Kinoteatr+ Kino Aliyə Dadaşova - "Qlamurun ölümü"

Aliyə Dadaşova – “Qlamurun ölümü”

-

“– Heç olmasa, hardasa bizə aid nəsə qalacaqmı?
– Heç nə, heç nə qalmayacaq. Dünya yox olandan sonra bizim nə zamansa mövcud olduğumuz və nələrsə yaratmağımız barədə heç bir yerdə zərrə qədər də məlumat qalmayacaq. Biz bu kainatda təkik. Xatirəmizi yaşadacaq heç kəs yoxdur…”

“Melanxoliya” filmindən
(Rejissor Lars Fon Triyer)

Qlamur çox haçalanmış bir termindir. Zamanla, məkanla yeni xüsusiyyətlər qazanan bir məfhumdur. Əgər bir müddət əvvəl onu məşhur Hollivud aktrisalarının, qərb müğənnilərinin, modelyerlərin simasında görürdüksə, sonra siyasətçilərdə, jurnalistlərdə, biznesmenlərdə və biznes ledilərdə rastlaşmağa başladıq. Bu, qlamura dəbdəbəli həyat, üslub, seksuallıq, şıqlıq, brend markalarına sevgi xaricində yeni keyfiyyətlər əlavə etdi…

Rus xalq internet ensiklopediyasında bu kəlmə yüzlərlə məna qazanıb: gözəllik, cazibə, üslub, seksuallıq, özünü gözə soxmaq, saxtalıq, böyük qəlbli gözəl adamlar, baxımlılıq, brend geyinən və s. Amma bütün bunları yalnız bir amil bağlayır: zahiri görüntü. Qlamur “grimoire” sözündəndir, fransızcadan tərcümədə cadu kitabı, tilsim, cadu deməkdir. Pərilər arasında yayılmış gözbağlıca cadusu da belə adlanırmış.

Geyimlə, aksessuarla, hərəkətlərlə insanları sehrləyən qlamur əvvəlki mahiyyətini itirməyib. Gözəlliyin şərlə iç-içə olması qlamurun tarixi ənənəsi, tərifi, mahiyyətidir bəlkə də. İndi bunu görmək elə də asan deyil, dəblə, brendlə, gözəlliklə gözləri qamaşdıran parıltının altında nələri görə bilərik?

Əbədilik iddiası

Ötənlərdə modelyer Fəxriyyə Xələfova radiodan ilin dəbləri haqqında danışanda içinə bir kitab və ya noutbuk yerləşən iri çantaların dəbdə olacağını söylədi: “Hətta oxumasanız da, çantanıza mütləq kitab atın, çünki bu dəbdədir”. Modelyer hansı yazıçının kitablarının dəbdə olacağını söyləsəydi, yenə də təəccüb doğurmazdı. Qlamurun bütün mahiyyəti budur: görüntü. Az əvvəl qeyd olunan misalda kitab artıq kitablıqdan çıxır, o, aksessuar kimi brendləşir.
Əslində qlamur elə intellektin – elmin və ədəbiyyatın, incəsənətin göstəricilərini bir aksessuar şəklində özündə cəmləyir. Eynəklər, kitablar, bahalı nəşrlər, dəbli geyimlər…

Qlamur intellektual elita, sənət elitası qarşısında alternativi olmadığını, heç nə olduğunu anlayıb və bu “heç nə”dən elə bir şey düzəldib ki, onu artıq dəf etmək mümkün deyil. Pisi odur ki, qlamura ironiya olaraq bir forma yarana bilmir. O, hər şeyi vəhşicəsinə “yeyə” bilir.

Qlamurun belə “acgöz” mahiyyəti var – hər şeyin bir atributunu alıb üzünə çiləmək. Aldığının mahiyyətini aşağılamaq. Qlamura ağrı hissi yaddır, o, gözəl, baxımlı və mükəmməl olmalıdır, burada heç bir faciəviliyə yer yoxdur; sənətin, ədəbiyyatın mahiyyətindəki faciəviliyə nifrət edir, səfillikdən zəhləsi gedir, amma yenə də əbədilik iddiasında olaraq sənətə, ədəbiyyata paxıllıq edir. Qlamurun kitaba yaxınlaşması bu səbəbdəndir və o yaxınlaşdığı hər şeyi duyulmadan aşa­ğılamaqla “yüksəlir”. Qayda budur – gözəl olmalısan, dəbli geyinməlisən, bu mükəmməlliyi detallaradək qorumalısan. Bu görünüşdə nəyisə pozmaq bağışlanmazdır. Və təbii ki, tirajlanmaq…

Dəbdəbəli həyat sürmək, zirvədə olmaq və xoşbəxt görünmək, parlamaq. Qlamur bir mükəmməllik fikri yaradır. Amma bu mükəmməlin altında nələr var?
Qlamur bir kompleksdir… İntellektli və bədii zövqlü insanlar qarşısında kompleks. Amma qlamur o qədər mükəmməl bir snobdur ki, kompleksli olduğunu qətiyyən büruzə verməz – hətta intellekt və bədii zövqü öz qarşısında gözükölgəli etməyə çalışar. Qlamur saymazyanalığı ilə bu komplekslərini gizlədir, lakin onun bədii-əxlaqi məzmunu olmadığı çoxlarına bəllidir.

Qlamur və hakimiyyət

…əvəzində qlamurun sosial-siyasi məzmunu var. “İndi rəsmi ideologiyamız qlamurdur”. Bunu esseist, publisist Lev Rubinşteyn illər əvvəl Rusiya üçün demişdi. Bu qlamurluq bir “mükəmməllik nümunəsi” olaraq həm də idarə etmək imtiyazıdır. Bu fərqlilik həddini kasıb və varlılar arasında gördüyümüz həddə oxşada bilərik. Amma bu ideologiya yalnız maddi zənginliklə deyil, həm də “mənəvi” zənginliklə – həyat tərzi və ya zövqlə fərqləndiklərini göstərmək, başqa dünyanın adamları olduqlarını qabartmaq üçün seçilib. Zahiri gözəlliksə sanki tanrının qlamur hakimiyyətə verdiyi “icazə”dir. Məşhuri-cahan İran şahbanusu Fərəh Pəhləvidə olduğu kimi. İndi isə Tanrının “halallıq verməsi”nə ehtiyac yoxdur, gözəllik pulla alınan bir keyfiyyətdir.

Qlamur həm də nümunədir. O, yüzlərlə qadının və kişinin, gəncin təqlid nümunəsi, pərəstiş obyektidir. Səfalətdə yaşayan insanlarla əhatələnib “qlamur” olmaq – brend geyinmək, şeir yazmaq, kitab çıxarmaq, xeyirxah qəlbli olub, urəkdağlayan müsahibələr vermək, mərhəmət göstərmək… Bir sözlə, mükəmməllik nümunəsi olmağa can atmaq… Biz ağlasığmaz olanı görəndə diksinirik, “şeytan işidir” deyirik. Çünki yalnız şeytan işi olan cadu, gözbağlıca nəticəsində bu “mükəmməllik” mümkün ola bilər.

“Şeytan Prada geyinir” filmində qlamurun gücü, imkanları göstərilir. Bu, tilsim kimi bir dünyadır. Oradan geriyə yol yoxdur. Qəhrəmanlardan biri də məhz belə deyir: “O, canlı olan hər şeyi məhv edir”. Əyalətdən gəlmiş, ixtisasca jurnalist olan Endi moda jurnalında redaktor assistenti kimi işə düzəlir və dəyişməyə başlayır. Qlamur dünya onun yalnız görkəmini deyil, hətta adını belə dəyişir; vaxtilə bu dünyaya istehza edən qızı, sözün həqiqi mənasında, öz əsirinə çevirir, ona gücünü göstərir. Moda jurnalının qlamur redaktoru Endini ona görə seçir ki, o bu qlamur dünyanı vecinə almır, brend paltarlara əski-üskü kimi yanaşır və özünün dediyi kimi, savadlı və ağıllıdır. Onda redaktor xanım gənc qızı öz qarşısında dəfələrlə kompleksə salır.

Filmin bir məqamında qəhrəman vicdanı ilə karyerası arasında qalır. Rəfiqəsi ona deyir: sən ruhunu “Çinici”dən çəkmə geyinəndə satdın. Həm də o çəkmələri mənasız bir geyimlə tutuşduranda”. Lakin bu parnik adamlar dünyası Endini sonadək dəyişə bilmir. O, bu dünyadan qopur, çünki buradan deyildi.

Oleq Kulik: “Qlamur canlı meyitdir. Qlamur mərhum və mərhumələrin ilk sənətidir”.

Rəssam Oleq Kulikin bu fikirləri qlamurun faciəsini əks etdirir. Hər şeyi görüntüyə hesablayan adamlar brend markaların, gözəl, bahalı əşyaların, dəbdəbənin əsirinə çevrilir. “Xoşbəxtlik arzusuna düşdüyün andan bədbəxtsən”i qlamurluq arzusuna düşdüyün andan bədbəxtsən” demək olar.
“Bizdə qlamur deyil, əsl qlamur başqadır” deyib Avropanı nişan verirlər. “Avropa qlamurunun kreativ qatı, dolğun daxili məzmunu var”, deyirlər.

Bu daxili məzmun olsa-olsa seksuallıq, gözəllik və dəb kimi qütblər arasında qalan fərdin azadlıq istəyidir. Bu istək səmimiyyətdə özünü büruzə verər. Səmimiyyətsə qlamura ziddir; Hər hansı dərin hiss qlamura ziddir.

“Fokus” jurnalının saylarından birinin üz qabığında Lars fon Triyerin “Melanxoliya” filmindəki qəhrəmanlardan birinin gəlin paltarındakı şəkli çap olunmuşdu. Müzakirə edərkən dostlardan biri bunu bəyənmədiyini söylədi: “Çox qlamurdur, ciddiliyi ilə fərqlənən kino jurnalınızın üz qabığı qlamur jurnalları xatırladır”. Onunla razılaşdıq. Amma indi məhz bu şəklin seçilməsinin nə qədər düzgün olduğunu görürəm. Mükəmməllik rəmzi olan ağ fatalı, qlamur ağ gəlinlik geymiş və ölü kimi donuq sifətli Jüstin suyun üzərində. Su axıb gedir, fanidir yəni. Gəlin Jüstinsə filmdə həm də qlamurun rəmzidir.

Onlar iki bacıdırlar – Jüstin və Kler. Jüstinin obrazı sadəcə sifətdən deyil, peşəcə də qlamura işarə edir – Jüstin hansısa reklam-dizayn şirkətində uğurlu işçidir. Seçdiyi adaxlı onu sevir, hər şey mükəmməldir, toyun bütün detalları qlamurda olduğu kimi ölçülüb-biçilib, arzulanan nöqtəyə çatıb… Və bu pik nöqtədə Jüstində hər şeyi dağıtmaq kimi qarşısıalınmaz arzu yaranır. Bacısı – intellektual sifətli Kler onu ağıllı olmağa çağırır. Amma Jüstin boşluğu, məhvə məhkumluğu hiss edir. O boşluğu ki, ondan o yana heç nə yoxdur. Bu, mükəmməllik illüziyasının dağıldığı, məhv olduğu yerdə yaranan boşluqdur. Jüstin bütün gözəlliyi ilə melanxoliyaya qapılır – çılpaq bədəni ilə qayalığa uzanan Jüstin “Melanxoliya”nın (Yerlə toqquşacaq planet) yaxınlaşmasına baxır, sanki onun bədəni bu planeti cəzb edir. O planet – “Melanxoliya” yerlə toqquşub hər şeyi məhv edəcək.
Bu musiqisiz kadr bir kədər ötürür, gözəllik məhvə məhkumdur. Nə qədər iddialı olursa olsun, qlamur da məhvə məhkumdur.

Qlamurun arzusu öldümü, yaşamağa heç nəyi qalmır, çünki qlamur hər şeyi məhv edir. Yer arzulanan, parıldayan, gözlənilən, istənilən ulduzla görüşdü, o planetin adı Melanxoliya imiş… Yer-insan gozəlliklə, gözəllik arzusu ilə toqquşdu və məhv oldu. Triyer deyir: qulaqlarınızı açın və eşidin, heç nə əbədi və mükəmməl deyil. Bu yaxınlaşan planetin adı “Melanxoliya”dır.
O, Yerlə toqquşub idilliyanı, böyük mənada, qlamur olanı, üstündə mükəməllik arzulu insanlar yaşayan kürəni dağıdacaq. Jüstinin Yerlə toqquşacaq nəhəng planetə baxması mükəmməllik arzulu qlamurun öz faciəsini seyr etməsi kimidir. Qlamurun ölümü…

Fokus jurnalı. May, 2013

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Son yazılar

Xəyalə Rəis – “Sən istə, yetər”

Elə bil dünən mövsümlə vidalaşıb tətilə yollanmışdıq, bir də onda ayıldıq ki, yeni mövsüm qapımızın kandarındadır. “Mən gəldim” –...

Şah Mat Teatrının “Stullar”I

Azərbaycanın "Zirzəmi teatrı" üslubundakı ilk teatrı ŞAH MAT 3-cü mövsümünü Ejen İonsekonun “Stullar” tamaşası ilə açacaq. Tamaşa 5 sentyabr...

ADMİU-da “Boksçu” adlı tamaşa hazırlanıb

Sentyabrın 9-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Əməkdar artist Nofəl Vəliyevin quruluşunda yapon müəllif Kobo Abenin "Zamanın uçurumu"...

Emin Əliyev – “Sözün rəqs etdiyi yer, yaxud Rəqs teatrı”

Rəqs teatrı deyəndə gözümüzün önünə kimlər gəlir? Pina Bauşun “Tanztheater”i, Hicikata Tatsumi və Ohno Kazuonun “Buto” rəqsi, “Sasha Valtz...

YUĞ Teatrı yeni mövsümə hazırdır

Sentyabr ayının 3-də YUĞ Teatrında yeni teatr mövsümünün başlanması ilə bağlı yığıncaq keçirilib. Tədbirdə Teatrın direktoru Əməkdar mədəniyyət işçisi...

Gənc Tamaşaçılar Teatrında yeni mövsümün açılışı oldu

Sentyabrın 3-də Gənc Tamaşaçılar Teatrı yeni mövsümü açıq elan edib. Açılış münasibətiylə bir yerə toplaşan teatr kollektivi ötən mövsümün...

Çox oxunanlar

Xəyalə Rəis – “Sən istə, yetər”

Elə bil dünən mövsümlə vidalaşıb tətilə yollanmışdıq, bir də...

Şah Mat Teatrının “Stullar”I

Azərbaycanın "Zirzəmi teatrı" üslubundakı ilk teatrı ŞAH MAT 3-cü...
- Advertisement -

Oxumaq məsləhət görülürOxşar yazılar
Sizin üçün seçdik