Ana səhifə » Mövqe » Gülcahan Mirməmməd – Səhnədə dolğunluq olarsa…

Son yazılar

Müsahibə
Fevral 21, 2019

“Bermud üçbucağı”nda – Şövqi Hüseynov

Xəbər
Aprel 21, 2019

“Narkomaniyanın faciələri” adlı tədbir keçiriləcək

Xəbər
Aprel 20, 2019

Lerikdə Xalq artisti Qabil Quliyevin 70 illik yubileyi qeyd olunub

Persona
Aprel 20, 2019

Əlisəfdər Hüseynov – Eldəniz Zeynalov paradoksu

Xəbər
Aprel 19, 2019

“Tuğanlıq – 2019” Festivalına həsr olunmuş mətbuat-konfransı keçirilib

Müsahibə
Aprel 19, 2019

Rövşən Almuradlının Ədil İsgəndərova olan əhd borcu – “Sənət əbədidir, ömür amanat…”

Xəbər
Aprel 19, 2019

Bakı Uşaq Teatrı qastrol səfərindədir

Xəbər
Aprel 19, 2019

Qabil Quliyev: “Özümü həmişə olduğu kimi hiss edirəm”

Xəbər
Aprel 19, 2019

Teatrda yeni təyinat

Xəbər
Aprel 19, 2019

Gənc Tamaşaçılar Teatrında “Möcüzəli pillələr” hazırlanır

Xəbər
Aprel 19, 2019

Qax Dövlət Kukla Teatrının direktoru: Prezidentimizin son Sərəncamı teatrların inkişafına güclü təkan verəcək.

Xəbər
Aprel 18, 2019

“Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası”nın hazırlanması ilə bağlı müzakirələr davam etdirilir

Xəbər
Aprel 18, 2019

Adanada Gəncə Teatrının tamaşasını çox bəyəniblər

Mozaika
Aprel 18, 2019

Cövhər Xeyrullayeva – Sanduq əl-əcaibin Qax nağılları

Müsahibə
Aprel 18, 2019

Bəxtiyar Xanızadə – Peşəni öyrədərəm, amma heç kimə insanlığı öyrədə bilmərəm”

Mövqe
Aprel 18, 2019

Azərbaycan məktəbliləri Beynəlxalq Məktəblərarası Teatr festivalında iştirak edir

Afişa
Aprel 18, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (18 aprel – 24 aprel)

Resenziya
Aprel 18, 2019

Fəridə Cəlilova – TEATR ƏHLİNİN XUDPƏSƏND CAZİBƏSİ

Xəbər
Aprel 18, 2019

Tovuzda üçüncü respublika xalq teatrları festivalının növbəti seçim mərhələsi keçirilib

Xəbər
Aprel 18, 2019

İstanbulda Hüseyn Cavidin “İblis” əsəri tamaşaya qoyulub

Xəbər
Aprel 17, 2019

YUĞ Teatrının kollektivi Prezidentin Sərəncamını sevinclə qarşılayıb

Sərəncam
Aprel 17, 2019

Prezident teatrlara bir milyon iki yüz min manat pul ayırdı

Xəbər
Aprel 17, 2019

Dağıstanda Beynəlxalq Milli Teatrlar Festivalı keçiriləcək

Müsahibə
Aprel 17, 2019

Gələcəyi əmin əllərdə olan ADMİU-nun SABAH-ı

Müsahibə
Aprel 17, 2019

Meral Konrat: “Azərbaycanda məni çox sevirlər”

Müsahibə
Aprel 16, 2019

Ziya Ağa: “Kino saçımı tumarlayır, teatr ruhuma sığal çəkir”

Xəbər
Aprel 16, 2019

Sənətçilərimiz Vyanada “Bulmuşam həqqi” deyiblər

Təhsil
Aprel 16, 2019

Məryəm Əlizadə – “Teatr dünyasına açılan pəncərə…”

Xəbər
Aprel 15, 2019

Akademik Milli Dram Teatrında “Dəli yığıncağı” qurulur

Mövqe
Aprel 15, 2019

Jan-Lui Barro – “Teatr haqqında düşüncələr”

Xəbər
Aprel 14, 2019

Sumqayıt teatrının aktyorunun vəziyyəti pisləşib

Gülcahan Mirməmməd – Səhnədə dolğunluq olarsa…

Səhnədə dolğunluq olarsa… (1-ci yazı)

Nəhayət, ötən saylarımızda xəbərini verdiyimiz olayın zamanı yetişdi. Martın 1-də “Boş məkanın dolğunluğu” 2-ci Eksperimental tamaşalar festivalı başlandı.
Azərbaycan Teatr Xadimləri İttifaqı və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən festival bu il anadan olmasının 70 illiyini onsuz qeyd edəcəyimiz görkəmli rejissor, Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlunun xatirəsinə həsr edilib. Elə bu üzdən də festival mərhum sənətkarın yaratdığı Yuğ Dövlət Teatrının çıxışı ilə başladı.
Çıxış demişkən, festivalın xüsusi açılış mərasimi olmadı. Yuğ teatrının direktoru İslam Həsənov və baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə festival iştirakçılarını salamladılar. Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov rəhbərlik etdiyi qurumun müstəqillik dövründə keçirdiyi müxtəlif formatlı festivalları yada saldı. Dörd  “Monotamaşa”, iki “Him-cim”, iki “Eksperimental tamaşalar”, “Festivallar festivalı”, “Milli klassika”, həmçinin Mədəniyyət Nazirliyi ilə birlikdə təşkil olunan gənc rejissorların “Yeni teatr” respublika festivalı, Uşaq tamaşaları festivalı, Beynəlxalq Çexov festivalının “İpək Yolu” mərhələsi, “Boş məkanın dolğunluğu”, “2+1” eksperimental teatr festivalları neçə-neçə istedadın üzə çıxmasına, neçə aktyorun istedadının festivaladək görünməmiş cəhətinin parlamasına şərait yaradıb, teatrsevərlər üçün sənətlə ünsiyyət imkanı verib…
Qısa çıxışlardan sonra tamaşa başladı. Yuğ teatrı ilk iki gündə öz sənət məharətini festival tamaşaçılarına göstərdi.

“Qəbirqazma üsulu”nu bilirsiniz?

İlk olaraq teatrın repertuarındakı maraqlı səhnə işinə, bərpadan sonra yenidən tamaşaçı qarşısına çıxan “Qəbirqazma üsulu”na baxdıq. Rejissor Gümrah Ömərin quruluş verdiyi tamaşa  Argentina yazıçısı Adolfo Bioy Kasaresin “Qəbiri necə qazırlar?” hekayəsi əsasında hazırlanıb. Rejissorun “tövbə oyunu” kimi janr təyini etdiyi tamaşanın quruluşçu rəssamı Rəşid Şerif, musiqi tərtibatçısı Ramiq Mehdiyevdir.
Başqalarının bədbəxtliyi, faciəsi, qətli üzərində xoşbəxt olmaq olarmı? Tamaşanın süjeti bir cinayətin tarixçəsidir. Təzəcə ailə quran cütlük şəhərdən, sosial problemlərdən, meqa primitivliklərdən qaçmaq üçün şəhərdən kənardakı bir restoran-hotel icarəyə götürürlər. Əvvəl-əvvəl hər şey yaxşı getsə də, sonradan kələfin ucunu itirirlər. Borc xirtdəyə dirənəndə də çıxış yolunu cinayətdə tapırlar. Adamların itirib-axtarmadığı məkanlarına azaraq gələn Yaşlı qadını (Sonaxanım Mikayılova) asanlıqla qurban seçirlər. Yaşlı qadın enerji dolu gənc və gözəl cütlüyü (kişi – Oqtay Mehdiyev, gənc qadın – Mətanət Abbasova) görən kimi çox sevinir. Düşünür ki, heç tanımadığı yerdə etibar edə biləcəyi adamlar ilə rastlaşıb. Onlara azıb gəldiyini və hərraca çıxarılan evi almaq istədiyini deyir. Gənclərin beynində ani şimşək çaxır: aha, deyəsən, qurtuluruq. Qadından fərqli olaraq kişi bu fikri başından qovmağa çalışır. Amma qadın inadla onu qatil edir. Həm də “uf” demədən.


Yiyələndikləri pullarla borclarını qaytarıb problemlərini həll etdiklərini düşündükləri vaxtda Meşin pencəkli kişi (Vidadi Həsənov) peyda olur və aləm qarışır.
Rejissorun da bu qarmaqarışıq meyitxana kabusuna baxışı dəyişir: gah qatil qurbanını önə çıxarıb onun dilindən canilərə haqq qazandırır, gah çarəsiz qatillərin  günahsızlığına inanmağa çalışır, gah da hər iki tərəfin qurban olduğunu və haqsızlığın qazandığını düşünməyə sövq edir.
Sadə səhnə tərtibatı (ortadakı üzəri qapalı düzbucaqlı qutu hər vəziyyətin mərkəzindədir), assosiasiyaya uyğun uğurlu musiqi seçimi, vəziyyətin təzahürünə hesablanmış geyim və işıq ümumi ansambla qəti xətər yetirmirdi. Doğrudur, tamaşaçı tamaşa edə-edə həm də mülahizələrə, fərqli versiyalara baş çatladırdı. Amma bu da özlüyündə rejissorun “cəzası” kimi lazım idi…
Əsərin əsas yükünü daşıyan Yaşlı qadın (Sona Mikayılova) və Meşin pencəkli kişi (Vidadi Həsənov) oyunlarına xas xüsusiyyətləri aramla nüfuz etdirsələr də, istər-istəməz gənc cütlüyün duetini üstələyə bilmədilər. Çünki bunu heç istəmirdilər də. Elə ona görə də oyun özünün ümumi axarında gedirdi.

