Xəyalə Rəis - İçimizdəki qorxu
İl olub 2020. Dünya zərrəciklərdən ibarət olan, çəkisi, qoxusu olmayan yüngül bir virusun əlində çarəsiz qalıb. Digər planetlərə ekskursiyaya çıxan, Yer planetində oturub, Ayda torpaq almaq eşqinə düşən mü...
147 ildir Azərbaycan teatrı sərasər yol gəlir. Şaxtalı-boranlı, günəşli-gündüzlü uzun bir yol. Büdrədikdə dövlət baba əlindən tutur, dəstəyini göstərir. Evini tikib, cibinə pul basıb, ona sahibsiz olmadığını xatırladır. Uzun yoldan gələn, yol yorğunu olan teatrımız özündə nə sirlər, nə boyda dərdlər daşıyır. Oturub onunla dərdləşmək istəyirsən, halını sormaq istəyirsən. 147 yaşlı qoca teatrla baş-başa qalıb "Kimlər gəldi, kimlər getdi?" deyə sorğu-sual etmək, gileyini-güzarını eşitmək istəyirsən. Kim bilir, bu 147 il ərzində nələr görüb, nələrə şahidlik edib. Bir əsr yarıma böyük bir tarix yazılır. Bəs, görəsən, sən bu tarixdə nələr yaşamısan? Hansı yaraya məlhəm olmusan? Kimləri sevgi ilə bağrına basıb, kimləri insanların gözündən salmısan. Kimlərin yalnız, ad, quru bir görüntü, məşhurluq üçün teatrdan, sadəcə, bir vasitə kimi istifadə etməsinə şahidlik edib susmusan?!.
Əziz teatrım, bax, sənə əziz deyirəm. Yox, yox, heç bir fəxri ad, təqaüd filan da istəmirəm, səndən heç bir gözləntim də yoxdur. Səni sən olduğun üçün, təmənnasız sevirəm. Səndə var olanlar gəlib mənim kimi əli qələm tutan yazı-pozu əhlinə "Teatr məbəddir, ocaqdır, müqəddəs bir yerdir" kimi pafoslu çıxışlar edirlər. Bilirsən, o an içimdən nələr keçir? Neçə “kilo” olsun? Fəxri adı deyirəm e. Yəni nə qədər? Yəni öz dediyinizə özünüz inanırsınızmı? Əgər teatr bu qədər müqəddəs bir yerdirsə, hansınız and içmək üçün teatra getmisiniz?
Sən ona görə əzizsən ki, İncəsənət Universitetinin yetişdirə bilmədiyi aktyorları öz səhnəndə yetişdirmisən. Yəni bu gün teatrımız məbəddən daha çox məktəb rolunu oynayır. Onlara səhnə tozunun nə olduğunu izah edirsən. Ancaq bir şeyi qəbul edə bilmirəm: səhnə sınaq meydanı, təcrübə məkanı deyil. Bu səhnədə nə hiyləgərliklər, bicliklər, günahlar, ahını aldığın insanlar olub. Bu səhnə nə qədər yalançı alqışlara şahidlik edib. 20 ildən çoxdur ki, peşəkar aktyorlar sənin səhnəndə çıxış etməyə tamarzı qalıb. Oynayanların çoxu ancaq rejissorların iyrənc siyasəti nəticəsində özlərinə “aktyor” deyənlərdir. Bəzən istedadlı, peşəkar aktyorlara deyil, istedadsız, amma PR-ı yaxşı aparılan aktyorlara meydan vermisən. Öz aramızdır, sənin də günahın az olmayıb. Biləsən ki, tamaşaçı sənin bu şakərini bəyənmir.
Əziz teatrım, artıq 147 yaşın var. Gəl, sənə düzü düz, əyrini əyri deyim. Sən məndən daha çox simalar tanımısan, əli qələm tutan görümsən. İşinə qarışmaq kimi olmasın, amma, gəl, sənə bir misal çəkim. Nənəmin danışdığı nağıllar bu gün mənim övladlarım üçün maraqlı deyil. Nənəmin nənəsindən, onun da ulu nənəsindən bizə keçən o nağıllar bu gün mənim balalarımı cəlb etmir. İndi nağıl zamanı deyil, deyirlər. Bizə elə bir şey danış ki, ona inanaq, orada yeni qəhrəmanlar olsun. Daha bizə Cırtdan, Məlikməmməd kimi köhnə qəhrəmanlarından danışma, deyə üsyan edirlər. Zəmanədir də, üzü qara olsun. Necə ki, məni övladımın yanında üzüqara edib. İndi onlar planşetlərə, youtuberlərə maraq göstərirlər. Övladlarım deyir ki, “Youtube”dakı yotuberlər səndən daha maraqlı mövzulardan danışır. Yaşım elə də çox deyil, amma, özümü yaşlanmış hiss edirəm. Deyəsən, yenə çox danışdım. Əziz dostum, incimə, amma sənin də zamanın keçib. Nənəmdən qalma nağıllar kimi sən də maraqlı deyilsən. Sən də dövrünün insanlarının dilindən anlamırsan. Elə köhnəlmiş nağıllar danışan qarılar kimi özün danışıb, özün də dinləyirsən. Nə dinləyənin var, nə də sənə maraq göstərib başının üstünü kəsdirənin. Dərd eləmə, düzələr deyərdim, amma, mən səni tanıyandan dərdin düzəlmir ki, düzəlmir. Ötən il deyirdim ki, növbəti il sənin doğum günündə şanlı bir yazı yazacağam. “Uğurları özündən çox olan əzəmətli teatrım” başlığı ilə. Ancaq bu il mart gəlməmiş dərdi özündən qabaq gəldi. Hər dəfə mart dərdi qabaqlasa da, bu dəfə dövran tərsinə döndü. Dünyada yayılan karonavirus bəlanı özü ilə birlikdə gətirdi. Düzdür, biz, ən çox da teatr əhli virusu virus yerinə qoymuruq, amma, yenə də bu təhlükə bizə də təsirsiz ötüşmədi. Bütün teatr-konsert müəssisələrinin qapıları martın sonlarına qədər tamaşaçıların üzlərinə bağlandı. 147 yaşında səni virusla qarşılamaq da varmış qismətdə.
Bir söz də desəm, yəqin ki, inciməzsən. Niyə bugünkü dövrümüzlə ayaqlaşmırsan? Niyə insanların xoşbəxt deyil? Niyə aktyorların səhnədə ürəklə oynamırlar? Əslində, bu niyələrin səbəbini sən də, mən də yaxşı bilirik, amma, bəzən susuruq. Danışmağa ehtiyyat edirik. Çünki danışmaqla yaralarımız sağalmır, düzəlmir. Özümüz danışıb, özümüz dinləməkdən taqətdən düşmüşük.
Daha inciməkdən də keçib, bir eybini də deyim ki, çox vəfasızsan. 9 ildir "Kaspi" qəzetində sənə yer ayırmışıq. Medianın başı daha çox şouya qarışdığı bir vaxtda "Teatr" əlavəsi çıxarıb, bu illər ərzində sənə işıq tutduq, yoldaş olduq. Həmkarlarımız teatrın yerini bilməyəndə biz sənə arxa durduq, dayaq olduq. Bölgə, paytaxt teatrları arasında heç bir ayrı-seçkilik qoymadan bütün uğurlarından bəhs etdik. Bu 9 ildə 3-4 nəfərlik kompakt heyətlə böyük bir komandanın edə bilməyəcəyi işi bacardıq. Sən həmkarlarımızın yadına ancaq qalmaqal vaxtı düşəndə biz ölkənin ilk özəl qəzeti olaraq sənin əlini buraxmadıq. Adi səhnə fəhləndən tutmuş, ən üst vəzifə sahibinə qədər hər birinizi ayrı-ayrı eşitdik, dinlədik, tamaşaçıya səviyyəli şəkildə təqdim etdik. Sözümün canı odur ki, ötən ay qəzetimiz bağlanma təhlükəsi ilə üz-üzə qalanda başqa vaxt müsahibə vermək üçün incik düşən teatr direktorlarını bizə dəstək çıxışı etmək üçün ölkədə tapa bilmədim. Bütün teatrın direktorlarını, sanki bir təyyarəyə mindirib xaricə səyahətə və ya iş görüşməsinə göndərmişdilər. Ay başına dönüm, fevralın oğlan çağında bu nəyin istirahətidir? Ya da əlaqə saxladığım teatr direktorları mənə ağıllı məsləhət verdi ki, sən, ən yaxşısı, filankəsi danışdır. O an “bir az kişi olun” demək keçdi içimdən. O gün mənə böyük bir dərs verdiniz. Demək ki, bu 9 ildə “teatr” deyib özümü parçalamağım əbəs yerə imiş. Həmkarlarım sizə qarşı nə edirsə, düz edir, haqq edir, demək keçdi içimdən. Səhnədə sözünüzü deməyə cəsarətiniz olmadığı kimi, həqiqəti söyləməyə də təpəriniz çatmadı. Söz yox ki, yaman günün ömrü az oldu. Amma sizə olan hörmətim də o gün uçurumdan aşağı doğru yuvarlandı. O gün istədim ki, oturub bir məktub yazam. Yazam ki, teatrlarımız da öz direktorlarına oxşayır. Hər bir direktor, baş rejissor necə insandırsa, teatrlarımız da o gündədir.
Ancaq bütün bunlara baxmayaraq, mən ümidimi itirmirəm. Sənin bir gün günəş kimi yenidən doğulacağın və yenə də səhnədə işıq saçacağın o günü gözləyirəm. Sənə inanıram və bilirəm ki, o gün mütləq gələcək. Bu koronavirus axırımıza çıxmasa, o günü görmək bizə də qismət olacaq.