“Bermud üçbucağı”nda – Şövqi Hüseynov

Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist, “Zirvə” mükafatı və “Stanislavski” medalı laureatı Şövqi Hüseynovla müsahibəni təqdim edir. 

Dağlar Yusif: Şövqi bəy, tez-tez xarici səfərlərdə olursunuz. Oralardan baxanda Azərbaycan teatrı necə görünür?

Şövqi Hüseynov: Bütövlükdə fərqli heç nə görmürəm. Ümumi iş prosesi, yanaşma tərzi eynidir. Amma hədəflərimiz fərqlidir. Mən bir aktyor kimi, fərd olaraq ancaq özümü müqayisə edib, özüm üçün götür-qoy edə bilərəm. Desəm ki, oralardan baxıb Azərbaycan teatrını analiz eləyirəm, qeyri-səmimi olar.

D.Y.: Siz bu sualdan ustalıqla qaçdınız. Dediniz, hədəflərimiz fərqlidir. Azərbaycan teatrı nəyi hədəfləyir? Bizi onlardan geri salan, yaxud irəli aparan nələrdir?

Ş.H.: Aktyor olmaq, rejissor olmaq, ümumiyyətlə, teatrın məşəqqətini çəkmək çox ağırdır. Hansısa bir ölkənin teatrından geri qalmaq isə sadəcə görüntü baxımından, təqdimat cəhətdən ola bilər. Yaradıcılıq baxımından yanaşanda isə bu gün Rusiyanın özündə də problemlər mövcuddur. Məsələn, il ərzində 20 premyera olubsa, onun yalnız biri-ikisi sənət nümunəsi kimi yadda qalır. Qalanları performans, eksperiment xarakterli olur. Bu gün hətta Rusiyada belə canlı insan problemi yaddan çıxıb. Bir neçə teatrı çıxmaq şərtilə. Məsələn, Tuminasın teatrı (G.Vaxtanqov adına teatr – red.) həmişə insan problemilə məşğul olan teatr olub, bu gün də məşğul olmaqdadır. Dünyada gəzib gördüyüm teatrlarda bu problem məni həmişə narahat edib. Ən çox isə özümüzdə. Axı, tamaşaçı teatra “necə baş verir”ə gəlmir, “nə baş verir”ə gəlir. Yəni, canlı insan problemini oradan bura baxanda da görürəm, buradan ora baxanda da.Könül Əliyeva-Cəfərova: Şövqi Hüseynovun peşəkar səhnəyə yolu “Məkkəyə gedən yol”dan başladı. Bu yol aktyor Şövqini teatr sənətinin Məkkəsinə aparacaqmı?

Ş.H.: “Məkkəyə gedən yol” məxsusi düşünülmüş ad idi. Bu tamaşa Mirzə Cəlilin “Danabaş kəndinin əhvalatları” əsəri əsasında II kurs tamaşamız idi, həm də Kamera teatrının ilk tamaşası idi. Cənnət xanım bu adı məxsusi düşünmüşdü – Məkkəyə, ziyarətə gedən yol.

K.Ə-C.: Amma bu yol Kamera teatrını Məkkəyə aparıb çatdıra bilmədi.

Ş.H.: Yox, niyə? Bir xeyli getdik.

K.Ə-C.: Bəs, bu gün Şövqi Hüseynov o yolla gedə bilirmi, gedirsə, teatr sənətinin Məkkəsini harada görür?

Ş.H.: Çalışıram o yolla gedim və gedirəm də. Mənə o yolla getmək daha maraqlıdır, nəinki ora çatmaq. Bu gün getdiyim yolun adı Gənc Tamaşaçılar Teatrıdır. Mən bu yolu sevirəm, sabah Musiqili Teatr olacaq, o yolu sevəcəm.D.Y.: Mənə görə, Şövqi Hüseynov Azərbaycan teatrının ən zəhmətkeş aktyorudur. Nədir sizi belə şövqlə işləməyə motivasiya edən?

Ş.H.: Adım. Adımı doğrultmalıyam. Bəzən xaricdə elə tamaşa izləyirəm ki, bir neçə ay özümə gələ bilmirəm. Düşünürəm ki, mən də aktyoram, biz də teatrla məşğuluq. Mən hər gün evdən saat 11-də məşqə gəlməliyəm, bu, mütləqdir, başqa variant yoxdur. Bu, həyat tərzidir. Belə daha rahatam, belə daha xoşbəxtəm.

K.Ə-C.: Çalışdığınız teatrlar Kamera teatrı, Gənc Tamaşaçılar Teatrı, Musiqili Teatr. Yaxın zamanlarda bu siyahıda Akademik Milli Dram Teatrını da görə biləcəyikmi?

Ş.H.: Bunu deyə bilmərəm. O barədə düşünməmişəm, harada olur-olsun, təki rollarımızı əlimizdən almasınlar. İndi fikirləşirəm ki, hansı teatrda işləyirəmsə, oranı sevməliyəm. Ac, susuz, evsiz, 2 il teatrda yatmaq, 15 il tək yaşamaq – bunların hamısı teatr sevgisinə xidmət edirdi. Tələbə vaxtı piyada gedib-gəlirdim teatra, xoşbəxt idim, bilirdim ki, tamaşaçı məni sevir.K.Ə-C.: Bu gün xoşbəxt deyilsiz?

Ş.H.: Bu gün də xoşbəxtəm. Bu canlı sənətdir, hər dəfə eyni olmur, bir dəfə alınır, bir dəfə alınmır. Alınan zaman verdiyi xoşbəxtliyi heç nə ilə əvəz etmək olmur.  Bəzən deyirlər ki, teatrda maaş azdır, nə qədər az olsa da, mənim ondan çox, ondan əziz qazancım olmayıb.

D.Y.: Mən Azərbaycan teatrını qul bazarına bənzədirəm. Bir qul bazarında, bir də Azərbaycan teatrında kişilər ən ağır işi ən ucuz qiymətə görürlər. Siz necə düşünürsüz?

Ş.H: Mən ondan danışdım, axı. Onun qiyməti, dəyəri, ölçüsü məni maraqlandırmır.

D.Y: Sizi bildik, bəs, sizin ailənizi də maraqlandırmır? İndi subayam, məni də maraqlandırmır, amma sabah ailə qurmalıyam və mənim kimi gənc aktyor, rejissorlar da… O sevgini ailələrinə necə izah edəcəklər?

Ş.H: Axı, teatr heç vaxt qazanc yeri olmayıb. Bizim alternativ qazanc yerlərimiz çoxdur. Filmlərə, seriallara çəkilirik, dublyaja gedirik və s. Çox olsa, təbii ki, yaxşı olar. Amma qazancın miqdarı məni maraqlandırmır. Oleq Tabakov deyir ki, sevdiyim işlə məşğlam, hələ mənə pul da verirlər. Onsuz da, bu işlə məşğulam. 90-cı illərdə biz aylarla maaş almırdıq. Öz ailəmizdən aldığımız pulu üst-üstə qoyub gedirdik tamaşa oynamağa. Maaşımızdan teatra maqnitafon alırdıq. Söhbət Kamera Teatrından gedir. Yeni il şənliklərindən qazandığımız pula teatra avtobus almışdıq. Bizim yanaşma tərzimiz bu cür idi, belə tərbiyə almışıq.K.Ə-C: Bu gün Şövqi Hüseynov mükəmməl texnikaya sahib olan və tələb olunan aktyordur. Amma bəzən tamaşalarınızda bu peşəkarlığınızdan sui-istifadə duyulur. Tamaşaçını saxlamaq üçün sınanmış və uğurlu alınmış ştamplardan istifadə edirsiz. Bunu eləmək bir aktyor kimi özünü zorlamağa gətirib çıxarmır ki?

