BİR GƏNCİN MANİFESTİ, YAXUD İKİ GƏNCİN DİALOQU

Danışır – Dağlar Yusif,
danışdırır – Emin Əliyev

Yaşadığımız ilin 19 iyun tarixində “TƏK” Yaradıcılıq Platforması öz varlığını ictimaiyyətə bəyan etdi. Platformanın ilk tamaşası rejissor Asiman Ağa Rövşənin  Mixail Bulqakovun eyniadlı povesti əsasında səhnələşdirdiyi və quruluş verdiyi “İt ürəyi” əsəri oldu. “TƏK”-in yaranması, yaradıcılıq məramı və ilk tamaşası mədəni sferada kifayət qədər maraqla qarşılandı. Platformanın bədii rəhbəri Dağlar Yusiflə söhbətimiz də elə bu barədədir. 

Emin Əliyev: Dağlar, istəyərdim TƏK Platformasından və Teatr, Ədəbiyyat, Kino-nu nəyin birləşdirdiyindən danışasan.

Dağlar Yusif: “TƏK”in yaranması bu gün içində olduğumuz və yaranmaqda olan teatr prosesinin qarşımıza qoyduğu zərurətdir. Hər bir teatr prosesinin yaranması üç mərhələdən keçir: tələbəlik, qeyri-peşəkarlıq və peşəkarlıq. Yəni, universitet, peşəkar teatr və onun ortasında olan studiya, laboratoriya və s.  Ki, gənclər burada öz öyrəndiklərini realizə etsinlər, bilmədiklərini öyrənsinlər. Uzun illərdir Azərbaycanda təhsillə peşəkarlıq arasındakı bir uçurum var. Peşəkar teatr insana səhv etmək şansını vermir, burada isə gənclərin səhv etmək ixtiyarı  var. İkinci tərəfdən, hər il Mədəniyyət və İncəsənət Universitetini onlarla gənc bitirir, amma onları heç üç faizi də teatrlarda işlə təmin olunmur. Nəticədə çox qorxunc və sarsıdıcı mənzərə yaranıb. Aktyorlar, rejissorlar ya çayxanalarda “çürüyürlər”, ya da hansısa marketdə satıcı işləyirlər. Ona görə də bu gün təkcə dövlət teatrlarına ümid olub yaşamaq olmaz, biz teatr sferasını bacardığımız qədər genişləndirməliyik ki, bu vəziyyətdən çıxa bilək. Platformanı yaratmaqda məqsədimiz budur ki, həm bayaq dediyim  iki mərhələ arasındakı uçuruma körpü ataq, həm də Azərbaycan teatrının peşəkar sferasına sənətçi “axını”nı təmin edək. Demirəm, onu dünyaya çıxarmaq, sadəcə onu yaşatmaq naminə bunu edək. Edək ki, teatrımızın “quru nəfəsi” gəlib getsin.  Qaldı ədəbiyyat və kinoya. Elə qəribə bir məqam gəlib ki, teatrla kino bir nöqtədə dayanıb, hər iksinin bir-birinə çox ehtiyacı var. Məsələn, bu gün biz bir tamaşa qururuqsa sabah hansısa rejissor onu tele-variantını və ya treylerini çəkə bilər. Və yaxud da bizim aktyorlarımız kinoya, seriala inteqrasiya edə bilərlər. Hal-hazırda serial və kino sənayesi ilə teatr sənayesi arasında da uçurum var. Bu səbəbdən seriallarda qeyri-peşəkarlar işləyirlər. Bu gün ölkədə dramaturgiya yoxdur. Kino ilə teatr  arasında olan boşluq, həmçinin, ədəbiyyatla teatr  arasında da var. Gənc ədəbiyyatçıların əsərləri teatrlarda qurulmur, onları teatra gətirmək, teatr təsəvvürü yaratmaq lazımdır ki, dramaturgiya ilə məşğul olsunlar. Bu gün məşğul olsalar belə yazdıqları əsərlərin peşəkar teatrlarda oynanılması çox çətindir. Çünki, Azərbaycan teatrında artıq uzun illərdir yalnız “seçilmiş” insanların əsərləri oynanılır. Bizə isə azad düşüncəli insanlar lazımdır. “TƏK” yaradıcılıq platformasının uzaq perspektivi və məqsədi bundan ibarətdir ki, bu üç sfera arasında ideal vəhdət yaransın və yuxarıda sadaladığım poroblemlərin həllinə dair işlər görülsün.

Emin: Belə anladım ki, bu platformanın yaranması sizin üçün həm də durğunluq dövründən çıxış yoludur?

Dağlar: Durğunluq dövrünə reaksiyadır və həm də “ölü zona”dan qaçmaq, can qurtarmaq çabasıdır. Mən bilirəm ki, Azərbaycanda yeni düşüncələrə açıq sənətçilər var. Və bu gün bizim konsepsiyamız işləsə istədiyimizi reallaşdıra bilərik. Bir neçə rejissor adı çəkə bilərəm ki, onlar şəraitsizlikdən xarici ölkələrə üz tutublar.  Amma onlar sərbəst yaradıcılıq sferasında olsaydılar getməzdilər. Məqsəd həmən sərbəst məkanı yaratmaqdır.

Emin: Deməli, bu həm də müstəqil platformadır ?

Dağlar: Tam azad və müstəqil. Yaşadığımız azad respublikamızda mümkün olduğu qədər azad bir platforma.

Emin: Axı bu müstəqillik sonda dövlət teatrlarının təsdiqinə dirənir. Tamaşanın göstərilməsi üçün yer, teatrların texniki imkanlarından yararlanmaq kimi problemləriniz var. Bu, nə dərəcədə müstəqildir ?

Dağlar: Dövlət teatrlara maliyyə ayırır. Amma bu gün Azərbaycan teatrı elə vəziyyətdədir ki, sanki sənin narkoman övladın var və ona pul verirsən ki, get düzəl. O, düzəlməyəcək! Biz deyirik ki, dövlətin teatrlar üçün yaratdığı imkanlardan yararlanmaq gənc sənətçilərin də haqqıdır. Biz bu Vətənin övladlarıyıq, istedadsız da ola bilərik, səhvlər də edə bilərik, amma bu dəstəyi almaq bizim haqqımızdır.
Azərbaycan Respublikasının gənclər  siyasəti, mədəniyyət siyasəti də bizim bu haqqımızı tanıyır.  Mən azərbaycanlıyam, bu ölkənin vətandaşı, gənc sənətçisiyəm və onun mədəniyyətinə  xidmət etmək istəyirəm. Bunu nə Gürcüstanda, nə Bolqarıstada nə də Afrika ölkələrində eləmək fikrim yoxdur.

Emin: Məsələn, müstəqil teatrların bir problemi var ki, gərək öz-özünü maliyyələşdirsin. Maliyyə siyasəti barədə nə düşünürsünüz ?

Dağlar: Teatrın digər müəssisələrdən fərqi bundadır ki, burada bütün proses üzvi gedir. Əgər sən üzvi prosesin içinə düşmüsənsə sənin məhsulun satılacaq, teatrın yaşayacaq. “TƏK”in müqəddəratı bu baxımdan məni narahat eləmir. Məncə “TƏK” bu günün zərurətidir və bizli ya bizsiz bu ideya yaşayacaq. Kommersiya məsələsinə gələndə biz medianın, sosial şəbəkələrin imkanlarından istifadə etməyi düşünürük. İlk tamaşamız olan M.Bulqakovun “İt ürəyi” əsərində  bilet satmağa köklənməmişdik. Bu, sanki daxili baxış idi. Müəyyən qədər məqsədimizə çatdıq. Amma növbəti tamaşalarda mən bilet satıb aktyorlarımıza normal maaş verə bilməsəm, yəqin ki, hər şeyi dayandıracam. Çünki quldarlıq dövrü çoxdan bitib və qul əməyi hesabına yaşayan mədəniyyət lənətdir!

Emin: Platformanın xüsusi dramaturji və yaxud rejissura seçimi varmı?

Dağlar:  Azərbaycan teatrının bugünki problemi yenilik yox, peşəkarlıqdır.  Bu gün hətta Xalq artistlərimizin  doxsan faizi qeyri-peşəkardırlar. Teatrımız bu nöqtədə dayanıb və bu “düzxəttli” prosesdə biz onun dayandığı nöqtədən başlamağa, davam etməyə məhkumuq. Bu, olduqca mürəkkəb mədəni prosesdir, kolxoz deyil ki, bir inəkdən cüt bala alaq.

Emin: Sənə elə gəlir ki, dünyanın məşhur teatr aktyorları bütün sistemləri əzbər bilir, onların xüsusi yanaşmaları var  və istədiyin səviyyədə peşəkardırlar ?

Dağlar:  Söhbət “sistem”i əzbərləməkdən getmir, peşəkarlıqdan gedir. “Xüsusi yanaşma” deyəndə yəqin ki, eksperimentləri nəzərdə tutursan. Amma bu gün bizim eksperiment eləməyə haqqımız yoxdur. Eksperiment “doymuş proses”dən  və peşəkar özüllər, köklər üzərində yaranır. Bu özüllər, məktəb yoxdursa, sənin elədiklərin sadəcə qeyri-peşəkarlıqdır. Bu gün Azərbaycanda təhsili və teatr təfəkkürü olmayan insanlar tərəfindən “teatrlar” yaradılıb. Nəticədə ortaya çıxan işlər ortabab dram dərnəyi səviyyəsindədir . Ən pisi də odur ki, bu adamlar bizə, bizimlə işləyən peşəkar aktyorlara yuxarıdan aşağı baxırlar. Peşəkarlığın meyyarları itəndə ortalığı belə səfsəfə və cəfəngiyyat bürüyür. Konkret istiqamətə qaldıqda isə biz bir praktika məkanı yaradırıq, proses yaradırıq, heç kim dəqiq deyə bilməz , sabah bu prosesdən nə əmələ gələcək. Şəxsən mənim də Asimanın (tamaşanın quruluşçu rejissoru, platformanın həmtəsisçisi Asimana Aga Rövşən – red.) da teatr sənətinə alternativ baxış bucağımız, düşüncələrimiz var. Yəqin ki, onların da zamanı gələcək…bəlkə də heç vaxt gəlməyəcək!

Emin: Bəs teatrşünaslıq necə kömək edə bilər?

Dağlar: Bu gün teatrşünaslıq niyə susub?!  Hər bir teatrda teatrşünasların keçə bilmədiyi simalar var. Bizsə elan edirik: “TƏK” yaradıcılıq platformasında teatrşünasın keçə bilməyəcəyi heç bir sima yoxdur. Əgər bizi tənqid etmək istəyən varsa buyurub etsin. Lakin görünən budur ki, bu gün teatrşünaslıq bizim görməyə çalışdığımız işin arxasındakı niyyəti duyacaq sayıqlığda deyil. Tənqidin təklif etdiyi baxış bucağı çox dardır və o darısqallıqda teatr üçün nəsə eləmək çox çətindir. Mən də teatr yazarıyam, teatrşünas olmaq arzusundayam. Amma qollarımı çırmalayıb prosesin tən ortasına atılmışam. Çünki bu gün tələblər başqadır, ambisiya vaxtı deyil. Hamımız bir nəfər kimi bir nöqtəyə köklənib Azərbaycan teatrını yenidən qurmalıyıq. Təəssüf ki, “TƏK” normal tearşünas rəyi ala bilmədi. Hər teatr haqda yazan tənqidçi, hər  yazılan da tənqid deyil.  Bu platformanın tənqidə meylliliyi var, çünki rəhbəri tənqidçidir. Bir neşə il bundan qabaq mən tələbə yoldaşımız Abdulla Elşadın tamaşasınnın ərsəyə gəlməsində iştirak etmişdim və afişanın üstünə adımı teatrşünas kimi yazdırmışdım. İndi baxıram ki, uşaq olmuşuq, amma istəyirdik ki, tamaşaların teatrşünası olsun. Teatrşünas qavramı cameə üçün tamam başqa aspektdən aktuallaşsın. Çünki, teatrşünas da, rejissor da teatr haqda düşünür. Ola bilməz ki, bu iki peşə bir-birindən bu qədər uzaq düşsün. Birləşmək zamanıdır…ayrılmağın da zamanı gələcək!

Emin: Onda gəl belə bir analiz aparaq. Sənin prosesin içində olduğun tamaşalar, rejissorlar bu dəstəkdən sonra hansı nəticəni verdi, qarşı çıxdığın tənqidçilərin tənqid etdiyi tamaşalar hansı nəticəni verdi ?

Dağlar: Söhbət şəxsən məndən gedirsə hər hansı nəticədən danışmaq çox tezdir.. Amma ümumi baxsaq nə vaxt ki, rejissorlarla teatrşünaslar bir prosesin içində olublar, orada proses canlanıb. Məsələn, Vaqif İbrahimoğlu və Aydın Talıbzadə, Məryəm Əlizadə, İsrafil İsrafilov və.b. Bu adamlar bir yerdə Azərbaycan teatrının tarixində peripetiyaya səbəb olan düşüncəni ortaya qoyublar. Platforma da elə bu prosesə təkan vermək üçün yarandı. Bizim üçün ilk mərhələ müəyyən sənət ortamının yaranmasıdır, ikinci mərhələdə isə ola bilər ki, yeni düşüncələr, konsepsiyalar ortaya atılsın.
Məsələn, Asimanın yeni düşüncələri var, amma hələki onu aktyorlarla bölüşüb nəticə əldə etmək mümkün deyil. Bu fikilər hələ rüşeym halındadır, hər gün dəyişir, yeni formaya düşür.

Emin: Keçək sizin ilk tamaşanıza, iki əsas obyekt maraqlıdır mənə: rejissor Asiman Ağayev və “İt ürəyi” tamaşası.
Dağlar:
Asiman bundan öncə “Master və Marqarita”, “Sonluğun sonu” tamaşalarında Azərbaycanın say-seçmə sənətçilərindən müsbət fikir almışdı. Bu gün vəziyyət elədir ki, bizim gənc rejissorlarımız kənarda yaşayıb, işləyirlər və hazırda etimad etdiyimiz gənclərdən bircə Asiman qalıb. Platforma fikiri ortaya çıxanda biz bir yerdə idik, yanımızda Ziya Ağa, Yunis Vəlipur, Şamil İbrahimov, Əlif Cahangir, Mehman Fətullayev, Emil Bakuvi və başqaları  da vardı. Onlar bu gün də bizim yanımızdadırlar, platformanın belə deyək, sütunlarıdırlar. İstəsək də istəməsək də biz eyni şineldəyik. Asiman bu povesti səhnələşdirməyi çoxdan düşünürdü.Və sonda bir yerə yığdığımız ideal aktyor truppası ilə işə başladıq. Çox sağ olsunlar, bizi sona qədər tək qoymadılar, heç bir qonorar olmadan bizə yardımçı oldular.

Emin: Platformanın rəhbəri kimi yox, həm də platformanın içində olan bir teatrşünas kimi istəyirəm tamaşadan danışasan, bəyəndiyin və bəyənmədiyin nüansları qeyd edəsən.

Dağlar: Bir-bir problemləri sadalamayım. Sadəcə hamısının qaynaqalandığı səbəbi deyim. Tamaşa düz altı ay otaq şəraitində məşq olunub. Rejissorun və aktyorların əksəriyyətinin böyük səhnə təcrübəsi yox idi. Böyük səhnəyə çıxanda şərtlər 180 dərəcə dəyişdi, məkan böyüdü, mizanlar uzandı, səsin tonu tamamiylə dəyişdi. Bütün bunları fiksə etmək üçün bizə ən azı 10 proqon lazım idi, amma Azərbaycanın ən zəhmətkeş və ən ağır rejimdə çalışan teatrı olan Gənc Tamaşaçılar Teatrında bunu reallaşdırmaq mümkün olmadı, sadəcə iki proqonla kifayətlənməli olduq. Bəzi səhnələr  texniki çatışmazlıq üzündən ləğv edildi, yeni həllər tapıldı ki, bütün bunlar  öz mənfi təsirini göstərdi, tamaşaya “diplom işi” abu-havası gətirdi.

Amma tamaşa biabırçı deyil,  baxılır. Rejissor üçün də, aktyorlar üçün də, mənimçün də əla bir təcrübə oldu. Eyni zamanda bizim  tamaşa Azərbaycan teatrlarının peşəkar səhnələrində on minlərlə vəsait  bahasına ərsəyə gələn çox tamaşalardan daha yaxşı idi. Biz yalın əllə işə başladıq və nəticə olaraq bir neçə gənc aktyorun, bir gənc rejissorun  böyük səhnəyə çıxmasına nail olduq. Bunun ən yeni dövr Azərbaycan teatrı üçün nə demək olduğunu çoxları təsəvvür belə edə bilməzlər!

Sonda mən istəyirəm təşəkkür edim hər kəsə, Gənc Tamaşaçılar Teatrını rəhbərliyinə və kollektivinə, ADMİU-nun rektoru Ceyran Mahmudovaya və onun kollektivinə, daim bizə dəstək olan dəyərli aktyor, Milli Dram Teatrının direktor müavini Hacıbaba Məmmədova və nəhayət, tamaşamızın başda Əməkdar artistlar Ayşad Məmmədov  və Qasım Nağı olmaqla aktyor heyətinə!

 

- Advertisement -

9 ŞƏRH

  1. Hər ikinizlə – Danışanla və danışdıranla qürur duyuram. Bir şey etdiyinizə və ya etmədiyinizə görə yox, ədəbinizlə, mədəniyyətinizlə, savadınızla, iki müdrik insan kimi söhbətinizlə, əqidənizlə və nəhayət belə adam kimi adamların ətrafımda var olduğuna görə qürur duyuram.🙏

    Əziz dostum Dağlar Yusif Əfəndi, hərəkət etdiyin bu təhlükəli zonada sənə səbr arzu edirəm. Düşmənlərin tətikdədirlər. Onlar, söz tapmasalar belə, kiminsə şəxsi eqosundan, qərəzindən irəli gələn cümlələri böyük həvəslə, vicdansızcasına, çəkinmədən sizə qarşı istifadə edəcəklər. Odur ki, Allah özü sizə yardım olsun və bu arada gəzən “HƏRŞEYŞÜNASLARA” da bir az insaf versin. Əsas olan odur ki, niyyətiniz, əqidəniz, məramınız, səhvləriniz və düzləriniz danışanlardan, yazanlardan daha çox , TƏK olan Allaha və teatr camiəmizdə “TƏK” olan özünüzə yaxşı bəllidir. Təbiidir ki, Tək platforması, “ADO” səviyyəsində rəzil bir ortam, rəzil bir mühitə sahib olsaydı, bu azmış kimi o iyrənc enerjini tamaşanıza da hopdursaydınız daha çox diqqəti cəlb edəcəkdiniz. Təəssüflər olsun ki, bu acınacaqlı duruma səbəb, cəmiyyətimizdə günü -gündən formalaşan kor “İNTELEKTUAL TUPOYLARIN” artmasıdır . Onlar, (Yəni intelektual tupoylar) bütün suallara cavabları olan adamlardır. Öz cavabları olmasa da, başqalarının cavabları ilə yaşayan bir sürü adamlar. Heyif onlara, uğur sizə olsun dostlar ! Qədəminiz mübarəkdir! İsveçdən “TƏK” ə böyük SEVGİLƏR 🙏

    Hörmətlə : Əlif Cahangirli.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

Samirə Əşrəf – Müəmmalı bir qətlin dörd versiyası…

Yapon yazıçısı Akutaqava Ryunesko “Cəngəllik” novellasını yazandan altı il sonra intihar elədi. Ziddiyyətli, dramatik həyat yaşayan yazıçının novellalarında nifrət, iblisanəlik, cəhənnəm və cənnət mövzuları...

Boris Şukin adına Teatr İnstitutunun Azərbaycan studiyasının tələbələri ilə görüş

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə  22 iyul 2019-cu il tarixdə AzTXİ-nın Gənclər sektorunun təqdimatında Boris Şukin adına Teatr...

Paytaxt teatrlarının həftəlik repertuarı (15-21 noyabr)

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 15 noyabr Xalq artisti Həsən Turabovun 80 illik yubiley gecəsi saat 19:00 16 noyabr C.Cabbarlı “Almaz” saat 19:00 17 noyabr M.F.Axundzadə “Sərgüzəşti-vəziri xani Lənkəran”...

Recent

Bakı Uşaq Teatrının “Sevgi şimşəyi”

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrının “Sevgi şimşəyi” adlanan yeni tamaşasının Aktyorlar evində premyerası olub. Rövşən Ağayevin “Bir gecənin nağılı” pyesinin motivləri əsasında...

TUNCƏR CÜCƏNOĞLU: “Əsərlərimlə dünyaya mesaj ötürməyə çalışıram”

Tuncər Cücənoğlu... Bu ad teatr camesinə çox yaxşı tanışdır. Bu gün Türkiyəli yazarın dövrümüzün ən aktual problemlərindən bəhs edən pyesləri dünyanın müxtəlif ölkələrində səhnəyə...

“Qızlar sənətimə görə mənimlə evlənmirlər”

Çəkilişi evində etmək istəyirik, razılaşmır.  Dediyinə görə, illərdir qonşuları onun hansı peşə ilə məşğul olduğunu bilmir. Elə atası da uzun müddət bu barədə xəbərsiz olub.  Razılaşırıq,...