Heç kim qatil olmaq üçün doğulmur

Festivalın proqram tərtibatı necə aparılıb, bilmirəm, amma ilk günün hər iki tamaşası qatil və qətl ilə əlaqəli idi.
Bu mənada “Metamorfoza” daha amansız idi. Ehey, insanlar, sən ey cəmiyyət, siz ey adamlar, yan-yörənizdəki qızcığazları, ən saf və ülvi hisslərini bir anda qurban verən yanılmışları anlamadıqca, qucaqlayıb təsəlli etmədikcə suda gizlənib şikarını gözləyən timsahların yeminə çevirəcəksiz. Sonra da “Vallah, bu cavanların zayı çıxıb. Yox e, zəmanə xarablayıb” deyib qeybətləşəcəksiniz…
Amma nə yazar Səidə Haqverdiyeva, nə də rejissor Günay Səttar bunu istəmir. Müəllifin bir neçə hekayəsi əsasında Günay Səttarın səhnə həlli verdiyi “Metamorfoza”nı qadın həmrəyliyi nümayişi də adlandırmaq olar. Çünki tamaşanın qəhrəmanı da qadındır. Səhnədə bütün komplekslərindən qurtulmuş Zümrüd Qasımovanın qəhrəmanı (Gənc qız), əslində çəlimsiz, bir az qorxmuş, bir az bezmiş, daha çox yorulmuş bədən-ruh konsentrasiyasında həm də nə qədər güclü olmağı göstərir.
Səhnə işi uğurlu aktyor triosu, bütün tərəfləri bərabər olan üçbucaq kimi idi. Baş qəhrəman qadın olsa da, nə Elgün Həmidov (Gənc oğlan), nə də Oqtay Mehtiyev  (Kişi) bir an belə tamaşaçını rahat buraxmadılar.
Tamaşanın sadə, adi bir tərtibatı var: səhnənin tən ortasındakı qara örtüklü çarpayı, plates topları, çətirlər və bu üç elementin (quruluşçu rəssam Umay Həsənova) bir neçə vəziyyətdə istifadə edildiyi mizanlar. Qara çarpayıdakı qaranlıq dünyaya yuvarlanan qızcığaz nə qədər bitkin olsa da, keçidlərdəki oyun-oyuncaqları ilə bir o qədər əylənib əyləndirirdi. Elə kişilər də, qoşulduqları bu oyuna asta-asta hamını cəlb edirdilər. Gənc oğlan və hiyləgər kişi (iş adamı) “çıxardıqları” oyunda fərdiyyəti, bir həlqədə dolanmaqla ayrı, başqa olmağı açıqlayırdılar.
Hər şey çox sadə əhvalatdan başlayır: gənc qız və sevgilisi qayğısız və bir o qədər də həzin eşqlərində xumarlanırlar. Sonra hardansa maşını və cibi dolu olan sevgili peyda olur. Qız ona qapılır. Sevib-sevdiyini bilmədən pak olan hər şeyini itirir. Gah ayaqlar altına sərilir, gah nifrətlə bölünür, gah sönük ehtirasla faciəsinin ən dibinə yuvarlanır. Bu prosesin hamısında da musiqi (musiqi tərtibatı – Amid Qasımov) onu ustalıqla ifadə edir. Sonra yenidən zühur edir. Amma bu dəfə qatil olaraq.
Onu zorlayan ağxalatlı kişini qanına bulayaraq. Sonra cinayətə kəsilən cəza və onun ikrah doğuran sonluğu. Yəni hər kəs kimi sən də bu cəzaya məhkumsan. Özünü öz içində həbs etsən də, bu kafi sayılmır. Bu da sənə son cəza…
Amma müəllif də, elə rejissor da bu cəza ilə barışmır və üçlük həlqəsini plates topları üzərində yırğalada-yırğalada, çətirlərin altında fırlada-fırlada, dəmir çarpayını yelləncək kimi yellədə-yellədə oyuna bir əyləncə qatmağa çalışır. Yəqin tamaşaçıya içində ola biləcək pis adamdan qaç demək üçün… Aydındır ki, heç nə təsadüfən olmur. Nəticəsi çox ağır olsa da. Elə bu oyun da təsadüfi deyildi. Çünki içində  yaradıcı həvəs və ona təbii baxış arzusu var idi.
* * *
Festivalın 2-ci günü. Bu gün də “Yuğ”da iki tamaşamız var. Gündüz “Medeya. Sekvensiya 001” tamaşası oynanıldı. 2015-2016-cı teatr mövsümünün son premyerası olan tamaşa barədə qəzetimizdə yazımız dərc olunduğu üçün təkrara ehtiyac duymuruq. Ötənilki mövsümdə repertuara daxil edilmiş “Quş dili” pritça-tamaşası da diqqətimizdən yayınmayıb.
O üzdən də bu tamaşalar haqqında geniş danışmadan sürətli keçid alırıq növbətilərinə.
Martın 3-ü. Hava mart ayından gözlədiyimizə baxmış bir qədər çox soyuqdur. Elə bil ixtiyarındakı üç ayda boz üzünü göstərməyə ərinmiş qış martın əvvəlində bizimlə yüngülvarı eksperiment aparır ki, görək, sənət bayramı ovqatına kökləndiyimiz günlərdə qış havasını necə hiss edirik? Başqalarını deyə bilmərik, amma biz festivalın gündüz tamaşasından sonra özümüzü çox yaxşı hiss edirik.
Çünki çox yaxşı bir tamaşaya baxmışıq. Polşa yazıçı-dramaturqu Slavomir Mrojekin “Açıq dənizdə” əsəri əsasında hazırlanmış tamaşaya İsa Əsədov quruluş verib. Müstəqil iştirakçı kimi festivala qatılan tamaşa ilk növbədə iştirakçılarının seçimi ilə diqqəti çəkdi.
Pantomima teatrından özünü, Kukla teatrından isə quruluş verdiyi tamaşaları tanıyıb sevdiyimiz Qurban Məsimovu yenidən teatr səhnəsində aktyor kimi görmək maraqlı və xoş idi. Tamaşada Qurban Məsimovla yanaşı, Gənc Tamaşaçılar Teatrının aktyorları Manaf Dadaşov, Anar Seyfullayev, Müşfiq Əliyev, Rahib Axundov çıxış edirdilər. Əsərdə açıq dənizdə çarəsiz qalmış üç nəfərin sağ qalmaq çabalarından danışılır. Əslində, onlar sağ qalmaqdan daha çox xilas edilənədək ac qalmamaq üçün çarə axtarırlar. Dişə dəyən heç nə olmadığından belə qərara gəlirlər ki, üçündən biri yeyilməlidir ki, iki nəfər sağ qalsın. Bəs kim yeyilməlidir? Bu məqamda üç nəfər indiyədək yaşadığı həyatı müzakirəyə çıxarır. Lakin təsadüfən dalğaların vurub onların yanına atdığı Poçtalyonun gətirdiyi bəd xəbər, üçlükdəki bir nəfərin rəiyyətindən olan Xidmətçinin öz Əlahəzrətinin yanına gəlişi vəziyyəti dəyişir. Sarayda yaşamış Birincinin ehtiyat sandığında “yaddan çıxmış” yeməyin tapılması isə üçlüyün arasındakı münasibətə öz düzəlişini edir.
Yaxşı tanımadığımız müəllifin qəribə mövzuya fərqli münasibəti, cavan aktyorların öz rollarını məharətlə ifa etməsi “Açıq dənizdə” tamaşasını daha genişmiqyaslı festivallara layiq göstəri səviyyəsinə qaldırır.
“Qara adam” ifadəsini eşidəndə altşüurumuz bunu bizə qara camaat kimi ötürür. Müstəqil “Human” teatrının təqdim etdiyi “Qara adam” monotamaşasının adı tamaşaçıları bir qədər çaşdırdı. Sergey Yeseninin eyniadlı poeması əsasında hazırlanmış monotamaşanın quruluşçusu da, ifaçısı da Şamil İbrahimovdur. Səhnə, işıqlandırma məsələləri tam həllini tapmadığından tamaşanın tək baş qəhrəmanı öz personajını qaranlıqda qalan adam kimi təqdim etdi.
Festivalın üçüncü günü həm də ekspert qrupunun ilk müzakirəsi keçirildi. İlk dəfədir ki, Teatr Xadimləri İttifaqı ekspertlər qrupuna teatrşünaslarla yanaşı mədəniyyət və teatr yazarlarını (“Mədəniyyət” qəzetinin və “Mədəniyyət.AZ” jurnalının əməkdaşları Gülcahan Mirməmməd ilə Samirə Behbudqızı) da daxil edib. Əminik ki, çox canlı və haqlı iradlar, yerinə düşən qeydlər ilə keçən ilk toplantıdan sonrakı müzakirələr də maraqlı və konstruktiv olacaq. Təbii ki, festival xronikasının ardınca “Boş məkanın dolğunluğu” 2-ci eksperimental tamaşalar festivalı haqqında ekspertlərin rəylərinin yer aldığı təhlil xarakterli yazımız olacaq.

Festivalın dördüncü günü – səhnədə tələbələrdir

Martın 4-ü. Həftənin birinci, festivalın dördüncü iş günü. Teatr aləmi bazar ertəsində işləməz. Bəlkə də elə buna görə həftənin “ağır” günündə peşəkarlar tələbələri irəli verdilər. Hər nədənsə, “Boş məkanın dolğunluğu”nda səhnə onların idi.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi və Dövlət Rus Dram Teatrının aktrisası Milana Sokolenko və rejissor-xoreoqraf Raulya Türkkan birgə hazırladıqları “Səmavi” adlı monolayihəni təqdim etdilər. Rejissorla aktrisanın çalışdıqları teatrın səhnəsində oynanılan tamaşa həyatdan gözləntisi boşa çıxan, pərtliyini içki, siqaret ilə ovutmağa çalışan, o qədər də xoş olmayan sıxıntılı uşaqlıq xatirələrinə qayıdan tək qadının işdən sonrakı tənha axşamını göstərirdi.
Müasir rus dramaturqları A.Şipanov və A.Abrosimovun “Səmavi və yaxud qadın ömründən dörd saat” pyesinin əsasında hazırlanmış tamaşa bütün həyat uğurlarına təkbaşına çatmağa nail olan cavan və yaraşıqlı qadının, dörd saat əvvəl isə haqq etmədiyi talenin çox ağır zərbəsini dadmış Marinanın bütün həyatını aktrisanın dilindən çatdırır və seyrçini düşündürür. Sadəcə, “Səmavi”nin bu festivalın formatına nə qədər uyğun gəldiyi anlaşılmadı. Aktrisanın tamaşanın əvvəlində səhnənin bir küncündə gerçək leysandan iliyinədək islanmasımı? Yaxud səhnədə heç bir ifrata varmadan, sadəcə, situasiyanın tələb etdiyi üçün soyunmasımı? Bu sənət priyomları səhnəni həyata yaxınlaşdırmaq jesti olaraq illərdir ki, bir qədər mühafizəkar Azərbaycan səhnəsi üçün də yenilik deyil. Format uyarsızlığını bir kənara qoysaq, Milana Sokolenkonun “Səmavi”si bitkin monotamaşa kimi baxımlıdır. Ümidvarıq ki, çalışdığı teatr onu öz repertuarına salacaq və beynəlxalq teatr aləmində müntəzəm keçirilən monotamaşalar festivallarında təqdim edəcək.
* * *
Martın 4-də həmçinin Teatr Xadimləri İttifaqının böyük səhnəsində universitet tələbələri “Unutmağa kimsə yox” dedilər. Görkəmli alim, yazıçı-dramaturq Kamal Abdullanın bu pyesi illər öncə də oynanılıb. Pyesin zəngin dramaturji materialı  əsər  üzərində təxəyyül işlətməyə, maraqlı oyun qurmağa imkan verir. Əməkdar artist Yaqut Paşazadə də bu məqamı ustalıqla tutaraq öz kursu – dram teatrı və kino aktyorluğu ixtisası üzrə təhsil alan III kurs tələbələri üçün maraqlı tamaşa hazırlamağa nail olub.
Əsərin baş qəhrəmanı Aspirantın (Tunar Əlizadə) Yaddaşı (Elnur Tağıyev), xəyallarına cavabdeh Qağayı (Səbinə Məmmədova) və Əzabları (Rəhimə Abdinova) onun həyatına və düşüncəsinə təsir edərək sevdiyi Qadınla (Çimnaz Bağırova), Arxadaşı (Əlirza Kənani) ilə ünsiyyətinə təsir edir. Onlar tabe olduqları kimi görünsələr də, əslində isə onu öz köləliyində saxlayaraq səhnədəki hadisələrin cərəyanına təsir göstərirlər. Gerçəkdən də, hər birimiz yaddaşımızın əsiri, əzablarımızın köləsi, arzularımızın da girovuyuq. Tələbələrin çıxışına  ünvanlanan alqış  isə həm də tamaşanın quruluşçu rejissoru – kurs rəhbərinin haqqıdır. Tamaşaçı eyni vaxtda səhnədə iki tamaşa izləyirdi. Gerçək, bir də alleqorik qəhrəmanların oyunu maraqla baxılırdı. Alleqoriklər ön plana keçəndə gerçəklər statik pozada donub qalır, məqamı çatanda “canlanır”, qaldıqları yerdən davam edirdilər.
Bu tamaşa tələbələr üçün təkcə ilk festival, peşəkarlarla yanaşı çıxış etmək imkanı ilə bərabər, həm də əsər müəllifinin qarşısında çıxış etmək, onun adından çiçək dəstələri almaq şansı ilə yadda qalacaq. Məşhur film qəhrəmanının sözü olmasın, diqqət jestləri etmək və görmək ayrı söhbətdir.
Festival martın 9-dək davam edəcək.

 

Səhnədə dolğunluq olarsa… (2-ci yazı)

Azərbaycan Teatr Xadimləri İttifaqı və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Boş məkanın dolğunluğu” 2-ci Eksperimental tamaşalar festivalının gedişi haqqında qeydlərimizi qəzetimizin oxucuları ilə bölüşməkdə davam edirik.
Martın 5-i. Bakının havası lap yazın “oğlan çağı”nı xatırladır. Hərçənd park və xiyabanlardakı hələ çiçəksiz, tumurcuqsuz ağaclar adama deyir ki, “yaz gəldi” deyib vaxtından əvvəl sevinməyin. Son günlər ölkənin mədəniyyət sahəsinin gündəmini zəbt edən bahar ovqatı təbiətin havasından daha sıcaqdır. Ölkə başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mədəniyyət xadimləri və yaradıcılıq təşkilatlarının rəhbərləri ilə səmimi görüşü, həmin görüşdə qoyulan məsələlərin bir qisminin artıq müvafiq sərəncamlarla həllini tapması sənət cameəsindəki bu ovqatı bir neçə qat artırıb.
Görkəmli teatr rejissoru Vaqif İbrahimoğlunun xatirəsinə həsr olunan eksperimental tamaşalar festivalının iştirakçıları da yaradıcılığa, işləməyə, axtarmağa həvəsləndirən məlum sərəncamların fonunda daha da nikbindirlər. Bu gün də festival səhnəsi tələbələrin ixtiyarındadır.
* * *
Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsi. Xalq artisti Məmmədsəfa Qasımovun Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) dram teatrı və kino aktyorluğu ixtisası üzrə təhsil alan 4-cü kurs tələbələri Əbdürrəhim bəy Haqverdiyevin “Yeyərsən qaz ətini, görərsən ləzzətini” komediyası əsasında “qara oyun”u  oynayırlar.
Əslində, tamaşanın adını iki cür anlamaq olar. Yəni görəcəyimiz “qara” (qatı, sərt, amansız, mənaca çılpaq) yumor,  ya da adamın özünü qara günə qoyduğu həyatın bir şəkli. Zamanında Əbdürrəhim bəy bu komediyanı ikiarvadlılığı pisləmək, qadın hüquqlarını qorumaq, möhkəm və sağlam ailənin “iki göz iki gözə baxar” prinsipi üzərində bərqərar olduğunu göstərmək niyyətilə qələmə alıb. Elə tələbələr də bunu oynayırlar. Amma necə? Məhz əsl gənclik ehtirası, klassikanın iç qatındakı gizlinləri “oxuyaraq”. Tələbələrin belə sərbəst,  plastik oyun nümayişindən sonra onlara müraciətlə yalnız bunu demək istəyirsən: Ey “qara oyun” sərgiləyənlər, üzünüz ağ olsun!

* * *
5 mart tarixi üçün nəzərdə tutulmuş ikinci tamaşa da klassik müəllifimizin əsəri əsasındadır. ADMİU-nun 4-cü kurs tələbələri Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyasını oynayacaq. Tamaşaya kurs rəhbəri, Əməkdar artist Gülşad Baxşıyeva quruluş verib. Yeri gəlmişkən, müəllimə özü də tələbələri ilə birlikdə səhnəyə çıxacaq.
Amma məsələ belədir ki, Mirzə Fətəlinin xan sarayında baş verən  məişət zəminli münaqişənin qabardıldığı bu komediyasını istənilən tərzdə tamaşaya çevirib oynamaq olar. Yəni qeyri-bərabər nikahın fəsadlarından, varisin ərköyünlüyündən ta sosial ədalətin pozulmasına, sarayı bürüyən rüşvətxorluğa, hökmdar olan kəsin sosial ədalət prinsipindən xəbərsizliyinədək istənilən ideyanı əsərdə qabartmaq mümkündür. Bu tamaşada nələr maraqlı idi?


Ən birinci, Pəri xanımın heç də digər quruluşlarda göstərildiyi  kimi ipək xasiyyətli yox, çoxbilmiş qadın olması. Zarafat deyil, öz dövrü üçün kifayət qədər cəsarətli qız böyüdüb tərbiyə etmək, onların sayəsində xan, vəzir ailəsi ilə qohum olmaq, sarayda yaşamaq  hər adi qadının işi deyildi. İkincisi, Xanın eşikağası Səlim bəyin  Teymur ağaya aşkar rəğbətini məharətlə, qabartmadan oynanılması. Bəs nələr bizə artıq göründü? İlk növbədə xan sarayının türk seriallarında gördüyümüz sultan sarayının ovqatını “əxz etməsi”: vodevil halına çatdıracaq çox ərəb musiqisi, rəqqasələrin, mütrüblərin bol göbək rəqsləri. Halbuki gənclik cəsarəti ilə komediyadakı sosial ədalətsizliyi, qeyri-bərabər nikah xətlərini qabartmaqla fərqli tamaşa oynamaq olardı. Bir də tamaşada gənc aktyorların boyun damarları şişənədək qışqıraraq danışmağına heç ehtiyac yox idi. Bununla belə, cavanlara diləyimiz budur: səsiniz həmişə səhnələrdən ucalsın, amma qışqırmaq olmasın.
* * *
Martın 6-sı. “Boş məkanın dolğunluğu”nun ilk yarısı arxada qalıb. Festival səhnəsi  yenə tələbələrin ixtiyarındadır. Tələbələrin tamaşaları kimi özləri də fərqlidir. Məsələn, festivala tələbə tamaşası kimi qoşulan “Kərgədan buynuzu”nun iştirakçılarını tam peşəkar aktyor saymaq olar. Çünki Mədəniyyət və İncəsənət Universitetinin rus bölməsində təhsil alan cavanların əksəriyyəti elə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının yaradıcı heyətində çalışır. Yazıçı-dramaturq  Maqsud İbrahimbəyovun “Kərgədan buynuzu” əsəri əsasında hazırlanmış tamaşa universitetin professoru, filologiya elmləri doktoru Fəridə Səfiyevanın  layihəsi üzrə baş tutub. Tamaşanı rus bölməsinin dram rejissorluğu ixtisasının 4-cü kurs tələbələri Fərid Nesterenko, Bella Klimaşova, Yuri Omelçenko, Raulya Rzayeva, Cahandar Cəfərli və Tamerlan Əsədov hazırlayıblar.
Səhnə təcrübəsi və üstəlik, doğma teatrın səhnəsində çıxış etmək imkanı “Kərgədan buynuzu”nun gücündən yararlanmaq istəyənlərin köməyinə çatdı. Kurs müəllimləri Xalq artisti Cənnət Səlimova ilə Əməkdar artist Sonaxanım Mikayılovanın da zəhmətini yerə vurmaq olmaz. Beləcə, festivala qoşulan tələbə tamaşalarının sonuncusunu oynayıb yenidən peşəkarların tamaşalarına keçid alırıq.
* * *
İstənilən halda teatr aləmi üçün tanınmış isim vacib məqamdır. Səni şəxsən tanıyanların həm də sənin yaradıcılığına marağı böyükdürsə, bu, daha vacib, üstəlik, məsuliyyətli məqamdır. Martın 6-da festival çərçivəsində müstəqil “Safat” teatrının çıxışı bu fikirləri bir daha təsdiqlədi.
Teatr Xadimləri İttifaqının böyük səhnəsində tanınmış teatr və kino rejissoru İlqar Safatın İdo Netanyahunun “Məna axtarışında” əsəri əsasında hazırladığı tamaşa oynanıldı. Həmin vaxta kimi festival günlərində oynanılmış tamaşaların arasında məhz “Məna axtarışında” əsəri eksperimental tamaşa festivalının adına  – “Boş məkanın dolğunluğu” isminə tam yaraşdı. Səhnədəki dolğunluqla yanaşı salon da dolu idi.
Əsər də, əsəri Azərbaycanda ilk dəfə oynanılan müəllif İdo Netanyahunun adı da, mövzu da, iştirakçılar da tamaşaçılar üçün maraqlı idi. Bu tamaşanın baş qəhrəmanı konkret tarixi şəxsiyyət – Viktor Frankl (1905-1997) psixologiya elmində həyatın mənasını tapmaq vasitəsilə psixoloji yardım göstərən loqoterapiyanın – ekzistensial psixologiyanın əsasını qoyub. Digər tərəfdən 92 il ömür sürmüş bu insan 4 dəfə nasist həbs düşərgəsinə düşüb, lakin həyatın mənasını tapa bildiyi üçün bütün iztirablara qatlaşmağı, həyat eşqini qorumağı, müharibədən sonra isə psixologiya elmində uğur qazanmağı bacarmış şəxsiyyətdir. Tamaşada xalq artistləri Lüdmila Duxovnaya və Məbud Məhərrəmov, gənc aktyorlar Azər Aydəmir və Rumiyə Ağayeva çıxış edirdilər.
* * *

 

Səhnədə dolğunluq olarsa… (3-cü yazı)

Martın ilk günündən Azərbaycan teatr cameəsinin gündəmini zəbt etmiş “Boş məkanın dolğunluğu 2” Eksperimental tamaşalar festivalı sona çatdı. Festival qaliblərinin adlarını sonuncu tamaşa oynanılan gün yox, ta ertəsi gün, 10 mart – Milli teatr günündə, milli sənət dünyamızın ilk peşəkar bayramında bildik. Bu barədə bir qədər sonra. Hələliksə, ötən saylarımızda başladığımız festival icmalına davam edirik.
* * *
Martın 7-də Bakı Uşaq Teatrının “Sevgi şimşəyi” tamaşası nümayiş olundu. Bu tamaşaya təməl olmuş Rövşən Ağayevin “Bir gecənin nağılı” pyesi “iki aktyorun teatrı” olaraq çox maraqlı səhnə quruluşuna imkan verir. Düzdür, biz bu tamaşanın premyerasında iştirak etmişdik, yazı da (“Mədəniyyət” qəzeti, 11.01.2019) yazmışdıq. Amma teatrın eksperimentləri bitməz ki!.. Gülər Ləzgiyeva, Mehman Dilqəmoğlu və Ədalət Ağaverdizadənin ifasında gördüyümüz ilk tamaşa hara, festival çərçivəsində baxdığımız tamaşa hara! Tamaşanın quruluşçu rejissoru (Əməkdar artist İntiqam Soltan) təkcə Gülər xanımı digər aktrisa əvəz etmədi, həm də səhnədəki iki əsas qəhrəmanı 4 aktyorun – Mehman Dilqəmoğlu, Rauf Hüseynli, Nərmin Məhərrəmova və Gülnarə Abbasovanın ifasında təqdim etdi. Bəli, festival təkcə bütün kollektivin deyil, həm də tək-tək aktyorların sənət tanıtımıdır fikrindən çıxış etsək, teatr rəhbərliyi uğurlu yol seçmişdi.
…Həmin günün axşamı Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində Ç.Aytmatovun “Gün var əsrə bərabər” romanı əsasında hazırlanan “Manqurt” tamaşası oynanıldı. Ötən teatr mövsümündən repertuarda olan bu tamaşa da qəzetimizin (11.07.2018) diqqətindən yayınmayıb…
Martın 8-də yenidən festivalın əsas məkanında – Teatr Xadimləri İttifaqındayıq. Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorları – Əməkdar artist Nazir Rüstəmov və Bahar Abdullayeva Miro Harvanın əsəri əsasında “Aktyor əbədiyyətə qovuşanda” tamaşası ilə çıxış edirlər. Tamaşanın quruluşçu rejissoru da elə Nazir müəllimdir. Bu tamaşa da zamanında diqqətimizdən yayınmayıb: qəzetimizin 18 aprel 2018-ci il tarixli sayında “Arzulanmayan aktyor taleyi səhnəyə çıxanda” deyərək onun seyrindən duyduqlarımızı oxucularla paylaşmışıq.
Axşam isə Vaqif İbrahimoğlunun 70 illik yubileyinə həsr olunmuş “Boş məkanın dolğunluğu 2” Eksperimental tamaşalar festivalının tək qonağı, həm də festivalın müsabiqədənkənar iştirakçısı – L.Mesxişvili adına Kutaisi Dövlət Professional Dram Teatrı “Duplet” tamaşası ilə qonağımızdır. Gürcü teatrı ilə hər görüşün sənət bayramı olduğunu, üstəlik, bu tamaşanın qadınlar bayramında oynanıldığını nəzərə alsaq, “Duplet” tamaşasını teatrsevər xanımlara hədiyyə olaraq da qəbul edə bilərik. Rejissor K.Abaşidze V.Havelin “Etiraz” və H.Pinterin “Yola çıxmazdan öncə” adlı iki birhissəli, yəni əslində struktur və məna baxımına görə oxşar pyeslərini birləşdirərək “Duplet” adlı tamaşa qurub. İki aktyor D.Roinişvili və Z.Svanadze müstəntiq və müttəhim olaraq antraktda yerlərini dəyişirlər. Gerçəkdən, kimin kimi nəyə görə ittiham etməkdə haqlı olduğunu öncədən kim bilir ki?
* * *
Nəhayət, son gün. Günorta Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində V.Lyusun “Zelda” əsəri əsasında “İstədiyim kimi yaşayıram” (quruluşçu rejissor – Xalq artisti Ağakişi Kazımov, ifaçı – Əməkdar artist Mehriban Abdullayeva) monotamaşasını seyr edirik, axşam yenə Akademik Milli Dram Teatrındayıq. Kamal Abdullanın «Bir, iki – bizimki!” tamaşasını izləyirik. Əlif Cahangirlinin bu tamaşasında Əməkdar artist Ayşad Məmmədov, aktyorlar İlahə Həsənova, Ziya Ağayev, Xədicə Novruzlu və Canəli Canəliyev çıxış edirlər. Festivalın sonuncu tamaşalarına baxmaqla onların barəsində ötən il qəzetimizdə iki dəfə (30.03.2018 və 22.06.2018) bölüşdüyümüz təəssüratları təzələyirik.
* * *
Festival yekunlaşır. Artıq ekspert olaraq bizim də bəyəndiklərimiz var. Düzdür, festivalın öz münsiflər heyəti var deyə, bizim rəyimiz həlledici deyil, amma hər halda hər kəs öz bəyəndiyini qaliblər sırasında görmək istəyir. Seçilənlər Milli teatr günündə məlum olacaq.


* * *
…Neçə illərdir ki, Milli teatr gününün Aktyor evinin böyük salonunda keçirildiyi yadıma gəlmir. Amma budəfəki bayram şöləni həmişəkinə bənzəməz. Necə olsa, festival iştirakçıları da buradadır, hələ desəniz, ittifaqın keçirdiyi ən yaxşı afişa və plakat müsabiqəsi qalibləri də, onları dəstəkləmək üçün gələnlər də, dəvətli qonaqlar da…
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, professor Azər Paşa Nemətov hamını əlamətdar gün münasibətilə təbrik edir, bu günün tarixindən, Azərbaycan teatrını qarşıda gözləyən perspektivdən danışır. Sədr müavini, Xalq artisti Hacı İsmayılovun aparıcılığı ilə keçən təltif mərasimi ürəkaçan perspektivlərin işartıları duyulan təbrik dolu nitqin maraqlı davamı olur.
Ənənəvi olaraq, öncə ittifaqın fəxri fərmanları və “Sənətkar” medalı builki sahiblərini tapırlar.
Şuşa Dövlət Musiqili Dram Teatrının baş rejissoru, Əməkdar artist Loğman Kərimov, Akademik Milli Dram Teatrının rejissor assistenti Dilbər İsmayılova, Gəncə Dövlət Dram Teatrının aktyoru, Xalq artisti Məmmədəli Balayev, Dövlət Teatr Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova, Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Əməkdar artist Azad Şükürov, “Musiqi dünyası” jurnalının baş redaktoru, Əməkdar incəsənət xadimi Tariyel Məmmədov və Milli Dram Teatrının aktyoru, Əməkdar artist Aslan Şirinov fəxri fərmanla, xalq artistləri Firəngiz Mütəllimova, Qabil Quliyev və Valeh Kərimov, Əməkdar artist İntiqam Soltan, tanınmış bəstəkar Azər Rzayev (vəfatından sonra) “Sənətkar” medalı ilə təltif edilirlər.
Teatr Xadimləri İttifaqının katibi, Xalq artisti Rafiq Əliyev afişa və plakat müsabiqəsi barədə danışarkən qeyd edir ki, münsiflər heyəti bütün gənc rəssamları iştiraka görə diplomla təltif etsə də, onlardan üçünü mükafata layiq bilib. Beləcə, Rizvan Ələsgər III yerə, Elvin Şirinov II yerə, Reyhan Aslanova da I yerə layiq görülüblər.
İdman yarışları ilə bağlı “əsas məsələ qələbə yox, iştirakdır” deyimi teatr festivalının iştirakçıları üçün də keçərlidir. Belə ki, festivala qatılmış 18 tamaşanın hamısının yaradıcı kollektivi fəxri fərmanla təltif edilir. Salon isə nominasiyalar üzrə qaliblərin adlarını eşitmək üçün səbirsizlənir.
Əməkdar artist Gülşad Baxşıyeva, xalq artistləri Məbud Məhərrəmov və Lüdmila Duxovnaya “Fəxri iştirakçı” kimi fərqləndirilirlər. “Tələbə tamaşasında ən yaxşı aktyor ifası”na görə ADMİU-nun tələbəsi Rəhimə Abdinova (K.Abdulla: “Unutmağa kimsə yox” (Əntər), kurs rəhbəri – Yaqut Paşazadə), tələbələrin “Qara oyun”u (kurs rəhbəri – Məmmədsəfa Həsənov) «Ən yaxşı tələbə tamaşası», aktyor Azər Aydəmirov (İ.Netanyahu: “Məna axtarışında” tamaşası) uğurlu debütünə görə “Debüt” diplomlarına layiq görüldülər. Ən yaxşı aktyor olaraq isə münsiflər üç aktyorun ifasını dəyərləndirdilər: “Yuğ” teatrından Qasım Nağı “Quş dili” tamaşasındakı Bağban, Qurban Məsimov müstəqil təqdim edilmiş “Açıq dənizdə” tamaşasındakı Gonbul və Əməkdar artist Mehriban Xanlarova Milli Dram Teatrının “Manqurt” tamaşasındakı Nayman ana rollarına görə.
Ən vacib məqam, təbii ki, qalib tamaşaların adlarının açıqlanması idi: münsiflərin qərarı ilə III yerə iki tamaşa – “Səmavi” və “Qara adam” monotamaşaları, II yerə müstəqil “Açıq dənizdə” tamaşası, I yerə isə Milli Dram Teatrının “Bir, iki – bizimki!” tamaşası layiq görüldü.
Beləcə, Azərbaycan peşəkar milli teatrı 146 yaşını alqışlar, sevinc nidaları, təbriklər, əlbəttə ki, gələcəyə xoş ümidlər və ruh yüksəkliyi notları ilə qeyd etdi.
* * *
Yazıya P.S. sayıla biləcək bu qeydləri deməyə də bilərdik. Lakin “Boş məkanın dolğunluğu 2” Eksperimental tamaşalar festivalının ekspert qrupunun üzvü kimi növbəti festivalı, ya da tamam başqa məramlı festivalı necə görmək istədiyimizi yazmağa ehtiyac duydum. Əslində, onların bəzisini bu festivalda da gerçəkləşdirmək olardı. Tam on gün teatrşünasları və teatr yazarlarını bir araya gətirərək, müzakirələr keçirən teatrşünas Vidadi Qafarovun bağlanış mərasimində səhnəyə çıxaraq söz deməsini, bundan əvvəl isə hörmətli münsiflərin öz qərarlarını dəqiqləşdirərkən ekspertlərin də rəyinin nəzərə alınmasını. Nəzərə almaq demişkən, festival günlərində tamaşalararası fasilələrin uzunluğu yorucu idi.
Onsuz da teatrşünaslar da, festivalı izləyən jurnalistlər də günün ikinci yarısını festivala ayırmışdılar. Odur ki, tamaşalararası vaxtı qısaltmaqla, müzakirələrin müddətini uzatmaq və beləliklə də, zamanı iştirakçılar üçün daha faydalı keçirmək mümkün olardı.
İkinci festival artıq dünəndə qalıb. Üzümüz də, yolumuz da sabaha doğrudur. Gələcək festivallara gəlincə, onları ölkənin iş adamlarının, böyük şirkətlərinin dəstəklədiyini görmək, keçirildiyi şəhərin küçələrində, telekanallarında bolluca reklamına şahid olmaq istərdik!..
Bax, o zaman adının nə olması fərq etmədən nəinki festival, hətta gündəlik həyatını yaşayan teatrlarımızın salonu hər zaman dolu olacaq…
Milli teatrın dolğun həyatını seyr etmək istəyilə

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir