Rasim Aşın: “Əsas işim uşaq teatrı və təhsildə teatrdır”

“Düz 14 il bundan öncə oktyabrın 3-də ilk dəfə Bakıya qədəm qoymuşam. Yadımdadır, həmin gün hava yağışlı-çiskinli idi.
Dərhal şəhəri gəzmək istədim. Ev sahibinin oğlu ilə şəhəri gəzməyə çıxdıq. Ev metronun “Nizami” stansiyası ərazisində olduğundan gəzə-gəzə gəlib “Füzuli” meydanına çıxdıq.

“Azdrama”nın binasını görüncə şaşırdım. Yəqin etdim ki, belə möhtəşəm bina hansısa görkəmli şəxsiyyətin məqbərəsidir. Binanın özü də, yerləşdiyi meydan da Atatürkün məqbərəsini, həmin meydanı çox xatırladır. Mənə bələdçilik edən oğlanla təəssüratlarımı bölüşəndə isə aydın oldu ki, bu, teatr binası imiş. Bunu biləndə çox sevindim. Fikirləşdim ki, Bakıya gəldiyim ilk gündə teatrda tamaşaya baxsam, çox yaxşı olar. Həmin gün “Azdrama”da “Özümüzü kəsən qılınc” tamaşası gedirdi. Kassaya yaxınlaşıb bilet almaq istəyəndə qiymətin ucuzluğuna təəccübləndim. Məni biletsiz buraxdılar.

Dedilər, qonağımızsan. Binanın foyesi, zalı məni lap heyran qoydu. Türkiyədə belə teatr binaları çox azdır. “Azdrama”nın interyerinin klassik teatr salonları üslubunda olan ehtişamı məni lap çaşdırmışdı. Tamaşa başlayanda və səhnədə qədim libaslar geyinmiş boylu-buxunlu aktyorların uzaq dövrlərin insanları kimi hərəkət etmələri, üstəlik, nəzmlə danışmaları bu hissi bir az da gücləndirmişdi. Dərhal müşahidə etdim ki, rejissor işi də, oyunçuların (aktyorların – red.) oyun tərzi də Türkiyədə gördüyüm teatr ənənəsindən çox fərqlənir. Təəssüf ki, oyunçular nəzmlə və xüsusi intonasiya ilə danışdıqlarından heç nə başa düşə bilmədim.

Amma tamaşaçıların sərbəstliyi məni çox təəccübləndirdi. Tamaşa başlayandan sonra zala daxil olanlar, zaldan çıxanlar fikrimi yayındırırdılar. Axı mən eşitmişdim ki, Azərbaycanda, Bakıda mədəni, teatr anlayışına hörmətlə yanaşan insanlar çoxdur. Nə isə, beləliklə, teatr aləminin əsirinə çevrildim. Bir də axı mən Türkiyədə qurduğum televiziya karyerasını teatra dəyişmək qərarını qəbul etmişdim. Elə ilk gündən istər Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi, istər “Yuğ” teatrında təcrübə keçən gənc rejissor kimi hər kəsdən yalnız səmimi rəftar, yaradıcılıq üçün şərait gördüm. Anladım ki, məhdud maliyyə imkanları ilə də mükəmməl teatr yaradıcılığı ilə məşğul olmaq mümkündür. Mən bunu Bakıda öyrəndim”.

Rasim Aşını aktyor və ya rejissor kimi tanıyana qədər hər kəs bütün teatr tədbirlərini, digər mədəniyyət aksiyalarını videolentə həvəslə köçürən şəxs kimi tanıyıb. Sonra onu bir neçə qısametrajlı filmdə sözsüz, sırf üz ifadəliliyinə hesablanmış obrazlarda gördük. Müsahibədən öncəki söhbətlərimizdən birində son vaxtlar filmlərdə görünməməyinin səbəbinin rejissorların onu yalnız tipaj kimi qəbul etməsindən bezməsində olduğunu etiraf etmişdi. R.Aşın: “Bundan sonra televiziya və ya kino ilə yalnız o məqsədlə məşğul olaram ki, teatr yaradıcılığımı daha da mükəmməlləşdirim”.

