Hüseynağa Atakişiyev: “Hamı qocalır da…”

Sentyabrın 8-i Dövlət Gənclər Teatrının yaradıcısı, Əməkdar incəsənət xadimi, mərhum Hüseynağa Atakişiyevin doğum günüdür. 2006-cı il aprelin 9-da vəfat edən görkəmli rejissor yaşasaydı 69 yaşı tamam olacaqdı. Deməli, gələn il 70 illik yubileyini qeyd etmək çiyinlərimizə düşür. Hələliksə, düz 21 il əvvəl, 1997-ci ildə Hüseynağa müəllimdən götürdüyüm və “Press-Fakt” qəzetinin həmin ilin 02-08 may tarixli sayında çap olunmuş müsahibəni müəyyən redaktə ilə sizlərə təqdim edirəm.Xatırladım ki, Dövlət Gənclər Teatrı 1989-cu ildə yaradılmışdı. Martın 10-da Milli teatr günündə əmri verilmiş, martın 27-də Beynəlxalq teatr günündə Y.Səmədoğlunun “Qətl günü” əsəri ilə pərdələrini tamaşaçıların üzünə açmışdı. Amma təəssüf ki, 20 yaşlı Dövlət Gənclər Teatrı (həmçinin, Bakı Kamera Teatrı) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 mart 2009-cu il tarixli qərarı ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına birləşdirildi və beləliklə, müstəqil teatr kimi fəaliyyətini dayandırmalı oldu.Halbuki, hələ müsahibəni götürdüyüm ərəfədə, yəni 1997-ci ilin 26 aprel tarixində Gənclər Teatrı F.Mustafanın “Ağıllı adam” əsəri ilə özünün artıq 50-ci premyerasını oynamışdı. Deməli, Teatrda fəaliyyətinin ilk səkkiz ili ərzində hər il 6-7 tamaşa hazırlanmışdı. Və bunu Teatr 15 aktyor, 8 aktrisa olmaqla, cəmi 23 nəfərlik truppa ilə etmişdi. Bu, həmin Gənclər Teatrı idi ki, yeni yaranmasına baxmayaraq, 1990-cı illərdə, Akademik Milli Teatrın və Musiqili Komediya Teatrının təmirilə əlaqədar yaranan boşluğu aradan qaldırmağı YUĞ və Kamera teatrları ilə birgə öz üzərinə götürmüşdü… Bu, həmin Teatr idi ki, bu gün teatrlarımızın aparıcı sənətkarlarına çevrilən, tamaşaçıların sevimlisi olan neçə aktyorun, pyesləri teatrlarımızın repertuarını bəzəyən neçə dramaturqun üzə çıxarılmasında, yetişməsində və inkişafında müstəsna rol oynamışdı… Və bu, həmin Gənclər Teatrı idi ki, onu, quruluş verdiyi tamaşalarla Avropada keçirilən müxtəlif beynəlxalq festivalların yüksək mükafatlarına layiq görülmüş bir rejissor – Hüseynağa Atakişiyev yaratmışdı… Amma…bəzi məmurlar Yaşar Nuri demişkən, dedilər ki, “həə nooolsun?!”. Və…

Vidadi Qafarov

– Həftənin birinci günü teatrlar adətən istirahət edirlər. Siz nə əcəb işləyirsiniz?

– Bizdə istirahət günləri yoxdur. Biz onu sürüşkən qrafiklə əvəz etmişik. Bu gün səhnədə yeni tamaşanın dekorasiyası quraşdırılır. Aktyorlarımız isə istirahət edirlər.

– Bu yaxınlarında teatr işçilərinin əmək haqlarını 50 faiz artırdılar. Amma nədənsə, qərar sizə aid edilmədi. Səbəbini bilmədiniz?

– Bilirsiniz, əmr aparıcı teatrlar adı ilə verildi. Təkcə biz deyildik, “Yuğ”, Kamera teatrlarının da maaşları artırılmadı. Bəlkə başqa fikirləri var, bilmirəm. Amma mənə elə gəlir ki, bu, şəxsiqərəzlikdən irəli gəlmir.

– Bu, sizi ruhdan salmadı ki?

– Yox. Amma hökümət gərək bu teatrları da nəzərdən qaçırmasın. Çünki aktyorun ayrı yerdən qazancı yoxdur. Onun qazancı da səhnədir, həyatı da.– Bəzən adamın sizin tamaşalara heyfi gəlir. Texniki imkanlarınızı nəzərdə tuturam…

– Bizim çıxış etdiyimiz Aktyorlar evinin səhnəsi teatr üçün uyğun deyil. Bura ilk növbədə iclaslar, müxtəlif görüşlər, təbirlər keçirmək üçün nəzərdə tutulub. Yenə sağ olsun TXİ-nın rəhbərliyi ki, yer veriblər. Biz də çalışırıq bu səhnədən maksimum istifadə edək. Texniki imkanlar isə doğrudan da inqilabdan qabaqkı səviyyədədir. Amma əsas aktyor oyunudur, rejissor işidir. Biz də işimizi daha çox bunların üzərində qururuq ki, çatışmayan cəhətləri əvəzləyək.

– Gənclər teatrı fəaliyyətə başlayandan 2-3 tamaşanı çıxmaqla bütün əsərlərə özünüz quruluş vermisiniz. Bu sizi bir rejissor kimi yormur ki?

– Əvvəla, teatrlarımız heç kəsin üzünə bağlı deyil. Biz bütün gənc rejissorları dəvət eləyirik. Məsələn, bu il iki gənc rejissor bizim teatrda diplom tamaşası hazırlayıb. Mən də teatrın bədii rəhbəri kimi onlara nəzarət etmişəm ki, teatrın dəst-xəttindən kənara çıxmasınlar. Bundan başqa bizdə Əliyar Əliyev, Rəhman Əlizadə, rəhmətlik Həsən Əblüç tamaşalar hazırlayıblar. Yəni biz rejissorlara imkan veririk. Amma bilirsiz ki, hər teatrın özünün bir xətti var. Və ilk dövrdə, teatr formalaşan vaxtlarda ona müdaxilə edəndə pis olur. Özünü tutanacan gərək bir əldə olsun teatr. Sonra başqa rejissorlar buyursunlar. Əgər bizim teatrın dəst-xəttinə uyğun tamaşalar qoya bilərlərsə gəlsinlər.– Deməli, belə hesab edirsiz ki, teatrınız hələ siz deyən mərhələyə, yetkinlik mərhələsinə çatmayıb?

– Bilirsiniz, teatrımız bu saat o səviyyədədir ki, artıq söz deməyə qadirdir. Yəni teatr bir vaxt ayaq üstə gəzməyi öyrənirdi, indi artıq söz deyə bilir. Bu sözü də sanballı demək lazımdır. Teatrın bir xüsusiyyəti də var ki, gərək dayanmaya, daim işləyə. İl boyu 7-8 tamaşa verəndə, təbii ki, onların hamısı istədiyimiz səviyyədə olmur. Biz də çalışırıq ki, ildə teatrın pasportu ala biləcək bir və ya iki tamaşa hazırlayaq.

– Siz çox gənc yaşlarında Milli Dram Teatrına baş rejissor təyin olundunuz…

– Hə, düzdü, təyin olundum. Yəni ki, nazirliyin əmri ilə oradan götürüb qoydular bura və beş il orada işlədim.

– Sonra da könüllü…

– Könüllü deyəndə ki, necə deyərlər könüllü olaraq ordan qaçdım və gəldim öz teatrımızı açmağa.

– Qayıtmaq təklif olunsa, getməzsiz?

– Yox. Bilirsiz, hər bir teatrınn öz yolu var. Milli teatr da bu günə kimi hansısa yol keçib. Bu, kimisə qane eləyir, kimisə eləmir. Amma bu, teatrın öz prinsipidi, öz yoludu. Lakin, nəzərə alaq ki, Milli teatr millətin üzüdü. İndiki dövrdə isə ordakı problemləri həll eləmək çox çətin məsələdi. Mənə gəldikdə, mən burada, öz teatrımızda daha çox söz deyə bilirəm, nəinki orada.

– Bioqrafiyanıza nəzər salsaq, siz yaradıcılığınızın artıq üçüncü dövrünü yaşayırsınız… Şəki teatrı, Milli Teatr və Gənclər Teatrı. 4-cü dövr olacaqmı?

– 4-cü dövrdə bir arzum var. Heç olmasa bir binamız olsun. “Teatr asılqandan başlayır” deyirik, amma bizim heç asılqanımız da yoxdur. 3-4 otağın içində çarpışıb vuruşuruq.

– Ümumiyyətlə, sizcə teatrı dövlət yaşatmalıdı, yoxsa özü?

– Sivil ölkələrdə, yüksək demokratiyaya çatmış ölkələrdə dövlət 3-4 teatrı özü maliyyələşdirir. Milli teatr, milli opera, kral teatrı, prezident teatrı dövlət datasiyasında olur. Qalan teatrlar isə bələdiyyədən və s. qurumlardan maliyyələşir. Amma bu o yerdə olur ki, ölkənin quruluşu, cəmiyyətin formasiyası aydındır. Biz isə 1985-ci ildən bu yana keçid dövrünü yaşayırıq və o da ki, uzanıb gedir. Bilmirik hara keçib gedirik. Belə getsə, təxminən 1917-ci il inqilabından sonrakı vəziyyət alınar, çox şeyləri itirə bilərik. Ona görə də hələ ki, hökümət teatrlara baxmalıdır, əgər teatr dövlətə lazımdırsa. Özü də yaxşı baxmalıdır. Yox, əgər lazım deyilsə, başqa məsələ. Bu saat Akademik teatrın aktyorları 50 dollara qədər (söhbət 1997-ci ildən gedir-red.) pul alırlar. Onu da ən yüksək dərəcəli aktyorlar alır. Amma o pul indiki dövrdə nəyə çatır ki. Ziyalılar gərək dövlət himayəsində olsunlar.

– Sponsorlara münasibətiniz necədir?

– Baxır da sponsora… sponsor var təmənnalıdı, var təmənnasız. Bilmirəm adamlar pullarını hara qoyurlar. Amma bu yaxınlarda “Hamlet” tamaşası üçün bizə köməklik oldu, Beynəlxalq əməliyyat şirkətindən. Terri Adams çox sağ olsun, hələ bir 3-4 dəfə üzr də istədilər ki, pulumuz, azdır sizə ancaq min dollar pul verə bilərik.

– Tamaşaçılarla aranız necədi? Daha doğrusu, tamaşaçıların sizinlə?

– Öz tamaşaçılarımız var. Düzdür, anşlaq olmur. Gəlirlər, baxırlar. Narazı da qalırlar, razı da olurlar. Bəzən ona görə narazı qalırlar ki, niyə teatr bu əsəri tamaşa qoyub? Məsələn, dünən “Neron”u görən sabahısı gün başqa tamaşa görəndə deyir ki, “Neron”dan sonra niyə bu əsəri qoymusuz? Amma teatrda belə olmur axı, “Neron” dan sonra “Hamlet” qoyulmur. “Neron”dan sonra nisbətən yüngül əsər qoyulmalıdır ki, aktyorlar bir qədər boşalsınlar. Mən həmişə deyirəm ki, aktyorlar gərək uşaq tamaşalarında oynasınlar. Bu, aktyorlara daxili enerji verir.– Bütövlükdə Azərbaycan teatrının, onun daşıyıcılarından biri kimi, Gənclər teatrının perspektivini nədə və necə görürsüz ?

– Mən bir şeyi bilirəm ki, Azərbaycan teatrında islahatlar keçirilməlidir. Teatrımızın cərrahiyə əməliyyatına ehtiyacı var. Biz isə həmişə terapiya ilə məşğul oluruq. Konkret bir teatrı düzəldib, o biri teatrı düzəltməmək olmaz. Kökündən islahat olmalıdır, kompleks halında. Və bu zaman bir şeyi düşünmək, tapmaq lazımdır ki, millətin teatrı gələcəkdə necə olacaq?! Hələ ki, biz bunu bilmirik. Hər teatr özbaşına yaşamağa çalışır. Bu islahat isə çox böyük problemdir. Və burada gənclərə yol vermək lazımdır. Qoy gənclər də özlərini yoxlasınlar.

– Perspektivdən danışdıq. Son dövrlər belə söhbətlər də olur ki, Azərbaycan teatrı hansı istiqamətdə getməlidir? Şərqə doğru, yoxsa Qərbə?

– Bütün Qərb teatrı Şərqə doğru gedir. Biz niyə Qərbə doğru gedək? Bütün Qərb indi öz teatrlarını Yapon, Çin, Hindistan teatr məktəbləri üzərində qururlar. Amma biz nədənsə, rus teatrından, onların realist teatr ənənəsindən yapışıb, əl çəkmirik. Biz öz kökümüzə qayıtmalıyıq. Çünki bizdə elə şeylər olub ki, biz onları bilmirik. Çünki, kökünü tapmaq üçün geri qayıtmaq, irəli getmək üçün ən böyük şərtdir.

– Bir vaxtlar sizin dəsti-xəttinizi Brextlə bağlayırdılar. Yəni, onun epik teatrı ilə. Və siz bu gün də demək olar ki, həmin üslubu davam etdirirsiniz. Amma arada bu xətdən sapmalar da olur, sırf realist tamaşalar qoyursunuz. Bu nə ilə bağlıdır?

– Məsələn, Şəki teatrı artıq o pilləyə gəlib çatmışdı ki, orada meydan tamaşaları hazırlanırdı. Şəki teatrında son tamaşalarımız Karvansarayda, açıq havada olmuşdu. Yəni bizim o oyun prinsipi, kökümüzdən gələn oyun prinsipi Şəki teatrnda var idi. Brext teatrı da meydan teatrlarından, küçə teatrlarından doğmuşdu. O da gəlib birləşir bizim milli teatrımızın kökləri ilə. Qaldı mənim öz üslubumu dəyişməyimə, Azdramada mən bir-iki tamaşa qoydum realist üslubda. Tutaq ki, “Yayda qartopu oyunu” (Səmədoğlu-red.) real üslubda qoyulmuşdu. Bu da ondan irəli gəlirdi ki, bir ara Azdramanın özünün romantik teatrdan qaçmaq prinsipi var idi.

– Axır vaxtlar repertuarınızda milli klassikaya az rast gəlirik…

– Sonuncu dəfə C.Məmmədquluzadəyə müraciət eləmişik. “Qurbanəli bəy”i tamaşaya qoymuşuq, 96-cı ildə. İndi fikrimiz var ki, “Hamlet”i təhvil verəndən sonra M.F.Axundzadəyə müraciət edək.

– Dramaturqların ən çox üz tutduğu teatrlardan biri də sizsiniz. Bəzən adama elə gəlir ki, sizə təqdim olunan bütün əsərləri qəbul edirsiniz.

– Yox, elə deyil. Biz təqim olunan tutaq ki, 10 əsərdən birini, ya ikisini götürürük. Bizim üçün bir prinsip var. Əsərləri yalnız aktyorlara görə seçirik. Elə olur ki, kiçik bir əsərdə balaca bir epizod hansısa böyük rolu oynamaq üçün aktyora rüşeym verir.– Yaxın vaxtlarda tamaşaçıları daha hansı əsərlər gözləyir?

– Hazırda əlimizdə iki çətin əsər var. Biri “Hamlet”di, o biri də Atol Fuqardın “Dimetos” əsəridi. Bu əsər Edinburq festivalında 1-ci yeri tutub. Həm ən yaxşı pyes kimi, həm də ən yaxşı tamaşa kimi. Hər iki tamaşanın premyerası inşallah sentyabrda olacaq.

– Sizin teatrın adı Gənclər teatrıdır. Bu adı nə vaxtsa dəyişmək fikriniz yoxdur ki ?

– Bu teatr o vaxt komsomol xətti ilə yaranmışdı. Ona görə adını belə qoymuşduq. Dövlət teatrı statusu alanda Polad müəllimlə (keçmiş Mədəniyyət naziri Polad Bülbüloğlu-red) söhbətdə dedi ki, qoy bu ad qalsın. Mən dedim çaşacaqlar, Gənc Tamaşaçılar Teatrı, Gənclər Teatrı… O dedi ki, teatrınız özünü təsdiq etsə, tamaşaçılar çaşmazlar, qoy belə qalsın. Ona görə də adı qaldı Gənclər teatrı. Gələcəkdə, vallah nə deyim, hamı qocalır da…P.S. Amma Hüseynağa Atakişiyev qocalmadı, qocala bilmədi… 56 yaşında dünyasını dəyişdi… O, Azərbaycan teatr tarixində həmişə Gənclər Teatrının yaradıcısı və milli teatrımıza yeni estetika gətirən, orijinal tamaşaları ilə onu zənginləşdirən böyük rejissor kimi qalacaq!

Ruhu şad olsun!

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

Prezidentin ev bağışladığı xalq artisti: “Bu xəbəri eşidəndə…”

Prezident İlham Əliyevin göstərişi ilə xalq artisti, tanınmış aktyor Qurban İsmayılova mənzil hədiyyə edilib. Aktyor sevincini Yenicag.az-la bölüşüb: “Ailəlikcə 21 kvadratmetrlik mənzildə yaşayırdıq. O...

Səhnə “Bizim Don Kixot”undur

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı teatrsevərlərin səbirsizliklə gözlədiyi yeni səhnə əsərini tamaçıların ixtiyarına verəcək. Belə ki, iyunun ortalarında mərhum dramaturq Rəhman Əlizadənin...

Aygün Aslanlı – Sükutunu pozmayan İNSAN…

Pantomima teatrının yubileyi idi. Adətən, bir-birinin işinə açıq gözlə baxa bilməyən, umub-küsən, bir-birini itələyən sənət adamlarını bu balaca teatr birləşdirmişdi. Hamı bir az kövrəlmişdi,...

Recent

ADMİU-nun kollektivi Kazanda keçirilən beynəlxalq festivalda iştirak edib

İyun ayının 10-dan 16-a kimi Tatarstanın Kazan şəhərində ənənəvi “Novruz” festivalının egidası altında ilk dəfə olaraq “Novruz məktəb” (“Nauruz school”)  Beynəlxalq tələbə tamaşaları festivalı...

Fəridə Cəlilova – TEATR ƏHLİNİN XUDPƏSƏND CAZİBƏSİ

Aprel ayının 13-ü bir neçə dəfə təxirə salınan “İblis oyunları” tamaşası, nəhayət ki, Akademik (artıq akademik!) Rus Dram Teatrının səhnəsində tamaşaçılara təqdim olundu.  Tamaşa...

Prezident teatrlara bir milyon iki yüz min manat pul ayırdı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan teatr ənənələrinin qorunub saxlanılması və dövrün tələblərinə uyğun inkişafı ilə bağlı tədbirlərin davam...