Ana səhifə » Dramaturgiya » Aydın Talıbzadə – “Alma”

Son yazılar

Xəbər
Fevral 22, 2019

Bakı Uşaq Teatrı “Nəsimi ili – Nəsimi dili” Festivalı keçirəcək

Müsahibə
Fevral 21, 2019

“Bermud üçbucağı”nda – Şövqi Hüseynov

Teatr-Tamaşaçı
Fevral 21, 2019

“Boş məkanın dolğunluğu” 2-ci Eksperimental tamaşalar festivalı

Xəbər
Fevral 22, 2019

Mingəçevir teatrının səhnəsində “Ayı”

Sərəncam
Fevral 22, 2019

Teatrın yenidən qurulması işləri haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Xəbər
Fevral 21, 2019

Bolqarıstanda Xocalı soyqırımına həsr olunmuş tamaşa

Xəbər
Fevral 20, 2019

Musiqili Teatrda “Balaca Şahzadə”nin premyerası olacaq

Mozaika
Fevral 20, 2019

Yarat “İnsan: özünü tanı” proqramını təşkil edir (R)

Kino
Fevral 20, 2019

Əlisəfdər Hüseynov – Fazil Salayevin gözləri…

Xəbər
Fevral 20, 2019

Dərbənddə “Dağılan tifaq”ın premyerası

Mövqe
Fevral 18, 2019

Məleykə Məmmədova – Ağıllı adamlar və axmaq ümidlər

Kino
Fevral 18, 2019

Bir şəklin tarixçəsi – “Yeddi oğul”dan kimlər getdi, kimlər qaldı…

Xəbər
Fevral 16, 2019

Lənkəran teatrında yeni tamaşanın premyerası olub

Xəbər
Fevral 15, 2019

Milli Teatr gününə Musiqili Teatrın hədiyyəsi

Xəbər
Fevral 15, 2019

Ağdam Dövlət Dram Teatrında dörd yeni tamaşa hazırlanacaq

Xəbər
Fevral 15, 2019

ADMİU-nun tələbəsinə Vaqif Əhmədov adına təqaüd təqdim edilib

Mövqe
Fevral 14, 2019

Nigar Pirimova – 6 yaşınız mübarək, “Oyuq”çular…

Afişa
Fevral 14, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (14 fevral– 20 fevral)

Mövqe
Fevral 14, 2019

Oldos Haksli – Teatrın sirri (Esse)

Xəbər
Fevral 14, 2019

“Boş məkanın dolğunluğu-2” Teatr festivalı yaxınlaşır

Xəbər
Fevral 14, 2019

ADMİU “Nəsimi ili” ilə bağlı tədbirlər planı hazırlayıb

Mövqe
Fevral 14, 2019

Xəyalə Rəis – TEATRŞÜNAS HARADA İŞLƏYƏ BİLƏR?

Mövqe
Fevral 14, 2019

Nigar Pirimova – “Buratino” ilə görüş

Xəbər
Fevral 14, 2019

Beynəlxalq Muğam Mərkəzində “Kərgədan buynuzu” tamaşası nümayiş olunacaq

Persona
Fevral 13, 2019

Fuad Poladovun şəxsi arxivi Teatr Muzeyində – Saatı, eynəyi, şərfi… – FOTO

Xəbər
Fevral 13, 2019

Azərbaycan Tehranda keçirilən teatr festivalında iştirak edir

Xəbər
Fevral 13, 2019

Teatr Muzeyinin 85 yaşı qeyd olunacaq

Müsahibə
Fevral 13, 2019

Hanı bu kinoların musiqisi?

Müsahibə
Fevral 13, 2019

Anar Heybətov – “Ən böyük tənqidçim qızımdır”

Müsahibə
Fevral 12, 2019

Rasim Cəfər: “Yavaş-yavaş “yox” deməyi öyrənirəm”

Aydın Talıbzadə – “Alma”

(fasiləsiz oynanılan pyes-mif)

KİŞİ
QADIN
MASKA-QANUN
MASKA-AİLƏ
MASKA-ƏXLAQ
MASKA-ADƏT
ANDLILAR

Türmədə və ya yuxuda və ya o biri dünyada görüş yeri. Divarları iri plastik pəncərələrdən ibarət çox işıqlı bir otaq. Stolun bir başında Kişi, o biri başında Qadın üzbəüz əyləşiblər. Qadın Kişiyə sarı baxmır.

Kişi. Bax mənə.
Qadın. Yox.
Kişi. Utanırsan, hə?
Qadın. Utandım, ya utanmadım, mən səni görmürəm.
Kişi. Bax mənə, deyirəm sənə.
Qadın. Yox.
Kişi. Onda niyə gəlmisən?
Qadın. Deyəydim ki, getmirəm? Qocalar xahiş elədilər.
Kişi. Sən qocaları məndən çox istəyirsən?
Qadın. Mən səni istəmirəm.
Kişi. Bax mənə.
Qadın. Yox.
Kişi. Çıxım gedim?
Qadın (ayağının yanına qoyduğu zənbillərə toxunaraq). Sənə yemək, siqaret, bir də alma gətirmişəm.
Kişi. Kimin puluna?
Qadın. Fərq eləmir.

Pauza. Hər ikisi susur.

Kişi. Mənə bir dənə alma ver.
Qadın (eşələnib zənbildən alma çıxarır). Al, bu da sənə alma. (almanı stolun üstü ilə ona sarı dığırladır).
Kişi (almanı tutur, dişləyir, şaqqıldadıb yeyir). Təzə nə xəbər var?
Qadın. Heç nə.
Kişi. Anam neyləyir?
Qadın. Ayaqları ağrayır, bir də ağlayır.
Kişi (almanı şaqqıldada-şaqqıldada). Sən onu ağlamağa qoyma.
Qadın. O ağlamır ki… göz yaşını ovcunun içinə töküb gəzdirir, hər çatana ovcunu açıb göstərir ki, görürsüz, oğlum yoxdur, oğlumdan elə bu qalıb.
Kişi. Daha nə eləyir anam?
Qadın. Mənə qarğış eləyir. Deyir, sənsən günahkar. Deyir, sənə rast gələn yerdə oğlumun gözləri kor olaydi, başına daş düşəydi. Deyir, sən onu basdırdın. Deyir, birdəfəlik boşan, get xarabana.
Kişi (almanı yeyə-yeyə). Xətrinə dəymə.
Qadın. Onu görəndə ürəyim əriyib suya dönür.
Kişi (almanı xartıldada-xartıldada, kinayəli).  Yalan danışma.
Qadın (xəfif təbəssüm). Mən səndən incimirəm.
Kişi. Niyə məndən ayrılmırsan?
Qadın. Mənası nədi?
Kişi. Axı sən bütün ömrün boyu uşaq arzulamısan?
Qadın. Daha səni hara atım?
Kişi. Mən səni çox sevirdim.
Qadın. Deməli, mən keçmişəm?
Kişi. Mən səni həmişə sevirəm o günə qədər. Həmişə də  sevəcəyəm o günə qədər…
Qadın. Sənin sevgin o gün dayandı. Sən tükəndin.
Kişi. Bax mənə.
Qadın. Olmaz.
Kişi (qəzəblə almanı divara çırpır). Bax mənə.
Qadın (çox sakit). Mümkünsüzdür.
Kişi. Burda mənə əziyyət verirlər.
Qadın. Sən qorxursan?
Kişi. Mən söyüşə dözmürəm.
Qadın. Nəyə dözürdün ki?
Kişi. Sənə dözürdüm.
Qadın. Məgər bilmirdin ki, mən küçə qızıyam?
Kişi. Yox, bilmirdim.
Qadın. Özünü tülkülüyə qoyma. Bunu atamdan başqa hamı bilirdi.
Kişi. İndi yenə küçələrdə fırlanırsan?
Qadın. Yox. Maşınlarda gəzirəm.
Kişi. Mənə bir dənə də alma ver.
Qadın. Bu dəfə almanı başıma çırpmaq istəyirsən?
Kişi. Mənə demişdilər, amma inanmırdım.
Qadın. Hələ də səni başa düşmürəm.
Kişi. Bax mənə.
Qadın (başqa bir alma götürüb Kişiyə sarı dığırladır). Başa düşmürəm, vəssalam.
Kişi (almanı xartıldadır). Başa düşmürsən, ya istəmirsən?
Qadın. Əgər belə qeyrətliydin, məni niyə alırdın?

