Ana səhifə » Resenziya » Nigar Pirimova – Lamançlı Don Kixot, yaxud gözü yaşlı Pyero

Son yazılar

Müsahibə
Fevral 21, 2019

“Bermud üçbucağı”nda – Şövqi Hüseynov

Xəbər
Aprel 25, 2019

İranlı rejissor Lənkəran Dövlət Dram Teatrında “Sinemarın qətli” tamaşasını hazırlayır

Xəbər
Aprel 25, 2019

Qax Dövlət Kukla Teatrı Balakən rayonunda qastrol səfərindədir

Xəbər
Aprel 25, 2019

ƏSA Teatrında yeni tamaşa – “Adamlar və siçanlar-2. Fermadan qaçış”

Xəbər
Aprel 21, 2019

“Narkomaniyanın faciələri” adlı tədbir keçiriləcək

Xəbər
Aprel 20, 2019

Lerikdə Xalq artisti Qabil Quliyevin 70 illik yubileyi qeyd olunub

Persona
Aprel 20, 2019

Əlisəfdər Hüseynov – Eldəniz Zeynalov paradoksu

Xəbər
Aprel 19, 2019

“Tuğanlıq – 2019” Festivalına həsr olunmuş mətbuat-konfransı keçirilib

Müsahibə
Aprel 19, 2019

Rövşən Almuradlının Ədil İsgəndərova olan əhd borcu – “Sənət əbədidir, ömür amanat…”

Xəbər
Aprel 19, 2019

Bakı Uşaq Teatrı qastrol səfərindədir

Xəbər
Aprel 19, 2019

Qabil Quliyev: “Özümü həmişə olduğu kimi hiss edirəm”

Xəbər
Aprel 19, 2019

Teatrda yeni təyinat

Xəbər
Aprel 19, 2019

Gənc Tamaşaçılar Teatrında “Möcüzəli pillələr” hazırlanır

Xəbər
Aprel 19, 2019

Qax Dövlət Kukla Teatrının direktoru: Prezidentimizin son Sərəncamı teatrların inkişafına güclü təkan verəcək.

Xəbər
Aprel 18, 2019

“Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası”nın hazırlanması ilə bağlı müzakirələr davam etdirilir

Xəbər
Aprel 18, 2019

Adanada Gəncə Teatrının tamaşasını çox bəyəniblər

Mozaika
Aprel 18, 2019

Cövhər Xeyrullayeva – Sanduq əl-əcaibin Qax nağılları

Müsahibə
Aprel 18, 2019

Bəxtiyar Xanızadə – Peşəni öyrədərəm, amma heç kimə insanlığı öyrədə bilmərəm”

Mövqe
Aprel 18, 2019

Azərbaycan məktəbliləri Beynəlxalq Məktəblərarası Teatr festivalında iştirak edir

Afişa
Aprel 18, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (18 aprel – 24 aprel)

Resenziya
Aprel 18, 2019

Fəridə Cəlilova – TEATR ƏHLİNİN XUDPƏSƏND CAZİBƏSİ

Xəbər
Aprel 18, 2019

Tovuzda üçüncü respublika xalq teatrları festivalının növbəti seçim mərhələsi keçirilib

Xəbər
Aprel 18, 2019

İstanbulda Hüseyn Cavidin “İblis” əsəri tamaşaya qoyulub

Xəbər
Aprel 17, 2019

YUĞ Teatrının kollektivi Prezidentin Sərəncamını sevinclə qarşılayıb

Sərəncam
Aprel 17, 2019

Prezident teatrlara bir milyon iki yüz min manat pul ayırdı

Xəbər
Aprel 17, 2019

Dağıstanda Beynəlxalq Milli Teatrlar Festivalı keçiriləcək

Müsahibə
Aprel 17, 2019

Gələcəyi əmin əllərdə olan ADMİU-nun SABAH-ı

Müsahibə
Aprel 17, 2019

Meral Konrat: “Azərbaycanda məni çox sevirlər”

Müsahibə
Aprel 16, 2019

Ziya Ağa: “Kino saçımı tumarlayır, teatr ruhuma sığal çəkir”

Xəbər
Aprel 16, 2019

Sənətçilərimiz Vyanada “Bulmuşam həqqi” deyiblər

Təhsil
Aprel 16, 2019

Məryəm Əlizadə – “Teatr dünyasına açılan pəncərə…”

Nigar Pirimova – Lamançlı Don Kixot, yaxud gözü yaşlı Pyero

Kitabdan aldığın ətri heç nədən ala bilməzsən. Bəzən oxuyub bitirdikdən sonra təsirindən çıxa bilmədiyimiz kitablar var. Çox vaxt kitablarda oxuduğumuz nağılların, dastanların, yaxud pyeslərin qəhrəmanlarının yerində görürük özümüzü. Hətta hansısa hadisə baş verəndə, həmin qəhrəman kimi olmaq istəyirik. İndi deyəcəksiniz, niyə kitablarda söz açdım, əslində, bu sözləri deməkdə məqsədim indi fikirlərimi bölüşmək istədiyim tamaşa ilə bağlıdır. Bu günlərdə Dövlət Gənc Tamaşaçılar Teatrı 90-cı yubiley ərəfəsində növbəti premyerasını təqdim etdi – Migel de Servantesin “Don Kixot” əsəri əsasında hazırlanan tamaşa. Orta məktəbdə ikən bu əsəri oxuyanda mənə bir az müəmmalı, biraz qarışıq, maraqlı olduğu qədər də yorucu gəlmişdi. Çünki özündən bir dünya quran Don Kixotu xəyalımda sərsəm, yaşlı, eybəcər biri kimi canlandırmışdım. Teatrda baxdığım tamaşada isə bir qədər fərqliliklər gördüm. Əslində, tamaşa əsərin eynisi deyildi, təbii ki, rejissor yozumu, fantaziyaları və aktyor oyunu tamam fərqli bir tamaşa ərsəyə gətirmişdi. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rejissor assistenti Sona Mustafayeva idi. Səhnə əsərinin plastik həlli Ceyhun Dadaşova aid idi. Əsas rollarda Xalq artisti Qurban İsmayılov, Əməkdar artistlər Şövqi Hüseynov, Elşən Çarhanlı, aktyorlar Mehriban Hüseynova, Təhminə Məmmədova, Xalidə Şərifova, Ədalət Əbdülsəməd, Ramil Məmmədov, Elnur Hüseynov və Bəhram Əliheydər çıxış edirdilər.
Rejissor dağınıq səhnə təsvir etmişdi. Yer samanlıq, ətrafda çəlləklər, küncdə samanlıqdan yataq, yerə səpələnmiş kitablar və üst-üstə yığılmış təkərlər. Haradasa, zaman qarşıdurması təsvir olunurdu. Keçmişdən müasirliyə bir yol çizilirdi. Axı, tamaşanın əsas qəhrəmanı kitablarda yaşayan, onların içində itib-batan, bu qoca yaşında yeganə təsəllisini, dünyasını o yerə səpələnmiş, vərəqləri saralmış, bəzən səhifələri bir-birinə yapışan möcüzə dünyası kitablara aşiq, özünü orta əsr cəngavəri Don Kixot adlandıran zadəgan Alonso Kixanodur. O yaşlanıb və bütün günü evdə oturub cəngavər kitabları oxumaqla özünü onların bir parçası hesab edir. Dünyada ədaləti bərqərər etmək, zülmə qarşı çıxmaq, yoxsullara, yazıqlara əl uzatmaq, zalımlara qarşı üsyan etmək fikrindədir. Lakin özü də anlamır ki, zaman o zaman deyil, onun xəyalında qurduğu dünyada yaşaması, sadəcə, dəlilikdir. İndi nə cəngavər var, nə də dünya zülmünə qarşı çıxmağa qadir bir kimsə.
Tamaşada Qurban İsmayılovun Don Kixotu zavallı, acınacaqlı, insanda mərhəmət hissi oyadan bir tipajdır. Rejissor bu qəhrəmanı elə yaradıb ki, hamı ona acısın, baxmayaraq ki, sonda onun kürəyinə “dəli” yazırlar. Bu onun dəliliyinə dəlalət edir, ancaq bu yazığın istədiyi, əslində, insanların xilasıdır. Bu gün cəmiyyətdə o qədər yalan, riyakarlıq, ikiüzlülük, cinayət, dəhşət baş alıb gedir ki, bəzən insanın belə qəhrəman cəngəvərə ehtiyacı olur. Fəqət, onun da sonu Don Kixot kimi olacaq. Tamaşanın əvvəlində hamı Don Kixotun sərsəmlədiyini desə də, o uzun, ağ gecə köynəyi ilə gecənin bir aləmində kitab paylayır, xilas etmək eşqi ilə alışıb yanır. Kimsənin ona rəhmi gəlmir, bircə kəndli Sanço Panso yardım edir. Şövqi Hüseynovun Sanço Pansosu Qurban İsmayılovun Don Kixotu ilə tam ziddiyyət təşkil etməklə onun obrazını tamamlayır. Girişdə əlində dəmir qab, fikirli və ciddi halda onu qaşıqlayan aktyor sanki bütün olacaqları yaşamışdı və vaxtilə baş verənlər onun gözünün önündən bir daha keçəcəkdi. Bütün tamaşa boyu ancaq yemək üçün yaşayan Sanço Panso ağasının hər sözünə, əməlinə riayət edir, çünki ona acıyır, onun halından halidir. Sanço Pansonu ağasının yanından ayrılmamasının ən əsas səbəbi isə ona inanması olur, Don Kixot onu qubernator olacağı və kimsəsiz böyük bir adaya məxsus olacağı ilə şirnikləndirir. Bütün səfəri boyu hara gedirsə getsin, Don Kixot “qaş düzəltdiyi yerdə vurub göz çıxarır” . Bir dəfə qəhrəmanlıq edib çoban Andresi (Ramil Məmmədov) ağasının zülmündən qurtarmaq istəyir. Amma o getdikdən sonra ağası hirslənib Andresi yarımcan olanadək döyür. Karvansarayı qəsr hesab edir, yel dəyirmanını isə əcinnələrlə səhv salır, “əcinnələr”lə döyüşərkən ağır yaralanır. Bir insanın ona rəhmi gəlmir. Ailəsindən yalnız bacısı qızı var. O da, əslində, dayısının var-dövlətinə varis olmaq üçün çalışır. Onun nişanlısı Samson Karraskodur (Elnur Hüseynov). Bu iki obrazın da qarşılaşdırılması maraqlı alınıb. Elnur Hüseynovun Samsonu bic, fəndgir, cilddən cildə girən, Don Kixotun mirasına göz dikmiş gənc, təhsilli, hər şeyi tibbi yolla izah etməyə çalışan bir tələbədir. Samsonun planlarından, haradasa, agah olan Qurban İsmayılovun Don Kixotu ondan həmişə uzaq gəzməyə çalışır. Çünki bu qədər yaxınlığın ardında təhlükənin gizləndiyini hiss edir. Əsl libasını, bahalı kostyumunu çıxarıb Don Kixotu evə aparmaq üçün hiylə quran Samson həm məzəli, həm də nifrət dolu hisslər yaradır. Gənc aktyorlar içərisində Bəhram Əliheydərin də adını xüsusi vurğulamaq istərdim. Tamaşa boyunca bir neçə obraz (bərbər, mehmanxanadakı gənclərdən biri və s.) oynamasına baxmayaraq, hamısında öz obrazlarının ciddidən-zarafata xarakter dəyişikliyini yarada bilmişdi. Tamaşanın əvvəlində öz işi üçün müştəri axtaran insan tamaşanın sonunda orta əsr sarayının rəngli geyimində, əlində əsası gah Don Kixotu saraya aparmağa gəldi, gah da guya xanımı ölüb adıyla onu inandırıb oyun qurdu. Aktyorun barmaqlarının ucunda musiqinin ritmi ilə həmagəng hərəkətləri dəqiq seçilmişdi. Tamaşa boyu Qara Qarayevin “Don Kixot” qravürlərindən və rus bəstəkarı Aleksey Rıbnikovun əsərlərindən istifadə olunmuşdu.


İki hissədən ibarət tamaşa sonda Don Kixotun zindanı xatırladan enli dəmir parçaları arasından seyrçilərlə yazıq şəkildə ayrılması oldu. Zəncirləndi, döyüldü, dəli adlandırıldı, evə qapadıldı, ancaq əqidəsindən heç kim döndərə bilmədi, o yenə xəyalları ilə yaşamağa davam edərək öləcək. Bütün bu döyüşlərin əsasında isə kəndli qızı Taboslu Dulseneyanı azad etmək niyyəti vardı, ancaq arzusuna çatmır. Xəyalında qurduğu o gözəli görmək nəsibi olmur. Tamaşanın əvvəlində kitabların yanı boyunca balaca şamlar yandırılmışdı, tamaşa başlar-başlamaz bu şamlar söndürüldü, sonda isə bütün kitablar Don Kixotdan gizlin alova verilib kül oldu. Əslində, dərinə varsaq, rejissorun bəlkə də ötürmək istədiyi ideya budur: kitab işıqdır, savaddır, bu gün kitab oxuyanların da sayı azalıb, oxuyanları dəli adlandırırlar bəzən. Texnologiyanın içində bu kitablar qalaq-qalaq yandırılıb kül olur və bilik mənbəyi məhvə doğru gedir. Bütün tamaşa boyu tamaşaçıya müxtəlif mətnaltı ismarıclar ötürülürdü.
Tamaşanı izlərkən diqqətimi bir nüans da çəkdi. Mən ilk səhnədəki Don Kixotu və bütün tamaşa boyu bəzi obrazları Del arte komediyasının personajlarına bənzətdim. Xarakterlər, geyimlər, xasiyyətlər sanki onlardan bəhrələnmişdi. Bəyaz gecə köynəyində papağının ucu qulağına uzanan Don Kixot hər zaman kədərli, üzündə qara göz yaşı şəkli ilə təsvir edilən Pyeronu həməncə xatırlatdı, hətta, tamaşa boyunca Don Kixot döyüləndə, məyus halda məğlubcasına baxanda, elə bil bu dəqiqə Pyero kimi ağlayacaqdı. Onun əksinə olaraq, şən, dünyanı vecinə almayan Sanço Panso isə Arlekin idi. Bəhram Əliheydərin saray geyimində gəlişi Kassandro, Samson Fritellino, mehmanaxanadakı və bir sıra başqa rollarda oynayan qadın obraz isə del-arte komediyasındakı Servetta maskalarını xatırlatdı.
Tamaşanın finalı, bir növ, əlavə kimi verilmişdi. Əslində, Don Kixot səhnədən son dəfə gedəndə tamaşa bitir. Yazıda P.S. olan kimi, böyük ehtimal, tamaşada da bu vardı. Sanço Pansonun qubernator seçimi, qanunlar yaratması və sonda taxtdan düşməsi. Əlinə Don Kixotun dəbilqəsini alıb başına qoymaq istəyir, amma onun aqibətini yadına salıb, bunu bizlərə-seyrçilərə uzadır. Varmı istəyən, axı, kim bu cür aqibəti bilə-bilə o dəbilqəni əlinə alar?! İndi həqiqəti deyəni cəza gözləyir, yaxşı halda isə “dəli” damğası…

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir