TEATRO

TEATRO

sənət portalı

post-title

  Aydın Talıbzadə “NİMFOMAN QADIN” yoxsa “DEPRESSİYA TRİLOGİYASI”?

           Nimfoman qadına azərbaycanlılar itin dişisinə dedikləri sözü deyirlər. Bu, söyüşdür. Lars fon Triyerin sonuncu filminin adının azərbaycancaya bu sayaq tərcüməsi, məncə, dəqiq ola bilir, çünki mahiyyəti tam ifadə eləməyə qabildir. Bu söz milli romançılıqda hərdənbir işlədilsə də, ara-sıra Azərbaycan kinofilmlərindən, Azərbaycan səhnəsindən eşidilsə də, mən o sözdən xoşlanmıram; hesab eləyirəm ki, üzqızardan bir sözdür. Ona görə burada həmin sözü işlətməyi özümə, yazıma və oxuculara yaraşdırmadım. Heç qüsura yozmayın!

            Amma öz aramızda qalsın, bu dəfə Triyer intellektual blef eləyib, Avropanı aldadıb və sanki bütün kinomanları, şünasları Qərb mədəniyyətinin labirintinə salıb, ağ sapın sahibəsi Ariadnanı isə nimfoman qadın eləyib, ən qutsal ideyaların üstündən iki çarpaz xətt çəkib.

            Bütün ideyaları insan beyni doğur.

            Təbiət heç bir ideya tanımır.

            Heç bir ideya da insanın əzəli xislətinə tablamır. Xislət yeməyə, nəsil artırmağa proqramlaşdırılıb. Halbuki insanınn xislətində dalaşmaq da var... Əslində, bu dalaşmaq elə doymaq, nəsil artırmaq instiktinin ən qabarıq əlaməti; dalaşmalısan ki, sənə yemək çatsın; dalaşmalısan ki, dişiyə sahib çıxasan; dalaşmalısan ki, sənə mənsub məkanı qoruyasan. Dalaşa-dalaşa özünü sübut eləyirsən, dalaşa-dalaşa özünü məhv eləyirsən: dalaşarkən qazanırsan, qazana-qazana isə itirirsən. Dalaşmalısan ki, diri qalasan; çox dalaşdıqca ölümə daha tez yaxınlaşırsan.

            Və bu tövr xislət həmişə bizimlədir... sonacan bizimlədir... və elə bir qüvvə yoxdur ki, bunun qarşısını alsın, proqramı gerçəkləşdirməkdə xislətə mane olsun...

            Bir tək mədəniyyətdən başqa...

Mədəniyyət insan xislətinə geydirilmiş buruntaq qismindədir. Bu buruntaq ideyalardan, fikirlərdən tor kimi toxunur. Mədəniyyət ideyalar zibilliyidir və ya zibil ideyaların nəsnələrdə gerçəkləşməsidir. Lakin bəşəriyyət insan münasibətlərini, birgəyaşayışı mədəniyyətdən daha yaxşı tənzimləyəcək digər bir vasitə hələ ki tapa bilməyib. Bu buruntaq ideyası da insana məxsusdur: o özünü və toplumu idarə eləmək üçün, özünü sığortalamaq üçün, özünü başqalarından, başqalarını da özündən qorumaq üçün buruntağı fikirləşib tapıb. Ona görə də insanlar mədəniyyəti (öz buruntağını) çox sevirlər: çünki öz ideyalarına öz balaları kimi yanaşışrlar və mədəniyyəti ideyaların, fikirlərin təcəssüm məkanı kimi görürlər; azadlığı mədəniyyətdə görürlər, azadlığı mədəniyyətin içində məqbul bilirlər, mədəniyyətdən kənar azadlığı anarxiya sayırlar...

            Amma yenə fərq eləmir: mədəniyyət insanın əzəli xislətinə hər dəfə güzəştə gedə-gedə özünü təzədən qurmağa, təzədən sistemləşdirməyə məcbur olur və əgər belə demək mümkünsə, xislətin nazı ilə oynayır. Xislət dəyişmir; mədəniyyət isə texnologiyalara uyğun buruntaqları dəyişir.

            Qəribədir, sitələri açan kimi seksual və cinayət başlıqlı, qalmaqal xarakterli manşetlərə çoxluq yenə hər şeydən öncə göz atır; baxıb yeni bir şey görməyəcəyini, öyrənməyəcəyini bilsə də, yenə baxır. Bu, xislətdir, təbiətdir: o nəsnələr ki, insanları lap qədim zamanlarda birinci növbədə maraqlandırırdı, XXI yüzildə də eynilə maraqlandırır.

            “Nimfoman qadın” filminin adı da reklam effektli manşet kimi bir şeydir: Triyer fikirlərilə paylaşmaq üçün seyrçi toplamağa çalışır, seyrçi üçün tələ qurur, onun diqqətini seksdə fokuslaşdırır. Əslində isə filmdə seksual, erotik heç nə yoxdur, çoxsaylı ötəri pornoqrafik görüntülər var; onlar da anatomiya dərslərində gördüklərimizdən o yana getmir.

            Film labirintdir və bu labirint Selihmənin labirintidir, onun özü üçün müəyyənləşdirdiyi mədəniyyət labirintidir, fikir labirintidir, intellekt labirintidir, maarifçilik labirintidir. Selihmən bu labirintdə ilişib qalmış və qocalmış Tesey-Minotavrdır və bu Tesey-Minotavr özünü əsl insanpərvər, əsl xilaskar kimi qavrayır. Bu, yalnız Selihmənin şüurunda belədir; reallığın təklif etdiyi vəziyyətdə o necə olacaq, hansı həddə qədər insan qalacaq bilinmir.  Bax, budur bitməyən oyun, bitməyən təkrarlar, bitməyən aldanışlar...

            Bir yadınıza salın, film necə başlayır... çox teatralcasına qurulmuş rəngli divar-döngələr arasında Selihmən (Stellan Skaashod) dükandan çıxıb yoluna davam edir, bir siçan kimi asta-asta, ehtiyatla gəzir küçəni və birdən kimlərinsə əzişdirdiyi, üz-gözü qan içində çox teatralcasına uzanmış orta yaşlı bir qadın aşkarlayır və tərəddüdsüz-filansız onu evinə gətirir, baxmayaraq ki qadın təkidlə ambulansdan imtina edir...

             Aha, aşırı alicənablıq, xeyirxahlıq jesti və bir batman lütfkarlıq... Mədəniyyətin yaratdığı insan... Sonrası dincəlməkdir, bir fincan çaydır və tanışlıq. Qadının adı Codur (Şarlotta Gensbur) və o, sanır ki, öz əxlaqına görə, öz aramsız seksual istəklərinə görə həyatın dibindədir və Selihmanın bu cür qayğısına layiq deyil.

            Vəssalam, bundan o yanası iki nəfərin nimdaş bir mənzildə gerçəkləşən dialoqudur, söhbət zamanı predmetlərin şüuraltıdan tutub qopartdığı seksual xarakterli yaşantı-hadisələrdir. Bu seksuallıq heç kəsə toxunmur, heç bir duyğu oyatmır: çünki arxasında ironiya, sarkazmla aktuallaşan özgələşmə, yadlaşma məsafəsi var, epik söylənti məsafəsi var, etiraf məsafəsi var; seksual günahların etirafı var, etirafın emosional təfsilatı yox.

Maarifçiliyin dilemması: borc yoxsa duyğu; vətəndaş yoxsa insan? Və klassisizmin estetik qanunu: hadisə mənzildə və 24 saata oynanılır; praktiki şəkidə heç nə baş vermir: Co nəql edir, Selihmən qulaq asır və axırda Co öz xilaskarı Selihməni öldürür. Klassisizmdən absurd müstəvisinə fövqəl sıçrayış.

            Faktiki olaraq, Selihməni “tutmaq”, “ilişdirmək”, “yoxlamaq” üçün nimfoman qadın rejissor və ssenari müəllifi Lars fon Triyerin qarmağa taxdığı “yem”dir, onun əsl kimliyini müəyyənləşdirmək üçün istifadə edilən bir test-krossvorddur. Ona görə ki, Selihmən öz xisləti mədəniyyətin paylaşdığı ideyalarla, normalarla “cilovlayıb” yaşayıb, yaşlı bir adam olsa da, bakirə qalıb, qadına bəlkə də heç toxunmayıb, bitki mənşəli nəsnələrlə qidalanmağı üstün sayıb, amma dinə bağlanmayıb, ateist qalıb, ideyanı seçib, mədəniyyətin labirintlərində fırlanmaqdan, bu labirintlərdə dolaşan müxtəlif fikirlərdən həzz ala-ala yaşayıb.

            İndisə nimfoman qadın... onun bulaşdığı bütün ehtiraslı günahlar... Selihmənin qarşısındadır və onun üçün bir fayl kimi açılır. O bu günahları eşidir və görür. Selihmən bu seksual günahların acıdır. Co danışdıqca (“1001 gecə” nağılıdırmı bu?) o, daha çox öyrənməyə, daha çox eşitməyə meyllənir. Guya ki Selihmən bir keşişdir (bəlkə yazıçıdır?), Conu dinləyib onun günahlarını bağışlayacaq (və ya öz tədqiqatının analitik materialına çevirəcək). Həqiqətdə isə Conun etirafları Selihmənin şüuraltı qıcıqlarını ovundurur və Co bunu hiss edib öz söhbətini, öz seksual həyatının olaylarını heç nə ilə pərdələmir, heç nəyi Selihməndən gizlətmir...

            Co uydurur, seksual fantaziyalarını danışır, yoxsa doğru deyir, konkret məlum olmur. Olsun ki, ona heç etiraf da lazım deyil. Burada, sadəcə, ikitərəfli oyun gedir.

            Selihmənin oyunu: qadınla nə baş verib, o niyə bu kökdədir və bir nimfoman kimi nələrdən keçib.

            Conun oyunu: bu yaşlı insan təmənnasızdırmı, dedikləri əməlinə uyğundurmu və o məndən nə istəyir...

            Və qadın danışır, danışır, danışır, hər şeyi danışır, seksual yaşantıların cikini-bikini də danışır. Selihmən isə dinləyir, dinləyir, dinləyir və söhbət içində Conun dedilərinə mədəniyyət aləmində paralellər axtarır... bəlkə də nimfoman qadının bəraətini axtarır ki, niyə o belə olub...

            Amma gecə Selihmən dözəmmir, gecənin qaranlığında yuxulamış Conun yarıçılpaq yambızlarını görür və qadına təcavüz eləmək istəyəndə alnına bir güllə alır. Ekran qaranlıqlaşır.

            No comment.

            Bu kadr bütün filmi və bizim fikirlərimizi alt-üst eləyir. Bayaqdan nimfoman qadın Co dəccal kimi, bədheybət kimi, ehtirasın köləsi kimi, pozğunluq xəstəsi kimi bizim içimizi nifrət modusuna kökləmişdi. İndisə həmin modusa Selihmən düşür. Çünki o, Codan daha qorxuncdur, ömrü boyu anti-ehtirasa oynayaraq, əslində, ehtiras ölüsü olub, hansısa əxlaqi ehkamları özünə bayraq eləyib, orada gizlənib, amma yenə öz xislətinə qalib gələ bilməyib. Bu məqamda Co haradasa ruhsal bir missioner kimi çıxış edən Selihməni üstələyir. Nimfoman qadın bədəninin arxasınca gedib, heç kimi aldatmayıb, yalan mənəvi moizələr oxumayıb və o, razı ola bilməz ki, kimsə onu zorlasın; ələlxüsus da, əgər bu adam onun etiraflarını dinləmiş ruhsal bir kimsədirsə...

            Özünüz seçin: “buruntaqsız” Co, yoxsa “buruntaqlı” Selihmən: kim daha doğruçudur?

            Bu, Lars fon Triyerin mədəniyyətə, insan xislətini heç cür özünə tabe etdirə bilməyən mədəniyyətə  ünvanladığı bir ittihamdır.

            Çoxları Triyeri suçlandırırdı ki, o, pornoqragfik film çəkib: amma heç yaxınından da keçməyib. Hətta  kinorejissor apriori soyuq aseksual fakturalı aktyorlardan faydalanıb bu filmdə. Bu, ilk növbədə, Şarlotta Gensbura və Stellan Skaashoda aiddir. Aktrisanın iç zənginliyi o qədərdir ki, seyrçi nimfoman qadının bir bədən kimi “ucuzlaşdığını” görsə də, onun ruhunun kirləndiyini duymur.

            Amma bir dəqiqə: nimfoman qadın axırda qatilə çevrilir axı, özü də ən günahsız adamın qatilinə?..

            Qadın öz hüququna görə Selihməni öldürdü yoxsa idealı korlanmağa, Selihhməni murdar olmağa qoymadı?

Yəni son kadrda da Triyer birmənalı deyil...

            Qəddar filmdir bu film... insan xislətinə bir faşist kimi qımışan bir filmdir bu film... Ağır baxılır, darıxdırıcıdır və təngə gətirir, çünki Triyer insanı iyrənc zibil palçığının içində yaxalayıb onun ruhunu da “soyundurmaqla” məşğuldur, “doğrunun həqiqəti” naminə insan psixolojisinə işgəncə verməklə məşğuldur və bu, haradasa müasir mədəniyyət dünyasında kulturoloji aksiyadır...

            Çağdaş kino elitası deyir ki, bu, Larsın “Depressiya trilogiyası”nın sonuncu filmidir: əvvəlincilər “Dəccal” və “Melanxoliya” olub və bu, əslində, Avropa mədəniyyətinə “psixoanalitik bir səyahətdir”; hərçənd bu səyahət zamanı XX əsr sinematoqrafiyasının Viskonti, Pazolini, Tarkovski, Kusturisa kimi rejissorlarının kino dünyası da görünür. Doğrusu, onun “Qaranlıq içində rəqs edən”, “Doqvil” filmlərində də depressiya boydandır. Nədir bu depressiv kinotəhkiyənin səbəbi: insanın ruhsalığına olan inamın itirilməsi. Hər bir depressiyanın kökü özünə yazığı gəlmək duyğusundan su içir. Özünə yazığı gələndə isə insan daha çox Vaqner romantizminin içinə düşür və teatrallaşır. Ona görə də Triyerin kino məkanında depressiya ilə yanaşı həmişə bir teatrallıq addımlayır. Onun filmlərinin insanı apriori teatral insandır və hər şeyi teatrallaşdırmağa meyllidir. Bu, mədəniyyətin özünün teatrallığıdır, çılpaq insanı geyindirməyə başlamış mədəniyyətin teatrallığıdır. Teatrallıq isə işarələrin bolluğu və sıxlığıdır, həyatı teatrla əvəzləmək cəhdidir: çünki sən teatrda nəyin nə vaxt qurtaracağını təxmin edib özünü həyatın gözlənilməz olaylarından guya qismən də olsa sığortalaya bilirsən, yəni özün özünlə teatr-teatr oynayıb özünü aldadırsan.

            Lars fon Triyerin kinodünyası möhtəşəmcəsinə teatraldır: o, teatrı yenidən kinoya qaytarmış, daha doğrusu, kinonu maksimal dərəcədə teatrallaşdırmış dahi mistifikatordur.

 

Load Time (S) : 0.000259