Ana səhifə » Mövqe » Fəridə Cəlilova – İKİ DÜNYANIN GÖRÜŞDÜYÜ YER ― QAZAN: TÜRK EPOSUNU XATIRLADAN FESTİVAL

Son yazılar

Müsahibə
İyun 18, 2019

“Bermud üçbucağı”nda – Qabil Quliyev

Xəbər
İyul 20, 2019

Şair, dramaturq Kəmalə Ağayeva vəfat edib

Xəbər
İyul 18, 2019

Dramaturq Tüncer Cücenoğlu vəfat etdi

Xəbər
İyul 17, 2019

“Stanislavskinin Elektroteatrı” ilk dəfə Bakıda

Mövqe
İyul 17, 2019

Könül Əliyeva-Cəfərova – KƏDƏRLİ KLOUN haqqında şən elegiya

Xəbər
İyul 16, 2019

Xəyalə Rəis – Teatrlarımızın ən çalışqan mətbuat katibi kimdir?

Müsahibə
İyul 16, 2019

Mikayıl Mikayılov: “Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb”

Xəbər
İyul 15, 2019

Bakı Uşaq Teatrı iki tamaşa ilə çıxış edəcək

Xəbər
İyul 15, 2019

Lənkəran Dövlət Dram Teatrı İranda keçirilən Milli Teatr Festivalının diplomuna layiq görülüb

Müsahibə
İyul 11, 2019

Şekspirin mənfi obrazlarından niyə bezmirik?

Xəbər
İyul 11, 2019

Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

Xəbər
İyul 11, 2019

Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağladı

Xəbər
İyul 11, 2019

Kukla Teatrı mövsümü başa vurur

Xəbər
İyul 9, 2019

ƏSA Teatrı mövsümü anşlaqla başa vurdu

Müsahibə
İyul 7, 2019

Bolqar rejissor Qarabağ barədə pyes yazır

Mövqe
İyul 6, 2019

İSRAFİL İSRAFİLOV – SƏN KİMSƏN, HAMLET?

Xəbər
İyul 6, 2019

Bakı Uşaq Teatrı Türkiyədə təcrübəsini öyrədir

Xəbər
İyul 5, 2019

Prezident daha bir xalq artistinə ev bağışladı

Xəbər
İyul 5, 2019

Akademik Musiqili Teatrda mükafatlandırma mərasimi olub

Xəbər
İyul 5, 2019

Yubiley mövsümü başa çatır…

Xəbər
İyul 4, 2019

Sumqayıt Dövlət Dram Teatrında mövsümü mükafat təsis edilib

Resenziya
İyul 4, 2019

Şarpantye, musiqini ver! Buyurun teatra                     

Xəbər
İyul 3, 2019

Lənkəran teatrı İrana festivala gedir

Xəbər
İyul 3, 2019

Əməkdar artist ürəyindən əməliyyat olunub

Xəbər
İyul 3, 2019

Akademik Musiqili Teatrda Faiq Zöhrabovun 80 illik yubileyi qeyd olunacaq

Müsahibə
İyul 2, 2019

BİR GƏNCİN MANİFESTİ, YAXUD İKİ GƏNCİN DİALOQU

Müsahibə
İyul 2, 2019

Asiman Ağa Rövşən – “Məşhurluq mənə çox lazım olacaq”

Xəbər
İyul 2, 2019

21 illik “Kontrabas” bu dəfə ABŞ-a səfərə gedir

Xəbər
İyul 2, 2019

“Dovşanın ad günü”nə hazırlaşanlar

Xəbər
İyun 24, 2019

Şukinçi tələbələrimizin Bakı qastrolu başlayır

Mövqe
İyun 24, 2019

Fəridə Cəlilova – İKİ DÜNYANIN GÖRÜŞDÜYÜ YER ― QAZAN: TÜRK EPOSUNU XATIRLADAN FESTİVAL

Fəridə Cəlilova – İKİ DÜNYANIN GÖRÜŞDÜYÜ YER ― QAZAN: TÜRK EPOSUNU XATIRLADAN FESTİVAL

Bəlkə də dünyada İstanbul və Kazan kimi iki tam fərqli mədəniyyətlərin qarşılaşmasından (oxu: toqquşmasından) təşəkkül taparaq bu qədər özünəməxsus xarakter formalaşdıran digər şəhər tapmaq çətindir. A.İ.Hertsen deyirdi ki, Kazanda iki dünya görüşür, buna görə də, onun iki başlanğıcı var: Qərb və Şərq. Kazan öz Kremli, XIX əsr rus memarlığına xas binaları ilə bir tərəfdən Moskvaya bənzəyirsə, inşaatda üstünlük verdiyi əhəng daşı və küçələrdə eşitdiyimiz doğma türk dili ilə köhnə Bakını xatırladır. Çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi edən Kazanda aprelin son həftəsi ənənəvi Beynəlxalq Müsəlman Kinosu Festivalı keçirilmişdi. İyun ayı başlayandan isə şəhəri teatr abu-havası bürüdü.

İki ildən bir keçirilən Türkdilli Xalqların XIV Beynəlxalq Teatr Festivalı “Novruz”da bu il iyun ayının 1-dən 8-nə kimi Azərbaycanın “Yuğ” Dövlət Teatrı daxil olmaqla, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rumıniya, Tacikistan və Rusiya Federasiyasının türkdilli respublikalarını təmsil edən 28 teatr kollektivi çıxış etmişdi. Ənənəvi “Novruz” festivalı bitən kimi ilk dəfə olaraq onun fəaliyyətinin bir qolu kimi nəzərdə tutulan “Novruz school” Beynəlxalq Tələbə Tamaşaları (milli studiyalar) Festivalı işə başladı. İyun ayının 10-dan 16-a kimi davam edən “Novruz school” festivalında teatr təhsili müəssisələrinin yetirmələri öz tamaşalarını təqdim etmək imkanı qazandı. Həmçinin festival çərçivəsində hər bir kursun rəhbəri tərəfindən ustad dərsləri keçirildi ki, bu da, öz növbəsində, təhsil sahəsində qarşılıqlı mübadilə imkanlarının inkişafı məsələsinin müzakirəsini aktuallışdırdı. Tatarıstan Respublikası Teatr Xadimləri İttifaqının təşəbbüsü ilə keçirilən festivalda Rusiyanın Moskva, həmçinin RF-nın ayrı-ayrı respublikalarını təmsil edən Kazan (Tatarıstan), Ufa (Başqırdıstan), Yakutsk (Saxa) şəhərləri ilə yanaşı, Bakı (Azərbaycan), Almatı (Qazaxıstan), Kapoşvarın (Macarıstan) incəsənət istiqamətli təhsil müəssisələrinin kollektivləri də iştirak edirdi. Tələbə tamaşalarının nümayişi üçün təşkilatçılar tərəfindən dörd fərqli səhnə ayrılmışdı – Qəliəsgər Kamal adına Tatar Dövlət Akademik Teatrının Kiçik zalı, Qabdulla Kariyev adına Tatar Dövlət Kazan Gənc Tamaşaçılar Teatrı, Marsel Səlimjanov adına Aktyor Evi və Kazan Teatr Texnikumunun Tədris Teatrının səhnələri bir həftə ərzində qonaqların ixtiyarına verilmişdi.

Festivalın ilk günü, iyun ayının 10-u festivalın açılış mərasimi oldu. Mərasimdə Tatarıstan Respublikası TXİ-nin sədri, Q. Kamal adına Tatar Dövlət Akademik Teatrının baş rejissoru, “Novruz school” I Beynəlxalq Tələbə Tamaşaları Festivalının bədii rəhbəri Fərid Bikçəntəyev festivala dəvət alan qonaqları bütün iştirakçılara təqdim etdi. Azərbaycanı ekspert və ustad qismində ADMİU-nun Teatrşünaslıq kafedrasının professoru İsrafil İsrafilov, Dram teatrı və kino aktyoru kafedrasının dosenti Məmmədsəfa Qasımov təmsil edirdilər. Deməliyik ki, “Novruz” Festivalında ekspert kimi iştirak edən İsrafil İsrafilov “Novruz school” Festivalına fəxri qonaq qismində təşkilatçıların istəyi ilə qatılmışdı.

Festivalın ilk tələbə tamaşası isə Zahir İsmayılov adına Ufa Dövlət İncəsənət İnstitutunun gətirdiyi “Akbuzat” tamaşası oldu. Kursun rəhbəri Rejissura və aktyor sənəti kafedrasının müdiri Tansulpan Babiçeva tələbələri ilə hazırladığı tamaşanın janrını bu cür təyin etmişdi: başqırd eposu “Akbuzat” əsasında səhnə eskizləri. Ümumiyyətlə, qeyd edilməlidir ki, “Novruz”un egidası altında keçirilən bu festivalda sanki iştirakçılar gənc həmkarlarını ilk növbədə məhz öz milli dəyərləri ilə tanış etmək vəzifəsini yerinə yetirirdilər. Təsadüfi deyil ki, kollektivlərin çoxu öz xalqlarının epik ədəbi mənbələrinə müraciət etmişdilər. Başqırdıstan və Saxa Respublikalarının tamaşalarını, bu baxımdan, xüsusi vurğulamaq istərdik. “Akbuzat” haqqında hekayət “Ural-batır” başqırd eposunun – kubairinin (bizim dastan kimi kubair də saza oxşayan simli musiqi aləti dumbıranın müşayiəti ilə ifa olunur, dumbıranı çalan nağılçıya, yəni başqırd aşığına isə sesen deyilir) tərkibinə daxil olan epizodlardandır. Akbuzat bizim “Koroğlu”dakı Düratı xatırladır, hərçənd Rövşənin kəmhövsəliliyi qanadlı ata sahib olmasına mane olur, Akbuzatınsa qanadları var. Epos bütövlükdə başqırdların mifoloji təsəvvürlərini əks etdirir – burada hadisələr sualtı və yerüstü olmaqla iki dünyada cərəyan edir. Uralın məşhur bahadırlar nəslindən olan Xauben sualtı dünyaya gedərək ulu babası Ural-batırın atını əzazil Şulgenin əsarətindən qurtarır. Kubairdə hər bir azərbaycanlıya kiçik yaşlarından yaxşı tanış olan Humay, əjdaha kimi mifik personajların yer alması mədəniyyətimizin ortaq nöqtələrini kəşf etməyə, yaxud yenidən aşkarlamağa sövq edir. Tamaşada I və II kursun tələbələri iştirak edirdilər. Səhnə eskizi janrı məhz I kurs aktyor tələbələrin tədris proqramını əhatə edəcək tamaşa yaratmağa kömək etmişdi: etüdlər, səhnə plastikası, hərəkətlərin sinxron yerinə yetirilməsi kimi tapşırıqların bədiiləşdirilmiş səhnə təcəssümü uğurlu həllini tapmışdı.

İlk festival gününün növbəti tələbə tamaşası Kazan Teatr Texnikumunun “Şəxsən” tamaşası oldu. Tamaşanı IV kurs tələbələri təqdim edirdilər, buraxılış kursunun rəhbəri həm də Q. Kamal adına Tatar Dövlət Akademik Teatrının aktyoru İldar Xayrullindir. Tamaşada tələbələr növbə ilə səhnəyə çıxaraq bir-biri ilə əlaqədar olmayan 8 fərqli müəllifin əsərlərindən monoloqlar söyləyirdilər. A.P.Çexov (“Qağayı”) və M.A.Bulqakovla (“Morfi”) yanaşı yerli müəlliflərin əsərlərinə də müraciət olunan bu tamaşada, görünür, seçim tələbələrin üzərinə buraxılmış və onlar da müxtəlif əsərlərdən özlərinə ən çox təsir edən epizodları müəllimlərinə təklif etmişdilər.

Festival müddətində axşamlar qonaqlar Q.Kamal adına Tatar Dövlət Akademik Teatrının repertuarı ilə tanış olurdular. Festivalın birinci günü tamaşaçılar F. Bikçəntəyevin quruluşunda Molyerin “Don Juan” pyesi əsasında hazırlanmış tamaşaya baxdılar. Boş səhnə tamaşa boyu müxtəlif proyeksiyalar vasitəsilə ilə doldurulurdu. Xüsusilə, dənizi bildirən mavi su dalğaları hüdudsuzluq effekti yaratmaq üçün tamaşaçını münasib ovqata kökləyirdi. Tamaşa, hərdən zahiri qıcıq impulsu almasına baxmayaraq, öz şöhrətindən bezmiş kimi görünən Don Juanın həyatla vidalaşması hekayətini canlandırır.

İkinci günün səhəri Məmmədsəfa Qasımovun ustad dərsi ilə başladı. Nəzərdə tutulmuşdu ki, Azərbaycanı təmsil edən müəllim qazaxıstanlı tələbələrə, Qazaxıstan heyəti ilə gələn müəllimlər isə azərbaycanlı tələbələrə dərs keçəcək. Bu zaman digər ölkələri təmsil edən tələbələr açıq dərsdə (iştirakçılar yekdilliklə məşğələləri ustad dərsi deyil, açıq dərs adlandırmaq tərəfdarı olduqlarını bildirdilər) passiv izləyici kimi iştirak etməli idilər. Məmmədsəfa müəllimin dərsindən sonra Temirbek Jurqenov adına Qazax Milli İncəsənət Akademiyasının müəllimləri – Qazaxıstan Respublikasının Əməkdar incəsənət xadimi Yerlan Bilalov və Teatr fakültəsinin dekanı Elik Nursultan bizim tələbələrin iştirakı ilə açıq dərs keçdilər. Master klasın sonunda F. Bikçəntəyev təklif etdi ki, növbəti günlərdə keçiriləcək dərslərdə, ölkədən asılı olmayaraq, bütün tələbələr iştirak etsin. Festival günləri Azərbaycan tərəfinin tamaşası göstərilən gün istisna olmaqla, tələbələrimiz bütün dərslərdə iştirak etdilər. Növbəti günlərdə Rusiya Dövlət Teatr Sənəti İnstitutunun (ГИТИС) Dram teatrı rejissoru kafedrasının baş müəllimi Mixail Çumaçenko, Arktika Mədəniyyət və İncəsənət İnstitutunun müəllimi Mariya Markova, Dyula İyeş adına Macar Milli Teatrının ədəbi hissə müdiri Kozma Andraşın keçirdikləri açıq dərslər, tədris sahəsində yeni nəfəs olmaqla yanaşı, tələbələrin bir-birini daha yaxından tanımasında da vasitəçi rolunu oynadı.

Günün növbəti tədbiri Saxa Respublikasının Arktika Mədəniyyət və İncəsənət İnstitutunun olonxo janrında hazırladığı “Döyüşçü qız Debiliye” (dastançı N. P. Burnaşev) tamaşası oldu. Olonxo – yakutların qədim epik sənəti kimi milli folklorda mərkəzi yer tutur. Uzaq Şərqin bu türkdilli xalqının kosmoqonik təsəvvürlərinin əks olunduğu mənzum “dastanlar”ı saxa “aşıqlar”ı – olonxosutlar ifa edirlər. Tamaşaya baxdıqca bir gün əvvəlki başqırd eposu ilə paralellər aparmaq istəyi yaranır. Yakut mifologiyası dünyanı Yuxarı, Orta və Aşağı dünyalara bölür – başqırdlarda isə sualtı və yerüstü dünyalar təsvir olunmuşdu. Burada da başqırd tamaşasında gördüyümüz insan-quş çevrilmələri yer alıb. Görünür, qədim türk tayfalarında totemləşmiş heyvanlara çevrilmə əcdadların ruhu ilə bağlı inanclardan qaynaqlanırdı. Yakutiya universitetinin aktyor sənəti ixtisasının III kurs tələbələrinin ustadı Andrey Borisovdur. Dastançılıq-nağılçılıq ənənələrinə söykəndiyinə görə, ilk növbədə, tamaşa seyrçiləri bu janr üçün xarakterik olan səhnə danışığı ustalığı ilə əfsunladı. Şamanizm ruhuna köklənmiş olonxo-tamaşası plastika, ritm və səsin sehri üzərində qurulmuşdu.

Yakutsk təmsilçilərinin tamaşaları Q.Kariyev adına Tatar Dövlət Kazan Gənc Tamaşaçılar Teatrının səhnəsində ifa edilirdi. İki gün sonra azərbaycanlı tələbələrin tamaşası da məhz bu səhnədə oynanılmalı idi və biz tamaşamızın işığını qurmaq üçün teatrda qaldıq. Səhərisi gün isə bizim üçün rəsmən nəzərdə tutulmuş məşq günü idi. Bu səbəbdən biz festivalın iki gözlənilən tamaşasını buraxmalı olduq. Bunlardan biri Kapoşvar Universitetinin İncəsənət fakültəsinin V kurs tələbələrinin tamaşasıydı. Karoy Eperyeşin buraxılış kursu Kazana İvan Vırıpayevin “Sərxoşlar” pyesi əsasında hazırlanmış tamaşa ilə gəlmişdi. Məşq saatımıza təsadüf edən ikinci tamaşa isə Rusiya Dövlət Teatr Sənəti İnstitutunun professoru, Rusiyanın Xalq artisti, Əməkdar incəsənət xadimi Leonid Xeyfetsin rəhbərlik etdiyi emalatxananın III kurs rejissor-tələbələrinin təqdim etdikləri Fridrix Şillerin “Məkr və məhəbbət” pyesi əsasında rejissor oyunları idi. Tamaşa pyesin bir epizodunun kursun müxtəlif tələbələri tərəfindən fərqli yozumda əks etdirən məşq prosesini canlandırmalıydı.

 

İyun ayının 12-si M.Çumaçenkonun açıq dərsindən sonra, bizim məşqdən isə əvvəl, festivalın təşkilatçıları, dəvətli qonaqların və festivala gəlmiş müəllimlərin iştirakı ilə dəyirmi masa baş tutdu. Müzakirələr əsnasında teatr təhsili sahəsində həyata keçirilə biləcək tədbirlər planınının hazırlanmasının zəruriliyi xüsusi vurğulandı. Festivalın rəsmi bağlanış günü daha bir dəyirmi masa keçirilərək konkret təkliflər səsləndirildi. Qeyd olundu ki, teatr təhsili sahəsində qarşılıqlı müəllim mübadiləsi, tədris prosesi üçün labüd vahid ədəbiyyat bazasının yaradılması və onun tərcüməsinin həyata keçirilməsi kimi məsələlərin reallaşdırılması mümkündür.

İyun ayının 13-ü səhər TXİ-nin zalında başqırdıstanlı müəllimlərin ustad dərsi keçirildi. Biz isə bu vaxt Kazan Gənc Tamaşaçılar Teatrının səhnəsində tamaşamız üçün hazırlıq işlərini görməkdəydik. Qeyd edək ki, Tatarıstanda bütün teatrlar sinxron tərcümə üçün qurğularla təchiz olunub və tamaşaçıların festival tamaşalarının dilini anlamaqla bağlı problemi yox idi. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr və kino aktyoru ixtisası üzrə təhsil alan III kurs tələbələri kurs rəhbəri Məmmədsəfa Qasımovun quruluş verdiyi Əbdürrəhim bəy Haqverdiyevin “Yeyərsın qaz ətini, görərsən ləzzətini” pyesi əsasında hazırlanmış “Qara oyun” tamaşası ilə çıxış etdilər. Ümumiyyətlə, qeyd edək ki, epik repertuarı ilə yadda qalan festivalda sırf pyes əsasında hazırlanmış tamaşaların sayı yarıbayarıydı. Ə.Haqverdiyevin pyesi də festivalda Azərbaycan milli klassikasını təmsil etməklə yanaşı, tələbələrimizin konkret tempə (kifayət qədər yüksək tempə) və ritmə tabe edilmiş səhnə fəaliyyətini canlandırması üçün bəhanə olmuşdur.

Həmin gün axşam Q.Kamal adına Tatar Dövlət Akademik Teatrının səhnəsində müasir tatar ədəbiyyatının nümayəndəsi Mənsur Qilyazovun “İsənmesez?!.” (“Sağmısınız?!.”) pyesi əsasında eyniadlı tamaşaya baxdıq. F.Bikçəntəyevin quruluşunda hazırlanan tamaşada baş rolu Rusiya Federasiyasının Əməkdar artisti, Tatarıstan Respublikasının Xalq artisti İldar Xayrullin ifa edirdi. Maraqlıdır ki, müasir tatar həyatını əks etdirən bu tamaşa tamaşaçılar tərəfindən daha böyük rəğbətlə qarşılandı. Hərçənd “Don Juan”, birinci hissənin bütün ağırlığına rəğmən, rejissor işi baxımından maraqlı tapıntılarsız deyildi. Yəqin bütün postsovet ölkələrində “İsənmesez?!.” tipli pyeslər yazılır və onlar oxucunu (tamaşaçını) yaxınlarına qarşı həssas davranmağa çağırırlar (son illərdə bizdə səhnə üçün yazılan əsərlərdən A. Talıbzadənin “Xala” pyesini buna misal çəkmək olar). Tamaşaçılar burada özlərini tanıdıqlarına görə həmin tamaşaları alqışlarla qarşılayırlar, üstəgəl əgər baş rolda xalqın sevimli aktyoru çıxış edirsə.

İyunun 14-ü T.K.Jurqenov adına Qazax Milli İncəsənət Akademiyasının aktyor ixtisası üzrə təhsil alan III kurs tələbələrinin çıxışı baş tutdu. Yerlan Bilalovun rəhbəri olduğu kurs kestivala məşhur qazax yazıçısı Muxtar Auezovun “Qaragöz” tamaşası ilə qatılmışdı. Tamaşanın rejissoru Elik Nursultan idi. Dörd pərdəli faciə festival formatına uyğunlaşdırılaraq qısaldılmışdı. Əsərin pyes olmasına baxmayaraq, mövzu baxımından məhəbbət dastanlarını xatırladan bu kədərli əhvalatın tələbələri biganə qoymadığı aşkar idi. Onlar tamaşaçılara təqdim etdiklərinə özləri də inanırdı. Tamaşaya epik ovqatı həm də pyesdəki akın obrazı verirdi. Və yenə də aşıq fiquru! Qazax akını da nəql etdiyi “dastanı”nı simli musiqi aləti – dombranın müşayiəti ilə ifa edir. Ancaq akın yalnız yaradıcı nağılçılara deyilir. Tamaşada da dombralı akın obrazı var idi və o, bu rolda sadəcə tarixi kostyum geyinmiş tələbə təəssüratı yaratmırdı. Milli ənənəyə qarşı çıxmaq kimi mövzunu səhnədə canlandıran gənc aktyorlar, əslində, bu tamaşa ilə ənənəyə bağlılıqlarını da nümayiş etdirirdilər.

Günün növbəti tamaşasını Kazan Dövlət Mədəniyyət İnstitutunun II kurs tələbələri təqdim etdi. Tamaşadan öncə kursun rəhbəri F.Bikçəntəyev bu tamaşanın da daxil olduğu layihə haqqında məlumat verdi. Belə ki, 2004-cü ildən etibarən Q.Kamal adına Tatar Dövlət Akademik Teatrının təşəbbüsü ilə “Yeni tatar pyesi” adlı pyes müsabiqəsu keçirilir. İki ildən bir keçirilən müsabiqə, təqdim olunan əsərlər sayəsində teatrın repertuarını milli pyeslərlə zənginləşdirməyi nəzərdə tutur. “Yeni tatar pyesi – 2017” müsabiqəsi yeni formatda keçirilib. Bu format müsabiqə ilə yanaşı gənc dramaturqları yetişdirəcək yaradıcı təhsil bazalı laboratoriyanın fəaliyyətinə nəzarət edir. Sonuncu müsabiqəyə təqdim olunan pyeslər arasından 3 ən yaxşı əsər seçilərək Tatar Dövlət Akademik Teatrının repertuarına salınacaq. II kurs tələbələri ilə hazırlanan “Parkinq” pyesi də Sömbel Qaffarovanın müsabiqəyə təqdim etdiyi əsərlərdəndir. Bu və müsabiqədə iştirak edən iki digər kiçikhəcmli pyes vahid tamaşada birləşdirilərək sentyabr ayından etibarən teatrın repertuarında yer alacaq.

 

Həmin günün axşamı tatar teatrı üçün əlamətdar tamaşa ilə teatr mövsümünün bağlanışı reallaşdı. Belə qəbul olunub ki, Q.Kamal adına Tatar Dövlət Akademik Teatrı mövsümü peşəkar tatar teatrı və dramaturgiyasının banilərindən olan Kərim Tinçurinin “Mavi şal” əsərinin tamaşası ilə həm açır, həm də bağlayır. Yazıldığı 1926-cı ildən bəri bu əsərə bir sıra rejissorlar müraciət edib. Hazırda isə pyes TDAT-da F.Bikçəntəyevin quruluşunda gedir.

İyun ayının 15-i Başqırdıstan Respublikasının yaranmasının 100 illiyinə həsr olunmuş “Birinci respublika” bədii-sənədli filminin nümayişi baş tutdu. Film Başqırdıstanda milli teatrın, dramaturgiyanın, balet sənətinin yaranması və inkişafında rolu olan sənətkarların həyatını canlandırır, keçən əsrin 30-cu illərində Stalin repressiyalarının qurbanına çevrilən ziyalıların xatirəsini yad edir. Ufa Dövlət İncəsənət İnstitutunun əməkdaşlarının bilavasitə iştirakı ilə çəkilən bu film zalda əyləşən və müxtəlif respublikaları təmsil edən tamaşaçıların hər biri üçün ağrılı mövzu idi. Keçmiş Sovet İttifaqının elə bir respublikası yoxdur ki, repressiyanın acı nəticələrini üzərində hiss etməsin.

Filmin nümayişindən sonra festival çərçivəsində ustad dərslərində iştirak edən aktyor və rejissorlara ixtisasın təkmilləşdirilməsi barədə sertifikat verildi.

Festivalın sonuncu tamaşası isə Kazan Teatr Texnikumunun IV kurs tələbələrinin daha bir işi oldu. Zəki Zaynullinin “Dərələrdən-təpələrdən” povesti əsasında hazırlanmış “41-ci ilin qadınları” tamaşası da epik mənbəyə söykənir – düzdür, bu dəfə şifahi xalq ədəbiyyatına deyil, yazılı ədəbiyyata. “Şəxsən” tamaşasında gördüyümüz tələbələr burada daha bitkin tamaşa təqdim edirdilər. Burada da ayrı-ayrı qadın qəhrəmanlarının həyat hekayəti danışılır, ancaq xatirələr canlandırıldıqda biz tərəf-müqabillə münasibətin necə qurulmasını görə bilirik. Ümumiyyətlə, tatarıstanlı və qazaxıstanlı tələbələrin ifalarında psixologizmə meyl daha güclü duyulurdu (baxmadığımız iki tamaşanı nəzərə almıram).
Axşam isə festivalın bağlanış mərasimi və çoxlu rəqs, rəqs, rəqs oldu. Tələbə festivalı üçün bundan yaxşı sonluq ola bilərdi ki?!

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir