Mövqe Aydın Talıbzadə - LİMBO VƏ LİMPOPO

Aydın Talıbzadə – LİMBO VƏ LİMPOPO

-

Nəticə yox, cəhd alqışlanır.
“Limbo” tamaşadır, Limpopo – Afrikada çay adı: bir vaxtlar rus uşaq yazarı Korney Çukovski meymunları xəstəlikdən xilas etmək, epidemiyanın “ölüm” qışqıran ağzını yummaq üçün öz qəhrəmanı doktor Ayboliti məhz bu çayın sahillərinə göndərmişdi.
Razılaşaq ki, Limpopo Limboya əla qulaq qafiyəsi olur. Elə bəlkə K.Çukovski də öz “Doktor Aybolit” nağılında bu adların oxşarlığından bəhrələnib, sovet gerçəkliyinin kontekstini düşünərək Ezop dilində mənalarla oynayıb, Limpopoda Limbo əlamətlərini kodlaşdırıb. Bu, bilgimin mənə pıçıldadığı müqayisədir, intellektimin tamaşanı işarələr, bildiricilər zəncirindən düzülmüş bir tekst kimi oxumaq çabasıdır.
dOM teatrı gündəmdə ola bilərdi, Azərbaycan teatr mədəniyyətinin sensasiyası ola bilərdi: çünki ilk dəfə immersiv teatr nümunəsi sərgiləməyi, seyrçiləri yeni teatr türü ilə tanışdırmağı qəsd eləmişdi. Amma, hayıf ki, olmadı. Hər şey otaq teatrı çərçivəsinə dönüşdü. Bax, mən də həmin bu “niyə olmadı?” məsələsini bir balaca təhlilə çəkmək istərdim.
Bakıda yenicə yaranmış avanqard niyyətli teatrın adını, yəni “dOM”-u “doktor OM”, “dəli OM”, “dəniz-dağ-dərə OM” və daha min cür leksik qarşılaşdırmalardan faydalanıb çözmək mümkündür, ruscadan tərcümə eləyib ev kimi də çözmək mümkündür. Hətta mümkündür ki, onu şifrələnmiş mantra qismində də anlayasan: bu o deməkdir ki, spektral təfsir çoxluğu yasaqlanmır. Hərçənd bütün bu yozumlar nəticəyə heç bir təsir göstərməyəcək, tamaşaya əlavə bonuslar gətirməyəcək, olsa-olsa cəhdi eyhamlaşdıracaq.
İmmersiv teatr alternativ teatr növüdür, müasir teatr dəbini diktə edən formalardan biri sayılır və bu dəb hələ də ötüşməyib, özünü hələ də tükətməyib: bizə yalnız indilərdə gəlib çatır. Peşəkar dairələrdə onu “gəzinti teatrı”, “var-gəl teatrı” da adlandırırlar. Ona görə ki, burada “dördüncü divar” illyuziyası yoxdur, seyrçilər aktyorlara qoşulub oyun hüdudlarında tərəfmüqabil aktivliyini təmin etmək haqqına malikdirlər. İmmersiv teatr seyrçilə aktyor arasındakı şərti bölgü məsafəsini sıfra endirir: o həddə endirir ki, orada tamaşaçı hadisə məkanını və ya ovqatlar məkanını aktyorla birgə gəzib dolanır, onunla göz-gözə, iç-içə qalır, oyunun süjetinə assosiativ deyil, həqiqi iştirakçı kimi daxil olur.
dOM teatrı da möhtəşəm xalça muzeyinin üçüncü mərtəbəsində immersivliyə iddialı “Limbo” tamaşasını Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Komitəsinin dəstəyilə hazırlamışdı. Tamaşanın rejissoru “Poliqon” yaradıcılıq platformasının bədii rəhbəri, alternativ teatr formalarının mövcudluq imkanlarını öyrənən və bu formaları Bakının teatr “poliqon”unda sınaqdan keçirməyə çalışan Tərlan Rəsulov idi, mətn müəllifi isə cavan bir yazar İsmayıl İmanov.
Ondan başlayaq ki, “limbo” sözü nə demək? Latıncadan tərcümçədə “limbus” kəlməsi sərhəd, hüdud, hədd mənalarının cızdığı çənbərdə anlaşılır. Dantenin “İlahi komediya”sında limb cəhənnəmin birinci dairəsidir. Katolik kilsəsinin ehkamları müstəvisində isə limbo cənnətlə cəhənnəmin arasında məsafədir, Ərafdır, başqa sözlə, təmizlənmə stansiyasıdır, harada ki cənnət və cəhənnəm əhli əməllərinə görə müəyyənləşdirilir. Limbo, topladığım məlumatlara əsaslanıram, həm də proqramlaşdırma dilidir, paralel dünyadır, rəqsdir.
“Limbo” tamaşası bu mənaların bəzisini seyrçilər hüzurunda aktuallaşdırmağa çalışır. Asma körpü təəssüratı oyadan muzey mərtəbəsinin geniş steril dəhlizində dOM teatrı öz tamaşasını teatr.doc formatında vağzaldan və ya stansiyadan canlı reportaj, realiti-şou kimi başlayır. Məkana çamadanlar, əl çantaları səliqəsiz bir şəkildə dağıdılıb: onlar sanki qaçqın, köçkün kimsəsizlərin dərd, kədər dolu sərgərdan həyatını rəmzləşdirir. Bu adamlara hamı problem kimi baxır: yurdsuz, ac, yoxsul insanlar – XXI əsrin səfilləri – kimə lazımdır ki?
Mövzu yetərincə aktualdır və gündəmdən enmir. Zavallı qaçqınlar, köçkünlər Afrikadan, ərəb ölkələrindən günü bugün çəyirtkə kimi Avropaya daraşıblar və Avropa bilmir ki, bu enerji artıqlığını yenidən necə normaya qaytarsın. Azərbaycanın da hər yeri məcburi köçkünlərin ləpirlərilə naxışlanıb. Ona görə dOM teatrı istəyir ki, qaçqınların, köçkünlərin ağrı dodekafoniyasını məkanda səsləndirsin, biganəlik dəhlizini vurub sındırsın, öz seyrçilərini onların yaşantılarına şərik eləsin, ayaq üstə dayanıb oyuna baxan və nəyinsə baş verməsini gözləyən tamaşaçılara başqasının problemlərinə münasibətdə daha həssas olmağı aşılasın.
Məram, niyyət çox qutludur. Lakin bu məramın realizəsi heç bir seyrçiyə içdən toxunmur, onu aktyorların təmsil etdiyi personajlarla empati qurmağa, bu adamların ağrısını öz ağrısı kimi qavramağa, vəziyyətə adekvat olub limbonu, yəni əraf məkanını qaçqınlarla, köçkünlərlə birlikdə bölüşməyə sövq eləmir.
Limbo eqo və basqılarla, gündəlik həyatın pozitiv və neqativ emosiyaları ilə dolu bir xaosdur. Xaos olduğu üçün də dəhşətlidir; di gəl ki, teatr xaos içrə hökm sürən gərginliyi öz tamaşaçılarına ötürməyin yollarını, vasitələrini tapmayıb. Epizodlar qırıq-qırıq və yarımçıqdır, limbo içrə isə hər bir aktyor öz bacardığı qədər, öz ştampları qədər, öz enerjisi, özü qədərdir. Çünki teatr vahid ritmdə, vahid atmosferdə seyrçiləri aktyorlara, aktyorları personajlara qata bilmir: özgəlik duyğusu bir an da tamaşaçını tərk etmir. Halbuki köçkünlər vağzalında, yəni limboda, Ramiz Rövşən demişkən, “dərd dərdin ipini çəkir”. Amma buna rəğmən aktyorlar öz personajlarını tanıtmaqda, onların kimliyini bəlirtməkdə müşkülə düşürlər: seyrçi isə tanımadığı bir insanın ardınca yol alıb gedə bilməz, onunla dostlaşa bilməz, sevgisini və nifrətini paylaşa bilməz və özündə qapanıb qalar.
Tamaşa boyunca mən gördüm ki, aktyorlar, istər Yaqut Paşazadə, istər Qasım Nağı, istər Ər-Toğrul, istər Mirsahib, istərsə də “Poliqon” yaradıcılıq platformasının üzvləri, bir sənətçi kimi öz personajları ilə birlikdə çox tənha və köməksizdirlər: sanki sonacan nə edəcəklərini kəsdirə bilmirlər, seyrçilə aktiv ünsiyyət qura bilmirlər. Mətn potensial olaraq aktyorlara heç nə vermir, məkanda isə ünsiyyət, davranış ritmi yaranmır. Ona görə həm o tərəf, həm də bu tərəf təmas nöqtəsini, həqiqət anını bulmaqda zorlanır. Əslində, ideya bundan ibarətdir ki, tamaşanın finalında bütün seyrçilər limbo zonasına daxil olub bu məkanı qaçqın və köçkünlərlə paylaşsınlar, öz hüzurları ilə xaosu harmoniya vəziyyətinə dönüşdürsünlər.
Elə buradaca daha bir sual ortaya çıxır: limbo, yəni əraf, yəni təmizlənmə stansiyası kimin üçündür? Binəva qaçqınlar və köçkünlər üçün, yoxsa onları bu hala salan üzdən iraq, Hüseyn Cavid diliylə söyləsək, “tülkü-siyasilər”dən ötrü? Nədən ki günahsız müqəssirlər silsiləsinin adamlarıdır qaçqın və köçkünlər… Zəmanəyə, soisal-siyasi-ictimai-iqtisadi oyunlara qurban gətirilən insanlardır qaçqın və köçkünlər…
“Limbo” dOM teatrının birinci tamaşasıdır. Birinci kündə həmişə küt gələr. Olsun: cəhdin dəyəri bununla heç də azalmır. Moskva bir günə tikilməyib ki? Bir də, mənim fikrimcə, immersiv tamaşa planı cızılarkən mütləq azərbaycanlı seyrçinin mental, emosional xüsusiyyətlərini, onun özünüifadə müstəvisində utancaq inertliyini, hər gördüyünə şübhə ilə yanaşmaq şakərini nəzərə almaq gərək.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Son yazılar

Xəyalə Rəis – “Sən istə, yetər”

Elə bil dünən mövsümlə vidalaşıb tətilə yollanmışdıq, bir də onda ayıldıq ki, yeni mövsüm qapımızın kandarındadır. “Mən gəldim” –...

Şah Mat Teatrının “Stullar”I

Azərbaycanın "Zirzəmi teatrı" üslubundakı ilk teatrı ŞAH MAT 3-cü mövsümünü Ejen İonsekonun “Stullar” tamaşası ilə açacaq. Tamaşa 5 sentyabr...

ADMİU-da “Boksçu” adlı tamaşa hazırlanıb

Sentyabrın 9-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Əməkdar artist Nofəl Vəliyevin quruluşunda yapon müəllif Kobo Abenin "Zamanın uçurumu"...

Emin Əliyev – “Sözün rəqs etdiyi yer, yaxud Rəqs teatrı”

Rəqs teatrı deyəndə gözümüzün önünə kimlər gəlir? Pina Bauşun “Tanztheater”i, Hicikata Tatsumi və Ohno Kazuonun “Buto” rəqsi, “Sasha Valtz...

YUĞ Teatrı yeni mövsümə hazırdır

Sentyabr ayının 3-də YUĞ Teatrında yeni teatr mövsümünün başlanması ilə bağlı yığıncaq keçirilib. Tədbirdə Teatrın direktoru Əməkdar mədəniyyət işçisi...

Gənc Tamaşaçılar Teatrında yeni mövsümün açılışı oldu

Sentyabrın 3-də Gənc Tamaşaçılar Teatrı yeni mövsümü açıq elan edib. Açılış münasibətiylə bir yerə toplaşan teatr kollektivi ötən mövsümün...

Çox oxunanlar

Xəyalə Rəis – “Sən istə, yetər”

Elə bil dünən mövsümlə vidalaşıb tətilə yollanmışdıq, bir də...

Şah Mat Teatrının “Stullar”I

Azərbaycanın "Zirzəmi teatrı" üslubundakı ilk teatrı ŞAH MAT 3-cü...
- Advertisement -

Oxumaq məsləhət görülürOxşar yazılar
Sizin üçün seçdik