Pauza

Kişi. Sən məni aldatmısan. Sən mənə gözümün içinə baxa-baxa yalan demisən.
Qadın. Nəyi yalan demişəm, nə vaxt yalan demişəm? Məgər məni qız almışdın?
Kişi (almanı dişləyir). Onun dəxli yoxdur. Səni dişləyib üstümə atmışdılar.
Qadın. Kənara çəkiləydin.
Kişi. Əvvəlinci dəfə, ya  axırıncı dəfə? Sən hansını deyirsən?
Qadın. Hər ikisini.
Kişi. Bacarmadım. Səni sevirdim.
Qadın. Yenə keçmiş…
Kişi. Daha gələcək yoxdur. Daha gəlmə məni görməyə.
Qadın. Onsuz da mən səni görmürəm.
Kişi. Mən burdan sağ çıxmayacağam.
Qadın. Bəsdir, bu qədər qorxaq olma. Sənə ki, ölüm cəzası kəsmədilər.
Kişi. Məni öldürəcəklər, biləndə ki…
Qadın. Biləndə ki sən xüsusi vəhşiliklə…
Kişi (almanı dişləyir). Bax mənə.
Qadın. Sənə baxsam, daşa dönərsən.

Qaranlıq. Azacıq pauza. Sonra qapı zəngi çalınır. Daha sonra işıq. Çox zəngin bir mənzil. Qapı zəngi bir də çalınır. Yenə sükut. Daha sonra açarların səsi eşidilir. Qadın içəri daxil olur, çəkmələrini soyunur, keçib divanda əyləşir. Müasir geyimdədir, fikirlidir. Kişi yan otaqdan çıxıb əlində çox gözəl bir buket səssizcə arxa tərəfdən qadına yaxınlaşır.

Kişi (Qadına yaxınlaşıb dayanır. Pauza. Sonra isə sevgilə). Bax mənə.
Qadın (üzünü Kişiyə doğru çevirir, təəccüb və sevinclə). Aaa… Nə gözəl çiçəklərdir, mənə almısan?
Kişi. Burda səndən başqa bir kimsə də var bəyəm?
Qadın (ayağa durur). Mən evə girəndə elə bilirdim içəridə heç kim yoxdur. Sonra sən çıxdın hardansa… Bəlkə yenə kimsə gizlənib?
Kişi (arxa tərəfdən önə keçib buketi Qadına uzadır). Yalnız sənin üçün. Sənin gözəlliyin üçün. Məni seçdiyin üçün (istəyir Qadının dodaqlarından öpsün, amma Qadın ona yanağını öpdürür).
Qadın (buketi alıb xəfifcə gülümsünərək). Həəəə, nə münasibətlə
Kişi (biraz incik). Səni təbrik eləyirəm, bugün düz yeddi ildir ki, toyumuz olub.
Qadın. Qəribədir, sənin romantikliyin ölmür.
Kişi. Niyə də ölməlidir?
Qadın. Yeddi ildir toyumuyz olub, yeddi ildir uşağımız olmur. Biz hələ də qara çadırda oturmuşuq, qara qoyunun qara ətindən yeyib bədbəxtliyimizə boyun əyirik. Sənsə deyirsən bayram…
Kişi (söhbətdən qaçmaq istəyir: görünür ki, bu cür suçlamalara alışqandır). Nə deyirsən, bu günü qeyd eləməyək? (öz pərtliyini büruzə verməmək üçün) Mən acımışam axı. Günorta da əməlli heç nə yeyə bilməmişəm. Daha doğrusu, ona görə yeməmişəm ki, səni gözləmişəm.
Qadın. Sən yenə yayınırsan məsələdən (Buketi divanın üstünə atır)?
Kişi (dilxor). Yeddi ildə hər gün olduğu kimi (divana əyləşir, buketi götürüb qucağına qoyur). Məgər bu, bizim xoşbəxtliyimizə əngəldir?
Qadın. Bəyəm biz xoşbəxtik? Biz havaxt xoşbəxt olduq ki? Mənim artıq 32 yaşım var. Günü gündən ana olmaq şansım da azalır. Ətrafıma baxıram, biri uşağını baxçaya aparır, biri məktəbə. Mənsə bir həsəd içindəyəm. Yox, paxıllanmıram, kövrəlirəm, gözlərim yaşla dolur. Fikirləşirəm ki, niyə mənə balaca, tupurcana bir körpə nəsib olmasın? Niyə mən körpə qığıltısını eşitməkdən məhrum olum? Sənin vecinə deyil ki, mən yeddi ildir bu əzabı çəkirəm.
Kişi (azacıq hökmlə). Əyləş.
Qadın. İstəmirəm.
Kişi (fikirli). İndi mən neyləyim? Sifarişlə körpə doğulmur ki? Sən yaxşı bilirsən ki, uşaq mənim ücbatımdan olmur. Amma hər dəfə cumursan mənim üstümə. Yüz yerə gedib müalicə aldım. Olmadı. Yüzünü də sən tapdın. Yenə olmadı. Əlacsızam, əzizim, əlacsız. Niyə hər dəfə mənim qanımı qaraldırsan? Sənə demişəm ki, əgər uşaq götürmək istəyirsənsə, götür, lap mənim qardaşımın oğlunu götürüb saxlayaq.
Qadın. Mən özgə uşağını götürüb saxlamağın əleyhinəyəm.
Kişi. Onda bir yol qalır: gərək biz boşanaq.
Qadın. Boşanmaq nə üçün?
Kişi. Bəs sənin təklifin nədir?
Qadın. Heç nə. Süni mayalanma. Bir tək sən iştirak eləməyəcəksən bu prosesdə. İştirak eləyəcəksən (gülümsünür), amma müşahidəçi kimi. Mən uşağa doğma ana olacağam, sənsə atalıq. Ancaq biz o uşağa deməyəcəyik ki, sən onun atası deyilsən: uşaq səni həmişə öz atası kimi tanıyacaq.

Pauza

Kişi. Bir yüzəlli qram içərdim (pauza), ya da özümü güllələrdim.
Qadın. Niyə bunu faciəyə döndərirsən? Burda nə var ki?
Kişi. Anlamırsan, ya özünü xamlığa qoyursan?
Qadın. Əlbəttə ki, anlamıram.
Kişi. Əyləş.
Qadın. Yaxşı, əyləşdim (divana əyləşir). Nə dəyişir ki?
Kişi. Al bu buketi də, qoy dizlərinin üstünə.
Qadın (xəfifcə gülümsünərək). Yox, mən onu sinəmə yapışdıracağam, lap öpəcəyəm (buketi dodaqlarına yaxınlaşdırır) onu, təki sən mən deyənlə razılaş.
Kişi (ironik). Başqa kişidən süni mayalanmaya?
Qadın. Başqa kişidən yox, donordan.
Kişi. Onun atası hər hansı bir oğru, qatil, xuliqan ola bilər. Çünki anonimdir: sən onun kimliyini heç vaxt bilməyəcəksən.
Qadın. Niyə məhz ancaq cəmiyyətin tör-töküntülərindən misal gətirirsən? Onun atası niyə də cərrah, müəllim, vəkil, rəssam olmasın? Bir də bunu öyrənmək nə çətin məsələdir ki?
Kişi (gülümsünür). Sən axı bunu təsəvvür eləmirsən. Hansı normal kişi gedib öz spermasını satar? Heç bunu düşünmüsən?
Qadın. Onsuz da heç kəs heç nədən sığortalanmayıb.
Kişi (ayağa qalxır). Bəsdir. Olmaz dedim, deməli, olmaz.
Qadın. Axı niyə?
Kişi. Mən dözə bilmərəm ki, sənin içində başqa bir kişinin nəsli cücərib böyüsün.
Qadın. Bəs bu neçə ili sən necə dözürsən, bilə-bilə ki…
Kişi. Sus, axmaq. Səni ki mən sevməmişəm, mən sənin dəlin olmuşam. Hər şeyə göz yumdum, hər şeyi bağışladım, hər şeyi unutdum; unutdum ki, sən mənim olasan, sən mənim arvadım olasan.
Qadın (ayağa qalxır). İndi nə dəyişdi ki?
Kişi. Həqiqətən sən bunu anlamaq iqtidarında deyilsən?
Qadın. Nəyi anlamaq iqtidarında deyiləm?
Kişi. Onu anlamaq iqtidarında deyilsən ki, sən bu dünyada yalnız mənə məxsussan, yalnız mənimsəm.
Qadın (az qalır çığırsın). Yooox…
Kişi (arxayın). Hə… Çünki mən səni almaq üçün alçalmağa belə razılaşdım. Ən aşağı kişi olmağa razılaşdım. Görmədim, eşitmədim, dinmədim. Səni aldım, xanım elədim. İndi bu, mənim çoxsağolumdur?
Qadın. Azadlığım əvəzinə.
Kişi. Qadınlar azadlıqla fahişəliyi həmişə qarışdırırlar. Daha bir də ora enməyəcəyəm, sənin nazınla oynamayacağam. Daha sənə heç bir kişinin əli dəyə bilməz, sənin bətnində özgə bir kişinin uşağı böyüyə bilməz. Bir də bu söhbətin üstünə qayıtma.
Qadın. Sən doğrudan məni sevirsən?

Qaranlıq. Qapının zəngi çalınır. Sonra bir də çalınır, bir də. Projektor səhnədə iki ağ kreslonu görükdürür. Kreslolar bir-birindən xeyli aralıdır və üzü seyrçilərədir: onlardan birində Qadın, digərində Kişi yatıb. İçəriyə dörd maska, – Əxlaq, Qanun, Ailə, Adət, – daxil olur. Həməncə Qanun və Ailə maskaları Kişinin, Əxlaq və Adət maskaları isə Qadının yanına keçib dayanırlar, vəziyyəti müzakirə etməyə başlayırlar. Fikir xaosu. Dialoqlar zamanı Kişiylə Qadın gözlərini açacaqlar, mürgülü-mürgülü, amma tamamən bir-birini görmədən, sanki hipnoz vəziyyətdə qalıb danışacaqlar.

Maska-Qanun. Sən razılaşmalısan, qanun onun tərəfindədir.
Kişi (kreslodan tərpənmədən). Mən özümə əmr eləyə bilmirəm.
Maska-Qanun. Qadının hüququ çatır buna. Onun səndən boşanıb başqasından doğmaq haqqı var.
Kişi. Biz boşansaq, mən ölərəm.
Qadın. Sən sevgini girov saxlayırsan.
Maska-Qanun. Bir şeyin ki konkret dəyəri yoxdur, ondan girov olmur.
Maska-Adət. Düzdür, dəyərsizdir, gözlə görünmür, varla yoxun, yalanla doğrunun arasında gizlənib. Amma varlığından da, yoxluğundan da hamı əziyyət çəkir. Sevgi bir gün ya dinə gətirib çıxarır, ya da cinayətə.
Qadın. Ya da dəliliyə.
Maska-Qanun. Din də, cinayət də elə dəlilik variantıdır.
Maska-Ailə. İdris elə Helenin dəlisiydi də.
Kişi. Keçmiş zamanda danışmayın.
Maska-Qanun. Dəliliklə cinayət bir-birinin içindədir. İnsan dəli olmasa, qanunu pozmaz. İnsan dəli olmasa, din yaradıb könüllü şəkildə öz-özünü həbs eləməz.
Maska-Əxlaq. Hər sevgi bir cür dərddi. Ola bilməz ki, insanlar sevməsinlər?
Qadın. Dünyanı sevgi yaradıb, sevgi də xilas edəcək.
Maska-Qanun. Kimdən və nə üçün? Dünyanın xilası kimi absurd bir düşüncə yoxdur. Hətta qanunlar belə dünyanı xilas etməkdə acizdir.
Maska-Ailə. Bu dərəcədə eqoist olmaq mümkündürmü? Axı biz nəvə görmək istəyirik.
Qadın. Yollarımız ayrılır.
Maska-Əxlaq. Deməli, sən hələ olmamış uşağına görə ərini atırsan.
Kişi. Yox, mən səni buraxmıram. Sənin kəbinin boş deyil. Sən mənim varlığımın bir hissəsisən. Mən səndən vaz keçə bilmərəm.
Maska-Ailə. Onda razılaş.
Kişi. Bacarmıram.
Maska-Ailə. Necə yəni bacarmıram? Heç bu da sözdür?
Maska-Qanun. Sən təhrikedici danışırsan. Sonucda hamı hər şeylə razılaşır.
Maska-Adət. Qeyrəti itə atıblar, it yeməyib.
Qadın. İtin burda nə işi?
Maska-Adət. Zərbül-məsəldir.
Maska-Əxlaq. İnsan mənəviyyatı ilə bacarmır, bu, onun üçün ağırdır. Siz ondan nə istəyirsiz?
Maska-Ailə. Biz də nəvə oynatmalıyıq, ya yox?
Qadın. Mənə ana olmaq nəsib olacaq?
Kişi. Övladlığa uşaq götürüb saxla.
Maska-Əxlaq. Axı onun günahı yoxdur ki, fiziki zəifliyi var?
Maska-Qanun. Heç kim onun fiziki zəifliyini müzakirə obyektinə çevirmir.
Maska-Ailə. O ya boşanmalıdır, ya da icazə verməlidir ki, biz qızımızı xaricə göndərək. Süni mayalanma nə vaxtdan qeyrət məsələsi olub?
Maska-Adət. Burda bunu eləmək mümkün deyil bəyəm?
Maska-Ailə. Niyə də risk eləyək? Almaniyada bu işin əla mütəxəssisləri var. Bu, bir. İkincisi də, nə dil bilər, nə dodaq
Maska-Qanun. Hamının seçimi azaddır.
Kişi. Bəs məhəllə, qonşular, dostlarım mənə nə ad qoyacaq?
Qadın. Sən elə bundan qorxursan. Qorxma, hamı elə biləcək ki, uşaq sənin doğma uşağındır.
Maska-Adət. Bu şəhərdə ala qarğa bala çıxara bilməz.
Qadın. Kimdir ala-qarğa?
Maska-Adət. Heç, zərbül-məsəldir.
Maska-Əxlaq (qadına). Sən nə üçün taleyinlə barışmırsan, elə daim yaxşının yaxşısını arzulayırsan? Axı, sənin arzuların başqasının əziyyətinə çevrilir.
Maska-Ailə. Hamının qismətinə yazılmış bir şeydən biz niyə məhrum olmalıyıq ki? Nəyimizə gərəkdi belə kürəkən?
Maska-Əxlaq. Bu cümlədə təhqir tərkibi var.
Qadın. Onda Siz onu dilə tutun, razılaşsın.
Maska-Ailə (Kişiyə). Sən buna öz sevgini itirməmək üçün “hə” deməlisən.
Maska-Qanun. Qanun sevgi qarşısında geri çəkilir: sevgi zonasına daxil olmağa ona ixtiyar verilməyib.
Kişi. Deməli, mənim arvadımın qarnında özgə bir kişinin uşağı böyüyəcək, mən də…
Maska-Ailə. Axı burada fiziki təmasdan söhbət getmir.
Kişi. Hər halda mənim arvadımın bətnində özgə kişinin qanından olan birisi yaşayacaq. Bu elə o deməkdir ki, mənim arvadım özgə kişiylə yaşayacaq.
Maska-Əxlaq. Düz deyir.
Maska-Adət. Keçəl Həsən, ya Həsən keçəl.
Kişi. Bu keçəl Həsən hardan çıxdı?
Maska-Adət. Heç, zərbül-məsəldir.
Maska-Ailə. Sən elə düşün ki, həyata sıfırdan başlayırsan. Elə düşün ki, Heleni əliuşaqlı almısan, dul almısan, yetimçəsi yanında almısan. Onda Helenin balası sənin də balan olmayacaqdı? Niyə qəlizləşdirirsən  məsələni bu qədər?
Maska-Qanun. Sən əgər razılaşsan heç bir problem olmayacaq.
Maska-Əxlaq. Gəlin gedək, sonrası daha bizlik deyil.
Maska-Ailə. Razılaşacaq.
Maska-Adət. Zəmanə dəyişib, indi heç kim onun haqqında nə deyiləcəyini düşünmür. Başqaları artıq cəhənnəm deyil, sıfırdır. Başqaları olmayanda adətlərə ehtiyac qalmır.

Maskalar gedirlər. Pauza. Kişi və Qadın öz yerlərində əyləşiblər. Səhnədə təyyarə səsləri və davamlı uçuş elanları ilə aeroport təəssüratı yaradılır.

Qadın. Məgər sən mənim xoşbəxtliyimi istəmirsən?
Kişi (ayağa qalxır). Hayıf, mən səninlə uça bilmirəm.
Qadın (ayağa qalxır). Pis fikirləri qov getsin: sən ata olcaqsan, mən ana…
Kişi. Bundan sonra görəsən, biz necə yaşayacağıq?
Qadın. Bütün xoşbəxt ailələr kimi.
Kişi. Özün dediyinə özün inanırsan?
Qadın. Yox, amma ümid edirəm. Sənə ümid edirəm.
Kişi. Mənə çox bel bağlama, mən çətin dəyişirəm.
Qadın. Nə olar, çalış. Bir addım mən (Qadın Kişiyə doğru bir addım atır), bir addım sən.
Kişi (Qadına sarı daha bir addım ataraq). Olsun, bir addım sən, bir addım mən. Sən məni hamının yanında gözükölgəli eləyirsən.

Bir-birilərinə yaxınlaşırlar.

Qadın. Sən kimin üçün yaşayırsan? Özünü hamı üçün nədənsə məhrum etməyinə dəyərmi? Sən ata kimi uşaq oynatmaq istəmirsən?
Kişi. Sən yəqin əmi demək istədin? Mən heç bir uşağa münasibətdə özümü ata kimi hiss etməyəcəyəm.
Qadın. Bir addım mən, bir addım sən.

Bu arada hava limanından elan: Bərzəxdən Berlinə J28852 reysilə uçan təyyarəyə minik qurtarır.

Kişi. Tələs, gecikərsən.
Qadın. Narahat olma.
Kişi. Sənin üçün darıxacağam.
Qadın. 10 günə qayıdıram.
Kişi. Bir addım sən, bir addım mən. (Qadını qucaqlayır). Sən tək gedirsən, amma tək qayıtmayacaqsan. Nədənsə həyəcanlıyam. Elə bil özüm yola çıxıram.
Qadın. Səni incidən nəsə var?
Kişi. Bilmirəm, sanki səni həmişəlik itirirəm.
Qadın. Dəli olma. Sən bu məsələni səbəbsiz şişirdirsən.
Kişi. Heç vaxt gec deyil. Sən uçmaya da bilərsən.
Qadın. Bəsdir, artıq danışılıb (yavaşca Kişidən aralanır). Problem yaratma.
Kişi. Məni hər gün məlumatlandır.
Qadın. Oldu, hələlik. Salamat qal.

Qadın aralanır.

Kişi (arxasıyca). Sən də özünə yaxşı bax. Amma məni eşitmədin. Mənim sevgim sənə azlıq elədi. (Qadın qanrılıb Kişiyə baxır və uzaqlaşır).

Qaranlıq. Səhnə önünə qara pərdə-arakəsmə endirilir. Zəng səsləri eşidilir və dörd maska seyrçilərin qarşısına çıxır. Mövzu kontekstində aktyor improvizlərinə icazə verilir.

Maska-Qanun. Bir neçə dəqiqədən sonra burada məhkəmə başlayacaq. Bir qatili mühakimə edəcəklər. Ona ölüm hökmünün oxunub-oxunmaması sizin aranızdan seçəcəyimiz 12 andlının qərarından asılı olacaq.
Maska-Ailə (seyrçilərə müraciətən). Könüllü iştirak etmək istəyən varmı? Əlinizi qaldırın, mən sizi görüm. Müdaxilənizə, münasibətinizə ehtiyac duyulur. Biganə qalmayın. Çünki çox ağır cinayətdir. Bizim bütün bəlalarımız biganəlik ucbatındandır. Sizlərə indi insan taleyi tapşırılır.
Maska-Qanun. Yox, cəmiyyətin taleyi tapşırılır.
Maska-Əxlaq. Mühdiş bir hadisə baş verib. İnanılmaz qəddarlıq törədilib. Xahiş eləyirəm, biganə qalmayın.
Maska-Adət. Bir dəli bir quyuya bir daş atdı.
Maska-Qanun. Dəlinin bura nə dəxli?
Maska-Adət. Heç… Zərbül-məsəldir.
Maska-Qanun. Onda kömək edin tamaşaçıların arasından 6 kişi və 6 qadını tam könüllü olaraq seçib buraya alaq. (seyrçilərə) Hə, utanmayın, fəal olun. Bu sizin səhnəyə çıxmaq şansınızdır, mikrofon qarşısında öz fikrinizi bildirib eşidilmək şansınızdır. Bəlkə bir də qismət olmadı. (gülümsünür) Sizi gözləyirik.

Maska-Ailə, Maska-Əxlaq, Maska-Adət tamaşaçı salonuna enib andlıları seçirlər, səhnəyə götürürlər və əllərində tutduqları hakim mantiyalarını onlara geyindirirlər. Pərdə-arakəsmənin önündə maskalar və tamaşaçılardan seçilmiş 12 andlı.

Maska-Adət (tamaşaçı salonundan seçilmiş andlılara). Vəzifənizi bilirsizmi: məhkəmə prosesini sonacan, yəni cinayət işi tam aydınlaşana qədər dinləyib axırda iki qərar variantından birini söyləyəcəksiniz: günahkardır, ya günahkar deyil.
Maska-Qanun. Amma biz bir ilkə imza atacağıq. Qadın andlılar solda, kişi andlılar sağda əyləşəcək və onlar məşvərət aparmadan, bir-birinə təsir göstərmədən öz qərarlarını bəyan eləyəcəklər. Sonda sizlərə mikrofon da veriləcək. İndisə gərək and içəsiniz.
Maska-Adət. Sualı olan varmı?
Maska-Əxlaq. Əgər yoxdursa, onda hamınız birgə mənim ardımca məhkəmə andını təkrar eləyin: Mən təntənəli şəkildə and içirəm ki…
Andlılar (birlikdə). Mən təntənəli şəkildə and içirəm ki…
Maska-Əxlaq. Yox, yox, belə yox… Bir də, təzədən…. Mən təntənəli şəkildə and içirəm ki…
Andlılar (birlikdə). Mən təntənəli şəkildə and içirəm ki…
Maska-Əxlaq. Yenə olmadı. Sinxron, hamımız bir yerdə… ucadan… səlis… Mən təntənəli şəkildə and içirəm ki…
Andlılar (birlikdə). Mən təntənəli şəkildə and içirəm ki…
Maska-Əxlaq. Andlılar məhkəməsinin məsuliyyətli vəzifəsini…
Andlılar (birlikdə təkrarlayırlar). Andlılar məhkəməsinin məsuliyyətli vəzifəsini…
Maska-Əxlaq. Şərəf və ləyaqətlə icra edəcəyəm…
Andlılar (birlikdə təkrarlayırlar). Şərəf və ləyaqətlə icra edəcəyəm…
Maska-Əxlaq. Məhkəmədə gətirilən bütün dəlil-sübutları nəzərə alacağam…
Andlılar (birlikdə təkrarlayırlar). Məhkəmədə gətirilən bütün dəlil-sübutları nəzərə alacağam…
Maska-Əxlaq. Günahkara bəraət qazandırmadan…
Andlılar (birlikdə təkrarlayırlar). Günahkara bəraət qazandırmadan…
Maska-Əxlaq. Günahsızı mühakimə etmədən…
Andlılar (birlikdə təkrarlayırlar). Günahsızı mühakimə etmədən…
Maska-Əxlaq. Azad vətəndaşa və ədalətli insana yaraşan bir tərzdə…
Andlılar (birlikdə təkrarlayırlar).  Azad vətəndaşa və ədalətli insana yaraşan bir tərzdə…
Maska-Əxlaq. Öz əqidə və vicdanıma görə…
Andlılar (birlikdə təkrarlayırlar).  Öz əqidə və vicdanıma görə…
Maska-Əxlaq. Cinayətkarın cəzalanmasına, ədalətin bərpasına çalışacağam.
Andlılar (birlikdə təkrarlayırlar). Cinayətkarın cəzalanmasına, ədalətin bərpasına çalışacağam.
Maska-Qanun. Hamınıza təşəkkürlər (Pərdə-arakəsmə qaldırılır, səhnədə məhkəmə salonu görünür), buyurub məhkəmə salonuna keçə bilərsiniz.

Kişi və Qadın bir-birindən aralı, ancaq üzbəüz dayanıblar. Maska-Qanun keçib səhnənin arxa planında qoyulmuş hündür hakim kürsüsündə öz yerini tutur. Andlı qadınlar sol tərəf boyunca, andlı kişilər sağ tərəf boyunca stullar qoyulmuş postamentin üstündə düzülürlər. Maska-Adət Kişinin vəkili, Maska-Ailə Qadının vəkili olur. Maska-Əxlaq ittihamçı funksiyasını icra edir. Hamı ayaq üstədir.

