Fəridə Cəlilova – Nastenka və ya qırmızı başmaqlar haqqında daha bir hekayə

Artıq bir həftədir ki, II M.A.P. Beynəlxalq Teatr Festivalı öz işini yekunlaşdırıb. Festival mətbuatda kifayət qədər işıqlandırıldı və bu da bizi festivalın özündən az sevindirmir. Bu yazı isə sətirlərin müəllifinin builki festival haqqında son məqaləsidir (söz verirəm). Sadəcə Festivalın ən gözlənilən tamaşalarından olan “Kafe İdiot” tamaşasından ayrıca yazmaq istədim. F.M.Dostoyevskinin “İdiot” romanının motivləri əsasında quruluş verilən səhnə əsəri “Balet Moskva” Teatrının repertuarında bir neçə ildir ki, möhkəm qərarlaşıb.
“Balet Moskva” Teatrı müasir Rusiya teatr məkanında kifayət qədər tanınan kollektivlərdəndir. Teatrın daxilində klassik və müasir olmaqla iki rəqs truppası fəaliyyət göstərməkdədir. Festival çərçivəsində Bakıya gətirilən tamaşa müasir rəqs truppasının ifasında hazırlanmış rəqs-tamaşa idi. Rejissoru və xoreoqrafı Aleksandr Pepelyayev olan “Kafe İdiot” tamaşası üç nominasiyada “Qızıl maska” Rusiya Milli Teatr Mükafatına (2016) təqdim edilmiş (ən yaxşı baletmeyster işinə görə Aleksandr Pepelyayevə, kostyum üzrə rəssam işinə görə Sergey İllarionova və ən yaxşı müasir rəqs-tamaşa kimi) və üçüncü nominasiya üzrə qalib olmuşdur.
6sdtdkAmTXf8gn5tn9qB4xQFIoWv2S0Z
F.M.Dostoyevski bəlkə də dünyanın ən çox səhnələşdirilən romanistlərindəndir. Hələ keçən əsrin əvvəllində Moskva Bədaye Teatrında yazıçının “Karamazov qardaşları” (1910) və “Əcinələr” (1913) romanları, 1957-ci ildə G.A.Tovstonoqovun quruluşunda BDT-də “İdiot” əsəri səhnələşdirilir. Ümumiyyətlə, XX əsr boyu böyük rus nasirinə müraciət etməyən teatr xatırlamaq çətindir. Dünyanın ən aparıcı rejissorları onun yaradıcılığından faydalanıblar: P.Bruk 1946-cı ildə “Karamazov qardaşları”nı, 2004-cü ildə isə həmin əsərdə İvan Karamazovun dilindən danışılan “Böyük inkvizitor” hekayəsini səhnələşdirir; Y.Qrotovski əfsanəvi “Apocalypsis cum figuris” (1969)  tamaşasında digər yazıçılarla yanaşı Dostoyevski mətnindən də istifadə edib; A.Vayda isə, az qala, teatra yalnız Dostoyevskini səhnələşdirmək imkanı əldə etmək üçün üz tuturdu (“Əcinələr”, “Cinayət və cəza”). 2008-ci ildə Keti Mitçell Kral Milli Teatrının (London) səhnəsində “Onun izləri” (“…some trace of her”) adı altında “İdiot” romanının fərqli interpretasiyasını hazırlayır. “O” – burada Nastasya Filippovnadır. A.Vaydanın 1994-cü ildə çəkdiyi “Nastasya” filmində də iki baş rolda – knyaz Mışkin və Nastasya Filippovna – ənənəvi kabuki teatrında onnaqata rolları ifaçısı V Bando Tamasaburo çıxış edir: burada da Nastasya ilə bağlı əzablı xatirələr və silinməz izlər romanın qətldən sonra Mışkinlə Roqojinin görüşü fonunda canlanır.
“Balet Moskva” Teatrı da izlər ideyasından çıxış edir və yenə də mərkəzi qəhrəman Nastasya Filippovnadır. Tamaşanın əvvəlində ağ paltarlı ayaqyalın məsum qızcığaz səhnəni bu başdan o başa kimi “addımlarıyla ölçür”. Qızcığazın hər addımından sonra onun ayaq izləri yerində iri dəniz yosunlarını xatırladan proyeksiyalar “bitir”. Nik Börçin su səsini xatırladan musiqisi ilə ahəng yaradan bu səhnədə sanki tamaşaçını damcı-damcı dolmaqda olan kasanın tezliklə daşacağına hazırlayırlar.
Bütövlükdə, rəqs-tamaşada üç dəfə səhnəarxası uşaq səsi romandan parça oxuyur. Ancaq bu parçalar olmasaydı belə və hətta romanla tanış olmayan tamaşaçı zaldan səhnəni seyr etsəydi belə, süjeti anlamaqda çətinlik çəkməyəcəyini düşünürəm. İlk səslənən epizod Nastasya Filippovnanın Totskinin yanına düşmə səbəbindən danışır. İkinci epizod Mışkinin epilepsiya tutması zamanı yaşadıqlarını əks etdirir. Nəhayət, üçüncü epizodda Nastasya Filippovna Roqojinin onu öldürəcəyindən şübhələndiyini dilə gətirir. Epizodlararası səhnələri seçərkən tamaşanın müəllifləri romanın məhz Nastasya Filippovnanı ölümə aparan parçalarının üzərində dayanıblar.
13_21_02
Tamaşaçılar zala daxil olarkən səhnə boyu “səpələnmiş” ventilyatorları görür, işə düşən ventilyatorlar səhnənin düz ortasına sərilmiş ağ tül parçanı havaya qaldırır və o, süni hava burulğanında qətiyyətsiz şəkildə pərvaz etməyə başlayır. Səhnəyə daxil olan qırmızı kostyumlu aktyor-rəqqaslar Pina Bauşsayağı əsəbi qaçhaqov nümayiş etdirir, getdikcə ağ tül parçanın gəlin fatası olduğu aşkarlanır. Bu axşam qızcığazın taleyi həll olunmalıdır. Ağ paltarlı qızcığaz Nastenkanı və axşam evində ziyafət təşkil edən qırmızı paltarlı yetkin Nastasya Filippovnanı ayrı-ayrı aktyorlar ifa edirlər. Bir qədər sonra tam əmin olacağıq ki, səhnədə ümumiyyətlə konkret rol bölgüsü yoxdur. Eyni zamanda əsərin baş və ikincidərəcəli qəhrəmanlarını ifa edən aktyorların rolları tamaşanın gedişatı zamanı bir-birinə sirayət edir, bir-birini əvəz edir. Budur qarşımızda Roqojin dururdu və birdən o, Mışkinin xəstəliyini bildirən konvulsiyada vurnuxmağa başlayır: Mışkinli epizoda keçid alınır. Burada Dostoyevski romanının qəhrəmanlarının bir-birinin güzgüvari əksi olması ilə bağlı mövcud ədəbiyyatşünas yozumlarından əlavə, müəyyən situasiyaya düşmüş insanın çaşqınlığı, onun istənilən digər insanla əvəzlənə bilməsi kimi qənaətlər daha çox qabardılır.
Nastasya Filippovnanı eyni anda səhnədə bir neçə aktrisa ifa edir və onlar hər biri qəhrəmanın müxtəlif ipostaslarıdır. Ancaq ağ paltarlı qızcığazı yetkin Nastasya Filippovna ilə bağlamaq üçün tamaşanın rejissoru rəqs vasitəsilə Totski ilə görüşdən həmin axşama gətirən yolu canlandırır. Qızcığazın qırmızı dikdabanları geyinməsi məqamı Andersenin məşhur “Qırmızı başmaqlar” nağılındakı sehrli ayaqqabıların simvolikasını təkrarlayır. Romanda Aqlayanın Nastasyanı paltaryuyan həyatını seçmədiyinə görə ittiham etməsi tamaşa kontekstində “qırmızı başmaqları niyə geyindin?” kimi tərcümə oluna bilər. Bundan sonra alt paltarında çıxış edən nastasya filippovnaların, Mışkinin təbirincə desək, əsl “dəliliyi” başlayır. Səhnədə bordel abu-havası yaratmağa çalışan nastasyalardan biri bu inandırıcılığa nail olur. Nastasya Filippovna ilə Roqojinin münasibətlərini əks etdirən rəqslər emosional baxımdan daha dolğun görünürdü. Nastasya Filippovnanın öldürülməsi səhnəsi isə teatrallığı ilə seçilirdi: Nastenkanın müxtəlif təzahürlərini  əlaqələndirməyə xidmət edən qapının üzərindən nastasyalardan biri yavaşıdılmış kadrdakı kimi endirilərkən, səhnənin əks tərəfindən diaqonal üzrə qurbana doğru irəliləyən bıçaq qatilin əlini tapır – səhnədəkilərin sırayla bir-birinə ötürdükləri silah vasitəsilə qətl gerçəkləşir.
Bütövlükdə, “Kafe İdiot” tamaşası Dostoyevski əsərinin dərinliyini açmamış, tamaşanın yaradıcıları, ümumiyyətlə, qarşılarına belə bir məqsəd qoymamışdılar. Tamaşa üçün romandan detektiv süjeti əxz olunmuş, nəticədə isə, zövqlü səhnə həlli verilmiş olsa belə, yenə də melodram alınmışdır. Düşünürəm ki, Dostoyevski qəhrəmanlarının yaşantılarını səhnədə canlandırmaq üçün rəqs-teatrının kifayət qədər geniş imkanları var, ancaq Dostoyevskini dünya oxucusuna sevdirən cəhət yalnız bu yaşantılar deyil. Hər halda, mənə hərdən elə gəlir ki, kişilər Mışkini yalnız İsanın ədəbiyyata gətirilmiş növbəti təzahürü kimi qəbul edirlər və ilk növbədə, romanın konsepsiyasından zövq alırlar, qadınlarsa onun nədən əzab çəkdiyini, yaşantılarını da duya bilirlər. Buna görə də, tamaşaçı pinasayağı tamaşadan gözlədiyini ala bilmir. Digər tərəfdən, məhz bu tapılan forma tamaşanı daha böyük auditoriya üçün anlaşıqlı edib. Bizə görə isə, emosionallıq baxımından, rəqs-teatrı üçün süjetdən imtina edib yaşantıları bədən dilinə çevirmək daha məqsədəuyğun görünür.

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

Paytaxt teatrlarının həftəlik repertuarı (15-22 oktyabr)

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı  19 oktyabr C.Cabbarlı “Almaz” saat 19:00 20 oktyabr Ə.Əmirli “Şah Qacar” saat 19:00 21 oktyabr C.Məmmədquluzadə “Anamın kitabı” saat 12:00 Elçin “Cəhənnəm sakinləri” saat 19:00 Azərbaycan...

Bakı Dövlət Sirkində Yeni il

Bakı Dövlət Sirki Yeni il şənliyi üçün Rusiya və Belarus artistlərindən ibarət komandanı ölkəmizə dəvət edib. Sirkdən bildirilib ki, tamaşalar dekabrın 28-dən...

“Teatr və teatr fəaliyyəti haqqında” qanunda dəyişiklik

“Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli 1330-VQD nömrəli Qanununun tətbiqi...

Recent

“Bremen musiqiçiləri” məşq edirlər

Gənc Tamaşaçılar Teatrında Y.Etin və V.Livanovun “Bremen musiqiçiləri” (tərcümə - Nicat Kazımov) pyesi əsasında eyniadlı tamaşanın məşqləri gedir. Qrim qardaşlarının nağıl motivləri əsasında yazılan,...

Firudin Mehdiyevin xatirə gecəsi keçiriləcək

Mayın 7-də görkəmli opera ifaçısı, aktyor Firudin Mehdiyevin 90 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək. Akademik Opera və Balet Teatrının səhnəsində yaddaqalan partiyalar...

“Birpərdəli pyeslər” müsabiqəsinin qalibləri mükafatlandırıldı

Aprelin 30-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Mədəniyyət Nazirliyi tərəfindən elan olunan “Birpərdəli pyeslər” müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci...