Murat Kolqanat – “Poni”

Dram

İŞTİRAKÇILAR:

Poni

Qadın

Birinci kişi

İkinci kişi

Müdrik kişi

Onlar – kirayə mənzil axtaran bir dəstə insan

“Kimsə” – qara paltarda

I HISSƏ

Qadın ağacın başında oturub. Həmən ağacı “Kimsə” kökündən baltalayır. İnsanlar çəkilmiş xətt boyunca dayanıb. “Onlar” dəstə şəklində gəlirlər.

ONLAR. Bura boşdur?
ONLAR. Xeyr…
ONLAR. Bəs bura?
ONLAR. Sahibi var.
ONLAR. Bəlkə buranın da yiyəsi var?
ONLAR. Bəli,var…
ONLAR. Necə? Boş yer yoxdur? Biz boş yer axtarırıq. Yer var?
ONLAR. Pul var?
ONLAR. Var.
ONLAR. Keçin.

Onlar çəkilmiş xətdən içəri soxularaq onun mərkəzində dayanırlar.

QADIN. (Ağacın lap başına dırmaşaraq) İndi görünür. Səs salmayın. İndi görünür. Əgər arzu  tutsaz, o yerinə yetəcək. Sss.., səs salmayın. Gözləyin biraz. Hay-küy salsaz heç nə görməyəcəksiz.

ONLAR. Kənara çəkilin, mənim yerim azdır.
ONLAR. Bizdə də darısqallıqdı.
ONLAR. Sizə yer azlıq edirsə, gedin. Başqaları tapılar.
ONLAR. Gedərəm, onsuz da bezmişəm!
ONLAR. Dayan, hara gedəcəksən?
ONLAR. Başqa yerdə duracağam.
ONLAR. Orda yer lap azdı, yerləşmərik.
ONLAR. Mənim nəfəsim kəsilir.
ONLAR. Sən özün özünü bu hala salmısan.
ONLAR. Elə bil hava çatışmır…
ONLAR. Bu xəttdən kənara çıxmayın.
ONLAR. Həyətda gəzmək olar?
ONLAR. Gəzmək istəyirsənsə küçəyə çıx. Orda yer çoxdu.

O küçəya çıxır. İkinci kişi küçədə ağaca söykənərək siqaret çəkir. O yaxınlaşaraq onun yanında dayanır.

O. (qadına baxaraq) O aşağı düşəcək?
2\K. Oturub. Tərslik eləyir.
O. Eləbil boğanaq oldu.
2\K. Siz təzəlikcə köçmüsüz?
O. Bəli. Əvvəl o tayda kirayə qalırdım.
2\K. Mən də deyirəm sizi əvvəl harda görmüşəm. Deməli avtobusda görmüşəm sizi.
O. Mən də sizi dərhal tanıdım.
2\K. Sizin əlinizdə həmişə dəmir xətkeş olurdu.
O. Bağışlayın, alüminium xətkeş.
2\K. Demək indiyə qədər ayrılmırsız.
O. Bu mənim ümidimdi, nə etmək olar…
(Qadın yerə enir. Onlar dayanıb baxırlar. Qadın “Kimsə”yə yaxınlaşıb tüpürür və kənara çəkilir. “Kimsə” tüpürcəyi silir.)
O. Bura boşdur?
2\K. Sahibi var.
O. Bura deyəsən boşdur.
2\K. Ora yaxınlaşmayın. (barmağı ilə göyü göstərir) o yerin sahibi orda yaşayır.
O. Yəqin ki, bu yer tutulmayıb.
2\K. Oranın da sahibi var.
O. Heç yanda boş yer yoxdu.
2\K. Yox, bizdə yoxdu, əvvəl var idi. İndi isə, məncə yoxdu. Gəlin sizə bir məsləhət verim, torpaq alin.
O. Mənim belə imkanım yoxdu. Hər şey hesablanıb, qəpiyinə kimi hesablanıb. Mənim bu günkü vəziyyətim, elə sizinki kimi, ancaq öz ailəmi saxlamağa və ev kirəsi ödəməyə imkan verir.
2\K. İmkan olan kimi alın.
O. Mümkün deyil… axı bir neçə kvadrat metr də olsa boş torpaq olmalıdı… Siz öz qonşularınızı tanıyırsız?
2\K. Tanımıram.
O. Nə qədər vaxtdı onlarnan qonşusuz?
2\K. Hardasa 4-5 ildir.
O. Heç ünsiyyətdə olmamısız?
2\K. Yox. Ünsiyyət qurmağa ehtiyac olmayıb.
O. İndi belə çıxır ki, qonşunun oğlu öləndə siz nəinki öz köməyinizi təklif eləməmisiz, hətta ona baş çəkib bir baş sağlığı da verməmisiz?
2\K. Yox. Axı o qohum deyil ki, ona baş sağlıqı verim. Arvadı göndərmək lazım deyildi, özümsə gedib… Onların heç bir qarış torpağı də yoxdur, üstəlik yeganə oğulları da öldü.
O. Bu qədər sual verdiyim üçün məndən inciməyin. Bəs ətrafınızda hamı qəm içində boğulub ağlayanda siz nə ilə məşğul idiniz?
2\K. Nə ilə məşğul olacam, uzanmışdım, kitab oxuyurdum.
O. Siz buna necə laqeyid qala bilirdiniz?
2\K. Axı bu niyə məni narahat etməli idi? Mən ki, onları tanımıram.
O. Yəqin burda uşaqların oynamağı üçün yer azdır?
2\K. Darısqallıqdı. Uşaqlar küçədə oynayır. Həyətin yiyəsi burda oynamağa icazə vermir. Siz də öz uşaqlarınızı xəbərdar eləyin ki, həyətdə oynamaq olmaz.
(Paralel dünyadan gəlmiş kabus– mağaranın oyuğunda oturan əsalı qoca görünür, bir müddət sonra yox olur)
O. Siz gördünüz? Gördünüz?!
2\K. Nəyi?
O. Bir qoca göründü.
2\K. Qoca göründü?
O. Hə, əlində də əsa.
2\K. Görmədim. Yəqin sizin gözünüzə görünüb.
O. Yox.., dəqiq gördüm.
2\K. Sizcə burda axmağa oxşayan var? Mən dünən burda olmuşam. Bir gün əvvəl da gəlmişdim. Burda nə şeytan, nə də kabus görməmişəm. Ümumiyyətlə, burda heç kim olmayıb.
O. Niyə əsəbləşirsiz?
2\K. Mən əsəbləşmirəm.
O. Mən indicə burda onu gördüm.
2\K. İndi belə çıxır ki, siz məndən yaxşı görürsüz?
O. Yəqin belədir…
2\K. Mən sizin yerinizə olsaydım, insanları axmaq yerinə qoymazdım.
O. Bağışlayın. Mən sizi axmaq saymıram. İnsanlar danışırlar ki, burda kabus var.
2\K. Kim bilir. Neçə vaxtdir burda yaşayıram, nə kabusa, nə şeytana rast gəlməmişəm.
O. Adamlar isə ondan danışırlar.
2\K. Siz də inanırsız?  Onlar ki, ağılsızdırlar.
O. Bəlkə də siz haqqlısız… O qadın, taxta üstündə çapan adamın həyat yoldaşıdır?
2\K. Deyəsən PONİnin bacısıdır… amma mənə elə gəlir ki, onlar bir-biri ilə heç tanış da deyillər.
O. O qadın həmişə şeir oxuyur. O şairdi?
2\K. Bilmirəm. Bu sizin nəyinizə lazımdır? Bir sözlə, başdanxarabdır…
O. Onlar birlikdə yaşayırlar?
2\K. Sakit! O bizə tərəf gəlir (Poni taxta belində onlara tərəf gəlir).
PONİ. Diqiduk, diqiduk, diqiduk, diqiduk… (Qaçaraq onlara yaxınlaşır və pıçıltı ilə danışır) mən indicə ALLAHla danışırdım
O. Göydə olan?
PONI. Tırr-tırr, heyvan… O soruşdu ki, “bir saat, doqquz dəqiqə, əlli yeddi saniyə mənim yerimə allah olmaq istəyirsən?”
O. Hətta vaxtı da sənə dedi?
PONİ. O vaxtı da hesabladı. Mən onu necə istifadə eliyim? Bəlkə vaxtın yarısnı götürməyə razılaşasınız?
O. Belə heç yaxşı düşməz…
PONİ. Yəqin, inciyər… Mən getdim. Gərək fikirləşəm… Mən qayıdacam. Diqiduk,diqiduk,diqiduk (Xəyali atın belində çaparaq gedir).
O. Yəqin başqasının vaxtını istəmək günahdı…
2\K. (Ağacı kəsməyə davam edir) Fikir verməyin. O, həmişə belə eləyir. Daima kiminləsə əlləşir.
O. Gəlin mən sizə kömək eləyim.
2\K. Lazım deyil. Bu qoca palıda görə günəşin işığı sahibin evinə düşmür. Ona görə də o ağacı  kəsməyə əmr elədi.
O. Heyif deyil?
2\K. Neyləmək olar? Heç olmasa odun kimi istifadə edilər.
O. Sahib deyirsiz!? Qul kimi… sizə belə gəlmir?
2\K. Hərdən. Amma çalışıram bu barədə düşünməyim.
O. (Ağacı dövr edərək) Bu, müqəddəs ağac deyil?
2\K. Bu hardan ağlıınıza gəldi? Yoxsa o qadın sizə nə isə deyib?
O. Budaqlara baxın, bax o, yuxarıda olanlara. Orda nə isə hərəkət edir.
2\K. Harda?
O. Odur. Budaqın yanında.
2\K. Yəqin quş yuvasının qalıqıdır.
O. Oxşamır. Nə isə ağ bir şeydir, ləngər vurur.
2\K. Onda bu quş lələyidir.
O. Seçə bilmirəm. Gözüm uzağı pis görür. Gəlin sizə kömək edim. Yoxsa necə deyərlər, oğlun qozbel olar.(Baltanı götürür və baltalamaqa başlayır) Gövdə çox möhkəmdir. Deyəsən onu belə asanlıqla yıxa bilməyəcəyik.
2\K. Niyə siz daima şikayətlənirsiz: “mənim torpağım yoxdu, torpağımyoxdu”?
O. Axı mənim doğrudan da torpağım yoxdu.
2\K. Sizə torpaq vermişdilər?
O. Bəli.
2\K. Siz onu nə etdiz?
O. Kənddədir.
2\K. Demək sizin torpağınız var.
O. Biz şəhərdə yaşamaq istəyirik.
2\K. Qayıdın kəndə. Şəhərdə sizsiz də darısqallıqdı.
O. Gedməyəcəyik. Niyə biz getməliyik?
2\K. Deyirəm axı sizə, sizin kimilərə görə şəhərin havası korlanıb. Nəfəs almaq olmur.
O. Belə çıxır ki, biz günahkarıq.
2\K. Siz gələnə kimi şəhər necə gözəl idi. Siz gəldiz və hamının yeri daraldı. Axı siz burda nə axtarırsınız?!
O. Danışıqınıza fikir verin. Bəlkə özününz də şəhərə kənddən köçmüsüz?
2\K. Yox. Mən burda doğulmuşam. Amma mən də sizin kimi kirayə qalıram.
O. Şəhərli olduğunuz üçün özünüzə təskinlik verirsiz?
2\K. Bəli, biz hamımız özümüzü aldadırıq.
O. Sizinlə söhbət eləmək mənim xoşuma gəlmir. Mən gedim.
2\K. Necə bilirsiz, elə də edin.
O. Amma belə olmaz.
2\K. Başa düşmədim.
O. Heç, elə-belə.

  II HİSSƏ
O gəzir və xətkeşlə torpağı ölçür. Qadın ona baxır.
O. On altı və səkkiz. Qirx səkkiz və əlli iki. Otuz altı və altmış dörd. Bir santimetr belə boş torpaq yoxdur.
Yüz on səkkiz və qırx səkkiz. Əlli altı və əlli dörd… susuz quru çölü qazmağa başlasan oranın da tez sahibi tapılar. On səkkiz və yetmiş dörd….
QADIN. Poni sənə yalan deyir. Bu ağacı kəsmək olmaz. Atam deyirdi ki, bu həyatda hər şey rəqəmlərlə ölçülür.
O. Başım hərlənir. Bəlkə mən boşuna vaxt itirirəm. Necə fikirləşirsən?
QADIN. Poni yalan deyir, inanma ona. O mənə də deyirdi ki, allahla danışıb. O əvvəl yaxşı yeyirdi. İndi isə çörəyin yarısını özü yeyir, yarısını isə itə verir. Bütün vaxtını dağdakı mağarada keçirir...( qadın ona yaxınlaşır və üzünə baxaraq) sən mənim on iki noyabrda ölən itimə oxşayırsan. Onun qulaqları səninki kimi idi.
O. Sizin başınız xarabdı.
QADIN. İtim haqqında düşünəndə ürəyim ağrayır.
O. On səkkiz və əlli altı. Mən axmağam. Gərək atama qulaq asıb kənddə qalaydım.
QADIN. Mən indi sənə bir sirr açacaqam. Bu ağacın yanından uzun saqqallı qoca keçir. Birdən onu görsən arzu tut.  Mütləq yerinə yetəcək.
O. Deyirsiz qoca?
QADIN. Uzun əsa ilə gəzir. Əgər görsən mənim arzum haqqında ona danış.
O. Əgər görsəm danışaram. Bəs sənin arzun nədi?
QADIN. Söz ver ki, heç kimə deməyəcəksən.
O. Yaxşı, danışın.
QADIN. Yox, əvvəlcə söz ver.
O. Söz verirəm.
QADIN. And için ki, o uşaqlara danışmayacaqsınız.
O. And içirəm. Onlara danışmayacağam.
QADIN. Əgər onlar eşitsələr məni ələ salacaqlar. Mən də onlardan inciyib əsəbləşəcəyəm. Onlar da ağlayacaqlar. Əgər o qocanı görsən mənim arzumu ona çatdır “mən balaca qız olmaq istəyirəm. Mən ölmək istəmirəm. Məni geri qaytarın”. Bir neçə dəfə təkrar elə.
O. “Mən balaca qız olmaq istəyirəm. Mən ölmək istəmirəm. Məni geri qaytarın”.
QADIN. Hə, bax belə də de, unutma.
O. “Mən balaca qız olmaq istəyirəm. Mən ölmək istəmirəm. Məni geri qaytarın”.
QADIN. Bax belə.(O ikinci kişinin evdən çıxdığını görür) Bu qan içən öz komasından çıxdı. (Gedərək deyir) Bu müqəddəs ağacdır. Onu kəsmək olmaz.
O. Deyirsiz ağac müqəddəsdir?
QADIN. Sənə danışdıqlarımı ona demə. O pis adamdı. O öz arvadının ölümünü kameraya çəkib.
O. Zarafat eliyirsən? Onun arvadı evdədi.
QADIN. Axmaq. Sən mənə söz verdin. Mütləq mənim arzumu çatdır. (Qadın gedir, O heç nə anlamır)
2\K.
Nə axtarırsız?
O. Bəlkə onlar unudublar.
2\K. Ola bilsin ki, unudublar… yox, mütləq unudublar.
O. Heç susuz səhraya da ümid yoxdu.
2\K. Bəlkən əllərindən alaq.
O. Gücümüz çatmaz.
2\K. Biz axı çoxuq. Bir yerə yığılaq və əllərindən alaq.
O. Bu düzgün deyil.
2\K. Nə düzgün deyil? Dəstəynən gedək və hamısını doğrayaq.
O. Yenə də düzgün deyil. Axı onlar belə baxanda bizim qardaş və bacılarımızdır.
2\K. Olsun. Bu itlərə yazığımız gələcək? Onlar məgər bizim vəziyyətimizi başa düşürlər?
O. Yəqin zarafat eliyirsiz…
2\K. (Pıçıltı ilə) Siz sirr saxlaya bilirsiz? Hərçənd, mənə elə gəlir sizə deməyin vaxtıdır. Biz silahlı təşkilat yaradırıq. Onu nə üçün yaratdıqımızı yəqin ki, başa düşürsüz.
O. Siz hücum etmək istəyirsiz?
2\K. Hə, biz hər şeyi öz əlimizə keçirəcəyik.
O. Bəs onların ailələri?
2\K. Məhv edəcəyik.
O. Axı bu cinayətdir.
2\K. Əlbətdə. Bunsuz alınmaz… ancaq güclə almaq olar.
O. Bu qanuna ziddir.
2\K. Qorxmayın. Sonradan bütün qanunları özümüzə uyqun yazarıq. Siz fikirləşin. Belə fürsət sizə ikinci dəfə verilməyəcək.
O. Mən fikirləşərəm.
2\K. Fikirləşin.
O. Hərçənd bu qəddarlıqdı. Onları öldürmək asan olmayacaq. Heç cür aqlıma sığışdırmıram. Mən qayıtmalıyam. Evdə fikirləşərəm.
2\K. Sabah bu yerə gəlin. Sizə bir şey göstərəcəyəm. Gecikməyin. Sizi gözləyəcəyəm.
O. Yaxşı. Sizin üsullarınız çox qəddardı.
2\K. Sakit danışın, yoxsa eşidərlər.
O. Bu barədə arvadıma danışa bilərəm?
2\K. Yox, arvadınıza xüsusi ilə heş nə danışmayın.
O. Əgər arvadıma heç nə danışa bilmərəmsə, onda evə niyə gedirəm?! Yaxşı heç kimə danışmaram.
(O gedir. “KİMSƏ” ağacı baltalamaqa başlayır. ONLAR əllərində yüklə gəlirlər.)
ONLAR. Boş torpaq var? Boş torpaq var? Harda yaşamaq olar?
2\K. Bunlar yenə doluşublar hər yana, heç özümüzünkülərə yer çatmır.
Qaranlıqdan kimsə fit verərək İKİNCİ KİŞİni çaqırır və ona balaca baqlama verir. İKİNCİ  KİŞİ təşvişlə ətrafa baxır və cəld baqlamanı ağacın altında basdırır.

                                                             III HİSSƏ
Bir-birini qovaraq Qadın və Poni qaçıb gəlirlər. Hər ikisi şən, gülərək zarafatlaşırlar. Qadın ağaca çıxır. PONİ taxtanın belində ağacın ətrafında çapır.
PONİ. Düş , düş aşağı , başın gicəllənəcək. Yer bərkdi, başın əzilər. Düş də..
QADIN. Sən də qalx yuxarı.
PONİ. Qorxuram. Mənim hündürlükdən başım gicəllənir.
QADIN. Əlini mənə ver.
PONİ. Dayan qoy atı bağlayım. Dünənki kimi qaçıb getsə onu bir də hardan tapacağam.
QADIN.  Tez ol.
PONİ. (Taxta ata müraciətlə) Qaçıb getmə, yaxşı!? Sonra evə qayıda bilmərəm.
QADIN. Tez ol, o gedir.
PONİ. Bu dəqəqə.(Qadına baxır) Qorxaq, düşə bilməyəcəksən, düşə bilməyəcəksən. Qorxaq, qorxaq. Lalala lalala lalala. (Barmağı ilə göstərir) Qorxaq, qorxaq.
QADIN. Sənsən qorxaq. Sən yuxarı qalxmaqa qorxursan, əlini ver.
PONİ. Ana, sən hardan gəldin bura?
QADIN. Axmaq. Mən sənin anan deyiləm.
PONİ. Hə gözləyirəm. Evi yığışdırmışam. O həmişə ağlayır, həmişə ağlayır. Ana, o səni axtarır. O hələ balacadır ana! Atam onu qucaqlayıb onunla bir yerdə ağlayır. Mən də ağlayıram. Onlar da ağlayır. Haçan qayıdacaqsan?! O sakitləşmir, ağlayır, ağlayır, ağlayır. Mən hirsləndim. Sobanın qapısını açdım və onu yanan sobanın içinə atdım. Aaaa, o dəhşətlə çığırırdı,möhkəm ağlayırdı. Axı hələ balacadır…
QADIN. Axmaq. Bu ağacın budaqlarında insan ruhları yaşayır.
PONİ. O ağlayırdı. Dəhşətlə çığırırdı. Sonra isə yox oldu. Sobada alov yanırdı, alov yanırdı, alov yanırdı (qışqıraraq qaçmağa başlayır). Aaa, o yanırdı, yanırdı, yanardı…( “O” gəlir)
O. Poniyə nə olub? Qışqıra-qışqıra harasa qaçır.
QADIN. Axmaqdı o, axmaq.
O. Nə olub ona? Yenə xəstəliyi şiddətlənib?!
QADIN. (Saçlarını ona yaxınlaşdırır) Əl vur.
O. Saçların coddu.
QADIN. Axır vaxtlar saçlarım tökülür. Atam həmişə deyirdi ki, saçlarımı hara gəldi tökməyim, yığım.(Saçını yolur) Evdə saçlarımı yığdım və sobanın arxasında gizlədim ki, uçub getməsinlər.
O. Saçlarınızı yolmayın, axı hamısı tökülməyib.
QADIN. Sən kimsən?
O. Kirayənişin.
QADIN. Ağaclarda ölənlərin körpə ruhları yaşayır. Lap balaca körpələrin. Amma böyük adamlardı. Görürsən, onlar gülürlər. Onlar elə utancaqdırlar ki. İnsan görən kimi gizlənirlər.
O. Gör bir nələr uydurursuz.
QADIN. Onlar ölənlərin bədənindən çıxıb yeni doğulanlara keçirlər. Bu yerdəyişmələr arasındakı vaxtda bu ağacda yaşayırlar.
O. Mən bu ağac haqqında kitabda oxumuşam.
QADIN. Sən mənə inanmırsan?
O. Yox.
QADIN. O budağı görürsən? Sən öləndə ruhun ora köçəcək.
O. O budağa?
QADIN. (Paltarından bir parça qopararaq ağaca qalxır) Bura bağlayıram ki, sənin ruhun azıb uçub getməsin.
O. Əgər azsa hara gedəcək?
QADIN. Sonsuz aləmə uçacaq. Əgər ora uçsa, sən bir də bura qayıtmayacaqsan.
O. Gülməlidir. Amma maraqlı nağıldır.
QADIN. Onlar elə incədirlər ki. Bu cəlladlar isə ağacı yıxmaq istəyirlər.
O. Belə çıxır ki siz…
QADIN. Uşaq olanda məni ildırım vurub.
O. Oho. Sağ qalmaq ehtimalı çox azdır.
QADIN. Mən getdim.
O. Hara gedəcəksən?
QADIN. Artıq Poni yaxınlaşmalıdır.
O. Siz inanırsız ki, allah var?
QADIN. Axmaq! (Qadın gedir)
O. Sərsəmlər necə əmələ gəlir?! Bismillah! (Ağaca qalxır, parçanı açmaq istəyir, KİMSƏ yaxınlaşır)
2\K. Siz nə edirsiz?
O. (qorxur). Siz məni qorxutdunuz.
2\K. Baqışlayın. Hərdən mən ucadan danışıram.
O. O qadınla danışırdım.
2\K. O yenə nə uydurub?
O. İddia edir ki, bu ağacda ölənlərin ruhları yaşayır.
2\K. Siz ona inandınız?
O. Mənə elə gəldi ki, onların səslərini eşidirəm.
2\K. Maraqlıdır. Axı bizim dinimizdə ruhun hara getməsi barədə deyilir.
O. Doğrudur. Əlbətdə mən buna şübhə eləmirəm. Lakin mən onların necə pıçıldaşdığını eşitdim.
2\K. Sizə elə gəlib.
O. Ola bilər.
2\K. Unudun.(Ağaca tərəf çağırır) Bura gəlin. Bir baxın oralarda kimsə yoxdu ki?
O. Yox heç kim görünmür.
2\K. (Ağacın altına basdırılmış sandıqçanı çıxarır) Siz bax bunu görmüsüz?
O. Bu nədi?
2\K. Qumbara.
O. Əsl qumbara?
2\K. Sakit. Bax biz bunları istifadə edəcəyik.
O. Düşünmürdüm ki, onlar belə olur.
2\K. Hazırsız?
O. Olar birini götürüb baxım? (Qumbaranın birini götürür)
2\K. Halqanı dartarsan.
O. Bunu necə eləyirlər? Ömrümdə əlimə silah almamışam.
2\K. Çətin bir şey yoxdu. Mən səni öyrədərəm, ancaq daima  mənim yanımda ol.
O. Heç vaxt düşünmürdüm ki, belə plan olur.
2\K. İndi geriyə yol yoxdu.
O. Mən hər şeyi başa düşürəm. Bu ki müharibədir (Qumbaranı göstərir). İndi belə çıxır ki, bu qumbara bu insaları tikələrə böləcək?(Tamaşaçıları göstərir)
2\K. Bizim başqa yolumuz yoxdu.
“Poni. Ey Poni, hardasan?” Qadının səsi  eşidilir. “O” və “İkinci kişi” sandıqçanı gizlədir və göyə baxırlar.
O. Ulduzlarda da kimsə yaşayır?
2\K. Bəlkə də kimsə yaşayır. Allahın qüdrəti sərhədsizdir.
O. Yəqin orda torpaq çoxdur.
2\K. Bəlkə də hamısı çoxdan satılıb.
O. Bizimkilər ora gedib çıxa bilməzlər.
2\K. Ola bilsin, yadplanetlilər yaşayır.
O. Maraqlıdır, onlar nə ilə nəfəs alırlar?
2\K. Yəqin hava ilə.
O. Hava ilə biz nəfəs alırıq.
2\K. Ola bilsin onlar da alırlar.
O. (Çiyinlərini qaldıraraq) Necə bilirsiz, yadplanetlilər kirayənişinlərə ev verirlər?
2\K. Ola bilər.
O. Məni ələ salırsız? Nə deyirəm, deyirsiz “ola bilər”, “yəqin ki”.
2\K. Yox. Sadəcə həyacanlanıram.
O. Hə, yəqin ki, belədir. Unutmuşdum. Bağışlayın.
2\K. Nə deyirsiz, bizə qoşulursuz?
O. Bilmirəm. Deyəsən urəyim etiraz eləmir.
2\K. Siz yalnız yanımda olun. Özüm başlayacam.
O. Qərbdə qaçqınlara ev verirlər.
2\K. Pulsuz?
O. Bilmirəm. Ola bilsin kirayə. Ümumiyyətlə onlar heç itləri də küçədə qoymurlar.
2\K.  Mmm. Şərqdə boş evlər çoxdu.
O. Köçüb yaşayasan orda.
2\K. Yəqin sənəd istəyəcəklər.
O. Həm də bizi tutardılar…
2\K. Biraz dözün. Biz bacaracağıq.
O. Onlara nə oldu? Bizə qoşulacaqlar?
2\K. Boyük çevriliş gözlənilir.
O. Axı onların heç bir günahı yoxdu.
2\K. Onlar bizim vəziyyətimizi düşünür?
O. Düşünmək belə qorxuludur.
2\K. Sizi gözləyəcəyik. Sabah hazırlığa gəlin.
O. Bilmirəm. Nəsə qorxuram.
2\K. Siz artıq hər şeydən xəbərdarsız. Geri yol yoxdu. İndi siz bizimləsiz, yoxsa… Mən evə gedirəm. Sonra deməyin ki, xəbərdar eləmədik.(Getmək istəyir)
O. (Sakit səslə) Qorxutmaq istəyir.
2\K. Sakit.(Qadın gəlir)
QADIN. Poni, ay Poni, hardasan? Qayıd evə, gecə düşüb, Poni. (Onların ikisini görür) Siz ikiniz burda neynirsiz?
2\K. Sənin işin deyil.
QADIN. Sən qaniçənsən. Ona baş qoşma. Bu dostluğun axırı yaxşı qurtarmayacaq.
Bir dəstə insan şən əhvalla danışaraq onların yanından keçir.
QADIN. Daha bir bədbəxt şəhərli olmaq arzusu ilə şəhərə köçüb. Onlar şəhərə xoşbəxt gəlir, bədbəxt qayıdırlar. Poni, ay Poni, hardasan axı? Poni, Poni evə qayıt! Gecələr canavar gəzir, ayı gəzir, cadugar səni oğurlayar. Poni hardasan? Evə qayıt! (Gedir)
2\K. Fikir verməyin, ağzına nə gəldi danışır.
O. Adi insana oxşamır…
2\K. Bütün dəlilər qeyri-adi görünür.
O. O deyir ki, onu ildırım vurub.
2\K. Bu sizin nəyinizə lazımdır? O ki dəlidir. Gəlin qayıdaq.
O. Bircə plandan xəbər tutmasınlar.
2\K. Kim bilir….

IV HİSSƏ
Poni ağacın altında dayanıb öz-özü ilə danışır.
PONİ. Mənim xoşuma gəlmir. Məni hamı dəli hesab edir. Bilmirəm onlarla necə ünsiyyət qurum. Onlar məni ələ salırlar. Mağaradakı qoca ilə danışmaq mənim ürəyimcədi. O məni başa düşür, təsəlli verir. Hərdən ora getmək istəmirəm. Amma mən gəlməyəndə o inciyir. O məni həmişə gözləyir. Mənim mağaram  istidi… mən təkliyi sevirəm. Mənim balaca atım var.  Onun adını “Dayça” qoymuşam. Biz mağarada tanış olmuşuq. O elə qəmli idi. Mən onun qəlbini duydum. O vaxtdan biz bir yerdəyik. Mən istəyirəm ki, o at yarışlarında iştirak etsin. O elə cəlddir ki.(İkinci kişi gəlir və ağacı kəsməyə başlayır)
PONİ. Sənə dedim əl vurma. Əl-vur-ma, əl-vur-ma, əl-vur-ma… ağaca əl vurma. Ağac aşsa o daha gəlməyəcək.
2\K. Get, rədd ol, itil gözlərimdən!
PONİ. Doğramayın, xahiş edirəm, baba daha mənim yanıma gəlməz.
2\K. Rədd ol burdan babanla bir yerdə. Bax bu saat getməsən başını partladacağam.
PONİ. Baba, o mənə deyir ki, başımı partladacaq. Babaaa, hardasan? Ağacı kəsmək istəyirlər!
2\K. Ey, it oğlu, sən gedəcəksən ya yox!?
PONİ. Getməyəcəm, getməyəcəm!
2\K. (Onu qaldırıb atır) Al sənə, getmək istəmirsənsə! İndi mən sənə göstərərəm!  Ged, itil burdan!
PONİ. Vurma məni! Vurma! Onsuz da getməyəcəyəm!
2\K. (Təpikləyir) Al sənə, getmirsənsə! İt oğlu!
PONİ. Ay Allah! Ay Allah!
2\K. Dedim sənə “anqırma”
QADIN. (Qaçaraq gəlir və onları ayırmağa başlayır) Ey, əl vurma ona! (Ağlayan PONİni qucaqlayır) Onu öldürərsən! Gəl yanıma. Hər şey bitdi. Niyə özündən zəifi incidirsən?
2\K. İkiniz də tez rədd olun burdan.
QADIN. Gedək, gedək evə. Sənin üçün isti süd hazırlamışam.
PONİ. Getmirəm. O indi ağacı kəsəcək.
QADIN. Kəsməyəcək. Sabah sənin baban gələcək, onu döyəcək.
PONİ. Baba doğurdan gələcək?
QADIN. Hə, o gələcək və onları cəzalandıracaq.
PONİ. Sən mənim üçün süd qaynadmısan?
QADIN. Gedək evə.
PONİ. O qəddar adamdı, hə?
QADIN. Hə, qəddardı.
QADIN və PONİ gedirlər. İkinci kişi ağacı doğramaq istəyir, sonra isə baltanı yerə atır.
2\K. Hamınız lənətə gələsiz. (“O” İkinci kişiyə yaxınlaşır)
O. Nəsə elə bil özünüzdə deyilsiz.
2\K. Başa düşmürəm.
O. Ağırdı deyəsən.
2\K. Çox maraqlıdır.
O. Düşünmürdüm ki, hər şey belə alınacaq.
2\K. Düşünmürdüz?
O. Qətiyyən.
2\K. Mən bir vaxtlar bu barədə çox düşünmüşəm.
O. Doğrudur ki, siz arvadınızı yandırıb kameraya çəkmisiz?
2\K. Kim sənə dedi?
O. Poninin arvadı.
2\K.
Çox maraqlıdır.
O. Siz öz arvadınızı yandırmısız?
2\K. Gör daha nələr uydurur.
O. Sizin arvadınız?
2\K. Mən Poninin arvadından danışıram.
O. Nə olub ki ona?
2\K. Əfsanələr uydurur.
O.
Belə çıxır ki, uydurub.
2\K. Dəli qadındır da.
O. Mənə dedi ki, onun ölmüş itinə oxşayıram.
2\K. Bəlkə də sizə maraqlı deyil. Gecə yuxu görmüşəm.
O. Nə gördünüz?
2\K. Sonra yata bilmədim.
O. Danışmaq istəmirsiz?
2\K. Əslində gecələr yatmaq mənə çox çətindir. Yuxuya gedən kimi öz çürüyən, iylənmiş cəsədimi görürəm. Ürəybulandırıcı çürüyən cəsəd iyi burnuma vurur, oyanıram və yuxuya gedə bilmirəm.
O. Siz buna necə dözürsüz?
2\K. Nə etmək olar?
O. Yatmazdan əvvəl Allaha təşəkkür (dua) edirsiz?
2\K. Siz məni nə hesab edirsiz? Əlbəttə?! Allaha təşəkkür etmək və günahlarımızın bağışlanmasını diləmək lazımdı! Onsuz da yaxın vaxtda bir neçə adamın ölümündə günaha batacam. Ona görə də bir daha bağışlanmağımı istəmək artıq olmaz.
O. Və hər şey hansısa torpaq parçasına görədi.
2\K. Bizim başqa yolumuz yoxdu. Torpağı almalıyıq.
O. Mən sizə minnətdəram.
2\K. Belə çıxır ki, yalnız öləndən sonra bir-iki metr torpaq qismətimiz olacaq.
O. İndiyə qədər eşitməmişəm ki, kimsə basdırılmamış qalsın.
2\K. Mən razı deyiləm. Öləndən sonra torpağ nəyimə gərəkdir. Belə xoşbəxtlik mənə lazım deyil, əgər saqlığımda o torpaq mənim olmayacaqsa.
O. Düz deyirsiz.
2\K. Bəlkə biz seçilmişlərik?! Bəlkə bizə tapşırıq verilib… bəlkə bizə verilən bu missiyanı sona çatdırmalıyıq.
O. Ola bilər. Amma mən bu barədə düşünmək istəmirəm. Bircə torpağı ala bilsəydik.
2\K. Bir az dözün. Alacaqsız.
O. O qumbaranı mənə verin.
2\K. O sizin nəyinizə lazımdır?
O. Məşq eləyəcəyəm.
2\K. Baxın, kimsə yoxdu ki?
O. Heç kim yoxdu. (2\K ağaca tərəf gedir və qumbaranı çıxardır)
2\K. Ehtiyatlı ol, bircə partlamasın.
O. Mən bu dəmiri çəkməliyəm?
2\K. Hə, onu çəkirsən və qumbaranı atırsan. Atan kimi yerə yat.
O. (Hərəkəti təkrar edir) Belə?
2\K. Eyniylə belə. Nişan alın və atın.
O. Deyəsən mən düşündüyüm qədər də qorxulu deyil.(Qumbaranı əlində atıb tutur)
2\K. Sizin başınız xarab olub? Bir də belə eləməyin, o partlaya bilər. Bura ver onu, yerinə qoyum. Siz belə bizim ikimizi də partladarsız.(Qumbaranı yerinə qoyur)
O. Siz mənə güvənmirsiz?
2\K. İnanıram. Amma, necə deyəllər, ehtiyyat igidinn yaraşığıdır. Tezliklə bizə silah da gətirəcəklər.
O. Haçan başlayacağıq.
2\K. Özüm xəbər verəcəm. Hələ əmr olmayıb. Siz hazır olun.
O. Mən hazıram. Mənim sualım var.
2\K. Soruş.
O. Bəs mən öz ailəmi, arvadımı neyniyim?
2\K. Bu barədə düşünərik. Mən özüm sizə hər şeyi deyəcəm.
O. Sizə inanıram. Siz öz yuxunuzu axıra qədər danışmadız.
2\K. Yuxu deyirsən? Tamam unutmuşdum. Bu dəqiqə… düşünməyin ki, yuxu maraqlıdır. Yuxuda görürəm ki, bu ağacın altında oturmuşam və yaddaşımdan bir-bir kəndimizin bütün ölülərini keçirdirəm. Böyük evlərdən başlayım: (Barmaqları ilə sayır) Qoca İmaş öz qarısı ilə, Dimaşın babası və nənəsi, İqiberdi araqdan zəhərləndi, Rayıp qarı, onun oğlu Oral, Janqalinin oğlu Altınbek özünü asdı, Malikin sonsuz arvadı Karlıqaş, qoca Orazali və onun arvadı Mariyaş, Abayın birinci arvadı, mehtər Omirbek, kor olmuş qoca Temirbek, sonra kim… Qoca Murat ciyər xəstəliyindən öldü, onun qonşusu, aktrisa Əmina xərçəngdən, Valiya xala xəstəlikdən öldü. Kənddə ancaq məzar təpəcikləridir, sən demə, çox adam ölüb…
O. Niyə siz həmişə ölüm haqqında danışırsız?
2\K. İndi mən günahkaram?
O. Siz düz eləmirsiz.
2\K. Bəs mən nə edim?
O. Mən də öləcəyəm?
2\K. Mən demədim ki, siz öləcəksiz.
O. (Öz bədənini tutur) Mən bundan, bu bədəndən, bu candan necə əl çəkim. Heyifim gəlir axı… Bunu necə qurban vermək olar… Heç cür ağlıma sığışdıra bilmirəm. Bəlkə Poninin yanına gedim, ola bilsin o Allaha yalvarıb mənim canımı geri ala bildi. Axı o Allahla söhbət eləyir…
2\K. Axmaqlamayın. Siz bədəni geri qaytaran Allahı harda görmüsüz?
O. Yox. Mən ölmək istəmirəm. (Gedir)
2\K. Guya kim ölmək istəyir ki…

V HİSSƏ
İkinci kişi ağacı kəsir. Taxta atın belində Poni qaçaraq gəlir.
PONİ. Diqiduk, diqiduk, diqiduk, diqiduk…(Qışqırır) Soydular! Soydular! Yazıq torpaq axtarırdı, soydular! Heç nə saxlamadılar! Arvadı ilə qəpik-qəpik yığdığı pulu aldılar əlindən. Bu nə vəhşilikdir!? Bu barədə Allaha danışmaq lazımdır. Tırrr, tırrr, mənim atım.
2\K. Kim kimi soyub?
PONİ. Atımın qabaqında baltanızı yelləməyin, o qorxur. Tırr, tırr.
2\K. Ey, Poni, kimi soyublar?
PONİ. Eşidirsiz? Məni çağırırlar.
2\K. Kim? Hara?
PONİ. Mağaraya.
2\K. Ey, axmaq, mənim başımı qatma, çıx get. Sənsiz də bu işlərin əlindən başım fırlanır.
PONİ. Ey çu! Çu, çu! Çap mənim dayçam! Çap o yerə ki, orda bizi eşıdirlər! . Diqiduk, diqiduk, diqiduk.
(O gəlir, hirsli və içkilidir)
O. Hər şey cəhənnəm olsun. Belə çıxır ki, mənim bütün həyatım dörd divar arasında keçəcək? Cəsədimi başqasının mənzilindən çıxaracaqlar. Heç elə sey yoxdu… onu görməyəcəksiniz… tfu, alın sizə. (Barmaq göstərir)
2\K. Bəsdirin. Siz içkilisiniz.
O. Siz eşitdiz?
2\K. Hə, indi çətin olacaq.
O. Çətin nədi? Bu ki, fəlakətdir, dəhşətdir. Biz arvadımnan on ildir qəpik-qəpik yığırdıq…
2\K. Nə etməyi düşünürsüz?
O. İt kimi öldürəcəyəm. Öldürəcəyəm onu. Sonra da meyidin asacam ki, qurd-quş yesin. Mən göstərəcəm insanı necə təhqir etmək olar.
2\K. Bilirsiz bunu kim edib?
O. Sizin o planınız nə oldu?
2\K. (Ətrafa boylanır) Hazırlaşırıq.
O. Məni də götürün.
2\K. Mütləq.
O. Hamının qanını tökəcəm. Mən göstərəcəm başqalarını alçaltmaq nədi.
2\K. Sakit, sakit. Asta danışın, eşidən olar.
O. Cəhənnəm olsunlar… nədən qorxacaqam?! Onsuz da heçnəsiz qalmışam.
2\K. Siz dincəlin. Sakitləşəndə gələrsiz  yanıma. Düşünürəm siz məni başa düşürsüz. Göz-qulaqdan qaçsaz yaxşı olar. Daha yaxşı olar ki, mən özüm sizi evə aparım. Bu vəziyyətdə bilmədən kiməsə nə isə danışarsız… gedək.
O. Mən heç yana getmirəm. Mənə qumbara verin.
2\K. Niyə?
O. Mən oların qanını tökəcəm.
2\K. Biraz düşüncəli olun. Hələ vaxtı deyil. Gedək mən sizi ötürüm.
O. Yox. Mənə qumbara verin.
2\K. Sizə adam dili ilə deyirəm, özünüzü ələ alın, hirsinizi cilovlayın. Hələ onun vaxtı gəlməyib, nahaqdan qurban gedərsiz.
O. Mən də sizinlə gedecəyəm, düzdü?
2\K. Mütləq.
O. Boş yerə itirdiyim vaxt yadıma düşəndə ölmək istəyirəm, axı mən o pulu qəpik-qəpik yığmışdım.
2\K. Təslim olmayın. Bizim də vaxtımız gələcək.
O. Mən o pulu ailəmin, övladlarımın boğazından kəsə-kəsə yığmışdım…
2\K. Dözün, hər şey yaxşı olacaq.
O. Çox sağol qardaş. Kömək elədiyin üçün.
2\K. Gedək, sizi yola salım.

 VI HİSSƏ
O qayıdır, içkilidir.
O. Mən ona göstərəcəyəm ki, mən kiməm! Düşünür ki, əgər mən susuramsa, deməli fağır bədbəxtəm. “Sən kişi deyilsən, kişi deyilsən” sözləriylə məni hirsləndirmək istəyir. İndi sizə göstərərəm, məni necə ana doğub. Məni kiminsə küncünü kirayələdiyim üçün günahlandırır. Amma mən başqa cür düşünürəm. Elə bilirsiniz ki, məni qarət eləmək olar? Tfu, heç bir haqq-ədalət yoxdu! Hanı sənin müqəddəsliyin. Səni kökündən kəsirlər, amma sən dayanmısan, bir budaqını da, bir yarpağını da tərpətmirsən. Bu budaqlarda insan ruhları yaşayır?! Belə çıxır ki, bizim ruhlarımız bu köməksiz ağaca bağlıdır. Bağışla, amma bu gülməlidir. Mənim sənlə danışmağa vaxtım yoxdu. Mən insanlıq qarşısında öz missiyamı yerinə yetirməliyəm.

 (Paralel dunyadan əsalı qoca görünür. O  onu görərək.)

O. Ağsaqqal, siz burda gecə vaxtı nə edirsiz? Gedin evdə yatın. Bu qocalar yuxu bilmirlər. Dayanmadan gəzirlər, eşələnirlər. (Qoca qaranlıqda yox olur və yenidən peyda olur. O təəccüblə qocanın arxasınca qışqırır.) Ey qoca, sən hara yox oldun? Mən səni tanıdım. Mən səni burda görmüşəm. Bir dəli onun arzusunu sənə çatdırmağımı xahiş eləyib: “Mən balaca qız olmaq istəyirəm. Mən ölmək istəmirəm. Qaytar məni”. Mən sözümü yerinə yetirdim. Baba sən eşidirsən? Mən sözümə əməl etdim. (Əlini yelləyir) Bunlar hamısı gülməlidir. Sənsiz də işim başımdan aşır (Sandıqdan qumbaranı götürərək gedir).

VII HİSSƏ
Möhkəm partlayış səsi eşidilir. İnsanlar səhnədə qaçırlar. Səhnənin digər tərəfində bir dəstə adam dayanıb baxır. Poni taxta atın belində ora-bura çapır.
PONİ.  Diqiduk, diqiduk, diqiduk, diqiduk… (qışqırır) yazıq partladı, bədəni tikə-tikə oldu.  Diqiduk, diqiduk, diqiduk, diqiduk… bütün ömrünü onun-bunun evində yaşadı… Diqiduk, diqiduk, diqiduk, diqiduk… başqasının evinin yanında partladı. Bunu Allaha demək lazımdır. Yəqin o bunu eşitməyib…  İndicə onun parçalanmış cəsədini çıxardanda cibindən əski parçası  düşdü, parçanın içində bir ovuc torpaq var idi… əsil torpaq…
ONLAR Səs salırlar
ONLAR. Bir ovuc doğma torpaq.
ONLAR. Valideynlərinin məzarının torpağı.
ONLAR. Yox, yox, doğma torpaq.
ONLAR. Valideynlərinin məzarının torpağı.
PONİ. Onlar öz aralarında mübahisə edirlər. Çu heyvancığaz, çuu… öldü, heç kəsə lazım olmayan kimi. Çu heyvancığaz, çuu… bu xəbəri tezliklə Allaha çatdırmaq lazımdı. Çuu çuuu
ONLAR. (Bir birinə pıçıltı ilə) Deyirlər torpaq verəcəklər.
ONLAR. Nə danışırsan? Pulsuz?
ONLAR. Hə.
ONLAR. Pulsuz torpaq verəcəklər.
ONLAR. Torpaqı olmayanlara torpaq verirlər.
ONLAR. Deyirlər torpaq paylayırlar.
2\K. Hər şey cəhənnəm olsun! Lənətə gələsiz! (Bir neçə dəfə ağacı balta ilə vurur və oturur (burda rejissorun istəyinə görə ağacı yıxmaq da olar)QADIN tamaşaçılara müraciət edir)
QADIN. Ha-Ha-Ha! Şəhərli olmaq istəyən daha bir bədbəxt öldü! Öldü və torpağın altında yatır! Bu dünyada bir parça torpaq tapmadı ki, özünə ev tikə bilsin.  Ha-ha-ha! Eh insanlar! İnsanlar!  Gücsüz, əlacsız. Əlsiz, ayaqsız. Gücsüz, əlacsız. Əlsiz, ayaqsız. Öldü! Gücsüz, əlacsız. Öz torpağında yad kimi öldü. Əlsiz, ayaqsız. Gücsüz, əlacsız…
 SON.

 

Rus dilindən tərcümə edən: Mehman Fətullayev

Redaktor: Vidadi Qafarov

 

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

“YUĞ” Dövlət Teatrı 2019-cu ilin ilk tamaşasını təqdim edəcək

6 yanvar tarixində saat 19.00-da YUĞ Dövlət Teatrında R.Akutaqavanın “Cəngəllikdə” novellası əsasında hazırlanmış “Müəmmalı bir qətlin üç versiyası” adlı tamaşa nümyiş olunacaq. Tamaşanın quruluşçu...

Emin Əliyev – “Ölü sinif”in rəhbəri-Tadeuş Kantor

Məşhur "KRİKOT 2" teatrının yaradıcısı, rəssam, səhnə dizayneri, yazıçı və nəzəriyyəçi Tadeuş Kantor 6 aprel 1915-ci ildə Polşanın Vielopole bölgəsində doğulub. T.Kantorun yaradıcılığı iki dövrə...

Aygün Aslanlı, “Yoxsa”…

TeatrO.az saytının “Yoxsa” 21 ekspress sual layihəsində kinoşünas Aygün Aslanlı 1.Ay, yoxsa gün? – Hər ikisi. Biri digərindən ayrı mövcud deyil.

Recent

Xəyalə Rəis – Teatrlarımızın ən çalışqan mətbuat katibi kimdir?

Daha bir mövsümün sonuna gəldik. Bu mövsüm də ənənəvi olaraq teatrdan yazan qələm əhli arasında sorğu keçirdik. İncəsənət sahəsinin ən çətin qolu olan və...

Namiq Ağayev – “Ol” deyilib və olub

Kino ayrı bir dünyadır. Hər bir filmin öz tamaşaçısı və ona ötürdüyü mesaj var. Bir neçə həftə öncə kinoteatrımıza “Ol” adlı yeni bir film...

Həmidə Nizamiqızı – Cavabsız qalan 14 məktub

“Həyat bizi yalnız irəliyə baxmağa məcbur edir. Mənasını isə geriyə baxanda anlayırıq”. Bu fikirləri baxdığım bir filmdə ümidləri qırılmış qəhrəman deyirdi. Haqlı olmasaydı, bizi inandıra...