, Məmməd Səfa öz dərinliyi, həyati və fəlsəfi tutumu ilə ifa sənəti baxımından dünya kino məktəbindən heç də geri qalmır. Və bu inkişafda Məmməd Səfa kimi perspektivli və potensiallı aktyorlarımız hələ ciddi söz demək iqtidarında olacaqlar. Ona can sağlığı və sənətində uğurlar arzu edirəm.

 

Vidadi Qafarov
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

O, zahirən həm şairə bənzəyir, həm cəngavərə! Səsi həm yüksək dağ şəlaləsi kimi gurlayır, həm də bulaq səsi kimi qəlb oxşayır!

Məmməd Səfa üçün orta hədd yoxdur, nə həyatda, nə sənətdə! O, mükəmməlçidir, maksimalistdir! Onun üçün ya zirvə var, ya da dib! Onun üçün ya əla var, ya da pis! Yəqin elə ona görə, Məmməd Səfa tələbə vaxtı da əlaçı olub, sənətdə də əlaçıdır, pedaqoq kimi də, insan kimi də!

Amma mənim ondan bir “şikayətim” də var. Mənim böyük qızım, Məmməd Səfanın yaratdığı İblis obrazına görə “Cavid ömrü” filminə baxa bilmir, deyir, elə bilirəm iblisin özünü görürəm! Adam bu qədər sənətkar olmaz da, SƏNƏTKAR!

Elçin Cəfərov
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

Aktyora oxşamayan adam – professor İlham Rəhimlinin Həsənağa Turabova həsr etdiyi kitab belə adlanır. Həsən Turabovu səhnədə canlı izləmək mənə nəsib olmayıb. Amma xoşbəxtlikdən Məmmədsəfa Qasımovu izləmək fürsətim çox olub. Səhnədə də, məşqdə də, işdə də, pedaqoji fəaliyyətdə də,  məişətdə də. Tale elə gətirib ki, Məmmədsəfa Qasımovla eyni kollektivdə çalışmaq da mənə nəsib olub. Onu daha yaxından tanıdıqca hər dəfə sənətçi kimliyinə, istedadına, ləyaqətinə, məsuliyyətinə daha çox heyran olmuşam və hər dəfə “aktyora oxşamayan adam” təbirinin sənətkarın əyninə biçildiyinə təəccüb etmişəm.

YUĞ Teatrına təzəcə gəlmişdim. Bir gün səhər tezdən öz balaca otağımda işləyirdim. Səfa müəllimin səsini eşidəndə təəccübləndim. Səhərin gözü açılmamış gəlib qrim otağında səs, nəfəs və artikulyasiya məşqləri edirdi. Təəccübümə səbəb o idi ki, Məmməd Səfa kimi gözəl səs imkanlarına malik aktyor niyə bu ehtiyacı hiss etsin ki, özü də sübh tezdən. Sonradan bildim ki, sən demə, sənətkar bu məşğələləri hər gün mütəmadi olaraq yerinə yetirirmiş. Onda daha dərindən anladım ki, aktyorun teatrda, kinoda, o cümlədən dublyajda yaratdığı bir-birindən gözəl rollar yalnız onun parlaq istedadına, fakturasına, səs tembrinə, dolu gözlərinə yox, həm də böyük zəhmətə, gördüyü işə peşəkar münasibətinə söykənir. Bu gün Səfa müəllim Xalq artistidir, professordur, yüzlərlə tamaşada və ekran əsərində rollar oynayıb. Ancaq onun aktyor sənətinə münasibəti, professionallığı və təvazökarlığı zərrə qədər də azalmayıb. Hələ də aktyora bənzəmir. Amma və lakin öz aktyor sənəti, əsl türk kişisinə yaraşan, ləyaqəti, duruşu, yerişi, nitqi ilə bizi (elə başqalarını da) aktyor sənətinə hörmətlə yanaşmağa vadar edir, Şeskpirsayağı əda ilə qulağımıza pıçıldayır: “Aktyorlarla ehtiyyatlı olun...”

Elnur Mehdiyev

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

Əziz və dəyərli Məmmədsəfa müəllim!

Bu gün bir xalqın sevdiyi sənətkarın, bir sıra tələbənin yoluna işıq tutan böyük müəllimin, ürəklərdə iz qoyan bir insanın bayramıdır.

Siz təkcə səhnədə deyil, həyatda da bir məktəbsiniz. Sizin sadə duruşunuzda böyük bir dərinlik, sözlərinizdə hikmət, baxışlarınızda nur var. Sizinlə bir anlıq söhbət belə insanı düşündürür, zənginləşdirir və sevindirir.

Hər bir insanın həyatında örnək adlandırdığı insanlar olur. Bizim üçün Siz məhz belə bir şəxsiyyətsiniz. Gözəl insanlıq keyfiyyətlərinizlə, sənətə və insanlara olan sevginizlə bu dünyanı daha gözəl, daha mənalı edirsiniz.

Arzu edirik ki, yeni yaşınız Sizə sağlamlıq, sevgi, sevinc və gözəl duyğular bəxş etsin. Həyat yolunuz həmişə nurla, dəyərlə, minnətdarlıqla dolu olsun.

Ad gününüz mübarək, əziz Məmmədsəfa müəllim!

Əsəd Əsədov
Əməkdar mədəniyyət işçisi, Dövlət mükafatı laureatı

Məmməd Səfanı mən ilk dəfə Oktay Mirqasımın “Ovsunçu” filmində gördüm və onun  ifasından böyük zövq aldım.  Qeyri-adi istedada malik olan bu aktyorun oyun tərzi o qədər özünəməxsus idi ki, hətta mən elə bildim ki, onu kənardan dəvət ediblər. Çox heyfsləndim ki, belə potensial imkana malik sənətkarı indiyə qədər niyə az istifadə ediblər.

Daha sonra Məmməd Səfanı “Cavid ömrü” filmində İblis rolunda görərkən tam anladım ki, bu insanın yaradıcı imkanlarının həddi-hüdudu yoxdur. Məmməd Səfa bu ekran əsərində bir neçə müxtəlif xarakterli, lakin eyni zamanda  hamısı şər qüvvələrə xidmət edən biri-birindən fərqli simalar yaratdı. Hesab edirəm ki, bu olduqca çətin işdir. Məmməd Səfa böyük sənətkardır ki, bu tapşırığı uğurla yerinə yetirdi.

Ümumiyyətlə düşünürəm ki, belə peşəkar aktyordan nə qədər çox istifadə etsək, bir o qədər udmuş olarıq.

Onun qədimlərin sədasını gətirən qeyri-adi səsi isə tarixi filmlərdə çəkilən zaman dövrə xas olan  ovqatı yaratmağa qadirdir.

Bizim bir çox bənzərsiz  aktyorlarımız olub ki, onlardan səhnəmiz, kinomuz kifayət qədər bəhrələnməyib. Məsələn, Yusif Vəliyev, Fazil Salayev. Arzu edirəm ki, Məmməd Səfa kimi təkrarolunmaz, istedadı tükənməyən bir sənət ustasını kifayət qədər istifadə edək ki, sonradan peşiman olmayaq.

Akif  Rüstəmov
Əməkdar mədəniyyət işçisi

Məmməd Səfa  bizim mədəniyyətimizə teatr və kino aləmində yaratdığı bir sıra önəmli rolların ifaçısı kimi sürətlə daxil olub, layiqli yerini tutdu. Çox məmnunam ki, həyat məni belə maraqlı insan və gözəl aktyorla rastlaşdırdı. Onun özünəməxsusluğu, peşəsinə olan məhəbbəti, prinsipiallığı və nikbinliyi məni həmişə heyrətə gətirir. Hər dəfə mən Məmməd Səfanın yeni roluna sevinirəm. Və sizə bir “sirr” də açım ki, hər yeni yazılmış ssenaridə mən istəyirəm ki, onu da görə bilim. Baxmayaraq ki, biz onunla filmdən-filmə görüşürük, lakin mənən bir-birimizə çox yaxınıq. Buna görə mən ona çox mənnətdaram. Belə şəxsiyyətləri həm qiymətləndirməli, həm də qorumalıyıq. Mən sənə can sağlığı və yeni-yeni rollar arzulayıram, Məmməd Səfa!

 

Hikmət Nəbili
Əməkdar mədəniyyət işçisi

Mənim dostum, tələbə yoldaşım Məmməd Səfa haqqında söz demək mənim üçün çox asandı. Çünki, o, özü öz sözünü öz işi ilə, sənəti ilə deyib. Qrupumuzda ciddiliyi, hövsələliyi ilə hamımızdan seçilirdi. Elə oynadığı əsərlərdə də. Qoqolun  “Müfəttiş”, Stratiyevin “Avtobus”, Şillerin “Qaçaqlar” əsərlərində Məmməd Səfanın oynadığı rollar indi də yaddaşlardadır. Biz indi də çox yaxın dostlarıq. Dostu isə hər kəs özü qazanır. Ümumiyyətlə, mən Məmməd Səfa, Füzuli Hüseynov, Şərif Qurbanəliyev, Vidadi Həsənov kimi yaradıcı şəxslərlə bir kursda oxumaqdan qürur duyuram.

“Cavid ömrü” filmindəki İblis obrazının ifaçısı Məmməd Səfa, mənə belə gəlir ki, böyük bir potensiala malik olan, daxili və xarici plastikasından məharətlə istifadə etməyi bacarmaqla yanaşı, həm də sənət aləminə öz dəsti-xəttiylə yenilik gətirən maraqlı aktyordur. Xüsusiylə onu qeyd edim ki, o, xarakterik obrazların mahir ifaçısıdır. Bütün bunlar fitri istedadla bərabər, Məmməd Səfanın gənc yaşlarından bəri işgüzar və özünə qarşı amansız dərəcədə tələbkar  olmağından irəli gəlir .

    Təbii ki, belə şəxsiyyətlərin formalaşmasında böyük pedaqoqların misilsiz zəhməti var. Vaqif  İbrahimoğlu ilə Məryəm xanım Əlizadənin  dinləyicisi olub onlardan ömrün boyu bəhrələnməyin özü əvəzsiz və şərəfli bir məktəb yoludur. Məmməd Səfa, bu çətin və şərəfli yolda sənə iradə, səbr, uğurlu işlər arzu edirəm. 
 

Əliqulu Səmədov
Əməkdar artist

Birinci ondan başlayım ki, Məmməd Səfa Azərbaycan kinematoqrafiyasında bir aktyor kimi yaratdığı obrazlarına görə seçilir. Fizioloji baxımdan mənfi məftunluğa malik olan aktyor oynadığı rolların hər birinə müxtəlif rənglər verməklə personaji tamaşaçıya sevdirməyi bacarır. Təkcə onu demək kifayətdir ki, “Ovsunçu”, “Günaydın, mələyim”,  “Cavid  ömrü” bədii filmlərindəki obrazlar  oyun tərzinə görə biri-birindən fərqlənir və aktyorun obraza göstərdiyi münasibət nəticəsində öz dolğunluğunu tapır.

“Cavid ömrü” bədii filmində Məmməd Səfa müxtəlif xarakterli iblisin, insana məxsus simasının iç üzünü özünəməxsus fərqli şəkildə tamaşaçılara çatdırıb. Bu da onu göstərir ki, aktyor böyük istedada malikdir.

İkincisi budur ki, dəqiqliyinə həsəd aparılası bir aktyordur. Mənimlə işlədiyi müddət ərzində bir dəfə də olmadı ki, Məmməd Səfa ya geciksin, ya da müəyyən səbəblərə görə çəkilişə gəlməsin. Onu demək yerinə düşərdi ki, aktyorlarımızın bu xəstəliyə düşmələrinin çox vaxt şahidi olduğum üçün, Məmməd Səfanın işə ciddi münasibəti onu bu xəstəlikdən çox-çox uzağa salıb. Məmməd Səfa özünə qarşı çox tələbkardır. Bunu mən bir dəfə YUĞ  teatrına vaxtından  əvvəl getdiyim zaman görmüşəm. Səhər saat 11-də  məşq olmalı idi, artıq 10:20-də mən teatrda idim. Sakitlikdə Məmməd Səfanın səs çalışmaları ilə məşqul olduğunun şahidi oldum.

Üçüncüsü budur ki, biz dostuq, özü də təmənnasız dostuq. Bir-birimizin hörmətini saxlayırıq. İncə yumora malik, sadiq dost, gözəl ailə başçısı, mərd insan, böyük hörmətə layiq Məmməd Səfa ilə həmişə fəxr edirəm. Ona uzun ömür, can sağlığı, teatr və kinomuzda yaratmaq istədiyi neçə-neçə obrazların ərsəyə gəlməsini arzu edirəm.

Uğur olsun, əziz dost!

