Aliyə Dadaşova – “Teatrın haqqı haqqında”

Desək teatr saytı açmışıq, əlimizə telefon alıb sorğu etsək, ən çox hansı sualı verərlər bizə?

-Yəni teatr var ki?
Öz günü-güzəranı, dərdi-çoru ilə əlləşən sadə adamın bu sadə görünən sualı bu tərəfdən baxsaq çox ciddidir.
Doğrudan, bu gün teatr varmı? Onun bu cəmiyyətdə yeri nədən ibarətdir?

Yəni və daha dəqiqi, fiziki olaraq deyil də, fəlsəfə olaraq teatr mövcuddurmu?

Onun hansısa suallar qoymaq gücü varmı? Ümumiyyətlə, belə sual qoymağı özünün borcu hesab edirmi?

Müasir teatr haqda materiallar araşdırırkən, Youtube videolarını izləyərkən teatrın bu günün insanının gerçəkliyinə toxunmaq çabalarını gördüm. Onların içində olduqca maraqlıları var. Verbatim janrında hazırlanmış bir tamaşa xüsusilə diqqətəlayiq idi: Məşhur “Kral Lir”in motivi üzərində real insanlar öz real hekayələrini danışırdılar, atalar qızları haqda danışırdılar. Bu gerçək əhvalatlar idi.

Amma baxdıqca bir sual mənə rahatlıq vermədi: teatr fəlsəfə olaraq var ola bilmirsə, bu gerçəkliyə toxunmaq haqqı varmı?

Bu sual səslənibsə, XX əsrin ən vacib teatr adamını – Artonu xatırlamalıyıq. Onun “Qəddar teatr” nəzəriyyəsində hansısa məişət qəddarlığından danışılmırdı, özünə qarşı qəddar olmaqdan danışılırdı. Ümumiyyətlə, Artonun antiteatr pafosu bu günlə çox səsləşir. İş burasındadır ki, Artonun gördüyü, sözün əsl mənasında, onu dəli edən problem indi də aktualdır.

(Söhbət hansısa metodologiyadan getmir. Ümumiyyətlə, Artonun fikirlərinə metodoloji yanaşmaqla hansısa nəticə almaq mümkün deyil).

İş orasındadır ki, Arto özü də teatrın gerçəkliyin sərhədinə toxunmasını istəyirdi. Mənim bayaq misal gətirdiyim tamaşadakı kimi, məsələn. Amma o, istəyirdi ki, ora gələn tamaşaçı öz gündəlik yaşamından, rahatlığından qopa bilsin, tamam başqa bir hala düşsün. Əsas məsələ ondadır ki, Arto tamaşaçı ilə, həm də “obıvatel” tamaşaçı ilə teatrın razılaşmasını qəbul edə bilmirdi. Tərəflərin bu qarşılıqlı razılaşmasının nəticəsi olan tamaşa-görüş ona iyrənc gəlirdi. Çox qəribədir ki, Arto bu total laqeydliyin tüğyan etdiyi cəmiyyəti və teatrın onunla davranışını görəndə dəli olurdu. Arto öz dəliliyini kənardan görür və qəbul edirdi, amma nə cəmiyyət, nə də ona özünü kənardan göstərməli olan teatr öz dəliliyini görmək, göstərmək və qəbul etmək istəmirdi.

“Müasir teatr süquta uğrayır, çünki o, bir tərəfdən ciddilik hissini, digər tərəfdən gülməli olmaq hissini itirib. Çünki o, təhlükə ilə, təntənə ilə əlaqəsini itirib – anında aktivlik göstərməyi, təhlükə ilə göz-gözə qalmağı unudub”.

“…Bizim teatr heç vaxt özünə bu sualı verməyəcək: Bu sosial və əxlaq sistemi ədalətli deyilsə, onda necə? Mən hesab edirəm ki, o ədalətli deyil və məhvə məhkumdur. Bu yerdə daha teatr yox, pulemyot lazımdır, bizim teatr hətta bu sualı səmimi və birbaşa qoymaq gücündə deyil, əgər mənə daha yüksək və daha sirli görünən məqsədindən aralanıb, ümumiyyətlə, o bu sualı qoyacaqmı?” – Arto məqalələrində yazırdı.

Zaman göstərdi ki, teatr özünə qarşı belə qəddar olmasa və “Olum, ya Ölüm” sualı kimi sualları özünə verməyə güc tapmasa, nə qədər sənədləşsə, gerçəkçi olsa belə, Yevreinovun termini ilə desək “teatralizasiyadan” danışmaq gərək olacaq.

Cəmiyyətdə teatralizasiya davranışın, üslubun tirajlanmasıdır. Totalitarizmlə sıx bağlıdır. Məsələn, sovet cəmiyyətində hətta teatrın özündə belə teatralizasiya baş verdi. Bizim kontekstdə teatralizasiya həm də danışılmayan dilin qalıqlarıdır.

Teatrın sosiumla münasibəti, tamaşaçıyla qurduğu əlaqə necədirsə, onun eynisini görür və haqq edir. “Təsir əks təsirə bərabərdir” qanunu burada eyni dərəcədə keçərlidir. Və yalnız bərabərhüquqlu, daha doğrusu, eyni müstəvidə baş tutan ünsiyyət davam edə bilir.

Qapalı sovet cəmiyyətindən fərqli olaraq informasiyaya açıq olan (ilk növbədə, ikinci dərəcəli, idarə olunan informasiyaya, passiv əhval-ruhiyyəyə təhrik edən xəbərlərə) indiki dövrdə TV-nin toplumda daha əlverişli mövqeyi var. Lakin azacıq araşdırma kifayətdir ki, bu gün TV-nin tamaşaçılara müsbət impuls verə bilmədiyini görək. Dünyanın ən müxtəlif yerindən, hətta fərdi əhəmiyyət daşıyan neqativ xəbərlərin təsir yükü şou xarakterli verilişlərlə “keyidilir”. Belə vəziyyətdə bu tip “informasiya açıqlığı” teatra yeni perspektivlər açır.

Tamaşaçı ekrandan bədbəxtliyin və xoşbəxtliyin şəklini görür. Hər iki hal onu özünə qapanmağa, mutsuzluğa sövq edir. Dialoq yoxdur, dialoq yoxsa motivasiya, impuls yoxdur.

Deməli, canlı-canlı hadisələri təqdim edən TV alternativ deyil. Bu, şüşə ekran arxasında hardasa bizdən məsafəcə uzaq bir yerdə baş verir. Yeni texnologiyalar alternativ deyil. Hətta kino da alternativ deyil (ən yeni premyera belə, nə vaxtsa, lentə alınanı təqdim edir və bu barədə duyğulanmağa, düşünməyə çağırır). Və teatrın, elə kino kimi, TV kimi, rəsm kimi insana yaşadığı mütləq gerçəkliyə alternativ gerçəklik təklif edən teatrın onlardan fərqli olaraq, təklif etdiyi gerçəkliyin canlı olması kimi gücü var.

Məsələ yenə də onun sual qoya bilmək gücündədir. Sosiumla üzbəüz qaldıqda sənətin – teatrın bəlli narahatlıqları yaranır. Adını şərti olaraq, siyasət qoyduğumuz sosial sistemin içində və ya dışında olmaq narahatlığı.

Dicle Koylan adlı türk sənətşünası Jak Ransyerin “Estetikanın narahatlığı” (“Estetiğin hüzursuzluğu”) kitabına şərhində belə yazır: “Hər şeyə, sosial düzənə, demokratiyaya, mesaja, məqsədə, seçimə laqeyd olan, özünü sıradan dünyadan ayıran və onun ierarxik nizamını, əsas əlaqələrini tanımayan, ona yuxarıdan aşağı baxan sənət məhz bu laqeydliyi üzündən siyasidir, heç bir siyasi mübarizədə olmadığı üçün siyasidir”.

Siyasi teatr ifadəsi gülməlidir. Belə teatr ola bilməz. Bir cəmiyətdə sual vermək nə qədər siyasidirsə, teatr da o qədər siyasidir…

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

“Nəsimi ili – Nəsimi dili” festivalı başa çatıb

12-13 aprel tarixlərində Azərbaycan Teatr Xadimləri İttifaqında “Bir teatr, bir festival” layihəsi çərçivəsində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Bakı Uşaq Teatrınının təşkil etdiyi “Nəsimi...

Fuad Poladovun 14 il əvvəl çəkildiyi filmindən nadir fotolar…

Mayın 24-də doğum gününü qeyd edəcəyimiz, Azərbaycanın görkəmli sənətkarı, Xalq artisti Fuad Poladovun heç yerdə nümayiş olunmayan nadir fotoları üzə çıxıb. Open.az xəbər verir ki, nadir fotoları əməkdar...

Fikrət Sultanov: “Yaradıcılıqla yaşayan insan həmişə maraqlı olur”

Müsahibimiz, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqili teatr və kütləvi tədbirlər rejissoru" kafedrasının professoru, pedaqogika üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi, rejissor Fikrət Sultanovdur.

Recent

Açıl, sim-sim açıl

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı başa çatmaqda olan 86-cı teatr mövsümünü növbəti premyera ilə yola salmağa hazırlaşır. Bu dəfə teatr balaca tamaşaçıları...

YUĞ Dövlət Teatrının yeni direktoru kollektivə təqdim edilib

Mədəniyyət Nazirinin müvafiq əmri ilə Sumqayıt Dövlət Dram Teatrının sabiq direktoru İslam Həsənov YUĞ Dövlət Teatrına direktor təyin olunub. Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri...

Həmyerlimiz beynəlxalq festivalda qalib oldu

Koreya Xalq Demokratik Respublikasının paytaxtı Pxenyan şəhərində keçirilən, “Aprel baharı” adlanan XXXI Beynəlxalq Bədii Dostluq Festivalı başa çatıb. Xəbər verdiyimiz kimi, “Aprel baharı” adlanan Festivalda...