Ana səhifə » Persona » İsrafil İsrafilov – “Fuadı düşündüm…”

Son yazılar

Müsahibə
İyun 18, 2019

“Bermud üçbucağı”nda – Qabil Quliyev

Xəbər
Avqust 21, 2019

Akademik Musiqili Teatrın aktyoru Məhərrəm Qurbanov vəfat edib

Xəbər
Avqust 20, 2019

Şövqi Hüseynov: “Belə mötəbər festivalda tamaşaçıların rəğbətini qazanmaq ən böyük mükafatdır”

Xəbər
Avqust 20, 2019

Lənkəran teatrı xarici səfərdən qayıdıb

Müsahibə
Avqust 12, 2019

Şarud Mehdiyeva: “O obraz həyatım boyu məni həyəcanlandırıb”

Müsahibə
Avqust 10, 2019

Taleyini dəyişmək şansından yararlanmayan Məcnun

Xəbər
Avqust 9, 2019

“İftixar Piriyevin vəzifəsindən uzaqlaşdırılıb, cəzalandırılmasını istəyirəm”

Mövqe
Avqust 9, 2019

Samirə Behbudqızı – I Lənkəran Beynəlxalq Teatr Festivalı

Sirk
Avqust 6, 2019

Rəcəb Məmmədov – Sirk sənətimizin yubilyar veteranı

Xəbər
Avqust 1, 2019

Teatrşünas Kəmalə Cəfərzadə vəfat edib

Xəbər
İyul 31, 2019

Prezident kino xadimlərini təltif etdi

Mövqe
İyul 25, 2019

Samirə Behbudqızı – “Boş məkanın dolğunluğu”na varaq

Xəbər
İyul 24, 2019

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam

Xəbər
İyul 23, 2019

Boris Şukin adına Teatr İnstitutunun Azərbaycan studiyasının tələbələri ilə görüş

Xəbər
İyul 20, 2019

Şair, dramaturq Kəmalə Ağayeva vəfat edib

Xəbər
İyul 18, 2019

Dramaturq Tüncer Cücenoğlu vəfat etdi

Xəbər
İyul 17, 2019

“Stanislavskinin Elektroteatrı” ilk dəfə Bakıda

Mövqe
İyul 17, 2019

Könül Əliyeva-Cəfərova – KƏDƏRLİ KLOUN haqqında şən elegiya

Xəbər
İyul 16, 2019

Xəyalə Rəis – Teatrlarımızın ən çalışqan mətbuat katibi kimdir?

Müsahibə
İyul 16, 2019

Mikayıl Mikayılov: “Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb”

Xəbər
İyul 15, 2019

Bakı Uşaq Teatrı iki tamaşa ilə çıxış edəcək

Xəbər
İyul 15, 2019

Lənkəran Dövlət Dram Teatrı İranda keçirilən Milli Teatr Festivalının diplomuna layiq görülüb

Müsahibə
İyul 11, 2019

Şekspirin mənfi obrazlarından niyə bezmirik?

Xəbər
İyul 11, 2019

Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

Xəbər
İyul 11, 2019

Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağladı

Xəbər
İyul 11, 2019

Kukla Teatrı mövsümü başa vurur

Xəbər
İyul 9, 2019

ƏSA Teatrı mövsümü anşlaqla başa vurdu

Müsahibə
İyul 7, 2019

Bolqar rejissor Qarabağ barədə pyes yazır

Mövqe
İyul 6, 2019

İSRAFİL İSRAFİLOV – SƏN KİMSƏN, HAMLET?

Xəbər
İyul 6, 2019

Bakı Uşaq Teatrı Türkiyədə təcrübəsini öyrədir

Xəbər
İyul 5, 2019

Prezident daha bir xalq artistinə ev bağışladı

İsrafil İsrafilov – “Fuadı düşündüm…”

Hə, səni düşündüm Fuad. Düşündükcə, mənalı təbəssümlə işıqlanan gözlərinlə mənə zillənən baxışlarını gördüm. Bir rahatlıq gördüm səndə. Qayğısız, tərtəmiz bir rahatlıq. Lap yeniyetməlik vaxtında səninlə ilk tanışlığımız zamanı olduğu kimi…
…O vaxt, məktəblilərin F.Dzerjinski adına klubda keçirilən Respublika ifaçılıq müsabiqəsinin yekun konserti yadındadı? Mahnı oxuyan kim, rəqs edən, musiqi alətində solo çalan kim, amma biz səninlə qiraətçi kimi çıxış edirdik; sən 132 saylı məktəbdən, mən 31-dən və beləcə tanışlığımız baş tutdu.
İllər keçəndən sonra səninlə xəstəxanada görüşdük. Böyük qardaşın Raufla bir palatada yatırdıq. Sən xəstəxanaya onu yoluxmağa gələndə hər dəfə xeyli söhbətləşib arzularımızın qanadlarında uçuşurduq. Yenə illər keçdi və biz o zamankı M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutuna qəbul imtahanları zamanı bir də görüşdük. O zaman Buynakski (indiki Şeyx Şamil) küçəsində yerləşən institutun binası qarşısında xeyli abiturient toplaşmışdı. Onlardan iki-bir, üç-bir dayananlar da, təklikdə durub əlindəki kitaba aludə olanlar da var idi, amma bir tərəfdəki dairə halında yığışanların içərisində boy-buxunu ilə onlardan seçilən yaraşıqlı bir gənc nə barədəsə çılğınlqla danışırdı. Bu sən idin, Fuad. Səni tanıdım. Sənə maraqla qulaq asanlara nədən bəhs etdiyini öyrənmək üçün ora yaxınlaşdım. Sənin: “mən Stanislavskinin dediklərini qəbul etmirəm” sözlərini eşitdim və açığı, qorxuya düşdüm. O zaman filmdə baş rola çəkilib, kifayət qədər məşhur olan, Stanislavskinin dediklərini qəbul etməyən bir adamla eyni ali məktəbdə bərabər təhsil alacağıma həm fərəhləndim, həm də ehtiyatlandım. Çünki o vaxt mənim Stanislavskinin nəinki dedikləri barədə, heç özü barədə əməlli-başlı məlumatım yox idi. O da ağlıma gəldi ki, məşhurlaşan Fuad daha bizlərlə oturub-durmaz. Amma yanılmışdım. Mənim indi dərsdə gördüyüm Fuad elə həmin Fuad idi, sadə, saf, səmimi, sənətə Məcnun sevdalı Fuad.
I kursda oxuduğumuz dövrdə yaşca bizdən böyük tələbə yoldaşlarımız Həsən Əbluc, Nizami Kazımov, Eduard Tağıyev, İdris Rüstəmov yəqin yadında olar…
Mən Vaqiflə (İbrahimoğlu), İdrislə (Rüstəmov) M.Qorkinin “Həyatın dibində” pyesinin tamaşasında, Eyvaz (Vəliyev) isə Gi De Mopassanın “Limanda” adlı əsərindən hazırladığı bir parçada sənə və Sonaya (Mirzəyeva) rol vermişdi. Bu barədə bir kitabımda yazmışam. Yazmışam ki, o zaman Eyvazın, Fuadın, Sonanın (birinci kurs tələbələrinin) kurs işindəki təbiiliyi və ustalığı heyrətamiz idi. Biz onları çox tez itirdik. Demək olar ki, hər sənət söhbətimizdə onları xatırlardıq səninlə.
İlk tələbəlik ilimizdə bir uğursuz nadinclik səbəbilə səni də, məni də cəzalandırdılar və sən əyani təhsildən ayrılmalı oldun. Yadındadı, Fuad? “Bir yandan bağlayan bir yandan açar” deyiblər və sən Tofiq müəllimin (red – Kazımov) dəvətilə 1968-ci ildə (gör bir, əlli il bundan qabaq) Akademik Dram Teatrının truppasına qəbul edildin. O vaxtdan sənin əsl yaradıcılıq ömrün başladı və sən ildən-ilə, roldan-rola artdın, böyüdün, kamilləşdin. Ən önəmlisi odur ki, sənin sənət məharətin şəxsiyyətinlə bərabər ucaldı, Fuad! Yadıma düşdü ki, uzun illər bundan qabaq Mehriban Ələkbərzadənin “Space” telekanalında çalışdığı zaman maraqlı bir layihədə sənət adamlarının yaradıcılıq portretləri verilirdi və ekspert onun barəsində mülahizələrini bildirirdi. Həmin layihənin sənə həsr olunan verilişinə mən ekspert qismində dəvət olunmuşdum. Verilişin yekununda sənin barəndə söylədiyim: “O, XX əsrin sonlarında milli dram sənətinin yetirdiyi ən parlaq sənətkarlardan biridir” fikrimlə bağlı səndən soruşanda dedin ki, biz tələbə yoldaşıyıq, Odur ki, o (yəni mən), bir qədər tərifləyib məni. Əslində, sən haqlı deyildin, çünki o zaman mən sənin sənət ustalığın barədə M.Ə.Sabir demişkən “heç dörddə birini” söyləməmişdim. Yadında olar sənin. “Torpağa sancılan qılınc” tamaşasındakı Qıpçaq Məlik rolundakı ifanı heç bəyənməmişdim və bunu söhbətlərimizdə sənə demişdim.
Akademik Dram Teatrının səhnəsində, kinoda, televiziyada oynadığın fərqli rolların bəziləri barədə: “Daha yaxşı alına bilərdi” deyərdin, amma artıq iş görülmüşdü. Beləcə illər bir-birinin ardınca keçirdi və bir gün yenə şeytan qolunu çırmalayıb işə girişdi. Sən iyirmi il səhnəsinə çıxdığın, tamaşaçılarının alqışlarını qazandığın teatrı tərk etdin. Sonrakı sənət fəaliyyətini Rus Dram Teatrında, kinoda davam etdirdin və sənin dostların olaraq, bu teatrın daimi tamaşaçılarının cərgəsinə qoşulduq. Nə o vaxt, nə sonralar səndən soruşmadıq. Soruşmadıq ki, bu nə idi, Fuad? Sənin Akademik Dram Teatrındakı yaradıcılıq yolunun dalana dirənməsi, yoxsa fələyin qarşısıalınmaz hiyləgər döngəsi? Səndən cavab gözləmək mənasız idi, çünki bu tipli suallara cavab olaraq hər dəfə olduğu kimi, təmkinlə susub, mənalı baxmağın və mövzunu dəyişməyin “arzuolunmaz suallar elə cavabsız qalsa yaxşıdır” qənaəti yaradırdı.
Yaradıcılıq ömrünün sonrakı iyirmi ilində sənin səhnə və ekran işlərin sənət müntəxəbatına daxil ola bilər. Bu dövrdə sanki sənin “ikinci nəfəs”in açıldı. Bu heyrətamiz yaradıcılıq potensialı, püskürən enerji, qəlbin və intellektin hansı dərinliklərindən gəlirdi, Fuad?
Amma sən yenə özünü təmin olunmamış hesab edirdin. Ötən söhbətlərimizin birində dedin ki, “yaş ötür, amma mən çox az sərf olunuram. Özümü realizə etməyə həvəsləndiyim hələ o qədər rol var ki… Amma sən deyən rejissor yoxdur. Elə bir rejissor ki, tankın arxasınca gələn əsgər kimi aktyor arxasında gizlənməsin, aktyoru öz istedadının alovunda əritmiş olsun”. O vaxt səninlə razılaşmaq çətin olsa da, həqiqət sənin tərəfində idi.
Mən bu sözlərimi sənə söyləyirmiş kimi yazıram. Amma sətirlərə səpələnən sözlərimi başqalarının da oxumasına etiraz etmirəm. Bu da var ki, kimsə bunu lirik hüznlü məktub, kimsə vida mesajı, kimsə bir dünyadan o birinə pıçıltı kimi dəyərləndirə bilər. Olsun. Amma mənim sözlərim ehtimal edilənlərdən heç biri deyil. Mən səninlə, teatr sənətinin mahiyyətində olan tərzdə, indi və burada danışıram. Və qəti əminəm ki, sən məni eşidirsən. Bu, sənin Hamlet rolunda Horatsiyə söylədiyin kimi, “filosofların yuxusuna belə gəlməyən” hikmətdir.
Dünyanın tanınmış alimləri Robert Lansa, Andre Finde, “biosentrizm” adlandırdıqları kəşfləri ilə iddia edirlər ki, düşüncə fiziki bədəndən kənarda yaşaya bilir. Yəni ölüm halında insanın ruhu öz məkanını (yəni bədəni) tərk edəndən sonra yaşamaqda davam edir. Başqa sözlə, bioloji saatın dayanması son deyil, çünki bu zaman ruh bir bədənin öz paltarını dəyişməsi kimi sadəcə məkan dəyişir. Müxtəlif tədqiqatların nəticəsi olaraq bir sıra fiziklər və astrofiziklər həmin qənaətlərə inanırlar. Laura Holton, Nikolay Perix və Sem Pania kimi tədqiqatçıların fikrincə, ölüm faktından sonra kvant informasiyası mənbəyi olan beynimiz özlüyündə fəza yaradır və orada yaşaya bilir. Belə görünür ki, bizlərdən ayrılanlar yalnız fiziki bədənlərini tərk etsələr də, ruh beyin baxımdan substansiya olaraq “görür”, “eşidir” və anlayır”. Bu barədə cüzi məlumatım olduğu üçün mövzunu uzatmadan sufilərin yüz illərlə bundan əvvəl söylədikləri “gedən bədəndir, ruh sizinlədir” ifadəsinin sakral mahiyyəti üzərində düşünüb, sənin məni eşitdiyinə əminəm, Fuad! Hamımızın gözü qarşısında xəstəliyə tab gətirməyən bədənin ruhuna xəyanət etdi və ruhun buna dözə bilmədi.
Heç bilirsən sən neylədin?! O üzülmüş, yorulmuş bədənini tərk edəndə doğmalarını, əzizlərini, səni sevənləri göz yaşlarına qərq etdin, məyusluğu və kədəri qapınıza gətirdin. Əlbəttə, sən kimsəyə acı çəkdirməyi rəva bilən qəlb sahibi deyildin. Həmin o tələbəlik illərində ifasını çox bəyəndiyin Mirzə Babayevin oxuduğu bir mahnının iki sətrini zümzümə etməyi xoşlayırdın. Yadındadı o misralar? “Bağışla, əzizim, bağışla, əzizim, bağışla, əzizim, məni bağışla” sözləri var idi orada. Əlbəttə, sən o zaman bu sonluğu görə bilməzdin, övladlarını, onların anasını ağladacağını təsəvvür edə bilməzdin. Amma bu başgicəlləndirən mistikaya nə deyirsən ki, ən sevdiyin şeirlərdən biri Vaqif Səmədoğlunun “Ağla” şeiri idi.
…Sənin bədənin evindən çıxarılıb çiyinlərə qaldırıldı. Hər işdə öz qaydaları olan, piyada gəzməyi xoşlayıb, bu yerləri həmişə ayaqla gedən Fuadı indi çiyinlərdə görmək anlaşılmaz ağırlıq verirdi. Və bu zaman, yəni dəfn mərasimindəki bir teleoperator təcrübəsizlikdən irəli gələn zalımlıqla kəfəndə məzara uzadılmış bədənini çəkirdi. Həmişə şux, məğrur qamətli bu bədən indi ağ kəfənə bürünüb nəm torpaqda sağ çiyni üstündə köməksiz halda uzadılmışdı. Bunu görmək də çox ağır idi, Fuad!Sənin həmin yorğun bədənin bəlli adətə müvafiq ehtiramla torpağa tapşırıldı. Amma ruhun bədən məhbəsindən qurtulub azadlığa çıxdı. Azadlığın xoşbəxtlik ətri olduğunu sən çoxlarından yaxşı bilirdin, amma bu dəfəki mütləq azadlıq idi.
Səndən uzaq düşdüyümüzə üzülsək də, ruhunun öz həsrətinə qovuşması təsəllidən də artıq bir rahatlıq verir. Belə baxanda, axı, sənin burada nə işin var idi Fuad?! Səni bəyənməyənlər, kölgəni qılınclayanlar az idi? Axı, biz səninlə “bu zəmanə ayaqöpənlər zəmanəsidir” deyən Səməd Mənsur oğlu Tofiq Kazımovun əlindən su içmişdik. Bilirdik ki, ortabablar istedadları sevmirlər və bu yazılmayan qanun heç zaman dəyişməyəcək. Bilirdik ki, yaşadığımız “alilər xaki məzəllətdə, dənilər mötəbər” (M.P.Vaqif) olan dünya nahaq dünyadır. Axı, haqq adamı olan sənin bu nahaq dünyada nə işin var idi Fuad?!
Sən qürurlu idin, daim ləyaqətini qoruyurdun, ədalətsizliklə, yalanla barışa bilmirdin, elə qamətin, yerişin də təbiətinə uyğun idi. Sənin öz sənətinə, yaradıcılıq işinə münasibətindəki ciddiliyin və məsuliyyət hissin hər kəsə bəlli idi. Dəqiqliyin, özünə qarşı amansızlığın, təvazökarlığın həsəd doğuracaq sənət uğurlarına vəsilə olsa da, tərəddüdlərin, gümanların, yenilik yanğın da yox deyildi. Söhbətlərimizdə hər dəfə deyərdin ki, “yaş keçir, indi mən çox oynamalıyam. Müəyyən səbəbdən oynamadığım, indən belə də oynaya bilməyəcəyim rollar çoxdur, amma oynamalı olduğum, oynamaq istədiyim rollar ondan da çoxdur. Hamletdən (“Hamlet”), Napaleondan (“Napaleon”), Timondan (“Afinalı Timon”), Həsənzadədən (“Boy çiçəyi”), Qacardan (“Şah Qacar”) sonra Müsyö İbrahim (“Müsyö İbrahim və Quran çiçəyi”) əsl ustalıq möcüzəsi idi. Bunu ümumxalq sevgisi qazanmış sonuncu böyük sənətkarın son ustad dərsi hesab edib qane olmaq mümkündür. Amma sən həm şəxsiyyətinlə, həm sənət əzminlə, həm vətəndaş qeyrətinlə çoxlarına həyat dərsi də verməyi bacardın, Fuad. Bizlərə yüksək sənət və mənəvi dəyərlərlə yaşamaq həqiqətini nəzəri yox, şəxsi nümunənlə təsdiq edib, “çox mətləbləri ahəstə qandırdın” (B.Vahabzadə).
Sevənlərin səni unutmayacaq, bu belədir. Sadəcə səndən ayrı düşmək, səninlə görüşməmək, sözlərini, bəzən zarafatlarını, şaqraq gülüşlərini eşitməmək üzücüdür. Amma inanıram ki, sən bizləri görürsən, hətta bəlkə sadəlövhlüyümüzə gülür, müşküllərimizə narahat olur, kiçicik uğurlarımıza fərəhlənirsən. Səninlə görüşəcəyimiz zamanı bilməsək də, onun mütləq olacağı şübhəsizdir. “Hamlet”in final səhnəsində dediyin sözlər yadımdadır: “Ölüm amansızdı, Horatsio”. Hə, doğrudan, elədir, ölüm çox amansızdır, Fuad, çox amansız. Amma nə edəsən ki, bu nahaq dünyanın ruhumuzu sıxan cəngindən qurtulmağın başqa yolu yoxdur. O da var ki, qoca Şekspir ora “minlərlə gedənin olduğu, ancaq bir kimsənin geri dönmədiyi” fikrilə adamları qorxudur. Bəlkə ona görə kimsə geri dönmür ki, getdiyi yerdən razıdır. Ona görə oradan qayıtmır ki, məhbəsdən qurtulan yenidən məhbəsə niyə qayıtsın ki?! Bir də, əgər orada qəlbinin sevgi ünvanı, ruh dostların varsa, kim haqq dünyasından imtina edər?

O gün səni düşünəndə unutmayacağım həmin o mənalı təbəssümlə işıqlanan gözlərinlə mənə zillənən baxışlarını gördüm. Bir rahatlıq gördüm səndə. Qayğısız, tərtəmiz bir rahatlıq. Lap yeniyetməlik vaxtında səninlə ilk tanışlığımız zamanı olduğu kimi…

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir