Buluda bükülmüş bir salxım təbrik

Bu gün Əməkdar incəsənət xadimi, teatrşünas, sənətşünaslıq üzrə elmlər doktoru, professor Məryəm Əlizadənin doğum günüdür. Teatro.az saytı teatrşünasın ad günü ilə bağlı sənət dostlarının təbriklərini təqdim edir.

AzTXİ-nin sədri, Xalq artisti, professor Azər Paşa Nemət: Teatr sənətinin ən əhəmiyyətli və bəlkə də ən çətin peşəsi, heç şübhəsiz, rejissuradır. XX yüzillik kosmos və rejissura əsri elan olunandan sonra mənsub olduğum peşənin qarşısına bir sıra yeni, prinsipial məqsəd və vəzifələr qoyuldu ki, bunları, eyni zamanda, elmi-nəzəri, konseptual müstəvidə həll etmək zəruri oldu. Təsadüfi deyil ki, məhz XX əsrdə rejissuranın sürətli inkişafı ilə üzvi bağlılıqda sənətşünaslığın tərkib hissəsi olan teatrşünaslıq da güclü sıçrayış nəticəsində müstəqil bir elm-sənət fəaliyyət sahəsinə döndü. Əski dövrlərdən fərqli olaraq, yeni teatrşünaslıq rejissuranın dominantlığını qəbul etdi və bütün araşdırma-dəyərləndirmə əməliyyatlarını məhz bu aspektdən apararaq elmi baxımdan dürüst qənaətlərə gələ bildi.

Hörmətli oxuculara böyük məmnuniyyətlə açıqlamalıyam ki, yuxarıda söylədiyim ümumiləşdirilmiş mülahizəni şəxsən mən illər boyu yaradıcı ünsiyyətdə olduğum Məryəm ƏLİZADƏ adlı teatrşünasın fəaliyyətini izləyərək formulizə edə bildim. Böyük alim və dövlət xadimi Cəfər Cəfərovun tələbəsi olan Məryəm ƏLİZADƏ, məndən ötrü, Azərbaycan teatr məkanında yaranmış və inkişaf etmiş yeni teatrşünaslığın ən parlaq nümayəndəsidir. Bu gün mən tam məsuliyyətlə deyə bilərəm ki, Məryəm ƏLİZADƏ müəlliminin vəsiyyətinə sadiq qalaraq, öz elmi araşdırma metodunu məhz rejissuranın üzərində qurub və məhz bu aspektdən tamaşanın təhlilini son dərəcə əsaslı və – ən ümdəsi! – sistemli şəkildə apara bilib.Mənə elə gəlir ki, bir teatrşünas kimi Məryəm ƏLİZADƏ çox erkən rejissuranın məğzini və özəlliyini dərk edib. O, özünəməxsus həssaslıqla bu peşənin, bu yaradıcı fəaliyyətin psixoloji təməlini anlayaraq onun ikili xassəsini aşkarlayıb. Məlumdur ki, rejissor yaradıcılığı iki təməli xassənin sintezindən – düşüncə (intellektual başlanğıc) və duyğuların (emosional başlanğıc) vəhdətindən yaranan bədii-yaradıcı fəaliyyətdir. Məryəm ƏLİZADƏnin də elmi metodu məhz bu iki başlanğıcın təmas nöqtəsində, qovşağında bərqərar olub. Məhz buna görədir ki, onun təhlilləri həm dəqiq diskursa malikdir, həm də tamaşanın emosional ovqatını adekvat əks etdirir.

…Bilmirəm, peşənin şərtlərimi Məryəm xanımın insani xarakterinə təsir edib, yoxsa teatrşünas özəlliyi onun xasiyyətindən qaynaqlanır, amma onu yəqin bilirəm ki, sevimli həmkarım, əziz dostum və sirdaşım həyatda da düşüncəylə duyğuların qovşağında yaşayıb-yaradır. Bəlkə dostumuzun məhz bu yaşam mövqeyi onu hamımıza əziz, doğma və gərəkli etməkdədir.

Əziz Məryəm xanımı ad günü münasibətilə təbrik edirəm, ona hələ uzun illər seçdiyi və yaşatdığı mövqedə sağ-əsən durmağı arzu edirəm.

Xalq artisti, professor Afaq Bəşirqızı: İncəsənət sahəsində çox az sənətkar tapılar ki, onun xasiyyətilə sənəti uyğun gəlsin. Mən Məryəmi sənət zərgəri adlandırardım. O, sənətdəki zərləri görür, tapır, cilalayır. Ona görə də mən onu zərgər kimi dəyərləndirirəm. Lava kimi püskürən, sənətin bu keşməkeşində özünü sındırmayan, həyatın dolanbacında azmayan Məryəm o qədər kövrək, o qədər diqqətcil, o qədər həssas bir insandır ki, elə adına layiqdir, Məryəmdir ki, Məryəm.

Özü özünü olduğu kimi göstərdiyindən, həyatı olduğu kimi gördüyündən zamanın ona zərbələri çox dəyib. Lakin qalib gəlib, çünki zamanın ona gücü çata bilməyib. Mən ona rəfiqəm də deyə bilərəm, amma dostum deyirəm. Dostum Məryəmə ancaq can sağlığı arzulayıram. Çünki o, mənim ona peşəsində, sənətində arzulamaq istədiyim zirvələrdən daha ucadadır. Ad günün mübarək, qızım!

Sənətşünaslıq üzrə elmlər doktoru, professor İlham Rəhimli: Onu tanıyanda Məryəm adı mənim üçün tələbə yoldaşım anlamını verirdi. Bir kursda oxuyurduq və açığı, hələ kimin kim olacağı barədə heç düşünmürdük də. Qayğılı və qayğısız tələbəlik illərimizi yaşayırdıq. İllər ötüşdü və Məryəm xanım peşə və amal dostum oldu. Yəni, hərəmiz başqa-başqa iş yerlərində olsaq da, mətbuatda, televiziyada eyni sənət qayğıları və problemləri, sənət uğurları və uğursuzluqları barədə söhbət açırdıq. Tədricən cəmiyyət tələbə Məryəmi, dostum Məryəm xanımı kamil teatrşünas kimi tanımağa, onun fikirlərinə ehtiramla yanaşmağa başladı. Artıq uzun illərdir ki, “Məryəm Əlizadə” imzası teatr sənəti, səhnə sənətçiləri barədə dəqiq və qəti, həqiqi və xeyirxah, elmi və nəzəri əsaslı fikir söyləyən meyara çevrilib. “Məryəm Əlizadə” imzası həqiqətə ayna tutan fikir möhürü gücündədir.

Məryəm Əlizadə əsasən çağdaş teatr prosesi və bir də milli teatr poetikasının estetik-nəzəri səciyyələri ilə məşğul olur. Onun aydın düşüncə tərzinə, sözü son dərəcə ehtiyat və ehtiramla işlətməyinə, ən əsası isə müdrik alim düşüncəsinin səmimiyyətinə heyran qalmışam. Əslində, bu səmimiyyət Məryəm xanımın əsl-nəcabətindən, özünün xanım-xatınlığından, qadın kimi şahanəliyindən irəli gəlir. Tanıyanlar, onunla ünsiyyətdə olanlar bilirlər, yazıram ki, bilməyənlər də xəbər tutsunlar: Məryəm xanım dərs dediyi, professoru olduğu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, rəhbərlikdən tutmuş adi tələbələrə qədər, hamının ehtiram və rəğbətini qazanıb. Günün hansı vaxtında rastlaşsan Məryəm xanımın çöhrəsi təbəssümlüdür, dostlarını “can” və “əzizim” kəlmələri ilə dindirir. Tələbələrilə baş-başa verib ana-bala söhbətini xatırladan fikir mübadiləsi aparır. Əslində, bu söhbət onların sənətə cəsarətlə kövrək qədəm qoymalarına zəmin yaradır. O, dərsdən əlavə də biliyinə, düşüncə tərzinə, eləmə həvəsinə inandığı tələbələrlə məşğul olur. Teatr tamaşalarına onlarla birgə gedir. Hər yerdə də “tələbələrimdi”, deyə onları qürur və fəxrlə təqdim edir.

Çağdaş teatr prosesini diqqət və maraqla izləməkdə həmişə Məryəm Əlizadəyə qibtə eləmişəm. Teatrşünas-alim hətta teatr olan rayonlara gedib oradakı sənət ocaqlarının tamaşalarına baxmağa da macal tapır. Baxdıqları barədə mətbuatda gözəl təhlili məqalələr, elmi resenziyalar yazır. Həmin yazılarda alimin səmimiyyəti və alicənablığı məni valeh edir. Təriflərini ürək dolusu sevinclə, tənqidi fikirlərini son dərəcə ehtiram və ehtiyatla söyləyə bilir. Bu səmimiyyət, bu müdriklik Məryəm Əlizadənin yaradıcılığının qranit sütunudur.

Tələbə vaxtı ad günlərimizdə bir-birimizə kitab bağışlayardıq. İmkanımız artanda hədiyyələrimizin qiyməti də artdı, ancaq bir-birimizə kitab bağışlamaq ənənəmiz qalıb. Artıq uzun illərdir öz kitablarımızı qarşılıqlı surətdə hədiyyə veririk.

Məryəm xanım! Çöhrəndən sənə çox yaraşan təbəssüm, alim müdrikliyindən səmimiyyət əskik olmasın…

Əməkdar İncəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor İsrafil İsrafilov: Bu gün Azərbaycan teatrşünaslığının tanınmış simalarından olan Məryəm ƏLİZADƏNİ, uşaqlıq illərindən tanıdığım bu xanımı düşünməyin özü xüsusi bir ovqat yaradır, xoş duyğular yaşadır. Qəribədir ki, məktəbli Məryəmin çöhrəsindəki Mona Liza sayağı mənalı təbəssüm, gözlərindəki saflıq, baxışlarındakı mehribanlıq bu gün də Məryəm xanımla ünsiyyətdə olan hər kəsi təsirsiz buraxmır. Bu gün artıq bizim o hörüklü qonşu qız, sənətşünaslıq üzrə elmlər doktoru, professor, Əməkdar incəsənət xadimi olmasına baxmayaraq, yenə həmin illərdə olduğu kimi sadədir. Təbiətində zərifliyi, kübarlığı yaşatdığı kimi kişilərə məxsus mərdliyi, dəyanəti də yaşada bilir.

Məryəm xanımın tədqiqatları da onun şəxsiyyəti kimi təmkinli, tutumlu, mənalıdır. O, boğazdan yuxarı danışa bilmədiyi kimi, peşəkar təbiətinə toxunmayan mövzularda yaza da bilmir.

Nəhayət, Məryəm xanım əsl dostdur, munisdir. Qayğıkeşlik onun özündən qabaqda gedən başlıca xüsusiyyətidir.

Nazlanmağı sevən və ona yaraşan bu məziyyəti ilə yaşamaqdan usanmayan dostuma (qız qardaşıma) həyatda qazandığı bütün uğurlar halaldır.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Aydın Talıbzadə: İnsanlığa məlum ən gözəl qadın adlarından biridir Məryəm. Elə ki bu adı tələffüz edirsən, sanki dünya həməncə sakitləşir, mülayimləşir, həlimləşir. “Məryəm” sözü su kimi axıcıdır, hecaları güzgüvaridir, qafiyəlidir. Həqiqətən, bu ad çox zərifdir, ipək qismindədir, yumşaqdır. Gəl, bir olmasın da: fikir verin, görün bir şəcərəsi haradan gəlir; qədim-qədim mətnlərdən, müqəddəs kitablardan, qutsal əfsanələrdən. Məryəm sadəcə ad deyil, qadınlığa işarədir, qadınlığa eyhamdır: qadınlığın simvoludur, ikonik təsviridir; kişisəl toplumda qadın idealının təcəssümüdür. Kişilər Məryəmi ona görə düşünüb yaradıblar ki, qarşısında diz çöksünlər, sevgilərini, sədaqətlərini etiraf etsinlər, onun mərhəmətini qazansınlar…
Ol səbəbdən fərqi yoxdur ki, Məryəmin yaşı neçədir; əlli də ola bilir, yüz də, min də. Amma o, həmişə gözəl və cavandır. Peyğəmbər anasını başqa cür təsəvvürə gətirmək, axı, mümkünsüz bir şey. Mif onun qocalmasına imkan və icazə vermir.
Bizim şünaslığın da bir Məryəmi var: Əlizadə Məryəmi. Aprelin 14-ü ad günüdür bu qadının. Bağ vaxtı olsaydı, bir salxım ağ şanını buluda büküb hədiyyə yollardım ona. Hələ ki yazdır və mən, əzizim Məryəmi, teatrşünaslığın xanımı Məryəmi nə qədər təbrik eləsəm, yenə də azdır. Deyəcəyim təriflər, təbriklər üçünsə bəlkə də bir saz çatışmır. Çünki biz uzun yol gəlirik birlikdə və bu yolda bir-birimizi yaxşı tanımışıq. Ona görə haqqım var söyləyim ki, günümüzün teatrşünasları içində Məryəm Əlizadə kimisi yoxdur. Azərbaycanda teatr fikri tarixinin ən mühüm fiqurlarından biri, milli və peşəkar teatrşünaslığın elmi-analitik müstəvisinin müəllifi Cəfər Cəfərovun əlindən su içmiş tələbələrin sayı yetərincədir. Ancaq onun yadigarı birdənədir: Əlizadə Məryəm. Və bu insan müəlliminin layiqli davamçısıdır. Belə ki, o, müasir Azərbaycan teatrının cikini də bilir, bikini də; tarixini də bilir, nəzəriyyəsini də. Gərçi bilməsəydi “Teatr: seyr və sehr” adlı mükəmməl bir elmi-nəzəri araşdırmanı ərsəyə gətirməzdi ki? Cəmi 352 səhifədən ibarət bu monoqrafiyanı “söküb” təzədən cild-cild kitablara yığmaq mümkündür. Nədən ki, bu tədqiqatda hər şey son dərəcə lakonik, yığcam və dürüst cümlələrlə fikir bloklarına yığılıb. Bu fikirlər çözüldükcə çözülür, mətləblər xırdalandıqca isə Azərbaycan teatrının dipdiri mənzərəsi canlanır göz önündə. İndi Siz deyin: belə bir kitabın müəllifini, özü də həmin müəllif sənin həmkarın ola-ola, alqışlamamaq, təbrik eləməmək, onun ünvanına yağış kimi xoş sözlər yağdırmamaq rəvadırmı? Əsla. Azərbaycan teatrlarının hamısı Məryəm xanımı öz doğması, öz “evinin” içi sanır. Baxmayaraq ki, Məryəm Əlizadə həmişə özündə latent formada güclü tənqidi pafos gəzdirir. Bir zamanlar onun elə tənqidi məqalələri olub ki, ətrafa səs salıb, mis kimi cing-cing cingildəyib, teatr aləmində oxunub, əldən-ələ ötürülüb… Əlizadə Məryəm yaradıcılığının özü bir tədqiqat obyektidir… Məhz bu məqamda istərdim onun ad gününü qutlayım: uğurların bol olsun, sözün həmişə hədəfə dəysin, yazılarının sırası azalmasın, problemlərlə qarşılaşmayasan, ağrı, əziyyət çəkməyəsən, “yoruldum”, “bezdim” kəlmələrini dilinə gətirməyəsən, teatr səni sevindirsin, sən də teatrı…

Teatrşünas Kəmalə Cəfərzadə: Məryəm xanım mənim ilk gənclik illərimin dostudur. İncəsənət İnstitutunda bir yerdə oxumuş, insititutu bitirdikdən sonra Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun «Teatr və Kino» şöbəsində bir müddət birgə çalışmışıq. Sonradan iş yerlərimiz ayrılsa da, ömür yollarımız ayrılmayıb. Biz bu gün də bir yerdəyik. Bizim dostluğumuzda heç vaxt umu-küsüyə, giley-güzara, xırda hisslərə yer olmayıb. Ona görə də bu dostluğun ömrü uzun olub.

Məryəm xanım teatr fədaisidir. Onun bütün həyatı teatra bağlıdır. Mənə elə gəlir ki, biz teatrşünasların içində Məryəm qədər teatra bağlı adam çox az tapılar. Məsələn, mən sənətimlə yanaşı, poeziyaya, folklora, təsviri sənətə daha çox meylliyəm, amma Məryəm xanım teatrı o qədər sevir ki, indi daha ondan tənqid də yaza bilmir. Teatra, teatr adamlarına sayğı hissi, sevdiyi sənətə sədaqət onun böyük sənətinin, yaradıcılığının mayasını təşkil edir. Yaradıcı adamlar iki müstəvidə yaşayırlar: ruhi və cismani qatda. Məryəm əsasən ruhi qatda yaşayır. Onun çox vaxt ruhi qatda yaşaması bizim teatrşünaslığımızda dəyərli əsərlərin yaranmasına səbəb olur. Məryəm yaxşı dost, sədaqətli insan, gözəl müəllim, dostlarının, əzizlərinin yolunda yarpaq kimi əsən kövrək bir xanımdır. Mən ona nə arzu edə bilərəm? Özünü sənətə həsr etmiş bir insana layiq olan bütün zirvələri fəth edib, bütün adları alıb. Qoy Allahın verdiyi ömrü sağlam yaşasın, könül rahatlığı, qulaq dincliyi tapsın, ən böyük sevgisi olan teatrda öz istədiyini görə bilsin. Axı teatr həyatımızın aynasıdır… Və uşaqlıq illərinin keçdiyi, sevə-sevə söhbət açdığı ana vətəni Şuşaya bir də dönə bilsin, gedəndə bizi də özü ilə aparsın.

Xalq rəssamı, Dövlət mükafatı laureatı, professor Nazim  Bəykişiyev: Məryəm Əlizadə, ilk növbədə, ən yaxın dostum, illərlə fikir  mübadiləsində  bulunduğum  həmkarım, mədəniyyətimizdə böyük  önəm  daşıyan  teatr  bilicisidir. Zəngin teatr bilgisinə malik Məryəm  xanım  həm də  gözəl  insan, səmimi  dostdur. Teatr sənətini dərindən bilən, incə estetik zövqə və yüksək peşəkarlıq qabiliyyətinə malik Məryəm xanım uzun illərdir milli teatr prosesini addımbaaddım izləyir və fiksasiya edir. Uzun illər boyu apardığım müşahidələr mənə onu deməyə əsas verir ki, Məryəm Əlizadə teatrın bütün komponentləri kimi səhnəqrafiya sənətinin, teatr rəssamlığının da bilicisidir. Məryəm xanımın bütün elmi əsərləri, məqalələri, çıxışları vahid paradiqmaya əsaslanır. Məryəm Əlizadə TEATRı anlayır… TEATRı sevir… TEATRa xidmət edir.

Mən əziz dostum, sevimli həmkarım, düşüncəsinə dərin inam və ehtiram bəslədiyim Məryəm xanımı ad günü münasibətilə  təbrik  edir, sevinc və fərəh dolu uzun ömür arzulayıram.

Teatrşünas Könül Əliyeva-Cəfərova: Bəzi insanlar vardır ki, həyata gəlişləri təsadüf deyil, müəyyən bir missiyanı yerinə yetirməyə xidmət edir. Mənə görə, tanrı Məryəm xanımı məhz insanlara yardım üçün yer üzünə göndərib. Mən universitetə gəldiyim ilk gündən bəri ondan çox şey öyrənmişəm, ən əsası isə heç vaxt heç kimdən eşitmədiyim bir fikrini ömürlük “qulağıma sırğa eləmişəm”: “Mən insanlara kömək eləmirəm, Allah onlara kömək eləmək istəyir. Sadəcə nə yaxşı ki, bu işdə vasitəçi olaraq məni seçib”.

Bir dəfə Məryəm xanıma həmkarlarından biri belə bir sual ünvanladı: “Məryəm xanım, niyə elə bütün işıqlı uşaqlar ancaq sizin kursunuzdan çıxır?” Məryəm xanımın cavabı gecikmədi: “Oğlum, tələbəni sevmək lazımdır”. Deməyim odur ki, Məryəm xanım tələbələrinə teatr sənətinin mahiyyətini öyrətməzdən qabaq həyata düzgün rakursdan baxmağı, həyatı sevməyi, ən yüksək insani dəyərləri aşılayır. O, tələbələrini sevgiylə tərbiyələndirir, sevgiylə bütünləşdirir. Bu üzdəndir, durmadan payladığı SEVGİ tələbələrindən aldığı enerjiylə hər gün yenilənir, hər gün böyüyür və özünə qayıdır. Sevmək eşqiniz azalmasın, əziz Məryəm xanım.

 

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

Prezident 2019-cu ili teatr ili elan etdi

Bu barədə “RİA Novosti” məlumat yayıb. Məlumatda deyilir ki, şənbə günü, Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının (TXİ) sədri Aleksandr Kalyaginlə görüşündə prezident teatr məsələlərini...

Gələcəyi əmin əllərdə olan ADMİU-nun SABAH-ı

5 xarici ölkəyə səfər, 4 ölkədaxili qastrol, təkcə SABAH qrupları üçün xaricdən dəvət olunmuş 7 mütəxəssis, 11 tamaşa, xarici və ölkədaxili festivallarda iştirak... Yenə SABAH,...

I Like Talking About Food

Yourself required no at thoughts delicate landlord it be. Branched dashwood do is whatever it. Farther be chapter at visited married in it pressed....

Recent

İtaliyanın “Spellbond” balet truppası Bakıda

İtaliyanın məşhur “Spellbound” balet truppası aprelin 21-də Azərbaycan Dövlət Opera və Balet Teatrı ilə İtaliyanın Azərbaycandakı səfirliyinin birgə mədəni proqramı çərçivəsində “Bir axşam Spellboundla”...

Aliyə Dadaşova – “Qlamurun ölümü”

“– Heç olmasa, hardasa bizə aid nəsə qalacaqmı? – Heç nə, heç nə qalmayacaq. Dünya yox olandan sonra bizim nə zamansa mövcud olduğumuz və nələrsə...

24 yaşını qeyd edən “dilsiz” teatr…

Bu gün Pantomim teatrının 24 yaşı tamam olur. Dövlət Pantomima Teatrı Azərbaycan Teatr tarixində ilk pantomima teatrıdır. Teatrın bu növünün əsas üstünlüklərindən biri onun...