“Yuğ” Dövlət Teatrının rejissoru kimi o, teatrsevərlərə “Müsafir”, “”X” məqamı”, “Midasın qulaqları”, “Olsun!” səhnə əsərlərini təqdim edib. Artıq 2 ildir Bakı Slavyan Universitetinin (BSU) müəllimidir. Ötən yay “Teatr elementlərinin təhsildə istifadəsi” mövzusunda dissertasiyanı müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsinə yiyələnib. R.Aşın BSU-dan savayı Dillər Universitetində və türk liseyində jurnalistikadan, türk mədəniyyətinin tarixindən, davranış və yaradıcılıq psixologiyasından dərs deyir.

R.Aşın: “Pedaqoji fəaliyyətimdə mövcud, bəlli proqrama öz baxışımızdan baxmağı təklif edirəm. İzah etməyə çalışıram ki, teatr sənəti hər peşənin sahibi üçün özünü daha yaxşı ifadə etməkdən ötrü gözəl vasitədir. Dərs zamanı xəyali bir şirkət, nazirlik, redaksiya, ya da başqa bir müəssisə “yaradıb” sonrakı prosesləri düzüb-qoşmağı tələbələrin öhdəsinə buraxıram. Çalışıram ki, ixtisaslaşmanın önəmini qavrasınlar. Uşaqlar bu işə o qədər aludə olurlar ki, 80 dəqiqə bizə azlıq edir. Pedaqoji fəaliyyət mənə imkan verdi ki, bilgilərimi metodoloji struktura əlavə edim. Müəllimlik etməklə həm öyrədirəm, həm də öyrənirəm. Mənim əsas işim Uşaq Teatrı və təhsildə teatrdır. Azərbaycanın təhsil sahəsində Bolonya sisteminin tətbiqi tələsik addımdır.

Bu ona bərabərdir ki, bünövrəsiz yerdə 2-ci mərtəbəni tikməyə başlayasan. Tələbələrimdən, şagirdlərimdən ümumilikdə razıyam. Amma elələri də var ki, anket dolduranda nümunə götürmək istədikləri ən yaxşı səhnə adamı sorğusunun qarşısında Faiq Ağayevin, Aygün Kazımovanın, Brilliant Dadaşovanın adlarını yazırlar. Bu, çox təəssüf doğuran haldır – gənc nəslin belə bir sualın mahiyyətini anlamaması, estrada səhnəsi ilə teatr səhnəsini qarışıq salması acınacaqlıdır”.

Gənclərin, yeniyetmələrin psixologiyasına bələdliyi, onlardan öyrənmək və onları öyrətməyə olan şövqü Rasim Aşını mütləq “Uşaq Teatrı” yaratmaq məqamına gətirib-çıxarmalıydı. Redaksiyamızın qonağı olarkən etiraf etdiyinə görə, 24 il öncə yazdığı gündəliyini tapıb, ordakı “mən nə zamansa teatr yapacam, professional teatr yapacam, adını da “OYUN” qoyacağam” qeydi onun bu qərarına güclü təkan verib. R.Aşın: “İlk tamaşamızı 23 aprel – Uşaqlar gününə həsr etdik. “Yuğ”un istedatlı aktrisalarından Yaqut xanım Paşazadə ilə birlikdə Mövlana Ruminin hekayələrini hazırladıq. Hekayələri hər bir yaş psixologiyasına uyğun qruplaşdırıb yozum verdik. Zala yalnız uşaqlar keçdilər.

Fərqli musiqi – ney və ud, üstəlik, teatrdan hədiyyə edilmiş kitablarla getmələri uşaqları yaman həvəsləndirmişdi. Teatrımı məhz “OYUN” adlandırmağımın səbəbi sadədir. Əvvəla, Türk təfəkküründə tamaşa, göstəri anlayışı “oyun” sözü ilə adlandırılıb. Sonralar yunanların “teatr” kəlməsi geniş yayıldı. Həm də uşaqlıq xatirələrimdən biri də oyun çıxaranlarla, teatr aktyorları ilə bağlıdır.

Mən tanışlarıma deyirəm ki, uşaqlarınızı onlar üçün nəzərdə tutulmamış teatrların tamaşalarına aparmayın. Birincisi, hər bir tamaşanın ayrıca yaş qrupuna aid auditoriyası olmalıdır.. Lap kiçiklərlə, 5,8,10, 13,14 yaşlılar bir yerdə olurlar. Xüsusən pəşəkar olmayan uşaq teatrları uşaqların psixologiyasını lap pozur. Onlar nə üçünsə kuklaları-obrazları çox bədheybət şəkildə hazırlayırlar, uşaqlara çox ciddi süjetlər göstərirlər. Nəzərdən qaçırırlar ki, 3-6 yaş arasında uşaqların dünyaya baxışı, həyat duyumu formalaşır. Bu dövrdə onları ruhu gözəlləşdirən, gözləri, qulaqları oxşayan, mənəviyyatını yüksəldən görüntülər və əhvallarla əhatələmək lazımdır.

Belə olsa, həmin uşaqlar heç 20 yaşına çatmamış dürüst düşünməyi bacaran şəxsiyyət, həyatın çətinliklərinə boyun əyməyən nikbin, mübariz insanlar kimi böyüyəcəklər. Zaldakı uşaqların sayı da yaş qruplarına uyğun olmalıdır. Yəni söhbət artıq spesifik teatrdan gedir. Özü də uşaq teatrıdır deyə, bileti ucuz qiymətə satmaq şərt deyil. Belə teatra biletin qiyməti 15 manat da ola bilər. Təki teatr anlayışını lap kiçik yaşından düzgün anlamaq imkanını uşaqlara verəsən. Daha zövqünü korlayan ucuz hit mahnılarla, şənlik, rəqs etmək mərasimini teatr adı ilə yeridib onu çaşbaş salmayasan.

Mən bütün bu məsələləri konsepsiya şəklində Mədəniyyət və Turizm Nazirliyinə təqdim etməyə hazırlaşıram”.

Samirə Behbudqızı

“Həftə-içi”, 8 oktyabr 2008

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

Paytaxt teatrlarının həftəlik repertuarı (16 may – 22 may)

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 16 may Ə.Əmirli “Ah, bu uzun sevda yolu…” saat 19:00 17 may M.S.Ordubadi “Qətibə İnanc” saat 19:00 18 may K.Abdulla “Bir, iki bizimki…” saat...

Kukla Teatrı mövsümü başa vurur

Bildiyimiz kimi, respublikada fəaliyyət göstərən teatr-konsert müəssisələri artıq mövsümü başa vurmaq üzrədirlər. İl ərzində əldə etdiyi nailiyyətlərinin, ölkə və beynəlxalq miqyasdakı festival və qastrollarda...

Moskva “Müsyö Jordan”a inanır

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH qruplarının IV kurs aktyor tələbələri Moskvadan, iştirak etdikləri “QİTİS - ustad dərsi” teatr festivalından qayıdıb. 21-25 aprel tarixlərində...

Recent

Erməni artistlər fəxri adlarından imtina edir

Ermənistanda artistlər onlara dövlət tərəfindən verilən fəxri adlardan imtina edirlər. Artıq 30-a yaxın artistin fəxri adlardan imtina etdiyi bildirilir. Aktyor Mkrtiç Arzumanyan "Ermənistanın xalq artisti"...

Bəhram Osmanov: “Laboratoriyalar Azərbaycan teatrı üçün bir yenilikdir”

Son dönəmlər “sarı mətbuat”da Azərbaycan Teatr Xadimləri İttifaqı haqda bir para şər, böhtan, ləkəyaxma dolu məqalələr dərc edilir. Bu böhtanlardan biri də 3 ay...

Şövqi Hüseynov: “Belə mötəbər festivalda tamaşaçıların rəğbətini qazanmaq ən böyük mükafatdır”

Azərbaycanın tanınmış teatr və kino aktyoru, əməkdar artist, " Zirvə" mükafatı və "Stanislavski" medalı laureatı Şövqi Hüseynov avqustun 14-dən, 18-dək keçirilən "Ostrovski-Fest" I Beynəlxalq Teatr Festivalından qayıdıb. Ötən gün...