Ş.H.: Təbii ki, zorlamağa, tükənməyə və yaradıcılığın dayanmasına gətirib çıxarır. Heç bir vəchlə bunun qarşısını almaq mümkün deyil. Və əgər bunu tamaşaçı, xüsusilə də, teatrşünas duyursa və deyirsə, buna sevinirəm. Bunu mənə dəfələrlə böyük ustadlarımız da, adi tamaşaçımız da deyib. Hər bir tamaşa bir müharibədir. Biz səhnəyə müharibə meydanına çıxmış kimi çıxırıq. Ələlxüsus, indiki tamaşaçı ilə. Mən tamaşaçını çox yaxşı tanıyıram və ona həddən ziyadə sevgim var. Ya sən ona qalib gəlib xoşbəxt olacaqsan, ya da o sənə qalib gələcək, sən bədbəxt olacaqsan. Məğlub olanda sizin dediyiniz məqam baş verir. Getdikcə o ştamplardan əl çəkməyə çalışıram. Biz aktyorların bir xəstəliyi də var. Bir improvizə edirlər səhnədə, əgər reaksiya verildisə, bunu çürüdənə qədər edirlər. Əşi, bir dəfə elədin, bəsdi də…D.Y.: Universitetdə dərs deyirsiniz, kurs rəhbərisiniz. Şövqi Hüseynov Azərbaycan teatr təhsilinə nə verəcək?

Ş.H.: İlk dəfə auditoriyaya daxil olanda tələbələrdən yeganə xahişim bu olub ki, bir-birimizə etibar edək, inanaq. İstedad, boy, səs, gözəl saçlar (gülür) –  bunlar mənim üçün nisbi şeylərdir.

D.Y.: Aydın məsələdir…

Ş.H.: Onlara dedim ki, sizinlə yaxşı tamaşa qura bilməyəcəyəm. Mən rejissor deyiləm, aktyoram. İşim yalnız əməli təhlildən ibarətdir, digər şeylər mənlik deyil. Yeniliyə qalsa, heç nə kəşf edə bilmərəm. Mən istərdim ki, 14 tələbə teatra, rola münasibətləri ilə, kulisdəki davranışları ilə fərqlənsinlər. Tələbələrə yalnız bunu verə bilərəm.

D.Y.: Çalışdığınız teatrda yaş həddi ilə bağlı bir neçə aktyor işdən çıxarıldı. Mövqe bildirənlər də oldu, susanlar da. Siz də susanlardan oldunuz. Necə düşünürsünüz, sizin üçün də o məqam yetişəndə mövqe bildirəcəklərmi?

Ş.H.: Ola bilər. Mənim 65 yaşım olanda nə olacaq, onu deyə bilmərəm. Və indidən ona görə mövqe bildirmirəm.K.Ə-C.: Yəni haqlı qərar hesab edirsiniz bunu?

Ş.H.: Yox!

K.Ə-C.: Onda yeni gələn nəslə yol açılmır axı. Onların taleyi necə olsun, bəs?

Ş.H.: Yəqin, bir yolu olmalıdır.

K.Ə-C.: Aktyor səhnədə canını tapşırmalıdır?

Ş.H: Niyə də yox?! Siz niyə ironiya ilə yanaşırsınız buna? Xoşbəxtlik deyilmi? Volter deyir ki, mən sevinərəm ki, ölüm məni sevdiyim məşğuliyyət arxasında yaxalasın. Yaşlı rollarını kim oynamalıdır ki? “Qaraca Qız”da Babanı gənc aktyor saqqal qoyub oynamalıdır? Kimsə olmalıdır, axı.

K.Ə-C.: Bəs, gənclər də qüvvələrini, güclərini, gəncliklərini itirməmiş özlərini realizə etməlidirlər, axı.

Ş.H.: Gənclər işləmək istəyir, teatr yaratsın. Ortalığa elə bir sənət qoysun ki, tamaşaçı gedib baxmaq istəsin. Tamaşaçı baxmaq istəyirsə, demək, artıq sənət var.K.Ə-C.: Siz özünüz elə bir sənət nümayiş etdirirsinizmi ki, tamaşaçı qaçmasın və siz onu zalda saxlamaq üçün ştamplara əl atmağa məcbur qalmayasınız?

Ş.H.: Həmişə yox. Amma mən bacarmadığım şeyi tələbədən heç zaman tələb eləmərəm.

D.Y.: Ancaq bu məqamda gənclərdən özünüzün bacarmadığınız şeyi tələb edirsiniz. Siz etdiklərinizi təkbaşına etməmisiniz, axı, C.Səlimova və İ.Perlova kimi rejissorlar sizə yol göstərib, əlinizdən tutub, böyüklük edib. İndi niyə yoxdur böyüklük edib gənclərə yol göstərənlər?

Ş.H.: Olmalıdır.

D.Y.: Müsahibələrinizin birində deyirsiniz ki, aktyor mükafatı sevir. Ən çox arzuladığınız və ya sevdiyiniz mükafat hansıdır?

Ş.H.: Mükafat arzulamamışam. Mükafatlar həddən artıq çoxdur. 30 ildir ki, ildə, ən azı, bir mükafat alıram. Əvvəl festival çox idi. Monotamaşalar festivalı, eksperimental tamaşalar festivalı, milli klassika festivalı, bunların hamısında iştirak etmişəm, hamısında mükafat almışam. Rusiyada da ən yaxşı kişi roluna görə mükafat almışam. Amma heç vaxt mükafata görə oynamamışam.K.Ə-C.: Kamera Teatrında Cənnət Səlimovanın quruluşunda “Qodo həsrətində” tamaşasında uğurlu bir Vladimir obrazı yaratdınız. Ötən il Musiqili Teatrdakı Estraqon obrazı haqqında isə eyni şeyi deyə bilmərəm. Parlaq Didini ortabab Qoqoya çevirən nəyin yoxluğu idi?

Ş.H.: Tamaşalar var ki, aktyorun beyin yaddaşına hopur, tamaşalar da var ki, əzələ yaddaşına. Kamera Teatrındakı Qodo əzələ yaddaşımda olan tamaşalardandır. Onu uzun müddət İranda, Gürcüstanda, Rusiyada, Azərbaycanda oynamışıq. İranda iki saat yarım antraktsız oynadıq, məşhur Şekspirşünas A.Bartoşeviç bizimlə tamaşanı müzakirə etdi. Çox da xoşumuza gəldi, teatrşünas tamaşanı necə təhlil edər, onu gördük. Axı, biz əziz teatrşünaslarımızı görmürük tamaşalarımızın müzakirəsində, axı, tənqid elədiyiniz tamaşaların nəticəsinə gəlib baxmırsınız, elə bir dəfə baxırsınız, vəssalam (gülür). Mükafat da aldıq. Musiqili Teatrda isə Fərəc Qarayevin əsərinin səhnəyə gəlməsindən söhbət gedirdi. Öndə musiqi idi. Buna görə də biz əsəri amansızcasına ixtisar etdik. Həm də rejissor Yunis Vəlipurun təcrübəsizliyi var idi ortada. Özüm də bilirəm ki, bu zəif iş idi.K.Ə-C.: Düşünürəm ki, uğursuzluğun səbəbi həm də sizdən qaynaqlanırdı. Absurd teatrda qəhrəman olmur. Sizin oyununuzdakı “mən bu tamaşanın qəhrəmanıyam” iddiası tamaşanı korladı.

Ş.H.: Razıyam, bu mənim zəif yerimdir. Amma qəhrəmanlıq iddiası ağlımın ucundan da keçməyib, yəqin ki, bu, təhtəlşüurdan gələn bir şeydir. Lider olmaq istəyi isə zəif tərəfimdir. Bəzən tamaşaçı elə bilir ki, mən özümü kiməsə göstərmək istəyirəm. Aydın müəllim (Aydın Talıbzadə – red.) Don Kixotla bağlı yazısında da bunu qeyd etmişdi, mənim xarakterimi tutmuşdu. Bunu pozitiv qiymətləndirmişdi. Əslində, hər bir aktyor sağlam olaraq bunu arzulamalıdır. Mən bundan yaxa qurtarmaq istəmirəm. Heç vaxt ikinci dərəcəli rol oynamamışam. Oynamamışam deyəndə ki, verməyiblər deyə oynamamışam.

K.Ə-C.: Ərköyün öyrədiblər (gülür).

Ş.H: Hə, ərköyün öyrədiblər. Və ikinci dərəcəli rol oynayanda da o xasiyyət vurub özünü çıxarır ortalığa. Yenə deyirəm, mən bunu şüurlu surətdə etmirəm. Əgər bunu dərk etsəm, heç vaxt belə davranmaram. Mənə elə gəlir ki, hamı belə olmalıdır. Bunu tələbələrimə də deyirəm. General olmaq istəməyən əsgər kimə lazımdır, axı?!D.Y.: Sizi müxtəlif teatrlarda tamamilə fərqli rollarda görürük. Bəzən mənə elə gəlir ki, Şövqi Hüseynov bu müxtəlifliyin içində itib-batır. Sizin üçün hansı rolu oynayacağınızın bir önəmi varmı? Siz də avtobioqrafiya üçün işləyən aktyorlardansınız?

Ş.H.: Yox, bu sözdən zəhləm gedir. Bunu mənə bir zamanlar teatrda başqa formada eşitdiriblər. Yaralı yerimdir. Yaxşı, bəs, neyləyək, avtobioqrafiya düzəltməyək özümüzə? Mənə hərdən deyirlər ki, gözlə. Nəyə görə gözləməliyəm? Şikəstəm, xəstəyəm, ya nəyəm? Əgər gözləsəm, ölərəm. Bu məqamda aktyora demək olarmı ki, sən avtobioqrafiya yaradırsan? Niyə də yaratmayım?! Mən bunu bütün aktyorlara aid edirəm. Kamera Teatrında ən çox dava saldığım məsələ məzuniyyət idi. Məzuniyyət vaxtı qapıya plomb vururdular, hər dəfə onu qırıb keçirdim. Məzuniyyətdə, bəs, mən nə edim? Şairə deyə bilərsinizmi ki, məzuniyyətdəsən, yazma? Hətta tələbə vaxtı öz-özümə düşünürdüm ki, necə ola bilər insan fotoqraf, jurnalist olur, amma aktyor olmur? İnsanlar görmürmü bundan gözəl sənət yoxdur? K.Ə-C: Azərbaycan teatrının hər şeydən razı, heç nədən şikayət etməyən aktyoru Şövqi Hüseynov, mənə görə, Xumarın eşqinə donuz otarmağa razı olan Şeyx Sənandır. Sizi razı olmağa vadar edən səbəb nədir?

Ş.H.: Bu bir hissdir, mən onu necə dilə gətirim, axı. Mən harada istəsələr, tamaşa oynamağa razıyam. Təsəvvürünüzə gətirməzsiz, haralarda tamaşa oynamışıq. Mənim üçün həyatın mənası budur. Təbii ki, ailə öz yerində, onu bu həyata qatmıram. Allah oynamaq eşqimizi, tamaşaçımızı əlimizdən almasın. Təsəvvür edin, qoca qadınlar əllərində zənbil gəlib tamaşa izləyirlər. Bundan gözəl nə ola bilər? Mən o tamaşaçının qarşısında “xaltura” etsəm, özümü heç vaxt bağışlamaram. Böyük səhnələrdə bəlkə də edərəm, amma o tamaşaçının qarşısında heç vaxt.

K.Ə-C.: Oynadığınız obrazların diapazonuna nəzər salanda adam heyrətə gəlir – Qazı hara Salyeri hara, Manıs hara, III Riçard hara, Məşədi İbad hara, Şeyx Sənan hara?! Cilddən cildə girmək aktyor üçün təbiidir, bəs, bu qədər təzadlı cildləri yaratmaq həyatda bir alışqanlıq yaratmır ki?

Ş.H.: Biz yeganə sənət sahibləriyik ki, minimum iki həyat yaşayırıq: bir sənət həyatı, bir də ailə həyatı. Məndə alışqanlıq yaratmayıb. Əsgərlik yoldaşlarımla görüşürük hər ay. Hər halda, onlar bunu hiss etməyiblər. Mənim məişət həyatımda çox az vaxtım olur. Gündəlik paltarda az görünürəm. Cənnət xanım həmişə soruşurdu ki, sənin bayıra geyməyə bir paltarın var? Teatrda səhnə paltarlarında özümü daha rahat hiss edirəm. Çünki bir az gizlənmək imkanı olur.
D.Y.: Özünüz kimi yaşamaq daha asandı, yoxsa personaj kimi?
Ş.H.:
Səhnədə daha rahatam.
D.Y.: Çünki orada lider olursunuz.

Ş.H: Həyatda da elə bir problemim yoxdur.

K.Ə-C.: Deyirsiz ki, həyatdakı Şövqi Hüseynov özünü səhnədə gizlədir. Nədən gizlədir?

Ş.H.: Daha rahatam desəm, düzgün olar. Səhnədə heç bir kompleksim yoxdur. Cilddən-cildə girirəm, bəzən tam daxil oluram, bəzən əynimə böyük olur. Həyatda isə utancağam. Məsələn, toyda kimsə desə ki, şeir de, utanaram, sıxılaram. Məsələn, indi Şeyx Sənanın monoloqunu yadıma sala bilmərəm. Hesab edirəm ki, rolu elə oynamalıyam, məni küçədə tanımasınlar. Bu ideal mərhələdir mənim üçün. İstəmirəm məni tanısınlar küçədə. Tam səmimiyəm.

D.Y.: Könül bayaq vuğruladı ki, Şövqi Hüseynov ziddiyətli rollar oynayıb. Bu ziddiyət içində rollarınızı bir-birinə bağlayan nədir? Bunun içindən qırmızı xətt kimi keçən fəlsəfi fikir nədir?

Ş.H: Fəlsəfi fikri deyə bilmərəm, amma bunları bir-birinə birləşdirən Şövqidir. D.Y.: Elə bir rol varmı ki, siz deyəsiz ki, mən bunu oynaya bilmərəm?

Ş.H.: Elə şey olmayıb. Ona görə yox ki, mən hər şeyi oynaya bilərəm iddiası var.

D.Y.: Deyirsiz, bütün obrazlarınızı birləşdirən Şövqidir. Deməli, oynadıqlarınızın hamısı Şövqidir?

Ş.H.: Xarakterimə yad personajı oynamaqdan daha çox zövq alıram. Çünki daha çox zəhmət çəkirəm.

D.Y.: Bəs, özünüzdən nə qoyursunuz obrazın içinə.

Ş.H.: Özüm varam. Biz deyə bilmərik axı, yüz faiz rola girirəm, bu, mümkün deyil! Bütün rollarımda məndən bir az var. Biz özümüzdən qaça bilmərik. Ən yaxşı aktyor ömrü boyu bir rol oynayır. Ən yaxşı rejissor ömrü boyu bir tamaşa hazırlayır, qalan hamısı variasiyalardır.   D.Y.: Xaricdə çox olursunuz, sərt tənqidlərlə rastlaşırsınızmı?

Ş.H.: Azərbaycanda olub, xaricdə olmayıb. Çünki istədiyimiz tamaşanı xaricdə oynaya bilmirik. Xaricə ancaq seçilmiş tamaşaları göndərirlər. Müzakirələr olub, yazılar yazılıb. Marina Davıdova, Natalya Pivоvarova mənim haqqımda yazıb.

K.Ə-C.: Aydın Talıbzadə Musiqili teatrda oynadığınız “O olmasın, bu olsun” tamaşası haqqında çox sərt bir yazı yazdı. Sizcə, bu, obyektiv tənqid idi?

Ş.H: Bəli, obyektiv tənqid idi.

K.Ə-C.: Və o yazıdan sonra nəsə bir dəyişikliyə ehtiyac duydunuzmu?

Ş.H.: Xeyr, heç nəyi dəyişdirməyə ehtiyac duymadım. Aydın müəllim ondan əvvəlki oynadığım tamaşaya baxsaydı, elə bir məqalə yazmazdı. Amma həmin gün bərbad oynadım. O qədər bərbad idi ki, tamaşaçı ilə hec cürə kontakta girə bilmədim.K.Ə-C.: Obyektiv tənqid idisə, onda necə Məşədi İbad obrazının ifasına görə “Zirvə” mükafatı aldınız. İndi bu iki münasibətin hansı obyektivdir?

Ş.H: İkisi də obyektiv idi. Çünki “Zirvə” mükafatını təqdim edən adamlar tamaşaya baxanda tamaşa çox gözəl alınmışdı.

K.Ə-C.: Bunu bütün aktyorlar deyir. Kimə deyirsən, deyir, sən gəldiyin gün alınmamışdı.

D.Y: Niyəsə Azərbaycanda teatrşünaslar həmişə alınmayan tamaşalara baxırlar.

Ş.H.: Alınmayıb deyəndə ki, mən Aydın müəllimin yazısına haqq qazandırıram, doğru yazmışdı.

K.Ə-C.: Yaxşı belə qoyaq sualı, sizin Məşədi İbad əvvəlki Məşədi İbadlardan nə ilə fərqlənirdi, əvvəlkilərdən üstün idi, yoxsa?..

Ş.H: Üstündür deməzdim, çünki hamımız bilirik ki, bu rolu kimlər oynayıb. Mirzəağa Əliyevdən tutmuş Əliağa Ağayevə kimi sənətkarlar Məşədi İbad oynayıb. Hamının yaddaşında o personajlardır və bu stereotipi sındırmaq dəhşətli proses idi.K.Ə-C.: Sındıra bildinizmi?

Ş.H: Sındırdım ki, neçə vaxtdır bu tamaşa oynanılır. Musiqili teatrda biz onu məşq etdik, mən çox pis hala düşdüm. Afaq xanım narahat idi, premyeraya bir-iki gün qalmışdı və ortada Məşədi İbad yox idi. Cənnət xanımın da qanı qara idi. Getdim və özümlə bir gün tək qaldım. Gələn məşqə qədər saçlarımı qırxdırdım və məşqə getdim. Dedim, taluşunka istəmirəm, dedilər, bəs, belə Məşədi İbad olmaz. Dedim ki, Üzeyir Hacıbəyli yazıb ki, Məşədi İbad pəhrizdədir. Dedilər, bəs, qaş? Onu da istəmədim. Çünki mən onu gülünc bir personaj kimi görmürdüm. Məşədi İbadın əlli yaşı var, pulludur və evlənmək istəyir. Burda bir problem var ki?! Sadəcə, Gülnaz çox cavandır. Və bu personajı gördüyüm kimi də oynadım. Fərqli cəhət onda idi ki, mən heç kimi güldürməyə çalışmadım, halbuki bunu bacarardım. Əsərdə Qoçu Əsgərin bir monoloqu var. Filmdə də, tamaşada da hamı bu hissədə gülür. Halbuki bu, çox ciddi monoloqdur. Qoçu Əsgərin səsini eşidib dayanmayan insan cəsarətli insandır. Və Qoçu Əsgərin bunu danışmaqda məqsədi Məşədi İbadı gülüş obyektinə çevirmək yox, tərifləməkdir. Fikir də bununla bitir: “Sağol, Məşədi, kişi adamsan”.

K.Ə-C: Hər uğurlu kişinin arxasında ağıllı qadın dayanır, deyirlər. Şövqi Hüseynovun axrasında dayanan ağıllı qadın Cənnət Səlimovadır, yoxsa Şəbnəm Hüseynova?

Ş.H: Bayaq dedim axı, bizim iki həyatımız var. Yaradıcılıqda uğurlu bir insanamsa, arxamda Cənnət xanım kimi güclü bir qadın dayanıb, ailə həyatında uğurlu bir kişiyəmsə, təbii ki, Şəbnəm Hüseynovanın sayəsində. Yaxşı kişini qadın yaxşı edir.K.Ə-C.: Şəbnəm Hüseynova necə aktrisadır? Tərəf müqabili kimi necədir?

Ş.H.: Pis aktrisa deyil. Yaxşı təhsili var, teatrı, sənətini sevir, məktəbli aktrisadır. Amma Ş.Hüseynovaya hələ oynaya biləcəyi rollar verilməyib. Mənim tanıdığım, nəyə qadir olduğunu yaxşı bildiyim aktrisa Şəbnəm Hüseynovaya nəyə qadir olduğunu göstərə bilməsi üçün o imkanlar yaradılmayıb.

K.Ə-C.: Aktyor sənəti kimi romantik bir peşə ilə məşğul olasan və bu qədər praqmatik olasan. Bu iki bir-birinə zidd başlanğıcları necə birləşdirə bilirsiz?

Ş.H.: Mən heç vaxt proqramlaşdırılmış işlə məğul olmamışam.K.Ə-C.: “İştə, bən naili-vüsal oldum, aradım nuri-həqqi ta buldum. Seyr edib kainatı həp yorulun, arayın, siz də nuri-həqqi bulun” – deyir, Şeyx Sənan. Haqqın yolunu tapmış bir sənətçi kimi onu harada axtarmağı məsləhət görürsünüz?

Ş.H.: Özünü aldatmadan, özünə yazığın gəlmədən, əziyyətdən qaçmadan işləmək, çalışmaq. Bütün bu yolları keçsən, fikrimcə, haqqa çata bilərsən. Teatrda “bu mənim işim deyil” söhbəti olmamalıdır. Hamı hər şeyə can atmalıdır.

D.Y.: Mənim üçün Şövqi Hüseynovun belə bir portreti yaranıb: özünü teatr üçün kül edən adam. Peşman deyilsiz ki?  

Ş.H.: Hələ kül olmamışam. Kül olmaq üçün gərək bir atəş olsun. Hələ ki, yanırıq. Çalışırıq ki, daha şiddətli yanaq. Nə vaxt bitəcək, onda külümüz qalacaq.

K.Ə-C.: Yəni, deyirsiz, Qodo gələcək…

Ş.H.: Mütləq gələcək. Mən bilməliyəm ki, sabah Qodo gələcək! Əgər gəlməsə…

 

Fotolar: Razimə İsmayılova

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

“Cəza” Lənkəranda

III Şəki Beynəlxalq Teatr Festivalının milli proqramı çərçivəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Lənkəranda yazıçı-dramaturq T.Vəliyevanın əsəri əsasında hazırlanmış “Cəza” monotamaşası ilə çıxış...

“Dünyanın teatr xəritəsinə Azərbaycanın adını yazdıran aktyor” – Qasım Nağı

Soldakı şəkildə gördüyünüz məşhur Amerika teatrşünası və rejissoru, Nyu York Universitetinin professoru Riçard Şexnerdir. Bu gün dünya səviyyəsində teatr sənətinin ən mahir bilicisi kimi...

Aydın Talıbzadə – “Qum adam” – kino qeydləri

Su kimi qum da çəkir adamı özünə: sanki magiyası var. Elə ki qumsallığı gördün, üstündə ayaqyalın gəzmək, bardaş qurub əyləşmək, əllərini quma basdırmaq, onu...

Recent

Fikrət Sultanov – Mənəvi qida ehtiyacında

Azərbaycan xalqının tarixində, onun dünyagörüşünün, mənəviyyatının formalaşmasında və inkişafında milli teatr sənəti olduğca böyük, hətta demək olar, inqilabi rol oynamışdır. Teatr yaranan gündən insanların...

Mübariz Həmidov Sumqayıt teatrında

Sumqayıt Dövlət Dram Teatrına yeni təyin olunmuş direktor, Əməkdar artist Mübariz Həmidov kollektivə təqdim edildi. Öncə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini...

ƏSA Teatrında yeni tamaşa – “Adamlar və siçanlar-2. Fermadan qaçış”

Azərbaycanın ilk və tək inklüziv teatrı olan ƏSA Teatrı aprelin 29-da Gənc Tamaşaçılar Teatrının səhnəsində növbəti dəfə tamaşaçılarla görüşəcək. Bu barədə məlumatı ƏSA Teatrının...