Xəyalə Rəis – Teatr asılqandan yox, bilet nəzarətçilərindən başlayır

Teatr kimin üçünsə əyləncə vasitəsi, kimin üçünsə özünü rahat hiss edə biləcəyi mədəniyyət ocağıdır. Kimsə bu məkanda elitar mədəniyyətlə təmasda olmağa can atır, kimsə də buraya, sadəcə, əylənməyə gəlir. Bütün gələnləri girişdəcə bizim bugünkü qəhrəmanlar – bilet nəzarətçiləri, müasir dildə kapeldinerlər qarşılayır.
K.S.Stanislavski deyir ki, teatr asılqandan başlayır. Ancaq diqqət yetirdikdə bu deyimin əsassız olduğunu görürük. Məsələn əgər küçədə istidirsə, hansı asılqandan danışmaq olar? Əynini qalın geyinməyən, üst geyimi olmayan biri üçün teatr asılqandan başlamır, axı. Mənə görə teatr bilet nəzarətçilərindən başlayır.
Teatrların foyesində “Sizdə qarderob hardadır?”, “Bufet ikinci mərtəbədədirmi?”, “Mənim yerim 10-cu sırada, 15-ci yerdədir, necə tapa bilərəm?”, “Hansı qapıdan keçmək lazımdır?, “Proqramı almaq olarmı?”, “Nə üçün proqramda dəyişiklik var?”- deyə soruşan tamaşaçılarla rastlaşmaq adi haldır. Onların sorğularına isə yalnız teatrın giriş qapısından tutmuş, zalın içərisinə qədər sıraların arasında gəzən gənc qızlar və qadınlar cavab verir.
Paytaxtın bir neçə teatrında olarkən onların işini müşahidə etmək imkanı əldə etdim. Əslində, çətin və çətin olduğu qədər də məşəqqətli bir işdir. Bəzən biz rejissorları, aktyorları “teatr fədailəri” adlandırırıq. Ancaq onların adlarını çəkəndə bilet nəzarətçilərini unuduruq. Axı, teatr təkcə aktyorlardan və rejissorlardan ibarət deyil. 27 mart Beynəlxalq Teatr Günüdür. Axı, bu gün təkcə aktyor və rejissorlar üçün əlamətdar deyil. Bu gün həm də bilet nəzarətçilərinin günüdür.  
Teatrda olarkən “Bu, birinci zəngdir, daha iki zəng olacaq”- deyə paltonu soyunmağa və nəzakətlə yuxarı qalxmağa dəvət edən kapeldinerlərlə ünsiyyətdə oldum.
Razılaşaq ki, bu gün onlar üçün işləmək o qədər də asan deyil. Yeni vaxt, yeni publika, internetin reallıqları onlardan yeni biliklər, məlumatlar tələb edir, zamanla onlar psixoloq olmağı bacarmalıdır. Müasir tamaşaçının şıltaqlıqları da öz yerində.
“Mən harada istəyirəm, orada da otururam” deyən tamaşaçılara da az rast gəlməmişəm. Bəzən kassanın səhvi üzündən biletlərin nömrələri üst-üstə düşən tamaşaçıları təsəvvür edin. Kimsə onları sakitləşdirməlidir. Kimsə zala buterbrod və ya pepsi şüşəsi ilə daxil olur. Xəbərdarlıq olmasına baxmayaraq mobil telefonlarını söndürməyən tamaşaçılar da az deyil. Beləcə, bugünkü teatrda qalmaqal, başağrısı istənilən bilet nəzarətçilərinin payına düşə bilir.

