Ana səhifə » TARİX » Fəridə Cəlilova – “Mehdi Məmmədov – 100” mövzusunda variasiyalar

Son yazılar

Müsahibə
Fevral 21, 2019

“Bermud üçbucağı”nda – Şövqi Hüseynov

Xəbər
Mart 20, 2019

Azərbaycanlı tələbə Ziya Ağa beynəlxalq festivalda qalib olub

Xəbər
Mart 19, 2019

“Sübh çağı”nın müəllifi sübh çağı vəfat etdi

Müsahibə
Mart 19, 2019

Xalq artisti: “O görüşdə olsaydım deyərdim ki…” – MÜSAHİBƏ

Persona
Mart 19, 2019

Rəcəb Məmmədov – MANSUR ŞİRVANİ – 100

Mövqe
Mart 19, 2019

Gülcahan Mirməmməd – Səhnədə dolğunluq olarsa…

Xəbər
Mart 19, 2019

Bədii, sənədli və animasiya filmi ssenariləri müsabiqəsi elan olunub

Resenziya
Mart 19, 2019

Cövhər Xeyrullayeva – … Və “Kəloğlan”

Xəbər
Mart 19, 2019

Akademik Musiqili Teatrda “Paris Notr-Dam kilsəsi”

Xəbər
Mart 19, 2019

İlham Əliyev daha bir aktyora mənzil bağışladı

Xəbər
Mart 19, 2019

ƏSA Teatrı fəaliyyətini dayandıra bilər

Xəbər
Mart 19, 2019

“Azərbaycan incəsənətində Cəfər Cabbarlı fenomeni” mövzusunda konfrans keçiriləcək

Persona
Mart 16, 2019

Fəridə RƏHİMLİ – Öz dəsti-xətti olan sənətkar

Xəbər
Mart 16, 2019

Mədəniyyət Nazirliyi bədii film ssenariləri müsabiqəsi elan edib

Xəbər
Mart 15, 2019

“Laçında xalq oyunları və meydan tamaşaları” kitabının təqdimat mərasimi keçirilib

Xəbər
Mart 15, 2019

ADMİU SABAH qrupları QİTİS-in qonağı olacaq

Xəbər
Mart 15, 2019

ADMİU-da Cəfər Cəfərova həsr edilmiş tələbə konfransı keçirilib

Xəbər
Mart 14, 2019

Akademik Musiqili Teatrda “Beş manatlıq gəlin” komediyası

Afişa
Mart 14, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (14 mart – 20 mart)

Xəbər
Mart 14, 2019

“Boş məkanın dolğunluğu-2” Eksperimental tamaşalar festivalı başa çatıb

Mövqe
Mart 14, 2019

Teatrlarımızda eksperimental tamaşalar azdır

Xəbər
Mart 14, 2019

“İki amerikano və çizkeyk”

Mövqe
Mart 14, 2019

Festival bayramdır?! Bayramınız mübarək?!

Xəbər
Mart 13, 2019

Prezident Teatr Xadimləri İttifaqına 250000 manat ayırdı

Xəbər
Mart 13, 2019

Bakı Uşaq Teatrı “Həyatla oyun”

Xəbər
Mart 11, 2019

Teatr və konsert müəssisələri işçilərinin maaşı 50 faiz artırıldı

Persona
Mart 10, 2019

Məryəm Əlizadə – Fikir adamı…

Xəbər
Mart 9, 2019

“Kəloğlan masalları” Kukla Teatrının səhnəsində…

Xəbər
Mart 7, 2019

AMEA Memarlıq və İncəsənət İnstitutunda Hüseyn Ərəblinskinin anım tədbiri keçirilib

Xəbər
Mart 7, 2019

ADMİU-da Mehdi Məmmədovun 100 illiyinə həsr olunmuş konfrans keçirilib

Afişa
Mart 7, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (7 mart – 14 mart)

Fəridə Cəlilova – “Mehdi Məmmədov – 100” mövzusunda variasiyalar

Mehdi Məmmədovun quruluş verdiyi tamaşaları bilavasitə izləməyən nəsil bu gün, illər sonra böyük teatr xadiminin rejissor yaradıcılığı haqqında düşünərkən, ilk növbədə, gözünün qarşısında tərəddüd içində vurnuxan, yaşadığı dövrün imkanları çərçivəsində ekzistensial suallara cavab axtaran mütəfəkkir obrazları canlandırır. Bəlkə də insanın mövcudluq parametrlərini “dövrün imkanları” ilə əlaqələndirmək məsələni fəlsəfədən antropologiya sahəsinə keçirmək kimi dəyərləndirilə bilər. Ancaq istənilən teatrşünas tədqiqatını nəzərdən keçirmək kifayətdir ki, Mehdi Məmmədov yaradıcılığı ilə bağlı “monumental-fəlsəfi üslub” təyininin vurğulandığının şahidi olaq. Qeyd etdiyimiz təəssürat “Canlı meyit” (1968), “Xəyyam” (1970), “İblis” (1983) kimi pyeslərin səhnə quruluşları ilə bağlı daha aşkar duyulur. Hərçənd, deyək ki, teatrşünaslar az qala bir ağızdan “Dəli yığıncağı” (1978) tamaşasını estetik məziyyətlərinə görə rejissorun ən uğurlu işi sayırlar. İstənilən halda, Cəlil Məmmədquluzadənin əsəri də insan ekzistensiyasının tədqiqi üçün yaxşı material verdiyinə görə Mehdi Məmmədovun maraq dairəsinə daxil olmuşdur. Adını çəkdiyimiz pyeslərdən hər birində qəhrəmanları seçim qarşısında görürük və bu seçim, dramaturgiyanın qaydalarına uyğun olaraq, pyesin əvvəlində hadisələrin mübarizəyə keçməsi üçün zəruri sayılan şərt kimi deyil, bütövlükdə bəşər taleyini müəyyənləşdirməli amil kimi çıxış edir. Yəni sözügedən tamaşaların qəhrəmanlarını narahat edən suallar Mehdi Məmmədovu düşünən bir insan kimi narahat edən məsələlərlə üst-üstə düşür: müasir cəmiyyət və onun ideal qəhrəmanı necə olmalıdır? Mehdi Məmmədovu bu, həm rejissor, həm də estetikadan dərs deyən alim-pedaqoq kimi maraqlandırırdı. Təsadüfi deyil ki, A. Talıbzadənin M. Məmmədov haqqında geniş monoqrafiyasının adı “Mehdi müəmması və sənətdə konseptual hamletizm” adlanır. M. Məmmədov yaradıcılığı bu və ya digər dərəcədə daim danimarkalı şahzadəni xatırladan məqamlarla bağlı olub: istər “Hamlet” radiopyesi olsun, istər “Xəyyam” pyesindəki bəzi səhnələrdə Şekspirə allüziyalar, istər “İblis”də “Hamlet”lə bağlı müəyyən paralellər.

Ümumiyyətlə, M. Məmmədovun quruluş verdiyi səhnə əsərlərindən danışarkən, qeyd etməliyik ki, rejissorun pyes üzərində iş prosesinə ciddi yanaşması, tamaşanın özündən əlavə,  həm də onu müşayiət edən, bəzənsə qabaqlayan yazılarda əks olunur. M. Məmmədovun nəzəriyyəyə olan marağı da, görünür, buradan qaynaqlanır – o, hazırlayacağı tamaşanı ən əvvəl idrak sınağından keçirməliydi.

M. Məmmədovun “Azəri dramaturgiyasının estetik problemləri” kitabında xüsusi maraq doğuran hissələrdən birində M. Məmmədov tragikliyin mahiyyəti ilə bağlı fikirlərini bölüşürkən Hegellə polemikaya girir. O deyir: “(…) Hegel faciə kolliziyasının dialektik keyfiyyətini, onun dərin ziddiyyətlər və mübarizələr prosesindən ibarət olduğunu özünəməxsus dahiyanəliklə təhlil etsə də, bu janrın mahiyyətini ictimai-tarixi nöqteyi-nəzərdən düzgün aşkarlamır” [1, s. 281].

Kimsə deyə bilər ki, bu fikirlər dövrün diktəsi idi, ancaq etiraf edilməlidir ki, materialist düşüncəli istənilən insan üçün Hegelin haqqında danışılan yanaşması həddindən artıq ekzotik görünəcək. Obyektiv idealizmin təmsilçisi öz incəsənət təsnifatında romantik adlandırdığı sənət növünü həqiqət məzmununu bədii formada açan ibrətamizlik qismində qəbul edilməsinin əleyhinə çıxır. Belə ki, məzmun artıq öz-özlüyündə incəsənətdən kənarda, təsəvvür və hisslərdə mövcuddur. Hegel deyir: “… söhbət həqiqətin dərkindən gedirsə, halın və təsvirin gözəlliyi ikincidərəcəli və əhəmiyyəti olmayan bir şey kimi görünür, çünki şüur üçün həqiqət incəsənətdən asılı olmayaraq da mövcuddur” [2, s. 249].

M. Məmmədov Hegelin estetikasında “ilahilik”lə bağlı məqamlarla razılaşmır, bu idealist yanaşmanın reallığı tam əhatə etmədiyini düşünür. Alman filosofunuun romantik incəsənətlə bağlı fikirləri ilə razılaşmamağına rəğmən, M. Məmmədovun rejissor yaradıcılığında ən yaddaqalan tamaşalar böyük Azərbaycan romantiki Hüseyn Cavidin dramaturgiyası ilə bağlı olub. Biz nəzəri-fəlsəfi, estetik görüşlərin dramaturji materialın əməl təhlili və səhnə quruluşu ilə qarşılıqlı bağlılıqda nəzərdən keçirmək üçün M. Məmmədovun son tamaşası olan “İblis”in üzərində dayanacağıq.

Əsər üzərində işə başlayarkən, sözsüz ki, rejissor ilk növbədə pyesin janr özünəməxsusluqlarını müəyyənləşdirir. Tragikliyin və tragediya janrının poetika xüsusiyyətlərindən danışan alim M. Məmmədov deyir: “Faciəviliyin isə tamam başqa aləmi vardır. Bu, əzablar, işgəncələr, ölümlər, qurbanlar bahasına qədəm qoyduğumuz, kəşf etdiyimiz dərin idrak aləmidir. Belə idrak qələbə deməkdir. Bu, böyük nikbinlik səltənətidir. …Həqiqi faciələr həmişə nikbindir. Nikbin olmayan faciə isə, deməli, bu janrın fəlsəfi-estetik mahiyyətinə, onun poetikasına uyğun deyildir, başqa sözlə, faciə deyildir” [1, s. 298].

Təxminən eyni fikirləri biz M. Məmmədovun 1975-ci ildə oğlu rəssam Elçin Məmmədova “İblis”in səhnə tərtibatı haqqında yazdığı məktubunda da görürük. Professor Aydın Talıbzadə də məktubu öz tədqiqat işinə yerləşdirərkən vurğulayır ki, rejissor Akademik Milli Dram Teatrında “İblis” əsərinin məşqlərinə 1982-ci ilin mayında başlamışdır, bu məktub isə əsərin hələ illər öncə onun diqqətini cəlb etdiyinə daha bir sübutdur. Məktubda oxuyuruq: “(…) sən düz iş görmürsən və əsassız olaraq rəngləri qatılaşdırırsan; o dərəcədə qatılaşdırırsan ki, “İblis”i “dəhşətlər dramı” kimi təqdim edirsən. …Cavid bütün dahi faciənəvislər kimi zülmətdən işığa can atırdı, başqalarını da özüylə səsləyirdi, insanlara inam və ümid bəxş eləyirdi, gələcəyə inanırdı” [3, s. 339-340].

