Festival bayramdır?! Bayramınız mübarək?!

1-9 mart 2019–cu il tarixlərdə Azərbaycan Teatr Xadimləri İttifaqının Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə birlikdə təşkil etdiyi “Boş məkanın dolğunluğu-2” Eksperimental tamaşalar festivalı keçirilib. Festivalın nəticələri haqqında teatr cameəsi öz fikirlərini bildirir:

S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru, Əməkdar artist Maksud Məmmədov:

Bu festivalda iştirakım məni çox sevindirdi. Çox gözəl olardı ki, bu bir ənənəyə çevrilsin.Yəni, festival hər il keçirilsin. Festivalda həm pəşəkar, həm də gənc rejissor və aktyorların, o cümlədən tələbələrin iştirak etməsi, gənc və yaşlı nəslin çiyin-çiyinə işləməsi, teatr sənətinin inkişafına və müasir teatr formatının yaranmasına çox böyük təkan verir. Festival yetəri dərəcədə reklam və təbliğ olunmamışdır. Hər bir sənət əsəri, tamaşa məhz tamaşaçılar üçün nəzərdə tutulub. Tamaşaçıların,yəni, bizim şəhər sakinlərinin bu tip festivallardan xəbəri olmalıdır. Təbliğ, reklam, milləti teatra cəlb etmə, bu mütləq bir şərt olmalıdır. Kütləvi şəkildə tamaşaçılar cəlb olunsa, bütün nöqsanlar hamının gözü qabağında olar. Və bir dəfə edilən səhv gələn dəfə təkrarlanmaz. Təəssüf ki, festivallar, elə sənət adamları arasında, kamera çərçivəsində keçir, bu səbəbdən də, öz səhvlərimizi tək özümüz görürük, nöqsanları aradan qaldırmaq istəyi elə də vacib olmur.

Teatrşünas Fəridə Cəlilova:

Festivalın nəticələri teatrımız haqqında müəyyən məqamlara işıq salmış oldu. Əvvəla, “eksperiment” sözünün milli teatr mühitində qavranılması məsələsinə toxunmaq istərdim. Festivalın adında yer alan bu sözün qeyri-konkret, ümumi xarakteri təqdim olunan tamaşalarda nəzərdə çarpmaqdaydı. Kollektivlər səhnə eksperimentlərini, ilk növbədə, Azərbaycan səhnəsi üçün nisbətən yeni sayılan dramaturqlara müraciətlə nümayiş etdirdilər. Bu sırada S.Mrojek, M.Qavran, V.Qavel, H.Pinter kimi adları xüsusilə vurğulamaq olar. Festival, həmçinin təqdim olunan tamaşaların quruluşu ilə bağlı ciddi problemlərin olduğunu aşkarladı. Amma yəqin ki, Vaqif İbrahimoğlunun xatirəsinə həsr olunmuş festivalda daha çox rejissor nailiyyətlərini gözləməyimiz anlaşılandır. Təəssüf ki, hətta ümumi ideya baxımından maraqlı görünən tamaşalar belə, dəqiq ölçülüb-biçilmiş rejissor partiturasına malik deyildi. Misal üçün, Kutaisi Dövlət Peşəkar Dram Teatrının “Duplet” tamaşası iki dramaturqun – Qavel və Pinterin birpərdəli pyeslərinin birləşdirilməsi üzərində qurulmuşdu. Oruelsayağı “1984” ovqatı yaratmağı nəzərdə tutan bu tamaşada fərqli dramaturji mətnlərin ritmləri bir-birini inkar edirdi və burada rejissor korrektəsinə xüsusi ehtiyac duyulurdu. İstər bu, istərsə də festivalın rejissor işi baxımından digər zəif tamaşalarını baxımlı edən cəhət isə aktyor ifası idi. Festivala qoşulan tamaşalar haqqında ümumi təəssürat kimi deyə bilərəm ki, rejissura burada aktyor ifasına uduzurdu. Şuşa Dövlət Musiqili Dram Teatrının festivala təqdim etdiyi tamaşanın qəhrəmanı Tom kimi (“Aktyor əbədiyyətə qovuşanda”, M. Qavran), biz də bir daha səhnənin məhz aktyor tərəfindən dolğunlaşdırıldığına əmin oluruq. Ümumiyyətlə, aktyorların bu festival çərçivəsində özlərinə yaxın bildikləri mövzularla müəllif tamaşası formatında çıxış etmələrini müsbət hal sayıram – festivalın şərtləri çərçivəsində ən təmənnasız yaradıcılıq etiraflarına və səhnə axtarışları cəhdlərinə görə. Ancaq teatr estetlərini və festival həvəskarlarını təkcə bununla razı salmaq olmur. Ona görə də, ümid edirəm ki, gələn festivallarda tamaşaların yalnız nəzərdə tutulmuş ideyalarından deyil, həm də maraqlı rejissor həllindən danışa biləcəyik. Aktyorlara isə ifa etdikləri tamaşalar qarşısında qoyulan məqsəd baxımından daha tələbkar olmağı arzulayıram. Biz teatra ayrı-ayrılıqda dramaturgiyadan, ümumi ideyadan, aktyor ifasından, rejissor həllindən danışmaq istədiyimiz üçün deyil, bütövlükdə tamaşadan zövq almaq üçün gedirik.

Teatrşünas Elçin Cəfərov:

Festival bayramdır! Bayramınız mübarək!

“Boş məkanın dolğunluğu-2” Eksperimental tamaşalar festivalı ölkənin teatr həyatınından ötrü çox mühüm hadisə idi. AZTXİ-nin və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivalın sayəsində 10 gün sərasər aktiv teatr prosesinin içində olduq. Bir neçə gənc sənətçini özümüz üçün kəşf etdik. Perspektivləri və problemləri kompleks şəkildə görüb, analiz etməyə imkan tapdıq. Buna görə təşkilatçılara təşəkkür düşür.
Amma və lakin…
Festivalın təşkilati səviyyəsinin yüksək olduğunu deyə bilməyəcəm. Əvvəla, ona görə ki, tamaşaların seçimi (əgər ümumiyyətlə, hansısa seçim olmuşdusa) düzgün aparılmamışdı. Görünür, bu dəfə də adətimizə sadiq qalaraq, milli özünəməxsusluğumuzu, mənəvi dəyərlərimizi qoruyaraq, keyfiyyəti kəmiyyətə qurban vermişik. Ən böyük narahatlığım isə münsiflər heyətinin tərkibi, tamaşaların qiymətləndirilməsi meyarları və formaları, eləcə də qaliblərin müəyyənləşdirilməsi prinsipi ilə bağlıdır. Onsuz da gözəlim Azərbaycanda, az qala, bütün seçimlərin dostbazlıq, qonşubazlıq, yoldaşbazlıq, karyerabazlıq üzərində qurulduğunun şahidi olmuşam və məntiqlə hansısa qeyri-adekvat seçim məni təəccübləndirməməli idi.
Bu dəfə tək amma…
TXİ-nin sədri Xalq artisti, professor Azər Paşa Nemətovun sənətkarlığına, zövqünə, peşəkarlığına və münsiflər heyəti üzvlərinin tam adekvat olmasa da, ləyaqətli insanlar olduqlarına inanırdım deyə, yenə yersiz optimizmə qapılmışdım.  Bir də, axı, festival Vaqif İbrahimoğlunun xatirəsinə həsr olunmuşdu. Doğrudan ha, axı?.. Necə olur ki, V.İbrahimoğlunun xatirəsinə həsr olunmuş festivalda onun yaratdığı YUĞ Teatrı heç bir mükafata layiq görülmədi? Yaxşı, bütün tamaşaları qoyuram kənara, yəni “Medeya. Sekvensiya – 01” tamaşası festivalın 3-cü mükafatını qazanan “Qara adam” tamaşasından da zəif oldu? Yoxsa, sayğıdəyər münsiflər ancaq “videogenik” tamaşaları mükafatlara layiq görürdülər?
Axı, “Manqurt” festivalın ən yaxşı və formata uyğun az sayda tamaşalarından biri idi. Bu tamaşanın qaliblər siyahısına düşməməsinin, bir növ, siyasi jest, artıq söz-söhbətdən qaçmaq cəhdi olduğunu anlasam da, hər halda, “Manqurt” kimi bir tamaşanın mükafatlardan kənarda qalmasını, politkorrektlik “qurbanına” çevrilməsini istəməzdim. Onu da deyim ki, “Bir, iki, bizimki” tamaşasının aldığı mükafata tam layiq olduğunu düşünürəm. İndi nə deyirsiz, bir rejissorun iki istedadlı tələbəsi ola bilməz? Ya iki istedadlı rejissorun yaxşı tamaşası bir festivalda mükafat qazana bilməz? Yadıma lap, Könül Əliyeva-Cəfərova ilə birlikdə beynəlxalq teatr forumuna hazırlaşan zaman, bir ailədən iki nəfərin eyni festivala göndərilməsi düzgün deyil “alterarqumentasiyası” düşdü.

Ki, hər hansı festivalın keyfiyyətini və xassəsini təmin və təyin edən başlıca faktor onun seçim meyarlarıdır. “Boş məkanı dolğunluğu-2” festivalında isə kriteriyalar bölməsi, tamam boş qalıb. Xüsusən də, tələbə tamaşaları və iştirakçı sayı 5-dən artıq olan tamaşalarla bağlı səhvə yol verilib. Festivalın meyarları dəqiq müəyyən olunmalı, o kriteriyalara cavab verməyən tamaşa qəbul edilməməlidir ki, sonradan yaxşı tamaşalar meyarlara cavab vermədiyi üçün mükafatdan kənarda qalmasın.

Düşünürəm ki, tələbə tamaşalarının peşəkar teatrlarla eyni festivalda və eyni ranqda mübarizə aparması da heç insafdan deyil. Hərçənd onu da deməliyəm ki, festivalı abıra mindirən elə tələbə tamaşaları və ümumiyyətlə, tələbələrin iştirakı oldu.

Nə amma, nə lakin…

Mədəniyyət və İncəsənət Universitetinin çox istedadlı tələbələri mükafatlardan kənarda qaldılar… Rəhimə gözəl oynadı, mükafat da onun halal xoşudur, ancaq dediyim o ki, Rəhimə tək deyildi, Səmayə də, Novruz da, Elsevər də, Əbülfəz də, Milana da nəinki tələbə tamaşalarının, ümumiyyətlə festivalın ən yaxşılarından idilər.

İndi isə ammasız lakin…

Əzizlərim, belə festival olmur, belə seçim eləmirlər, belə mükafat vermirlər, teatrı belə sevmirlər. Ya bu festivalı tamamilə bayram-şənlik ovqatına kökləyib də heç bir kollektivi fərqləndirməmək olardı, ya da qalibləri müəyyənləşdirəndə əlini vicdanının üstünə qoyub, ədalətli olmağa, ən azı, cəhd eləmək. Festivalın 2-ci mükafatçısı “Açıq dənizdə” tamaşasında deyildiyi kimi, “nə olsun ki, indi ədalətin zəmanəsi deyil”.

Festival bayramdır?! Bayramınız mübarək?!.

Bakı Uşaq Teatrının rəhbəri, Əməkdar artist İntiqam Soltan:

Festivalın yekun məclisinə baxan adam düşünərdi ki, Teatr Xadimləri İttifaqı beş gün öncə təsis olunub, hələ çox təcrübəsizdir… Festivalın adına görə əsasnaməsinin mövcudluğu və qaydaların müəyyənləşdirilməsi (yəni kriteriyalar müəyyənləşdirilmişdimi) məndə şübhə doğurur. Əks təqdirdə, təqdim olunan tamaşalarda ümumi bir mizan olardı…
Başa bizim tamaşa…
Mənə İttifaq tərəfindən edilən bir neçə zəngdən sonra “Sevgi Şimşəyi”ni təqdim etdim. Yoxsa, iştirak etmək fikrim yox idi. Çünki” Boş məkanın dolğunluğu-1″-də və ondan sonrakı festivalda rastlaşdığım haqsızlıq məni bu fikrə gəlməyə vadar eləmişdi. Getmək istəməməyin səbəbini deyəndə təqsiri – “V. İbrahimoğlunun cığallığı idi də…”, – deyib, rəhmətliyin üstünə atdılar…
Yəqin bu çıxışımdan sonra İttifaq mənə qarşı daha dözülməz, kəskin münasibətdə olacaq. Amma başa düşün ki, yaxşı işə görə adamı tərifləməzlər. Çünki işi görməli olanın o işi zəif görməyə mənəvi haqqı yoxdur…
P.S. Nə qədər ki, Uşaq Teatrının binası yoxdur və TXİ bunun uğrunda mübarizə aparmayıb, Dövlət başçısının qarşısında bu məsələni qaldırmaq imkanını əldən verib, mən o qurumla barışa bilməyəcəm… Anlamaq lazımdır ki, Uşaq Teatrı Azərbaycana (İntiqama yox) bütün teatrlardan daha çox gərəklidir…

Teatrşünas Aliyə Dadaşova:

Festivalda 5-6 tamaşaya baxa bildim. Bir ikisinə də daha əvvəl baxmışdım. Festivalın ekspertlər şurasında üzv idim, sonradan öyrəndim ki, Ekspert şurasının elə bir əhəmiyyəti yoxdur, münsiflər ayrıdır və qalibləri münsiflər seçib. Ekspert olaraq missiyam nə idi, onu anlamadım. Bildiyim Festival işində yeganə etdiyim təqdimatdan sonra heç bir press-reliz filan olmadığı halda məlumatları ordan-burdan toplamaq, informasiya yazmaq oldu. Bu da işlədiyim sayta lazım idi. Açılışda oldum. Festival ab-havası duymadım. Baxdığım tamaşalar içində “Medeya Sekvensiya-001” tamaşasının adını mükafatçılar arasında görməyəndə təəccübləndim, çünki qalib olan tamaşanı bundan qat-qat zəif bilirdim. Sənət mühitinə festival qədər stimul verəcək addım yoxdur, amma könül istərdi ki, festival qurultayqabağı boş məkanı doldurmaq üçün yox (Piter Brukun kitabını oxumuşam, irad bildirməyin), gerçəkdən teatr mühitini canlandırmaq üçün olsun. Ki, inşallah bu festivalın da qayəsi bu imiş.

Teatrşünas Aygün Süleymanova:

Festival bayram ovqatlı hadisədir, kimlər üçünsə imtahan, kimlər üçünsə göstəricidir. “Boş məkanın dolğunluğu” festivalı xatirəmdə bir neçə özəlliyi ilə yadda qalacaq.
Festivalın işinə start verən “YUĞ” teatrı sanki bir cilddən digərinə keçid edib, teatr artıq tamaşaçısı ilə danışır, tamaşaçı ilə teatr arasında yaradılan qəliz uçurum sanki yox olmuşdur. Və bu ünsiyyət heç də uğursuz alınmayıb.
ADMİU-nun təqdimatında nümayiş olunan tamaşalar professional teatr tamaşaları ilə rəqabətə girəcək dərəcədə uğurlu idi və mən ilk dəfə olaraq, məzun olduğum universitet adına utanmadım, əksinə, qürurlandım.
Bəzi teatrlar hələ də yerində sayır. Bakı Uşaq Teatr, Şuşa teatrı. Bilirəm bu sözləri məndən başqa heç kəs deməyəcək. Mən nəinki Bakı Uşaq Teatrına bina verilməsinin tərəfdarıyam, əksinə, məramsız və repertuarsız bir teatrın “TEATR” statusu ilə fəaliyyətinin tam əleyhinəyəm. Qaldı ki, Şuşa Teatrı, təklif edərdim ki, orada köklü dərəcədə dəyişiklik olunsun.

Teatrşünas Xəyalə Rəis:

Festival bir bayramdır. Hələ bu teatr festivalıdırsa, ikiqat bayram sevinci deməkdir. Hətta deyərdim ki, tamaşaçıları teatra cəlb etmək, maraqlı tamaşaları bir araya toplayıb, izləyicilərə bayram ab-havası yaşatmaq üçün festival gözəl bir fürsətdir. Yetər ki, bu fürsəti dəyərləndirməyi bacarasan. “Boş məkanın dolğunluğu-2” Eksperimental tamaşalar festivalı bizim üçün bir bayram oldu. Mərhum sənətkarımız Vaqif İbrahimoğlunun xatirəsinə həsr olunsa da, festivalda nümayiş olunan bir çox tamaşalarda məhz Vaqif müəllimin ruhunu duya bilmədim. Əslində, YUĞ teatrında Vaqif İbrahimoğlu ənənələrinin məhvə doğru getdiyi bir dönəmdə mərhum rejissorun təməlini qoyduğu festivalın davamını keçirmək və bu festivalı onun xatirəsinə həsr etmək maraqlı bir fikir idi. Ancaq məqsədə nail olundumu? Gözlədiyimiz nəticəni ala bildikmi? Bunlar bir qədər müəmmalı qaldı. Festival ərzində bir çox teatrların və tələbələrin tamaşalarını izlədik. İzlədiyimiz tamaşaların hamısının mükəmməl eksperimental tamaşalar olduğunu demək, əlbəttə ki, mümkün deyil. Ancaq festivalda nümayiş olunan tamaşalara baxdıqdan sonra bütün təxminlərim alt-üst oldu. Tamaşaların içərisində müasir, diqqətçəkən, aktual mövzusu olan tamaşalar da az deyildi. Hətta gənclərin, tələbələrin hazırladıları tamaşalarda bir yenilik, yeni simalar, yeni nəfər hiss etdim. Festivalın qalibi olan Əlif Cahangirlinin quruluşunda hazırlanan “Bir.. iki… bizimki” tamaşası isə müasirliyi, fərqliliyi, orijinallığı ilə seçilirdi. Əslində, festival üçün teatrlar ən baxımlı, festivala yararlı, mütəxəssislər tərəfindən müzakirəyə çıxarılacaq, böyük maraq doğura biləcək tamaşalarını təqdim edəcəklərini düşündüyüm halda, bu təxmin də özünü doğrultmadı. Bu festival bizim üçün yeni bir macəra oldu. Çünki on gün ərzində teatr camaesi ilə sıx münasibətdə olduq, tamaşaları izlədik, təhlil etmək üçün bir araya toplaşdıq müzakirələr, mübahisələrlə dolu maraqlı 10 gün yaşadıq. Bizə bu bayram ab-havası yaşatdığına görə səbəbkarlara təşəkkür edirəm.

Teatrşünas Nigar Pirimova:

Teatr festivalının keçirilməsi bayramdır. O da ola, mərhum rejissor Vaqif İbrahimoğlunun xatirəsinə həsr edilmiş “Boş məkanın dolğunluğu” eksperimental tamaşalar festivalı. Festivalda bir-birindən fərqli, eyni zamanda da haradasa yaxın tamaşalar izlədik. Bu tamaşalar içərisində həvəslə baxdığımız da oldu, usandığımız da. Lakin maraqlı və təqdirəlayiq tərəfi odur ki, tələbələr ilk dəfə belə bir festivala qatıldı, bəzi aktyorları maraqlı amplualarda görmək şansımız oldu. Və ən əsası, bu doqquz gün ərzində teatr cameəsi on səkkiz tamaşa izləyə bildi. Sonda mükafatlandırılan bütün tamaşaları, onların heyətlərin təbrik edirəm. Ümid edirəm ki, növbəti illərdəki “Boş məkanın dolğunluğu” festivallarında, həqiqətən də, məkanlar dolğunlaşa biləcək.

Teatrşünas Əli Hacılı:

18 tamaşadan ibarət “eksperimental” səhnə işlərinə baxıldı. Bu tamaşalar tam istənilən nəticəni göstərməsə də, ən azından, cari prosesdə qığılcım yaratdı. Azərbaycan teatr məkanında hər kəs başını aşağı salıb öz “işiylə” məşğul olur. Ayrı-ayrılıqda isə bu işlərin keyfiyyəti heç də ürəkaçan deyil. Fikrimcə, belə festivalları ən azı altı aydan bir keçirmək və bu sahədə professionallaşmaq lazımdır.

 

 

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

“İki amerikano və çizkeyk”

13 mart 2019-cu il tarixində saat 19.30-da “Tik-Talk” antikafesində “İki amerikano və çizkeyk” tamaşası nümayiş olunub. Bu tamaşa dOM müstəqil teatrın növbəti eksperimentidir. Tamaşanın...

Qazaxıstanda VII Beynəlxalq Teatr Festivalı keçiriləcək

Qazaxıstanın Teatrlar Assosiasiyası Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyinin dəstəyi ilə 30 oktyabr-6 noyabr 2018-ci il tarixində Mərkəzi Asiya ölkələrinin VII Beynəlxalq Teatr Festivalını...

Məryəm Əlizadə – “Rejissor haqqında paradoks”

Çağdaş Azərbaycan teatrının görkəmli rejissoru Vaqif İbrahimoğlu ilə ilgili peşəkar düşüncəmdə yaranmış paradoksu incələməkdən öncə, hər ehtimala qarşı, kiçicik girişvari açıqlama verməyə ehtiyac duyuram....

Recent

“Romeo və Cülyetta” Bakıda

Mart ayının 2-də Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində İspan milli rəqs teatrı FlamencoLive “Romeo və Cülyetta” şou-proqramı ilə çıxış edəcək. Kollektivin iştirakçıları nüfuzlu...

Bakı Uşaq Teatrında premyera

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrı mövsümün sonuna yaxın daha bir yeni tamaşa ilə çıxış edəcək. Əbdürrəhim bəy Haqverdiyevin eyniadlı pyesi əsasında...

Dövlət teatrın inkişafında israrlıdır

Prezidentin mədəniyyət və incəsənət xadimləri ilə görüşünə münasibət Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva martın 1-də mədəniyyət işçiləri ilə çoxdan gözlənilən görüş keçirdi. Təsadüfi...