Tamaşaçı yarım saat gecikir, amma tələb edir ki…

Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı deyir ki, bilet nəzarətçisi və tamaşaçı münasibətləri heç də asan tənzimlənə bilən iş deyil: “Çünki teatra hər yaşda, hər psixologiyada insan gəlir. Onların dilini tapmaq, əhvalına uyğun rəftar etmək lazımdır. Əlbəttə, Akademik Milli Dram Teatrında bilet nəzarətçilərinin işi dəqiq şəkildə qurulub, onların hər biri mövcud təlimatı, vəzifə öhdəliklərini yaxşı bilirlər. Təbii ki, bu iş hər zaman hamar, problemsiz ötüşmür. Mənim şahidi olduğum kifayət qədər narahatlıq doğuran hallar olub. Amma bilet nəzarətçilərinin hər biri tamaşaçılarla səbirli və hövsələli davranır. Bu, onların vəzifə borcudur. Bizim teatrda uzun illər nəzarətçi təcrübəsi olan insanlar çalışır. Onlar qüdrətli sənətkarlarla bir yerdə çalışıblar və yeri gələndə, xatirələrini də bölüşürlər. Problemlər daha çox tamaşaya gecikən insanlarla bağlı yaşanır. Təsəvvür edin, tamaşaçı yarım saat gecikir, amma tələb edir ki, məsələn, mənim biletim dördüncü sıradadır, mütləq orada da oturmalıyam. Ona imkan yaradanda isə digər tamaşaçılar tamaşaya kökləndikləri ovqatdan ayrılırlar, narahat olurlar. Yaxud tamaşa vaxtı telefonla oyun oynayan, şəkil çəkdirən, yemək yeyən insanlar olur. Ona görə də burada daha çox fərdi olaraq işləmək lazımdır, hər kəsin “dilini tapmaq” tələb olunur”.

“Uşaqları teatr tərbiyələndirir”

Abdulla Şaiq adına Dövlət Kukla Teatrında vəziyyət bir qədər fərqlidir. Axı, onların tamaşaçıları uşaqlardır. Uşaqlarla çalışmaq isə daha çətindir və nəzarətçidən böyük səbr tələb edir. Uzun müddət teatrda bilet nəzarətçisi çalışan, hazırda inzibatçısı olaraq fəaliyyət göstərən Gülər Məlikova bizimlə söhbətində tamaşaçıları razı salmaq və onların rahatlığı üçün çalışmağı əsas meyar hesab etdiyini deyir: “Tamaşaçılar bizi seçib, teatrımıza gəlir, bizi üstün tuturlarsa, onlara xidmət etmək əsas vəzifəmizdir. İstirahət günlərini məhz Kuklaçılarla keçirir, bizimlə dəyərləndirirlər. Onların nazı ilə oynamaq vəzifə borcumuzdur. Bizə ən çox maraqlı olan uşaqlar və izlədikləri tamaşanı anlamaları, onlarda teatr sevgisini formalaşdırmaqdır. Çalışırıq ki, uşaqlar əyləncəli, rahat bir gün keçirsin. Onları rahat şəkildə öndə əyləşdirir, istəklərini nəzərə alırıq. Bilirsiniz ki, Kukla Teatrının öz qayda-qanunu var. Belə ki, uşaqlar öndə, valideynlər isə arxada əyləşir. Bəzən olur ki, uşaqlar “kapriz” edib, anaları ilə oturmaq istəyirlər. Balaca uşaqlar qorxurlar, düşünürlər ki, anaları onları qoyub gedəcək. Teatrı bir bağça hesab edirlər. Biz onların nazı ilə oynayırıq. Balaca uşaqları qabaqda oturmağa dəvət edirik. Tamaşadan yarım saat əvvəl buraxılış olduğu üçün uşaqlarla söhbət edir, onları baxacaqları tamaşaya hazırlayırıq. Çalışırıq ki, tamaşa ərzində onların yanında olaq ki, qorxmasınlar. Qorxduğu zaman valideyninin yanına aparırıq. Uşaqların özlərini rahat hiss etmələri üçün əlimizdən gələni edirik. Uşaqla bərabər valideynlərin də rahat olması vacibdir. Çünki valideyn də istirahətə gəlir. Uşaqları, bir növ, teatr tərbiyələndirir. Tamaşalara baxır, nəsə məlumat alır. Hər hansı bir nağılı bilmirsə, gəlib burada öyrənir. Çox vaxt elə olur ki, uşaqlar baxdıqları tamaşa ilə bağlı yaxınlaşıb bizdən məlumat alırlar”.
Gülər xanım deyir ki, zala daxil olan valideynlərdən telefonları söndürmələri xahiş olunur. Telefonunu söndürməyən, səsini azaltmayan valideynlərə xəbərdarlıq edilir: “Tamaşa zamanı zəng səsi eşitdikdə tamaşaçıya xəbərdarlıq edirik. Xəbərdarlıqdan sonra tamaşaçı anlayır ki, bu başqa tamaşaçıların diqqətini yayındırır. Teatra gəlibsə, əlbəttə ki, telefonla oynamaq olmaz. Tez söndürür və yaxud bizdən üzr istəyib, telefonu səssiz rejimə qoyur”.
Bəzən valideynlər övladlarına yemək yedizdirmək üçün teatra gətirir. Müsahibimiz Gülər xanım isə bildirir ki, teatrda uşaqların foyedə, zalda yemək yeməsinə icazə verilmir.

“Əksər hallarda həmin qeydlərə  əməl olunur”

Azərbaycan Dövlət Opera və Balet Teatrının bilet nəzarətçisi Yusifli Çinarə deyir ki, onların tamaşaçı kontingenti ziyalı təbəqənin nümayəndələri olduğu üçün heç bir çətinliklə üzləşmirlər: “Bizim kontingentlə işləmək çətinlik törətmir. Onları qarşılayır, zala ötürür, yerlərinə əyləşmələrinə yardımçı oluruq. Əyləşərkən yerlərini tapmaqda çətinlik çəkirlərsə, onları istiqamətləndiririk. Tamaşaçılarla ünsiyyətdə olmaq, onları yönləndirmək bizim işimizdir. Bunu böyük məmnuniyyətlə yerinə yetiririk”.
Y.Çinarə tamaşaçıları qarşılayarkən maraqlı hadisələr yaşadığını bildirdi. Nadir hallarda hansısa tamaşaçı şəxsi əşyasını yaddan çıxarır: “Əşyalar zaldan tapılanda onu sahibinə təhvil veririk. Ötən mövsümdə alman şirkətlərinin birində çalışan əcnəbi bizə eynəyinin itməyi ilə bağlı müraciət etmişdi. Həmin şəxs bizə müraciət edənə qədər o eynəyi tapmamışdıq. Açığı, biz təmizlik edərkən o eynək əlimizə keçməmişdi. Onu tapmaqda bir az çətinlik çəkdik. Həmin tamaşaçı bizə oturduğu stolu göstərdi, oturduğu yerdə axtarış etdik. Sən demə o, ikinci mərtəbədə əyləşib, eynəyini lojanın kənarına qoyubmuş, eynək də sürüşüb aşağı düşüb. Biz də onu axtarmağa başladıq. Birinci mərtəbədə kresloların arxasından tapdıq. Deməyim odur ki, istəmirik ki, tamaşaçı bizdən narazı qalsın. Onlar elə düşünürdülər ki, kimsə mənimsəyib. Belə hallar çox olur. Müəyyən vaxtlarda kimsə teatrda əlcəyini, şərfini yaddan çıxarır. Hər zaman çalışırıq ki, tamaşaçıları razı salaq. Bizim tamaşa biletlərinin arxasında da qeyd olunub ki, tamaşadan əvvəl də səsli şəkildə elan olunur ki, “xahiş edirik telefonlarınızı söndürəsiniz”. Əksər hallarda həmin qeydlərə əməl olunur. Çox nadir hallarda tamaşa zamanı telefon səsləri eşidilir”.  

“Qayda hamı üçün eynidir”

Azərbaycan Dövlət Musiqili Teatrın bilet nəzarətçisi Quliyeva Sürmə deyir ki, müasir dövrün tamaşaçıları ilə işləmək o qədər də çətin deyil: “Daha çox “tamaşaçılar həmişə haqlıdır” prinsipi ilə yanaşırıq. İzləyicilərimiz tamaşalara baxıb, sonra bizimlə təəssüratlarını bölüşürlər. Demək olar ki, həmişə xoş təəssüratlarla ayrılırlar. İnternet dövrü olduğu üçün ən gözəl səhnələri hamı telefonun yaddaşına köçürmək istəyir. Amma teatrın bir qanunu var ki, tamaşa gedən zaman video və foto çəkmək qəti qadağandır. Bunun da səbəblərindən biri odur ki, sən video çəkirsənsə, yanında oturan hər hansı bir tamaşaçıya mane olursan və fikrini yayındırırsan. Əslində, bu qanun-qayda daim olmalıdır və biz də rəhbərlik tərəfindən tapşırılan qaydalara əməl edirik, çəkilişə icazə vermirik. Tamaşa zamanı telefonla danışmaq, foto və video çəkmək qadağandır. Belə hallarda tamaşaçıya yaxınlaşıb, asta səslə xəbərdarlıq edirik. Əgər çox təcilidirsə, foyedə danışmasını məsləhət görürük. Tamaşaçılar arasında dövlət xadimlərindən tutmuş müxtəlif peşə sahiblərinə qədər izləyicilərimiz olur. Təbii ki, hər kəs kimi onlara da böyük ehtiram və hörmətlə yanaşırıq. Amma qayda hamı üçün eynidir. Tamaşaçı arasında ayrı seçkilik qoymuruq. Bizim işimiz onların xoş istirahətini təmin etməkdir”.
Müsahibimiz deyir ki, iş prosesində bir çox yaddaqalan hadisələrlə rastlaşıblar. Onlardan gülməlisi və kövrək məqamları da olur: “Bir dəfə Üzeyir Hacıbəylinin “Ər və arvad” tamaşasına bir  bilet alan ailənin üç üzvü tamaşaya gəlmişdi. Evin kişisi, xanımı və bir də balaca uşaqları. Təbii ki, biz onlara əlavə bir bilet də almalı olduqlarını dedik. Uşaq balaca olduğu üçün ona biletə ehtiyac yoxdur. Ancaq xanımla yoldaşı bir biletlə daxil ola bilməzlər. Kişi də mənə qayıdıb dedi ki, “gözünüz görmür, biletin üstünə yazılıb ki, “Ər və arvad”? Mən də arvadımla gəlmişəm də, niyə keçə bilmərəm ki?”
Doğrudur, bizə teatrı sevdirən tamaşa, aktyor oyunu, mövzu və sair və ilaxırdır. Ancaq teatra gedərkən bizi qarşılayan və yola salan nəzarətçilərdən mənfi enerji alarıqsa, bir daha o məkana üz tutmaq istəmərik. Məhz bu baxımdan bilet nəzarətçilərinin də əməyi, zəhməti və ən əsası səbrlə davranışı təqdirəlayiqdir. Son olaraq isə qeyd edim ki, Teatr qarderobdan deyil, əziz bilet nəzarətçiləri, məhz elə sizdən başlayır. Beynəlxalq Teatr Gününüz mübarək.

 

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

Cəfər Cabbarlı haqda film çəkilir

ARB "Aranfilm" Yaradıcılıq Mərkəzi görkəmli dramaturq Cəfər Cabbarlının həyatından və istiqlalçı fəaliyyətindən bəhs edən filmin çəkilişlərinə başlayıb. Filmdə C....

Paytaxt teatrlarının həftəlik repertuarı (14-21 may)

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı  18 may K.Abdulla “Bir, iki bizimki...” saat 19:00 Azərbaycan Dövlət Musiqili Teatrı 19 may V.Ulanovski, V.Orlov “Qızıl cücə” (rus dilində) saat 12:00 R.Mirişli, M.Haqverdiyev...

Aydın Talıbzadə – “Qum adam” – kino qeydləri

Su kimi qum da çəkir adamı özünə: sanki magiyası var. Elə ki qumsallığı gördün, üstündə ayaqyalın gəzmək, bardaş qurub əyləşmək, əllərini quma basdırmaq, onu...

Recent

Könül Əliyeva-Cəfərova – “YUĞ miflər diyarında”

“Boy” tamaşası ilə mifoloji səyahət Mif bəşəriyyətin körpəlik çağıdır, deyib müdriklər. Demək olar ki, insan ömrü boyu uşaqlıq çağına, uşaqlıq xatirələrinə müraciət etdiyi kimi, bəşəriyyət...

Şair, dramaturq Kəmalə Ağayeva vəfat edib

Şair, dramaturq, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Kəmalə Ağayeva 2019-cu il iyulun 18-də Bakıda vəfat edib. Kəmalə Ağayeva 1936-cı il iyulun 10-da Azərbaycanın Naxçıvan şəhərində...

Dağlar Yusif – “dOM” Teatrından reportaj: ”Bu şəxsən mənimçün təzə deyil”

Teatr deyilən şeyi fenomenoloji reduksiyadan keçirsək, yəni ki, onu bir stuktur kimi ələ alıb, “öz”ünün üstünə yüklənmiş digər elementlərdən təmizləsək, ortada nə qalacaq? Yalnız...