Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 10 mart – Milli Teatr Günündə yeni tamaşanın premyerası ilə balaca teatr sevərlərlərin görüşünə gəlir.

Məşhur türk xalq nağıllarından “Kəloğlan masalları” əsasında “Kəloğlan” adlı yeni, maraqlı, düşündürücü və əyləndirici tamaşa teatrsevərlərə təqdim olunacaq.

Bu səhnə işində tamaşaçılar tarixi çox qədimlərə gedib çıxan milli gərdək oyunu, ulu şaman ifası, klassik kukla sənətinin çağdaş tərtibat (işıq və dekor) və səs çalarlarını birlikdə izləyəmək imkanı qazanacaq.

Səhnələşdirəni və quruluşçu rejissoru teatrın baş rejissoru, Prezident təqaüdçüsü Qurban Məsimov, quruluşçu rəssamı Əfşan Əsədova olan rəngarəng musiqi tərtibatlı tamaşada Kukla Teatrının istedadlı aktyorları çıxış edəcək.

Gülmək, əylənmək, sənətdən, teatrdan zövq almaq və əsrarəngiz kuklaçı peşəsinin baxımlı səhnə performansını görmək istəyənlər Milli Teatr Günü – martın 10-u saat 14.00-da Kukla Teatrının “Kəloğlan” tamaşasını seyr etsin.