Qasım Nağı
Əməkdar artist

...Yaradıcı insanlar bir az qərib olurlar, bir az da - qəribə. Hamısı böyük olmurlar, amma... Bax mənim Məmməd Səfa müəllimim həm qərib, həm qəribə, həm də böyük yaradıcı insanlardandır. Belə ...

Allahdan Səfaya sağlam, bərəkətli və itaətdə keçən uzun ömür dilərəm. 

 

Tərlan Rəsulov
Rejissor

Məmməd Səfa, sözün əsl mənasında, öz üzərində daima işləməyi bacaran, və bundan səmərəli istifadə edə bilən çox nadir aktyorlardandır. Heç də şişirtmədən demək olar ki, o, aktyor sənətində elə bir səviyyəyə çatıb ki, heç bir  dünya səviyyəli kino və teatr sənətkarlarından geri qalmır və hətta bir çoxlarından da üstündür. Öz işinə çox tənqidi yanaşması fəaliyyətində onu düzgün istiqamətləndirir. Məmməd Səfanın 65 yaşına qədər yığdığı təcrübənin nəticələrini bundan sonra görəcəyi dahiyana işlərində müşahidə edəcəyik...

          

Natəvan Qeybani

Aktrisa

O olan yerdə həm hörmət var, həm ciddiyyət, həm də xəsis təbəssüm. Belə şəxsiyyətdir Məmməd Səfa. Özü demişkən, “Torpaq yetişdirir də...”

 

Mikayıl Mikayılov
Rejissor

Məmmədsəfa müəllim YUĞ teatrının sütunlarından biridir. Ümumiyyətlə, o, teatrın arxetipik personalarından biridir, desəm yanılmaram. Mən demək olar ki, YUĞ teatrında böyümüşəm və özümü çox şanslı hesab edirəm ki, bu cür aktyorla tamaşa işləmişəm. Biz “21:15 qatarı” tamaşasını işləyəndə maraqlı proses baş tutdu. Tamaşada dramatik, sözlü səhnələrdən başqa plastik səhnələr, tanqo səhnəsi də var idi. Məmmədsəfa müəllim bütün tapşırıqları böyük məharətlə yerinə yetirdi və çox gözəl ifa etdi. Ümüd edirəm birgə işlərimiz hələ çox olacaq.

 

Şərif  Qurbanəliyev
Rejissor

Məmməd Səfa bu günkü gününə heç də asanlıqla gəlib çıxmayıb. O, sənətindəki bu günkü uğurları işgüzarlığı, zəhməti, dayanmadan öz üzərində işləməyi ilə əldə edib. Biz bir yerdə oxumuşuq. O, bizim sinif nümayəndəmiz idi. Və hamımızın ona çox böyük hörməti var idi. Gec-gec görüşsək də, günü bu gün də biz aramızdakı bu münasibətləri qoruyub saxlamışıq. Onu da vurğulayım ki, tələbəlik illərində vaxtımızı əyləncələrə sərf edəndə, Məmməd Səfa bizdən fərqli olaraq, öz üzərində işləyirdi. Çünki, o, öz istedadına arxayın olan aktyorlardan deyil.

Yevgeni Leonovun fikrincə, aktyor istedadlı ola bilər, amma insan olmaya bilər və yaxud da əksinə. Bu iki keyfiyyət birləşəndə isə şəxsiyyət ortaya gəlir. Mən Məmməd Səfanı belə bir şəxsiyyət hesab edirəm.

Vəfa Novruzova
Teatrşünas

Bizim tanışlığımız institut illərindən başlayıb. O, 4-cü, mən isə 1-ci kursda oxuyurdum. Onların kursunda çox istedadlı uşaqlar var idi. Bu gün onlar respublikanın müxtəlif teatrlarında çalışırlar. Yadımdadır ki, Məmməd Səfa bu qrupun seçilən tələbələrindən idi. O, əlaçı idi və Lenin təqaüdü alırdı. Mən onu ilk dəfə Tədris teatrında məşqlərdə gördüm. Onun sıx qıvrım saçları, yaddaqalan zahiri görünüşü və heç kimə bənzəməyən səsi var idi və bu gün də bu səs valehedicidir. Həmən teatrda Bəhram Osmanovun qurduğu K.Simonovun “4-cü” əsərində Məmməd Səfanın rolu indi də gözümün önündədir.

Uzun illərdən sonra biz YUĞ teatrında görüşdük. Onu bu teatrın yaradıcılarından biri hesab etmək olar. Mən bu teatrın əksər tamaşalarına baxmışam və Məmməd Səfanı bir aktyor kimi çox yüksək qiymətləndirirəm.

Və günlərin bir günü mən onu kinoda gördüm. Oktay Mirqasımovun “Ovsunçu” filmində. Yadımdadır ki, bu filmin premyerasında hər dəfə o ekranda peyda olanda, zalda qəribə bir canlanma yaranırdı. O da yadımdadır ki, film bitəndən sonra tamaşaçıda ona qarşı çox pis bir nifrət yaranmışdı. Əlbəttə, bu, Məmməd Səfanın qələbəsi idi.

Məndə bu aktyora qarşı qəribə bir maraq oyandı. Mən onu “Cavid ömrü“ filmindəki İblis rolunda görəndə bir daha anladım ki, o, kino üçün yaranıb. İblisin tükürpədici qəhqəhəsi indi də qulaqlarımdadır.

Qoy bu 65 yaş onun üçün geniş, hüdudsuz, rəngarəng və maraqlı bir yaradıcılığa keçid olsun.

 İsrafil Ağazadə
Kinooperator

Biz onunla 15 il bundan əvvəl tanış olmuşuq. Xüsusilə onu qeyd etmək istəyirəm ki, o, çox səviyyəli peşəkar aktyordur.

Məmməd Səfa çox dəqiqliklə hadisəyə yaxınlaşa bilən yetərincə savadlı aktyordur. Aktyor var ki, kameradan qorxur. O isə həm iri, həm orta, həm də ümumi planlarda çox incə və dəqiqliklə işləyir. İşinə ciddi yanaşır. Kameranı gözəl hiss edir. Kameranın arxasında dayanan şəxsə də həssaslıqla yanaşır.  Onun duyumu çox güclüdür. Belə insanla işlərkən böyük zövq alırsan. Mən  “Cavid ömrü” filmində bunun bir daha şahidi oldum.

Həmişə istəmişəm ki,onun səsi uzaqlardan gəlsin, bütün dünya onu tanısın. Və hər dəfə mən Vətəndən kənara gedəndə soruşuram ki, sənin üçün oradan nə gətirim? O da cavabında deyir ki, təyyarədən düşən kimi qışqırarsan ki: “Məmməd Səfa!.” , qoy mənim adım o məmləkətin havasına yayılsın. Mən bunu Təbrizdə də, Tehranda da, Münxendə də, Moskvada da, Strasburqda da etmişəm. Çatan kimi qışqırmışam: “Səsin gəlsin, Məmməd Səfa!!!”

Mən yenə də deyirəm: “Qoy həmişə səsin gəlsin, Məmməd Səfa!”

Vaqif  Ucatay
Rəssam

Mən onu çox gözəl aktyor sayıram. Onun fitri istedadı ona bir sərbəstlik verir. O, rolda çox rahatdır, mətindən asılı aktyor deyil. Bu da, düşünürəm ki, onun güclü daxili aləmə malik olduğundan irəli gəlir. Səsi isə bir ayrı aləmdir... Dəfələrlə, dönə-dönə onu dinləmişəm. Bu səsdə yanıqlılıq, kədər, rəhm, eyni zamanda qətiyyət də var. Bir rəssam olaraq onu da qeyd edə bilərəm ki, istənilən obrazı öz cəzbedici zahiri görkəminə tabe edə bilən sənətkardır.

İlqar Fəhmi
Şair, dramaturq

Məmməd Səfadan sənətə yol bir ömürdür... Amma sənətdən Məmməd Səfaya – bir addım...

Arif Buzovnalı
Şair

Mən incəsənəti çox vaxt nərdivana bənzədirəm. İncə peşə sahibləri bu nərdivanla sadəliyin zirvəsinə də qalxa bilər, təkəbbürün dibinə də enə bilər. Həmişə zirvədə qal, Məmməd Səfa müəllim!

 

İlqar Safat
Teatr və kino rejissoru

Mən bizim teatr və kinematoqrafiya cəmiyyətimizi müasir Azərbaycanın ən parlaq artistlərindən birinin ad günü münasibətilə təbrik edirəm. Məmməd Səfa müəllimin  səhnədə və ya kinoekranda görünməsi hər bir zaman yaddaqalan bir hadisəyə çevrilir. Mənim “Sahə” filmimdə məşhur aktyorlarla bərabər bir çox qeyri-professionallar da çəkilirdi. Mən dəfələrlə Məmməd Səfa müəllimin onlar üçün şəksiz avtoritet və nümunə olduğunun şahidi olmuşam. Onun çəkiliş meydançasına sadəcə olaraq daxil olması artıq oraya yüksək peşəkarlıq və aktyor nizam-intizamı ruhunu gətirir və həmçinin, gənc aktyorları ən yüksək səviyyədə işləməyə sövq edirdi. Buna görə mən ona çox minnətdaram. Mən Məmməd Səfa müəllimə çoxlu yeni, ona layiq olan rollar arzu edirəm. Can sağlığı, uzun ömür, sənətdə bol-bol nailiyyətlər arzulayıram.

 Rza Almafi
Sənədli filmlər rejissoru
(İran)

İlk dəfə Məmməd Səfa ilə görüşəndə, özüm üçün aktyordan öncə, mehriban simalı, yaxşı bir  dost tapdım. Məmməd Səfa həqiqətən mehriban, xoşqəlb və bir peşəkar incəsənət xadimidir. O işini o qədər ciddiyyətlə qurur və obrazlarını o qədər real yaradır ki, adam fikirləşir ki, bu insanın həyat tərzi və ya yaşayışı belə də ola bilərmiş. Mədəniyyət və incəsənət baxımından o, bir böyük ustad və güclü aktyordur. Ona görə də ona verilən rollar çox rahatlıqla Məmməd Səfa adlı bir aktyor tərəfindən yaradılır və həyata keçirilir. Mən onun yaratdığı obrazları kinolarda görüb onlardan zövq almışam.

Ona görə də  fəxr edirəm ki, Azərbaycanda böyük bir görkəmli, bacarıqlı və həqiqətən mehriban bir dostum var və həyat boyu ona uğurlar arzu edirəm.
 

İradə Bağırzadə
Prodüser, ssenarist, yazıçı

O, geniş diapazona malik aktyorlardandır. Çox təəssüf ki, ondan lazımı qədər istifadə olunmur.

Aktyor var ki, onu məhz rejissor aktyor edir. Aktyor da var ki, filmin və ya tamaşanın bütün yükünü, ağırlığını çiyinlərində daşıyaraq rejissor üçün təkanverici bir qüvvəyə çevrilir. Məmməd Səfa məhz belə aktyorlardandır.

Mən onu bir ssenarist kimi təkcə mənfi rollarda deyil, melodramatik , həyati və lirik, müsbət rollarda da görmək istərdim.

Leyla  Dostəli-zadə
Prodüser

Məmməd Səfa müəllim haqqında düşünərkən ağlıma  “sənətə vurğunluq”, “yüksək peşəkarlıq”, “həqiqətpərəstlik” və “əsl insani xüsusiyyətlər” kimi fikirlər gəlir. “SAHƏ” bədii filminin çəkilişləri zamanı onunla işləməkdən böyük bir zövq aldım. Görkəmli aktyorumuza həyatda ən çox sevdiyi sənətində daha yüksək zirvələr fəth etməsini arzulayıram.

 

Flora Hüseynova
Aktrisa (tələbəsi)

“Olduqca qayğılı, olduqca qəmli, sadə mənzərəli, sadə görkəmli, yalniz ağac baxir bir dağ başından. O hansı əyyamın iğtişaşından, hansı zəlzələdən olmuş müztərib, düşünür yalnızda sanki bir qərib"- dayan, indi isə mənə qulaq as. Gözlərini bağla, elə bil ki, rəssamsan. Əlində fırca var, qarşında isə ağ kağız, fırcani kağizdan ayırmadan həmin yalnız ağacı çəkirmiş kimi söylə şeri. Bu sözlər mənim hafızəmə həmişəlik həkk olundu. Aradan illər kecdi, amma Məmməd Səfa müəllimin bu sözlərini mən hər dəfə xatırlayıram. Mən ümumiyyətlə müəllimlərimi xüsusi ehtiramla yada salıram, amma elə müəllimlərim olub ki, bütün həyatim boyu hər dəfə səslərini eşitmişəm. İstərsə hansısa bir yığıncaqda şer söyləyəndə və yaxud İncəsənət Universitetinə qabiliyyət imtahanına şagird hazırlayanda Məmməd Səfa müəllimin  bu sözləri qulağımda səslənib.

Amma Universiteti bitirəndən sonra bir dəfə də olsun belə onunla rastlaşmamışam. Sadəcə, filimlərdə yaratdıgı obrazlarla, çox möhtəşəm səsi ilə həmişə hayatımda yeri olub. Həmişə filmlərinə baxanda fəxrlə demişəm ki, Məmməd Səfa müəllim mənə dərs deyib. Məmməd Səfa müəllim Azərbaycan incəsənətində  xüsusi yeri olan sənətkardir. Hansi ki, haqqinda bu kimi sözlər deyə biləcəyimiz sənətkarlarimiz elə də cox deyil.

Allahdan Məmməd Səfa müəllimə uzun omur, yaradıcılıq uğurları arzu edirəm. Ola bilsin ki, Məmməd Səfa müəllim məni hec xatırlamır, bu əsas deyil. Əsas tələbələrinin urəyində, həyatında silinməz iz buraxmasıdır. Mən qurur hissi duyuram ki, mənə müəllimim haqqında, gözəl sənətkar haqqinda söz demək imkani yaranıb. Mən Sizinlə fəxr edirəm Məmməd Səfa müəllim.

Kəbirə Həşimli
Aktrisa (tələbəsi)

MÜƏLLİMİM...İncəsənət Universitetindən başlayan müəllim-tələbə münasibəti düz 30 ili haqlayacaq ki, sevgi, sayqı, hörmətlə davam edir. Aktyor sənəti müəllimim olub mənim Məmmədsəfa Qasımov... (1996-2000-ci illər), amma çox şeylər öyrəndik sizdən. Bu gün bir səhnəni sizinlə bölüşmək çox qürurvericidir (Ramiz Həsənoğlu-İlqar Fəhmi “Fatehlərin divanı”). Çox sözlər demək olar, amma... məncə MÜƏLLİM demək yetərlidir.

Deyin qəlbinizdə sevincmi, qəmmi

Yoxsa ki, ümmandır, ləpələnibdir

Təbaşir tozunun zərrələrindən

Qara saçınıza səpələnibdir...

***

İllər keçdikcə Məmməd Səfanın sənətkarlığı daha da dərinləşir. Bu gün o, təkcə sənətkar deyil, həm də sənət yolunun başlanğıcında olanlar üçün səssiz bir mentor, müdrik bir yoldaşdır. Məmməd Səfa, gənc rejissorlarla, tələbələrlə -sənətə yeni başlayanlarla - doğru ürəklə addımlayır, onlarla öz təcrübəsini, istiliyini, varlığını səxavətlə bölüşür. Bu yaxınlıq, bu etimad gənclərdə yeni nəfəs oyadır - onlarda yaratmaq istəyi doğurur, sənətə olan maraqlarını odlandırır. Onlar aktyorun varlığından ilham alır, sənətə daha böyük həvəs və sevgi ilə yanaşmağa başlayırlar. Bu, həm kinoda belədir, həm teatrda, həm də real həyatda.

Hər anın qızıl qədər dəyərli olduğu qısa ekran müddətində, o, bir kainat yarada bilir. Kadrda bir ömrü, hissin gücünü, duyğuların dərinliyini canlandırır, tamaşaçıya həqiqətə toxunmaq imkanı verir. Son illərdə çəkilən “Qütb Ulduzu” (film, 2023, rej. Şirin Əhmədov), “Hökm” (film, 2023, rej. Elmar Fərzəli), “Ölümdən Sonrakı Həyat” (film, 2023, rej. Fərəc Süleymanov), “Allaha Salam” (film, 2024, rej. Xəyal Rza), “Çinar Kölgəsi” (çoxserialı bədii televiziya filmi, 2024, rej. Emin Abbasov), “Tağıyev: Neft” (film, 2024, rej. Zaur Qasımlı) filmləri bunun bariz nümunələridir.

Teatr isə daim olduğu kimi onun üçün məbədgah olaraq qalacaq...

Böyük sənətkarımıza sağlam, uzun ömür arzulayırıq!

 

Hazırladı: Mahmənzər Məmmədrəsulqızı

Load Time (S) : 0.023854