TEATRO

TEATRO

sənət portalı

post-title

27 Mart Beynəlxalq Teatr Günü (2025) münasibəti ilə müraciət!

Müraciətin müəllifi: Teodoros TERZOPOULOS, Yunanıstan.

Teatr rejissoru, pedaqoq, müəllif, Attis teatr şirkətinin qurucusu və bədii rəhbəri, Teatr Olimpiadalarının təşəbbüskarı və Beynəlxalq Teatr Olimpiadaları Komitəsinin sədri.

Teatr virtual reallıq hücrələrinə həbs olunmuş, boğucu məxfiliyə qərq olunmuş, yoxsulluq içində yaşayan insanların olduğu bir dünyadan SOS çağırışını eşidə bilərmi? Həyatın bütün sahələrini əhatə edən totalitar nəzarət və repressiya sistemində robotlaşmış varlıqların dünyasında bu çağırışa səs verə bilərmi? 

Teatr ekoloji fəlakət, qlobal istiləşmə, biomüxtəlifliyin kütləvi məhvi, okeanların çirklənməsi, buzlaqların əriməsi, artan meşə yanğınları və ekstremal hava hadisələrindən narahatdırmı? Teatr ekosistemin fəal hissəsinə çevrilə bilərmi? Teatr uzun illərdir insanın planetə təsirini izləyir, lakin bu problemlə mübarizə aparmaqda çətinlik çəkir. 

Teatr 21-ci əsrdə şəkilləndirilən vətəndaşın - siyasi və iqtisadi maraqlar, media şəbəkələri və rəy formalaşdıran şirkətlər tərəfindən manipulyasiya edilən insanın taleyi ilə maraqlanırmı? Günümüzdə sosial media ünsiyyəti asanlaşdırdığı qədər, həm də insanı digərindən təhlükəsiz bir məsafədə saxlamaq üçün bir səbəbə çevrilir. Başqasına, fərqliliyə, yad olana qarşı böyük qorxu düşüncə və hərəkətlərimizə hakim kəsilir.  

Teatr, qanayan travmanı nəzərə almadan, fərqliliklərin birgə mövcudluğu üçün bir emalatxana ola bilərmi?

Qanayan travma bizi Mifi yenidən yaratmağa dəvət edir. Və Heyner Müllerin təbirincə desək: “Mif bir məcmudur, həmişə yeni və fərqli maşınların qoşula biləcəyi bir maşındır. O, artan sürətlə mədəniyyət sahəsini partladana qədər enerjini nəql edir”. Mən bura barbarlıq sahəsini də əlavə edərdim. 

Teatr işıqları sosial travmalara işıq tuta bilərmi və özünə aldadıcı şəkildə işıq tutmağı dayandıra bilərmi?  

Dəqiq cavabları olmayan suallar, çünki teatr cavabsız sualların sayəsində var olur və sağ qala bilir.

Dionisin başlatdığı, teatrın beşiyindən - antik teatrın orxestrasından keçərək bu gün - Dünya Teatr Günündə, müharibə mənzərələri fonunda səssiz səfəri boyunca davam edən suallar.  

Gəlin, keçmişi, indini və gələcəyi birləşdirən, coşğun teatr və mif tanrısı Dionisin gözlərinə baxaq – Zevs və Smelanın iki dəfə doğulmuş uşağı, qadın və kişi, qəzəbli və mehriban, ilahi və heyvani kimliklərin ifadəçisi, dəlilik və ağıl, nizam və xaos, həyat və ölüm sərhədində dayanan akrobat. Dionis əsas ontoloji sualı qoyur: “Bütün bunlar nə haqdadır?”. Bu sual sənətkarı mifin kökünü və insan müəmmasının çoxsaylı meyarlarını daha dərin araşdırmağa sövq edir.

Bizim yaddaşın qorunub saxlanılmasına, müasir “orta əsrlər”in diktaturasından qurtulmaq üçün yeni mənəvi və siyasi məsuliyyətin formalaşmasına yönəlmiş yeni təhkiyyə üsullarına ehtiyacımız var.

Tərcümə edən Mina Qurbanova

Load Time (S) : 0.018991