Janrın təyini məsələsində müasir nəzəriyyə tamaşaçı reaksiyasını da göstəricilər siyahısına əlavə edir. Çox güman ki, Mehdi Məmmədov da “İblis”dən danışarkən tragediyanın bu mühüm paradoksundan çıxış edirdi. Əgər qabaqlar tragediyada “inam” təkcə müəllif və tamaşaçılarda deyil, həmçinin əsərin ölməyib sağ qalan iştirakçılarına da, yəni tragediyanın baş verdiyi mühitin “işıqlı gələcəyinə” də şamil edilirdisə, indi əsər qəhrəmanlarına çox zaman bu “işıq” yayılmır. Görünür, elə buna görədir ki, XX əsr tragediya janrının ölümünü diktə etmişdir. Əlbəttə, yeni janrlar yaranır, ədəbi materialda inikas tapan reallığa yeni münasibət sərgilənirdi. Xüsusilə XX əsrin ikinci yarısı iki dünya müharibəsindən sonra pessimist ruhlu pyeslər yazılır, onlarda ümidsizlik, çarəsizlik əhval-ruhiyyəsi geniş vüsət tapır. Bu cür əsərlərin məqsədi haqqında suallar isə tamaşaçını silkələmək, oyatmaq vəzifəsini yerinə yetirən incəsənətin zəruriliyi kimi motivlərlə cavablandırılır. Bütün bunlara baxmayaraq,  H. Cavidin ən realist əsərlərindən biri sayılan “İblis” pyesi dramaturq tərəfindən faciə kimi dəyərləndirilib. Ancaq əsərin janrının müəyyənləşdirilməsində yozum da az əhəmiyyət kəsb etmir.  Diqqət yetirək görək, “İblis” əsərində sözügedən “ümid” yalnız tamaşaçıyamı ünvanlanıb və onu ayıltmağamı xidmət edir, yoxsa burada qəhrəmanların özünə də konkret xilas yolu göstərilir.

Tamaşanın hazırlanmasından əvvəl işıq üzü görən “Azəri dramaturgiyasının estetik problemləri” kitabında müəllif Cavid dramaturgiyasını təhlil edərkən gələcək səhnə əsərinin konturlarını müəyyənləşdirir və bu zaman da o, özünün janr haqqında biliklərindən çıxış edir: ““İblis” faciəsində müəllif birinci dünya hərbinin dəhşətlərini, sarsıdıcı, dağıdıcı nəticələrini əks etdirir. …Dramaturq ölüm, qan, ədavət, xəyanət toxumu səpən, yıkan, dağıdan şər qüvvələri İblisin varlığında cəmləyir. Cavid qatı romantik boyalardan, simvolik üsullardan istifadə yolu ilə diqqəti həyat və səadət düşmənlərinin burada, insanların öz arasında olduğuna yönəldir. İblis pyes boyunca fövqəltəbii qüvvədən təbii qüvvəyə, simvoldan həqiqətə, iblisdən insana çevrilir” [1, s. 107-108].

S. Xəlilov “Cavid fəlsəfəsi. “İblis”də fəlsəfi motivlər” kitabında M. Məmmədovu H. Cavid dramaturgiyasının tədqiqatçısı və səhnə təcəssümçüsü kimi təqdim edir, ancaq bir filosof kimi onun yozumu ilə razılaşmır: “Təəssüf ki, M. Məmmədov bu qüsurlu mövqeyi pyesin səhnə qoyuluşunda da əks etdirmişdir. Və nəticədə yeni nəsil səhnədə və televiziyada əsil “İblis”lə deyil, ondan ideyaca köklü surətdə fərqli olan Mehdi Məmmədov konsepsiyası ilə tanış olur, İblis əvəzinə az qala müdrikləşən insan görür” [4, s. 58-59].

Dərhal sual yaranır ki, bəs professor S. Xəlilova görə, əsl “İblis”in mahiyyəti nədən ibarətdir? O, bu suala belə cavab verir: “(…) nə şəxsi münasibətlər, nə də müharibə aparan imperialist dövlətlər arasındakı konflikt əsərdəki əsas dramatik xətti ifadə etmir. Əsas xətt, əsil dramatizm məhz mahiyyətlər arasındakı, ideyalar arasındakı mübarizədə axtarılmalıdır. Faciədə qarşılaşdırılan başlıca iki ideya tənqidçilərin çox haqlı olaraq qeyd etdikləri kimi, bir tərəfdən “ədalət, mərhəmət, vicdan” ideyası (Arif), digər tərəfdən fəaliyyət göstərmək – altun və silah gücünə arxalanaraq miskin nəfsə xidmət etmək (İblis) ideyasıdır. Lakin əsərdə məqsəd bu ideyalardan birinin qələbəsini, digərinin məğlubiyyətini göstərmək deyil; əsəri bu cür metafizik mövqedən mənalandırmağa çalışanlar düzgün nəticə hasil edə bilmirlər” [4, s. 12-13].

Filosofun dilini filosof bilir. Burada biz bəlkə də M. Məmmədovun Hegel dialektikasındakı idealizmdən çəkindiyinin acı nəticələrini görürük. Belə ki, M. Məmmədov tam haqlı olaraq, Hegelin ziddiyyətlərin mahiyyəti ilə bağlı dediklərini qəbul edir, mütəfəkkirin düşüncə tarixindəki rolunu müsbət dəyərləndirir, ancaq   alman filosofunun irəli sürdüyü sistemi tamaşa üzərində işləyərkən tətbiq etmək istəmir. Hərçənd Hegelin triadası “İblis” üçün açar rolu oynaya, tezis – anti-tezis – sintez vəhdəti Cavid dünyagörüşünün dialektikliyini anlamağa kömək edə bilər.

Maraqlıdır ki, M. Məmmədov da, S. Xəlilov da “İblis” haqqında nəşr olunan məqalələr arasında dərin analitik məzmununa görə Abdulla Şaiqin yazısının əhəmiyyətini məxsusi qeyd edirlər. A. Şaiq çox maraqlı məqama toxunmuşdur, o, “İblis” əsərinin sonunda peyda olan Elxan obrazının pyesdəki yerini hegelsayağı “sintez” mərhələsi kimi müəyyənləşdirmişdi. Bir çox yozumlar əsəri İblislə Arifin qarşıdurması kimi qələmə verdiyi halda, Elxan bir növ “Hamlet”dəki Fortinbrası xatırladır, yəni rejissorlar sanki onu heç görmür. Hərçənd istər Fortinbras, istərsə də Elxan dramaturq ideyasının açılması üçün zəruri obrazlardır. S. Xəlilovun M. Məmmədovun “İblis” tamaşasının səhnə həlli ilə razılaşmamasının səbəbi də bunda idi. Onun fikrincə, rejissor sonda Arifi məğlub və peşman göstərməklə tamaşaçını real həyatdakı ədalətsizliyə qarşı mübarizədə daha fəal olmağa sövq edəcəyinə inanır, romantik Cavid isə, əslində, pyesin sonunda Elxan vasitəsilə insan gücünün imkanlarını dərk edən arifləri  “Mələkdən – silaha, gücə, oradan isə – həqiqət və gücün vəhdətinə!” [4, s. 38]  doğru səsləyirdi.

Görünür, M. Məmmədov ilk növbədə bir rejissor kimi tamaşaçıya nəyin daha çox təsir bağışlayacağını duyduğundan başqa yolla getmişdir: tamaşaçı teatra ona çıxış yolu təqdim olunması üçün deyil, həyəcan yaşamaq üçün gedir. İnsanı gözəlliyin məhvi qədər həyəcanlandıran başqa bir şey tapmaq çox çətindir – Mehdi Məmmədov da bunu yaxşı bilirdi.

ƏDƏBİYYAT SİYAHISI:

  1. Məmmədov Mehdi. Azəri dramaturgiyasının estetik problemləri. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1968. – 384 səh.
  2. Гегель Г.В. Ф. Эстетика. В четырех томах. Том 2 / Под редакцией Мих. Лифшица. Москва: Издательство «Искусство», 1969. – 328 стр.
  3. Talıbzadə Aydın. Mehdi müəmması və ya sənətdə konseptual hamletizm. Bakı: “Elm və Təhsil” nəşriyyatı, 2009. – 384 səh.
  4. Xəlilov Səlahəddin. Cavid fəlsəfəsi (Birinci kitab: “İblis”də fəlsəfi motivlər). Bakı: “Qanun”, 1996. –112 səh.
Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir