YUĞ Teatrında Orxan Pamukun romanı səhnələşdirilib

  • 23 May - 2019

YUĞ Dövlət Teatrında “Mən ağacam” adlı yeni tamaşasının premyerası keçiriləcək. Teatr bu dəfə türk dünyasının ən qalmaqallı yazıçısı, məşhur türk romançısı Orxan Pamukun yaradıcılığına müraciət edib. Nobel mükafatçısı Orxan Pamukun “Mənim adım Qırmızı” romanının motivləri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru və səhnələşdirmənin müəllifi Əbdülqəni Əliyev, quruluşçu rəssamı Umay Həsənovadır. 

Tamaşada YUĞ Teatrının sənətçiləri, Azərbaycan Respublikasının Xalq artisti Məmmədsəfa Qasımov, aktyorlar Təranə Ocaqverdiyeva, Elgün Həmidov və Ləman Mərrih çıxış edirlər. 70 dəqiqə davam edən tamaşada radio aparıcıları Orxan Pamukun “Mənim adım qırmızı” romanını təhlil edirlər. Kişi ittihamçı, Qadın müdafiəçi mövqeyindən çıxış edir. Romanın təhlili zamanı Kişi və Qadın öz aralarındakı münasibətdən tutmuş, siyasi, sosial, psixoloji, sakral məsələlərə toxunur, romandakı gizli mənaları açmağa çalışırlar. 

Tamaşanın premyerası iyun ayının 14-ə planlaşdırılır. 

Orxan Pamuk çağdaş dövrdə dünyada əsərləri ən çox nəşr olunan və oxunan 10 yazıçıdan biridir. Avropalılar onu “Avropaya roman yazmağı öyrədən yazıçı”, “Türkiyənin Umberto Ekosu” adlandırırlar. Yazıçının şah əsərlərindən olan “Mənim adım Qırmızı” romanı Avropada son qırx ilin ən yaxşı romanı hesab olunur. Müəllifin “ən rəngli və qorxulu romanım” adlandırdığı “Mənim adım Qırmızı” əsəri Osmanlı dövlətində naxış və nəqqaşlıq sənəti haqqında heyrətamiz hekayətdir.

Romanda Osmanlı hökmdarı III Muradın hakimiyyəti dövründə  - 1591-ci ilin doqquz qış günü ərzində İstanbulda baş verən hadisələr təsvir edilir. Saray xəttat və nəqqaşları sultanın əmri ilə gizlicə hazırlanan bir kitab üçün Avropa üslubunda rəsmlər çəkirlər. Romanın əsas qəhrəmanları sənətkarları evində saxlayan evin qızı Şakürə və ona aşiq olmuş xalası oğlu Qaradır. İstanbulda bahalıq və qorxunun yaşandığı bir dövrdə xətssstat və nəqqaşlar çay evlərində toplaşır, hekayələrə qulaq asır və əylənirlər. Romanın özünəməxsusluğu roman qəhrəmanlarının öz dilindən danışırlar, belə ki, ölülər və cansız əşyalar belə kitabın hekayəsini öz dilləri ilə danışırlar.


Oxunma sayı: 246

Yazar haqqında