Maska-Qanun (hakim çəkicini masaya vurub taqqıldadır). Xahiş olunur, əyləşəsiniz. (Hərə öz stulunda əyləşir). Bugün məhkəmə iclasında Babalıstan Respublikasının Cinayət Məcəlləsinin 115.1 maddəsi üzrə xüsusi amansızlıqla adam öldürməkdə ittiham edilən ikili vətəndaşlığa malik İdris Ülgənin məhkəmə işinə baxılır. Tərəflər məhkəməyə gəldiyindən, şəxsiyyətləri təsdiqləyən sənədlər yerində olduğundan, məhkəmənin iclasını əngəlləyəcək ərizələr istintaqa daxil olmadığından məhkəmənin iclasını açıq elan eləyirəm və sözü ittihamçıya verirəm.
Maska-Əxlaq (ayağa qalxır). Hörmətli məhkəmə! Möhtərəm hakim! (vərəqdə yazılanları səsləndirir) 2018-ci il iyul ayının 13-də cümə günü saat 12 radələrində  İdris Ülgən arvadı Helen Dəmirayın evdə olmamasından istifadə edərək öz 5 aylıq körpəsini, uşağın cinsiyyəti oğlan, xüsusi amansızlıqla qətlə yetirmişdir. İdris Ülgən qətl hadisəsindən dərhal sonra polisə zəng vurmuş, cinayət törətdiyini etiraf etmiş, hüquq-mühafizə orqanlarına özxoşuna təslim olmuşdur. Elə həmin gün  İdris Ülgən narkoloji dispanserdə və Psixiatriya klinikasında istintaq qrupunun təkidi və nəzarətilə müayinədən keçirilmişdir. Müfəssəl analizlərin, çoxsaylı testlərin nəticəsi göstərmişdir ki, İdris Ülgən cinayəti törədərkən heç bir narkoloji asılılıqdan və ya psixoloji anormallıqdan əziyyət çəkməmiş, şüurlu şəkildə öz istəyinə və iradəsinə müvafiq hərəkət etmişdir. Bütün bunları nəzərə alaraq Babalıstan Respublikasının Cinayət Məcəlləsinin 4-cü məqaləsinin 2 bəndinə əsasən yerinə yetirməyə borclu olduğum vəzifələrə uyğun mən Dövlət adından, möhtərəm hakim, müttəhimə ölüm hökmünün oxunmasını tələb edirəm.
Maska-Qanun. Təşəkkürlər, cənab prokuror. Məhkəmə tərəfləri dinləmək istərdi.
Maska-Adət. Möhtərəm, hakim icazə olar?
Maska-Qanun. Buyurun.
Maska-Adət (Kişiyə). Siz niyə belə qəddar ölüm formasını seçdiniz? Başqa cür körpəni öldürmək mümkün deyildimi?
Kişi. Mümkün idi: ancaq mən qandan iyrənirəm. Zorakılığa qarşı da tabım yoxdur.
Maska-Ailə. Cənab hakim, bir dəqiqə mənə söz verin. (tələsik, icazəni gözləmədən Kişiyə). Bu müdhiş əməli törədəndə heç tükünüz də tərpənmədi, vicdanınız da ağrımadı?
Maska-Qanun. Xahiş olunur, prosedur qaydalarını pozmayasınız.
Maska-ailə. Üzr istəyirəm, möhtərəm hakim.
Kişi. Suala cavab verim, ya yox?
Maska-Qanun. Prosedur qaydalarına görə Siz sualı mütləq cavablandırmalısınız. Məhkəmə də bu sualın cavabını eşitməkdə maraqlıdır.
Kişi. Heç nə birmənalı deyil. Hər bir cani cinayət törətməmişdən öncə insandır. Dərd budur ki, cinayəti törətdikdən sonra da o, insan olaraq qalır. Mən də bunu sevinə-sevinə eləmədim.
Maska-Adət. Onda bəs niyə bu cinayəti işlətdiniz?
Kişi. Elə bil köksümə daş qoymuşdular: nəfəsim çatmırdı. Elə bil bütün dünya başıma yığışıb mənə gülürdü. Elə bil cəhənnəm sinəmə girmişdi. Elə bil kibrit vurub məşəl yandırmışdılar burda (köksünü göstərir). Uşağın üzünə baxırdım, ona sevgilə yanaşmağa çalışırdım. Öz-özümə deyirdim, sev onu, sev, gör, necə məsumdur, gör, necə rahat yatıb, gör, üzündə nə qədər nur var. Ancaq içimdən bir əjdəha bağırırdı ki, öldür onu, öldür ki, biabırçılığını cinayət unutdursun. Öldür onu ki, şərəfsizlikdən qurtulasan. Öldür onu ki, arvadının gözündə cındır əsgi olmayasan. Aman Allah, mən onu doğrudan da öldürdüm.
Maska-Ailə. Necə öldürdüz uşağı?
Kişi (susur, çaşqındır, sanki öz əməlini dilə gətirməkdən utanırmış kimi). Əziyyətlə.
Maska-Ailə. Konkret cavab verin, bərkdən, uşağı necə öldürdüz?
Kişi (fikirləşir, sonra ləng). Götürüb qaynar su dolu vannaya tulladım.
Maska-Ailə. Möhtərəm hakim! Hörmətli andlılar! Dəhşəti təsəvvür edirsinizmi? Gərək nə qədər qəddar, hissiyyatsız adam olasan ki, körpəni götürüb qaynar suyun içinə atasan. Deməli, bu, ani affekt sayıla bilməz. Müttəhim planlı şəkildə buna hazırlaşıb, hər şeyi öncədən, soyuqqanlıqla, məntiqlə ölçüb-biçib, gedib vannaya isti su doldurub, sonra körpəni gəlib götürüb və aparıb qaynar suya atıb. Bu, bəşər tarixində görünməmiş bir cinayətdir.
Kişi. Mən bunu heç də inkar eləmirəm. İstintaq zamanı da söyləmişəm. Çünki uşaqla fiziki təmas elə bil adamın sinirlərini qaşıyıb bayıra tökürdü. Əvvəlcə fikirləşirdim ki, onu balışla boğaram. Amma başa düşdüm ki, bu bir dəqiqəyə mən özüm də ağlımı itirə bilərəm. Ona görə körpəni birbaşa dağ su ilə dolu vannaya atdım və vanna otağının qapısını çaparaq bağlayıb telefona tərəf qaçdım. Polisə zəng vurdum. Yaxşı yadımdadır, körpəni qucağıma götürəndə hətta əyilib onun üzündən öpdüm də. Sonra gözlərimi yana çevirdim ki, bir də onun sifətini görməyim.
Maska-Ailə. Siz bu planı neçə vaxt idi ki, özünüzlə gəzdirirdiniz?
Kişi. Haradasa bir aya yaxındır.
Maska-Adət. Təsdiq edirsiniz ki, uşaq Sizin doğma oğlunuz deyil?
Kişi. Bəli, mənim ümumiyyətlə, uşağım ola bilməz.
Maska-Adət. Deməli, bu, sizin ögey oğlunuz sayılır?
Kişi. Elədir ki var. Ancaq onu oğlum kimi  qeydiyyatdan keçirməmişdim.
Maska-Adət (provokativ). Bəs onda Sizin arvadınız Helen Dəmiray necə hamilə qalıb? Təfərrüatını danışa bilərsinizmi?
Kişi. Keçən ilin yazında olub bu söhbət. Helen mənə dedi ki, gecə də, gündüz də ana olmaq xəyalı ilə yaşayır. Mənim də ağlıma birinci gələn bu oldu ki, Helen övladlığa uşaq götürmək istəyir. Mən razılaşmadım. Elə hesab eləyirəm ki, bu, Allahın işidir, əgər bir şeyi vermirsə, onu heç tələb eləmək də lazım deyil. Bir də özgə uşağı faktoru mənə çox pis təsir eləyir.
Maska-Əxlaq. Doğru danışmırsınız. Axı Siz Helenə uşaq götürməyi təklif etmisiniz, hətta demisiniz ki, gəl, qardaşımın övladını oğulluğa götürək.
Kişi. Bəli, demişəm, heç inkar da eləmirəm. Mən buna son variant kimi əl atmışdım, amma prinsipcə bunun tam əleyhinəyəm. Mən özgə uşaqlarına öz balası kimi baxan adamlara həmişə qibtə ilə yanaşmışam. Mən heç təsəvvürümə belə gətirə bilməzdim ki, Helenin özü hamilə qalmaq, uşaq doğmaq istəyir.
Maska-Ailə. Cənab hakim, bir sualım var? (hakimin reaksiyasını gözləmədən) Məgər bu uşaq Helenin doğma uşağı deyilmi? Siz bunu Helendən niyə bir hədiyyə kimi qəbul edə bilmədiniz?
Kişi. Bacarmadım, üzgünəm.
Maska-Adət. Cənab hakim, icazə verin, davam eləyim. O, bilirdimi ki, Sizin ata olmaq şansınız yoxdur?
Kişi. Əlbəttə ki, bilirdi: yeddi ildir evliyik. Bu müddətdə o qədər klinika gəzdik ki…
Maska-Adət. Amma buna baxmayaraq süni mayalanmada təkid etdi?
Kişi. Bəli. Əvvəllər bu bir arzu idi, istək idi, bu il isə süni mayalanma söhbəti ortaya çıxdı, onun uşağa sahiblənmək niyyəti inada çevrildi.
Maska-Adət (Qadına). Niyə məhz bu il uşaq məsələsində Siz belə israrlı, inadcıl oldunuz?
Maska-Ailə. Etiraz eləyirəm, cənab hakim! Bu sualın mətləbə birbaşa dəxli yoxdur.
Maska-Qanun. Etiraz qəbul olunmur (Maska-Adətə). Davam eləyə bilərsiniz.
Maska-Adət (Qadına). Zəhmət olmasa, sualımı cavablandırın.
Qadın. Sizcə bu il də oturub gözləməliydim? Yaş keçir axı. Mən havaxt ana olacağam? Həyat o qədər qısadır ki… Bir də qocalanda tək qalmaqdan qorxuram. Ona görə mən bu il, ərimin etirazlarına rəğmən, qəti qərar verdim ki, süni mayalanma yoluna əl atım.
Maska-Adət. Amma Siz hər halda ərinizin razılığını aldınız?
Qadın. Başqa cür imkanı yoxdu. O razı olmasaydı, biz gərək boşanaydıq.
Maska-Adət. Deməli, Siz boşanmağa hazır idiniz?
Qadın. Ayrı əlacım qalmırdı. Mənə uşaq lazım idi.
Maska-Adət. Bununla da Siz etiraf eləyirsiniz ki, gələcək övladınızı ərinizdən üstün tutmusunuz?
Qadın. Əgər seçim qarşısında qalsaydım, mən elə belə də edəcəkdim. Başqa variantı heç ağlıma da gətirmirəm. Məncə, dünyada ana üçün övladından daha əziz bir kimsə olmur.
Maska-Adət. Siz körpənizin meyitini öz gözlərinizlə gördünüzmü?
Qadın. Yox. Həmin gün mən uşağı İdrisə tapşırıb şəhərə çıxmışdım. Hava dözülməz isti idi. Ona görə yolu lap yavaş gedirdim. Evə qayıdanacan bir xeyli ləngidim. Yorulmuşdum. Blokumuza çatan kimi özümü saldım liftə, 4-cü mərtəbənin düyməsini basdım. Yalnız liftdən düşəndə gördüm ki, bizim qapının ağzında bir polis dayanıb fit çala-çala siqaret çəkir. İçəri girmək istəyəndə qarşımı kəsdi. Dedim, bura mənim mənzilimdir. Dedi olmaz, xanım. Mən burda növbətçiyəm. Bu mənzildə bir saat öncə qətl hadisəsi törədilib, ata götürüb uşağı qaynar suyun içinə atıb öldürüb. Bunu eşidəndə özümdən getdim və bir də ambulansın içində gözlərimi açdım. Düz bir həftə çarpayıda qaldım, düz bir həftə bir kimsə ilə kəlmə kəsib danışa bilmədim. Ağlamırdım, amma gözlərimdən elə hey su axırdı.
Maska-Adət. Sonra Siz ərinizdən nəsə soruşdunuzmu?
Qadın. Mən onunla qarşılaşmaq istəmədim.
Maska-Adət. Ərinizə nifrət edirsinizmi? (Pauza) İstəmirsiz cavab verəsiniz?
Qadın (çox sakit). Bütün təqsirlər məndədir.
Maska-Adət. Hələlik mənim suallarım bitdi.
Maska-Ailə. İcazənizlə, möhtərəm hakim (Kişiyə). Siz təsdiqləyirsiniz ki, arvadınızın süni mayalanmadan ötrü xarici ölkəyə getməsinə könüllü razılıq vermisiniz?
Kişi. Təsdiqləyirəm.
Maska-Ailə. Siz təsdiqləyirsiniz ki, arvadınızı son məqama qədər sevmisiniz?
Kişi. Mən onu həmişə sevirəm o günə qədər.
Maska-Ailə. Onda açıq deyin bizə: uşağı niyə öldürmüsünüz?
Kişi. Danışmaq çox çətindir. Hər növ cəzaya daxilən hazıram.
Maska-Ailə. Bu, aydındır. Amma mən heç cür Sizin məntiqinizi anlaya bilmirəm. Bir tərəfdən Siz hər şeyə rəgmən arvadınızı sevirsiniz, digər tərəfdən isə onun övladını heç cür qəbul edib bir evdə böyüdə bilmirsiniz. Bu necə olur?
Kişi (nəyisə gizlədir, birbaşa cavab vermək istəmir). O, uşağı məndən çox sevirdi. Bəlkə də bu qısqanclıq olub.
Maska-Ailə (sadalayıcı bir tonda). Siz ali savadlı adamsınız, yaxşı tərbiyə görmüsünüz, prestijli şirkətdə çalışırsınız, maddi probleminiz yoxdur, həyatınız boyunca bir dəfə də polisə çağırılmamısınız, Sizə cinayət işi açılmayıb, bir sözlə, cəmiyyətin nümunəvi vətəndaşısınız. Belə olan surətdə soruşuram: balaca körpəyə necə qıydınız?
Kişi. Mən onu körpə kimi qavramırdım. O, mənimlə arvadım arasında bir sərhəd idi.
Maska-Ailə. Heç bir mənəvi imperativ Sizi bu əməldən çəkindirmədimi, məktəb, qanun, din (azacıq pauza) həmin anda Sizi dayandırmadımı?
Kişi. Mən onda düşünmürdüm. Düşünsəydim bəlkə də. Mən yalnız qisasımı körpəylə birgə qucağımda tutub gedirdim.
Maska-Ailə (Qadına). Uşaq doğulandan sonra ərinizin davranışında aqressiya müşahidə edirdinizmi?
Qadın. Xeyr: hətta əvvəl-əvvəl çox mehriban idi, xüsusilə də mən doğum evindən yenicə qayıtdığım zaman. Elə vaxtlar olurdu ki, o, heç uşağı əlindən buraxmaq belə istəmirdi. Ərimin davranışı qəfildən dəyişdi.
Maska-Ailə. Deyə bilərsinizmi, təqribən bu haçandan müşahidə olunmağa başladı?
Qadın. Lap dəqiq deyərəm mən Sizə. Biz körpənin 3 aylıq doğum gününü qeyd eləyirdik. Axşam uşaq erkən və rahat yuxuya getdi. Mən dedim ki, fürsətdən yararlanım, biraz artıq yatım. Ərimin cınqırı da çıxmadı. Sonra söylədi ki, kompda bir xeyli materiala baxmalıdır. Bax, həmin günün səhərisi mən evdə tamam başqa, yad birisini gördüm.
Maska-Ailə. Siz bunu necəsə izah eləyə bilərsinizmi?
Qadın. Ağlıma heç nə gəlmir.
Maska-Ailə (Kişiyə). Bəs Siz?
Kişi (pauzadan sonra). Təəssüf. Heç bir sözüm yoxdur. Həkimlər məni tam sağlam hesab elədilər.
Maska-Adət. Mənim sözüm var, möhtərəm hakim.
Maska-Qanun. Buyurun.
Maska-Adət (Qadına). Siz süni mayalanmanın gerçəkləşdirildiyi klinikanın adını  çəkə bilərsinizmi?
Qadın. Ləyptsiqin Mamaçalıq və ginekologiya klinikası.
Maska-Adət. Möhtərəm hakim, biz bu klinikaya sorğu göndərdik. Oradan bizə bildirdilər ki, son bir il ərzində Helen Dəmiray soyadlı birisi həmin klinikaya müraciət etməmiş və süni mayalanma prosedurundan keçməmişdir.
Maska-Ailə. Bu səhv də ola bilər.
Maska-Adət. Bizim sorğumuza gələn cavab rəsmi şəkildə təsdiqlənib. Belə məsələrdə bütün klinikalar qanun qarşısında cavabdehdirlər və bioloji atanın bütün göstəriciləri, məxfi saxlanılmaq şərtilə, müştəriyə təqdim edilir. (Qadına) Sizdə belə göstəricilər varmı?
Qadın. Yox.
Maska-Adət. Biz Babalıstan Respublikasının “Gələcək gün” klinikasına da paralel şəkildə müraciət etdik və onlardan rəsmi cavab aldıq. Çünki Helen Dəmiray hamiləlik dövründə həmin klinikanın nəzarətində olub. Klinikadan aldığımız məlumatdan öyrəndik ki, Helen Dəmiray Almaniyanın Ləyptsiq şəhərinə süni mayalanma proseduruna yollanarkən artıq bir aylıq hamilə imiş. Buradan da belə çıxır ki, Sizin süni mayalanma məsələniz fiksiyadır, uydurmadır, tamaşadır (üzünü Kişiyə sarı çevirərək). Sizin bundan xəbəriniz vardımı?
Kişi. Çox gec xəbər tutdum, uşağın üçaylığını qeyd etdiyimiz gün. Bildim ki, bu süni mayalanma məsələsi qurulmuş ssenari olub və arvadım məni aldadıb.
Maska-Ailə. Siz də götürüb uşağı öldürdüz, hə?
Kişi. Bəs siz necə hərəkət edərdiniz? Mən xəyanəti bağışlamıram.
Maska-Ailə. Xəyanətə görə bir körpəni həyatdan məhrum etmək anlaşılmaz bir hərəkətdir, psixi patalogiyadır. Bu addımın bəraəti yoxdur. Siz niyə xəyanət üstündə Heleni öldürmədiniz ki?
Kişi. Bu onun üçün çox yüngül cəza olardı. Mən onu çox uzunmüddətli bir dəhşətə məhkum etdim.
Maska-Adət. Etiraz eləyirəm, cənab hakim! Bu andlıları təsirləndirməyə yönəlik bir çıxışa bənzəyir.
Maska-Qanun (hakim çəkicini tappıldadaraq). Qəbul olunmur. Davam edin.
Maska-Ailə. Arvadınızın Sizi aldatdığını kimdən öyrəndiz?
Kişi. Mənim elektron poçtuma məktub gəldi. Anonim ünvandan göndərilmişdi. Sonra nə qədər çalışdımsa, o ünvanla heç cür əlaqə yaratmaq mümkün olmadı. Mən indi də bilmirəm ki, o, məktubu kim göndərmişdi.
Maska-Ailə. Biz həmin məktubun məzmunu ilə tanış ola bilərik?
Kişi. Mən o məktubu poçtumdan sildim. Orada cəmi iki cümlə yazılmışdı: “Sizin arvadınız Sizə xəyanət eləyir və onun doğduğu uşaq sevgilisindəndir”. Vəssalam.
Maska-Ailə. Siz də inandız, eləmi?
Kişi. Təbii ki, inandım, bəyəm Siz inanmazdınız? Detektiv tutdum ki, hər yerdə arvadımı güdsün. Üstündən xeyli vaxt keçdi, detektiv arvadıma ləkə gətirəcək heç nə tapammadı. Ancaq bir gün lap təsadüfən, Helen uşağı çimdirərkən, onun telefonuna mesaj gəldi, qısa bir mesaj. Mən də mesajı necə oldusa açıb oxudum. Orada yazılmışdı: “Oğlumu görmək istəyirəm”. Bu məktub da məxfiləşdirilmiş nömrədən göndərilmişdi.
Maska-Ailə. Bu xüsusda Siz arvadınıza heç nə söyləmədiniz?
Kişi. Mən ona nə söyləməliydim ki? Bizlərdə bu vaxt arvaddan heç nə soruşmurlar.
Maska-Ailə. Möhtərəm hakim, fikir verirsinizmi, o, yenə hədələyir.
Maska-Adət. Etiraz eləyirəm. Bu andlılar üçün düzəldilmiş şoudur.
Maska-Qanun. Etiraz qəbul edilmir.
Maska-Adət (Qadına). Deyə bilərsinizmi, sizin oğlunuzun bioloji atası kim olub?
Qadın. Mən heç bilmirəm Siz niyə məni bu qədər sorğu-suala tutursunuz: Uşaq arzulamaqla mən günah işlətməmişəm ki? Cani var, qətl hadisəsi var. Buna uyğun da Siz hökm çıxarın.
Maska-Adət (Qadına). Siz istəyirsiniz ki, ərinizə ölüm hökmü oxunsun?
Qadın. Artıq mənim üçün heç nəyin fərqi yoxdur.
Maska-Adət (Qadına). Ali məhkəmə üçünsə var. Rəsmi şəkildə hamıya bəyan edirəm: tibbi ekspertizanın rəyinə əsasən müəyyənləşdirilib ki, Sizin körpənin bioloji atası cənab Fərid-Seyfül Məmlük Ağanın, yəni Sizin doğma atanızın şəxsi cangüdəni Şərufitdin Mollabay olub və o, bunun üçün atanızdan küllü miqdarda pul alıb. Siz hətta Almaniyanın Lyəptsiq şəhərinə də onunla birgə getmisiniz.
Qadın. Nə olsun ki? Bu, onsuz da heç nəyi dəyişmir.
Maska-Adət (Qadına). Necə yəni dəyişmir?
Qadın. Çünki ərim bunların hamısını əvvəlcədən bilirdi. Bu, danışılmış bir şey idi. Məktub, mesaj da uydurmadır. O özü hər şeyə razılıq vermişdi.
Maska-Adət (Kişiyə). Siz hər şeyi əvvəlcədən bilirdiniz?
Kişi (çaşqın). Mən məəttələm: Sizin sualınıza necə cavab verim?
Maska-Adət. Olduğu kimi. Siz öncədən hər şeyi bilirdiniz?
Kişi. Həm bilirdim, həm də bilmirdim.
Maska-Adət. O necə olur ki? Anlamadım.
Kişi. İndi Sizə deyim necə olur. Bu, mənim üçün qurulmuş tələdir əslində: sən məsələnin zahirini bilirsən, batinini yox. Zahirdə hər şey arvadımın danışdığı kimidir. Mən bilirdim ki, Şərufitdin Mollabay Ləyptsiqə arvadımla birgə gedir, qayınatam Fərid-Seyfül Məmlük Ağanın xüsusi tapşırığı əsasında. Əslində, biz üçümüz getməliydik: arvadım, mən və donor. Amma iş necə dolaşdısa, məni şirkətdən buraxmadılar. Onda mən bilmirdim ki, arvadım Şərufitdin Mollabayla bir yatağı bölüşür, Şərufitdin Mollabaydan hamilə qalıb. Mən bilmirdim ki, süni mayalanma, Ləyptsiq yalandır, gözdən pərdə asmaqdır.
Maska-Adət. Arvadınız iddia edir ki, Siz uşağın atasının Şərufitdin Mollabay olduğunu da bilirmişsiniz və hətta bu işə razılıq da veribmişsiniz. Elektron-poçtla, telefonla aldığınız məlumatlarsa uydurmadır.
Kişi. Əsla. Onda mən körpəyə qıymazdım ki? Mən süni mayalanma ilə razılaşmışdım, ayrı heç nə ilə.
Maska-Adət (Qadına). Bəs necə oldu ki, Siz süni mayalanma üsulunu Şərufitdin  Mollabayla birbaşa intim münasibətlərə dəyişdiniz?
Qadın (peşman). Bu mənim səhvimdir.
Maska-Ailə. Neçə müddət Siz onunla görüşdünüz?
Qadın. 7-ci görüşdən sonra bildim ki, hamilə qalmışam.
Maska-Qanun. Niyə Şərufitdin Mollabay şahid sifətilə məhkəməyə çağırılmayıb?
Maska-Əxlaq. Möhtərəm hakim, Şərufitdin  Mollabay bir ay bundan öncə öz şəxsi avtomobilində, xüsusi qeyd etməyi lazım bilirəm ki, Fərid-Seyfül Məmlük Ağanın bağışladığı avtomobilində, yol hərəkəti qaydalarını pozduğuna görə polis tərəfindən saxlanılıb. O, avtomobilindən düşərək polisə yaxınlaşıb və yol müfəttişinə ağır dərəcəli xəsarət yetirib. Bundan sonra onun haqqında cinayət işi açılıb və Şərufitdin Mollabay barəsində həbs qəti imkan tədbiri seçilib.
Maska-Ailə. (Hakimə) İcazənizlə… (Qadına) Sonra Şərufitdinlə daha görüşmədiz?
Qadın. Bu əlaqə Almaniyadan qayıdanadək davam etdi.
Maska-Adət. Yəni Siz hamilə qaldığınızı bildikdən sonra da Şərufitdin Mollabayla intim münasibətlərdə olmusunuz?
Qadın (könülsüz, ikimənalı). Ləyptsiq elə darıxdırıcı şəhər idi ki…
Maska-Adət. Yalan deyirsiniz. Çünki Siz hətta uşaq doğulduqdan sonra da Şərufitdin Mollabayla görüşmüsünüz və ikinci dəfə hamilə qalmısınız. Lakin bundan tez xəbər tutub, uşaqdan azad olmusunuz.
Qadın. Sübutunuz yoxdur.
Maska-Adət. Şərufitdin Mollabay istintaqa hər şeyi danışıb.
Qadın. O iki ayağını bir başmağa dirəmişdi ki, mənə vurulub. Deyirdi ki, əgər gəlməsəm, hər şeyi açıb ərimə söyləyəcək.
Maska-Əxlaq. Siz də bu münasibətləri həvəslə davam etdirdiniz, hə?
Qadın. Başqa çarəsi vardımı?
Maska-Ailə. Niyə atanız Fərid-Seyfül Məmlük Ağaya müraciət etmədiniz?
Qadın. Atamın ərimdən zəhləsi gedirdi. Az qala onu heç kişi saymırdı. Hər dəfə mənə xəbər göndərirdi ki, ondan boşanım.
Maska-Qanun (Qadına). Bəs niyə boşanmadınız?

Pauza

Qadın. Mən ərimi itirmək istəmirdim. Çünki o, mənə çox baha başa gəlib.
Maska-Əxlaq. Necə yəni çox baha başa gəlib?
Qadın. Mən İdrisə atamın iradəsi əleyhinə ərə getmişdim.
Maska-Ailə. Əgər Siz bütün bunlardan sonra desəniz ki, ərinizi sevirsiniz, mən heç təəccüblənmərəm.
Qadın. Bəli, mən onu indi də sevirəm.
Maska-Ailə. Onların hər ikisini psixiatra göstərmək lazımdır.
Maska-Adət (Kişiyə). Sizin bunlardan xəbəriniz vardımı?
Kişi. Təkrar eləyirəm: hər şey onun danışdığı kimi deyil. Mən onların cinsi əlaqədə olduqlarını bilmirdim. Mən onu bilirdim ki, Ləyptsiqə Şərufitdin də gedəcək. Onu bilirdim ki, süni mayalanmada donor kimi məhz o, iştirak edəcək, ümumi ailə qərarına görə, Fərid Seyful-Məmlük Ağanın təkidinə görə.
Maska-Adət (sözünü kəsir). Niyə məhz Mollabay? Sizin qaynatanız Fərid Seyful-Məmlük Ağanın bu seçimə nə dəxli?
Kişi. Bu seçim Helenin seçimi deyildi ki. Şərufitdin Mollabayı Fərid Seyful-Məmlük Ağa seçib, bəyənib və deyib ki, mənim nəvəmin atası bu insan olmalıdır. Onu çek-apdan keçirib, bütün fiziki göstəricilərinin əla olduğunu yəqinləşdirib, bizə donor kimi təklif edib.
Maska-Adət. Siz də qəbul etdiniz?
Kişi. Başqa əlac vardı bəyəm?
Maska-Ailə. Siz imtina eləyə bilərdiniz?
Kişi. Mənası nə idi ki?
Maska-Ailə. Deməli, öncədən Sizin hər şeydən xəbəriniz varmış?
Kişi. Nədən xəbərim olubsa, onları etiraf eləmişəm. Amma mən bilməmişəm ki, arvadım Mollabayla fiziki təmasdan hamilə qalıb. Bu, bütün hallarda istisna olunurdu. Mən bilməmişəm ki, Mollabay kimi birisi mənim arvadımı maraqlandıra bilər. Mən bilməmişəm ki (başını bulayıb susur).
Maska-Adət. Bəs arvadınızın keçmişi qərar qəbul eləyərkən Sizi qorxutmurdu?
Kişi. Biz keçmişi basdırmışdıq: çünki bir-birimizə əbədi inanmışdıq.

Pauza.

Maska-Qanun (hakim çəkici ilə masanı taqqıldadaraq). Müttəhimə kiminsə sualı qaldımı?
Maska-Ailə. Mənim, möhtərəm hakim! Siz niyə bir-birinizi müdafiə etməyə çalışırsınız?

Yenə pauza.

Kişi (başını qaldırıb Qadına sarı baxır). O hələ də mənim ailəm sayılır. Çünki mən onsuz yaşaya bilmərəm.
Maska-Ailə. Eybi yox, indi gedib türmədə onsuz yaşayarsınız.
Maska-Adət. Möhtərəm hakim, mən istərdim, bu sualı Helen Dəmiray da cavablandırsın.
Maska-Qanun. Etirazım yoxdur.
Maska-Adət (Qadına). Lütfən, sualı Siz də cavablandırın.

Yenə pauza.

Qadın. O, mənim həyatımın ən sevimli oyuncağı idi.

Pauza.

Maska-Qanun. Yenə sualı olan varmı?
Maska-Ailə. Yox, möhtərəm hakim, daha yoxdur.
Maska-Qanun. Məhkəmə andlıların məşvərət otaqlarında qərar qəbul etməsi üçün on dəqiqəlik fasilə elan edir.

Pərdə-arakəsmə yenidən endirilir. Ön səhnənin sağ və sol tərəflərində bir mikrofon qoyulub. 6 kişi andlı səhnənin sağ, 6 qadın andlı isə sol tərəfdə pərdə- arakəsmənin qarşısında mikrofon ətrafında toplaşırlar və kişinin günahkar olub-olmadığını improviz üslubunda müzakirə edirlər. Müzakirə zaman baxımından məhdudlanmır: hərə bir dəfə mikrofonu alıb Kişini niyə, nə səbəbə günahkar sayıb-saymadığını söyləyir. Müzakirədən sonra pərdə-arakəsmə yenidən qaldırılır. Andlılar keçib əyləşirlər. Kişi və Qadın əvvəlki kimi öz yerlərindədirlər.

Maska-Əxlaq. Qalxın, məhkəmə gəlir (hamı qalxır).
Maska-Qanun (hakim çəkici ilə masanı taqqıldadaraq). Xanımlar və cənablar! Məhkəmə öz işini davam etdirir. Bildiyiniz kimi bugün məhkəmə iclasında Babalıstan Respublikasının Cinayət Məcəlləsinin 115.1 maddəsi üzrə xüsusi amansızlıqla adam öldürməkdə ittiham edilən ikili vətəndaşlığa malik İdris Ülgənin məhkəmə işinə baxılır. Məhkəmənin iclasına xitam vermək üçün andlıların çıxardığı son qərarı dinləməliyik.

Sağ və sol tərəfdə əyləşmiş andlılar-tamaşaçılar bir-bir ayaq üstə durub müttəhimin müqəssir olub-olmadığını söyləyirlər.

1-ci andlı. Günahkardır.
2-ci andlı. Günahkardır.
3-cü andlı. Günahkardır.
4-cü andlı. Günahkar deyil.
5-ci andlı. Günahkardır.
6-cı andlı. Günahkardır.
7-ci andlı. Günahkar deyil.
8-ci andlı. Günahkar deyil.
9-cu andlı. Günahkardır.
10-cu andlı. Günahkardır.
11-ci andlı. Günahkardır.
12-ci andlı. Günahkardır.
Maska-Qanun (hakim çəkici ilə masanı taqqıldadaraq). Andlılar yekdil qərara gələ bilmədikləri üçün Babalıstan Respublikasının Cinayət Məcəlləsinin 115.1 maddəsi üzrə xüsusi amansızlıqla adam öldürməkdə ittiham edilən ikili vətəndaşlığa malik İdris Ülgənın məhkəməsi sabaha qədər təxirə salınır.

Və ya ikinci versiya

Maska-Qanun (hakim çəkici ilə masanı taqqıldadaraq). Qalxın: hökm oxunur. Məhkəmə andlıların yekdil qərarını əsas götürərək Babalıstan Respublikasının Cinayət Məcəlləsinin 115.1 maddəsi üzrə xüsusi amansızlıqla adam öldürməkdə ittiham edilən ikili vətəndaşlığa malik İdris Ülgənın ölüm hökmünü dəyişərək onu ömürlük azadlıqdan məhrum edilmək cəzası ilə əvəzləyir.

Andlılar (seyrçilər) sənhədən düşüb öz yerlərinə keçirlər. Digər iştirakçılar da səhnəni tərk edib gedirlər. Səhnə boşalır və qaranlıqlaşır. Yenidən ilk səhnə. Türmədə və ya yuxuda və ya o biri dünyada görüş yeri. Stolun bir başında Kişi, o biri başında Qadın üzbəüz əyləşib. Qadın Kişiyə sarı baxmır.

Kişi. Bax mənə.
Qadın. Yox.
Kişi. Utanırsan, hə?
Qadın. Utandım, ya utanmadım, mən səni görmürəm.
Kişi. Nə oldu arzularına çatdın?
Qadın. Sən arzuları öldürənsən.
Kişi. Sevgisi təhqir edilən adam hər şeyə qadirdir.
Qadın. Mən sənin bu qədər qorxunc olduğunu bilmirdim.
Kişi. Bax mənə, deyirəm sənə.
Qadın. Yox.
Kişi. Niyə ərə getmirsən?
Qadın. Ərim türmədədir.
Kişi. Sən mütləq uşaq doğmalısan.
Qadın. Daha ağlaya bilmirəm.
Kişi. Azadlıq hələ yaşayırmı?
Qadın. Nəyi nəzərdə tutursan?
Kişi. Bilmək istəyirəm, mən bir də onu görəcəyəm?
Qadın. İnanmıram, onu lap körpəliyindən boğub öldürüblər.
Kişi. Xahiş eləyirəm, bax mənə.
Qadın. Sənə baxsam, daşa dönərsən.
Kişi. Yalvarıram, bax mənə.
Qadın. Sənə baxsam, xilas ola bilməzsən. Bu, şərtdir.
Kişi (yavaşca yerindən qalxıb gözünü Qadından ayırmadan ona yaxınlaşır, qarşısında diz çökür, əlini uzadıb qadının çantasından bir alma götürür və Qadına uzadaraq düz onun gözlərinin içinə baxır). Bu almanı sənə bağışlayıram, sən də məni bağışla. Mən bacarmadım, mən qorxdum (Başını qadının dizləri üstündə rahatlayır).

Səhnə yavaşca qaranlıqlaşır. Kişi qaranlıqda yox olur və Qadın zənbillərin birindən götürdüyü daşı projektorun işığı altında gətirib ehmalca səhnənin önünə qoyur, dizləri üstə əyləşib sanki dua eləyirmiş kimi daşa baxır.

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir